BƏŞƏR VƏ BƏŞƏRİYYƏT
Yer kürəsində hər 0,24 saniyədə 1 uşaq doğulur.
Və hər 0,56 saniyədə bir insan dünyasını dəyişir.
Planetdə 7 milyarddan artıq adam yaşayır.
Və bu milyardların 22 517 750 nəfəri 2011-ci ildə Su-
riyada yaşayırdı.
Elə həmin ilin martında başlanmış münaqişə nəticə-
sində artıq 100 000-dən artıq insan həlak olub bu ölkədə.
Əlbəttə, öz əcəli ilə ölənlər də var.
Əlbəttə, dünyaya gələnlər də var.
Və UNİCEF 1 milyondan artıq azyaşlı suriyalının
ölkəni tərk edib qonşu dövlətlərə sığındığını bəyan edib.
Şərqi Qutada kimyəvi silah tətbiq edildikdən sonra hə-
lak olmuş 1300-dən artıq adamın da təqribən 70 faizinin
qadınlar, uşaqlar olduğu bildirirlir...
Bu hadisələr 2013-cü ilin ikinci yarısında baş verir.
Bütün dünyanın gözü qabağında.
Dünya əlbəttə ki, əlini-qolunu yanına salıb oturma-
yıb. Dünya Suriyaya hücum etməyin vacibliyini vurğu-
layan və bunun əleyhinə olan ölkələrə bölünüb. Üstəlik,
bölünmüş dünya tam başa düşüb, həm də qəbul edib ki,
BMT uzaq Nyu-Yorkdakı Manhetten adlı adada yaraşıq-
lı mənzil-qərargahı olan böyük təşkilatdan başqa bir şey
deyil. Və bu dünya Suriyada 2 ildən bəri bir-birini qı-
ran 2 tərəfin hər birini yetərincə dəstəkləyən qüvvələrin
mövcud olduğu dünyadır.
Və bir də, bu dünyada kütləvi qırğın silahlarının
tətbiqinə çox pis baxırlar. Məntiq də az qala belədir ki,
adi silahlarla istədiyin qədər adam qıra bilərsən, amma
113
adamları kimyəvi silahla qırası olsan, məlum olacaq ki,
filan qədər konvensiya, saziş pozulub. Bu isə cəzasız
qalmamalıdır.
Bu dünyanın biz özəlliyi də var. Bu dünyada deyəsən
heç kim müsəlmanların bir-birlərini qırmalarında təəc-
cüblü heç nə görmək istəmir. ..
Və bu dünyada You Tube adlı videoxostinq xidmətlə-
ri göstərən bir servis var.
İnsanlar bu servisdə böyük həvəslə həm Cənubi Ko-
reyadan olan şən, tosqun rəqqas-müğənninin çəkildiyi,
Seulun Kannamqu rayonundan bəhs edən klipə baxırlar,
həm də eynən “Qurdlar vadisi”ndə olduğu kimi qəfil-
dən qələmi qırılan Müəmmər Qəzzafinin işgəncəli edam
səhnəsinə.
Sonra da hamı Bəşər Əsədin adını hallandırmağa
başlayır.
Bəlkə bəşəriyyətdən danışmalıyıq daha çox.
Necə bilirsiniz?
www.avciya.az
30 avqust 2013-cü il
114
ODA FİYATLARI
Ötən şənbə günü, axşam saatlarında Azərbaycanın
zəngin tarixi keçmişə malik şəhərlərindən birinə varid
oldum. Və üz tutdum bu şəhərin mərkəzində yerləşən
çoxmərtəbəli mehmanxanaya. İncəvara, əvvəlcədən
nömrə sifariş etmişdim. Nömrəyə qalxmağımla Mor-
feyin səltənətinə yollanmağım bir oldu desəm, mübali-
ğəyə yol vermiş olmaram...
Səhər tezdən, mehmanxananı tərk etmək məqsədiy-
lə qeydiyyat masasına yaxınlaşanda gözüm divara vu-
rulmuş lövhəyə sataşdı. Lövhədə böyük hərflərlə “oda
fiyatları” sözləri yazılmışdı. Əlbəttə, başa düşdüm ki,
söhbət otaqların qiymətlərindən gedir. Özümü saxlaya
bilməyib yəqin ki, bütün müsafirlər üçün əhəmiyyətli
sayıla biləcək informasiya lövhəsində başlığın niyə türk
dilində yazıldığını soruşdum. Qeydiyyat masa arxasında
əyləşmiş xanımın cavabı çox təəccüblü oldu...
Xanım dedi ki, hoteli türklər idarə edir və məhz ona
görə də lövhədə “oda fiyatları” sözləri yazılıb. Onun bu
orijinal fikri səsləndirərkən mənim şübhə doğurmayan
korazehinliyimə təəssüfləndiyi açıq-aşkar sezilirdi. O
da hiss olunurdu ki, Azərbaycan ərazisində fəaliyyət
göstərən mehmanxananın divarında Azərbaycan dilində
olmayan yazının yazılmasında təəccüblü heç nə görmür
bu şəxs...
Bir neçə gün bundan əvvəl Azərbaycanı çox sevən bir
Türkiyə ziyalısı ilə məktublaşmalı oldum. Onun mənə
yazdığı məktubların birindəki sözlər diqqətimi çəkdi.
Həmin şəxs “yapilacak toplantinin konusu ve gündemi
115
hakkinda Azerbaycan Türkcesiyle de olsa lütfen kisa
bilgi” verməmi xahiş edirdi.
Mən ürəkdən sevdiyim Türkiyədə hansısa toplantıya
dəvət alacağım təqdirdə təşkilatçı tərəfin nümayəndə-
sinə buna bənzər məktub yaza bilərəmmi? Yəni “təşkil
ediləcək toplantının mövzusu və proqramı haqqında heç
olmasa Türkiyə türkcəsində qısa məlumat” istəyəsi ol-
sam, bu məktubu oxuyan insanda sual yaratmazmı? Axı
o onsuz da (yəni zatən) həmin məktubu türkcə yazacaq?
Bu qədər.
1932-ci ildən bəri fəaliyyət göstərən Türk Dil Quru-
mu ötən illər ərzində xeyli iş görüb. Qurumun saytındakı
“Tarihçe” bölümü aşağıdakı cümlə ilə başa çatır:
“Türk Dil Kurumu 800’e ulaşan yayını, 40 Bilim Ku-
rulu üyesi, 17 uzmanı, 56 çalışanı ve zengin bir araştır-
ma kütüphanesiyle Türkiye’nin saygın bilim kuruluşla-
rından biri olarak çalışmalarını sürdürmektedir.”
Tərcümə etməyəcəyəm. Hər şeyi özünüz də başa dü-
şürsünüz. Tamamilə.
www.avciya.az
10 sentyabr 2013-cü il
116
SALUSTİANO SANÇES-BLASKESİN
SİRLƏRİ
Amerika Birləşmiş Ştatlarındakı Nyu-York ştatının
112 yaşlı sakini Salustiano Sançes-Blaskes dünyasını
dəyişib. Bu adam cari ilin iyunundan bəri dünyanın ən
qocaman kişisi imiş. İyun ayında 117 yaşlı yaponiyalı
Dziroemon Kimura öləndən sonra birincilik keçibmiş
bu amerikalıya.
İndi ən yaşlı kişi 111 yaşlı italyan Arturo Likatadır.
Bu adam 1902-ci ilin may ayının 2-də anadan olub.
O ki, qaldı planetin ən yaşlı sakininin kim olmasına,
bu şəxs təbii ki, qadındır. Yaponiyanın Osaka şəhərində
yaşayan Misao Okavanın 115 yaşı var.
Bax belə.
Hər bir ixtiyar yaşlı insanın uzunömürlülüyünün ori-
jinal sirri var. Hər halda yaşı yüzü keçmiş bütün insanlar
çox yaşamalarının səbəbləri ilə bağlı sualları tez-tez ca-
vablandırmalı olurlar. Salustiano kişidən də soruşanda
ki, onun lazım ola biləcəyindən xeyli çox yaşamasının
sirri nədədir, rəhmətlik deyibmiş ki, hər gün bir banan
yeyir, üstəlik həkimlərin təyin etdikləri bütün dərmanla-
rı da qəbul edir.
Vəssalam.
Mən Salustiano kişinin bu qədər uzun müddət ərzin-
də sağ qalmasının belə sadə formada izah olunmasını
qəbul etməsəm də, inanmaq istəyirəm ki, banan belə po-
tensiala malikdir.
Həm də belə nəhəng potensial təkcə bananda deyil.
Məsələn, Azərbaycanda banan bitmir, amma respublika-
117
mızı uzunömürlülər diyarı sayanlar hələ də var. Və hamı
bilir ki, 1805-ci ildə, Lerik rayonunun Barzavu kəndində
anadan olmuş Şirəli Müslümov 1973-cü ilə qədər, yəni
düz 168 il yaşaya bilib. Doğrudur, elə o vaxtlar da Şirəli
babanın şübhə doğurmayan uğurunu gözü götürməyən-
lər vardı. Və iddia edirdilər ki, guya yoldaş Müslümov
əslində 168 il yaşamayıb, az yaşayıb.
Amma bütün hallarda bu şəxsin təəccüb, maraq, həm
də həsəd yarada biləcək qədər uzun müddət ərzində hə-
yatda olması şübhə doğurmur. Üstəlik, ağsaqqal bunu
çox güman ki, banan adlı nəcib bir meyvənin mövcudlu-
ğundan xəbəri olmadan edib.
Demək, 100 faiz uzunömürlülüyün Salustiano kişinin
bilmədiyi, ya da bilərək bizdən gizlətdiyi sirlər də var.
İndi qalır sirləri açıb çox yaşamaq.
Sirlər açılana qədər gündə bir banan yemək lazımdır.
Yəqin ki, acqarına.
www.avciya.az
17 sentyabr 2013-cü il
118
PEGANUM HARMALA VƏ İNKİŞAF
İnkişaf etməkdən yaxşı heç nə ola bilməz.
Az adam tapıla bilər ki, bununla razılaşmasın.
Sosial şəbəkədə dostluq etdiyim dəyərli insanlardan
biri lap yaxınlarda “Facebook” əhli ilə belə bir status
paylaşıb:
“Hər gün eyni şey. Səhər iş, axşam ev. İnsanın bir hə-
dəfi və planı olmasa tez bir zamanda yorular və işləmək-
dən bezər. Reallıq da bunu göstərir. Çalışın hər gününüz
keçən günə nisbətən daha da inkişafa aparsın sizi.”
Bu statusun layiq görüldüyü “like”ların sayı sübut
edir ki, inkişaf, həm də ola bilsin tayı-bərabəri (“ana-
loq”u) olmayan inkişaf sevdası hamımızda var.
Və əgər bu sevda varsa, inkişafa nail olmaq müm-
kündür...
Azərbaycanın yarımsəhra rayonlarında üzərlik də
bitir. Wikipedia-da (WekeLeaks-də yox ha) bu bitki
haqqında gözəl bir yazı var. Və bu yazıda deyilir ki,
“XVII əsrdə yaşayan Hacı Sülеyman İrəvaniyə görə,
üzərliyi 4 il saxlamaq olar, ondan sonra o, öz müalicəvi
xüsusiyyətini itirir.” Üstəlik, “üzərliyin otu və toxumları
ödqovucu, sidikqovucu təsirə malikdir və cinsi potеnsi-
yanı artırır. O, həmçinin bəlğəmgətirici еffеktə malikdir
və soyuqdеymələrdə faydalıdır. Ondan başqa üzərlik hə-
limi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrı-
larında xеyirldir.”
Əlbəttə, üzərlik daxilə qəbul edilməlidir ki, problem-
lər tam, ya da heç olmasa qismən həllini tapsın. Yeri gəl-
mişkən, sözügedən məqalədə qeyd olunur ki, “həkimlə
119
məsləhətləşmədən onu daxilə qəbul еtmək olmaz – do-
zası artıq olarsa zəhərlənmək təhlükəsi gözlənilir.”
Müasir Azərbaycanda üzərlikdən istifadənin daha
mütərəqqi, gəlirli forması da tapılıb.
İnkişaf etmək (qabağa düşmək?) niyyətli şəxslər fi-
kirləşib tapıblar ki, toy məclislərində xüsusi təlim keç-
miş adamlar içərisində tüstüləyən üzərlik yerləşdirilmiş
qabları qonaqların başları üzərində hərləyib, onları fay-
dalı tüstüyə qonaq etməklə pul qazana bilərlər.
Qonaqlar heç olmasa bu nemətdən yaxa qurtarmaq
naminə üzərlikçini mükafatlandıracaqlar. Həmin şəxs də
nə edəcək? Əlbəttə ki, inkişaf edəcək!
Çalışın sizi üzərlik tüstüsü ilə feyziyab edənləri əli-
boş qaytarmayasınız. Qoy inkişaf etsinlər.
O ki, qaldı yazının başlığındakı söz birləşməsinə,
üzərliyin latınca adıdır. Belə elmi ifadələri yadda saxla-
mağa dəyməz, inkişafımız ləngiyə bilər.
www.avciya.az
29 oktyabr 2013-cü il
120
İXRACAT İMKANLARINI
ARTIRMAQ İMKANI
Sabirabadın Muğangəncəli kənd sakini, 1977-ci il
təvəllüdlü Abıyev Elnur həmkəndlisi, 1982-ci il təvəl-
lüdlü Tariyel İmanovun evinə gələrək ondan 100 qram
narkotik vasitə olan qurudulmuş marixuananı 600 ma-
nata alıb.
Sonra isə Tariyel İmanov polisə zəng edib və deyib
ki, evindən narkotik oğurlanıb. (APA TV)
Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında şad-
yanalıqla izlənilən (ifadə mərasim iştirakçılarından bi-
rinə məxsusdur) toy mərasimi başa çatdıqdan sonra
gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman
gəlinin anası və digər qohumları otağa hücum edib. Gə-
lin bəy otağından çıxmaq istəməsə də, valideynlərinin
təzyiqi ilə otağı tərk edib.
Növbəti gün gəlin bildirib ki, ərə getdiyi oğlanı yox,
dayısı oğlunu sevirmiş. (publika.az)
Bakıda onlarla ağ rəngli “Gelandewagen”in qatıldığı
toy “kortej”inin guya sabiq müdafiə naziri Səfər Əbiye-
vin oğluna məxsus olması ilə bağlı mətbuatda gedən xə-
bərlərdən narazı qalan məclis sahibi, bəyin atası, salyan-
lı iş adamı mediaya açıqlama verib və deyib ki, oğlunun
cəmi 7 minlik “Mersedes”i var. Toy karvanındakı bütün
avtomobillər də bəyin dostlarına məxsusdur.
İş adamı üstəlik bu barədə yazanları Allaha tapşırıb
və deyib: “Mən o xəbərləri oxuyandan sonra sındım, çox
pis təsir etdi mənə”. (Qafqazinfo.az)
Paytaxtda şəhər Dövlət Yol Polisi İdarəsinin əmək-
121
daşları reyd keçirib qadağan olunmuş yerlərdə avto-
mobil saxlayan sürücüləri cərimələyirlərmiş. Dayan-
ma-durmanı qadağan edən nişanın altında dayanmış
maşına da cərimə yazıblar.
Hadisəni şərh edən polis deyib ki, maşının qapısı açıq
imiş. Sürücü isə yol polislərindən gizlin maşina minib
qaçmağa cəhd edib. Polisin ucnoqta.az saytına verdiyi
açıqlama: “Mən onun maşınının qarşısına keçib dedim
ki, cərimə protokolunu götürsün. Sürücü maşina oturub
lezva götürdü və yerə düşüb özünə xəsarət yetirməyə
başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaş-
lar ona mane olub lezvanı əlindən almağa çalışdıqda hə-
min şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı,
qadın da gəlib bizi təhqir etdi”.
Təəccüblü hadisələr haqqında məlumatların planet
üzrə əsas ixracatçısına çevrilmək üçün tarixi fürsət dü-
şüb əlimizə.
Bu fürsətdən yararlanmaq lazımdır məncə.
Nə deyirsiniz?
www.avciya.az
7 noyabr 2013-cü il
122
NYUSMEYKER BALABƏY
Böyük şair Corc Noel Qordon Bayron (1788–
1824) “Çayld Haroldun səyahətləri” poeması işıq üzü
görər-görməz, böyük futbolçu Lionel Messi isə 2006/07
mövsümünün oyunlarından birində, “Real”ın qapısın-
dan dalbadal 3 top keçirəndən, futbol dili ilə desək, xet-
trik edəndən dərhal sonra məşhurlaşıblar.
Azərbaycanda məşhurlaşmaq üçün nə dahiyanə po-
ema yazmaq lazımdır, nə də bir oyunda 3 qol vurmaq.
Azərbaycanda məşhurlaşmaq üçün Balabəy olmaq
kifayətdir.
Balabəyi az qala hamı tanıyır. Və bu şəxs Bayron, ya
da Messi kimi milyonların sevimlisinə çevrilə bilməsə
də, məşhurlaşa bilib. Əminlik hissi ilə deyirəm ki, bu
adamı təkcə doğulub boya-başa çatdığı rayonda deyil,
bütün bölgələrdə tanıyırlar.
Özü də təkcə respublikamızın bölgələrində yox.
Bu şəxsin başına gələnlər haqda məlumatların post-
sovet məkanına səpələnmiş və Azərbaycanda baş verən
əhəmiyyətli, necə deyərlər, taleyüklü məsələlərlə per-
manent olaraq maraqlanan həmyerlilərimizə operativ
şəkildə çatmadığını düşünmək ən azı sadəlövhlük olardı.
Təsəvvür edin, yuxarıda adı çəkilən şəxs, yəni Bala-
bəy son bir neçə gün ərzində düz 3 dəfə diqqəti çəlb edə
bilib.
Əvvəlcə məmləkətimizin dilbər güşələrindən birində
yerləşən şadlıq sarayında baş tutmuş toy məclisində bəy
qismində iştirak etdikdən dərhal sonra gəlinin qaçması
ilə.
123
Hadisədən 3-4 gün sonra verdiyi açıqlama ilə. APA
TV-yə verilmiş açıqlamadan aşağıdakı cümlələr xüsu-
silə yaddaqalan, həm də ibrətamizdir: “ Özümə qız da
tapmışam. Məhərrəmlikdən sonra evlənəcəyik. Bilir-
siniz keçmişi keçmişdə buraxdım. Yeni həyata davam
edirəm.”
Və nəhayət, sözü gedən toydan bir həftə sonra yeni
addımla. Noyabrın 11-də qafqazinfo.az Balabəyin “heç
nəyə baxmayaraq” yenidən evlənmək üçün qız qaçırma-
sı ilə bağlı məlumat yayıb.
Elə həmin xəbərdə Balabəyin ailə üzvlərinin “polis
şöbəsinə müraciət edərək bu biabırçılığa son qoyulma-
sı üçün araşdırma aparılmasını və onlara dəyən maddi
ziyanın ödənilməsini tələb edəcəkləri” bildirildi. Bala-
bəyin yaxınları toy məclisinin keçirilməsi, qızıl-zinət
və geyim əşyalarının alınması üçün xərclədikləri 8 min
manat pulun verilməsini, sonra isə qızın ailəsinin bəy
evindən cehizlərin aparılmasını istədiklərini deyiblər.
Buna deyərlər nyusmeykerlik.
Özü də ən yüksək dünya standartlarına müvafiq tərz-
də.
www.avciya.az
12 noyabr 2013-cü il
124
AA
Bir neçə il bundan qabaq məlum oldu ki, bu dünyada
atipik, yəni tipik olmayan pnevmoniya da varmış. Üstə-
lik, bu tipik olmayan pnevmoniya adi, tipik pnevmoni-
yaya baxanda daha əziyyətli xəstəlik imiş...
Mənə elə gəlir ki, hər bir tipik sayıla biləcək azər-
baycanlı atipik olmağa, yəni atipik azərbaycanlıya (AA)
çevrilməyə cəhd etsə, bu həmin şəxsin iqtisadi səciyyəli
problemlərini xeyli azalda bilər. Bu isə, Tarif Şurasının
vaxtında verilmiş, əslində isə ola bilsin bir qədər gecik-
miş, humanist və düşünülmüş, müdrik, tarixi, əlamətdar,
yaddaqalan qərarından sonra yerinə düşməyə bilməz.
Beləliklə, tipik sayıla biləcək azərbaycanlı atipik ol-
maq istəyirsə hökmən müəyyən addımlar atmalıdır. Və
bu addımlardan ən mühümü əlbəttə ki, həmin şəxsin
nəqliyyat vasitəsi ilə bağlı olmalıdır.
Şirinliyi ilə seçilməyən təcrübə göstərir ki, tipik sa-
yılmağa haqqı çatan azərbaycanlı hökmən şəxsi nəqliy-
yat vasitəsi almağa çalışır, buna nail olmayanda ruhdan
düşür, kədərlənir, hətta az qalır pnevmoniyaya düçar ol-
sun. Maşın alıb Mustafa Sandalın illər öncə həvəslə oxu-
duğu mahnının (yəni şarkının) qəhrəmanına çevriləndə
isə, elə-belə araba (yəni avtomobil) sahibi olmaq istə-
mir. İstəyir ki, maşını yepyekə olsun. Piyadaların Döyüş
Maşınından yalnız müqayisəyəgəlməz komfortu ilə se-
çilsin. Və sadalananların məntiqi nəticəsi olaraq, həmin
maşının benzini su kimi içməsi, hətta udması ilə barışır.
Atipik azərbaycanlı olmaq istəyən şəxs kiçiklitrajlı,
hərbi texnika ilə bəhsə girmək iqtidarında olmayan av-
125
tomobil almalıdır. Əlbəttə, yuxarıda yetərincə vəsf edil-
miş qərardan sonra maşın almaq hələ də aktual sayıla
bilərsə...
Bir güllə bahar olmur. Və ən yığcam avtomobil belə
həyati vacib qənaət məsələsində bütün problemləri çözə
bilməz. Odur ki, atipik azərbaycanlı olmaq qərarından
dönmək istəməyən şəxs hökmən öz ad gününü, toyunun
növbəti ildönümünü, övladlarının xeyir işini və eyni
dərəcədə əhəmiyyətli sayılacaq digər şadyanalıq məra-
simlərini mötədil qaydada (oxu: az xərclə) keçirməlidir.
Atipik azərbaycanlı mənzilinin təmir məsələsində də
tipik azərbaycanlının istifadə etdiyi müasir inşaat ma-
teriallarından, ən əsası isə son texnologiyalardan uzaq
qaçmalıdır.
Bu siyahını atipik azərbaycanlı, yəni AA olmağa qə-
rar vermiş adamlar özləri uzada bilərlər.
www.avciya.az
5 dekabr 2013-cü il
126
ERMƏNİ DİLLİ AZƏRBAYCAN KİTABI
HAQQINDA YAZI
Şamaxının millət vəkili, Avronest Parlament Assamb-
leyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri
Elxan Süleymanovun 2012-ci ildə “Milli Məclis” jurnalı-
na verdiyi müsahibədən aşağıdakı iqtibasa diqqət yetirək.
“Avronest PA-nın Bakı sessiyası ərəfəsində Heydər Əli-
yev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org)
nəfis tərtibatda “Tarixi Azərbaycan dövlətləri” kitabını
nəşr etdi. Kitab Azərbaycan və ingilis dilləri ilə yanaşı, er-
məni, gürcü, moldav və Ukrayna dillərində də nəşr edildi.
Kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş
dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların
əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilib.
Təvazökarlıqdan kənar səslənə bilər, amma demə-
liyəm ki, bu nəşrin ideya müəllifi mənəm. Kitab əslində
mötəbər qurumda təmsil olunan Şərq tərəfdaşlığı ölkələ-
rinin qanunvericilərinə tariximiz haqda məlumat vermək
məqsədilə nəşr edilib. Bu isə heç kimi, o cümlədən Er-
mənistan nümayəndələrini narahat etməməli idi. Amma
artıq aprelin 2-dən müxtəlif erməni saytlarında bu kitaba
onun yaradıcı heyətinə qarşı hücumlar başladı. Mən bu
saytlarda Ümummilli liderimizin zəngin irsini öyrənmək
və təbliğ etmək kimi son dərəcə gərəkli missiyanı həyata
keçirən Mərkəzin və “Tarixi Azərbaycan dövlətləri” ki-
tabının yaradıcı heyətinin ünvanına yazılan cəfəng fikir-
lər barədə danışmaq istəməzdim. Amma fakt faktlığında
qalır. Ermənistan qanunvericiləri aprelin 2-də Bakıya gə-
lirlər və onlara bu nəşr təqdim edilir. Elə 2 apreldə də çe-
127
şidli erməni saytlarında Nikolay Melkumov adlı müəllifin
şərhləri yerləşdirilməyə başlayır. Şərhə ehtiyac varmı?”
Melkumovkimilərin erməni əsatirlərini çirkə çıxaran
həqiqətlərə dözümsüz yanaşması və bunların xüsusi ope-
rativlik nümayiş etdirmə imkanlarının genişliyi şübhə do-
ğurmur. Üstəlik, elə bu “mütəxəssis”lər ardıcıl fəaliyyət
göstərirlər. Məsələn, elə həmin “Tarixi Azərbaycan döv-
lətləri” kitabı haqqında, kitab işıq üzü gördükdən il yarım
sonra (!), 2013-cü ilin oktyabrında Ermənistanın “Yerkir”
nəşri “Diaqnoz” adlı bir yazı dərc edir. Bu yazıda da Av-
ronest Parlament Assambleyasının 2012-ci ilin aprelində
keçirilmiş İkinci Növbəti Sessiyası zamanı Melkumovun
sərsəmləmələri təkrarlanır…
Bax belə. Ermənilik erməni dilində Azərbaycan kita-
bını həzm edə biləcək gücə malik deyil. Nə etməli oldu-
ğumuz bəllidir, deyilmi?
Və sonda. Erməni “tarixçi”lərinin yuxusunu ərşə
çəkən “Tarixi Azərbaycan dövlətləri” kitabı ötən il
Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyinə həsr etdiyi Birinci Ümumrespublika
“Kitab sənəti” müsabiqəsinin xüsusi diplomuna layiq
görülüb.
www.1905.az
23 may 2014-cü il
128
8.8.8 və …
12-ci ilin 21 fevralında Canik Fayziyevin çəkdiyi
“Səkkizincinin avqustu” filmi Rusiya ekranlarına çıxdı.
Növbəti 23 fevral bayramı ərəfəsində belə bir film kassa
uğuru qazana bilərdi. Ən azı rus silahının növbəti qələ-
bəsi ilə nəticələnmiş 5 günlük Rusiya-Gürcüstan müha-
ribəsindən bəhs etdiyinə görə…
Fayziyevin filmi kassa uğuru qazana bilmədi. 20 mil-
yon dollara başa gəlmiş filmin prokatı xərclənən vəsaitin
yalnız yarısını qaytarıb.
O ki, qaldı 8-ci ilin 8-ci ayının 8-ci günündə başlan-
mış müharibədən sonrakı mərhələdə Abxaziya və Cənu-
bi Osetiyanın payına düşən uğurlara, burada da vəziyyət
ürəkaçan deyil.
Bu iki “respublika”nı hələlik yalnız Rusiya, Nika-
raqua, Venesuela və Nauru Respublikası (!) tanıyıb.
Hər iki “dövlət”in “iqtisadiyyat”ı Rusiyanın sayəsin-
də mövcuddur. Cari təqvim ilinin əvvəllərində Dmitri
Medvedev 2014-cü ildən etibarən 3 il ərzində Moskva-
nın Abxaziyaya və Cənubi Osetiyaya ümumilikdə 6 mil-
yard rubl ayıracağı ilə bağlı sənədə imza atıb.
Biz sözlə, bu “respublika”lar nə siyasi çəkiyə malik
deyillər, nə də iqtisadi. Necə deyərlər, gəlir-filan yoxdur.
Olan gəlir də təqribən belə olur. Məsələn, 2013-cü ildə
Cənubi Osetiyanın büdcəsində 4,7 milyard rublluq gəlir
nəzərdə tutulurmuş. Elə həmin il, Rusiya bu tanınmayan
təsərrüfata 4,2 milyard pul xərcləməli olub…
Siyasi və iqtisadi potensialı sıfır həndəvərində var-
gəl edən bu qondarma respublikalar Rusiyanın nəyinə
129
lazımdır axı? Və yaxud, “bəs yaxşı, Məşədi İbadın nəyi
və harası Rüstəm bəyə xoş gəlib ki, əziz qızı, madmazel
Gülnazı ona ərə verir?”
Bu suala cavab tapmaq elə də çətin deyil.
İyun ayının sonlarında Cənubi Osetiya “Donetsk
Xalq Respublikası”nı tanıyıb. Özü də bu məsələ ilə bağ-
lı qərar “respublika”nın “Təhlükəsizlik Şurası” adlandı-
rılan qurumunda müzakirələrdən sonra verilib.
Görünən budur ki, düz 6 il bundan əvvəl başlanmış
5 günlük müharibədən sonra, cin şüşədən çıxıb. Bu cini
yenidən tutub zərərsizləşdirmək və şüşədəki yerinə qay-
tarmaq vaxt alacaq.
Amma, müvafiq təhlükəsizlik tədbirlərimiz preventiv
olaraq həyata keçirilməlidir.
İnanıram ki, elə keçirilir də.
www.1905.az
8 avqust 2014-cü il
130
Поделитесь с Вашими друзьями: |