ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə36/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   31   32   33   34   35   36   37   38   39

SAVAŞ PLANLARI
O gün türk və hind əmirləri məşvərətə çağrılaraq suyu necə keçmək haqqında danışdıq və buna qərar verdik: «Qanq ilə Saru çayının aralığındakı yüksək bir yerdə Ustad Əliqulu top-frəngi qurub, bir çox zərbzən və tü­fəng­əndazla oradan savaşacaq. İki çayın birləşdiyi yerdən bir az aşağıda yerləşən adada benqalların bir fili və bir çox gəmisi vardı, onun qarşısında Qanq ça­yı­nın Behar tərəfində də Mustafa ləvazaimatını hazırlayıb tamam­la­yaraq sa­vaşa girəcək, bir çox tüfəngəndaz da onunla birlikdə olacaq. Mə­həm­məd Zaman Mirzə və yanındakılar da Mustafanın arxasında olub ona kö­mək edə­cək­lər. Ustad Əliqulu ilə Mustafanın əmrinə zərbzən atıb, (370 b) top qur­maq üçün yer hazırlamaq üzrə bir çox istehkamçı, işçi və çavuş verildi. Si­lah-sursatı toplayıb hazırlamaqla məşğul oldular.

Sultanlar, əmirlər və xanlar sürətlə yürüyüb Həldi keçidindən Sarunu keçərək hazırlıqlı olacaq və bəlli bir zamanda o tərəfdən düşmənin üzərinə yü­rüyəcək­dilər.

Bu zaman Sultan Cüneyd ilə Qazı Ciya səkkiz küruh yuxarıda daha bir keçidin olduğunu bildirdilər. Gəmicilərdən bir-ikisinə Sultan Cüneyd, Mah­mud xan və Qazı Ciyanm adamlarıyla birlikdə gedib keçidi araşdırma­ları, əgər keçid tapılrsa, o keçiddən keçmələri əmr edildi. Ben­qalların Həldi keçidinə də adam təyin etmək təklif olundu. Mahmud xan Nuhaninin Sikən­dər-purdakı şikdarının ərzi-halı gəldi: Həldi keçidində əlli qədər gəmi topla­yıb gəmiçilər tutduğunu, lakin gəmiçi­lərin benqalların gələcəyi xəbərindən fövqəladə qorxduqlarını bildirirdi.

Saru çayından keçid axtarmağa vaxt qalmadığı üçün keçid aramağa gedən adamları gözləmədən şənbə günü bəyləri məşvərətə çağırıb belə de­dim: «Saru çayının keçidləri Sikəndərpur Çetürmükdən Ud və Behrayicə qə­dər hər yerdə vardır. Beləcə oturmaqdansa, iri bir hərbi hissə ayıraq və bu hissə (371 a) Heldi keçidindən gəmilərlə keçərək düşmən üstünə yürüsün. Bunlar yetişincəyə qədər Ustad Əliqulu ilə Mustafa top-tüfəng, zərbzən və frəngiylə savaşaraq düşmənin başını qatsın. Bu arada biz də Qanq çayını ke­çərək Ustad Əliquluya köməkçilər verib hazırlıqlı olaq. Keçiddən keçən his­sə yaxınlaşanda biz də buradan savaşa qoşularaq. Məhəmməd Zaman Mirzə və o tərəfə təyin olunanlar isə Qanq çayının Behar tərəfində Mustafanın ya­nında savaşsınlar».

Buna qərar verib Qanqın şimalındakı əsgəri dörd qitəyə ayrılaraq Əs­gə­rinin komandanlığında Heldi keçidinə göndərdik: bir qitə Əsgərinin ko­mandanlığında olub onun öz nökərlərindən ibarətdi, bir qitə Sultan Cəla­ləd­din Şərqi, bir qitə özbək sultan­larından Qasım Hüseyn Sultan, Bixub Sul­tan, Tan-Atmış Sultan, Mahmud xan Nuhani Qazipuri, Kuki Baba-Qaşqa, Tol­muş Özbək, Qurban Çərxi və Hüseyn xanın [Dəryaxani] idarə­sində olan dəryaxanilərdən, bir qitə də Musa Sultan [Məruf Fərmüli], Sultan Cüneyd və təxminən iyirmi min qədər Cunpur adamından ibarət idi.

Həmin bazar gecəsi (371 b) əsgəri sövq etmək üçün çavuşlar təyin edil­di. Bazar sa­bahı da əsgər Qanqdan keçməyə başladı. Mən ilk pasta gə­miylə çayı keçdim. Üç pəhər olanda iss keçid aramağa gedən adamlar geri gəldilər, keçid tapa bilməmişdilər. Gəmilərə və qitələrə yolda rast gəlmişlər.

Çərşənbə axşamı günü suyu keçdiyimiz yerdən qalxıb savaş meydanı olan suların birləşdiyi yerə bir küruh qala düşərgə qurduq. Özüm gedib Us­tad Əliqulunın firəngi və zərbzən atmasını seyr etdim. O gün Ustad Əliqulu fi­rən­gi daşıyla iki gəmini vurub batırdı. Digər tərəfdən Mustafa da firəngi da­­şıyla iki gəmini vurub suya qərq etdi. Böyük to­pu savaş səfinə götürüb ye­rini düzəltmək üçün Molla Qulam ilə çavuş, yasavul və seç­mə igidlərdən bir dəstəni ona köməkçi olaraq verdikdən sonra dö­nüb ordugahın qarşısında bir adada məcun yedik. Məcun yedikdən sonra gəmini çadıra yaxınlaş­dı­ra­raq gəmidə uyudum.

O axşam qəribə bir hadisə oldu. Gecənin üçüncü pasına yaxın gəmidə savaş nə­rələri atıldı, gurultu çıxdı. Çöhrələrdən hər kəs gəminin bir ağacını alıb bir-birinə «Vur! vur!» deyə bağrışırdu. Fərmayiş gəmisi mənim uyudu­ğum Asayiş gəmisinin yanındaydı. (372 a) Mühafizlərdən biri də orada idi. Yuxudan gözünü açıb baxanda bir adamın Asayiş gəmisinə dırmanaraq çıx­mağa təşəbbüs etdiyini görür və özünü onun üzərinə atır. Suya dalıb təkrar çıxdıqlarında adam mühafizin başına qılıncla vurur və bir az yaralayır. Son­ra özü suya doğru qaçır. Gurultu bu üzdən qopmuşdu. Münirdən gəldiyi­miz gecə də bir-iki mühafiz gəminin yaxınlığıında bir neçə hindi qovaraq bir-iki qılınc və bir xəncərlərini gətirmişdilər. Tanrı təala saxladı.

Əgər tiği-aləm becünbəd zi ca,

Nəbürrəd rəgi tu nəxahəd xuda.



Qılınc dünyanı yerindən oynada bilsə də,

Allahın izni olmadan, bir damar belə kəsməz.

Ertəsi çərşənbə günü Güncayiş gəmisinə minib daş atılan yerin bir az yaxınına getdim və hər gəmiyə ayrı-ayrı vəzifələr müəyyən etdim.

Uğanverdi Moğolun komandanlığında minə yaxın igid hər hansı bir şəkildə suyu keçmək üçün iki-üç küruh daha yuxarıya göndərilmişdi. Bun­lar gedərkən Əsgərinin ordugahının qarşısındakı benqallar iyirmi-otuza qədər gəmiylə suyu keçərək izdihamlı bir piyada qrupu halında hücum etmək is­təyirlər. Bunlar da onların üzərinə atla saldırıb qaçırır, bir neçəsinı yaxa­la­yıb başlarını kəsir, bir çoxunu da oxla vurur, yeddi-səkkiz gəmini ələ ke­çi­rir­lər.

Həmin gün benqallar Məhəmməd Zaman Mirzə olan tərəfdən də bir ne­­­çə gəmiylə suyu keçərək (372b) savaşmaq istəyirlər. Mirzə də öz tərəfin­dən sıxışdıraraq benqalları qaçırır və üç gəminin adamları suda boğulur. Bir gəmini ələ keçirib mənim hüzuruma gətirdi. Orada Baba Çöhrə yaxşı vu­ru­şub şücaət göstərir.

Onların ələ keçirdiyi yeddi-səkkiz gəmini gecə qaranlıqda yuxarı çə­kib daha öncə keçmələrinə qərar verilmiş olan Məhəmməd Sultan, Yekə Xo­ca, Yunus Əli, Uğanverdi ilə adamlarının bu gəmilərlə keçmələri haqqın­da Uğanverdiyə əmrlər ver­dim.

O gün Əsgəridən bir adam gəlib hamısının suyu keçdiklərini və ertəsi günü sabah tezdən -ki cümə axşamı günü olur- düşmənin üzərinə gedəcək­lərini bildirdi. Bu keçənlərin də Əsgəriyə qoşularaq düşmən üzərinə yürü­mə­ləri əmr edildi.

Günorta üstü Ustadın yanından bir adam gəlib daşın hazır olduğunu bil­dirdi. O daşı atmasını və mən gəlincəyə qədər bir daş daha hazırlamasını əmr etdim. İkindi üstü kiçık benqal qayığına minib topların yerləşdirildiyi yerə getdim. Ustad Əliqulu böyük bir daş və bir neçə firəngi atdı.

Benqallar atəş atmaqla məşhurdu. Bu dəfə yaxşı təcrübə etdik: onlar bir yeri nişan alıb atmır, rastgələ atırlar.

İkindi çağı Saru çayıyla onların qarşılarından bir neçə gəmini çəkib ke­çirmələrini əmr etdim. Gəmini çəkən adamlar heç çəkinmədən (373 a) və saxlanmadan bir neçə gəmini çəkib keçirdilər. İsən Teymur Sultan, Toxta Buğa Sultan, Baba Sultan, Arayiş xan və Şeyx Gürənə gəmilərin keçdiyi yer­də qalaraq gəmini qorumalarını əmr etdim.

Oradan dönüb ilk pasda ordugaha gəldim. Gecə yarısına yaxın bir sa­atda yuxarı­ya çəkilən gəmilərdən «Qitələr daha irəliyə getdilər. Gəmini çə­kirdik ki, benqallar gəmilərin bizim tərəfimızdən çəkildiyini duyaraq savaş­mağa girişdilər. Bir gəmiçinin ayağına daş dəydi, ayağı qırıldı, keçə bilmə­dik» xəbəri gəldi.

Cümə axşamı sabahı sipərdəkilərdən də «Yuxarıdakıların hamısı gəldi. Düşmənin atlı­ları atlara minərək bizim gəlməkdə olan qitələrimizə qarşı hə­rəkətə keçdilər» xəbəri gəldi. Dərhal ata minərək axşamüstü suyun bu tərə­finə keçirdiyimiz gəmilərə gəldim. Məhəmməd Sultan Mirzə komandan­lı­ğında suyu keçmələri qərarlaşdırılan birlik­lərə dərhal suyu keçib Əsgəriyə qoşulmaları üçün adam yolladım. İsən Teymur Sul­tan ilə Toxta Buğa Sultan bu gəmilərdə idi, keçməyə başlamalarını əmr etdim. Baba Sultan isə təyin edildiyi yerə hələ gəlməmişdi.

İsən Teymur Sultan dərhal bir gəmiyə minib otuza qırx qədər adamıy­la birlikdə atlarını (373 b) gəminin yanında yedəkdə tutaraq keçdi. Bunların arxasından təkrar bir gəmi yola çıxdı. Bunların keçdiklərini görən benqal­lar­dan izdihamlı bir piyada taqı­mı üstlərinə yürüdü. İsən Teymur Sultanın yed­di-səkkiz adamı atlara minərək bu piyada­ların qarşısına gedib Sultan ata minincəyə qədər qılınc-qılınca savaşaraq piyadaları başqa tərəfə çəkdi. İsən Teymur Sultan da ata mindi. İkinci gəmi də keçdi. Otuz-otuz beş atlı adamla izdihamlı piyadalara qarşı mücadilə edərək onları tamamən məğlub etdi. Çox yaxşı iş gördü. İlk öncə çevik və qətiyyətli davranaraq hər kəsdən öncə keçdi, sonra da izdihamlı piyadaların üstünə az adamla yaxşı yürüyüb onları məğlubiyyətə uğratdı.

Toxta Buğa Sultan da keçdi və digərləri də arxa-arxaya keçməyə baş­ladı. Lahorlu və hindistanlılar öz üsullarına görə, kimisi dəstəklə, kimisi də qamış dəmətiylə keçməyə başladılar.

Bunu görən sipər qarşısındakı izdihamlı benqal gəmiləri də suyun aşa­ğısına doğru qaçmağa başladı. Dərviş Məhəmməd Sarban, Dost eşik-ağa və digər bəzi igidlər sipərin qarşısından keçdilər. Sultanlara adam göndərərək keçənləri yığıb o tərəfdəki qitəyə yaxınlaşınca yanlar­dan yürüyüb düşmənə (374 a) hücum etmələrini söylədim. Sultanlar da keçənləri özlərinə qataraq düşmən tərəfinə üç-dörd topa halında hərəkət etdilər.

Bunlar yaxınlaşınca düşmən piyadaları qabağa keçirib səfini pozma­dan yürüməyə başladı. Əsgəriylə birlikdə yürümələri qərarlaşdırılan qitədən olan Kuki adamla­rıyla birlikdə gəlib yetişdi. O tərəfdən Kuki, bu tərəfdən də sultanlar yetişərək hücum edir və düşməni vurub pozurlar.

Kukinin adamları Bəsənt Rav adlı mötəbər bir kafiri ələ keçirib başını kəsirlər. Bəsənt Ravın on-on beş adamı bunların üzərinə atılır və onları da kəsirlər.

Toxta Buğa Sultan isə düşmənin ön tərəfindən gedib qılınc çəkərək yax­şı vuru­şur. Moğol Əbdülvəhhab ilə kiçık qardaşı də düşmənlə qılınc qı­lınca gəlirlər. Moğol suyu bilmədiyi halda özü zirehli və atı yedəkdə olaraq keçir.

Mənim gəmilərim geridəydi. Gəmilərə adam göndərdim. Fərmayiş gə­misi bir az irəli gəldi. Fərmayiş gəmisinə minib suyu keçərək benqalların dü­şərgəsini gəzdikdən sonra, Güncayiş gəmisinə minib çayın yuxarı qismi haqqında bilgi aldım.

Mir Məhəmməd Caleban Saru çayının bir az yuxarısının keçmək üçün daha yaxşı olduğunu bildirdi. Onun söylədiyi yerdən əsgərin keçməyə başla­ması əmr edildi. Məhəmməd Sultan Mirzə komandanlığında olanlara keç­mə (374 b) əmri verilmişdi. Suyu keçərkən Yekə Xocanın gəmisi batdı və özü də Allahın rəhmətinə qovuşdu. Adamlarını və vilayətini kiçık qardaşı Qa­sım Xocaya ehsan etdim.

Günorta üstü qüsl əsnasında sultanlar gəldi. Özlərini yaxşı qarşılayıb təvəccü­hüm barədə ümid verdim. Əsgəri də o sırada gəldi. Bu, Əsgərinin sa­vaş meydanında ilk işi idi. Uğurlu oldu. O axşam ordugah hələ təzə yerə nəql edilməmiş ol­duğu üçün bir adada Güncayiş gəmisində uyudum.

Cümə günü Saru çayının şimalında Xaride tabe olan Nirhün pərgənə­sinin Kündbə adlı kəndinə endik. Bazar günü isə Kuki adamlarıyla birlikdə xəbər bilmək üçün Hacipura göndərildi.

Keçən il gələndə böyük etibar göstərərək Sarən vilayətini vermiş oldu­ğumuz Şah Məhəmməd Məruf bir neçə yaxşı hərəkətdə bulundu. Öz atasıyla iki dəfə çarpışaraq onu məğlub və əsir etmişdi. Sultan Mahmud [Ludi] xain­lik edərək Beharı zəbt edəndə Bibən ilə Şeyx Bəyazid üzərinə yürüyüncə məcburən onlara qoşulmuşdu. O günlərdə də neçə dəfə ərzi-halı gəlmişdi. Xalq arasında onun haqqında qarışıq sözlər söylənirdi. Əsgəri Heldi keçi­din­dən keçər-keçməz, adamlarıyla bir­likdə gəlib Əsgərini (375a) gördü və onunla birlikdə benqalların üstünə yürüdü. Bu yurdda ikən də gəlib bizə mü­lazimət etdi.

O günlərdə Şeyx Bəyazid ilə Bibəndən arxa-arxaya xəbərlər gəlird: onlar Saru çayını keçmək niyyətində imişlər.

Bu zaman Sənbəldən qəribə bir xəbər gəldi. Əli Yusif [Riqabdar] Sən­bəldə qalıb, oranı yaxşıca ələ keçirib nizama salmışdı. Özü və yaxın ada­mı olan bir təbib eyni gündə Allahın rəhmətinə qovuşmuşlar. Sənbəlin zəbt və rəbti üçün Abdullahın [Kitabdar] oraya getməsinə qərar verildi. Cümə günü, ramazan ayının beşində [=13 may] Sənbələ getməsi üçün Abdullaha izin ve­rildi.

O günlərdə Çin Teymur Sultanın ərzi-halı gəlmişdi. Kabildən mənim ailə üzülərimlə gələn bəylər ona qoşula bilməmişlər. Məhəmmədi və digər bəziləri onunla birlikdə yüz küruh qədər məsafəni aşıb bəlucları tamamən məğlub etmişlər. Abdullah [Kitabdar] vasitəsilə Cin-Teymur Sultan, Sultan Məhəmməd Dulday, Məhəmmədi və orada olan digər bəylərə fərmanlar gön­dərərək onların da Cin-Teymur Sultan ilə birlikdə Aqrada toplaşmaları, hazırlıqlı olmaları və düşmənlər hansı tərəfə getsələr, oraya hərəkət etmələri əmr edildi.

Bazar ertəsi günü, ayın səkkizində [=l6 may] yanına Şeyx Camaliyi göndərdiyimiz Dərya xanın (375 b) nəvəsi Cəlal xan bütün mötəbər əmirləri ilə birlikdə gəlib mülazimət etdi. Bir müddət əvvəl qulluğunu göstərmək üz­rə Yəhya Nuhani də kiçık qardaşını göndərmiş və məndən fərman almışdı, o da həmin gün gəlib mülazimət etdi.

Yeddi-səkkiz min nuhani və əfqan bəzi ümidlərlə gəlmiş olduqları üçün onların ümidlərini qırmayaraq Behardan bir kürur xassə mülkü edib bundan əlli lek də Mahmud xan Nuhaniyə ehsan etdim. Qalan qismi Cəlal xana verildi, o da bağlılığının işarəsi olaraq bir kürur verməyi qəbul etdi. Bu pulun yığımı üçün Molla Qulam yasavul göndərildi. Məhəmməd Zaman Mir­zəyə Cunepur vilayəti verildi.
NÜSRƏT ŞAH İLƏ SÜLH BAĞLANMASI
Cümə axşamı günü, Xəlifənin [Nizaməddin Əli Barlas] Qulam Əli ad­lı adamı yanıma gəldi. O, İsmayıl Mitadan bir az əvvvəl şahzadə Müngirin Əbülfəth adlı adamıyla birlikdə haqqında danışılan üç şərtı götürmüşdü. Qulam Əli bu Əbülfəth ilə birlikdə şahzadə Müngir ilə vəzir Həsən xan Lən­gərin Xəlifəyə yazmış olduqları məktubları da gətirdi. O, üç şərti kabul edib Nüsrət şah işini öz üzərinə alaraq sülh təklifində bulunurdu. Bu səfər asi əf­qanlarm dəf edilməsi üçün gerçəkləşmişdi. Bu asilərin bəziləri başlarını alıb getdilər, bəziləri də gəlib xidmətkarlıq və qulluğu (376 a) qəbul etdilər. Qalan önəm­siz bir qismi isə benqalın köməkçiləri idi. Onları da benqallar öz öhdələrinə aldılar.

Yağmur mövsümü də yaxınlaşmışdı. Onun üçün biz də onun qarşı­lı­ğında bəhs edilən şərtlər daxilində sülhü qəbul etdiyimizi bildirdik.

Şənbə günü İsmayıl Cilvani, Adil xan Nuhani və Övliya xan İşraqi beş-altı əmirlə birlikdə gəlib mülazimət etdilər.

Yenə həmin gün İsən Teymur Sultan ilə Toxta Buğa Sultana mükafat olaraq kəmərli qılınc, kəmərli xəncər, zirehli paltar, xələtlər və cins atlar, İsən Teymur Sultana Narnul pərgənəsindən otuz altı lek, Toxta Buğa Sulta­na isə Şəmsabad pərgənəsindən otuz lek ehsan edilərək yükündürüldülər.

Bazar ertəsi günü, ayın on beşində [=23 may] Behar və benqal tərəfi­ni təskin etdikdən sonra Saru çayının sahilində yerləşən Kündbə civarındakı yurddan haramxor Bibən ilə Şeyx Bəyazidi dəf etmək niyyətilə əzm-cəzm edib yürüdük. Arada iki dəfə dincəldikdən sonra çərşənbə günü Sikəndər­purun Çetürmük Çuparə adlı keçidi üzərinə endik. Əsgər də o gündən eti­barən keçməyə başladı.

Bu alçaqların Saru ilə Gəgərdən keçib Leknuya doğru hərəkət etdik­ləri haqqında arxa-arxaya xəbərlər gəlməyə başladı. Bunların irəlilə­mələrini əngəlləmək üçün türk və hind əmirlərindən Sultan Cəlaləddin Şərqi, Əli xan Fərmüli, Turdukə və Nizam xan Biyani, Tolmuş Özbək, Qurban Çərxi və Hüseyn xan (376 b) Dəryaxani komandanlığında olan qüvvələr təyin edilərək cümə axşamı axşamı yola düşmələri üçün onlara izin verildi.


BİR MÖVSÜM YAĞMURU FIRTINASI
O axşam təravihdən sonra bir pas və beş geri olmuşdu. Mövsüm yağ­muru bulud­ları boşanıb bir anda elə bir tufan oldu, elə müdhiş bir fırtına qopdu ki, hardasa yıxılma­yan heç çadır qalmadı.

Mən çadır içində yazı yazırdım, kağızlarımı və kitablarımı ylğmağa vaxt qalmadı, çadır üst qismiylə birlikdə başıma uçdu. Çadırın pəncərəsi parça-parça ol­du, tanrı qorudu, heç bir zərəri toxunmadı. İslanan yazı və ki­tablar çətinliklə yığıla bildi. Bunları qırmızı xalçanın içinə qoyub dürdük, stolun altına qoyaraq üstünü kilimlə örttük.

İki geri sonra yağmur dindi. Yataq çadırını qurdurub şam gətirtdim və çətinliklə od qalayaraq sabaha qədər uyumadan kağızları və kitabları qurut­maqla uğraşdım.

Cümə axşamı günü çayı keçdim. Cümə günü ata minərək Harid və Si­kən­dərpuru gəzdik. O gün Abdullah [Kitabdar] ilə Baqi mənə Leknurun düşmən tərəfindən zəbt edil­diyini yazmışdılar. Şənbə günü gedib Baqiyə [Şiğavul] qatılmaq üzərə Kuki adamlarıyla birlikdə öndən göndərildi.

Bazar günü Baqiyə qoşulub mən yetişincəyə qədər əllərindən gələni əsirgəməmələri üçün Sultan Cüneyd Barlas ilə Həsən Xəlifəyə və (377 a) Molla Apağın camaati ilə Mömin Atəkənin böyük və kiçık qardaşlarına izin verildi. O gün ikindi üstü Şah Məhəmməd Mərufa xassə xələt və cins bir at ehsan edilib getməsinə izin verildi. Ona keçən ilki üsula uyğun olaraq Sarə­ni təxsisat və Kündləyi də oxçula­ra maaş olaraq ehsan etdik.

Yenə o gün İsmayıl Cilvaniyə Sərvardan yetmiş iki lek təxsisat, xassə xələt və cins bir at ehsan edilərək getməsnə izin verildi. Adil xan Nuhani başda olmaq üzrə onunla birlikdə gələnlərə də Sərvardan təxsisatlar təyin edilib getmələrinə izin verildi. Hər birinin bir kiçık qardaşının və ya oğlu­nun Aqrada daimi mülazimətdə bulunmasına qərar verildi.



Güncayiş Arayiş gəmiləri ilə birlikdə yeni ələ keçən benqal gəmilə­rindən se­çilmiş olan iki gəmini Tirmühani yoluyla Qazipura, Asayiş ilə Fərmayiş gəmilərini də Sarunun yuxarısına doğru orduyla birlikdə götürmək işi benqallar tapşırıldı.

Behar ilə Sərvar tərəfini sakitləşdirdikdən sonra bazar ertəsi günü Çe­türmukün Çupara keçidindən Saru sahilini təqib edərək Ud tərəfinə doğru hərəkət edildi. On küruh məsafə gedib Fəthpura tabe olan və Kilirə deyilən (377 b) bir kəndin yanında Saru sahilinə endik. Erkən hərəkət edənlər yolu çaşaraq Fəthpurun böyük gölünə varmışlar. Yaxındakı əsgərləri geri qaytar­maq üçün bir neçə adam göndərildi. Göl sahilində dincəldikdən sonra oraya enmiş olan əsgərləri ertəsi gün ordugaha gətirməsi üçün Kiçık Xocaya mək­tub göndərildi.

Ertəsi gün oradan qalxıb yarı yoldan Asayiş gəmisinə mindim və yu­xa­rıdakı yur­da qədər gəmini çəkdirərək gəldim. Yolda Xəlifə mənim, yanı­ma Baqinin yanından gələn Şah Məhəmməd Divanənin oğlunu gətirdi. Lek­nu xəbərini dəqiqləşdirdim: şənbə günü, rama­zan ayının on üçündə [=23 may] düşmən hücum edir, lakin heç bir şey edə bilmir. Savaş zamanı bir ara­ya yığılmış olan quru otlar və qamış od tutur. Kurqanın içi təndir kimi qızır. Divar üzərində yürümək mümkün olmur və beləcə düşmən kurqanı ələ keçirir. Amma iki-üç gün sonra bizim geri qayıtdığımızı xəbər alınca çəkilə­rək Delmut tərəfinə doğru hərəkət edir.

O gün də on küruh qədər yol alıb Sikri pərgənəsinin Cəlisir adlı kəndi­nin yanı­na, Saru sahilinə endik.

Çərşənbə günü heyvanların dincəlməsi üçün o yurdda qaldıq. Bəzilə­ri Şeyx Bəyazid ilə Bibənin Qanqdan keçərək (378 a) Çünar və Cun civa­rından irəliləyərək özlərini sipahilərinə doğru çatdırmaq niyyətində olduqla­rını söylədilər. Bəyləri çağırdım və onlarla danışıb məsləhətləşərək Gunepur vilayəti qarşılığında Çünar və digər bəzi pərgənələri almış olan Məhəmməd Zaman Mirzə ilə Sultan Cüneyd Barlasın Mahmud xan Nuhani, Qazı Ciya və Tac xan Sarənghani ilə birlikdə gedib Çünarda düşmənlərin yolunu kəs­mələrinə qərar verildi.

Cümə axşamı günü erkəndən qalxıb Saru çayından ayrılaraq on bir küruh irəliləyib Persərudan keçdik və eyni çayın sahilində düşərgə saldıq. Bəyləri dəvət edib məsləhətləşdikdən sonra İsən Teymur Sultan, Məhəm­məd Sultan Mirzə, Toxta Buğa Sultan, Qasım Hüseyn Sultan, Bixub Sultan, Müzəffər Hüseyn Sultan, Qasım Xoca, Cəfər Xoca, Zahid Xoca, Can bəy [Can Məhəmməd] və Əsgərinin adamlarıyla bir­likdə Kiçık Xoca, hind əmir­lərindən [Cəlal xan Cighetin oğlu] Aləm xan Kalpi, Məlikdad Kərrani və Ra­vuy Sərvani komandanlığındakılar ordunun ana qismindən ayrılaraq Bə­yazid ilə Bibənin arxasından Dəlmut tərəfinə sürətlə yürümələri üçün tap­şırıq aldılar.

Bu Persəruda abdəst alırdım ki, şam ışığına çoxlu balıq toplanaraq su üstünə çıxdı. Mən və yanımdakılar əllə xeyli balıq tutduq.

Cümə günü Persərunun qollarından birinin basma endik. Çox kiçık bir çaydı. Əsgərlərin gedib gəlməsindən bulanmaması üçün üst tərəfində (378 b) hövzi-kəbirlik bir yerini abdəst üçün düzəltdirdim. Ayın iyirmi yeddinci gecəsini [=3 iyun] bu yurdda keçirdik. Ertəsi gün buradan qalxıb Tus çayını keçərək endik. Bazar gü­nü də bu çayın sahilinə endik.

Bazar ertəsi günü, ayın iyirmi doqquzunda da [=6 iyun] bu Tus çayı­nın sahilində güşərgə saldıq. O axşam havanın o qədər açıq olmamasına bax­mayaraq bir neçə adam ay gördülər və qazı önündə şəhadət etdilər. Ay başı sabit oldu. Çərşənbə axşamı gününün sabahı bay­ram namazını qılıb hərəkət etdik. On küruh gedib Tayikdən bir küruh uzaqlıqda Guy çayının sa­hilinə endik. Günortaya yaxın məcun yedik. Şeyx Zeyn, Molla Şəhab və Xandəmirə yalnızca bu beyti göndərib çağırdıq:

Şeyx, Molla Şəhabü Xandəmir,

Gəlin üç-üç, iki-iki, bir-bir..

Dərviş Məhəmməd [Sarban], Yunus Əli və Abdullah [Kitabdar] da ora­da idilər. İkindi üstü güləşçilər güləşdilər.

Çərşənbə günü də o yurdda qaldıq. Çeşdə yaxın bir vaxtda məcun ye­dik. Tac xanı Çünardan çıxarmaq üçün getmiş olan Məlik Şərq o gün gəldi. O gün də pəhlivanlar güləşdilər. Daha öncə gəlmiş olan Udi Pəhlivan o gün­lərdə gələn (379 a) bir hind pəhlivanı ilə güləşərək onu yıxdı. Yəhya Nu­ha­niyə Sərvardan təxsisat olaraq on beş leklik yer verilib bir dəst libas geydi­ri­lərək getməsinə izin verildi.

Ertəsi gün on bir küruh gedib Guy çayını keçərək o çayın sahilinə en­dik. İlqar gedən sultan və bəylərin Dəlmuta çatdıqları, lakin Qanq çayını hə­lə keçmədikləri xəbəri alındı. Buna əsəbiləşdim; Qanq çayını dərhal keçib düşməni təqib etmələri və Cundan da keçərək Aləm xanı [Cəlal xan Cighet] özlərinə qoşub sürətlə asilərə hücum etmələri üçün fərmanlar göndərildi.

Guydan qalxdıq və arada bir dəfə dincəldikdən sonra Dəlmuta gəldik. Həmin gün əsgərin böyük bir qismi Qanq üzərindəki keçiddən keçdi. Ordu keçdikdən sonra keçiddən aşağıda yerləşən adada məcun yedik.

Suyu keçərək endiyimiz yurdda əsgərin gecikənləri üzündən bir gün qaldıq. O gün əsgəriylə birlikdə Baqi Daşkəndi də gəlib mülazimət etdi.

Qanq çayından hərəkət etdik və arada bir dəfə dincəldikdən sonra Gü­varənin yanında Erind çayının sahilinə endik. Dəlmutdan Güvarəyə qədər iyirmi iki küruh tutdu. Cümə axşamı günü də o yurddan qalxıb Adəmpur pər­gənəsinin önünə endik.

Müxalifləri təqib məqsədilə çayı keçə bilmək üçün (379 b) mövcud gə­miləri gətir­mək üzrə gəmicilərdən bir-ikisi daha öncədən Kalpiyə gön­də­rilmişdi. Orada dincəldiyimiz axşam bir neçə gəmi gəldi. Çayda keçid də tapıldı. Yurd tozlu olduğu üçün mən adada oturdum. Orada olduğumuz bir ne­çə gün boyunca mən adada qaldım.

Müxaliflər haqqında dəqiq bir məlumat alına bilmədiyi üçün Baqi Şiğavul Uddakı igidlərlə birlikdə sudan keçirilərək düşməndan xəbər tutmaq üçün göndərildi. Ertəsi cümə günü ikindi üstü Baqi bəyin nökəri gəldi. Şeyx Bəyazid ilə Bibənin önçülərini məğlub edərək Mübarək xan Cilvani adlı yax­şı bir adamıyla digər bir neçə adamını öldürüb bir neçə baş və bir əsir gön­dərmişdi. Sabah olanda isə Baqi [Şiğavul] ilə birlikdə gedən Şah Hü­seyn Bəxşi gəldi, düşmənin önçüsünün yenildiyini və oradakı xəbərləri mü­fəssəl bir şəkildə anlatdı. O gecə, yəni bazar gecəsi ayın on üçündə Cun çayı yüksəldi, sabah bu adanı tamamilə su basdı. Bir ox atımı daha aşağıda yerlə­şən başqa bir adaya gedərək çadır qurdurub oturdum.

Bazar ertəsi günü Cəlal Daşkəndi ilqar gedən sultan və bəylərin ya­nından gəldi. Şeyx Bəyazid ilə Bibən ilqar xəbərini alınca Məxubə pər­gə­nəsindən qaçmışlar. (380 a)

Yağmur mövsümü yaxınlaşmışdı. Beş-altı ay boyunca fasiləsiz səfər­de olan əsgər və heyvanlar da yorulmuşdular. Onun üçün ilqar gedən sultan və bəylərə Aqra və civarından təzə və qüvvətli ilqar gəlincəyə qədər ol­duqları yerdə qalmaları əmr edildi. O gün ikindi üstü Baqi Şiğavul ilə ud əs­gərinə getmək üçün izin verildi. Əsgərin dönüb Saru çayından keçdiyi za­man gəlmiş olan Musa Məruf Fərmüliyə də təxsisat üçün Əmərxardan otuz leklik pərgənə təyin edilib bir dəst xassə paltar və yəhərli bir at ehsan edi­lərək Əmərxara getməsinə izin verildi.
AQRAYA QAYIDIŞ
Bu tərəflərdəki əndişə ortadan qalxınca çərşənbə axşamı gecəsi üç pas bir geri sonra sürətlə Aqraya hərəkət etdik. Ertəsi gün on altı küruh yol gəlib çeştə yaxın bir vaxtda Kalpiyə tabe olan Bəladər deyilən pərgənədə yemək yeyib atlara da arpa verdikdən sonra axşam üstü oradan hərəkət etdik. O gecə on üç küruh yol yürüyüb üçüncü pas­ta Kalpi pərgənələrindən Sugend­purda Bahadır xan Sərvaninin məzarının yanında uyuduqdan sonra sabah namazını qılıb oradan təkrar atlandıq. On altı küruh gedib günortaya doğru Ətavəyə gəldik. Mehdi Xoca qarşılamağa çıxdı. Gecənin ilk pasında oradan hərəkət etdik və yolda bir az uyuduqdan sonra on altı küruh (380 b) yol alıb Rabirinin Fəthpuruna endik. Günorta namazından bir az əvvəl Fəthpurdan hərəkət edərək on yeddi küruh yol alıb gecənin ikinci pasında Aqranın Həşt-Behişt bağına endik.

Ertəsi cümə günü, Məhəmməd Bəxşi ilə digər bəziləri gəlib mülazimət etdilər. Günortaya yaxın Cundan keçib Xoca Əbdülhaqa mülazimət etdikdən sonra qalaya gedib xalalarımı gördüm.

Bəlxli bir bostancını qovun əkməsi üçün burada qoymuşduq. Bir neçə qovunu qoru­yub saxlamışdı, gətirdi. Olduqca yaxşı qovunlardı. Həşt-Behişt bağında bir-iki üzüm meynəsi əkdirmişdim. Onun da gözəl üzümləri olmuş­du. Şeyx Gürən də bir səbət üzüm göndərmişdi, pis deyildi. Hindistanda qovun və üzümün bu qədər yetişməsi məni çox sevindirdi.

Bazar gecəsi iki pas olmuşdu ki, [Hümayunun anası] Mahım bəyim gəldi. Biz cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] səfərə çıxmışdıq. Qə­ribə bir təsadüf əsəri o da eyni gündə Kabildən hərəkət etmişdi.

Cümə axşamı günü, zülqədə ayının ilk günündə [=7 iyul] böyük di­vanxanada bir divan toplantısında ikən Hümayun ilə Mahımın hədiyyə­lərini gətirdilər. O gün Məğ­fur Divanın bir adamına bu məqsəd üçün tutulmuş yüz əlli adam verilərək qovun, üzüm (381 a) və meyvə gətirmək üzərə Kabilə göndərildi.

Şənbə günü, ayın üçündə, mühafiz olaraq Kabildən gələn və Əli Yusi­fin [Riqabdar] ölümü dolayısıyla Sənbələ göndərilmiş olan Hindu bəy [Ko­çin] gəlib mülazimət etdi. Hüsaməddin Əli Xəlifə də eyni gün Əlvardan gəlib mülazimət etdi. Ertəsi gün də Əli Yusifin ölümü dolayısıyla Sənbələ göndərilmiş olan Abdullah [Kitabdar] Tirmühanidən gəldi.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin