“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
40
zabitlərindən biri onun qabağını kəsib təzim edərək, saat, səkkizi yox, dördə beş dəqiqə işlədiyini
göstərdiyi barədə hesabat verəndə, o, zabitin qulağının dibinə yağlı şillə ilişdirib, səsi bütün
ölkəni başına götürə-götürə: «Saat səkkizdir, lənət şeytana! Səkkizdir!» - deyib çığırdı.
Günorta saat üçdə anası Bendisyon Alvaradonun gözdəniraq malikanəsinə gələndə və anası onun
halını görüb təəccüb içində: «Sənə nolub? Səni əqrəb vurub? Ürəyini niyə tutmusan?» - deyə
soruşanda o, dinməz-söyləməz kresloya çökdü, əlini sinəsinin üstündən götürmək istədisə də,
nəyisə xatırlayıb yenidən ürəyinin üstə qoydu. Bendisyon Alvarado, quşları rənglədiyi fırçanı
oğluna tərəf uzadıb, bir az da təəccüblə: «Bu nədi belə, elə bil sən doğrudan-doğruya Müqəddəs
Ruhun Elçisinə çevrilirsən… gözlərin, ürəyinin üstə qoyduğun əlin, hər bir şey onu xatırladır.» –
dedi.
O, əlini sinəsindən çəkib ayağa qalxdı, qapını çırpıb çıxdı, ürəyində anasını söyə-söyə saraya
qayıtdı, əllərini cibinə soxub əsəbi addımlarla mərtəbələr boyu gəzişdi. Gəzişəə-gəzişə
pəncərələrdən görünən çölə, yağışın şüşələr boyu açdığı kədərli şırımlara, gümüşü kağızdan
düzəldilmiş ulduzlara, pəncərələrin o biri üzündən - çöl tərəfdən şüşələrinə yapışdırılan,
günortanın üçünü axşamın səkkizinə oxşadan latun aylara baxdı. Saray qarovulunun yaş paltarlı
əsgərlərinə, kədərli dənizə və yağışa nəzər saldı. Yağışa... yağışa... o yağışa ki, onun hər damlası
Manuela Sançes idi… əlçatmaz Manuela Sançes… onunku olmayan Manuela Sançes. Başdan
ayağa onun olan bu şəhərdə yaşaya-yaşaya, onunku olmayan Manuela. Saray boyu dolaşdıqca,
kimsəsiz otaqların ürəküzən xofu onu qarabaqara izləyir, getdikcə çıxılmaz tənhalığa, bir neçə
uzaq, ala-toran günlərin tənhalığına, Manuela Sançessiz daha bir gecənin tənhalığına çevrilirdi.
«Lənət şeytana, - o, içini çəkdi – bu nə olan işdi?.. İçim elə sızlayır, elə bil ordan nəyisə çəkib
çıxarıblar…» Beləcə fikirləşib öz vəziyyətindən elə bil utandı, ürəyinə tərəf uzanan əli şalvarının
içinə süründü... yağışın səsi altında mürgüləyən yumurtalığının üstünə qondu. Yumurtalığı
həmişəki vəziyyətində idi, yenə əvvəlki şişmanlığında və ağırlığındaydı... Ağrısı da həmin
ağrıydı, yenə həmin əbədi zoqqultusuyla altdan-altdan, aramla zoqquldamağındaydı... Amma bu
dəfəki ağrı niyəsə daha dözülməz idi… elə bil ovcundakı, yumurtalığı yox, ürəyiydi… dumduru,
çılpaq ürəyi... Bu məqam o, nə vaxtsa bir çoxlarından eşitdiyi sözlərin həqiqətini anladı: «Ürək
üçüncü yumurtalıqdı, mənim generalım!» Ürpənib pəncərənin qabağından çəkildi, qəbul otağı
boyu var-gəl eləyə-eləyə, halsızlığından, bu çıxılmazlıq dolu əlacsızlıq durumundan bezə-bezə,
ürəyinin başına balıq tıxı ilişibmiş kimi, boğula-boğula dövlət şurasının iclasına yollandı, orda
bir kənarda oturub, həmişəki kimi heç nə eşitməyə-eşitməyə, heç nə anlamaya-anlamaya, az qala
mürgüləyə-mürgüləyə maliyyə vəziyyəti barədə darıxdırıcı məruzəyə qulaq asırdı ki, qəfildən elə
bil iclas zalının havasında nə isə dəyişdi, nə isə qırılıb havadan asıldı, maliyyə naziri sözünü
kəsib gözünü prezidentə zillədi, yerdə qalanlar da çönüb, ortasından qabarıb onu az qala iki yerə
bölən qəfil ağrıdan ürəyi gedəcəkmiş kimi qovrulan prezidentə baxdılar. O özü də özünü
kənardan – uzun-uzadı stolun başında, öz tənha stulunda köməksiz üzüylə, prezidentə layiq
olmayan saralmış bəniziylə oturan gördü… Ürəyini tutdu... Həyatı, səhiyyə nazirinin, zərgər
gözü kimi iti gözləri qarşısında şam kimi əriyib gedirdi...
Əziz həmyerlisi, elə bil onun içini cib saatının zəncirini əlinin içində oynada-oynada, dinməz-
söyləməz seyr eləyirdi. «Ola bilsin ki, ürəyi sancdı…» - kimsə ehtiyatla dillənəndə, o, artıq
hikkəsindən ağırlaşıb daşa dönmüş əlini sinəsindən çəkib stolun üstünə qoymuşdu, rəngi özünə
qayıtmışdı. Hökmranlığını bir daha təsdiq eləyən iynəli sözləriylə elə bil hamını güllələdi: «Siz
istəyərdiniz sancsın, hə, heyvərələr!.. Hə, nədi, diliniz qarnınıza girdi?.. Di davam eləyin!» Onlar
da özləri öz dediklərini eşitməyə-eşitməyə, hər biri onun acığını, nəyə hirsləndiyini yaxşı anlaya-
anlaya iclası davam etdirdilər, pıçhapıç salıb, ehtiyatla barmaqlarını ona sarı uzada-uzada: «Siz
bir ona baxın! O qədər əsəbidi ki, ürəyini tutub. Görən nə olub? Çırtma vursan, qanı çıxar.» Bir
qədər sonra isə sarayada söz-söhbət gəzdi ki, guya prezident səhiyyə nazirini təcili surətdə
yanına çağırtdırıb, nazir də gəlib görüb ki, o, stolun üstünə qoyduğu sağ əlinə baxır, əli də kündə
kimi köpüşüb. Deyirlər, prezident səhiyyə nazirinə əmr edib ki, sağ əlini kəssin, çünki ona mane
olur, yaşamağa qoymur, lazım olmayan yerlərə uzanır. Lakin deyirlər, səhiyyə naziri buna qəti
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
41
etiraz eləyib və bildirib ki, başına güllə çaxsalar belə, bunu eləməz. «Səmimi sözümdü, mənim
generalım, sizin əlinizi kəsməyə mənim haqqım yoxdur, ona görə ki, mən bütün varlığımla sizin
bircə əlinizə dəymərəm».
Bu əhvalat, onun səhhəti bardə gəzən şayələr, digər şayələrə qarışıb, az qala, hər küçədə, hər
tində danışılır, getdikcə, tüstü kimi, duman kimi şəhərin canına hopur, o isə elə hey fermada, öz
əlləriylə süd sağır, sağa-sağa Manuela Sançesli, onun qızıl gülü rəngli sabahın açıldığını hiss
edirdi. Hər şey büsbütün Manuel Sançesə oxşayırdı… Odu ki, o, qızılgül kollarının arasında
yatan bütün yara-xoralıları qovdurmağı əmr etdi ki, güllər bu xəstələrin iyini tutmasın, Manuela
Sançesin gülünün iyi korlanmasın. Sarayın ən kimsəsiz künc-bucaqlarını axtarırdı ki, orda heç
kim onun ağzının içində oxuduğu: «Səninlə ilk valsı oynadım ki, məni unutmayasan, ey mənim
kraliçam! Bil ki, unutsan məni, ölüm olacaq cəzan!» mahnını eşitməsin. Bir qədər sonra isə
həmin bu mahnını içində əridə-əridə, canına dolan iztirablarını bir az yüngülləşdirmək üçün
özünü qadın hərəmxanasına salıb, həmişəki səbrsiz xoruz rolundan çıxaraq, daha əvvəlki
tələskənliyə yol vermədən, uzun-uzadı aramlı həzzlər verib ala-ala, qadınları heyrətləndirdi.
Qadınlarsa qaranlıqda xoşbəxt-xoşbəxt qaqqıldayıb, qaynar nəfəsləriylə: «Özünüzü əldən
salırsız, mənim generalım, özü də bu yaşda!» - deyə pıçıldayırdılar. Lakin o, gözəl bilirdi ki,
bütün bunlar özünü aldatmaqdan savayı ayrı bir şey deyil və olacağa çarə yoxdur, o gün əvvəl-
axır gəlib çıxacaq və o, Manuela Sançesin ayağına gedəsi olacaq, dünyanın bütün müqqədəsliyi
naminə and verib onun sevgisini dilənəcək… Manuela Sançesin, İt Döyüşü Məhəlləsinin
göbəyində yerləşən zibilliklərin arasında bitmiş qəddar sarayına yollanacaq, onu orda səbrlə
axtaracaq… O ora, ən bürkülü günlərin birində - saat ikiini ötəndən sonra, adi geyimdə,
qarovulsuz-filansız, adi maşında yollanacaq, bir müddət, siestanın ölüm rəngli saatlarında
şəhərin kimsəsiz küçələriylə dolaşa-dolaşa gəzəcək.
O, dükanlarla dolu küçələrdən ötüb keçəndən sonra öz sonunu - Manuela Sançesin böyük
dənizini gördü… üfüqdə ağaran tənha quşu, birbaşa Manuela Sançesin evinə aparıb çıxaran
sınıq-salxaq tramvayları gördü və elə həmin dəqiqə, bu sınıq-salxaq tramvayları yeniləri ilə -
tutqun şüşəli, sapsarı tramvaylarla əvəz etməyi, vaqonların hər birində Manuela Sançes üçün
ayrıca məxmər üzlü oturacaq qoydurmağı əmr elədi. Manuela Sançesin, istirahət günlərini
keçirdiyi çılpaq çimərlikləri gördü və ora soyunacaqlar qoymağı əmr elədi. Əmr elədi ki, hava
haqqında məlumat verən dirəyə bayraq assınlar ki, çimməyin mümkün olub-olmadığı bilinsin və
nəhayət Manuela Sançesin ayrıca çimməsi üçün çimərliyin bir hissəsi hasara alınsın. O, dəniz
sahili boyu uzanan mərmər meydançalara, onun mərhəməti sayəsində varlanan on dörd ailənin
imarətlərinə, kimsəsiz hovuzlara nəzər saldı. Ən çox da, dağın üstündə ucalan imarət nəzərini
cəlb elədi.
Bu, həyəti fəvvarələrlə bəzədilmiş ən böyük imarət idi. Odu ki, özündən asılı olmadan,
həyəcanla: «İstəyirəm bu imarətdə sən yaşayasan! Məni hər axşam burda gözləyəsən!» - deyə
qışqırdı. Və əlbəttə ki, elə o dəqiqə də malikanə boşaldılıb Manuela Sançesə verildi… O, bu
fikirlərlə maşınının arxa oturacağında otura-otura xəyala dalır, öz arzularıyla aləmi bir-birinə
qatıb-qarışdırır, dünyanı istədiyi kimi dəyişirdi. Lakin, çox keçmədi ki, maşın sahili ötüb keçdi,
dənizin ecazkar nəfəsi sovuşub arxada qaldı və İt Döyüşü məhəlləsinin cəhənnəm uğultusu
maşına doldu. Məhəllənin müdhiş mənzərəsindən qorxub öz-özünə: «Anacan, Bendisyon
Alvarado, sən bir gör, oğlun hara gəlib girib!?... Məni xilas elə!» Lakin bu hay-həşirin içində heç
kim onun qəmli gözlərinə, nazik dodaqlarına, yorğun sinəsinin üstə yatan koppuş əlinə məhəl
qoymadı, heç kim ağ kətan kostyumlu, sadə kepkalı qədim qocanın səsini eşitmədi, başını
maşının pəncərəsindən çıxarıb: «Mənim Manuela Sançesim, dilənçilər kraliçası, əlində qızılgül
tutan senyora, harda yaşayır?» - soruşan baba heç kimi maraqlandırmadı. O, Manuela Sançesin
harda yaşadığı barədə soraqlaşa-soraqlaşa özü-özünə: «Sən burda, bu ətürpədən uğultunun içində
- ağzından qan daman, gözündən cin çıxan bu quduz itlərin arasında necə yaşaya bilirsən, bu
müsibətin, bu bataqlığın içində - ölüncə didilib tökülən itlərin quyruqlarını dallarına qısıb ulaya-
ulaya yaralarnı yaladığı bu eybəcər yerdə, iylənmiş gölməçələrin, qəlyanaltıxanalardan dəstə-
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
42
dəstə küçəyə atılan sərxoşların çığırtıları arasında sənin şirin, səhləb çiçəyi qoxuyan nəfəsini
necə hiss edim, necə, sənin atana lənət!.. Axı necə, ay mənim əzabım?! Səni, bu əvvəli axırı
bilinməyən maranquanqo və burundanqo, qordolobo və manta-de-banderaların* içində necə
tapım?.. Bu Qara Adam və Xuansito Trukupeyanın** yuxuyabənzər cənnətində - tünd
bənövşəyiyə çalan çatlar dolu pəncərəli, tutuquşu rəngində rənglənmiş şüşəli, göy çərçivəli, yaşıl
evlərin arasında necə tapım?.. Əlində qızılgülün tabaq kimi açıla-açıla dayandığın evini necə
tapım?.. Bu dəqiqə bu cəhənnəmin içində, görən, sənin saatın neçəni göstərir?.. Görən, sənin
saatın günortanın üçünü, yoxsa dünən axşamın səkkizini göstərir?.. Nərçənd ki, bu cəhənnəmin
içində gecəylə gündüzü qarışıq salmaq mümkün deyil… Səni bu evlərin arasında, boş otaqlar
boyu yanlarını burcuda-burcuda gəzib buludların istisini soyudan arvadların arasında necə
tanımaq olar axı?..» – deyə fikirləşirdi.
Belə fikirləşə-fikirləşə, açıq pəncərədən çölə boylana-boylana: «Mənim kədərim Manuela
Sançes, paltarı brilyant köpüyünə bənzəyən, başında qızıl cıqqa olan Manuela Sançes harda
yaşayır?» - deyə soruşdu. Və nəhayət bu cəhənnəm uğultusunun içində kimsə onu eşitdi və: «Hə-
ə, bildim kimi deyirsiniz! O, belə dalı yekəni deyirsiz, özündən də elə razıdı, elə bil arşın udub.
O orda yaşayır, senyor, bax, o evdə!» - dedi.
Bu adi, ucuz rənglərlə rənglənmiş, kandarı it nəcisiylə dolu bir ev idi... Baxan kimi bilinirdi ki,
kimsə evə girəndə ayağı qapının ağzındakı nəcisin içində sürüşüb. Bu ev, görüş vaxtı şah
kreslosunda oturan Manuela Sançesin görünüşünə qətiyyən uyuşmurdusa da, onun ocağı idi.
«Anam mənim, Bendisyon Alvarado, mənə güc ver ki, bu qapıdan içəri girə bilim!..» İçəri
girməmişdən əvvəl o, bütün məhəlləni azı on dəfə hərləndi, sonra nəfəsini dərib qapını üç dəfə,
üç yalvarışa bənzər tıqqıltıyla tıqqıldatdı, sonra elə qapının ağzındaca - günün istisindən alışıb-
yanan kölgəlikdə dayanıb gözlədi və bu üfunətli iyin hardan gəldiyini bir müddət anlamadı.
Yoxsa bu eybəcər iyi, havanın bürküsü əmələ gətirmişdi, ya da ola bilər, havanı o özü,
həyəcandan qarnına düşən ağrıdan korlamışdı?.. Nəhayət ki, qapını Manuela Sançesin anası açdı
və onu içəri – ağırlaşmış balıq iyi verən geniş, sərin zala keçirib, qızını oyatmağa getdi. O da
oturub, bu miskin zalı - yağışın isladıb qaraltdığı divarları, içi çökmüş divanı, oturacağı deşik
kətilləri, dilləri qopmuş pianinonu gözdən keçirdi. Zalda daha heç nə yox idi. – «Heç nə, lənət
şeytana, mənsə bu miskinliyi görmək üçün bu qədər əziyyət çəkmişəm?!..» Çox keçmədi ki,
Manuel Sançesin anası, əlində zənbiltoxuyan qıyıq zala qayıdıb kətillərin birinə oturdu və qızı o
biri evdə geyinib, baş-gözünü darayanacan, qəfil qonağın gözünə yaxşı görünmək üçün ən yaxşı
çəkmələrini axtaranacan, başını aşağı salıb toxumağa başladı. O isə həyəcanını güclə içində
boğa-boğa, dodaqaltı: «Hardasan, ey mənim əzabım, ağrım Manuela Sançes, səni görə bilmirəm,
sənin, səhləb çiçəyi ətri qoxuyan nəfəsini eşitmirəm, bunların əvəzinə, yemək qalıqlarının
üfunətlərini duyuram… Axı sən hardasan… qızılgülün hardadır, hanı sənin məhəbbətin… gəl,
gəl, qurtar məni bu it əzabından!» - deyə donquldanırdı. O, beləcə, içini çəkə-çəkə öz-özünə
danışırdı ki, birdən içəri otağın qapısında Manuela Sançes göründü: onun təsəvvür elədiyi kimi -
yuxularında, sayıqlamalarında gördüyü kimi, həm də bir az ayrı cür – yuxunun güzgüdə görünən
əksi kimi: ucuz çit paltarda, köhnə ayaqqabılarda, saçları necə gəldi, boynunun ardında daraqla
yığılmış, amma yenə də dünyanın ən gözəl və ən qürurlu qadını kimi, əlində alışıb-yanan
qızılgülüylə…
Bu, elə bir ecazkar mənzərəydi ki, o, ayağa qalxıb, qızın, başını yüngülvari tərpədərək, ağızucu
salamlaşmağına cavab olaraq, baş əyməyə özündə zorla güc tapdı. Qız şahənə bir səslə: «Allah
sizə yar olsun, əla həzrətləri!» - dedi, sonra barmaqlarının arasındakı qızılgülü alışıb yana-yana,
divanın bir kənarında əyləşdi, iti baxışını qonağın gözünün içinə zillədi.
«…Mən, onun yarasa dodaqlarını, suda boğulmuş meyitin suyun içindən baxan donuq gözlərinə
bənzər gözlərini gördüm… tüksüz dərisini, torpaq rənginə çalan qırışlı üzünü, dərisi bir qədər
tarıma çəkilmiş əllərini gördüm. O, sağ əlini dizi üstə qoymuşdu, odu ki, barmağındakı prezident
möhürlü üzük yaxşı görünürdü… ağ, kətan kostyumu əynindən, asılqana keçirilibmiş kimi
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
43
asılmışdı, çəkmələri ayağına yekəydi… belə çəkmələri adətən ölülərə geydirirlər, senyor! Mən
onun gizli fikirlərini oxuyurdum, əfsanəvi hakimiyyət gücünü – Yer üzünün ən qədim, bütün
qəddarlıqlarından qəddar, cümlə məmləkətin nifrətini qazanmış, qocalığı, bir kəsin ürəyini zərrə
qədər belə olsun ağrıtmayan, halına acınmayan bu ahıl insanın hökmranlıq gücünü duyurdum…
o isə kepkasını əlinin içində hərlədə-hərlədə susub danışmır, elə bil mənə hardansa, dünyanın o
biri üzündən baxırdı. İlahi, bu nə qaradinməz adamdı!» - qorxu içində fikirləşirdim, özüm isə
soyuq bir səslə: «Qulluğunuzdayam, əla həzrətləri.» - dedim. O isə mənim bu sözümə təntənəli
bir həyəcanla: «Mən elə-belə gəldim, kraliça! Elə-belə!..» - deyə cavab verdi.
Bu görüş ona rahatlıq gətirmədi. Və o, Manuelanın evini hər gün - siestanın ölgün saatlarında,
günün ən isti vaxtlarında, adəti üzrə anasının yanına getdiyi saatlarda ziyarət eləməyə başladı.
Manuela Sançesin yanına getmək üçün, o, qəsdən məhz bu saatları seçmişdi ki, hara getdiyindən
mili təhlükəsizlik komitəsi xəbər tuta bilməsin, qoy onlar elə bilsinlər ki, həmin saatlar o,
qayanın başındakı malikanədə - anasının yanındadı. Lakin o, bilmirdi ki, ondan başqa bütün
aləmə məlum idi ki, general Rodriqo de Aqiların əsgərləri onu, damlarla sürünə-sürünə müşayiət
edirlər, qəsdən küçələrdə qalmaqal salıb aləmi bir-birinə qatıb-qarışdırır, sonra güllə-baranla
bütün bu hay-küyü yatırdırlar ki, onun keçib gedəcəyi küçələrdə hərəkət dayansın. Rodriqo de
Aqiların gizli əmrinə görə onun keçib gedəcəyi bütün küçələr saat ikidən beşəcən bomboş
olmalıydı, əsgərlər, bu saatlarda öz evlərinin balkonuna çıxanları belə xəbərdarlıqsız güllələmək
barədə əmr almışdılar. Lakin ən təcrübəsiz adamlar belə, küçələrdə, bər-bəzəksiz sadə maşın
cildində peyda olan prezident limuzinini nəzərlərindən qaçırmamışdılar, maşının içində ağappaq
kətan kostyumda əyləşən kəmhövsələ qocanı, onun, gizli hüznlə göz yaşı axan avazımış üzünü,
«ürəyi» tutanda, kim nə deyirsə desin, daha heç nəyi vecinə almayan qocanı görmüşdülər. Onun
vücudu başdan-ayağa bir şey deyirdi: o öz qəlbinə hakim deyil və bu dəqiqə, günün bu qızmar
saatında – havanın, ərinmiş şüşəyə bənzədiyi bir məqam, bu kimsəsiz küçələrlə, başı kəsilməyə
aparılan qurbanlıq qoyunla onun heç bir fərqi yoxdu. Onun bu qəribə və naməlum halsızlığı
barədə söz-söhbətlər, tədricən onun, siesta saatlarını anası Bendisyon Alvaradonun evində yox,
Manuela Sançesin sakit komasında - evin gizli bir guşəsində - Manuelanın, qızını bircə an belə
olsun qocayla təkbətək buraxmadan, yorulmaq bilmədən şəbəkə toxuya-toxuya, həm də necəsə,
gözə görünməyən anasının iti baxışları altında keçirdiyi barədə şaiyələrlə əvəz olunurdu.
Manuelanın anasını da başa düşmək olardı. Axı qoca, onun qızı üçün bu qədər pul tökürdü -
cürbəcür bahalı oyuncaqlar, əndirəbadi maşınlar alır, qızı, maqnetizmin sirlərinə yiyələndirməyə
çalışır, ona, dağ büllurundan pres-papye, cürbəcür astronomik, tibbi cihazlar, manometrlər,
metronomlar bağışlayırdı?!.. Bu cihazları o, harda görsə alır, anasının deyintisini qulaqardına
vurub öz simicliyini unudur, pullarını zibil kimi səpələyirdi.
O, dərin vətənpərvərlik hissiylə Manuela Sançesin qulağına, içindən dəniz səsi əvəzinə, hərbi
marşlar eşidilən balıqqulağı qoymağı özünə xöşbəxtlik sanırdı… kibriti yandıraraq, divar
termometrinin altına tuturdu ki, Manuela Sançes, civənin min bir çətinliklə yerindən oynayıb
yuxarı dırmandığını öz gözləriylə görsün.
O, Manueladan heç nə istəmirdi, Manuelaya, öz niyyətini bildirmədən, dinməz-söyləməz baxır,
qızı ağlasığmaz hədiyyələrə qərq edir, sözlə deyə bilmədiyini hədiyyələrlə deməyə çalışırdı. Axı,
o, bütün arzularını da beləcə, görünən, ələ gələn, konkret maddi nəticəylə həyata keçirməyə
alışmışdı. Və günlərin bir günü - Manuela Sançesin anadan olan günü, o, ona pəncərəni açmağı,
pəncərədən görünənlərə baxmağı təklif elədi ki, qızın könlü pərvazlansın.
«…Mən pəncərəni açdım, senyor və dəhşətdən yerimdəcə donuxub qaldım… Bunlar, mənim
zavallı İt Döyüşü məhəlləmi nə günə qoymuşdular?!.. Mən, tələm-tələsikliklə tikilib əhənglə
ağardılmış taxta evləri, fəvvarələri hərlənən sintetik gölməçələri, yalançı tovuz quşlarını,
tüstüdən düzəldilmiş süni buludları gördüm, senyor… siz bir təsəvvür edin...» Bu, nə vaxtsa
dəniz donanmasının zabitləri üçün tikilmiş miskin əyalət mərkəzini andıran əcayib bir yer idi...
Bütün bu işlər gecələr - hamı yatandan sonra, gizlincə görülmüşdü: səs-küy olmasın deyə,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
44
məhəllənin it-pişiyi bircə-bircə güllələnir, yerli camaat evlərindən çıxarılıb hansısa ayrı
xarabalıqlara köçürülür, yerdə qalanları sökü, yerinə tamamilə ayrı tikililər quraşdırılır, bir sözlə,
tamamilə yeni bir kvartal - Manuela Sançesin kvartalı salınırdı. Bu kvartalı Manuela, anadan
olduğu gün, evinin pəncərəsindən görməliydi. – «Budur, kraliça, bax və xöşbəxt ol!» Bu, bir növ
qızı hökmdarlıq zirvəsinin möhtəşəmliyindən heyrətləndirmək, hakimiyyətin hüdudsuz
imkanlarıyla şirnikləndirmək, onun, çox incə, incə olduğu qədər də qəddar alınmazlığını
laxlatmaq cəhdi idi. «Xahiş edirəm, mənə bu cür sıxılmayın, əla həzrətləri! Axı, anam
burdadı?!..» O, Manuelanın anasıyla – qızının namusunu qoruyan qarovulçuyla hesablaşmaya
bilmirdi, odu ki, ehtirasını boğa-boğa, hirsini-acığını bir təhər uda-uda qalır, Manuela Sançes isə
xəfif təbəssümlə gülümsəyərək, ona, qvanabano ağacının meyvə şirəsi qatılmış soyuq su gətirir,
o, suyu, qocasayağı aramlıqla - xırda qurtumla, gicgahında lükküldəyən soyuq ağrıya səbrlə
dözə-dözə içirdi ki, Allah eləməmiş, birdən Manuela bunu, onun qocalıq əlaməti kimi qəbul edər
və onu, elə beləcə - xəstə, zavallı bir qocanı sevən tək sevər. Manuela Sançesin yanında elə bil o,
bir az da tənhalaşır, bütün vücuduyla aramla tənhalıq bataqlığına qərq olur, bu köməksiz
çıxılmazlıq vəziyyətindən üzülə-üzülə, zəngli divar saatı öz zəngini çalıb, görüş vaxtının
bitdiyini elan edənəcən, heç olmasa, nəfəsiylə də olsa, qıza toxunmaq üçün can verirdi... «Bu
saatın zəngi mənim ölüm anımı çalır!»
O Manuelanın hüzurunda keçirdiyi son dəqiqələri qəsdən uzada-uzada, havanın hər qurtumunu
acgözlüklə uda-uda, vaxtı ləngidir, oyuncaqları, dənizin nəm havasından paslanmasınlar deyə,
aramla qutularına yığırdı: «Bir dəqiqə, kraliça! Qoy bircə bunları ortadan yığım.» Lakin nə qədər
kədərli də olsa, son dəqiqə bitib başa çatırdı, getmək vaxtı yetişirdi! Sabaha qədər isə ucsuz-
bucaqsız bütöv bir ömür yaşamaq lazım idi, amma indi – saatın bu yersiz zəngindən sonra, əlində
qızılgül donub qalan, qocanın getməyini gözləyən bu bakirə qıza bir də baxmaq üçün bircə an
çatışmırdı. Əvvəl-axır o çıxıb getməli olurdu, küçələrdə dolaşan kölgələrə qarışıb gözdən itirdi,
camaatın gülüş hədəfinə çevrilmək qorxusuyla, xəcalət tərindən boğula-boğula yoxa çıxırdı.
Daha xəbəri yox idi ki, artıq çoxdan camaatın gülüş hədəfinə çevrilib, onun sevgi macəraları
haqqında az qala hər tində danışırdılar, cürbəcür mahnılar qoşurdular. Bütün ölkə bu mahnıları
əzbər bilirdi, bu mahnıları hətta tutuquşular da, patiolarda boğazlarını cıra-cıra oxuyurdular:
General qovrulur eşqin oduna,
Göz yaşının, kədərinin oduna,
Əli yanır sinəsinin oduna...
Sən bir buna bax, buna,
Nə ləyaqəti qalıb, nə özünə hörməti.
Bunu da bilir hamı:
Bu boyda məmləkətə
Şahlıq edir yuxuda...
Çöl tutuquşuları bu mahınını ev tutuquşularından, qarğalar onlardan, qalan quşlar qarğalardan
öyrənib oxumağa başlamışdılar. Bu minvalla mahnı, məşhurlaşıb paytaxt sərhədlərini aşmışdı,
bütün ölkəyə yayılmışdı, dəstə-dəstə adamlar bu mahnını küçələrdə gəzə-gəzə, xorla oxuyur,
milli təhlükəsizlik nazirliyinin hərbi geyimli əsgərlərini görəndə isə dağılışıb hərə bir yana qaçır,
mahnının növbəti bəndəlrini ağızlarının içində qaça-qaça, hırıldaşa-hırıldaşa qoşurdular:
|