İSLAM SƏNƏTİ
Azər Mirzəbəy
Cild: Ənqa (qrifon). Qaf dağında yaşayan əfsanəvi, sehrli bir quş. Şir bədənli və quş başlı tunc heykəl. XII əsr. Əndəlus.
İSLAM SƏNƏTİ
AZƏR MİRZƏBƏY
RED STAR
Nyu-York İstanbul Moskva
2016
MÜNDƏRİCAT:
Müqəddimə
Sənət nədir?
Kitab
Rəsm
Hz. Peyğəmbərin (s.ə.s.) təsviri
Rəqs
Film
Elm əl-ədvar
Elmi-nücum
Şe’r
Xalça
Kafir naşir
Məmməd Əmin Rəsulzadə kimdir?
Masonluq
Xristian əlifbasına: “Yox!”, -- müsəlman əlifbasına isə: “Hə!”, -- deyək
Bu, “Odlar yurdu” deyil, “Övliyalar yurdu”dur
“Haqq yolunda: Sui-qəsdin ifşası”
Vəhhabilik
Sionizm
Dil
Müstəqillik
“Azərbaycan virusu”
“Qafqaz müsəlmanlarının qətli-amı” abidəsi
Şəhid Edoardo Anyeli
Millət
Türklər
Türkiyə
Yəhudilər
Ermənilər
İran
Atam
Heykəl abidələrin dağıdılması
Almaniya
İngiltərə
Fransa
HAŞİYƏLƏR:
Səhihi Buxari. Hədis
Əs-Sülami. “Risalət əl-məlamatiyyə”
Əşrəf oğlu Rumi. “Müzəkki ən-nüfus”. Bir fəsl
Molla Nəsrəddin. “Bayağı fikir”
Imadəddin Nəsimi şe’ri
Əbri Xacə ibn Adil. “İxtiyarati-qəvaidi-külliyə”. Fəsl
Əbdürrəhman Cami. “ Nizami”
Hilafət, Hicaz və səudi-vəhhabi milli dövləti
Əbdülvahid Miranda. “İfratçılıq daim uduzur”
“Sion müdriklərinin protokolları”
Doktor Tom Sunik. “Kimdir antisemit?”
Alper Tan. “Yeni ilin qeyd olunması ilə əlaqədər bir təhlil”
Məhməd Şöfkət Eygi. “Türkiyədə bir milyon yarım gizli yəhudi var”
Şah Vəliullah Dehləvi. “Əltaf əl-qüds” kitabının bir qismi
Əbdürrəhman Cami. “Şeyx Nəcməddin Kübra (q.s.)”
“Kəşf əl-məhcub li ərbab əl-qülub” kitabından bir fəsl
İmadəddin Nəsimi. Şe’r
Lətifələr
Dərviş nəğməsi
MÜQƏDDİMƏ
Sovet dövründə, bir gün “Amerikanın səsi” radiosunda marağımı çəkən bir xəbər eşitdim. Xəbərdə deyilirdi ki, Amerikanın məşhur bir sənət muzeyinin müdiri sovet tərəfinə bildirib ki, o, Nyu-Yorkda “İslam sənəti” adı altında bir sərgi düzəltmək istəyir. Buna görə o, xahiş edir ki, ruslar sovet muzeylərində saxlanılan İslama aid olan sənət əsərlərinin bir hissəsini amerikalılara mübaliğə yolu ilə və ya başqa bir şəkildə borc versinlər. O, dedi, belə bir sərginin Amerikada açılması və əhaliyə nümayiş edilməsi dünya mədəniyyətlərinin tanınması üçün mühüm bir hadisə olacaq.
Ruslar isə buna belə cavab verdilər, İslamın Sovet İttifaqına heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, “İslam sənəti” məfhumunun nə olduğu bizə aydın deyil. Sonunda, əlavə etdilər, sizə, qətiyyətlə bildiririk, birdə bu xahişlə bizə müraciət etməyin. Fəqət, bunun əvəzində, əgər Avropa sənətinə aid, məsəl üçün, Fransa və ya İtaliya sənəti sərgisi açmaq istəsəniz biz, böyük məmnuniyyətlə, bu mövzuda olan əsərləri, müvəqqəti nümayiş üçün, sizə borc verə bilərik.
Bu cavabla onlar onu bildirmək istəyiblər ki, biz, ruslar, avropalı, xristian, pravoslav bir millətik; Rusiyanın asiyalılara və İslama heç bir dəxili yoxdur. Bu xəbər məni çox mə’yus etmişdi. Elə isə, biz də buna cavab olaraq belə deyə bilərik ki, müsəlmanların da nə Sovet İttifaqına, nə də ki Rusiyaya bir aidiyyəti var. Yə’ni ki, bütün, əslikar, müsəlman torpaqlarının (Tatarıstan, Başqırdıstan, Qafqaz, Krım və s. kimi) Rusiyaya aidliyi yoxdur.
Sovet dövründə mənim kitab almağa pulum çatırdı. Hətta, Qərbdə çıxan, əksər halda, qanunsuz şəkildə SSRİ-yə gətirilmiş ingilis dilli mətbuatı, məcmuələri və kitabları almağa imkanım var idi. Onların bə’zilərini Moskvada ikinci əl kitab satan dükanlarda, bə’zilərini isə “qara bazar” kitab alverçilərindən alırdım. Ürəyim istəyən hər bir kitabı əldə edirdim, istər onlar dünyəvi olsun, istərsə dini olsun. Ancaq, bu gün elə kitabları Bakıda tapmaq mümkün deyil. Onda belə görünür ki, Sovetin dağılması mənim kimi düşüncəli və mədəni adamlara nə mə’nəvi, nə də ki bir maddi xeyr gətirib.
O vaxt mənim şəxsi kitabxanamda külli miqdarda ingilis dilli ədəbiyyat var idi. Onların arasında, həmçinin, üç sayda “İslam sənəti” adında rəngli, şəkilli, nəfis nəşrlər var idi. Biri İngiltərədə, ikisi isə Amerikada çap olunmuşdu. O kitabların birində İslam aləminin məşhur sənət əsərləri və abidələri arasında bizim Naxçıvandakı “Mömünə Xatun” məqbərəsinin də şəkli var idi. O çağ, Sovetin sənətşünasları “İslam sənəti” ibarəsini işlədə bilmirdilər. Onun əvəzində Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Türkiyə, Suriya, Misir sənəti kimi ifadələrdən istifadə edirdilər. Halbuki, həm Sovet müsəlman respublikaların, həmdə xarici müsəlman dövlətlərinin sərhədləri xaçpərəst qəsbkar dövlətlər tərəfindən, son dövrlərdə, özlərinin maraqlarına uyğun, sün’i bir şəkildə cızılmışdı. Elə ki, məsəl üçün, İrəvandakı və Tiflisdəki müsəlman məscidləri Ermənistan və Gürcüstan memarlıq abidələri sayılırdı, bu abidələrin bizim millətə aid olması danılırdı. Və ya başqa məsəl çəkək, indiki Türkmənistanın, Özbəkistanın və Qazaxıstan əraziləri keçmişdə böyük müsəlman dövlətinin hissələri olublar. Nə bu, nə də ki o biri respublikalardakı müsəlmanlar başqa, qonşu respublikada yerləşən, öz əcdadlarının tikdiyi, memarlıq abidələrinə yiyə çıxa bilmir, bizimkidir deyə bilmir. Həmçinin, məsəl üçün, Misirdə ucalan ehramların və başqa bütpərəstlik abidələrinin ərəblərə, müsəlmanlara heç bir aidliyi yoxdur. Misirli müsəlman ehramları mənim əcdadlarım tikib desə, düzgün olmaz, yalan sayılar, çünki ərəblər ora sonradan gəliblər və o abidələri qibtlər, qədim Misirin sakinləri tikib, ucaldıblar. Müasir qibt xalqının nümayəndələri “bu abidələri bizim əcdadlarımız tikib” deyə bilərlər, lakin hal-hazırda xaçpərəst olduqları üçün onlar, bu bütpərəst sənət əsərlərinə soyuq münasibət bəsləyirlər.
Ona görə əgər Misirdə “Misir sənəti” kitabı nəşr edilsə və ora bütpərəstlərin, xaçpərəstlərin, yəhudilərin və müsəlmanların dini abidələri daxil olunsa buna, bu kitaba “həftəbecər” adı vermək olar. Belə nəşrin mə’nasının və məqsədinin nə olduğu aydın olmaz. O sənətdənsə daha çox siyasi mahiyyət daşıyar. Bunun əksinə, bu dinlərin hər birinə aid olan sənət əsərlərinə, mədəni abidələrinə ayrıca kitablar çıxarılsa, onda, bu nəşrlərin məqsədi və mə’nası oxucuya aydın olar və hər bir dinin nümayəndəsi “bu kitab mənim dinimi, mənim əqidəmi təcəssüm edən sənət əsərlərindən bəhs edir” deyə bilər.
Sözün qısası, Kremlin, sovet sənətşünaslarına “İslam sənəti” ifadəsini işlətməyi qadağan etməsində məqsəd, birincisi, sovet müsəlmanlarına öz kimliklərini unutdurmaq, ikincisi isə onların arasında olan vəhdəti, həmrəyliyi pozmaq olub.
Necə ki, ruslar, bir Xristian milləti kimi, özlərini Avropanın, Xristian aləminin, onun tarixinin, mədəniyyətinin parçası sanırlar, mən də müsəlman olaraq, özümü Asiyanın, İslam aləminin, onun tarixinin, mədəniyyətinin parçası sanıram. Bu başqa cür də ola bilməz. Müsəlmanlar hamısı bir millət, bir ümmətdir. Dilləri, irqləri və yerləşdikləri ərazilər ayrı-ayrı olsa da onların eyni müqəddəs kitabı, eyni adəti, eyni əqidəsi, eyni müsəlman əlifbası və eyni İslam bayrağı var. Bizləri fərqli irqlərə, xalqlara və dövlətlərə ayırmaq istəyənlər Qərbin və Şərqin xaçpərəst təcavüzkar dövlətləri, cahangirləridir. İngilisin bir məşhur məsəli deyir ki, “divayd ənd rul”, yə’ni ki, “bölüşdür və hökm elə”. Onlar xarici siyasətlərini bu əsasın üzərində quraraq, öz qəsbkar məqsədlərinə nail olmağa çalışırlar.
Bu yaxınlarda, Bakıda, bir kitab dükanında, Rusiyada çap olunmuş “İslam sənəti” adında kitabın satışa çıxardıldığını gördüm. Çox şükür ki, ruslar əvvəlki səhvlərini düzəldərək, nəhayət, bu cür sərlövhə altında əsərlər nəşr etməyə başlayıblar. İnternetdə, Moskvada bu ad altında nəşr olunmuş bir-neçə başqa kitaba da rast gəldim. Ümid var ki, bir vaxt gələcək, keçmiş SSRİ-nin müstəqillik qazanmış müsəlman ölkələrinin sənətşünasları da, bu daşı ətəklərindən töküb, özlərini Sovetin təbliğatının məngənəsindən azad edəcəklər və “İslam sənəti” ifadəsini işlətməkdən qorxmayacaqlar, çəkinməyəcəklər.
On-on beş il bundan qabaq, Parisin mərkəzi meydanlarının birində, “Place de la Concorde”da, bir yaşlı qadından yol soruşdum. O, yol göstərmək üçün söhbət edərək yanımla getdi. Sonra, Sen çayının o biri tayında ucalan, əzəmətli “Hotel des Invalides” binasını göstərərək dedi, “Orada Napoleonun qəbri yerləşib, gedib baxmaq istəyirsinizmi?” Başa düşdüm ki, o məni rus bilib. Axı Napoleon, həm ruslar, həm də fransızlar üçün onların ümumi tarixlərinin şəxsiyyəti olub. Mən isə, bizim ruslaşdırılmış vətəndaşlarımızdan fərqli olaraq, ruslar və fransızlar arasında gedən müharibələri, onlar arasında baş verən münaqişələri özümünkü saymamışam və saymıram da. Bu iki xalq mənə uzaq və yad xalqlardır.
Qadının sualının cavabında laqeydliklə dedim ki, o binada qəbirdən başqa bir şey yoxdur, ona görə mənim üçün orada maraqlı bir şey yoxdur. O isə dedi, Napoleon bizim, fransızların tarixi simasıdır, ona görə bizim üçün, hətta, onun qəbri də maraqlı görünür.
Avropanın çox yerində oldum, abad, gözəl və yaraşıqlı şəhərlərini gəzdim, fəqət onların bütün tarixi yerləri və binaları mənim hissiyyatıma toxunmadı, onların hamısını biganəliklə seyr edirdim. Halbuki, mən Ərəbistana, Türkiyəyə, İrana və Hindistana gedib oradakı müsəlman tarixinə və dininə aid abidələri görmək istəyirəm. O torpaqlarda həm də bizim müqəddəslərimizin qəbirləri, məqbərələri var. Uzaq keçmişdə, oralarda cərəyan edən tarixi hadisələr, bir müsəlman kimi, mənim tariximin hadisələri olub. Oralar məni laqeyd buraxmaz, orada görəcəklərimi soyuqqanlılıqla seyr edə bilmərəm. Ancaq mən əminəm ki, bizim, bə’zi, ruslaşdırılmış həmyerlilərimiz Avropanın və Rusiyanın tarixi məkanlarına gedəndə, oralar onların hissiyyatlarına toxunacaq, bəlkə də gözlərini yaşlandıracaqdır. Fəqət, bunun əksinə, onlar müsəlman torpaqlarına getsələr orada özlərini yad torpaqlarda, yadların arasında, yad mədəniyyətin əhatəsində sanacaqlar, ətraflarında gördükləri şeylər onların ürəklərinə heç bir istilik gətirməyəcək. Elələri şərti olaraq müsəlman adlansalar da, daxilən, ruhən onlar əsla müsəlman deyillər.
Bu yaxınlarda, bu kitabı yazmaq fikrinə düşəndə, İnternetdə Amerikanın “The New York Times” ruznaməsinin 5 dekabr 2008-ci ildə çıxan nömrəsində Suren Melikyan adında bir şəxs, bir erməni tərəfindən yazılmış yazıya rast gəldim. Məqalənin adı bu olub, “Qətərin İslam sənəti muzeyi: nöqsanlarına baxmayaraq şax əsərlərin məkanı”.
Bizim mövzumuza yaxın olduğundan, o müəllifin yazısını burada, yığcam bir şəkildə, oxucunun nəzərinə gətirirəm:
“İslam sənəti” XIX əsrdə Avropada quraşdırılmış bir ifadədir ki, o, Parisdə, 1889-cu ilin Dünya sərgisində müsəlman sənət əsərlərinin nümayişindən sonra geniş şəkildə qəbul olundu. (Fransızlar “İslam sənəti”nə “Les Arts Musulman” deyirlər. – A.M.). “İslam sənəti” anlayışı, hətta “Xristian sənəti” anlayışından daha mə’nasızdır. Ancaq buna baxmayaraq, Qərbin sənət aləmi, elmi və qeyri-elmi dairələri, tə’kidlə, İslamın üstünlük təşkil etdiyi ərazilərdə yaradılan abidələri, sənət əsərlərini bu başlıq altında gətirməyə davam edirlər.
Bu uydurma ifadənin uzun ömürlülüyünün bir çox səbəbləri vardır. Qərb muzeylərinin “İslam sənəti” anlayışına bu şəkildə bağlanmasının əsas səbəbi odur ki, pullarının, sahələrinin və mə’lumatlı işçilərinin azlığı onlara, ayrı-ayrı Ərəbistan, İran və Türkiyə şöbələrinin açılmasına imkan vermir.
Eynilə, universitetlər də bu cür genişləndirilmiş “İslam şöbələrini” saxlamaqda davam edirlər. Onlara bunu maliyyənin və mütəxəssislərin azlığı məcbur edir.
Müsəlman ölkələrində, libaslardan tutmuş məşrutə məsələlərinə qədər, Qərbi Avropa dəblərinin və məfkurələrinin, topdan satış şəklində idxal etmək təmayülü vardır. Bu da, orada, həmçinin, “İslam sənəti” kimi qondarma bir ifadənin qəbul edilməsinə gətirib çıxardıb. Müsəlman aləminin elə bölgələri var ki, oradakı xalqların sənətə olan töhfələri çox az olub və belə olanda “İslam sənəti” kəlməsinin istifadə edilməsi onlara, özlərindən daha güclü mədəniyyətləri özününkü saymaq imkanını verir.
Məqalənin sonunda müəllif yazır ki, orada başqa gözəl əsərlər arasında dünyanın başqa muzeylərində rast olunmayan sənət işləri var. Onların arasında misli görülməyən gözəlliyi olan iki məxmər lövhə var. Onlarda XVI əsr Səfəvi sarayında şərab içmə məclisi təsvir olunub. Əsər inanılmaz dərəcədə yaxşı vəziyyətdədir.
Və son cümlə, bu cür nadir şah əsərləri görmək istəyən adama bu muzeyə getməsini məsləhət görürəm, baxmayaraq ki, orada çoxlu təşkilatçılıq qüsurları var.
“İslam sənəti” ifadəsinin bu müəllifin xoşuna gəlməməsinin səbəbi mənə aydın olmadı. Görünür ki, o, özünü dünyanın bütün alimlərindən və sənətşünaslarından üstün tutur, onları axmaq, özünüsə ağıllı sayır. Məsəl üçün, əgər Avropada “Xristian sənəti” adında hər hansı bir kitab nəşr olunsa və orada cürbəcür xaçpərəst xalqlarının kilsələri ilə birlikdə İrandakı erməni kilsələrinin adları da sadalanıb, şəkilləri əlavə olunsa bu, ermənilərin zərərinə mi olar, yoxsa xeyrinə mi? Bu, onların hiddətinə, narazı olmasına səbəb olarmı? Əlbəttə ki, yox. Əksinə, bu onların xoşuna gələr. Məsəl üçün Asiya qitəsində yaşayan ermənilər, gürcülər və hətta, xaçpərəst dinindən olan ərəblər özlərini Avropa xalqlarına qardaş, yaxın qövmlər kimi hiss edirlər, onlarla həm sülhdə, həm də ki hərbdə, bir dəstədə olmaq, həmrah olmaq istəyirlər.
Bu erməninin məntiqinə görə, məsəl üçün, İrandakı erməni kilsələrinin rəsmləri müsəlman məscidlərin rəsmləri ilə bir yerdə “İran sənəti” adlı bir kitab şəklində nəşr olunmalıdır. Bu isə heç bir məntiqə sığmayan şeydir. Bu, erməni kilsələrinin coğrafi və siyasi cəhətdən İrana məxsus olmasına baxmayaraq, ruhən, əqidə e’tibarı ilə onların daha çox Xaçpərəst aləminə aidiyyəti vardır.
Keçmiş zamanda türklər Bizansın qoşunlarını məğlub edib rumların dövlətçiliyinə son qoymuşdular. İndi Türkiyənin müsəlman əhalisi İstanbuldakı Bizans kilsələrini özününkü saya bilərmi, bizim kilsələrdi deyə bilərmi? Əlbəttə ki, yox. Həmçinin, Bakı müsəlmanları şəhərdəki erməni, rus və katolik kilsələrini, yəhudi sinaqoqlarını özününkü saya bilərlərmi? Əslə, yox. Ancaq, Tiflisdəki, Dərbənddəki və İrəvandakı məscidlər bizimdir deyə bilərlər. Məsəl üçün Səmərqənddə, Buxarada, İstanbulda, Təbrizdə və Tehranda olanda, şəxsən, mən, oradakı məscidlərə, imamların, övliyaların, padşahların məqbərələrinə baxanda iftixar hissi keçirirdim, çünki onları özümüzünkü sayırdım.
Ondan başqa mən, bir ölkədə yerləşən bütün dinlərdən olan abidələrin, bütün dövrlərdə mövcud olan mədəniyyət əsərlərinin, çox geniş əhatəli, cəm şəklində, bir kitabda, məsəl üçün “Misrin sənəti” ünvanı altında çıxmasının heç də əleyhdarı deyiləm. Mənim demək istədiyim odur ki, Bakı, Daşkənd, Düşənbə kimi paytaxtlarda “İslam sənəti” adı altında kitablar yazılsın və onlar nəşr olunsun, bu məntəqələrdə, bu ifadənin istifadəsinə olan qadağa aradan götürülsün.
Bir şeyi də burada qeyd edim ki, “İslam sənəti” ifadəsini işlədəndə Qərb sənətşünasları, əsasən, XX əsrə qədər yaradılan sənət əsərlərini nəzərdə tuturdular. Məsələn “Osmanlı İslam sənəti” demək düzgün olar, ancaq müasir zamanda, son yüz ildə yaradılmışlara “Türkiyə sənəti” demək daha düzgün, daha məntiqli sayıla bilər. Yə’ni Osmanlı dövləti daha yoxdur, yeni Türkiyə Cümhuriyyəti var. “Azərbaycan sənəti” deyəndə isə, XX əsrdə yaranan dövlətdə, Azərbaycan Respublikasında yaradılan sənəti nəzərdə tutmaq doğru olar; bunu düzgün sayıram.
Məncə hər hansı bir sənətə siyasi, coğrafi nöqteyi-nəzərindən yanaşılarsa və bu cür baxış bir meyar kimi götürülsə bu, çoxda düzgün və məntiqli sayılmaz. Bir misal gətirim. İngiltərənin hindu əsilli vətəndaşları bir ingilis əyalətində mərmər daşdan əzəmətli bir hindu mə’bədini tikdilər. Tikintinin me’marları, ustaları Hindistandan gətirilmişdi. İndi, bu mə’bəd ingilis sənətinin nümunəsi sayıla bilərmi? Əlbəttə ki, yox. Ona baxmayaraq ki, bu mə’bəd çox yaraşıqlı bir binadır, ingilislər, onun tikilişinə e’tiraz edirdilər. İngilis memarlıq ənənələrinə zidd olan bu əcaib binanın tikilişinə razı deyilik, bu mə’bəd, bizim gözəl ingilis şəhər mənzərəsini pozacaq, deyirdilər.
Qərb sənətşünasları, bə’zən İslam sənətini coğrafi, siyasi və yaradıldığı dövr nöqteyi-nəzərdən də fərqli növlərə bölürlər. Məsələn, Səlcuq sənəti, Səfəvi sənəti və s. O cür də olar. Ancaq mənim israr etdiyim şey odur ki, Hindistanda, Türküstanda, İranda, Ərəbistanda və Osmanlıda yaradılan sənət əsərləri arasında üslub fərqi olsa da, onların görünüşünə və şəklinə yerli sənətkarlıq ənənəsinin tə’siri olubsa da, bununla belə, onlar, ümumi müsəlman mədəniyyətinə və sənətinə aiddirlər.
SƏNƏT NƏDİR?
Sənət yaradıcılıqdır. İnsanın yaradıcılıq məhsuludur. İnsanı isə uca Tanrı, Xudavəndi-aləm yaratmışdır.
Xaricdə olanda, bir dəfə, bir kişi ilə, özündən razı bir seylonlu adamla söhbət edirdim. O, mənə, qürurla dedi, mənim iki uşağım var, bu isə o deməkdir ki, mən iki adam yaratmışam. Onunla mübahisəyə girmək istəməyib susdum, amma ürəyimdə dedim ki, bu yalan sözdür, o uşaqları sən deyil, Allah yaradıb. Sən onların gözlərinimi, qulaqlarınımı, və ya başqa yerinimi yaratdın? Onların gözlərini, qulaqlarını, hər yerini, Allah yaradıb, sən yox! O baş ki, səndə var, sən heç bir şey yarada bilməzsən. Ancaq, bununla belə, başqa tərəfdən, o, öyünə bilərdi ki, mən bir hünər etdim, onları böyüdüb boya-başa çatdırmışam, oxutmuşam.
Mənim demək istədiyim odur ki, əgər bir sənətkar bir əsər yaratsa, məzmunundan asılı olmayaraq, o əsər Allaha işarə edəcək, çünki onu da, o sənətkarı da Allah yaradıb. O əsər lap eybəcər, pis, ədəbsiz sənət əsəri olsa belə bu, yenə də Ona işarə edəcək. Məsəl üçün, deyək ki, əxlaqsız, dinsiz bir adam ədəbsiz, batil bir sənət əsəri yaradıb, rəsm və ya başqa şey olsun, fərqi yoxdur. Belə əsər də Ona işarə edəcək. Qoy o adam sağlığında dinsiz həyat sürsün, dindarları təhqir etsin, dinə qarşı təxribatla məşğul olsun, yenə də, həyatının axırında Allah ona verdiyi canı onun əlindən alacaq. Və o, Allahın çəkdiyindən kənara çıxa bilməyəcək. Rusların bir yaxşı məsəli var – göyə tüpürmə. Yə’ni ki, göyə tüpürənin tüpürcəyi axırda onun öz üzünə düşəcək.
KİTAB
Qur’ani-kərim müsəlmanların, səmavi, müqəddəs kitabıdır. Məhəmməd peyğəmbərə (s.ə.s) nazil olan “ilahi vəhylərin” məcmusu, toplusudur.
Allah belə buyurdu: “Bu Rəsul-kərimin aldığı kəlamdır! Və bu, şair sözü deyildir! Sizin inancınız azdır! Bu, nə də ki, kahin sözüdür! Siz az düşünürsünüz. Bu, Rəbbil-Aləmin tərəfindən nazil edilmişdir” (Qur’an, Əl-Haqqə, 69/41-43).
Məhəmməd (s.ə.s.) belə buyurur: “Cəbrail mənim yanıma gəlib dedi: Oxu! Dedim oxumaq bilmirəm. Yenidən dedi: Oxu! Dedim, nə oxuyum? Dedi: Ya Peyğəmbər! Bütün məxluqatı yoxdan yaradan Rəbbin adı ilə (bismillah deyərək) oxu!”
Qur’ani-kərim olmasaydı nə İslam olardı, nə də ki, İslam sənəti. Müsəlmanın alimləri, şairləri, sənət adamları, hamısı, öz əsərlərini ondan ilhamlanaraq yaratmışlar. Bu kitab səmavi kitablar növünə aid olmaqla bərabər, həm də bir ədəbi abidədir. Qur’ani-kərim kitabının nüsxəsi İslamda ilk sənət əsəri, sənət nümunəsi olub. Müsəlman cəmiyyətində Kitabın üzünün köçürülməsi, nəfis hüsnü-xətlə yazılması, yə’ni ki, xəttatlıq ən vacib və geniş yayılmış sənət növü sayılılırdı. O, bə’zən, yazıların ətrafını, kitabın haşiyəsinin qızıl suyuna çəkmək və bəzək vurmaq vasitəsi ilə tərtib olunur. Ancaq əsas diqqət xəttatın yüksək sənətkarlığına, ustalığına, gözəl üslublu xətlər tətbiq etməsinə verilir. Keçmişdə İslam aləmində, cəmiyyətdə xəttatın tutduğu mövqe adətən rəssamın tutduğu yerdən daha üstün idi.
***
Amerikada bir sərsəm keşiş bir tərəfdən müsəlmanları təhrik etməkdən ötrü, o biri tərəfdən özünü dünyaya tanıtmaqdan ötrü “Qur’an kitabını yandıracağam” dedi. Bu böyük bir qalmaqalla nəticələndi. Qərbin kütləvi mətbuatı bu məsələni çox qabartdı, şişirtdi, ondan yazdı və çox danışdı. Mətbuat yazırdı ki, o keşiş Qur’an nüsxəsini yandırsa qiyamət qopacaq, müsəlman camaatı qan edəcək. Elə ki Qərb mətbuatı və televiziya kanalları müsəlmanların beyinlərinə bu fikri yeritdi ki, siz gərək küçələrə çıxıb çığırıb-bağırasınız, hiddətlənib coşasınız, xaçpərəstləri hədələyəsiniz. Belə də oldu. Əfsus ki, nəyinki xaçpərəstlər, müsəlmanlar da, həmçinin, Qərbin TV kanallarının, radiosunun və mətbuatının tə’siri və ovsunu altındadır. Nə desələr onu da edirlər. Onlar desə ki, gülün, güləcəklər. Desə, ağlayın, ağlayacaqlar. Desə, qışqırın, qışqıracaqlar, desə susun, susacaqlar.
Sovet çağında, mən, elə düşünürdüm ki, sovet radiosu, televiziyası, mətbuatı həmişə yalan danışır, amma onun əksinə Qərbin radiosu, televiziyası və mətbuatı düz danışır. Allaha şükür, bu gün mən daha belə düşünmürəm. Artıq “Amerikanın səsi”, “Azadlıq”, “BBC” radiolarına və bunların bənzərlərinə, necə ki sovet vaxtı deyirdilər,“düşmən səslərinə” inanmıram, özümü, onların tə’sirindən qurtarmışam. İndi başa düşmüşəm ki, Qərbin təbliğatçıları, sovetin təbliğatçılarından daha artıq, beşbetər yalançıdırlar.
Əfsus ki, müsəlman camaatı bu məsələnin arxasında nəyin olduğunu bilmir, başa düşmür. Mən bilən “Qur’an yandırmaq” fitnəsi Qərb mətbuatına ona görə lazım idi ki, onlar müsəlmanları hissiyyata qapılan, hay-küyçü, yersiz qışqırıq salan adamlar kimi qələmə versin. O da, istədiyinə nail oldu.
Məsələ orasındadır ki, Avropa əhalisi, ağ irqin nümayəndələri, özlərini çox təmkinli, sakit və düşüncəli adamlar sayırlar. Onlar qışqırıqçı, hay-küy salıb qaraçılıq edən adamları sevmirlər, elələrinə nifrət edirlər. Buna görə bu cür ağ irqə mənsub olan avropalı və amerikalılar, televizorda, hirsini saxlaya bilməyən, atılıb-düşən müsəlmanları görəndə, onlara qarşı olan kin və nifrətləri bir az da artır. Beləliklə Qərb mətbuatı Qur’an yandırma fitnəsindən istifadə edib öz niyyətlərinə çatdı, müsəlmanları əsəbi adamlar, ifratçı biriləri kimi göstərməyə nail oldu.
Hər şeydə olduğu kimi dində də ifratçılıq düzgün deyil, yanlış yoldur.
Mən isə, onlardan, TV ekranında görsədilən qışqıran, bağıran, yumruqları ilə kimisə hədələyən müsəlmanlardan fərqli olaraq öz təmkinimi pozmadım, hiddətlənmədim. Çünki mən artıq bu mətbuatın tə’siri altında deyiləm. Müstəqil düşünmə qabiliyyətim var. O sərsəm keşişin Qur’anı yandırıb-yandırmamağı mənim hissiyyatıma toxunmur. Ancaq bu o demək deyil ki, mənim İslama, Kitaba hörmətim o, atılıb-düşən müsəlmanlardan azdır, dinim-imanım yoxdur.
Mən bir İslam alimi, ruhanisi deyiləm, ancaq onu bilirəm ki, hər müsəlman Qur’ana hörmətlə yanaşmalıdır, dəstəmazsız olanda ona toxunmamalıdır, tüpürcəyinin, qanının Qur’anın səhifələrinə düşməsini qoymamalıdır və s. Ancaq bu müsəlman olanlara aiddir. Biz, başqa dindən olanlardan və kafirlərdən bunu tələb edə bilmərik. Ondan başqa, Şəriətə görə namaz qilmayan, oruc tutmayan adamın, yə’ni ki qeyri-müsəlmanın əlinin Qur’ana toxunması belə düzgün sayılmır.
İslam dini yəhudiləri və xaçpərəstləri “əhli-kitab” kimi adlandırır, Qur’anla birlikdə, onların müqəddəs kitablarını da səmavi kitablar kimi qəbul edir. Lakin onlar müsəlman kimi deyillər. Yəhudi dinindən olanlar ancaq öz dinini və müqəddəs kitablarını həqiqi sayırlar. Yəhudi dinindən sonra gələn dinləri, Xrisian və İslam dinlərini bir din kimi qəbul etmirlər, Həzrəti İsanı (ə.s.) və Həzrəti Məhəmmədi (s.ə.s.) həqiqi peyğəmbərlər saymırlar. Bu onların dininin təməlidir. Xaçpərəstlər isə yəhudilərin dinini və müqəddəs kitablarını səmavi kitablar kimi qəbul edirlər. Fəqət, onlar bizim peyğəmbəri həqiqi peyğəmbər kimi qəbul etmir, Qur’anı səmavi kitab saymırlar, İslamın doğru bir din olmadığını söyləyirlər. Müsəlmanlar onları bu məsələdə öz mövqelərini dəyişdirməyə məcbur edə bilməzlər. Bu onların dinlərinin təməlidir.
Ona görə müsəlmanlar nə Roma Papasını, nə bir xaçpərəst keşişini, nə də ki yəhudi ruhanilərini İslam haqqında yaxşı bir rə’y vermələrini, ona hörmət etmələrini tələb edə bilməzlər, onları bunu etməyə məcbur edə bilməzlər. Bunların müsəlmanları və onların dinini pisləmələri adi, təbii bir şey kimi qəbul olunmalıdır. Əksinə hər hansı bir ruhaninin başqa dinləri, başqa məzhəbləri tə’rifləməsi əcaib, səhv bir şey kimi qəbul olunmalıdır.
Dostları ilə paylaş: |