1. Fəsil. I şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti



Yüklə 39,22 Kb.
tarix28.12.2019
ölçüsü39,22 Kb.


MÜNDƏRİCAT

Giriş ........................................................................................………………….3

1.Fəsil.I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti…………….

1.1.Səfəvi təriqətinin yaranması……………………………………………………………..

1.2.Səvəfi dövlətinin yaranması……………………………………………………..……….

2.Fəsil.Dövlət qurluşu.Şəhərlər, kənd təsərrüfatı və aqrar münasibətlər,ticarət,maarif,elim sistemi haqqında………………………………………………………………………………………………..

Nəticə …………………………………………………………………………………………………….

Ədəbiyyat siyahısı …………………………………………………………………………………..



Giriş

Mənim hazırladığım referat işinin mövzusu “I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti” adlanır.

1-ci fəsildə - Səfəvi təriqətinin yaranması,dövlətin yaranması, I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti haqqında məlumat vermişəm

2-ci fəsildə - Səfəvi dövlətinin qurluşu,əsas cəhətləri,ali orqan,idarəetmə sistemi və məhkəmə sistemi haqqında məlumat vermişəm.



1.Fəsil. I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti.

I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti. 1524-cü ildə Şah İsmayıl 37 yaşında qəflətən vəfat edir və hakimiyytə onun oğlu on yaşlı Təhmasib (1524-1576) keçir. Tərbiyəçisi isə (lələsi) Div Sultan Rumlu olmuşdur. Onun hakimiyyəti dövründə Azərbaycan torpaqlarının tam mərkəzləşdirilməsi başa çatır. On ilə qədər ustaclı, təkəli və şamlı əmirlərinin başçılığı ilə dövlət idarə olunsada Şah Təhmasib 1534-cü ildən dövləti özü idarə etməyə başladı.

Sultan I Süleyman Qanuninin (1520-1566) dövründə Səfəvi-Osmanlı münasibətləri yenidən kəskinləşir. Belə ki, 1534, 1535-ci illərdə osmanlı ordusu Azərbaycan ərazisinə daxil olmuş və Təbriz şəhərində möhkəmləndilər. Lakin, Şah I Təhmasibin tətbiq etdiyi əks hücumlar, həmçinin “yandırılmış torpaq taktikası” nəticəsində Osmanlılar da ərzaq çatışmazlığının yaranması və qışın sərt keçməsi nəticəsində hər dəfə şəhəri tərk etmək məcburiyyətində qalmışdılar.

Bu dövrdə Şirvanda daxili ziddiyyətlər kəskinləşdi. II Xəlilullahın (1524-1535) ölümündən sonra Şirvanı daxili çəkişmələr bürüdü. Bundan istifadə edən I Təhmasib Şirvanı işğal etmək məqsədilə 1538-ci ilin yayında qardaşı Əlqas Mirzənin başçılığı ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir. Əlqas Mirzə Şirvana bəylərbəyi təyin dilir. Beləliklə Azərbaycanın həm cənubu, həm də şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də mədəni hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə Tiflisi tutur.

1547-ci ildə Əlqas Mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq qardaşına qarşı qiyam qaldırır. Bu qiyamda Əlqas Mirzəyə Krım xanı da kömək edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II İsmayıl) Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən Abdulla xanın dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin hakimiyyəti burada daha da gücləndi.

1548-ci ildə Osmanlıların Azərbaycan ərazisinə üçüncü yürüşü baş verir və Təbriz şəhəri yenə də əsas hədəf olur. Lakin, bu dəfə də osmanlı qoşunu bir müddət sonra ölkəni tərk edir.

1551-ci ildə Şah I Təhmasib Şəkiyə tərəf hücum edir. Bu vaxt Şəki hakimi Dərviş Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş Səfəvilərin qələbəsi ilə başa çatır. Beləliklə, Şah I Təhmasib Şəkinin müstəqilliyinə son qoymaqla Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi prosesini başa çatdırır.

1554-cü ildə yenidən Sultan Süleyman Azərbaycana dördüncü dəfə hücum edərək Naxçıvanı və başqa əraziləri viran etdi. Lakin digər ərazilərdə uğursuzluqla üzləşən Sultan danışıqlara girir və 1555-ci il mayın 29-da Amasiyada sülh müqaviləsi bağlanılır. Bu sülhə görə Qərbi Gürcüstan, Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın Şərq vilayətləri və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi. 1555-ci ildə, osmanlılarla sülh müqaviləsi bağlanmasından sonra şah Təhmasib dövlətin paytaxtını Təbrizdən Qəzvinə köçürdü. Bu tədbirin əsas səbəbi Təbrizin hər dəfə Osmanlı işğalına məruz qalması idi.

I Təhmasibin dövründə Bağdad və Bəsrədə Şiəliyi qəbul etməyən sünni alimlər edam olundu. Sünni qəbirləri və kiçik məsçidləri dağıdıldı, böyük məsçidlər yalnız şiələrin istifadəsinə verildi. Geniş olmasa da şiələşmə başverdi və sünniliyə sadiq qalanlar Sultan Süleymanın Səfəviləri İrandan qovmasına qədər təqib edildilər.

XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü başlayır. Şah I Təhmasibin ölümündən sonra (1576) onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə şah II İsmayıl (1576-1578) qalib gələrək hakimiyyətə keçsədə, saray çevrilişləri nəticəsində 2 il sonra öldürülür. Onun böyük qardaşı Məhəmməd Xudabəndə (1578-1587) dövründə Səfəvilər dövləti daha da zəiflədi. Dövlət xəzinəsi demək olardı ki, boşaldılmışdı. Salnaməçi İsgəndər bəy Münşi yazırdı: "Divanın yüksək vəzifəli şəxsləri qarşısında qazanc qapıları açıldı və rüşvətxorluq artdı".



1.1.Səfəvi təriqətinin yaranması.

Səfəvi sülaləsinin banisi Şeyx Səfiyyeddin İshaq el-Musevi-el-Erdebili (1252-1334) sayılır.O,Ərdəbil şəhərində yaşamışdır ve sufiliyin bir qolu olan Səfəviyyeni yaratmışdır.Bu təriqətə sonralar onun oğulları başçılıq etmişlər.

Şeyx Səfiyyeddin Musa (1334-1392)

Şeyx Xacə Eli (1392-1427)

Şeyx İbrahim (Şeyxşah) (1427-1447)

Şeyx Cüneydin dövründe (1447-1460) bu təriqət siyasi şəkil aldı.Qaraqoyunlu Cahanşah buna göre onu qovur.Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənin yanına gedir,ve bacısı ile evlənərək qohumluq əlaqəsi yaradır.Anadoluda şiəliyi yayır.Ustaclı,Şamlu,Rumlu,Əfşar,Qacar,Təkəli,Zülqədər,Varsağ,Bayat,Qaramanlı,

Baharlı,Alpout,Ərəşli,Qazaxlı tayfaları ona qoşulur.Bir qədər qoşun yığaraq Dağıstana və Şirvana hücum edir.Şirvanşah I Xəlilullah Cahanşahla ittifaqa girərək Samur çayı yaxınlığında onun qarşısını kəsir ve məğlub edərək Cüneydin özünü də öldürür.

Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirir.Dayısı Uzun Həsənin qızı Alemşahbəyimlə evlənərək Ağqoyunlularla əlaqələri möhkəmləndirir.Şeyx Heydər vaxtında səfəviler başlarına 12 dilimli qırmızı börk qoyurdular.Onlara qızılbaşlar deyirdilər. Şeyx Heydər də atası kimi Dağıstana hücum edir.1483 və 1487-ci illərdə 2 dəfə hücum edir ve böyük qənimətlə geri dönür.Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır ve Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir.Qoşun Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşərək Şeyx Heydəri məğlub edir.Şeyxin özü ise öldürülür.

Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu;Sultanəlini,İbrahimi və İsmayılı (1487-1524) əsir alır.Onlar yalnız Sultan Yaqubun ölümündən sonra əsirlikdən qurtulurlar.Sultanəli Səfəvi şeyxi seçilir.

1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqurla döyüşəndə Sultanəli öz qoşunu ile Rüstəmin tərəfində vuruşur.Döyüşdə Baysunqur öldürülür.

Sultanəlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5 min süvari göndərir.Ərdəbil yaxınlığında Şəmsiyyə də baş vərən döyüşdə Sultanəli öldürülür.Qızılbaşlar birtəhər İsmayılı gizlədirlər.1494-99-cu illər ərzində qızılbaşlar İsmayılı qoruyurlar.

1.2.Səfəvi dövlətinin yaranması.

1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək, Ərdəbilə yola düşür. Bu səfərdə İsmayılı onun əsas tərbiyəçisi və qəyyumu Hüseyn bəy Lələ, həmçinin digər qızılbaş tayfa başçıları Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Xadim bəy Xülafə, İlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi) müşaiyət edirdilər.

Yerli Ağqoyunlu hakimləri İsmayıla Ərdəbildə qışlamağa imkan vermədiyindən O, yolüstü Ərcivanda (Astara) qışlayır. Artıq bu dövrdə onun bayrağı altında şamlı, ustaclı, rumlu, təkəli, zülqədərli, əfşar, qacar, varsaq adlanan qızılbaş tayfaları birləşmişdilər. Mənbələrin məlumatına görə Ərzincanda keçirilən müşavirədə əsas zərbəni Şirvana vurmaq qərara alındı.

İsmayıl birinci növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal üç düşmənlə - Ağqoyunlu Əlvənd Mirzə və Muradla, habelə onları müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı. Belə olduqda qızılbaşların qələbəsi şübhə altında qalırdı. Bununla yanaşı Qızılbaşların nəzərində Şirvanşahlar Şeyx Cüneydin və Şeyx Heydərin ölümünün əsas səbəbkarı - "qatilləri" idilər.

Beləliklə, 1500-ci ilin payızında qızılbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil olur. Şirvanşah Fərrux Yasar acizlik göstərərək Qəbələyə qaçır. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq şəhər yaxınlığındakı Gülüstan qalasına yollandılar. Şirvanşah Fərrux Yasar 1500-ci ilin sonunda qoşunla geri qayıdır və Gülüstan qalasından bir qədər aralıda Cabanı düzündə səfəvilərlə döyüşə girir. Şirvanşahlar sayca qızılbaşlardan azı iki dəfə üstün olsalar da döyüş səfəvilərin qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür.

Cabanı döyüşündən sonra İsmayıl Muğana qışlamağa getdi. Burada o xəbər tutdu ki, Bakı sakinləri xərac verməkdən imtina edir və qızılbaşlara müqavimət göstərirlər. Belə olduqda 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək məqsədilə sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərir. Lakin şəhər hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəyin arvadı qalanın müdafiəsini təşkil edir. Belə olduqda İsmayıl Bakıya doğru hərəkətə başladı. O, qalanın dinc yolla təslim olunması üçü bakılılara müraciət etdi. Tarixçi Həsən bəy Rumlunun məlumatına görə Qazı bəyin arvadı Səfəvi elçisinin edam edilməsini əmr edir.

Bakılıların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. Qızılbaşlar qala divarlarının altından lağım ataraq şəhərə daxil olurlar. Şəhər əyanları darvazaları İsmayılın üzünə açırlar və Səfəvilər şəhərə daxil olaraq Şirvanşahların xəzinəsini ələ keçirirlər. İsmayılın ən nüfuzlu silahdaşlarından biri olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunur.

Bakını aldıqdan sonra Qızılbaşlar Kür çayını keçib Naxçıvana doğru hərəkətə başlayır. Belə bir vaxtda Ağqoyunlu hakimi Əlvənd Mirzə Naxçıvanın şimal-qərbindəki Şərur düzündə dayanmışdı. İsmayıl Araz çayının cənub sahili boyunca irəliləyərək Naxçıvan bölgəsində çayı keçdi və düşmənin qarşısına çıxdı. Burada 1501-ci ilin ortalarında tərəflər döyüşə girdilər.

Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlu Əlvənd Mirzə öz döyüşçülərinin gücünə inanmırdı. Döyüş meydanını tərk etməmələri üçün onları hər tərəfdən dəvələrlə əhatə etməyi əmr etdi. Ağqoyunluların 30 min, səfəvilərin isə 7 min nəfərdən ibarət olmalarına baxmayaraq Ağqoyunlular məğlub olaraq dağılışmağa başladılar, Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə 1501-ci ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü şah elan edir, adına xütbə oxutduraraq sikkə zərb etdirdi. Paytaxt Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur (1501-1736). Səfəvilər dövlətinin mövcudluğu dövründə Azərbaycan torpaqlarının vahid mərkəzləşdirilmiş halda birləşdirilməsi tariximizdə mühüm hadisə olmuşdur.

Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan ərazisində yarandı. Bu dövlətin iqtisadi əsasını zəngin Azərbaycan vilayətləri (Şirvan, Qarabağ, Naxçıvan, Muğan və Qızılüzən çayına qədərki Cənubi Azərbaycanı) təşkil edirdi. Ağqoyunlu Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə onun qardaşı Fars və İraqi Əcəmin hakimi olan Murad Mirzədən idi. O, Həmədanda qoşun toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşırdı. Odur ki, 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı deyilən yerdə İsmayıl ağqoyunlularla vuruşa girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə başa çatır və Murad Mirzə Şiraza qaçır. Əgər, Şah I İsmayıl Ağqoyunlu Əlvənd üzərində qələbə ilə Azərbaycana sahib olmuşdusa Ağqoyunlu Murad Mirzə üzərində qələbə ilə isə Fars və İraqi Əcəmə yiyələnir, həmçinin Ağqounlular dövlətinin varlığına son qoyur.

Elə həmin ildə Şah I İsmayıl Şirazı, Qumu, Kaşanı və İsfahanı tutdu. 1505-ci ildə isə Yəzdə və Kirmana yiyələndilər. 1506-1508-ci illərdə Bağdad şəhəri daxil olmaqla Diyarbəkri, Xilat, Bidlis və Ərəb İraqını fədh etdilər. Artıq 1510-cu ildə bütün İran vilayətləri (Xorasan istisna olunmaqla) Səfəvilər dövlətinə birləşdirilmişdi. Beləliklə, Səfəvi dövləti şərqdə Şeybani xanın Özbək dövləti (Şeybanilər dövləti) və qərbdə Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu.

Səfəvilərin dövlət quruluşu.

Bu dövrdə Azərbaycanın dövlət quruluşu qeyri-məhdud monarxiya idi. Şah mütləq hakimiyyətə malik idi və hakimiyyət irsən keçirdi. Şahın yanında məşvərətçi orqan olan Ali Məclis mühüm məsələlərin, xüsusilə hərbi məsələlərin müzakirə edilməsi üçün çagırılırdı. Şahdan sonra ikinci vəzifəli şəxs olan baş vəzir dövlətin daxili və xarici siyasətinə dair məsələlərin həllində mühüm rol oynayırdı. Ruhani idarəsinə başçısı sayılan sədr vəzifəsi dini və məhkəmə işlərinə, vəqf əmlakına nəzarət edirdi. Əmir-əl-ümarə müharibə dövründə silahlı qüvvələrin baş komandanı vəzifəsini daşıyırdı.

Dövlət inzibati-baxımından 13 bəylərbəyliyə və 4 valiyə bölünmüşdü. Bəylərbəyliklər mahallara bölünmüşdü. Mahalları mahal hakimləri, şəhərləri isə kələntər adlanan məmur idarə edirdi.

Kənd təsərrüfatı və aqrar münasibətlər.

Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında mühüm irəliləyişlər olmuşdu. XVI əsrin ilk rübündə daxili feodal müharibələrinin azalması və digər amillər kənd təsərrüfatının, iqtisadiyyatın başqa sahələrinin dirçəliş prosesinə təkan verdi. XVI əsrin sonu-XVII əsrdə də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı (əkinçilik və heyvandarlıq) əsas yer tuturdu. Oturaq və yarımoturaq əhali tərəfındən məskunlaşmış torpaqlar feodal sinfınin mülkiyyəti olaraq qalırdı. Ölkədəki su ehtiyatları da feodalların və onların timsalında dövlətin mülkiyyəti idi. Taxıl bitkiləri (buğda və arpa) təqribən Azərbaycanın bütün bölgələrində (Şirvan, Muğan və Aranda, eləcə də cənub vilayətləri olan Ərdəbildə, Xalxalda) əkilib-becərilirdi. Türk səyyahı Övliya Çələbi Təbriz ətrafında 7 buğda növünün becərildiyini xüsusilə qeyd etmişdi.

Bu dövrdə Azərbaycanda çəltik əkinlərinə xüsusi diqqət yetirilirdi. Mənbələr təsdiq edir ki, çəltik ölkənin bir çox bölgələrində əkilib-becərilirdi. Övliya Çələbi Gəncə və Şamaxı ətrafında geniş çəltik tarlalarının mövcudluğu haqqında məlumat vermişdir.

Kənd sakinlərinin ənənəvi məşğuliyyət sahələrindən biri də bağçılıq, bostançılıq olmuşdur. İpəkçilik Şirvanda, Ərəşdə və Şəkidə yayılmışdı. Bu istehsal yerli xammal bazasına əsaslanırdı. Avropada Azərbaycandan ixrac olunmuş xam ipəyin müxtəlif növləri tanınırdı (məsələn, 'Mahmudabad ipəyi", "Şəki ipəyi", "Gəncə ipəyi", "Qəbələ ipəyi" və s.).

Pambıqçılıq Azərbaycanın kənd təsərrüfatında mühüm yer tuturdu. Türk səyyahı Övliya Çələbi göstərir ki, Şirvan, Xoy, Gəncə, Marağa Bakı və Naxçıvan tarlalarında bu qiymətli xammal xeyli miqdarda və 7 növdə becərilməkdə idi. Şirvan, Qarabağ və Təbriz vilayətlərində üzümçülük daha geniş yayılmışdı.

Azərbaycan hələ qədim dövrlərdən əla boyayıcı keyfiyyətlərə malik olan boyaqotu (qızıl boya) bitkisi Şirvanda (xüsusilə bu vilayətin ətraflarında), Arazın cənub sahillərində becərilirdi.

Abşeron ərazisində xeyli miqdarda zəfəran əkilib-becərilirdi ki bundan toxuculuqda, əyiricilik işlərində, qida hazırlanmasında istifadə olunurdu. Bu dövrdə Azərbaycanın kənd təsərrüfatında tütün yeni bitki olmuşdur. Azərbaycana XVI əsrin sonlarında Amerika qitəsindən portuqaliyalılar tərəfındən gətirilmiş, XVII əsrin sonlarında isə Səfəvi dövləti hüdudlarında becərilməyə başlanmışdır. Tütün Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada becərilirdi.

Ölkə əkinçiliyində süni suvarma birinci dərəcəli əhəmiyyət kəsb etmiş, əkin sahələrinin məhsuldarlığı əsasən suvarma tədbirlərinin həyata keçirilməsindən asılı olmuşdur. Bu dövrdə Azərbaycanın iqtisadi həyatında heyvandarlıq mühüm yer tuturdu. Heyvandarlıq nəinki daxili bazarın tələbatını ödəyirdi, habelə qonşu ölkələrə xırda və iribuynuzlu mal-qaranın xeyli miqdarda ixrac olunmasını təmin edirdi. Arıçılıq isə əsasən Gəncə və Ərdəbildə inkişaf etmişdi.

XVII əsrin sonlarında Azərbaycanda iqtisadiyyatında tənəzzül yarandı. Bu, Osmanlı-Səfəvi müharibələri və I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar idi. Əsrin 20-30-cu illərində kənd təsərrüfatının bəzi sahələri nəzərəçarpacaq dərəcədə canlansa da, əvvəlki səviyyəsinə qalxa bilməmişdi. Ölkənin iqtisadiyyatında hökm sürən durğunluq və tənəzzül prosesi çox XVIII əsrə də adlamış və ictimai həyatın bütün əsas sahələrinə mənfi təsirini göstərmişdi. Bu tənəzzül iqtisadiyyata, əsasən xarici ticarət sayəsində dirçəlmiş şəhərlərə daha güclü zərər vurdu.

XVI-XVII əsrlərdə Səfəvilər dövründə torpaq mülkiyyətinin əvvəlki formaları qalmaqda idi (divani, xassə, vəqf və mülk). Bununla yanaşı soyurqalı əvəz etmiş tiyulun inkişafını təmin etməyə cəhd göstərirdilər. Soyurqaldan fərqli olaraq tiyul irsi torpaq sahibliyi forması deyildi, feodalın hərbi, yaxud inzibati xidmət müddətindən asılı idi. Bu torpaqlar başlıca olaraq qızılbaş tayfalarının feodal əyanlarına verilirdi. Soyurqallar isə onlar artıq əvvəlki məzmununu dəyişərək şiə ruhanilərinin və inzibati bürokratiyanın ixtiyarında olan xırda kəndlər, digər yaşayış məntəqələrindən ibarət idi. Bununla yanaşı icma torpaqları (camaat) da mövcud idi.

Torpaq mülkiyyətinə malik olmayan kəndlilər ağır şərtlərlə dövlətdən, mülk sahiblərindən kiçik torpaq sahələri icarə etməli olurdular. Səfəvilər sülaləsinin hökmdarları zəhmətkeşlərin həyat şəraitini yüngülləşdirən əsaslı tədbirlər görmədilər. Lakin dövlətin iqtisadi sisteminin iflasına yol verməmək naminə Səfəvi şahları bəzən vergiləri azaltmalı, hətta ləğv etməli olurdular.

Məhsulun 6/1-dən 3/1-ə qədərini təşkil edən malcəhət (bəhrəçə, dəhyek) torpaqdan istifadə müqabilində kəndlilərdən alınan əsas vergi olmuş, əsasən məhsulla (buğda, çovdar, arpa, ipək və s.) ödənilirdi.

İxracat və şütaqat istilahları ilə adlanan vergi və mükəlləfıyyətlər kəndlilərə hədsiz əziyyət verirdi. Kəndlilər nəinki qoşunu ərzaqla, habelə onun çevik hərəkətdə olan heyvanlarını da ot və ələflə təchiz edirdilər. Məcburi bəxşişlər sistemi də mövcud olmuşdur. Bu bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi (düşüllük, novruzi, peşkəş, şilan-bəha, eydi və s.). Kəndlilər və köçəri maldarlar otlaqlardan istifadə müqabilində dövlətə çobanbəyi vergisi ödəməli idilər. Dövlətin və feodalların xeyrinə toplanan vergilər, yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalini müflisləşməyə gətirib çıxarırdı. Ticarətdən və sənətkarlıqdan əldə edilən tamğa şəhər əhalisinin başlıca vergisi olmuşdur. Bu vergi şəhərlərdə sənətkarlığın və ticarətin inkişafı prosesinə əngəl törətdiyindən 1565-ci I ildə tamğa Şah Təhmasibin xüsusi fərmanı ilə ləğv olundu.

Şəhərlər.

Sənətkarlıq. Şəhərlərin mülki idarə aparatına, adətən, kələntər rəhbərlik edirdi. Kələntərin müavini naib idi. Şəhərdə və bazarlarda ictimai asayişin təmin olunması darğaya tapşırılmışdı.

Tarixçilər (Xandəmir, Oruc bəy Bayat) Təbrizi "Şərqin paytaxtı", "aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri" kimi qiymətləndirmişlər. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti əsasən Şamaxı və Ərəş kimi şəhərlərdə inkişaf etmişdi. Cenkinson (“Moskva” ticarət şirkıtinin nümayəndəsi) Şamaxını "gözəl kral şəhəri" adlandırmışdı. XVI əsrin ikinci yarısında burada ingilis "Moskva şirkəti" nin daimi nümayəndəliyi yaradılmışdı.

XVI əsrin ikinci yarısında Culfa şəhəri beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi məşhurlaşmışdı. Culfa tacirləri xam ipəyi Qərbi Avropanın Venesiya, Amsterdam və Marsel kimi mühüm limanlarında, Suriya, Türkiyə və Hindistanda satırdılar.

Naxçıvan, Ordubad, Əylis, Gəncə və Şabran şəhərləri XVI əsrdə nəzərəçarpacaq iqtisadi-ticarət əhəmiyyətinə malik idi. Naxçıvan və Əylis Səfəvi şahlarının xüsusi himayəçiliyi altında olmuşdur.

Toxuculuq məmulatı istehsalı əsasən Təbrizdə və onun ətraf bölgələrində, Şamaxıda və Ərəşdə cəmləşmişdi.

Təbriz, Gəncə, Ərdəbil və Şamaxı metalişləmə sənətinin əsas mərkəzləri idi. Daşkəsəndə və onun ətrafında dəmir filizinin emalı çox məhdud miqyasda olmuşdur. XVII əsrdə Bakıda təxminən 500 min puda qədər neft çıxarılırdı.

Qəbələdə (Qala adlanan ərazidə) XVI-XVII əsrlərə aid müxtəlif saxsı məmulatı qalıqları aşkar edilmişdir. Bakının Qala hissəsində aparılmış arxeoloji qazıntılar nəticəsində bir qismi XVI əsrə aid edilən çoxlu minalanmış saxsı məmulatı tapılmışdır. Şabran ərazisində aparılmış son qazıntılar zamanı xeyli dulusçuluq sobasına, saxsı qaba təsadüf edilmişdir.

XVI əsrin sonu - XVII əsrin əvvəlləri dulusçuluq və şüşə məmulatı istehsalında yeni dövr idi. Bu zaman çini qablar və pəncərə şüçəsi istehsalı genişlənmişdi.

Bu dövrün ornamental xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfı məscidi üçün toxunma və hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılan xalın 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və Londonda Viktoriya və Albert muzeyindəki xalını və s. göstərmə olar. "Şeyx Səfı" adı ilə məşhur olan axırıncı xalını 1893-cü ild ingilislər alıb Londona göndərmişdilər.



Ticarət.

Azərbaycanın xarici iqtisadi əlaqələri. Pul dövriyyəsi. XVI əsrin ticarət əməliyyatlarında başlıca əmtəə Azərbaycan ipəyi olmuşdur. Azərbaycanda istehsal olunan ipək əsasən xarici ölkələrə ixrac edilirdi. Məhz buna görə də Səfəvilər dövləti ərazisində bu qiymətli xammalın satışına şəriksiz nəzarət uğrunda Venesiya, İngiltərə, Türkiyə və Rusiya tacirləri, şirkətləri arasında rəqabət gedirdi.

Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə geniş iqtisadi əlaqələrə malik idi. Azərbaycan şəhərləri əsasən Kiçik Asiyadan və Suriyadan keçən başlıca tranzit yolu ilə Türkiyə, İtaliya şəhərləri, Şərq və Avropa ölkələri ilə ticarət aparırdılar. Azərbaycanın və başqa ölkələrin tacirləri buradan hazır ipək məmulatı, xam ipək, marena, meyvə qurusu, xırdabuynuzlu mal-qara aparırdılar. Təbriz və Şirvan tacirləri bu ticarət əməliyyatlarında xüsusilə böyük rol oynayırdılar. XVI əsrin ikinci yarısında Rusiya-Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Şamaxıdal Moskva tacirlərinin ticarət nümayəndəliyi mövcud idi. Onlar Moskva dövləti ərazisində hazırlanmış sənətkarlıq məmulatlarını burada satır və yerli malları (əsasən xam ipəyi, ipək parçaları) alırdılar.

Gilan tacirləri nefti Bakıdan dəniz vasitəsilə Manqışlaq limanına nəql edir, oradan isə karvan yolu ilə Xivə, Buxara və digər Orta Asiya şəhərlərinə aparırdılar.

XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri genişləndi. Bu münasibətlərin inkişafı əsasən Avropa ölkələrində Azərbaycan ipəyinə olan tələbatın artması ilə əlaqədar idi.

1555-ci ildə ingilis ticarət kapitalının nümayəndələri Londonda "Moskva şirkəti" nin əsasını qoydular. Tezliklə Moskva dövlətinin icazəsi ilə ingilis nümayəndələri Rus dövləti ərazisindən keçərək Azərbaycana, İrana və Orta Asiyaya kəşfıyyat səfərləri etməyə başladılar. 1562-ci ildə "Moskva Ģirkəti" təcrübəli kəşfiyyatçı və mahir tacir olan Antoni Cenkinsonu Səfəvi dövləti ərazisinə göndərdi.

Azərbaycanın Şimali və Mərkəzi Avropanın şəhərləri ilə də ticarət münasibətləri vardı. Səfəvilərin tədavülə buraxdırdıqları pul vahidinin adı əvvəllər olduğu kimi qalırdı: qızıl sikkələr dirhəm, gümüş sikkələr isə təngə və dinar adlanırdı. Azərbaycanın Şirvanşahlar dövləti ərazisində xırda ölçülü gümüş sikkələrdən istifadə olunmuşdur. Səfəvi pul sisteminin nominal pul vahidi XVII əsrdə artıq pul dövriyyəsindən kənar olan dinar sayılırdı. Şah I Abbas dövriyyəyə yeni sikkə buraxdırmış və onu öz adı ilə abbası adlandırdı.

Maarif.

Elm. XVI əsrin sonu və XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri xalqın mədəni inkişafı prosesinə sarsıdıcı zərbə vurmuşdu. Bir çox məşhur Azərbaycan alimləri əsir alınmış, İstanbula aparılmış, bəziləri isə Qəzvinə və İsfahana köçürülmüşdü. Yalnız XVII əsrin ortalarında Azərbaycanda elm və maaritin inkişafında müəyyən canlanma nəzərə çarpırdı. Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı. Bu dövrdə uşaqların təhsili məscidlərin nəzdində, şəxsi evlərdə təşkil edilmiş məktəb və mədrəsələrdə aparılırdı. İlkin mərhələdə uşaqlar ana dilində dərs keçir, yuxarı siniflərdə isə Azərbaycan dilində dərs vəsaiti olmadığı üçün fars və ərəb dilində yazılmış dərsliklərdən istifadə edirdilər.

Bu dövrdə riyaziyyat sahəsində də müəyyən inkişaf nəzərə çarpırdı. Abdulla Şəbüstərizadə riyaziyyata aid bir sıra əsərlərin, o cümlədən "Məaric dər heyət", "Riyazi-rizvan", "Kitabi-meyar" və başqa kitablarının müəllifi idi. Təbrizli Seyid Əhməd Laləvi (1436-1507) məntiq, qrammatika, riyaziyyat və ədəbiyyat sahəsində, təbrizli Mirzə İbrahim riyaziyyat və fəlsəfə üzrə fəaliyyət göstərirdi.

XVI əsrin məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlu (1530-?) Şah I Təhmasibin sarayında qulluq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun "Əhsən ət-təvarix" ('Tarixlərin ən yaxşısı") əsərinin dövrümüzə qədər gəlib çatmış IX-X cildləri Azərbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuşdur.

Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münsi (1560-1633) gəncliyində Səfəvi hökmdarı Sultan Məhəmməd Xudabəndənin sarayında divan katiblərindən biri olmuş, sonralar Şah I Abbasın tarixçisi olmuşdur. Münşi "Tarixi aləm arayi Abbasi" ("Abbasın dünyanı bəzəyən tarixi") əsərini yazmış, burada dövrün siyasi, ictimai, iqtisadi və mədəni həyatı barədə maraqlı məlumat vermişdir.

Bu dövrdə Azərbaycanda kitabxanaçılıq işi də tərəqqi etmişdi. Təbrizin, Ərdəbilin, Şamaxının, Bakının, Gəncənin, Marağanın kitabxanalarında min nüsxələrlə kitab mövcud idi.



Ədəbiyyat.

Səfəvi dövlətinin təşkilindən sonra Azərbaycan dilində şer yazmağa xüsusi əhəmiyyət verilirdi. Şah I İsmayıl Xətayi Azərbaycan xalqının tarixinə həm də istedadlı bir şair kimi daxil olmuşdur. “Xətayi” təxəllüsü ilə yazan şairin ədəbi irsi Azərbaycan dilində yazılmış "Divan"dan, ibrətamiz mənzumələrdən, lirik qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnamə" poemasından ibarətdir.

XVI əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində Məhəmməd Füzullnin (1494-1556) yaradıcılığı müstəsna yer tutur. O, "Bəngü Badə" poemasının, "Şikayətnamə" əsərinin, dünya ədəbiyyatının gözəl incilərindən biri olan "Leyli və Məcnun" poemasının müəllifidir.

Bu dövrün görkəmli şairlərindən olan Məsihinin (1580-1655) zəngin yaradıcılığından bizə yalnız "Vərqa və Gülşa" poeması, cüzi miqdarda şeirləri gəlib çatmışdır.

XVII əsr ədəbiyyatı tarixində folklor və aşıq poeziyası sahəsində də ümumi yüksəliş prosesi baş vermişdir. Həcm və əhəmiyyət baxımından "Koroğlu" dastanı xalq yaradıcılığının qüdrətli məhsuludur. Bu dastan XVI əsrin son rübü -XVII əsrin başlanğıcında formalaşmışdır. "Şah İsmayıl", "Aşıq Qərib" və "Əsli və Kərəm" dastanları da mühüm əsərlər sırasındadır.

XVI-XVII əsrlər aşıq sənətinin yüksəliş dövrü sayılır. Xalq poeziyasının görkəmli nümayəndəsi olan Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox tanınırdılar. Onlar ifa etdikləri əsərləri (şeirləri) özləri yazırdılar. "Abbas və Gülgəz" dastanı Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdır.



Memarlıq.

XVI əsrin ilk onilliklərinədək Azərbaycan memarlığının aparıcı istiqamətlərindən biri Şirvan-Abşeron məktəbi olmuşdur. Bu memarlıq məktəbinin mühüm abidələri Bakıda, Şamaxıda və Dərbənddə cəmləşmişdi. Şirvanşahlar saray kompleksi (Bakı) bu memarlıq məktəbinin tipik nümunəsidir. XVI əsrin ortalarından başlayaraq (Səfəvilər dövləti daxilən möhkəmləndikdən sonra) ictimai-siyasi fəallıq Azərbaycanın cənub vilayətlərinə keçdi. Bu dönüş memarlığın inkişaf meyillərini müəyyənləşdirdi, Şirvan-Abşeron memarlıq məktəbi aparıcı mövqeyini itirdi.

Şeyx Cəbrayılın Ərdəbil yaxınlığındakı türbəsi, Gəncədəki "İmamzadə" kompleksi, Şeyx Mahmud Şihabəddinin Əhər şəhərində yerləşən türbəsi, Qusar bölgəsinin Həzrə kəndində, 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi bu dövrün ən iri tikililərinə aiddir. Bu dövrdə həmçinin, çoxsaylı məscidlərin inşası səciyyəvi hal idi. 1606-cı ildə Gəncədə inşa olunan məscid tanınmış alim, memar Bəhaəddinin rəhbərliyi altında tikilmişdir. Səfəvilər dövründə körpü, kəhriz, buzxana, ovdan, hamam və karvansara tikintisi işləri də geniş miqyasda aparılırdı

Nəticə.

Ədəbiyyat siyahısı

1. Azərbaycan tarixi. VII cilddə, III cild, Bakı, 1999. səh 182-346.

2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989. sənəd N 29-41, 50-51,55

3. Azərbaycan tarixi, Bakı, 1994, səh. 392-459.

4. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə Bakı,1996. səh.364-459.

5. Mahmudov Y.A. Odlar yurduna səyahət. Bakı,1980. səh.9-62.

6. Fərzəliyev Ş. F. Azərbaycan XV –XVI əsrlərdə. Bakı,1983. səh.73-82,113-127.

7. Şah İsmayıl Xətai.(məqalələr toplusu). Bakı,1988.



8. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı,1993.




Yüklə 39,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə