15.Dövlət Proqramı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafı daim dövlət qayğısı və tənzimlənməsi əsasında həyata keçirilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ərazidən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” reallaşdırılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2010-cu il qərarında qeyd olunur ki, müasir tələblərə uyğun ölkənin nəqliyyat sektorunun modernləşdirilməsində böyük uğurla gerçəkləşdirilən milli neft strategiyası əhəmiyyətli rol oynamışdır. İndi burada daha geniş infrastruktur modernizasiyanın aparılmasına zərurət yaranmışdır. Bundan irəli gələrək Dövlət Proqramının əsas məqsədini əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının ödənilməsi, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakının təmin olunması təşkil edir. Burada Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən məqamlar, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr öz əksini tapmışdır. Əsas maliyyə mənbələri olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaitləri, daxili və xarici investisiyalar, texniki yardımlar və qrantlar, qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri nəzərdə tutulur. Bütün işlər Dövlət Proqramının həyata keçirilməsi üçün təsdiq edilən tədbirlər planı çərçivəsində aparılacaqdır [8].
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafı yalnız bu proqram hüdudları ilə məhdudlaşmır. Belə ki, 2012-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu sahədə daha uzaq hədəfləri nişan alan mühüm fəaliyyətlərin göstərilməsi də nəzərdə tutulur. Bu konsepsiyaya görə Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlər görüləcəkdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi fəaliyyətə başlayacaq, dəniz donanması yeniləşdiriləcək, nəqliyyat-logistika mərkəzləri yaradılacaq, Bakı-Böyük Kəsik, Bakı-Astara və Bakı-Yalama dəmir yolu xətləri yenidən qurulacaq və modernləşdiriləcəkdir. Dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə genişlənəcək və bu marşrut üzrə səmərəlilik daha da artacaqdır. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri aparılacaq, daşıma parkı yenilənəcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaq, işarəvermə və siqnalizasiya sistemi müasirləşdiriləcəkdir.
Göründüyü kimi, bütün bu strateji hədəfli tədbirlər nəticəsində Azərbaycanın dəmir yolu sisteminin yenidən qurulması və modernləşdirilməsi yeni mərhələyə qədəm qoyacaqdır. Bu iştiqamətdə isə əsas funksionallığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəli fəaliyyəti təmin edəcəkdir. Azərbaycan Respublikası üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən bu layihənin həyata keçirilməsi Avrasiya məkanına daha səmərəli çıxışları təmin etməklə, region ölkələri arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqələrinin yeni müstəvidə qurulmasına və ölkənin tranzit potensialının daha da artırılmasına zəmin olacaqdır.
Dostları ilə paylaş: |