Nargil: ərəblər ərəbləşdirərək narcil deyirlər, hindistanlılar isə nalir deyirlər. Hər halda qələti-məşhurdur1.
Nargilin meyvəsi Hindistan qozudur və qara qaşıqları ondan düzəldirlər. Böyüklərindən gəmi ipləri düzəldirlər. Ağacı xurma ağacı ilə eynidir, yalnız nargilin budağı daha yarpaqlı, yarpağının rəngi isə daha parlaqdır. Eynən qozun olduğu kimi nargilin də dışında yaşıl bir qabığı var, lakin nargilin qabığı yarıq-yarıqdır. Çay qayıqlarının hamısını və gəmilərin iplərini bu nargilin qabığından düzəldir, qayıqların çatlarını da bunun ipiylə tikirlər.
Nargilin qabığı təmizlənincə bir başında üçbucaq şəklində üç dəlik yeri meydana çıxır, ikisi sərt, biri yumşaqdır. Bu yumşaq yeri cüzi basdıqda dəlinir. Dəyməzdən əvvəl nargilin içi su olur. Bu dəliyi açıb suyunu alırlar. Dadı pis deyil, xurma pendirinin suda əzilmişi kimidir.
Tar: bunun budaqları təpəsində (286 a) olur. Tara da xurmada olduğu kimi kuzə bağlayaraq suyunu alıb içirlər. Bu suya tari deyirlər, bunun kefi xurma suyundan daha qüvvətli olurmuş.
Tar budaqlarının bir-bir yarım kariyə qədər heç yarpağı yoxdur. Ondan sonra ucunda otuz-qırx yarpaq birdən çıxır. Bu yarpaqların uzunluğu bir kari qədərdir. Hindlər öz yazılarını əsasən –eynən dəftər kimi- bu yarpaqlara yazırlar. Hindistanlılar geniş dəlikli qulaqlarına taxmağa sırğa tapa bilməyəndə bu tar yarpağından sırğa dzəldib qulaqlarına asırlar. Qulaq dəliyinə qoymaq üçün tar yarpağından düzəlmiş sırğalar bazarlarda satılır.
Gövdəsi xurma ağacının gövdəsindən daha gözəl və daha düzdür.
Portağal və bənzərləri: portağal Ləmqanat, Bəcur və Sevadda çox gözəl olur. Ləmqanatda bir az kiçık və oyuqludur. Fövqəladə gözəl, incə qabıqlı və şirəlidir. Xorasan civarının portağalına bənzəmir. Qabığınun incəliyinə görə Ləmqanatdan on üç-on dörd ağac məsafədə olan Kabilə gətirilinə qədər bəzi portağallar xarab olur.
Əstərabad portağalını iki yüz yetmiş-iki yüz səksən ağac məsafədə olan Səmərqəndə qədər aparırlar, qabığı qalın və şirəsi az olduğu üçün (286 b) o qədər xarab olmur. Bəcur portağalları heyva boydadır, şirəsi çoxdur və digər portağalların şirəsindən daha turşdur. Xoca Kəlan mənə dedi ki, Bəcurda bu cins portağalı bir ağacdan dərib saymış və yeddi min dənə olduğunu görmüşlər. Narınc sözünün ərəbcələşmişə bənzədiyini daima düşünürdüm və elə imiş. Bəcur və Sevad əhalisi narınca daim narəng deyir.
Limon: fövqəladə çoxdur. Yumurta boyda və yumurta şəklindədir. Zəhərlənmiş bir adam onun kökünü qaynadıb içsə, zəhərin təsirini yox edir.
Turunc: portağala bənzər bir meyvədir. Bəcur və Sevad əhalisi baling deyir. Buna görə turunc qabığınun mürəbbəsinə mürabbeyi-baling deyirlər. Hindistanda isə turunca bəcuri deyirlər.
Turunc iki növdür. Biri şirindir, lakin zövqsüz və mədə bulandıran bir daddadır, yeməyə yaramır, lakin qabığı mürəbbəyə yarayır. Ləmqanatın turuncu belə mədə bulandıran bir daddadır. Biri də Bəcur və Hindistan turunclarıdır ki, turşdur, lakin turşluğu xoş olur. Şərbəti fövqəladə gözəl və ləzzətlidir.
Turunc Xosrovi-qovun boydadır. Qabığı buruşuq və düzənsizdir. Ucu incə və çıxıntılıdır. Turuncun rəngi portağalınkından bir az daha sarıdır. Ağacı isə gövdəli bir ağac deyil, bir az kiçıkdir və koma-koma (287 a) olur. Yarpağı portağalınkından daha böyükdür.
Səngtarə: portağala bənzər bir meyvədir. Rəngi və şəkli turunc kimidir. Yalnız bunun qabığı buruşuq olmayıb düzdür və turuncdan bir az daha kiçıkdir. Ağacı böyükdür, qaysı ağacı qədərdir. Yarpağı portağal yarpağına bənzəyir. Gözəl bir turşluğu var. Şərbəti çox ləzzətli və dadı xoşdur. Bu da eynən limon kimi qəbizliyə səbəb olur və portağal kimi yumşaldıcı deyildir.
Uluğ-limu [böyük limon]: portağala bənzər bir meyvədir. Hindistanda qəlqəl limu deyirlər. Forması qaz yumurtasına bənzəyir, lakin onun əksinə, iki ucu elə sivri deyil. Qabığı da səngtarəninki kimi düzdür. Çox şirəli olur.
Çənbiri: portağala bənzər bir meyvədir. Şəkli portağal kimidir, lakin rəngi sarıdır və portağal rəngində deyildir. Ətri turunc ətrinə bənzəyir. Bunun da turşluğu gözəldir.
Sədafəl: portağala bənzər, armud formasında bir meyvədir, rəngi heyva rəngi kimidir. Çox şirindir, lakin şirin portağal qədər mədə bulandıran deyil.
Əmrədpəl: portağala bənzər bir meyvədir.
Kərnə: bu, qəlqəl-limu boydadır. Bu da turşdur.
Əməlbid: portağala bənzər bir meyvədir. Üç ildən sonra indi gözümə dəydi. Deyilənə görə, içinə bir iynə (287 b) saplansa, turşuluğundan və ya başqa bir özəlliyindən iynəni əridər. Turşuluğu portağal və limon qədərdir.
HİNDİSTANIN ÇİÇƏKLƏRİ
Hindistanda gözəl çiçəklər vardır.
Casun: bu çiçəklərdən biridir və bəzi hindistanlılar ona kərhəl deyir. Bu, ot deyil, qızılgül fidanından bir azca hündürdür. Rəngi nar çiçəyindən daha açıq yaşıldır. Qızılgül boydadır. Lakin qızılgül qönçə olduqdan sonra birdən açılır, amma bu casun açıldıqdan sonra ortasından açılan yarpaqdan incə bir zoğ çıxır və bir barmaq boyu uzandıqdan sonra təkrar casun yarpaqları açılır. Nəhayət, üst-üstə qonmuş qətmərli bir çiçək olur. Qəribə bir şeydir desəm, səhv olmaz.
Ağacının üstündə fövqəladə dərəcədə möhtəşəm və gözəl görünür. Di gəl ki, çox qalmır, bir günün içində solub gedir. Dörd ay sürən yağmur mövsümü boyunca fövqəladə gözəl və çox açılır. İlin böyük bir hissəsində açılır. Çox olmasına baxmayaraq ətri yoxdur.
Kənir: ağı və qırmızısı da olur. Şaftalı çiçəyi şəklində beş yarpaqlıdır. Qırmızı kənirin şaftalı çiçəyinə bənzərliyi vardır. Kənir çiçəyinin on dördü- on beşi bir yerdə açılır və uzaqdan çox böyük bir çiçək kimi görünür. Bunun koması də qızılgül fidanından bir az böyükdür. Qırmızı kənirin olduqca xoş bir ətri vardır və gözəldir. Bu çiçək də yağmur mövsümündə çox və gözəl açılır, (288 a) ilin böyük hissəsində görünür.
Kiyura: fövqəladə lətif bir ətri var. Müşkün çatışmayan cəhəti quru olmasıdır, buna təzə müşk demək olar. Qəribə bir görünüşü var. Çiçəyinin uzunluğu bir yarım-iki qarış olur. Yarpağının şəkli qamış yarpağı kimi uzun və tikanlıdır. Qönçə kimi yığılmış olan dış ləçəkləri daha yaşıl və daha tikanlı, daxili ləçəkləri isə yumşaq və ağdır, daxili ləçəklərinin arasında çiçəyin özəyi kimi bir şey olur və gözəl ətir buradan gəlir.
Yeni açılan və hələ kol təşkil etməyəni erkək qamış başağına bənzəyir. Bunun yarpağı daha yastıdır. Tikanlı halda çox görkəmsizdir, kökləri dışarıdadır.
Yasəmən: ağdır. Buna cəmbuli deyirlər. Bizim tərəfin yasəmənlərindən daha böyük və daha ətirlidir.
HİNDİSTANDA ZAMAN VAHİDLƏRİ
Bizim tərəflərdə dörd fəsil, Hindistanda isə üç fəsil var. Dörd ay yay, dörd ay yağmur fəsli, dörd ay da qış olur. Aylarının başlanğıcını hilala görə hesablayırlar. Hər üç ildə bir yağmur fəsli aylarına, üç ildə bir qış aylarına, üç ildə bir də yaz aylarına bir ay əlavə edirlər. Bu aylar visokos1 (288 b) ayları sayılır.
Çitar, bisaq, çit və əsar yay aylarıdır. Bunlar hut [balıq], həməl [qoç], səvr [buğa] və cövzaya [ekizlər bürcü] uyğun gəlir. Savən, badun, küvar və katik yağmur mövsümü aylarıdır. Bunlar sərətan [xərcəng], əsəd [şir, aslan], sünbülə [başaq, qız] və mizana [tərəzi bürcü] uyğundur. Aqan, pus, maq və fagün qış aylarıdır. Bunlar isə əqrəb, qövs [yay, oxatan], cədi [oğlaq] və dəlv [dolça] bürclərinə2 müvafiqdir.
Hind eli dörd ay olaraq müəyyənləşdirdiyi fəsillərin hər birində iki ayı istinin, iki ayı yağmurun, iki ayı da soyuğun şiddətli olduğu ay saymışdır. Yay aylarının son iki ayı çit ilə əsardır şiddətli isti bu iki aydadır. Yağmur fəslinin ilk iki ayı savən ilə badundur, şiddətli yağmur bu iki aydadır. Qış fəslinin ortadakı iki ayı pus ilə maqdır, şiddətli soyuq da bu iki aydadır. Bu münvalla bunların fəsillərinin sayı altı olur.
Həftənin günlərinə də adlar vermişlər: şənbə saniçer, bazar eytvar, bazar ertəsi somvar, çərşənbə axşamı manqalvar, çərşənbə budvar, cümə axşamı prispatvar, cümə isə sükrvar adlanır.
Bizim vilayətlərdə gecə-gündüzü iyirmi dördə bölüb hər birinə saat, hər saatı da altmışa bölüb hər birinə dəqiqə demişlər. Bir gecə-gündüz min dörd yüz qırx dəqiqə olur. Dəqiqənin uzunluğu təxminən altı (289 a) dəfə Fatihə surəsini bismillah ilə birlikdə oxuyuncaya qədərdir ki, bir gecə-gündüzdə səkkiz min altı yüz qırx dəfə bismillah ilə birlikdə Fatihə surəsi oxuna bilər.
Hind elində isə gecə-gündüzü altmış qismə bölüb hər birinə geri, gecəni və gündüzü ayrı-ayrı dörd qismə bölüb hər birinə pəhər demişlər ki, bunun farscası pas olur.
Bizim tərəflərdə pas və pashan sözləri eşidilirdi, lakin belə bir özəlliyi olduğu bilinmirdi. Bu iş üçün Hindistanın bütün böyük şəhərlərində geriyali adlanan müəyyən və xüsusi bir icma var. Bürüncdən qab kimi yastı bir şey qoymuşlar, böyüklüyü sini, qalınlığı isə iki barmaq qədər olar. Bu bürünc şeyə geriyal deyirlər. Bu geriyalı yüksək bir yerə asmışlar. Bir də tasları var: cam-saat. Bunun altı dəlikdir, hər geridə bir dəfə dolur. Geriyalilər növbə ilə bu tası suya qoyub gözləyirlər. Məsələn, gün doğarkən tası qoyurlar, tas bir dəfə dolanda toxmaqlarıyla geriyala bir dəfə vururlar, iki dəfə dolsa iki dəfə. Pəhər bitincəyə qədər belə edirlər. Hər pəhər başa çatanda toxmağı geriyala tez-tez və qüvvətli bir şəkildə vururlar. Gündüzün ilk pəhəri olmuşsa, tez-tez vurduqdan (289 b) sonra bir azca duraraq bir dəfə daha vururlar. Əgər ikinci pəhər olmuşsa, tez-tez vurduqdan sonra iki dəfə vururlar. Üçüncüsündə üç, dördüncüsündə dörd dəfə vururlar. Gündüzün dörd pəhəri tamam olunca gecə pəhərindən başlayaraq bu şəkildə gecənin dörd pəhərini də tamamlayırlar.
Əvvəlcə geriyalilər hər dəfə gecə və gündüz pəhəri tamamlananda pəhər işarəsini vururdular. Amma gecə yuxudan oyananlar üç və ya dörd geri üçün vurulan səsi eşidəndə ikinci və ya üçüncü pəhərdən hansısı olduğu başa düşmürdülər. Onun üçün mən əmr etdim ki, gecələr və buludlu gündüzlər zamanı geriləri vurduqdan sonra pəhərin işarəsini də vursunlar. Məsələn, gecənin ilk pəhərindən üç gerini vurduqdan sonra bir azca durub təkrar pəhərin işarəsini də vursunlar ki, bu üç gerinin ilk pəhərə aid olduğu bəlli olsun. Gecənin üçüncü pəhərindən dörd geri vurduqdan sonra bir azca durub pəhərin işarəsi olan üçü vursunlar ki, bu dörd gerinin üçüncü pəhərə aid olduğu bilinsin. Çox yaxşı oldu. Gecələr oyanan adam nə zaman geriyal səsi eşitsə, bunun hansı pəhərdən və neçə geri olduğu bu şəkildə anlamış olurdu.
Bir də hər gerini altmışa bölüb hər birinə pel demişlər, hər gecə (290 a) və gündüz üç min altı yüz peldir. Hər pelin müddətini altmış dəfə gözü açıb yumuncaya qədər keçən zaman olaraq müəyyən etmişlər ki, gecə və gündüz iki yüz on altı min dəfə gözü açıb yumuncaya qədər sürür. Təcrübə edildi və bir peldə səkkiz dəfə bismillah ilə birlikdə qulhuvallah surəsi oxuna bildi ki, gecə-gündüz ərzində iyirmi səkkiz min səkkiz yüz dəfə bismillah ilə birlikdə qulhuvallah surəsi oxuna bilər.
HİNDİSTANDA İŞLƏNƏN ÖLÇÜ VƏ ÇƏKİ VAHİDLƏRİ
Bir də hind elində ölçüləri gözəl müəyyən etmişlər: səkkiz reti bir maşə, dörd maşə bir tank, yəni otuz iki reti, beş maşə bir misqal, yəni qırx reti, on iki maşə bir tülə, yəni doxsan altı reti, on dörd tülə bir sər deməkdir. Hər yerdə qırx sər bir batman olaraq qəbul edilmişdir. On iki batman bir mani, yüz mani bir minasədir. Qızıl və mirvarini tanq ilə çəkirlər1.
Hind elində ədədləri də gözəl müəyyənləşdirmişlər: yüz min bir lek, yüz lek bir kürur, yüz kürur bir ərb, yüz ərb bir kərb, yüz kərb bir nil, yüz nil bir pədəm, yüz pədəm bir sanq deməkdir. Bu ədədlərin çoxluğu Hindistanın zənginliyinə bir dəlildir.
Hindistan əhalisinin böyük bölümü kafirdir və hind xalqı kafirə hindu deyir. Hinduların çoxu tənasühə inanır. İşçilər, muzdlular və xidmətçilər də hamısı hindudur1.
Bizim vilayətlərdə köçəri xalqın öz qəbilələrinə görə xüsusi adları var. Burada da vilayət və kəndlərdə yaşayan (290 b) əhalinin qəbilələrinə görə adları var. Hər peşə sahibi o peşə ilə dədə-babadan bəri məşğuldur.
Hindistan lətafəti az olan bir yerdir. Əhalisində gözəllik, yaxşı rəftar və tərbiyə, aralarında xoş münasibət, təb, idrak və ədəb, kərəm və mürüvvət yox, hünər və işlərində üsul və intizam, qayda və düzən, yaxşı at və yaxşı ət, üzüm, qovun və yaxşı meyvələr, buz, soyuq su, bazarlarında yaxşı yemək və yaxşı çörək, hamam, mədrəsə, şam, məşəl və şamdan yoxdur.
Divti dedikləri çoxsaylı və kirli bir zümrə var ki, bunlar sol əllərində şam və məşəl yerinə kiçicik bir üçayaq tuturlar. Bu üçayağın bir ayağının ucundan şamdan başına bənzəyən bir dəmiri üçayağın ağacına bağlayır, baş barmaq yoğunluğuda bir fitili də üçayağın ağaca saplı olan dəmir ayağına bağlayırlar. Sağ əllərində isə dəliyi bir az dar açılmış olan bir çanaq tuturlar. Yağ oradan sızır. Fitilə nə zaman yağ lazım olsa bu çanaqdan qoyurlar. Şam və məşalə yerinə bundan istifadə edirlər. Böyük adamların bunlar kimi yüz- iki yüz divtiləri var.
Padşahın və ya bəylərin gecə şama ehtiyacı olan bir işi olsa, bu çirkin divtilər (291 a) bu lampanı gətirib onların yanında dururlar.
Çay və yeraltı suları ilə çuxurlarda yığılan suların dışında bağ və binalarında axarsu yoxdur. Binalarında səfa, hava, gözəllik və nizam yoxdur.
Qullar və aşağı təbəqə tamamilə çılpaq gəzir. Lüngutə deyilən bir şeyi bağlayır və göbəkdən aşağı iki qarışlıq bir bez parçası asırlar. Bu asılan bez parçasının üstündə bir bez parçası daha var. Bunun bir ucunu lüngutənin ipinə bağlayır, digər ucunu isə iki budun arasından keçirərək lüngutənin arxa bağından keçirib bərkidirlər. Qadınları uzun bir lüng bağlayır. Yarısını bellərinə bağlayır, yarısını başlarına örtürlər.
HİNDİSTANIN MƏZİYYƏTLƏRİ
Hindistanın məziyyəti böyük bir vilayət olmasıdır. Burada altın və axça çox olur.
Yağmur mövsümündə havaları fövqəladə gözəldir. Bəzi günlərdə on-on beş dəfə yağır. Yağmur zamanı sellər yaranır. Heç su olmayan yerlərdə çaylar axır. Yağış yağanda və yağışdan sonra hava çox gözəl olur. O dərəcədə ki, etidalının və lətafətinin bənzəri yoxdur. Qüsuru budur ki, havası çox rütubətli olur. Yağmur mövsümündə bizim tərəflərin yaylarıyla əsla ox atmaq olmaz, yay pozulur. (291 b) Rütubət yalnız yaylara deyil, zireh, kitab, qumaş və mala da təsir edir. Bina da çox davam gətirmir.
Yağmur mövsümünün dışında qışda və yayda hava yaxşıdır, lakin durmadan şimal küləyi əsir və toz çox olur. Yayda yağmur mövsümünə yaxın buğa və ekizlər ayında bu külək ildə dörd-beş dəfə fövqəladə şiddətli əsir və toz o dərəcədə qatı olur ki, adamlar bir-birini görə bilmir. Bu külək andi adlanır1.
Ekizlər ayı isti keçir, lakin o qədər də bürkü olmur. Bəlxin və Qəndəharın istisinin yarısı qədər yoxdur.
Hindistanın başqa bir məziyyəti hər sinif və peşə ərbabının lap çox olmasıdır. Hər iş və hər şey üçün xüsusi olaraq seçilmiş insanlar var, bunlar dədə-babadan bəri bu işi görürlər. Necə ki Molla Şərəf Zəfərnamə adlı əsərində Teymur bəyin daş məscidi tikilərkən Azərbaycan, fars, Hindistan və digər məmləkətlərin daş ustalarından hər gün iki yüz adamın məsciddə işlədiyini xüsusi qeyd etmişdir.
Mənim tikintilərimdə isə yalnızca Aqrada yerli daş ustalarından hər gün altı yüz səksən adam çalışırdı. Bir də Aqra, Sikri, Biyanə, Dulpur, Güvalyar və Kulda min dörd yüz doxsan bir daş ustası hər gün mənim tikdirdiyim binalarda işləyirdi. Hindistanda bunun kimi hər peşə (292 a) və hər məslək sahibi saysız-hesabsızdır.
Bxirədən Behara qədər mənim sərəncamımda olan vilayətlərin gəliri əlli iki kürurdur. Bu, aşağıdakı müfəssəl cədvəldən də görünür. Bunun səkkiz-doqquz küruru ray və racələrin pərgənələrindən gəlir ki, onlar itaət edib əskidən bəri bu pərgənələrə doğruluq yoluyla sahib olmuşlar.
Felən bizim müzəffər bayrağımızın hakimiyyəti altında olan Hindistan vilayətlərinin təxmini gəliri (cədvəl farsca yazılmışdır – tərc.):
Sərkar vilayət
|
Kürur
|
Lek
|
Təngə
|
1. Sətlücün o biri üzü, Bxirə, Lahor,
Siyal-qut, Dibalpur v.s.
|
3
|
33
|
15.989
|
2. Sihrind
|
1
|
29
|
31.985
|
3. Hisari-Firuzə
|
1
|
30
|
75.174
|
4. Paytaxt Dehli və Miyan-Duab
|
3
|
60
|
50.254
|
5. Mivat (İskəndər zamanında
bizim mülklərimizə daxil deyildi)
deyildi)
|
1
|
69
|
81.000
|
6. Biyanə
|
1
|
44
|
14.930 (292 b)
292
|
7. Aqra
|
-
|
29
|
76.919
|
8. Miyan vilayəti
|
2
|
91
|
19.000
|
9. Güvalyar
|
2
|
29
|
57.450
|
10. Kalpi, Sehəndə və başqaları
|
4
|
28
|
55.950
|
11. Kanuc
|
1
|
36
|
63.358
|
12. Sənbəl
|
1
|
38
|
44.000
|
13. Ləknur və Bəkəsər
|
1
|
39
|
82.433
|
14. Xeyrabad
|
-
|
12
|
65.000 (293 a)
|
15. Ud və Bəhrac
|
1
|
17
|
1.369
|
16. Cunpur
|
4
|
-
|
88.333
|
17. Kərrə və Manikpur
|
1
|
63
|
27.282
|
18. Bəhar
|
4
|
5
|
60.000
|
19. Sərvar
|
1
|
55
|
175.062 2/1
|
20. Sarən
|
1
|
10
|
18.373
|
21. Çəparən
|
1
|
90
|
86.080
|
22. Kəndlə
|
-
|
43
|
30.300
|
23. Racə Rup-Nərindən işlənməmiş
gümüş və qara təngə
|
-
|
2
|
55.000
|
24. Rətənbur (Buli, Çatsu, Məlanə)
|
-
|
20
|
-
|
25. Naqur
|
-
|
-
|
-
|
26. Racə Bikrəmacit (Rətənburdan)
|
-
|
-
|
-
|
27. Racə Kələncəri
|
-
|
-
|
-
|
28. Racə Sing-Div
|
-
|
-
|
-
|
29. Racə Bikəm-Div
|
-
|
-
|
-
|
30. Racə Bikəm-Çənd
|
-
|
-
|
- (293 b)
|
Hindistan vilayətlərinin yerinin və elinin xüsusiyyət və keyfiyyətlərinin nə qədəri məlum və müşəxxəs idi, hamısı zikr edildi və yazıldı. Bundan sonra da yazılası bir şey gözə çarpsa yazacağam, eşidiləsi bir şey eşidilsə onu da bildirəcəyəm.
Dostları ilə paylaş: |