Şahqulu Gicəki: İraqdandır. Xorasana gəlib saz məşq edərək şöhrət qazandı. Bir çox nəqş, pişrov və hava bəstələmişdir.
Hüseyn Udi: udu zövqlə çalır, zövqlü şeylər oxuyurdu. Udda bir simlə çalan o olmuşdur. Yeganə qüsuru çox nazlanaraq çalmasıydı. (182 b) Bir dəfə Şeybani xan ona çalmağı əmr edir. İstəmədiyi üçün həm pis çalır, həm də öz sazını gətirməyərək pis bir saz gətirir. Şeybani xan fərqinə varır və elə oradaca ona xeyli zopa vurmağı əmr edir. Şeybani xanın dünyada gördüyü yeganə yaxşı işi bu olmuşdur. Həqiqətən, yaxşı iş görmüşdür. Belə həriflər bundan daha artığına layiqdir.
Qulam Şadi də bəstəkarlardan biri olub Şadi xanəndənin oğluydu. Düzdür, saz çalırdı, lakin sazəndələr cərgəsində çalmırdı. Yaxşı sövtləri və gözəl nəqşləri vardır. O dönəmdə onun qədər nəqş və sövt bəstələyən adam yoxdu. Axırda Şeybani xan onu Qazan xanı Məhəmməd Əmin xanın yanına göndərdi, sonra ondan bir xəbər alınmadı.
Mir Azu: saz çalmırdı, yalnız bəstəkardı. Az hava bəstələmişdir, lakin zövqlü havaları vardır.
Bənnai: bəstəkardı, yaxşı sövt və nəqşləri vardır.
Misilsiz bəstəkarlardan biri də Pəhlivan Məhəmməd Busəid idi. Pəhlivanlıqda məşhur idi. Şeir də söyləyirdi, sövt və nəqşlər də bəstələyirdi. Çahargahdan yaxşı bir nəqşi vardır. Xoşsöhbət bir adamdı. Pəhlivanlıqla bəstəkarlıq məziyyətini özündə cəmləşdirməsi qəribədir.
Sultan Hüseyn Mirzə vəfat edəndə mirzələrdən Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzə onun yanında idilər.
Müzəffər Hüseyn Mirzə Mirzənin ən sevdiyi oğlu, Məhəmməd Burunduq Barlas da onun ixtiyar sahibi bəyi və atəkəsi, anası Xədicə bəyim də (183 a) Mirzənin etibarlı arvadı olduğu üçün və Mirzənin adamları daha ziyadə Müzəffər Mirzəyə təmayül göstərdikləri üçün belə bir fikir vardı ki, Bədiüzzaman Mirzə tərəddüd edərək oraya gəlməz. Müzəffər Hüseyn Mirzə ilə Məhəmməd bəy şəxsən gedib könlündəki tərəddüdü ortadan qaldıraraq Bədiüzzaman Mirzəni gətirdilər.
Sultan Hüseyn Mirzəni Herata gətirib şahanə bir mərasim və ayinlə öz tikdirdiyi mədrəsəsinə dəfn etdilər. O zaman Zünnun bəy Arğun da orada idi. Məhəmməd Burunduq bəy, Zünnun bəy və Sultan Hüseyn Mirzədən qalan və bu iki Mirzə ilə birlikdə olan digər bəylər toplanıb fikir birliyinə vararaq Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzəni Herat taxtına ortaq bir şəkildə çıxardılar.
Bədiüzzaman Mirzənin qapısında ixtiyar sahibi Zünnun bəy, Müzəffər Hüseyn Mirzənin qapısında isə ixtiyar sahibi Məhəmməd Burunduq bəydi. Şəhərin valisi olaraq Bədiüzzaman Mirzə tərəfindən Şeyx Əli Tağayi, Müzəffər Mirzə tərəfindən isə Yusif Əli Göyəldaş təyin edildi. Bu, qəribə bir işdi. Heç bir zaman padşahlıqda ortaqlıq eşidilməmişdir. Şeyx Sədinin Gülüstandakı bu sözünün tərsi oldu:
Dəh dərviş dər kilime bexoftənd,
Və dü padşah dər iqlime nəgoncənd.
On dərviş bir kilimindəüstündə yatar,
Halbuki iki padşah bir iqlimə sığışmaz.
KABİL - 912 (24 MAY 1506 - 13 MAY 1507)
DOQQUZ YÜZ ON İKİNCİ İLİN HADİSƏLƏRİ
BABURUN XORASANA DOĞRU YÜRÜŞÜ
Məhərrəm ayında [=1506 may-iyun] özbəkləri dəf etmək üçün (183 b) biz Xorasana yürüməyə qərar verərək Gur-Bənd və Şibertu yoluyla hərəkət etdik. Cahangir Mirzə o vilayətdən narazı çıxmış olduğu üçün əgər aymaqları öz yanına çəksə, bəzi fitnə və fəsadçıların bir çox qarışıqlıq törədə biləcəklərini düşünərək, aymaqları dərhal ələ keçirmək üçün Üşdür-Şəhərdə öz uruğumu və onun qorunması üçün də Vəli Xəzinə[çi] ilə Dövlət Qədəm Qaravulu qoyub oradan yüngül təchizatla və sürətlə hərəkət etdim.
O gün Zöhhak qalasına gəldik. Oradan Künbəzək keçidini aşaraq Sayğan üzərindən Dəndan-Şikən keçidindən keçib Kahmərd çayırına endik. Sultan Məhəmməd Dulday ilə birlikdə Seyid Əfzəl Xabbin Kabildən hərəkət etməmizin keyfiyyətini bildirmək üzərə Sultan Hüseyn Mirzəyənin yanına göndərildi.
Cahangir Mirzə bir az geridə qalmış və iyirmi-otuz adamıyla Bamyan tərəfinə gəlirmuş. Bamyana yaxınlaşanda geridə qoyduğumuz uruğa aid çadırlarımızı görüb bizim də orada olduğumuzu zənn edir və dərhal geri qayıdır. Ordugahına çatan kimi dərhal qalxaraq, arxalarına baxmadan Yekə çayırın civarına gedirlər.
Şeybani xan Bəlxi mühasirəyə almışdı. Bəlxdə o günlərdə Sultan Qulucaq olurdu. Şeybani xan iki-üç sultanı üç-dörd min adamla birlikdə Bədəxşana axın üçün göndərdi.
O əsnada [Bədəxşan bəylərindən] Mübarək şahla Zübeyr də gəlib [Baburun kiçık qardaşı] Nasir Mirzəyə qoşulmuşdular. (184 a) Gərçi əvvəlcə aralarında anlaşmazlıq və inciklik vardı. Kişmin aşağısında yerləşən Şahdanda və Kişm çayının şərq tərəfində əsgərləri ilə mövqe tutmuşdular.
Bu özbəklər sabaha qarşı basqına gəlib Kişm çayını keçərək Nasir Mirzənin üzərinə hücum etdilər. Nasir Mirzə dərhal təpəyə çəkilib adamlarını yığıb şeypur çaldırdı və təpədən aşağıya yürüyərək çarpışmaya başlayan kimi özbəklər geri çəkildilər. Onların keçib gəldikləri Kişm çayı yüksəldiyi üçün özbəklərin çoxu ox və qılıncla öldürüldü, bir çoxu əsir düşdü, suda da xeyli adam öldü.
Mübarək şah ilə Zübeyr isə Mirzədən bir az yuxarıda, Kişm tərəfində idilər. Onların üzərinə göndərilən özbəklər onları təpəyə doğru sıxışdırdılar. Nasir Mirzə düşmənini qaçıranda bu vəziyyəti xəbər alaraq dərhal onların üstünə yürüdü. Yuxarıdan Kuhistan bəyləri də atlı və piyada adamlarını yığıb gəlincə özbəklər savaşa bilməyərək qaçdılar. Bunlardan da bir çox adam ox və qılıncla öldürüldü, ya da suda boğuldu. Bəlkə minə, min beş yüzə qədər özbək öldü. Bu Nasir Mirzənin parlaq bir qələbəsi idi. Bu xəbəri bizə Kahmərd ovasında ikən Nasir Mirzənin adamı gətirdi.
Biz o civarda ikən əsgərlərimiz Guri və Dəhanə tərəflərinə gedib ərzaq gətirdilər. (184 b) Orada olduğumuz müddət ərzində Xorasana göndərilmiş olan Seyid Əfzəl ilə Sultan Məhəmməd Duldayın məktubları gəldi. Bu məktublarda Sultan Hüseyn Mirzənin ölümü xəbər verilirdi. Bu xanədanın namusunu qorumaq üçün Xorasan tərəfinə yürüməyə davam etdik. Gərçi bu yürüyüşdə başqa səbəblər də yox deyildi.
Əcər dərəsinin içindən keçib Tüb, Mendaqan və Bəlxab yoluyla enib Kuhi-Safa çıxdıq. Özbəklərin San və Çəhar-Yekə axın etdiyi xəbərini alınca Qasım bəyi əsgərlə birlikdə bu axınçıların üstünə göndərdik. Bunlar da özbəklərə rast gəlib onları məğlub edərək bir çox baş kəsib gətirdilər.
Cahangir Mirzəyə və aymaqlara adamlar göndərdik. Onlardan xəbər alıncaya qədər bir neçə gün Kuhi-Saf yaylasında qaldıq. Bu civarın geyiyi olduqca çoxdur. Bir dəfə ova çıxdıq.
Bir-iki gün sonra bütün aymaqlar gəlib sədaqətlərini bildirdilər. Cahangir Mirzə də aymaqlara dəfələrlə adamlar göndərmişdi. Bir dəfə də İmaməddin Məsudu göndərdi, amma aymaqlar getmədilər və mənim yanıma gəldilər. Axırda Mirzə də məcbur qaldı və Kuhi-Safdan Dəreyi-Baya enəndə gəlib məni gördü. Biz Xorasanın qayğısında olduğumuz üçün Mirzəyə baxmadan və artıq aymaqlardan da çəkinmədən Gərzəvan, Əlmar, Qeysər və Çiçəkdu üzərindən yürüyərək Fəxrəddin-Ölümündən keçib Badğisə tabe olan Dəreyi-Bam deyilən yerə gəldik. (185 a)
Hər tərəf qarışıq olduğu və hər kəs əl atıb vilayətdən və xalqdan bəzi şeylər aldığı üçün biz də o civardakı aymaq və türklərdən öz adımıza vergi kəsib bəzi şeylər almağa başladıq. Bu bir-iki ay içində bəlkə də üç yüz tümən kibəki1 alınmışdır.
Bizdən bir neçə gün öncə Xorasan ilqarı və Zünnun bəyin adamları Pənd-Dih və Mərvçaqda özbək axınçılarını məğlub edib xeyli özbəyi öldürmüşlər.
Bədiüzzaman Mirzə, Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas və Zünnun Arğunun oğlu Şah [Şüca] bəylər Bəlxdə Sultan Qulucaqı mühasirə edən Şeybani xanın üzərinə yürüməyə qərar verərək bu niyyətlə Heratdan hərəkət etdilər və Sultan Hüseyn Mirzənin bütün oğullarına adamlar göndərib çağırdılar.
Badğisə gələndə isə Əbülmöhsün Mirzə Mərvdən gəlib Çihil-Doxtəranda onlara qoşuldu. Onun arxasından İbn Hüseyn Mirzə də Tün və Qayından gəldi. Kibək Mirzə isə Məşhəddə idi. Ona da bir neçə dəfə adam göndərdilər. Lakin o xoş görünməyəcək sözlər söyləyərək namərdlik edib gəlmədi. Onun kini Müzəffər Mirzəyə idi və «O padşah olsa, mən onun yanına necə gedərəm» deyirdi. Belə bir zamanda bütün böyük və kiçık qardaşlar bir araya yığılıb (185 b) ağızbirliyi edərək Şeybani xan kimi bir düşmənin üstünə əzmlə yürüməkdə ikən belə lüzumsuz bir qürur göstərib gəlmədi. Bunun səbəbini qüruruna yazsa da, hər kəs bunu onun namərdliyinə bağlayacaqdır. Bu dünyada məqsəd insanın yaxşı işlərinin qalmasıdırsa, ağlı olan bir adam özündən sonra pis sayılacaq belə bir hərəkəti niyə etməlidir, şüuru olan bir adam özündən sonra yaxşı sayılacaq belə bir işə niyə diqqət göstərməsin.
Zikri-namira həkiman ömhi-sani qoftəənd.
Həkimlər adın yad edilməsini ikinci ömür saymışlar.
Mənim yanıma da elçilər gəldi. Sonra Məhəmməd Burunduq Barlas şəxsən gəldi. Mən də niyə getməyim dedim və yüz-yüz iyirmi ağac yolu bu məqsədlə yürüdüm. Məhəmməd Bəy ilə birlikdə hərəkət etdim. O əsnada mirzələr Mürqaba gəlmişdilər.
BABURUN SULTAN HÜSEYN MİRZƏNİN
OĞULLARI İLƏ GÖRÜŞMƏSİ VƏ HERATA GETMƏSİ
Bazar ertəsi günü cəmadiyülaxır ayının səkkizində (=26 oktyabr 1506) mirzələrlə görüşüldü. Əbülmöhsün Mirzə yarım küruh məsafədən qarşılamağa gəlmişdi. Yaxınlaşınca mən bu tərəfdən atdan endim, Əbülmöhsün o tərəfdən atdan endi və yürüyərək gəlib görüşdük, təkrar atlara mindik.
Bir az irəlilədikdən sonra, ordugahın yaxınında Müzəffər Mirzə ilə İbn Hüseyn Mirzə bizi qarşılamağa gəldi. Bunlar yaş baxımından Əbülmöhsün Mirzədən kiçıkdilər, ona görə də ondan daha əvvəl qarşılamağa gəlmələri lazım idi. Amma hər halda bu gecikmə (186 a) və qüsur, kibirdən və ya məni incitmək üçün olmayıb sərxoşluq və əyyaşlıq üzündən olmuşdur. Müzəffər Mirzə israr etdiyi üçün at üstündə görüşdük. İbn Hüseyn Mirzə ilə də bu şəkildə görüşdük.
Sonra gəlib Bədiüzzaman Mirzənin qapısına endik. Böyük bir izdiham toplanmışdı. İzdiham o qədər çox idi ki, bu izdihamda bəziləri ayaqları yerə dəymədən üç-dörd addım gedirdi. İşi-gücü üçün getmək istəyənlər özlərindən asılı olmadan üç-dörd addım geriyə sürüklənirdi.
Bədiüzzaman Mirzənin divan çadırına çatdıq. Qərarlaşdırıldığına görə, mən çadıra girincə sayğı göstərərək yükünəcəkdim və Bədiüzzaman Mirzə də yerindən qalxıb bir qədər gələcək və sonra görüşəcəkdik. Mən çadıra girincə bir dəfə yükündüm və durmadan yürüdüm. Bədiüzzaman Mirzə isə yerindən bir az yavaş qalxıb bir az ləng yürüdü. Qasım bəy [koçin] mənim sadiq adamlarımdan biri idi və mənim namusum onun namusuydu, qurşağımdan çəkdi. Durumun fərqinə vararaq daha yavaş yürüdüm və qərarlaşdırılmış olan yerdə görüşdük.
Bu böyük ağ çadıra dörd döşək qoymuşdular. Bədiüzzaman Mirzənin ağ çadırları mütlək yan qapılı olurdu və Mirzə daima bu qapının yanında otururdu. Bir döşəyi bu qapının yanına qoymuşdular; Bədiüzzaman Mirzə ilə (186 b) Müzəffər Mirzə bu döşəkdə oturdular. Bir döşək də sağ tərəfə, yuxarıya qoymuşdular, Əbülmöhsün Mirzə ilə mən bu döşəkdə oturduq. Bədiüzzaman Mirzənin döşəyindən aşağıya və sol tərəfə də bir döşək qoymuşdular, bu döşəyə isə Mirzənin bəyi və Qasım Hüseyn Sultanın atası olan özbək Şeybani sultanlarından Qasım Sultan ilə İbn Hüseyn Mirzə oturdular. Mənə qoyduqları döşəkdən aşağı, sağ tərəfimə bir döşək daha qoymuşdular, Cahangir Mirzə ilə Əbdürrəzzaq Mirzə də o döşəkdə oturdular. Məhəmməd Burunduq bəy, Zünnun bəy Arğun və Qasım bəy isə sağ tərəfimdə, Qasım Sultan ilə İbn Hüseyn Mirzədən xeyli aşağıda oturdular.
Yemək verildi. Söhbət olmadığı halda yemək verilən yerə masa qoyub altın və gümüş sürahiləri masa üzərinə düzdülər. Əvvəllər bizim atalarımız və ağalarımız Çingiz törəsinə çox riayət edirdilər. Məclisdə, divanda, şölən və yeməkdə oturmaq və qalxmaqda bu törədən kənara çıxmazdılar. Çingiz xanın törəsi mütləq şəkildə ona riayət edilməsi gərəkən sərt bir qanun deyildir. Lakin bir adamdan yaxşı bir nizam qalmışsa, ona uyğun hərəkət etmək lazımdır, atalar pis bir iş görmüşlərsə bunu yaxşı bir işlə əvəz etmək gərəkdir.
Yeməkdən sonra atlara minib endiyimiz yerə gəldim. Bizim ordugah ilə (187 a) mirzələrin ordugahının arasında bir şeri məsafə vardı.
İkinci dəfə getdiyim zaman da Bədiüzzaman Mirzə birinci dəfə olduğu kimi yenə hörmət göstərmədi.
Məhəmməd Burunduq bəy ilə Zünnun bəy [Arğun] vasitəsilə bunu çatdırdım: «Gərçi yaşım kiçıkdür, lakin törəm böyükdür. Ata taxtı olan Səmərqəndi iki dəfə müharibə ilə alıb orada oturmuşam. Bu ailə üçün yadla, yağı ilə kim mənim qədər mücadilə etmişdir. Mənə qarşı sayğı göstərməmək yaraşmaz». Bu ağla uyğun sözlər söylənincə etiraf etdilər və mənə sayğı göstərmə işini yerinə yetirdilər.
Bir dəfə də Bədiüzzaman Mirzənin yanına gedəndə günortadan sonra idi və içki məclisi oldu. Mən o zamanlar içki içmirdim. Gözəl və süslü bir məclis idi. Süfrədə hər cür məzə vardı. Toyuq və qaz kababları, hər növ yemək ikram etdilər. Bədiüzzaman Mirzənin məclisini çox tərifləyirdilər. Həqiqətən, əndişəsiz və rahat bir məclis idi. Mürqab sahilində olduğumuz vaxt ərzində Mirzənin içki məclisində iki-üç dəfə iştirak etdim, içki içmədiyimi bildikləri üçün təklif etmədilər.
Müzəffər Mirzənin məclisinə də bir dəfə getdim. Hüseyn Əli Cəlair və Mir Bədir də Müzəffər Mirzənin yanındaydılar, (187 b) o məclisdə iştirak edirdilər. Kefi gəlincə Mir [Seyid] Bədir rəqs etdi və gözəl rəqs etdi. Bu rəqs hər halda Mir Bədirin öz icadıdır.
Mirzələr Heratdan hərəkət edib bir-birlərinə katılaraq yığışıb Mürqaba gələnə qədər üç-dörd ay vaxt keçdi. Sultan Quluçaq sıxışaraq Bəlx qalasını özbəklərə təslim etdi. Özbəklər də Bəlxi aldıqdan sonra Mirzələrin bir yerə toplandıqlarını xəbər alaraq Səmərqəndə geri qayıtdılar.
Bu mirzələr söhbətdə, məclislərdə və insanlara olan rəftarda qüsursuz olsalar da, hərb sənətinin hiylələrindən və kələklərindən iraq, dava-döyüşün şücaətindən uzaq idilər.
Mürqabda olduğumuz zaman Haxnəzər Çapanın dörd-beş yüz adamla gəlib Çiçəkdu civarını yağmaladığı xəbəri gəldi. Bütün mirzələr yığışmış olduqları halda bu yağmacıların üstünə heç cürə ilqar göndərə bilmədilər. Halbuki Mürqab ilə Çiçəkdu arası on ağac məsafədir. Bu işi mən öz üzərimə almaq istədim. Amma bunu namus məsələsi edərək mənə də izin vermədilər.
Şeybani xan geri qayıtdığı və il də artıq gecikilmiş olduğu üçün mirzələrin bu qışı uyğun bir yerdə keçirərək, düşməni dəf etmək üçün yazda birlikdə hərəkət etmələri qərara alındı.
Mənə Xorasan civarında qışlamağı təklif etdilər. Kabil və Qəznə qarışıqlıqla dolu yerlər olduğu üçün türklər və moğollar, aymaqlar və məiyyətlər, əfqanlardan və həzarələrdən çeşitli xalq və el Kabilə (188 a) yığışmışdı. Üstəlik, Xorasan ilə Kabil arası ən qısa olan dağ yolu ilə qar və buz maneəsi olmasa bir ay qədər sürən bir yoldu, ovalıq üzərindən isə qırx-əlli günlük yoldu. Bundan başqa, vilayət də hələ mənə könül bağlamamışdı və tərəfdarlarımızdan heç kim bizim burada qışlamamızı doğru saymırdı.
Mirzələrə üzrümüzü söylədik, lakin qəbul etmədilər, daha artıq israr etdilər. Nə qədər məzur görmələrini söylədiksə, təkliflərində bir o qədər israr etdilər. Axırda Bədiüzzaman Mirzə, Əbülmöhsün Mirzə və Müzəffər Mirzə çadırıma qədər gəlib qışda burada qalmağı təklif etdilər. Mirzələrin üzünə «xeyr» deyə bilmədik.
Belə padşahların şəxsən özlərinin gəlib burada qalmağı təklif etmələri ilə yanaşı məndə dünyanın insanlarla məskun yerlərində bir bənzəri daha olmayan və özəlliklə də Sultan Hüseyn Mirzənin dönəmində və onun idarəsi altında gözəlliyi və işıltısı on, hətta iyirmi misli artmış olan Heratı görmək arzusu da çox idi. Bu üzdən burada qalmağı qəbul etdik.
Əbülmöhsün Mirzə öz vilayəti olan Mərvə getdi. İbn Hüseyn Mirzə də Tün və Qayına getdi. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzələr də Herata hərəkət etdilər. İki üç gün sonra mən də arxalarından Çihil-Doxtəran və Daş-Ribat yoluyla Herata doğru yürüdüm.
Bütün bəyimlər, Payəndə Sultan bəyim, mənim bibim Xədicə bəyim, Apağ bəyim və Sultan Əbu Səid Mirzənin qızları olan digər bibi bəyimlərin hamısı Sultan Hüseyn Mirzənin mədrəsəsində toplandılar. Bütün bəyimlər (188 b) Mirzənin məqbərəsindəydilər, gedib onları gördüm. Öncə Payəndə Sultan bəyim ilə yükünərək görüşdüm. Ondan sonra Apağ bəyim ilə yükünmədən görüşdüm. Sonra Xədicə bəyim ilə yükünərək görüşdüm.
Bir müddət orada oturduq və hafizlər Quran oxuduqdan sonra Xədicə bəyimin çadırı qurulan güney tərəfindəki mədrəsəyə getdik. Xədicə bəyim tərəfindən yemək verildi.
Yeməkdən sonra Payəndə Sultan bəyimin evinə getdim. O gecə orada qaldım. Əvvəlcədən mənə Baği-Nevdə bir yer təyin etmişdilər. Ertəsi gün gəlib Baği-Nevə endim və Baği-Nevdə bir gecə qaldım. Sonra onu da uyğun görməyərək Əlişir bəyin [Nəvai] evlərini təyin etdilər və Heratdan gedənə qədər Əlişir bəyin evlərində qaldım.
Hər iki-üç gündə bir dəfə gedib Baği-Cahanarada Bədiüzzaman Mirzənin hüzuruna çıxardım.
MÜZƏFFƏR MİRZƏNİN DƏVƏTİ
Bir neçə gün sonra Müzəffər Mirzə məni evinə dəvət etdi. Müzəffər Mirzə Baği-Səfiddə otururdu. Xədicə bəyim oradaydı. Cahangir Mirzə də mənimlə birlikdə gəldi. Xədicə bəyimin hüzurunda yemək verildikdən sonra Müzəffər Mirzə bizi Babur Mirzənin tikdirmiş olduğu Tarabxana adlı imarətə götürdü. Tarabxanada içki məclisi quruldu.
Tarabxana bağın ortasında yerləşir, iki qatlı, bir az kiçık, lakin olduqca şirin bir imarətdir. Üst qatına bir az artıq bəzək vurmuşlar. Dörd guşəsində dörd hücrə vardır. Bundan başqa, bu dörd hücrənin arasındakı və ortadakı boşluq tamamən bir ev içidir. (189 a) Hücrələrinin arası dörd şahnişin şəklində tikilmiş bir həyətdir. Bu evin hər guşəsi rəsmlərlə süslüdür. Bu imarəti Babur Mirzə tikdirsə də, bu təsvirlər Sultan Əbu Səid Mirzənin əmri ilə çəkilmişdir və onun meydan müharibələrini və çarpışmalarını əkc etdirir.
Şimal tərəfdəki şahnişinə üzbəüz iki döşək qoydular, döşəklərin yanları şimala doğruydu. Bir döşəkdə Müzəffər Mirzə ilə mən oturdum, digər döşəkdə də Sultan Məsud Mirzə ilə Cahangir Mirzə oturdular. Müzəffər Mirzənin evində qonaq olduğumuz üçün Müzəffər Mirzə məni özündən yuxarıya oturtmuşdu.
Saqilər şərab piyalələrini doldurub dolaşaraq məclisdəkilərə təqdim etməyə, məclisdəkilər də bu saf şərabları abi-həyat kimi içməyə başladılar. Məclis qızışdı, şərablar başa vurdu. Məni də içirmək və bu məclisə daxil etmək niyyətindəydilər.
Mən gərçi bu vaxta qədər başıma vuracaq dərəcədə şərab içmir və sərxoşluğun necə olduğunu bilmirdım, lakin şərab içməyə arzum vardı və bu vadidən keçməyi könlüm istəyirdi. Uşaqlıqda içkiyə meylim yoxdu və şərabın ləzzətini bilməzdim. Bəzən atam şərab təklif edəndə üzr istəyir (l89 b) və qəbul etməzdim. Atamdan sonra Xoca [Mövlana] Qazının uğurlu təsiri ilə zahid və müttəqi idim. Şərab içmək o yana, şübhəli yeməklərdən belə sa-qınırdım. Sonraları gənclik həvəsi ilə nəfsimə yenilərək şəraba meylim ortaya çıxdı, lakin təklif edəcək bir adam yoxdu, hətta şəraba meylimin olduğunu bilən də yoxdu. Meylim olsa da, o zamana qədər tutmadığım bir işi öz-özünə etmək çətin idi.
«Madam ki bu qədər təklif edirlər və bütün eyş-işrətin səbəb və vasitələri mükəmməl və hazırdır, Herat kimi arəstə bir şəhərə gəlmişik, indi də içməsəm, nə zaman içərəm» deyə düşündüm və içməyə qərar verərək bu vadidən keçməyə əzm etdim. Lakin «Bədiüzzaman Mirzə böyük qardaşdır. Onun əlindən və onun evində içməyib kiçık qardaşının əlindən və kiçık qardaşının evində içsəm, xatirinə bir şey gəlir» deyə düşündüm və bu tərəddüdümü dilə gətirdim. Bu sözümü məqbul görüb məclisdə bir daha şərab təklif etmədilər. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin birlikdə olduqları bir zamanda hər iki mirzənin təklifiylə içməmə qərar verildi.
Məclisdə xanəndələrdən (190 a) Hafiz Hacı ilə Cəlaləddin Mahmud Neyi vardı. Qulam Sadinin kiçık qardaşı Şadi Beçə çəng çalırdı. Hafiz Hacı gözəl oxuyurdu. Heratlılar xəfif, nazik və düz oxuyur. Cahangir Mirzənin Mir Can adlı səmərqəndli bir xanəndəsi vardı, zildən, sərt və usulsüz oxuyurdu. Cahangir Mirzə keiflənincə onun oxumasını əmr etdi. Çox zildən, sərt və zövqsüz oxudu. Xorasanlılar zərifdirlər, onun bu oxumasından biri qulağını tutdu, digəri də üzünü turşutdu, lakin Mirzəyə görə heç kim ona mane ola bilmədi.
Axşamdan sonra Tarabxanadan Müzəffər Mirzənin tikdirmiş olduğu yeni qış evinə gəldik. Bu evə gələndə çox sərxoş olan Yusif Əli Göyəldaş qalxıb rəqs etdi. Üsul sahibi bir adamdı; yaxşı rəqs etdi. Bu evə gələndə söhbət möhkəm qızışdı. Müzəffər Mirzə mənə kəmərilə birlikdə bir qılınc, quzu dərisindən bir kürk və cins bir boz at verdi. Bu evdə Canik bir türkü söylədi. Müzəffər Mirzənin Kəttə Mah və Kiçık Mah adlı oğulları vardı. Sərxoş olub bir az zövqsiz masqaralıqlar elədilər, şənlik axşama qədər davam etdi. Məclis dağıldı. Mən o gecə o evdə qaldım.
Qasım bəy mənə şərab təklif etdikləri xəbərini duyub Zünnun bəyin yanına adam göndərmiş, Zünnun bəy də mirzələrə nəsihət edircəsinə sərt sözlər söyləmiş, onlar da şərab təklifindən tamamən vaz keçmişlər (l90 b).
BƏDİÜZZAMAN MİRZƏNİN DƏVƏTİ
Bədiüzzaman Mirzə Müzəffər Mirzənin qonaqpərvərliyini eşidib Baği-Cahanaradakı Müqəvvixanadə bir məclis quraraq məni dəvət etdi. Bizim bəzi içkiləri və igidləri də dəvət etdilər.
Mənim yanımdakılar mənim üzümdən içmirdilər. Ayda və ya qırx gündə bir dəfə içəndə də qapıları bağlayıb qorxa-qorxa içirdilər. Belə adamları dəvət etdilər. Oraya gedəndə də ya məndən oğrun, yahud da əlləri ilə gizləyərək min cür sıxıntıyla içdilər. Düzdür, mənim tərəfimdən məclisdə olanlara ümumi bir izin verilmişdi, çünki bu məclis atam və ya böyük qardaşımız kimi sayılacaq bir adamın məclisi idi.
Məclisə müəllih [salxım söyüd] gətirdilər. Təbii, yoxsa süni olduğunu bilə bilmədiyim saçlarının arasına kimsanı1 uzununa incə-incə kəsib qoymuşdular. Gözəl görünürdu.
Bu məclisdə mənim önümə qaz kababı qoydular. Quş parçalamadığım və doğramadığım üçün əlimi vurmadım. Bədiüzzaman Mirzə «Niçin buyurmursunuz» dedi. Mən də «Doğramaqdan acizəm» dedim. Bədiüzzaman Mirzə dərhal mənim önümdəki qazı alıb parçalayıb doğrayaraq təkrar önümə qoydu. Belə (191 a) işlərdə Bədiüzzaman Mirzə misilsiz bir adamdı. Məclisin Axırda mənə dəgərli daşlarla bəzənmiş kəmərli bir xəncər, bir kürk və cins bir at verdi.
BABUR HERATI GƏZİR
Heratda qaldığım iyirmi gün ərzində hər gün ata minib görmədiyim yerləri gəzirdim. Bu gəzintilərdə bələdçiimiz Yusif Əli Göyəldaş idı. Hər seyr yerinə gələndə o, başqa bir yemək ikram edirdi.
Bu iyirmi gün içində məşhur seyr yerlərindən Sultan Hüseyn Mirzənin xanəgahından başqa görmədiyim yer bəlkə də qalmamışdır. Qazürgah, Əlişir bəyin [Nəvai] bağı, kağız dəyirmanı, Təxti-Asitanə, Püli-Gah, Kəhdistan, Baği-Nəzərgah, Nemətabad, Qazürgah xiyabanı, Sultan Əhməd Mirzənin sərdabəsi, Təxti-Səfər, Təxti-Nəvai, Təxti-Bərkər, Təxti-Hacı bəy, Şeyx Bahaəddin Ömər, Şeyx İzzəddin və Mövlana Əbdürrəhman Caminin məzar və məqbərələri, Namazgahi-Muxtar, Hövzi-Mahiyan, Saqi-Salman, əvvəlki adı Əbülvəlid olan Billuri, İmam-Fəxr, Baği-Xiyaban, Mirzənin mədrəsələri və məqbərələri, Gövhərşad bəyimin mədrəsə, məqbər və məscid camisi, Baği-Zağan, Baği-Nev, Baği-Zübeydə, Sultan Əbu Səid Mirzənin tikdirdiyi və İraq darvazasının dışında yerləşən Ağ-Saray, (191 b) Puran, Süffeyi-Tirəndəzan, Çərgöləng, Əmir Vahid, Püli-Malan, Xoca-Tağ, Baği-Səfid, Tarabxana, Baği-Cahanara, Köşk, Müqəvvixana, Süsənixana, Dəvazdəh, Bürc, Cahanaranın şimal tərəfindəki böyük hovuz və dörd tərəfindəki dörd imarət, qalanın ön darvazası, Darvazeyi-Məlik, Darvazeyi-İraq, Darvazeyi-Firuzabad, Darvazeyi-Xoş, Darvazeyi-Qıpçaq, Məlik-Bazarı, çarşı, şeyxülislam mədrəsəsi, Məliklərin məscid camisi, Baği-Səhər, Bədiüzzaman Mirzənin Cuyi-Əncir sahilindəki mədrəsəsi, Əlişir bəyin yaşadığı və Ünsiyyə dedikləri evləri, məqbərəsi və Qüdsiyyə dedikləri məscid camisi, mədrəsəsi, Xilasiyyə və İxlasiyyə dedikləri xanəgahı, hamam, Səfaiyyə və Şəfaiyyə dedikləri darüşşəfası - bunların hamısını bu qısa zaman içində gəzdim.
Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi anası Həbibə Sultan bəyim bu fətrətlərdən bir az öncə özü ilə birlikdə Xorasana gətirmiş imiş, Bir gün mən əkəmi görməyə gedəndə anası ilə gəlib məni gördü. Onu görəndə məndə ona qarşı böyük bir arzu oyandı. Gizlicə adamlar göndərib əkəm və yengəmlə -Payəndə Sultan bəyimə (192 a) əkə, Həbibə Sultan bəyimə yengə deyirdim- danışaraq yengəmin qızını yanına alıb mənim arxamdan Kabilə gəlməsini qərarlaşdırdıq.
Məhəmməd Burunduq bəy ilə Zünnun bəy Arğun mənim burada qışlamam üçün çox qeyrət edirdilər. Lakin qışlamaq üçün bir yer göstərmədikləri kimi, bunun üçün gərəkli olan şeyləri da təmin etmirdilər.
Qış gəldi və aradakı dağlara qar yağdı. Kabil tərəfindən da nigarançılığımız hələ çox idi. Bunlarsa nə qışı keçirə biləcək bir yer verir, nə də qışlamağa uyğun bir yer göstərirdilər.
Dostları ilə paylaş: |