Yusif Vəzir Çəmənzəmli hekayəLƏR



Yüklə 4.51 Kb.
PDF просмотр
səhifə1/29
tarix19.06.2017
ölçüsü4.51 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

Yusif  Vəzir  
Çəmənzəmli 
 
 
 
 
HEKAYƏLƏR 
 
 
 
Birinci  cild 
 
 
 
 
 
 
 
 
 
 
 

BAKI - 2004

 

Yusif  Vəzir  
Çəmənzəmli 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
 
 
Üç cilddə 
 
 
 
 
 
 
 
 
 
 
 

BAKI - 2004

 

 
 
 
 
 
 
 
Tərtib edənlər: 
 
Professor, filologiya elmləri doktoru Tofiq Hüseynoğlu 
Orxan Vəzirov, Fikrət Vəzirov 
 
 
 
Redaktor: professor, filologiya elmləri doktoru  
 Tofiq Hüseynoğlu 
 

ŞAQQULUNUN  XEYİR   İŞİ 
 
Payız günü idi. Balaca şəhərin küçələrini duman 
bürümüşdü. Xırdaca evlər duman kimi görünürdü. Səs – küy 
yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan azan səsi 
gəlirdi. Bir az keçib qaranlıq düşdü; küçədən gedən adamların 
da ayağının  şappıltısı  kəsildi: xalq evlərinə  çəkildi. Nalbənd 
Kərbəlayı Qurban da dükanını bağlayıb, «halva bazar»dan evə 
gəldi. Küçə qapısını yumruq ilə döyüb deyirdi: 
- Köpək oğlunun yerində elə bil tufan qopub! 
Və  bərk – bərk kürkə bürünürdü. Kərbəlayının arvadı 
Nənəxanım səsə qapının dalına gəlib soruşdu: 
- Kimsən? 
Kərbəlayı acıqlı səslə cavab verdi: 
- Hələ kimsən də deyir, axmağın qızı axmaq! Tez ol qapını 
aç, soyuq məni kəsdi!.. 
Nənəxanım qapını açıb, qayıtdı evə. Kərbəlayı Qurban da 
içəridə başmaqlarını  çıxardıb, sitildəyə – sitildəyə qaçıb, evin 
ortasındakı ocağın qırağında oturdu və başladı  əllərini  qayna-
yan pitinin buğunda qızdırmağa. Soyuq kişini elə vurmuşdu ki
heç oğlu  Şaqqulunun evdə olmadığını anlamırdı. Kərbəlayı  
Qurban əllərini qızdırıb, ayaqlarını da ocağın qırağına uzatdı və 
pitini iki qılçasının arasına aldı. Görünürdü ki, kərbəlayı bir 
balaca qızışmışdı; çünki isti vurduqca burnunun suyu dayan-
mırdı, kişini təngə gətirirdi. Axırda başını əyib, ocağın qırağına 
burnunu belə  bərk sildi ki, kül duman kimi qalxıb, 
Nənəxanımın başına töküldü. 
- A kişi, dəli olmamısan, nə qayırırsan? 
- Eh! Axmaq qızı axmaq! Məgər çöldən xəbərin yoxdur? 
Köpək oğlunun yerində elə bil tufan qopub! 
Bir azdan sonra Kərbəlayı  dəstəmazdan ötrü su istədi. 
Nənəxanım soyuğa baxmayıb, getdi həyətə quyudan su 
çəkməyə. Kərbəlayı Qurban bir az bikar qalıb, sonra başladı 
köynəyinin qoltuqlarındakı və ətəklərindəki cücülərdən daşıyıb 

 

ocağın qırağında qırmağa. Biçarə heyvanlar ocağın qırağında 
pərakəndə olub hər tərəfə qaçışırdılarsa da, yenə  kərbəlayının 
dırnağına rast gəlib, zəif canlarını ona qurban edirdilər. 
Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları 
geri qatladı. Kərbəlayı durub küncdə dəstəmaz aldı və cəld na-
maz qılıb, arvada tapşırdı bozbaşı çəksin. Arvad dedi: 
- A kişi, bircə səbir elə, qoy oğlun da  gəlsin, bir yerdə ye-
yək, cümə axşamıdır, elə ölülərimizin də ruhu şad gedər. 
Nənəxanımın sözü kişinin ağlına batdı; sakit gəldi ocağın 
qırağında oturub, fikrə getdi və bir – iki dəqiqə  də başını 
tərpədib üzünü arvada çevirib, başladı: 
- Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə 
demirsən oğul, vaxtında evə gəl?! 
- Niyə  gəlsin, a kişi? Evdə  nə var? Qoy cahıldır, gəzsin! 
Evə gətirib ev toyuğu qayırmayacaqsan ki? 
- Qandı da, qandı da! Axmaq qızı axmaq! Mən sənə 
demirəm ki, gətir ev toyuğu qayır. Deyirəm ki, gündüz bikar – 
bikar dükanlar qabağında gəzdiyi bəsdir: gündüz qumarx-
analarda küllənib, evin şeylərini aparıb uduzduğu kifayət elər. 
Barı gecə olanda xarabaya tez qayıtsın… 
- Uduzmağının sənə dəxli yoxdur! Sənin şeyini aparmır ki, 
öz atam evindən gətirdiyim şeylərdir. Özüm verirəm ki, aparıb 
nə eləyir eləsin, təki qəm yeyib, ürəyinə xal salmasın. Bircə 
ondan savayı kimim var: elə əkib biçdiyim odur dayna! Bu da 
məktəbə qoymaq oldu ki, başını böyüdəsən… 
- Heç bilirsən, Nənəxanım, mənim başıma nə  gətirdin? 
İstəmişəm məktəbə qoyam qaradan başı  çıxsın, demisən: vay, 
bircədir, oxuyar, ürəyi qısılar, ölər, - məktəbdən çıxarmışam. 
İstəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o 
neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. İndi də belə, 
Nənəxanım?  İndi də belə?.. Qoyarsan ki, mürtəd qızı mürtəd, 
oğlum mənim sözümə baxsın; onu eləmisən mənə düşmən!.. 
- Yaxşı eləmişəm! Bir də yaxşı eləmişəm, əlimin də içindən 
gəlib. Ağzını təmiz saxla! 
 

Kərbəlayı Qurban durub, «köpək qızının cavabına bax» 
deyə – deyə  Nənəxanımın başına bir neçə yumruq vurdu və 
istədi belinə  də bir iki təpik salsın, ayağı pitiyə ilişib bozbaşı 
ocağa tökdü. Bir dəqiqədə kül və tüstü otağı bürüdü… 
*** 
Sabah Kərbəlayı Qurban tezdən durub, namaz da qılmamış 
istədi bazara getsin, arvad onu tutub dedi: 
- A kişi, evdə çay, qənd yoxdur. Pul ver aldırım. 
Kərbəlayı arvadı geri itələyib, söyə – söyə evdən çıxdı. 
Nənəxanım bir az fikrə gedib, pəncərənin qabağına yeridi, - gün 
çıxıb ağacların başına şəfəq salmışdı; hava təmiz və çox soyuq 
idi. Bir də geri qayıtdı, əsnəyə – əsnəyə dalına bir çirkli və cırıq 
yorğan salıb oturdu. Ocağın halına baxdıqca gecəki işlər 
Nənəxanımın yadına düşürdü və  öz - özünə deyirdi:  
-  Şaqqulunun gəzməyinin üstə  mənim başıma çox iş 
gələcək… Bir yana da baxanda kişi pis demir: «Gəzən ayağa 
daş dəyər». Gərək yavaş – yavaş onun ipini çəkəm. Özünün də 
avara gəzdiyi bəsdir; gedim bir tanrı bəndəsinin qızını gətirim, 
bəlkə küçələrdən daşına. Onun başına cilov keçəndən sonra 
mən də rahat olaram; daha kişinin kötəyini yemərəm. Həmi də 
gəlini olmaq da elə bir yaxşı işdir. Dünya da ölüm – itim dün-
yasıdır; bəlkə azarladım, bəlkə başıma bir iş gəldi; onda mənə 
kim qulaq asar. Gəlinim olmasa, damın altında qalasıyam ki, 
qalasıyam!.. 
Bu halda qapı açılıb, Şaqqulu içəri girdi. Şaqqulu iyirmi üç 
yaşında bir oğlan idi. Uzun burnu soyuqdan qızarmışdı və xırda 
gözləri yorğun baxırdı. Nənəxanım oğlunu görəndə yerindən 
atılıb başladı: 
- Bıy, ay balam, haradasan? Niyə bikefsən, qurban olum? 
Şaqqulu evi görəndə mat qaldı: bir tərəfdə çirkli mütəkkələr 
tökülüb, bir tərəfdə palazlar qovzanmışdı  və ocağın ortasında 
piti dağılıb, bozbaşın ətləri külə tökülmüşdü. 
- Yenə yoxsa kişi ilə dava – dalaş eləmisiniz, ay nənə! Nə 
üstə oldu, de görüm. 

 

- Nə üstə olacaq, sənin üstündə. Deyir niyə gecələr gəzir… 
Şaqqulu acıqlanıb nənəsinin sözünü kəsdi: 
- Onluq nə var? Gəzirəm özümə. Vallah, boğazını quş 
boğazı kimi üzərəm! 
Şaqqulu yuxusuz olmağa görə paltarlı yerə uzandı, üstünə 
bir çirkli yorğan çəkib, gözlərini yumdu və bir də başını 
qovzayıb, «vallah, boğazını quş boğazı kimi üzərəm» deyib, 
yatdı. 
*** 
Bir neçə vaxt keçdi. Payız qurtardı. Qış da yavaş – yavaş 
qarı və soyuğu ilə ötüb keçdi. Bahar yavıqlaşdı; dağlar, səhralar 
yuxudan ayılıb göyərməyə başladı, ağaclar çiçək açdı; hava 
qızdı. Nənəxanım  da evdə oturmurdu: cəhrəsini  çıxardıb, hə-
yətdə armud ağacının dibində qurmuşdu; axşamadək vızıl-
dadırdı. Kərbəlayı Qurban işə getməyəndə  həyətdə bir yerdə 
çay da içirdilər və çay içəndə fikirlərindən çox – çox şeylər 
keçirdi. Məsələn, arvad deyirdi: 
- A kişi, heç bir Şaqqulunu evləndirmədin axır. 
Kişi də ona cavab verirdi: 
- Doğrudan, arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı 
olardı. 
Bir gün yenə söhbət vaxtı Nənəxanım dedi:  
- Ay kişi, ömür getdi, gün getdi, bircə toy eləmədin. Allaha 
heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boxçasını 
gəlini götürsün, canını sürtsün, yuyundursun, çıxanda da baş-
mağını cütləsin; amma mənim gəlinim olmasın! Yox, belə ol-
maz, gərək Şaqqulunu evləndirək. 
Bunun cavabında Kərbəlayı Qurban soruşdu: 
- De görüm, sandığında nəyin var? 
- Ay kişi, atayın goru haqqı heç zadım yoxdur. Nəyim var 
ki, ay başı daşlının oğlu?! 
- Mənim, özün bilirsən ki, heç zadım yoxdur. Bəs nə qay-
ıraq? 
Bir neçə  dəqiqə fikrə gedəndən sonra birdən Nənəxanım 
 

əllərini qovzayıb dedi: 
- Tapmışam! Bir artıq palazımız var, onu sataq toy eləyək. 
Kərbəlayı Qurban çubuğu doldurub almışdı  ağzına və 
hərdən bir haxırıb, ağacın dibinə tüpürürdü və arvadın sözünə 
qulaq asmayıb deyirdi: 
- Axı mən də kişiyəm, qoy bir fikir eləyim. 
Və sonra şəhadət barmağını alnına qoyub və gözünün 
altınca arvada baxırdı: 
- Bilirsən nə var, yoxsa yox? 
Nənəxanım soruşdu: 
- Nə var, a kişi? 
- Hələ dur, - dedi və neçə vaxtdan sonra, - arvad da olsan, 
yaxşı fikir eləmisən… ya…xşı…  fik…kir…di. Sataq getsin. 
Mən palazı satım, sən də sabah  məşşatəni tap, götür get qız 
axtarmağa. Bildin? 
- Neyəcə bilmədim, ay kişi!... 
 
*** 
Sabah ertə idi. Gün təzəcə çıxmışdı. Gözləri şeh ilə dolmuş 
çiçəklər yavaş – yavaş açılırdı. Armud ağacının dibində palaz 
salınıb və üstündə çirkdən qaralmış bir samovar qaynayırdı. 
Kərbəlayı Qurban, Nənəxanım və bir ayrı arvad oturmuşdular. 
Bu arvad güdəboy, adətdən kənar yoğun bir adam idi. Başı ağ, 
üzü qırışmış, burnunun qabağı da həmişə burunotu çəkməkdən 
göy olurdu. Bunun sənəti məşşatəlik idi. Yeri düşəndə noxudla 
fala da baxırdı; çöpçülükdə də mahir idi. Belə camaat arasında 
məşhur olmuşdu ki, yanına tez – tez azarlı da gətirirdilər. 
bunlara məşşatə baxıb deyirdi: 
- Bıy, nəyi var ki, ürəyində tikə qalıb, bu saat sığaram, ötər 
gedər işinə… 
Bu arvadın adı Yetər idi. 
Kərbəlayı Qurban çubuğu doldurub damağına aldı  və 
Nənəxanımdan bir od istədi; o da samovardan maşa ilə bir od 
çıxarıb, çubuğun başına basdı  və üzünü döndərib Kərbəlayıya 

 
10 
dedi: 
- Ay kişi, niyə dinmirsən? Çubuğu sonra da çəkə bilərsən, 
bircə dillən! 
- Sən atayın goru məndən  əl çək. Mən arvad deyiləm ki, 
sizin işinizi biləm. Qaldı Yetərə, yanı o bilmir buraya Şaqqu-
lunun xeyir işindən ötrü gəlib? 
- Kişidi dayna, cavab verdi! 
Bu sözləri Nənəxanım deyəndə Yetər ağzını yaşmayıb, 
qoca qoyun bağıran kimi güldü. Kərbəlayı Qurban çubuğu 
ağzından çıxarıb başladı: 
- Ay balam, axır bir söz yoxdur deyim. Çayınızı için, gedin, 
bəlkə  Şaqquluya bir halal süd əmmişini tapasınız. Baxın 
göyçəyini alın, üzüyola, fəqir və  işlək olsun. Daha bir sözüm 
yoxdur; allah bu işdən bizə çox xeyir versin! 
Yetər yaşmanıb dedi: 
- Amin! Amin! Gün o gün olsun gəlinin sənə qulluq eləsin, 
başına dönüm, yazıqsan! 
Nənəxanım çay töküb bunlara verdi, bu halda Şaqqulu 
əlində bir aftafa çıxıb, həyətə getdi və sonra üzünü ətəyinə silə 
– silə gəldi oturdu. Yetər yaşmanıb, yavaşca bunu pıçıldadı. 
- Qadan alım, gör sənə nə qız tapacağam. 
Şaqqulu bunun üzünə dik baxıb və sonra qızarmış üzünü 
aşağı saldı. 
Çaydan sonra Nənəxanım Yetər ilə çarşaba bürünüb, qız 
axtarmağa getdilər. Bir evə girib, iki evə girib, axırda elçilər 
getdilər birinə.  İçəri gircək gördülər günün qabağında palaz 
salınıb, bir qız yun daramağa məşğuldur. Gendən baxan kimi 
qız bunlara xoş  gəldi və irəli yeriyib, su istəmək bəhanəsi ilə 
qızı danışdırdılar. Qız cəld üstünü çırpıb, qızara – qızara otağa 
qaçdı. 
- Kimsiniz? Niyə  gəlmirsiniz? – deyə – deyə  qızın anası 
qonaqların qabağına çıxdı. Nənəxanım Yetərlə bir balaca otağa 
girdi. Otaq keçə  və palazlarla döşənmişdi. Suvaqsız divarda 
qədim tüfənglər və qılınclar asılmışdı; rəflərdə pas basmış mis 
 
11 
qablar üst – üstə yığılmışdı. Otağın küncündə bir dəyirmi masa 
görünürdü. Bunun üstünün qalın tozu masanın burada heç bir 
işə yaramadığını  xəbər verirdi; çirkli pəncərədən az işıq 
düşməyə görə otaq qaranlıq idi… 
Qonaqlar döşəklərin üstə oturdular. Qız bir azdan sonra 
əlində bir qab su qapıdan girdi. Elçilər qızı  təzə paltarda 
görəndə heyran – heyran bir – birlərinin üzünə baxırdılar. Qır-
mızı paltar və üzünə tökülən qara zülflər qızın bədəninə daha 
da gözəllik verirdi… Qızın adı  Pəri idi. bunun güləş sifəti və 
hər nə deyiləndə «bəli» deməyi elçilərə çox xoş  gəldi. Yetər 
əlindən burunotu qabını cəld döşəyin altına qoyub, üzünü qıza 
döndərdi… 
- Bıy, atam – anam boyuna qurban! 
Pəri qızarmış üzünü aşağı saldı və suyu verib, o biri otağa 
girdi. burada iyirmi altı yaşında, iri burunlu qız oturub corab 
toxuyurdu və  hərdən bir əli ilə ocaqdan kömür götürüb qa-
bağındakı samovara salırdı. Bu qız Pərinin böyük bacısı Sənəm 
idi. 
O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. 
Nənəxanımla bir – iki dəqiqə  pıçıldaşandan sonra ev sahibinə 
dedi: 
- Başına dönüm, doğrusu, yoldan keçirdik. İstədik burada 
bir az su içək, amma… qız bizə xoş  gəldiyindən oturub 
qalmışıq. 
Bir dəqiqə sakitlik keçdi. Qonaqların üzündən cavab 
gözləmək məlum olurdusa da, ev sahibi həmişə dinməz baxırdı. 
Yetər yenə badrundan burunotunu ovcunun içinə tökdü və iki 
barmağı ilə burnuna çəkib, əlini döşəyəsildi və bir – iki asqırıb, 
öskürüb, yenə dedi: 
- Başına dönüm, bircə de görüm adın nədir? Sən yaxşı 
adama oxşayırsan. 
- Məşədi Fatmadır. 
- Bu su gətirən  qızındırmı? 
Məşədi Fatma yavaş  səslə «bəli» deyib, başını aşağı saldı. 

 
12 
Yenə sakitlik düşdü. Bu dəfə Yetər istədi mətləbi daha aşkar 
eləsin… Ona görə üzünü Fatmaya çöndərib dedi: 
- Başına dönüm, Məşədi Fatma, allahdan gizlin deyil, daha 
səndən niyə gizlin olsun; sənin qızın bizə çox xoş gəlib. Bunun 
da (əlini Nənəxanıma uzatdı) bir başıaşağı  oğlu var; onu sənə 
nökər verir. Tahı indi özün bilərsən nə edərsən… 
Bu halda Pəri əlində çay içəri girdi və çayı verib, nənəsinin 
işarəsi ilə cəld çıxdı. Nənəxanım dedi: 
- Məşədi, sən bizi tanımırsan, biz də  səni. Amma inşallah  
axırda görərsən biz necə  adamıq. 
Nənəxanım söz danışdıqca Yetər də:  
- Elə yaxşı adamdılar, allah bəndəsi. Bircə parça da 
çörəkləri var - deyə-deyə başını tərpədirdi. 
Məşədi Fatma həmişə fikirdə idi. Sifətində hərdən bir şadlıq 
görünürdü; amma elçilərə dürüst cavab vermirdi. Bunlar sual 
etdikcə ki, nə deyirsən, qızı verirsənmi, deyirdi: 
- Sizin xoş sifətinizə verməyə  mən razıyam, amma görək 
uşaqların dədəsi də razıdırmı? 
Elçilər çayı içib durdular ayağa getməyə. Və vədə verdilər 
ki, iki gündən sonra bir də gəlsinlər. Qonaqlar otaqdan çıxanda 
başmaqlarını  Pəri cütləyib, yanında durmuşdu. Nənəxanım 
qızın üzünə  həsrətlə baxıb, birdən gülə – gülə  çənəsinə  əlini 
uzatdı: 
- Bıy, boyuna qurban olum, ay mənim balam!... 
*** 
Gün orta idi. Müəzzin uca səslə azan verirdi. Kərbəlayı 
Qurban Nənəxanım ilə süfrənin kənarında üzü qibləyə 
əyləşmişdilər. Bunlardan o yana Yetər üzünü bürüyüb otur-
muşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. 
Nənəxanım  azanın səsini eşitcək bərk səslə Şaqqulunu çağırdı: 
- Şaqqulu! Şaqqulu, qurban olum, tez gəl! 
Şaqqulu gələn kimi yanında yer göstərib dedi: 
- Başına dönüm, azan deyilir; tez ol otur süfrənin başında, 
üzünü qibləyə çöyür, ömrün qırx gün uzansın! 
 
13 
Şaqqulu: «Ay kişi, sən atayın goru qoy görüm», - deyib, 
getdi kaba bişirməyə. 
Çörək yeyildi. Kərbəlayı Qurban ayaqlarını uzadıb çubuğu 
almışdı damağına və  hərdən bir ağzından halqa – halqa tüstü 
çıxarırdı.  Şaqqulu pəncərəyə söykənib bığını bururdu. 
Nənəxanım Yetərlə söhbətə  məşğul idi. Birdən Kərbəlayı 
ayaqlarını cəld çəkib soruşdu: 
- Bıy, ay Yetər, de görək bu gün nə təhər oldu? 
Yetər gülümsünüb, başladı: 
- Kərbəlayı, sənə layiq bir yaxşısını tapmışıq; o sənin 
gəlinin olsa, daha dərdin olmaz. 
Şaqqulu bu sözləri eşitcək, Yetərin üzünə zənn ilə baxırdı. 
Elə bil istəyirdi işdən tez xəbərdar olsun. Yetər yaylığına tez 
burnunu silib, yenə nağıl eləməyə məşğul oldu: 
- Kərbəlayı, bir əyirən, bir toxuyan, bir odun, qurdun 
parası! Tahı belə şey olmaz! Özü də çox gözəldir; ağı ağ, qır-
mızısı da qırmızı; uzun boylu, saçı dabanında, uçuq evin dirəyi 
bir qızdır… 
Yetər danışdıqca Kərbəlayı deyirdi: 
- Çox yaxşı, çox yaxşı! Di tez olun kəbin kəsdirək! 
Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Burada bir ağa-
cın dibində öz – özünə deyirdi: 
- Deyəsən məni doğrudan evləndirirlər. Əyər belədirsə, pis 
əhval deyil! 
*** 
Gecə oldu, çıraqlar yanmışdı. Qız evində  bərk söhbət var 
idi. Məşədi Fatma ərinə  və  oğlanlarına elçilərin gəlməyindən 
nağıl eləyirdi. Əri  cavab verirdi: 
- Mən kişini tanıyıram; öz işində kasıbkar bir admdır. 
Amma oğlu bir az dələduzdur. 
Onda arvad deyirdi: 
- A kişi dələduz olanda nə olar; cahıldır, ağlı başına 
gələcəkdir. Ver  getsin,  qızı  saxlayıb un  çuvalına tay  qayır-
mayacaqsan ki… Məsləhətdir, ver başından rədd olsun! 

 
14 
Kişi Məşədi Fatmaya cavab verirdi: 
- Hacının qızı, doğrusu, ürəyim gəlmir bu sövdaya girim; 
elə havaxt fikir eləyirəm, heç başıma batmır. 
- Ay kişi, elə sən əvvəldən ağılsız oldun. Sən yaxşı bilirsən 
ki, böyük qız çirkin olub, evdə qalıb. O elə bədbəxt olub, indi 
də istəyirsən ki, bu da belə bədbəxt olsun?! 
- Yox, Hacının qızı, bir iş  də var: axır böyük dura – dura 
kiçiyi ərə vermək yaxşı deyil. Gərək əvvəl Sənəmi verək, sonra 
Pərini: 
- Eyy… ay kişi, heç iş bilən deyilsən, vallah! Böyüyü gös-
tərsən axır almazlar. İndi Pərini görüb bəyəniblər. Deyək ki, 
veririk. Kəbin kəsilsin, sonra köçəndə Pərinin əvəzinə Sənəmi 
köçürərik. 
Kişi bir müddət fikrə gedib, sonra bərk güldü: 
- Vallah, əgər şeytanın da ağlına belə fikir gələ. Doğrudan 
gərək belə ola, xa-xa-xa!.. Sabah elçilər gələndə deyin: «Başına 
dönüm, veririk; çox yaxşı adamsınız, vallah, veririk; sizdən 
yaxşı daha kimi tapacayıq ki, gedək kəbin kəsdirək»! 
*** 
Gün gündən keçirdi. Toy yavıqlaşırdı. Kəbin kəsilmişdi. 
Nənəxanım gündə qapını, bacanı silib, süpürüb, təmizləyirdi ki, 
Şaqqulunun xeyir işi var. Amma Şaqqulu hələ nişanlısını 
görməmişdi. Yetəri havaxt görəndə deyirdi: 
- Yetər, əyər qızı mənə göstərsən, sənə nə istəsən verərəm! 
Yetər də deyirdi: 
- Göstərərəm, amma gərək nə versən qabaqcadan verəsən! 
Onda  Şaqqulu  əlini cibinə salıb, kisəni çıxardırdı  və dey-
irdi: 
- Vallah, billah, çörək haqqı, nə istəyirsən alım!.. 
Axırda bir gün Şaqqulu Yetərə bir məxmər çəpkən vədə 
verdi ki, qızı göstərsin. O da razı oldu və dedi: 
- Sabah ertə  gələrsən bulağın üstə, qız suya gələcək. Mən 
kimin çiyninə əlimi qoysam, bil ki, nişanlın odur. Onda dürüst 
baxarsan. 
 
15 
Bu təhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz 
toyu gözlüyürdü. 
*** 
Sərin gecə idi. Ay dağın dalından təzə çıxırdı. Şəhərdən bir 
səs eşidilmirdi; guya camaat qaranlıqda mürgü döyürdü. Birdən 
şəhərin bir küçəsindən ucadan zurna səsi gəldi. Sonra ağaclar 
qızardı: bir məşəl göründü, küçə  işıqlandı. Camaat uca səslə 
salavat çöndərib, Kərbəlayı Qurbanın evinə tərəf gedirdi. Gəlini 
ağ paltar geyindirib, ata mindirmişdilər və başını  cığcığa ilə 
bəzəmişdilər. Daldan yengələr və qatırlardakı cehizlər 
gəlməkdə idi. Zurnanın səsi «allah, allah» səsinə qarışıb şəhərə 
yayılırdı. Qatırların qumrovlarının «lüm – düm, lüm – düm» 
cingiltisi evlərə düşürdü. Səsə arvadlar yüyürüşürdü cehizləri 
saymağa; bəzi də dama dırmaşırdı. Burada biri o birinə deyirdi: 
- Ay Püstə bacı, başına dönüm, allah sənin də qızına qismət 
eləsin, yazıqdır; evdə qaldığı daha bəsdir! 
O da cavabında: 
- Amin! Amin! Qadan alım, sənə də qismət olsun! 
Gəlin gəldi. Bir neçə  dəqiqə idi ki, otaqda tək qalmışdı; 
Şaqqulu hələ taxtapuşda gizlənmişdi. Sonra sağdışlar bunu 
aşağı endirib, saldılar gəlin otağına və sonra qapını örtüb, ba-
şladılar yengələrlə  pəncərədən içəri baxmağa.  Şaqqulu qa-
bağında ağ parçaya bürünmüş gəlini görəndə ürəyi bərk – bərk 
döyündü. Bihiss qaldı  və ixtiyarı olmadı ki, bir söz desin. Bir 
neçə dəqiqə özünü toxdadıb, birdən başladı: 
- Bıy!.. bura oturmağa gəlmisən? Niyə üzünü açmırsan? 
Axır… 
Ürək döyünməsi qoymadı ki, sözünü qurtarsın. Yenə bir az 
dayanıb dedi: 
- Bıy… Bıy!.. Tez ol, axır qapıda gözlüyürlər… 
Şaqqulu yenə qızdan cavab eşitməyib, bir az irəli yeridi və 
bir az da özünü toxdadıb, lap irəli yeridi və əli titrəyə – titrəyə 
gəlinin örtüyünü açdı.  Şaqqulu ağ parçanı  kənara tulluyub, 
gəlinin üzünü görcək, cəld geri çəkildi və bir az da zənn ilə 

 
16 
baxıb çığırdı: 
- Bu o deyil! O deyil! 
Sonra qapıya yüyürdü və Yetəri orada görüb, başına bir 
yumruq ilişdirdi: 
- Ay köpək qızı! Bəs bulaqda göstərdiyin qız necə oldu? Bu 
deyil! Bu deyil!.. – deyib qışqırdı. 
Qapıdakılar  Şaqqulunu tutdular və  Kərbəlayı Qurban 
cibindən çubuğu çıxardıb, Şaqqulunun başına vurdu ki, niyə səs 
– küy salır. 
Şaqqulunu tuturdular, tutulmurdu; cin atına minib, bar – bar 
bağırırdı, deyirdi: 
- Mən istəmirəm; o deyil! Vallah ya onu öldürəcəyəm, ya 
Yetər köpək qızını! 
Kərbəlayı Qurban bu sözləri eşitcək hirsli yüyürüb «köpək 
oğlunun dilinə bax, dilinə!»  deyə – deyə Şaqqulunu birçəklədi. 
O da əlini rəfə atıb, «köpək oğlu özünsən!» deyib kərbəlayıya 
bir qazan salbası vurdu, kərbəlayı da ona bir kəfgir qolazladı. 
Kəfgir də  tərs kimi Şaqquludan ötüb, Nənəxanımın burnunu 
əzdi. Bir dəqiqədə bura bir – birinə qarışdı. Gəlin yengələrlə 
çölə qaçdı. İçəridə səs – küydən qulaq tutulurdu: 
Hərdən bir Yetər də səslənirdi: 
- Ay aman, kişinin başına yağlıqara gətirin, yağlıqara, 
yağlıqara!.. 
Birdən bərk şaqqıltı gəldi: pəncərə sınıb töküldü və çıraq da 
içəridə sındı. Elə bil qurbağanın gölünə daş atdın: səs – küy bir 
dəqiqədə kəsildi. Bircə Nənəxanım çığırırdı: 
- Evin yıxılsın, qız verən! Üstünə od yağsın, qız verən!.. 
*** 
Yarım saatdan sonra gəlin başında iki qat çarşab ağlaya – 
ağlaya atası evinə qayıdırdı və deyirdi: 
- Allah, mən sənin altında nə qayırmışdım ki, başıma bu iş 
gəldi?.. 
 
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə