Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ailə problemlərinə həsr olumuş verlişlərdə uşaqların verlişlərə çıxarılmasına qadağa qoyulmasını tələb edir: "Ailə problemlərinin azyaşlıların iştirakı ilə müzakirə edilməsi onların psixoloji travma alması ilə nəticələnir. Uşaqlar valideynləri arasındakı münaqişələrin iştirakçısına cevrilirlər". Kəmalə Ağazadə onu da bildirib ki, telekanallarda bu sayaq verlişlərdə dövlət qurumunun hüquqşünasının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir, o isə danışmır: "Necə vaxtdır mən bu verlişlərdə uşaqların qarşılaşdığı mənəvi və psixoloji zorakılıqları müşahidə edirəm. Bunlara son qoyulmalıdır". Ekspert onu da bildirib ki, istər ailədə, istərsə də cəmiyyətdə uşaqların zorakılığa məruz qalması hallarına rast gəlinir: "Düzdür, dövlət hər bir uşağın mənafeyini yüksək tutur və onu müdafiə edir. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan xüsusi Dövlət Komitəsi də fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, ölkədə zorakılığa məruz qalan kifayət qədər uşaq var. Bunun günahı isə ailələrlə yanaşı, həm də cəmiyyətdədir".