Gəlirsən
Səhralarda seyr eləyən xan oğlu,
Bir xəbər ver görüm handan gəlirsən?
Hüsn içində şövkət oğlu, şan oğlu,
Məgər təxti Süleymandan gəlirsən.
Oğlan qaşın məscidin, mehrabın tağı,
Qara qaşın kəskin cəllad yarağı.
Şux camalın nur eləmiş oylağı,
Elə sanki İsfahandan gəlirsən.
Saçların qıvrılıb olub çin-çini,
Qara xalın çapdı Fəğfuri Çini.
Gəncə ötəlgisi, Bərdə laçını,
Ya Dərbənddən, ya Şirvandan gəlirsən.
154
Başına döndüyüm xanların xanı,
Gəncənin xanısan, Bərdə sultanı.
Ya hurisən, ya Bağ- İrəm qılmanı,
Ya mələksən asimandan gəlirsən.
Bəlli, Laçın oylağından cidasan,
Qara bağrım qaynağında didəsən.
Xəstə Qasım, şah yolunda fədasan,
Keçib aşıb dağdan, çəndən gəlirsən.
Nə seçsin müştəhid, nə bilsin alim
İstərəm mən bir söz bünyad eyliyəm,
Şahım, sana məlum olsun kamalım.
İyirmi səkkiz hərf heca eyliyəm,
Nə seçsin müştəhid, nə bilsin alim.
Mən həriflərdən evlər yaradaram,
Göyərəndə şir olsa da basaram.
Boş gövtara haçan qulaq asaram?
Dəryayi ümmana mən bir misalim.
Leyliyə fərzəndəm, Məcnuna qardaş,
Şirinə həmtayəm, Fərhada yoldaş.
Adım Xəstə Qasım, yerim Tikmədaş,
Əslində şahzadə, məlum məhalim.
|