Xəbər bülleteni №40



Yüklə 3,41 Mb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü3,41 Mb.
#1164
1   2   3
Məzənnələr

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

09.08.2016



Dünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,24 dollar ucuzlaşaraq 42,69 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar azalaraq 45,07 dollar olub.

AZƏRTAC-ın 9 avqust məlumatına görə, Azərbaycan neftinin bir barreli 1,60 dollar bahalaşıb. “AzəriLayt” markalı neftin bir barreli 46,48 dollara satılır.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Bakı kredit və əmanət lideridir

09.08.2016


Bu il iyulun 1-nə ölkə üzrə kreditlərin həcmi 18 milyard 434,2 milyon manat olub. Transparency.az bildirir ki, Mərkəzi Bankın regionlar üzrə kredit qoyuluşu hesabatına görə, 6 ayda Bakı şəhəri üzrə 15 milyard 697,5 milyon manat kredit verilib.

Başqa regionlar üzrə göstəricilər belədir:

Aran iqtisadi rayonu— 719,04 milyon manat

Gəncə-Qazax iqtisadi rayonu — 584,4 milyon manat

Abşeron iqtisadi rayonu — 580,8 milyon manat

Lənkəran iqtisadi rayonu — 232,5 milyon manat

Quba-Xaçmaz iqtisadi rayonu — 185,5 milyon manat

Şəki-Zaqatala iqtisadi rayonu — 180,3 milyon manat

Naxçıvan iqtisadi rayonu — 110,3 milyon manat

Dağlıq Şirvan iqtisadi rayonu — 94,7 milyon manat

Yuxarı Qarabağ iqtisadi rayonu – 47,7 milyon manat

Kəlbəcər-Laçın iqtisadi rayonu — 1,1 milyon manat.

Mərkəzi Bankın başqa bir hesabatında iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 815,6 milyon manat göstərilir. Bu məbləğin 7 milyard 331,7 milyon manatı banklara Bakı şəhərində qoyulub. Digər regionlar üzrə göstəricilər belədir:

Abşeron iqtisadi rayonu — 149,8 milyon manat

Gəncə-Qazax iqtisadi rayonu — 109,06 milyon manat

Aran iqtisadi rayonu — 79,1 milyon manat

Lənkəran iqtisadi rayonu — 36,8 milyon manat

Quba-Xaçmaz iqtisadi rayonu — 34,3 milyon manat

Şəki-Zaqatala iqtisadi rayonu — 29,5 milyon manat

Naxçıvan iqtisadi rayonu — 25,8 milyon manat

Dağlıq Şirvan iqtisadi rayonu — 12,07 milyon manat

Yuxarı Qarabağ iqtisadi rayonu – 7,05 milyon manat

Kəlbəcər-Laçın iqtisadi rayonu — 224,6 min manat.

Türkiyədə qiyama görə nə qədər adam tutulub?

09.08.2016

Türkiyədə hərbi qiyama görə həbs olunan şəxslərin sayı 16 minə çatıb. Novator.az bildirir ki, ədliyyə naziri Bəkir Bozdağ avqustun 9-da jurnalistlərə belə açıqlama verib. Bəkir Bozdağ qeyd edib ki, hazırda daha 6 min nəfərin işi sənədləşdirilmək üzrədir.

İyulun 15-i gecə Türkiyədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. 350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən qiyam yatırılıb.

Həbsə düşənlərin böyük əksəriyyəti general, polkovnik və aşağı rütbəli zabit, hakim, prokurorluq işçisi, polis və məmurdur.

Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir.

İyulun 21-də Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub.

Valyuta hərracında 50 milyon dollar satıldı

09.08.2016

Avqustun 9-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxararaq 29 banka satıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı xarici valyutanın həcmi 2 milyard 955,9 milyon dollara çatıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 dolların rəsmi kursu 1,60 manatı ötüb.

Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankdan 835,4 milyon dollar alınıb. Dövlət Neft Fondunun satdığı xarici valyuta ilə birlikdə manata 3 milyard 791,3 milyon dollar xərclənib.

Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası: cəzalar verilib

09.08.2016

Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində nöqsanlarla bağlı kollegiya iclası keçirilib. Transparency.az bildirir ki, rəsmi məlumata görə, avqustun 6-da keçirilən iclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda səriştəli, savadlı və perspektivli kadrların işə cəlb edilmələri prioritet məsələlərdən biri kimi həmişə diqqət mərkəzində saxlanır. Elmi-tədqiqat institutlarında da müasir düşüncəli, öz ixtisasını mükəmməl bilən mütəxəssislərin işə qəbul edilməsinin vacibliyinə toxunan kənd təsərrüfatı naziri bildirib ki, rəhbərlərin fəaliyyəti qiymətləndirilərkən onların kadrlarla, o cümlədən gənc mütəxəssislərlə işi necə qurmaları əsas meyarlardan biri kimi nəzərə alınacaq.

Nazirlik sistemində kadrların təyinatında yalnız yüksək səriştə və peşəkarlığın, idarəetmə təcrübəsinin, insanlarla ünsiyyət qurmaq bacarığının və tələbkarlığın əsas meyar olduğunu vurğulayan nazir kadrlara münasibətdə bu prinsiplərdən kənara çıxan hər bir rəhbər işçi barəsində ciddi tədbirlərin görüləcəyini deyib. Heydər Əsədov qeyd edib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların seçilib yerləşdirilməsində məhz bu prinsiplərin gözlənilmədiyi barədə müraciətlər daxil olur: “Direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol verdiyi nöqsanlar elmi-tədqiqat institutunun və kollektivin nüfuzuna ciddi zərər vurub. İnstitutun struktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin formalaşdırılması, habelə gənc və perspektivli kadrların cəlb edilməsi məqsədi ilə yeni struktur müəyyən edilib. Lakin direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb.

Məsələn, əvvəllər Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edib. Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad edərək iribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə keçirib.

Yaxud dələduzluq əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi Elmi-Tədqiqat İnstitutunun yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürüb. Nizami Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmələrinə kömək” edəcəyi vədi ilə aldadıb.

Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi səlahiyyətlər verib, institutda baş verən qanunsuzluqların bir çoxunu onun vasitəçiliyi ilə həyata keçirib, bir müddət əvvəl isə məsuliyyəti üzərindən atmaq üçün Nizami Qəhrəmanovu işdən azad edib”.

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və qeyri-səmimi davranışa görə Famil Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilib. Famil Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul olunub.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib. Nazirliyin maliyyə və mühasibat uçotu şöbəsinə və hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə tapşırılıb ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunması sahəsində vəziyyəti yerində araşdırıb kənd təsərrüfatı nazirinə məlumat versinlər və zərurət yarandığı təqdirdə toplanmış materialların əlavə olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə göndərilməsini təmin etsinlər.



Qarabağ müharibəsi əlilləri və şəhid ailələri barədə hesabat

09.08.2016

Avqustun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri barədə hesabat yayıb. Qeyd olunur ki, bu il Beyləqanda 54 mənzilli yaşayış binası, Abşeronda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzil, 30-a yaxın rayonda (Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Sabirabad, Biləsuvar, İmişli, Füzuli, Oğuz, Şəki, Ağcabədi, Tərtər, Zaqatala, Balakən, Tovuz, Ağdaş, Samux, Cəlilabad və s.) 116 ədəd fərdi yaşayış evi istifadəyə verilməklə 223 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin edilib.

Hesabata görə, ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5455 nəfər əlil və şəhid ailəsinə mənzil verib, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir.

Nazirlik bildirir ki, 2014-2015-ci illərdə 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin olunub, bu da indiyədək avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6 faizini təşkil edir.

Hazırda şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 220 manata çatdırılıb. Cari il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxu Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və şəhid ailələrindən olan 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödəyir.

Azərbaycan, İran və Rusiya prezidentlərinin bəyannaməsi

09.08.2016


Azərbaycan, İran və Rusiya prezidentlərinin avqustun 8-i Bakıda imzaladığı bəyannamənin mətni yayılıb. Bəyannamədə deyilir:

– Azərbaycan, İran və Rusiya regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın saxlanılmasında marağı nəzərə alaraq, bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində qətiyyətli olaraq, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqliklərini təsdiqləyərək, regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq, qeyri-legitim iqtisadi sanksiyaların tətbiq olunması təcrübəsinin qəbuledilməzliyini nəzərə alaraq, ticari-iqtisadi əməkdaşlığın təşviq və inkişaf etdirilməsi zərurətini vurğulayaraq, təhlükəsiz və etibarlı tranzit dəhlizlərinin regionun inkişafı üçün yeni imkanların yaradılmasına kömək edəcəyini və xalqlarının rifahına töhfə verəcəyini qəbul edərək, bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında nəqliyyat yolları və yüklərin çatdırılması vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq edərək, aşağıdakıları bəyan edirlər:

Tərəflər bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər;

Tərəflər mədəniyyət, turizm və biznes sahələrində üçtərəfli əməkdaşlıq formatlarını daha da inkişaf etdirəcək, gənclər mübadiləsi, konsulluq və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərəcək, eləcə də Tərəflərin region və əyalətləri arasında əlaqələri təşviq edəcək və Tərəflərin vətəndaşları üçün viza prosedurlarının daha da sadələşdirilməsinin vacibliyini vurğulayırlar;

Tərəflər terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətlidirlər. Onlar beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin çağırış və təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar;

Tərəflər terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd edirlər. Bu xüsusda Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, “Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayırlar;

Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar;

Tərəflər Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini qəbul etdilər;

Tərəflər bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlıqlarını intensivləşdirəcəklər;

Tərəflər sərmayələrin qorunması və təşviqi sahəsində regional və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini bir daha təsdiqləyir və bank sahəsində əməkdaşlıqlarının genişləndirilməsi də daxil olmaqla sərmayə layihələrinin həyata keçirilməsinə və yeni texnologiyaların cəlb edilməsinə yardım edən əlverişli şərtlərin dəstəklənməsinin zəruriliyini vurğulayırlar;

Tərəflər regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirəcəklər;

Tərəflər elektrik enerjisinin mübadiləsi məqsədilə Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin birləşməsini dəstəkləyir və qeyd edirlər ki, həyata keçirilən enerji layihələri regionun davamlı inkişafının dəstəklənməsi üçün əlverişli şərait yaradır;

Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının davamlı fəaliyyət göstərməsi üçün Azərbaycan, İran və Rusiyanın verdikləri vacib töhfəni qeyd edir və bu sahə üzrə, o cümlədən təbii qazın hasilatı, nəqli və çatdırılması sahəsində texnologiya mübadiləsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə tərəfdar çıxırlar. Bununla əlaqədar onlar beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da möhkəmləndirəcəklər;

Tərəflər hesab edirlər ki, təbii qazın iqtisadi cəhətdən səmərəli və ekoloji təmiz yanacaq növü kimi geniş istifadəsi ətraf mühitə mənfi təsirin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmağa, eləcə də istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə Paris sazişinin müddəalarının həyata keçirilməsinə yardım edəcək;

Tərəflər ekoloji təhlükəsiz və iqtisadi faydalı nəqliyyat infrastrukturlarının yaradılmasına yönəlmiş regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə səyləri dəstəkləyəcəklər;

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlər görəcəklər;

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəklər;

Tərəflər gəmiçilik və dəniz turizmi də daxil olmaqla Xəzər dənizində dənizçilik üzrə əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü araşdıracaqlar;

Tərəflər 14 iyul 2015-ci il tarixində Vyanada qəbul edilmiş İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını alqışlayır, habelə regional ticarət və iqtisadi əlaqələr yolunda maneə olmadan regional əməkdaşlığın inkişaf etdirilməsində bu razılaşmanın vacibliyini qeyd edərək, onun tam və davamlı şəkildə həyata keçirilməsinə çağırırlar;

Tərəflər qarşılıqlı maraq kəsb edən əməkdaşlıq sahələri üzrə müvafiq işçi qrupların yaradılması barədə qərara gəldilər.

Sahibkarlara güzəştli kreditlər: yeni rəqəmlər açıqlanıb

09.08.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 9-u Bakının Binəqədi rayonunda işgüzar forum keçirib. 100-dən çox sahibkarın iştirak etdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit verilib. Rəsmi məlumata görə, kreditlər əsasən heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması, çörək və un məmulatları, plastik məmulatlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170 yeni iş yerinin yaradılmasına imkan verir.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1542 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 91,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4600-dan çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

Hesabata görə, ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1284 investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 milyon manat güzəştli kredit verilib.



Hansı ölkənin Azərbaycanda neçə şirkəti var?

09.08.2016

Rusiya prezidenti Vladimir Putin avqustun 8-i Bakıya səfəri zamanı deyib ki, ölkəsinin Azərbaycanda 600-dək şirkəti çalışır. Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2016-cı ilin birinci yarısına qədər ölkədə tam xarici investisiyalı və birgə müəssisələrin 7,9%-ni Rusiya sahibkarları yaradıb.

Bəs başqa ölkələrin göstəriciləri necədir? Transparency.az bildirir ki, statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələrin 35,5%-ni Türkiyə, 8,9%-ni Böyük Britaniya, 6%-ni İran, 3,8%-ni ABŞ, 2,4%-ni Almaniya sahibkarları yaradıb.

İqtisadiyyat Nazirliyinin hesabatına əsasən, müəssisələrin 35,5%-i digər ölkələrin payına düşür.

Ölkədə 2400-dən çox Türkiyə, 470-dən çox Böyük Britaniya, 440-a yaxın İran, 200-ə yaxın Gürcüstan, 180-dən çox Almaniya, 65-dən çox İsveçrə, 40-dan çox Fransa, 40-a yaxın Ukrayna, 30-a yaxın Belarus şirkətinin fəaliyyət göstərdiyi haqda bilgilər var.

2016-cı ilin birinci yarısına Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 715 min 585 vahid olub. Sahibkarların 36,1 faizi Bakı şəhərində, 63,9 faizi regionlarda qeydiyyatdan keçib. İqtisadiyyat Nazirliyi qeyd edir ki, sahibkarların təqribən 14,6 faizi hüquqi şəxslər, 85,4 faizi fiziki şəxslərdir.

Ərdoğan da ümid edir, Putin də…

09.08.2016


Avqustun 9-da Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanı qəbul edib. Görüş Konstantinov sarayında keçirilib.

Putinlə Ərdoğan 2015-ci il noyabrın 16-dan bəri ilk dəfə bir araya gəliblər. Son görüş Antalyada, G20 sammitində olmuşdu.

Rusiya tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Aparatı baş katibinin müavini İbrahim Kalın iştirak edib.

Ötən il noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri ölkənin sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub, bir pilot həlak olub. Bundan sonra Rusiya ilə Türkiyənin münasibətləri kəskin pozulub, Moskva Ankaraya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib.

2016-cı ilin iyun ayında Ərdoğan Putinə üzrxahlıq məktubu yollayıb, bundan sonra iki ölkənin münasibətləri düzəlməyə doğru gedir.

Novator.az-ın məlumatına görə, Sankt-Peterburq görüşünü açan Putin deyib ki, Türkiyə liderinin səfəri münasibətlərin zədələnməsindən sonra dialoqun başlanmasını göstərir. Rusiya prezidenti qeyd edib ki, Türkiyədə iyulun 15-də baş vermiş qiyam vaxtı Ərdoğana ilk zəng vuran şəxslərdən biri olub. Putin Rusiyanın hər zaman antikonstitusion hərəkətlərə qarşı çıxdığını vurğulayıb və qeyd edib ki, Türkiyə xalqının öz prezidentinin rəhbərliyi ilə böhrandan çıxacağına inanır.

Türkiyə prezidenti Putinə təşəkkür edib və deyib ki, Moskva ilə Ankaranın əməkdaşlığının regionda problemlərin həllinə yardımçı olacağına ümid edir. O qeyd edib ki, iki ölkənin münasibətləri  normal  məcraya düşüb və danışıqlar həmin prosesə müsbət təkan verəcək.

Dövlət qulluğuna qəbul yenilikləri qüvvəyə mindi

10.08.2016


Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik və əlavələri imzalayıb (Qanun). Əsas yenilik qanunun dövlət qulluğuna qəbul maddəsinin dəyişməsidir. Yenilənmiş maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır, müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edilməlidir. Test imtahanında iştirak etmək üçün ödənişin tətbiqi də nəzərdə tutulur.

İmtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq sertifikat verir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.

Qanuna əlavə olunan yeni maddəyə görə, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

Transparency.az xəbər verir ki, qanundakı yeniliklərin tətbiqi ilə bağlı 9 avqust fərmanında prezident İlham Əliyev dövlət qulluğuna qəbul imtahanlarını keçirməyi Dövlət İmtahan Mərkəzinə həvalə edib. Tarif (qiymət) Şurası test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etməlidir (Fərman).

“Elm haqqında” qanun rəsmiləşdi

10.08.2016

“Elm haqqında” qanun prezident imzası ilə qüvvəyə minib. Qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

40 maddəlik qanuna əsasən, elmi işçinin magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir. Elmi müəssisə və təşkilatlarda bu elmi işçi vəzifələri müəyyən edilir:

— kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi;

— konstruktor, aparıcı konstruktor, baş konstruktor;

— mühəndis, aparıcı mühəndis, baş mühəndis;

— texnoloq, aparıcı texnoloq, baş texnoloq;

— assistent.

Elmi dərəcəsi olan və öz elmi ixtisası üzrə işləməyən, lakin elmi fəaliyyətini davam etdirən şəxslər də elmi işçilərə bərabər tutulur.

Elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilər qanunda belə müəyyən edilir:

— magistratura (rezidentura) və ona bərabər tutulan ali təhsil;

— xüsusi elmi hazırlıq (doktorantura, adyunktura, dissertantura);

— elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru);

— elmi ad (dosent, professor);

— elmi rütbə (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın həqiqi, müxbir, xarici və fəxri üzvü);

— elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatların verdiyi fəxri ad və titullar;

— yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələr;

— çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr;

— fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssislərin rəyi.

Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Onların işə qəbulu Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

Transparency.az bildirir ki, avqustun 9-da imzalanan prezident fərmanında Nazirlər Kabinetinə beş ay müddətində ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələbləri müəyyən etmək tapşırılıb.

Əksər valyutaların kursu qalxıb

10.08.2016



Mərkəzi Bank avqustun 10-da əksər valyutaları bahalaşdırıb. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6005 manatdan 1,604 manata, 1 avro 1,7738 manatdan 1,7886 manata, 1 Rusiya rublu 0,0247 manatdan 0,0248 manata qalxıb.

İndoneziya rupiası, İran rialı, Qazaxıstan təngəsinin kursu sabit qalıb, Argentina pesosu isə ucuzlaşıb (Məzənnələr).

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə yüksəlib. Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bank və Dövlət Neft Fondu üst-üstə 3 milyard 791,3 milyon dollar satıblar.

Müəllim müsabiqəsi: 2371 nəfər növbəti mərhələyə keçib

10.08.2016

Təhsil Nazirliyinin 10 avqust məlumatına görə, ölkənin ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb: “4-7 avqust arası keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.

Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək”.

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində 3 min 381 vakansiyanı müsabiqəyə çıxarıb.



Olimpiada: 5 günlük hesabat

10.08.2016


Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-dən keçirilən XXXI Yay Olimpiya Oyunlarında indiyədək 24 ölkənin təmsilçiləri qızıl medala sahib olub. Olimpiada sıralamasına 9 qızılla ABŞ liderlik edir. Çinin 8, Macarıstan və Avstraliyanın 4, Rusiya, İtaliya, Cənubi Koreya, Yaponiyanın 3, Fransa və Tailandın 2 qızıl medalı var. 14 ölkə 1 qızıl medal qazanıb.

Azərbaycan aktivinə 1 gümüş medal yazıb. Həmin medalı cüdoçu Rüstəm Orucov əldə edib.

Transparency.az bildirir ki, əvvəlki olimpiadalarda Azərbaycan komandasının nəticələri belə olub:

1996-cı il, Atlanta – 1 gümüş medal

2000-ci il, Sidney – 2 qızıl, 1 bürünc medal

2004-cü il, Afina – 1 qızıl, 4 bürünc medal

2008-ci il, Pekin – 1 qızıl, 2 gümüş, 4 bürünc medal

2012-ci il, London – 2 qızıl, 2 gümüş, 6 bürünc medal.

Dövlət komitəsi elektron xidmətlərlə bağlı statistika açıqlayıb

10.08.2016



Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı yayıb. Hesabata görə, komitə əhaliyə 3-ü SMS xidmətlər olmaqla 31 adda elektron xidmət göstərir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və ləğvi istiqaməti üzrə 6 elektron xidmət var. Əmlakın hərraclarla satışı üzrə 8, daşınmaz əmlak üzərində yüklülüyün qeydiyyatı və ləğvi istiqaməti üzrə 12, dövlət əmlakının idarə edilməsi ilə bağlı 1, informativ tipli 4 elektron xidmət aktivdir.

Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət vətəndaşa öz evində və ya iş yerində oturub onlayn qaydada əmlakının mövcud vəziyyəti ilə tanış olmaq imkanı verir. İstənilən mülkiyyət sahibi bu elektron xidmət vasitəsilə əmlakının hüquqi statusu, onun yüklü (həbs, girov) olub-olmaması, ünvanı, texniki göstəricləri barədə lazım olan bütün məlumatları ala bilər.

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən indiyədək 500 min dəfədən artıq istifadə edilib. Elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 263 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların — “Forma-1”in alınmasına aiddir. Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın “Forma-1” arayışı təqdim edilmişdisə, 2016-ci ilin eyni dövründə bu arayışların sayı təqribən 20 faiz artaraq 44 mini keçib. Artımın əsas səbəbi daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir. Bu ilin birinci yarısı ərzində “Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı müraciətlərin sayında da ciddi artım müşahidə olunur. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub.

İranın gündəlik neft ixracatı 2,5 milyon barrelə çatıb

10.08.2016

İranın gündəlik neft ixracatı 2,5 milyon barrelə çatıb. Novator.az-ın məlumatına görə, bunu birinci vitse-prezident Əsəd Cahangiri açıqlayıb.

2012-ci ildə İrana sanksiyalar tətbiq olunandan sonra bu ölkənin neft ixracatının həcmi xeyli aşağı düşmüşdü. Hazırda ixracatın 2,5 milyon barrelə çatması o deməkdir ki, İran neft bazarında sanksiyalara qədərki mövqeyini bərpa edib.

Əsəd Cahangiri açıqlamasında bildirib ki, bəzi neft ölkələri, əsasən də Fars körfəzi dövlətləri “qara qızıl”ın ucuzlaşması nəticəsində ciddi problemlə üzləşib. Birinci vitse-prezident vurğulayıb ki, İranın stabil iqtisadiyyatı səmərəli idarəetmə sayəsində bu problemləri aşa bilib.

2016-cı ilin yanvarında İran beynəlxalq sanksiyaların çoxundan azad olub. Hazırda bu ölkə sutkada 3,8 milyon barrel neft çıxarır. 2021-ci ilədək İran gündəlik neft və kondensat hasilatını 5,8 milyon barrelə çatdırmaq niyyətindədir.

Bir ayda vergi orqanlarına 6682 müraciət daxil olub

10.08.2016




İyul ayında vergi orqanlarına 6682 müraciət daxil olub. Vergilər Nazirliyinin məlumatına görə, onlardan 95,8 faizi ərizə, 4 faizi şikayət, 0,2 faizi təklifdir.

Müraciətlərin 39,7 faizi müxtəlif arayışların alınması, 28,2 faizi kameral vergi yoxlamaları, 7,2 faizi vergi borcları, 1,9 faizi vergidən yayınma və dividendlərin verilməsi, 1,8 faizi səyyar vergi yoxlamaları, 1 faizi qəbulla bağlı, 0,9 faizi nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5 faizi işlə təmin edilməklə bağlı, 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3 faizi korrupsiya hüquqpozmaları, 17,7 faizi digər məsələlərlə bağlıdır.

Müraciətlərin 63,3 faizi müsbət həll olunub.

Hesabat dövründə daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz azalıb.

Əmək müqaviləsi bildirişləri: iki ildə 5 milyon 713 min 247 istifadə qeydə alınıb

10.08.2016




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı iyulda 9,6 faiz artaraq 143 min 612-yə çatıb. Rəsmi hesabata görə, həmin müraciətlərin 132 min 470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib.

Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin 11 min 142-si “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub.

Ümumilikdə yanvar-iyul aylarında əhali əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyon 204 min 143 dəfə, istifadəyə verildiyi vaxtdan, yəni 2014-cü ilin iyulundan cari ilin 1 avqustuna qədər isə 5 milyon 713 min 247 dəfə faydalanıb.

Tələbə köçürülməsi elektronlaşdı

10.08.2016

Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək. Təhsil Nazirliyi bildirir ki, bu məqsədlə Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsindəTransfer.edu.az portalı yaradılıb.

Portala müraciət edən təhsilalanlar köçürülmək istədiyi ali təhsil müəssisəsini seçib tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək.

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi eyni ixtisas qrupu daxilində yer almalıdır.

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu sentyabrın 5-nə qədər aparılacaq.

Rusiya əhli nələrdən çox çəkinir?

10.08.2016

Rusiya əhalisinin əksəriyyəti beynəlxalq gərginlikdən, ölkələr arasındakı münaqişədən və hərbi əməliyyatlardan ehtiyatlanır. Novator.az-ın məlumatına görə, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı sorğunun nəticələri bunu göstərir. Mərkəz sorğunu “Həyatınızda növbəti problemlərin yaranmasının mümkünlüyünü necə qiymətləndirirsiz” sualı əsasında aparıb.

Sorğunun nəticələrinə əsasən, qorxu indeksində ikinci yeri gündəlik tələbat mallarının bahalaşmasından və pulun dəyərdən düşməsindən narahatlıq durur.

Rusiyalıların ehtiyat etdikləri digər məsələlər sırasında sonrakı yerlərdə bədbəxt hadisələr, sağlamlıq problemləri, ölkə daxilində iğtişaşlar, ailə münaqişələri gəlir.

Sorğu Rusiya əhalisi arasında real gəlirlərin azalması və iş yerinin itirilməsi qorxusunun azaldığını göstərib.



Bir ildə neçə nəfərə fəxri ad verilib?

10.08.2016

-ci ilin avqust ayında Azərbaycanda 220 nəfər “Xalq” fəxri adı, 2109 nəfər isə “Əməkdar” fəxri adı daşıyırdı. Transparency.az o vaxtdan bəri hər iki bölüm üzrə nə qədər artım olduğuna nəzər salıb.

Son bir ildə prezident sərəncamı ilə 4 nəfərə xalq artisti, 2 nəfərə xalq rəssamı adı verilib.

“Əməkdar” fəxri adına gəlincə, 2015-ci ilin avqust ayından bəri 93 nəfər əməkdar müəllim, 64 nəfər əməkdar mədəniyyət işçisi, 41 nəfər əməkdar mühəndis, 38 nəfər əməkdar artist adı alıb.

Digər fəxri adlar üzrə illik artım belə olub:

Əməkdar həkim – 23

Əməkdar elm xadimi – 21

Əməkdar jurnalist – 10

Əməkdar incəsənət xadimi – 9

Əməkdar bədən tərbiyəsi və idman xadimi – 8

Əməkdar rəssam – 8

Əməkdar tibb işçisi – 4

Əməkdar kənd təsərrüfatı işçisi – 3

Əməkdar hüquqşünas – 2

əməkdar dövlət qulluqçusu – 1.

Azərbaycanda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adlarına görə aylıq təqaüdün məbləği üçün 100 manatdır.

Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib.

Vergilər Nazirliyi planları açıqlayıb

10.08.2016




Avqustun 10-u Vergilər Nazirliyində “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” prezident sərəncamı ilə qoyulan vəzifələrə həsr edilmiş mətbuat konfransı keçirilib (Sərəncam).

Tədbirdə çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev nəzərə çatdırıb ki, artıq Vergilər Nazirliyində sərəncamla müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı tədbirlər planı qəbul olunub: “Tədbirlər planında sərəncamda müəyyən edilmiş bütün məsələlər üzrə konkret görüləcək işlər, bu işlərə məsul struktur vahidləri və konkret icra müddətləri müəyyən edilib. Planın ilin sonuna kimi icrası təmin olunacaq”.

İlkin Vəliyev deyib ki, son 10 ildə vergi daxilolmaları 5 dəfə, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,7 dəfə, regionlardan büdcə daxilolmaları 10,2 dəfə artıb. Qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisinin 70%-ə çatdığı bildirilib.

Nazir müavini qeyd edib ki, vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Bildirilib ki, vergi ödənişləri plastik kartlarla internetdən də həyata keçirilə bilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan “E-audit” və “Asan imza” kimi mühüm layihələr postsovet məkanında ilk olaraq Azərbaycanın vergi sistemində reallaşdırılıb.

Nazir müavini qeyd edib ki, son 10 ildə vergi ödəyicilərinin sayının 5 dəfədən çox artması nəticəsində yeni vergitutma mənbələri yaranıb. Bildirilib ki, qarşıdakı dövrdə istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması və bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur.

İlkin Vəliyev bir sıra istehlak mallarının qiymətlərinin ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Nazir müavininin sözlərinə görə, beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir və qarşıdakı dövrdə bu sahədə beynəlxalq təcrübəni öyrənərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi hazırlanacaq.

Kənd təsərrüfatı məhsullarının ticarət şəbəkələrində pərakəndə satışı zamanı tam dəyərinin ümumi qaydada ƏDV-yə cəlb edilməsi ilə bağlı məsələnin də öz həllini tapacağı nəzərə çatdırılıb. Bu addımın kiçik və orta sahibkarlığı stimullaşdırmaqla yanaşı pərakəndə ticarətdə rəqabət mühitini təmin edəcəyi gözlənir.

Qeyd olunub ki, vergi ödəyicilərinə xidmətlərin spektri genişləndiriləcək və bir sıra yeni elektron xidmətlərin tətbiqi həyata keçiriləcək: “Vergilərini vaxtlı-vaxtında ödəyən nümunəvi vergi ödəyiciləri və intizamsız vergi ödəyiciləri müəyyən ediləcək və onların adları ictimaiyyətə açıqlanacaq. Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək və onlara ünvanlı xidmətlər göstəriləcək”.

Nazir müavini xərclərin süni şəkildə artırılması hallarının aradan qaldırılması, ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı — ofşor hesab edilən dövlətlərdə və ya ərazilərdə şəxslərin həyata keçirdiyi əməliyyatlar üzrə gəlirlərin transfert qiymətləri tətbiq edilməklə vergiyə cəlb olunması üçün qanunvericiliyə dəyişiklik ediləcəyini də bildirib.

Qeyd olunub ki, beynəlxalq təcrübə nəzərə alınmaqla vergi qanunvericiliyi ilə verilmiş hüquqlardan sui-istifadə etməklə vergidən yayınan ödəyicilərin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyinə hüquqlardan sui-istifadə əleyhinə müddəaların daxil edilməsi nəzərdə tutulur.

İlham Əliyev Qəbələyə səfər edib

10.08.2016

Prezident İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfər edib. Qəbələ şəhərinin mərkəzində dövlət başçısını qarşılayan icra hakimiyyəti başçısı Səbuhi Abdullayev son illər rayonda görülən işlər barədə məlumat verib.

İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik uşaq bağçasının açılışında iştirak edib. Məlumat verilib ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.



Prezident Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışına da qatılıb. Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin