Yəhudi dininin tarix Dünyanın ən qədim monoteist dinlərindən sayılır. İbrahimi (yaxud səmavi) dinlər qrupunda yer alan iudaizm, eyni zamanda yəhudi xalqının dini-etnik kimliyini ifadə edir. Hazırda dünyada iudaizmin mənsubları hesab olunan yəhudilərin sayı 14 milyondan yuxarıdır.
Yəhudiliyin müqəddəs kitabı “Tövrat”a. əsasən, yəhudiliyin kökləri İbrahim peyğəmbərə gedib çıxır. Belə ki, Mesopotamiyanın Ur şəhərində yaşayan İbrahim Tanrının istəyi ilə Kənan diyarına (hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlar.) köçmüşdür. “Tövrat”dakı rəvayətə görə, ilahi vədin təzahürü olaraq İbrahimin İsmayıl, İshaq adlı iki oğlu doğulmuşdur. Lakin Tanrı İshaqın oğlu Yaqubun soyundan gələnləri seçilmiş nəsil kimi tanıdığını bəyan etmiş və bu nəslin Kənan torpaqlarına sahib olacağına dair vəd vermiş, beləcə “İsrail övladları” adlanan nəsil meydana gəlmişdir. İbrahim peyğəmbərin digər oğlu İsmayıldan isə “İsmail oğulları” adlı nəsil törəmişdir. Bununla yanaşı, “Tövrat”ın “Yaradılış” kitabında İsrail övladlarının on iki qəbiləyə bölünməsindən bəhs olunmuşdur.
Musanın rəhbərliyi altında yəhudilərin Misirdən çıxardılması, onların möcüzəvi şəkildə fironun zülmündən xilas olmaları, Sina dağında Tanrı ilə əhd bağlamaları İsrail övladlarının tarixində dönüş nöqtəsi sayılır. “Sina əhdi” adlanan bu razılıq zamanı Yahova (“Tövrat”a görə, Tanrının adı) tərəfindən Musaya “Tövrat” verilmişdir. Həmçinin Yahova yəhudilərə vəd etmişdir ki, İsrail övladları onun əmrinə uyğun şəkildə yaşayacaqları təqdirdə, onlar Tanrının seçilmiş milləti olacaq və Kənan torpaqlarını əldə edəcəklər.
Davud yəhudi tarixinin ən mühüm şəxsiyyətlərindən biridir və peyğəmbər hesab olunur. Onun ölümündən sonra yerinə keçən oğlu Süleyman müdrik hökmdar kimi tanınmış və ona da peyğəmbərlik verilmişdir. Süleyman həmçinin Qüds şəhərində Moria təpəsində böyük məbəd inşa etdirmişdir. Rəvayətə görə, həmin məbəddə “Əhd sandığı” yerləşdirilmişdi. Bu sandıqda Sina dağında Tanrı tərəfindən Musaya verilən və üzərində on ilahi əmr həkk olunmuş daş lövhələr saxlanılırdı.
Yəhudi dövlətinin varlığına son qoyan romalılar yəhudiləri doğma torpaqlarından sürgün etdilər. Nəticədə yəhudilər dünyanın müxtəlif yerlərinə səpələndilər. Bu isə öz növbəsində yəhudilikdə ravvin (ibranicə “dahi”, “ustad”, “mənim müəllimim” deməkdir) ənənəsinin meydana gəlməsinə səbəb olmuşdur.
Dini təlimin əsasları – İudaizm – monoteist dindir. Bu dinin mənsubları tək, vahid, əbədi, əzəli, qüdrətli, hakimi-mütləq, hər şeyi bilən və idarə edən Tanrının varlığına inanırlar. “Tövrat”a görə, tək Tanrının adı “Yahve” və ya “Yahova”dır.
Yəhudiliyə görə, kainatın yaradıcısı və idarəçisi olan Tanrı insanı öz surətində yaratmışdır. O, salehləri mükafatlandırır, günahkarları isə cəzalandırır.Yəhudi dininə görə, Tanrı öz istək və buyruqlarını insanlara çatdırmaq, onları gələcək barədə xəbərdar etmək məqsədilə xüsusi seçilmiş insanları, yəni peyğəmbərləri göndərmişdir. İudaizmdə bu çoxsaylı ilahi elçilər arasında Musa, Davud və Süleymana daha böyük ehtiram göstərilir.
İudaizmin ardıcılları inanırlar ki, Tanrı qiyamət günü ölüləri dirildəcək və axirətdə insanlar haqq-hesaba çəkiləcəklər. Tövratda axirəti təsvir etmək üçün “ölülər diyarı” mənasına gələn “Şeol” sözü, cəhənnəm anlamında isə “Ge Hinnom” (Hinnom vadisi) ifadəsi işlədilir.
Yəhudilikdə xilaskar inancı da mövcuddur. Yəhudilər bu xilaskarı “Məsih” adlandırırlar. Onlar inanırdılar ki, axır zamanda yer üzünə gələcək və Davudun peyğəmbərin soyundan olacaq Məsih Tanrının seçilmiş xalqını, yəni İsrail övladlarını zülmdən xilas edəcək, vəd edilən Kənan torpaqlarında yəhudi xalqının siyasi müstəqilliyini bərpa edəcəkdir.
Yəhudilikdə Müqəddəs Kitab ümumilikdə “Tanah” adlanır. Tanah üç hissədən ibarətdir: 1. İbrani dilində “təlim”, “qanun” mənasına gələn “Tora” (Musanın Beş Kitabı); 2. “Neviim” (Peyğəmbərlər); 3. “Ktuvim” (Yazılar). İyirmi dörd kitabdan ibarət olan “Tanah”ın ilk bölməsində, yəni “Tora”da kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən, onun övladları Habil və Qabildən, Nuh tufanından, Yusif peyğəmbərin həyatından, Musanın fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından və digər məsələlərdən bəhs olunur.
Dini ayin və mərasimlər – İudaizmdə dini ayinlər olduqca sadədir. İbadət zamanı yəhudilər “Tövrat” oxuyur və dua edirlər. Yəhudilər kollektiv ibadətləri sinaqoqda yerinə yetirirlər. Kollektiv ibadətin keçərli olması üçün ən azı on nəfərin iştirak etməsi şərtdir.
Yəhudilikdə dini ayinlər əksər hallarda ibrani dilində, bəzən isə arami dilində yerinə yetirilir. Həftəlik şənbə günü ibadəti iudaizmdə ən əsas dini ayinlərdən sayılır. Belə ki, şabat yəhudilikdə müqəddəs gün sayılır.