Xəbər bülleteni №31



Yüklə 349,32 Kb.
səhifə3/3
tarix30.11.2016
ölçüsü349,32 Kb.
#467
1   2   3

Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafa Transparency.az-a bildirib ki, deputatların məsuliyyətə cəlb edilməsi hallarına müvafiq qaydada müraciətlər daxil olanda baxılır: “Belə müraciətlər olmayıb deyə komissiyanın müzakirəsinə hansısa məsələ çıxarılmayıb”.

Prezident: “Bizə heç kim kömək etməyib, etmir və etməyəcək”

10.05.2016



prezident eliyev 1
“Maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir”. Prezident İlham Əliyev mayın 9-u Bakıdakı Heydər Əliyev Mərkəzində mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda belə deyib.

Dövlət başçısı qeyd edib ki, builki qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd olunur: “Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində ordumuz uğurla əks-hücum əməliyyatı keçirib. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev sosial məsələlərə toxunaraq deyib ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır: “Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir. İctimai-siyasi sabitlik mövcuddur. İnsanların rifah halı yaxşılaşır. Baxmayaraq bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərib. Ancaq biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır. Maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılıb”.

Prezident Azərbaycan sürətli inkişaf yolunda olduğunu vurğulayıb: “Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməyib, etmir və etməyəcək. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir.

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaq. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcək. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.

Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

O ki qaldı Ermənistanla Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik”.

Manat bahalaşıb

10.05.2016



valyuta 01Azərbaycan Mərkəzi Bankı mayın 10-da ötən həftənin son iş günü ilə müqayisədə əksər xarici valyutanın kursunu endirib. Mayın 6-da 1,51 manata satılan 1 ABŞ dollarına 1,5094 manat qiymət qoyulub.

Avronun da məzənnəsi düşüb. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7168 manata təklif olunur. Ötən həftənin son iş günü Mərkəzi Bank 1 avronu 1,722 manata satıb.

Rusiya rublunun kursu isə 0,0228 manatdan 0,0227 manata enib.

Mərkəzi Bank 1 gürcü larisini 0,6825 manata, 1 türk lirəsini 0,5132 manata satır.

Nazirlər Kabineti 2013-cü ildən bəri ilk dəfə tam heyətdə fəaliyyət göstərir

10.05.2016



nk 1Nazirlər Kabineti 2013-cü ilin dekabr ayından bəri ilk dəfə tam heyətdə fəaliyyət göstərir. Mayın 6-da prezident İlham Əliyev Arif Əhməd oğlu Məmmədovu Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edib. Administrasiyanın direktoru postu 2013-cü ilin dekabr ayından vakant idi. O vaxtdan direktorun səlahiyyətlərini müavin Hacıağa Əliyev həyata keçirirdi.

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Transparency.az bildirir ki, Azərbaycanda 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var. Baş nazir və müavinləri ilə birgə Nazirlər Kabineti 42 nəfərdən ibarətdir.

Mərkəzi icra hakimiyyəti orqanı statuslu digər qurumlar (Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi) Nazirlər Kabinetinin saytında yer almır.

“Elektron hökumət” portalına sayğac qoyulub

10.05.2016



e-hokumet 01“Elektron hökumət” portalı (www.e-gov.az) müraciət statistikası ilə bağlı yenilik tətbiq edib. Portaldan AZƏRTAC-a bildirilib ki, 424 sosial xidmət, 12 elektron arayış, 250 növ ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən istifadə sayını sayğac vasitəsilə müşahidə etmək mümkündür.

Mayın 10-na olan statistikaya görə, elektron xidmətlərə müraciət sayı 24 milyon 270 mini ötüb.

Xidmət sektorunun ÜDM-də nə qədər payı var?

10.05.2016



udm 12025-ci ilə qədər Azərbaycanda xidmət sektorunun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisini 43-45 faizə çatdırmaq proqnozlaşdırılır. AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişafı problemləri şöbəsinin müdiri Aqil Əsədov belə deyib. O qeyd edib ki, Azərbaycanda ticarət və xidmət sektoru tamamilə özəl bölmədə formalaşıb və bu sahədə çalışan sahibkarlıq subyektlərinə azad və liberal fəaliyyət üçün münbit şərait təmin edilib: “Zəngin potensial imkanların olmasına baxmayaraq ölkəmizdə xidmət sektorunun ÜDM-də xüsusi çəkisi 30-33 faiz civarındadır”.

Dünyanın əksər aparıcı ölkələrində xidmət sektorunun ÜDM-də payı 55-60 faizdən yuxarıdır. ÜDM-in ABŞ-da 74, Yaponiyada 59, Almaniyada 69,1, Türkiyədə 66, Fransada 77,3, Avstriyada 65,6, Rusiyada 58,7, Ukraynada 68,4, Qazaxıstanda 55 faizi xidmət sahələrinin payına düşür.

Dövlət Neft Fondu hərracda 47,8 milyon dollar satdı

10.05.2016



dnf 01Mayın 10-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon dollar məbləğində vəsait çıxarıb. Rəsmi məlumata görə, 27,8 milyon dollar məbləğində vəsait 12 banka, 20 milyon dollar məbləğində vəsait Azərbaycan Mərkəzi Bankına satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 696 milyon dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685,4 milyon ABŞ dolları alınıb.

Nazirlik sosial müavinət statistikası açıqlayıb

10.05.2016

emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mayın 10-da açıqladığı statistikaya əsasən, Azərbaycanda 354 min nəfərə yaxın şəxs aylıq sosial müavinətlə təmin olunur. 140,9 min nəfər əlilliyə, 14,4 min nəfər yaşa, 41,7 min nəfər ailə başçısını itirməyə görə, 66,5 min nəfər sağlamlıq imkanları məhdud uşaq olduğuna görə aylıq sosial müavinət alır.

Nazirliyin xətti ilə 49 min nəfər müharibə veteranına, müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının 18,3 min nəfər uşağına da aylıq sosial müavinət verilir.

Aylıq sosial müavinət ödənilənlərin sırasına həmçinin aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar (5,8 min nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları (8,9 min nəfər) və digər müvafiq kateqoriyalardan olanlar daxildir.

20 ildə özəlləşdirmədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

10.05.2016

emlak komitesi
Mayın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meylləri” adlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 1996-cı ildən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib: “Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyət yaradılıb və sonradan özəlləşdirilib. Özəlləşdirmənin başlandığı dövrdən dövlət büdcəsinə müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 milyon manat daxil olub.

Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib, 550 milyon ABŞ dolları məbləğində vəsait investisiya şəklində qoyulub”.

İlham Əliyev ekoloji kampaniyaya qatılıb

10.05.2016



kampaniya
Mayın 10-da prezident İlham Əliyev Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş kampaniyada iştirak edib. Ərazisi 12 hektar olan yaşıllıq sahəsində mayın 10-da ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limonad sərvi, leylandi ağacları əkilib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov İlham Əliyevə 2008-2016-ci illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilmiş yaşıllıqlar barədə məlumat verib. Nazir bildirib ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib. Beləliklə, 2008-2016-ci illərdə nazirlik sahəsi 3776 hektar, uzunluğu 190 kilometr olan ərazidə ümumilikdə 4 milyon 826 mindən çox ağac əkərək onlara zəruri aqrotexniki qulluq göstərib.

AZƏRTAC-ın məlumatına görə, nazir qeyd edib ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Buna görə də hazırda bu ağacların əkildiyi sahələr son yüz ildə Azərbaycanda salınmış zeytun bağlarının sahəsindən üç dəfə çoxdur. Əkilmiş zeytun ağaclarının sayı isə artıq 1 milyon 268 mini keçib. Son səkkiz ildə nazirlik yaşıllıq sahələrinə 11 min kilometr uzunluğunda damcılı suvarma xətləri çəkib.

Dövlət başçısına məlumat verilib ki, indiyədək Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib.

Dövlət Sərhəd Xidməti aprel pozuntularının hesabatını verib

10.05.2016

Dövlət Sərhəd Xidməti 2016-cı ilin aprel ayı ilə bağlı hesabat yayıb. Rəsmi məlumata görə, ay ərzində dövlət sərhədini pozan 39 nəfər saxlanıb. Onların 12 nəfəri Azərbaycan, 8 nəfəri Banqladeş, 5 nəfəri Nigeriya, 4 nəfəri İran, 3 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, qalanları Əfqanıstan, Tacikistan, Fransa, Syerra-Leone və Moldova vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 15 nəfər, Xəzər dənizində 68 nəfər, sərhəd nəzarət məntəqələrində 590 nəfər saxlanıb. Azərbaycanın hüquq mühafizə orqanlarının axtardığı 342 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

506 kiloqram 183,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ötən ay 116 halda ümumi dəyəri təqribən 20 milyon 401 min manat olan qaçaqmal saxlanıb.

Ağdaş dairəsindən seçkiyə 9 nəfər qatılıb

10.05.2016



sechki
90 saylı Ağdaş dairəsi üzrə Milli Məclisə təkrar seçkiyə 9 nəfər qatılıb. Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli mayın 10-da Transparency.az-a bildirib ki, təkrar seçkidə iştirak üçün dairə seçki komissiyasına 9 nəfər müraciət edib: “Onların namizədliyi təsdiq olunub və iddiaçılar imza vərəqələri alıblar. 9 nəfərdən bu günə qədər yalnız 1-i imza vərəqələrini geri qaytarıb. Hazırda imzalar yoxlanır”.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib. O vaxt həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev olub.



Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Təqvim planına görə, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan başlayıb və mayın 19-u saat 18-də bitəcək.
Yüklə 349,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin