ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə82/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   78   79   80   81   82   83   84   85   ...   94
Zelimxan Yaqub-Seirler-2022

___________________Milli Kitabxana__________________
245
Bu, Vurğun Səmədimiz,
Bu, Osman Sarıvəlli!
Hər ikisi dinləyir elin sənətkarını.
Şerin bağbanı kimi dərir sözün barını.
Aşıq Nəsib od olub, od qarışır simlərə,
Vurğun deyir: - Yox daha
Bir sözüm, ehtiyacım dərmana, həkimlərə!
Hər sözdən ürəklərə bir toxumluq dən düşür,
Söz qayıdır dünənə, söhbət keçmişdən düşür!
Bir vaxt elə burdaca
Meydan açıb, söz qoşub,
Çıldırlı Aşıq Şənlik, Faxralı şair Nəbi.
Onda da üzə gülüb,
Onda da hasil olub elin muraz, mətləbi.
Qurbanidən bağlama, Ələsgərdən qıfılbənd,
Məclis bir ay uzana, doyası deyil bu kənd.
Aşıq yenə dəyişir söhbətin axarını,
Sözü Osmandan açır, şeri Vurğundan deyir,
Məclis hər kəlməsinə "can" söyləyir, "can" deyir.
Yenə "Müxəmməs" olur məclisin son naxışı,
Yağır aşığın üstə, yağır "sağ ol" yağışı!
Deyəndə Nəbinin "Dünya" şerini
Aşıq lap Vurğunu sehrləmişdi.
"Tapar qiymətini, tapar yerini,
Elin sənətkarı ölməz" - demişdi!
"Qılıncın qınsızdı, qolun qüvvətli,
Baxmadın qocaya, cavana, dünya!"
- Ay Osman, gör şair nə gözəl deyib,
Ağlının barıdır, qəlbinin səsi.
Çatdıraq ellərə heyifdir, heyif,
İt-bata düşməsin bircə kəlməsi.
Vaxtında olmasaq hər sözdən halı,
Sözlər də qəmlənib bürünər yasa.
Dili bağlı qalar, gözü qapalı
Yayılıb, səslənib dərk olunmasa!


___________________Milli Kitabxana__________________
246
"Oxucum, belədir aqil babalar
Bir dastan yaradır ikicə sözlə!"
Əgər oğulsansa, bu dastanları
Qoru oğul kimi ürəklə, gözlə.
Bu günün sabaha heç nəyi qalmaz,
Qara bir daş olluq, quru bir kəsək.
Kimə arxalanar bu söhbət, bu saz
Babalar deyənə qiymət verməsək?
Osman gülə-gülə deyir: "Ay Səməd,
Yenə şairliyin baş aparır haa!
Solarmı gözəllik, ölərmi qüdrət?
Şerinlə gedirik gələn sabaha!"
Qoşa bülbül kimi verir səs-səsə
Dost dostu dinləyir, qardaş qardaşı.
Yüz yaşlı qoca da gəlir həvəsə,
Atır qocalığı, unudur yaşı.
Xəyal qanadlanıb gəzər göyləri,
İnsana aşılmaz dağlar aşdırar.
Şeir bir loğmandır əzəldən bəri
Duyan könülləri cavanlaşdırar!
Qayalar başından səs yüksəlirdi,
Çəkilib gedirdi dağların çəni.
Dağlardan Şəmşirin ətri gəlirdi,
Vurğun oxuyurdu: "Yada sal məni".
Arabir havanı yarırdı əli,
Ömrə yazılırdı "Bu saat, bu dəm".
Qaynar baxışları bayram məşəli,
Vurğun oxuyurdu: "Mən tələsmirəm"!
Sərhədlər aşırdı fikri, niyyəti,
Torpaq nəfəsiydi, bərəkət canı.


___________________Milli Kitabxana__________________
247
Ruhunda bir xalqın mədəniyyəti,
Vurğun oxuyurdu "Azərbaycan"ı!
Onun nəzərində seçilərdimi
Alim kim, şair kim, çoban kimiydi.
Bir şəxsiyyət kimi kiçilərdimi
Nə fərqi qoca kim, cavan kimiydi!
Hamı yüksələrdi eyni zirvəyə,
Sanardın eynidir hamının yaşı.
"Yaradın, yaşadın, ucalın", - deyə
Sabaha səslərdi hər vətəndaşı!
Ömründə, günündə barı bir kərə
Heç yerdən biganə keçmədi Vurğun!
Ayırıb çinlərə, vəzifələrə,
İnsanı insandan seçmədi Vurğun!
Elin məclisindən ayaq kəsmədi,
Həm yasda, həm toyda gördülər onu.
Dağın görüşünə kim tələsmədi?
Hər yerdə dağ boyda gördülər onu.
* * *
Faxralı kəndinin doğma məktəbi
Yenə ağzınadək dolub adamla.
Elə bil hamının daşacaq təbi,
Sevinci ümmandı, kədəri damla.
Şairin gözündə tükənməz maraq,
Baxır bu torpağın körpələrinə.
Oxuyur hər ömrü o varaq-varaq,
Fikri, düşüncəsi gedir dərinə.
Baxır qaragözlü şən uşaqlara,
Hər üzdə ağ gündən bir nişan görür.
Fikri qanadlanır hey uzaqlara,
Hər gözdə sökülən qızıl dan görür.


___________________Milli Kitabxana__________________
248
Uşaqlıq illəri, gənclik illəri
Yenidən canlanır xatiratında.
Neçə il keçsə də o vaxtdan bəri,
Hər günün çeşidi qalıb yadında.
Məktəb illərini həsrətlə andı,
Alın düyünlənib çatılanda qaş.
Gözünün önündə gəlib dayandı
Böyük bir müəllim, böyük vətəndaş!
- Şagirdi olaydım Firidun bəyin,
Dünənki günlərim qayıdaydı kaş.
Heyif, istəyini vermir ürəyin
Nə yersiz həyəcan, nə artıq təlaş.
Yaddaşm gücünə, qüdrətinə bax,
Bir anda nələri gətirir yada.
Həyat öz hökmünü yeridir, ancaq
Zaman qayıdarmı xatırlansa da?!
Fikirdən ayırır şairi səslər,
Körpələr "Dağlar"ı əzbər oxuyur.
Axdıqca ruhuna doğma nəfəslər,
Qəlbində yenilməz bir qüvvət duyur.
"Balalar quş kimi verir səs-səsə"
Danışır Şəmistan, Bəxtiyar, Cəlal.
Qoşa qanad olur dinləyən kəsə,
İnsanı göylərə qaldırır xəyal.
Şeir demək üçün çəkilən hər ad
Elə bil məclisin qəlbi, canıdır.
Eldarla Şahsuvar, Vaqifiə Fərhad,
Hər biri şairin qəhrəmanıdır!
Bu nə xoş saatdır, bu nə əziz gün,
Haqqım var eşqinə dəli çay desəm.


___________________Milli Kitabxana__________________
249
Vurğunun ömrünü uzatmaq üçün,
Yüz Humay səs verər, bir "Humay" - desəm!
Sığmır duyğuları misraya, bəndə,
İlhamsız ötüşmür bircə anı da.
Şair seviləndə, şair sevəndə,
Şairtək sevilir qəhrəmanı da!
Üzlərdən nur yağdı, gözlərdən işıq,
Yetişdi yerinə elin arzusu.
Yurdun tarixinə vüqar, yaraşıq,
Məktəblə məktəbin görüşüydü bu.
Özümü o yerdə bəxtəvər sayıb
Qəlbim yollarında yandırardı şam.
Niyə o günlərə yaşım çatmayıb,
Niyə o görüşdə mən olmamışam?!
Özümü arxalı bir dağ sayardım,
Saçımın ağlığı qarım olardı.
Onu torpaq kimi qucaqlayardım,
Varlığı çiçəyim, barım olardı!
O sənət tanrısı əsirgəməzdi,
Şirin söhbətindən dad götürərdim.
Elə ki gözləri üzümdə gəzdi,
Odlu baxışından od götürərdim.
Çəkib ciyərimə gur nəfəsini
Udardım, içərdim hava, su kimi.
Qəlbimə yazardım hər kəlməsini,
Bülbülün ən şirin avazı kimi.
Özümdən xəbərim olmazdı mənim,
Bir də görərdim ki, dolub daşmışam.
Vurğuna dönərdi çölüm, çəmənim,
Bir də görərdim ki, vurğunlaşmışam!


___________________Milli Kitabxana__________________
250
Zamanı yolundan kim saxlardı, kim,
Yazan da, pozan da onun əliydi.
Ya mən bu dünyaya tez gəlməliydim,
Ya o bu dünyadan gec getməliydi!
Yetə bilməsəm də bu səadətə,
Mən də öz şerimlə muraza çatdım.
Baxıb sənətinə, düşüb heyrətə,
Vurğuna qəlbimdə heykəl yaratdım!
Gözümdə gül açıb arzu da, kam da,
Nə dərdim, düşsə də saçlarıma dən.
Onun sağlığında yaşamasam da,
Onun zamanında yaşayıram mən.
Sınaqlardan keçir hər şərəfli yol,
Eşqi böyüklərin ölməz adı var.
Zəlimxan, qəm yemə, sən arxayın ol,
Bu xalqın yaşatmaq istedadı var!
Yetirdi özünü ayrılıq çağı
Kövrələn gözdürsə, dolan ürəkdir.
Gördü yola düşür elin qonağı,
Yenə Sənəm qarı bayatı çəkdi:
Dəryada dəryalıqlar,
Suda oynar balıqlar.
Görüşlər nə gözəlmiş,
Olmasa ayrılıqlar.
Kövrəltdi şairi qoca Borçalı,
Ürək "getmə" - dedi, vaxt "gedək" - dedi.
Elə bil hamının fikri, xəyalı
"Ömür qısa olur, vaxt gödək" - dedi!
Yarımçıq yazılar, böyük qayğılar,
Çəkdi sənətkarı Bakıya san.
Yoluna nə qədər göz dikənlər var,
Vurğunla bağlıdır çox arzuları.


___________________Milli Kitabxana__________________
251
Biryolluq "sağ olun" - deyib getmədi,
Dünyanı sevincə bələdi, getdi.
Bir qismət çörəyi yeyib getmədi,
Çoxunu çörəkli elədi, getdi!
Dildə tükənməyən sözü, söhbəti,
Eldə naxışları, izləri qaldı.
Çəkilməz olsa da şair həsrəti,
Təsəlli, yadigar sözləri qaldı!
Arzular, diləklər döndü bir neyə,
Ölüm ürəklərin eşqini qırdı.
"Vurğunu dağlara çağıraq" - deyə
Başkeçid görüşə hazırlaşırdı!
Danışım hansını, deyim hansını,
Dünyada dünyalar tapardı Vurğun!
Bəlkə də, "Borçalı" poemasını
Qəlbində torpağa apardı Vurğun!
SON SÖZ
Vurğun deyib saf duyğular göz açar,
O, tarixdən, tarix ondan söz açar.
Yaddaşlara cığır salar, iz açar,
Borçalıda qalan izlər pozulmaz!
Qarlı qışın sərt tufanı qopsa da,
Dəli şimşək sal qayam çapsa da,
Yağış olub göylər yerə hopsa da,
Borçalıda qalan izlər pozulmaz!
Belə görüş, belə söhbət, belə saz,
Hər torpağın qismətinə yazılmaz.
Vurğun olub Borçalının vurğunu,
Borçalıda qalan izlər pozulmaz!!!


___________________Milli Kitabxana__________________
252

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin