1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Yerli vahidlərin baş məcmuda eyniləşdirmə prinsipləri və



Yüklə 2,59 Mb.
səhifə23/23
tarix05.05.2017
ölçüsü2,59 Mb.
#16751
1   ...   15   16   17   18   19   20   21   22   23

6.3.Yerli vahidlərin baş məcmuda eyniləşdirmə prinsipləri və

məlumatların tərkibi
Baş məcmuda yerli vahid haqqındakı məlumatlar iki hissədən ibarətdir:

  • əsas (baş) təşkilat haqqında məlumatlar;

  • bilavasitə yerli vahid haqqında məlumatlar.

Əsas (baş) təşkilatın baş məcmudakı mövcud məlumatlarından əlavə məlumatlarının strukturuna yerli vahidlərin sayı göstərici də əlavə edilir.

Əgər müəssisənin birdən çox yerli vahidi olarsa, onda baş məcmuya müvafiq sayda yazı əlavə edilir. Bu yerli vahidlərə eyniləşdirmə kodu verilir və onların məlumatları ilə yanaşı əsas (baş) təşkilatının eyniləşdirmə kodu da əlavə edilir.

Yerli vahidlərin məlumatları onların spesifik xüsusiyyətlərini əks etdirir.

Yerli vahidin eyniləşdirmə kodu onun bütün fəaliyyət dövrü müddətində dəyişməz olaraq saxlanılır. Yerli vahid yerini dəyişdikdə belə, bu kod dəyişilmir.

Hər bir yerli vahid üçün onun növ kodu yazılır: filial, nümayəndəlik, struktur bölmə (sex, şöbə, və s.), müvafiq ərazi təhsil, səhiyyə və mədəniyyət və s. şöbələrinin balansında olan məktəb və ya digər təhsil ocağı, səhiyyə idarəsi, kitabxana, muzey və digər idarələr.

Yerli vahidlərin növlərinin təsnifləşdirilməsi iqtisadiyyatın və sosial sahənin müxtəlif bölmələrinin struktur vahidlərinin fəaliyyət xüsusiyyətlərinə və bu obyektlərin statistik müşahidələrinin təşkilinin tələblərinə cavab verməlidir.

Yerli vahidi müəyyənləşdirən əsas şərtlərdən biri onun coğrafi yerləşməsi olduğundan, bu obyektlər üçün dəqiq ərazi kodlarının verilməsi və dəqiq ünvanlarının göstərilməsi prinsipial məsələdir.

Bundan əlavə, yerli vahidlər üçün onların fəallıq vəziyyəti kodları müəyyənləşdirilməlidir: yeni yaradılmış, bütövlüklə hesabat dövründə fəal olmuş, ləğv edilmədən fəaliyyətini dayandırmış, yeni yaradılmış, lakin fəaliyyətə başlamamış, ləğv edilmiş, “yalançı” fəal.


Yerli vahidlər haqqında məlumatların mənbələri
Əsas (baş) təşkilatın məlumatları baş məcmunun əvvəlki dövrə olan məlumatları (SVDR əsasında dəqiqləşdirildikdən sonra), statistik hesabatlar, müəssisələrin mühasibatlıq hesabatları və inzibati mənbələr əsasında formalaşdırılır. Struktur vahidlərin məlumatları isə struktur müayinələr zamanı əldə edilmiş məlumatlar əsasında formalaşdırılmalıdır. İlk mərhələdə hüquqi şəxslərin xüsusiləşdirilmiş ərazi bölmələrinin sistemləşdirilməsi, kodlaşdırılması və baş məcmunun məlumat bazasına daxil edilməsi həyata keçirilməlidir.

Gələcəkdə yerli vahidlər haqqında məlumatların əldə edilməsi üçün SVDR-də qeydiyyatdan keçmiş obyektlər üçün təqdim edilməsi məcburi olan xüsusi hesabat forması (“Müəssisə (təşkilat) haqqında məlumat) işlənib hazırlanmalıdır. Bu hesabat forması SVDR-in aktuallaşdırılmasına şərait yaratmaqla bərabər, müəssisənin xüsusiləşdirilmiş ərazi bölmələrinin mövcudluğu, onların xüsusiyyətləri və vəziyyəti haqqında məlumatları özündə əks etdirməlidir. Bu hesabat formasından bütün vahidlərdən tam şəkildə məlumat toplanması, həmçinin ayrı-ayrı müəssisə və təşkilatlar qrupunun müayinəsi üçün xüsusi müşahidələrdə istifadə edilə bilər.


6.4.Yerli vahidlərin statistik işləmələrdə istifadə edilməsi
Yerli vahid anlayışının müəyyənləşdirilməsi və müəssisələr registrində onların uçotunun təşkili müəssisələr statistikasında, digər sahə statistikalarında struktur muayinələrin keçirilməsinə, regional statistika çərçivəsində müşahidələrin aparılmasına, iqisadiyyatın bölmələri üzrə ərazi kəsiyində qruplaşmaların təşkilinə, milli hesablar sistemində ölkə və regional səviyyələrdə statistik hesablamalarda yerli vahidlərin məlumatlarından istifadəyə şərait yaradır

7. Statistik registrlərin qarşılıqlı əlaqəsinin

təmin edilməsi qaydaları
Statistik məlumat sektorunun əsas vəzifəsi mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, təşkilatları, ictimai birlikləri, vətəndaşları və digər istifadəçiləri keyfiyyətli və operativ statistik məlumat ilə təmin etməkdən ibarətdir. Bu vəzifəni yerinə yetirmək üçün regional və inzibati informasiya sistemləri və şəbəkələri yaradılmalı, inzibati registr əsasında statistik registr formalaşdırılmalı, bu informasiya resurslarının vahid informasiya məkanına inteqrasiyası təmin edilməlidir. İnformasiya sistemlərinin inteqrasiyası üçün əvvəlcə həmin sistemlərin göstəricilərinin unifikasiyası, beynəlxalq təsnifatlardan istifadə edilməsi, bu sistemlərin birgə (inteqrativ) fəaliyyəti prinsiplərinin hazırlanması məsələləri həll edilməlidir.

Müasir informasiya texnologiyalarının tətbiqi statistik məlumatların toplanması və işlənməsi prosesini köklü surətdə dəyişdirmiş, məlumatların elektron şəbəkə formasında toplanması, məlumat bazalarının yaradılması statistik məlumatların istehsalı texnologiyasını təkmilləşdirmişdir. Məlumatların istehsalının müasir tipik variantı aşağıdakı sxemdə göstərilir.


Rəsmi statistika

orqanı


Sorğu vərəqələrinin poçtla təqdim olunması

İnzibati registrlərdən məlumatların toplanması

Elektron informasiya daşıyıcılarının digər transferləri

Telefonla və ya üz-üzə sorğu yolu ilə məlumatların toplanması

Statistik məlumat sisteminin əsas tərkib elementləri aşağıdakılardır:


  • metodologiya;

  • təsnifatlar sistemi;

  • registrlər;

  • məlumat bazaları;

  • statistik məhsullar (göstəricilər, cədvəllər, qrafiklər, təhlili materiallar və s.);

Bu elementlərin hər birinin, o cümlədən registrin statistik müşahidələrin təşkilində xüsusi funksiyası vardır. Ümumiyyətlə, registr statistik tədqiqatın əsası hesab edilir və onun məlumatları baş məcmunu tam xarakterizə etməlidir. Ona görə də registrin məlumatlarının dürüstlüyü statistik tədqiqatın keyfiyyətinə birbaşa təsir göstərir.

Statistik tədqiqatların müxtəlifliyi registrlərin müxtəlifliyini də şərtləndirir. Yəni, registrlər aparılan tədqiqatın növündən asılı olaraq tərtib edilir. Ekoloji, iqtisadi, sosial-demoqrafik müşahidələrin aparılması üçün əhali registri, biznes registr, məşğulluq registri, əmlak registri, ərazi vahidlərinin və inzibati ərazi dairələrinin registrindən və s. istifadə edilir. Bu registrlərdən əhali registri ədliyyə orqanları, əmlak registri Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən və s. tərtib edilir. Həmin registrlərin istifadəçiləri bir neçə orqan və ya tədqiqatçılar ola bilər. Registrin bir orqan tərəfindən aparılması və ondan müxtəlif istifadəçilərin yararlanması imkanları məlumatın hazırlanması xərclərinə və keyfiyyətinə müsbət təsir göstərir.

İqtisadi (biznes) fəaliyyəti əks etdirən ən iri məlumat fondundan (resurslarından) biri Statistik vahidlərin dövlət registridir. Bu registr təsərrüfat subyektləri haqqında məlumat əldə etmək üçün açıq sistemdir və məlumat təhlükəsizliyi prinsiplərini nəzərə alır. Onun tərkibinə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat vahidləri daxil edilmişdir. İnzibati sistemlərin registrlərin statistik metodologiyada aparıcı mövqeyə malik olması aşağıdakı sxemdə göstərilmişdir.

İnzibati sistemlərin registrləri

Registrlərdə statistik metodologiya

Statistik registr sistemi

Statistik registrlər

Statistik müşahidələr

Məlumatların toplanması

- seçmə müşahidə, sorğu



7.1. Statistik registrlər

Registrlər öz təyinatına görə inzibati, statistik və s. ola bilər. Lakin, onların inteqrasiyası və istifadəçilərinin sayının artırılması üçün məlumatlar bloklara bölünür. Biznes registr əsasən aşağıdakı bloklardan ibarətdir:

- identifikasiya bloku;

- ünvan bloku;

- təsnifat bloku;

- istinad (məlumatın mənbəyi) bloku;

- açıq (göndərilə bilən) göstəricilər bloku və s.

İnzibati registrdən statistik məsələlərin həllində istifadə edilir və onun əsas sxemi aşağıdakı kimidir.

İnzibati registrlər

Registr metodologiyası üzrə işlər

Statistik registrlər

Məlumatlara nəzarət və redaktə olunması

İştirak etməyən vahidlərin və kəmiyyətlərin uçotu

Yeni növ vahidlərin hazırlanması

Yeni növ dəyişənlərin (göstəricilərin) hazırlanması

Statistik məlumatların istehsalı prosesində keyfiyyətin təmin edilməsi

Registrdə hər bir iqtisadi vahid və təsnifləşdirilmə əlamətləri kodlaşdırılır. Bu kodlar iqtisadi vahidin ərazi üzrə yerləşməsini, tabeçiliyini, iqtisadi fəaliyyət növlərini, mülkiyyət və təşkilati-hüquqi formalarını birmənalı identifikasiya (eyniləşdirməyə) etməyə imkan yaradır.

Statistik registr dedikdə, müəssisə və təşkilatların, yaxud iqtisadi vahidlərin statistik məqsədlər üçün istifadə olunan təsnifləşdirilmiş siyahısı başa düşülür. Registrə müəssisə və təşkilatların fəaliyyət növləri, dövriyyəsi, işləyənlərin sayı, əmək haqqı fondu, torpaq sahələri, mal-qara və sair iqtisadi göstəricilər də daxil olunur. Registr formalaşdırılarkən, ilk növbədə, registrin qarşısına qoyulan məqsədlər müəyyənləşdirilir. Sonra isə registrin aparılması prinsipləri, tərkibi, onu əks etdirən vasitələr, registrin kağız üzərində və elektron daşıyıcılarda aparılması qaydası, əsas göstəricilərin siyahısı, məlumatların arxivləşdirilməsi və mühafizəsi qaydaları hazırlanır.

Statistik registrin mahiyyət və xarakteri həm də milli amillərlə müəyyən olunur. Birinci amil, registr qarşısında qoyulan məqsəddir. Son vaxtlaradək başdan-başa uçot üstünlük təşkil etdiyindən registrlərdən statistik müşahidələrin aparılmasında deyil, sadəcə olaraq məlumat mənbəyi kimi istifadə olunurdu. İkinci mühüm amil, statistik registrdən istifadəyə dair hüquqi əsasların mövcudluğudur. Üçüncü amil, müəssisənin normal fəaliyyəti üçün bəzi məlumatların təqdim edilməsinin könüllü olmasıdır. Nəhayət, registrin yaradılması və aparılması ilə bağlı xərclər və buna ayrılan vəsaitlər şəraitdən asılı olaraq dəyişə bilər.
7.2. Statistik registrlərin qarşılıqlı əlaqəsinə dair

beynəlxalq təcrübə
Avropa Birliyinə (AB) üzv ölkələrdə statistik müşahidələr üçün hazırlanmış registrlərin inteqrasiyası və keyfiyyətinin yüksəldilməsi üzrə xüsusi proqramların həyata keçirilməsinə başlanmışdır. Bu məsələnin həlli üçün mütəxəssislərdən ibarət işçi qrup yaradılmış, qrupun əsas vəzifəsi inzibati və statistik registrlərin inteqrasiyası üzrə qaydalar (kriteriyalar) hazırlamaqdan ibarətdir.

Statistik registr sisteminin inkişafı üçün aşağıdakı əsas qaydalar nəzərdə tutulur:

- registrin harmonizasiyası;

- vahidlərin təyinatı;

- əhatəlilik;

- aktuallaşma;

- vahidlərin demoqrafiyası (yaranması, ləğvi və s.);

- registrin keyfiyyətinin yaxşılaşdırılması.



Registrin harmonizasiyası. İqtisadi inkişafa və iqtisadiyyatın strukturuna nəzarət üçün statistik məlumatlar registri xüsusi əhəmiyyət kəsb edir. Registrlərin əhatəsi, həcmi və keyfiyyəti ölkədən asılı olaraq dəyişir. Statistik məlumatların istehsalı məsələsi registrlərin konkret standartlara cavab verməsini tələb edir. Harmonizasiya məlumatın təqdim edilməsinə məhdudiyyət qoymaq üçün şərait yaratmalı, hətta bəzi hallarda onların ixtisar edilməsini təmin etməlidir.

Vahidlərin təyinatı. Statistik məlumatları toplamaq və yekunlaşdırmaq üçün AB-nə üzv ölkələr statistik vahidlər məcmusunda aşağıdakıları nəzərdə tutur:

    1. istifadə olunan hər bir vahidin ümumi təyinatı olmalıdır və o, yeganə olmalıdır;

    2. statistik vahidlər çoxluğu AB-nə üzv ölkələrin hər birində istifadə olunmalıdır.

Əhatəlilik. Bütün müəssisələr və onların yerli strukturları registrə daxil edilməli və registrdən götürülmüş statistik məlumatlarda xətalara yol verilməməlidir.

Aktuallaşma. Registr vahidləri zəruri hallarda yaradılır, dəyişdirilir və ya ləğv edilərək registrdən çıxarılırlar. Zaman keçdikcə onların xarakteristikaları da dəyişir. Əgər vahidlərin demoqrafiyası standart metodologiyaya uyğunlaşdırılmayıbsa, beynəlxalq müqayisələri həyata keçirmək olduqca çətin olacaq.

Xarakteristikalar. Vahidlər və onlara aid xarakteristikalar da harmonizasiya edilməlidir. Onlar seçmədə istifadə olunan strataların müqayisəliliyini, alt çoxluqların harmonizasiyasını (maraqlara görə, məsələn, dövlət müəssisələri), bəzi iqtisadi vahidlərin standartlaşmasını müəyyən edir.

Registrin keyfiyyəti. Registrin keyfiyyəti onun tərkibi və mövcud reallığa uyğunluğu ilə müəyyən olunur. Keyfiyyət aktuallaşmanın tezliyi və xarakterindən asılıdır, onu müəyyənləşdirmək və qiymətləndirmək mümkündür. Keyfiyyəti təmin etmək üçün AB üzrə vahid registr yaratmaq deyil, milli registrləri harmonizə etmək daha məqsədəuyğun hesab olunur. Hər bir ölkə öz registrinin yaradılması və aktuallaşdırılması metodlarını sərbəst müəyyən edir. Bunun üçün keyfiyyət meyarlarının minimal norması müəyyən edilir və registrin istifadəsində aşkar olunan uyğunsuzluqlar müntəzəm olaraq nəzərdən keçirilir. Registrlərin aktuallaşmasının hansı müddətə və hansı əhatəliklə həyata keçirilməsi dəqiq müəyyənləşməlidir. İlk növbədə keyfiyyəti təyin edən dörd meyar mövcuddur:

  • birinci meyar registr “daxilolmalarının” müddət və əhatəliliyinə aiddir. t ilində yaradılan vahidlərin 95%-nin t+1 ilində qeydiyyata düşməsini müəyyənləşdirmək olar;

  • ikinci meyar qeydiyyatların sayına (xüsusi çəkisinə) aiddir. Həqiqətdə eyni vahidin bir neçə dəfə qeydiyyatdan keçməsi müayinə zamanı yol verilən xətalara səbəb olur.

  • üçüncü meyar “yalançı” fəal vahidlərin sayına (xüsusi çəkisinə) aiddir. İqtisadi fəallığın dayandırılmasına baxmayaraq, registrlərin aparılması zamanı sistematik natamam qeydiyyat qaçılmazdır və fəaliyyəti dayandırılmış vahidlər registrdə fəal vahid kimi qeyd olunur;

  • dördüncü meyar vahidlərin iqtisadi fəaliyyət növlərinin və ölçülərinin təsnifləşməsi zamanı yol verilən xətalara aiddir.

Bu xətalar müşahidələrin keyfiyyətli yerinə yetirilməsinə mənfi təsir göstərir. Müşahidələrin nəticələri təshih edilsə də, mütəxəssislərin müəyyənləşdirdiyi dəqiqliyi əldə etmək mümkün olmur. Beləliklə, baş məcmunu stratalara ayırmaq üçün istifadə olunan göstəriciləri müntəzəm olaraq aktuallaşdırmaq və onlara nəzarət etmək lazımdır. Müşahidənin nəticəsini qiymətləndirmək üçün registrə daxil edilmiş vahidlər üzrə ildə bir dəfə, qalan vahidlər üzrə ən azı dörd ildə bir dəfə aktuallaşmanın aparılması tövsiyə olunur.

Keyfiyyətin müəyyənləşdirməsi. Keyfiyyət meyarlarının norması keyfiyyətin qiymətləndirilməsində istifadə edilir.

Milli registrlərin harmonizasiyası uzunmüddətli və tədrici bir prosesdir. Qəbul edilmiş normativ aktlar bu harmonizasiyanın aparılması üçün əsas verir, hüquqi və statistik vahidlərin qeydiyyatı üçün norma təyin edir. Normativ aktlar milli registrlərin harmonizasiyası və keyfiyyət dinamikasını müəyyən edir, bu da statistik registrin məlumatları ilə inzibati registrin məlumatları arasında sıx əlaqə yaradır.

Milli registrlərin işlənib hazırlanması və yeniləşməsində nəzərə alınmış xarakteristikaları müəyyən etmək üçün registrin funksiyası və təyinatını düzgün təhlil etmək lazımdır. Registr - müəssisələr statistikası sisteminin təməlidir, çünki bu sistem ardıcıl və əsaslandırılmış məlumatlar çoxluğunun hər il müntəzəm toplanması üçün nəzərdə tutulmuşdur.

AB-də registrdən istifadənin beş əsas təyinatı mövcuddur:



  • statistik vahidlərin aşkar edilməsi və yaradılması;

  • müayinələrin aparılması və əlaqələndirilməsi;

  • müəssisələrin demoqrafiyasının statistik məlumat mənbələri;

  • inzibati mənbələrin məlumatlarının cəlb edilməsi;

  • məlumatların yayılması vasitəsi.

Statistik vahidlərin aşkar edilməsi və yaradılması. Statistik vahidlər hüquqi şəxslərə və mövcud inzibati vahidlərə həmişə birbaşa uyğun olmur. İnzibati mənbələr bütövlükdə ölkədə hüquqi vahidlərin yaradılması və mövcudluğu haqqında məlumatlar verir. Bu hüquqi vahidlərin ünvanları sosial qanunların tətbiqinə görə məsuliyyət daşıyan inzibati hakimiyyət orqanlarına və sosial sığorta təşkilatlarına məlumdur. AB-nə üzv ölkələrin işləyib hazırladıqları registrlər eyni zamanda hüquqi vahidlər, müəssisələr, yerli vahidlər, iqtisadi fəaliyyət vahidləri registridir.

Müayinələrin aparılması və əlaqələndirilməsi. Registr müayinələrin aparılması və nəticənin yoxlanması üçün istifadə olunan məlumatlardan ibarətdir. Müayinə aparmaq üçün aşağıdakılar yerinə yetirilməlidir:

  • illik siyahı hazırlanmalı və bu siyahı üzrə statistik müayinələrin sorğu anketlərini paylamaq üçün ünvanların siyahısı tərtib edilməli;

  • səmərəli seçmə şəbəkəsi (müəssisələr çoxluğu) hazırlanmalı;

  • müəssisələrdən sorğu yolu ilə alınmış məlumatlar ekstrapolyasiya edilməli;

  • müxtəlif müayinələrin nəticələri təhlil edilməli;

  • məlumatlar ekspertlər tərəfindən diqqətlə öyrənilməlidir.

Registrdən düzgün istifadə sorğu zamanı kiçik müəssisələrin statistik yükünə nəzarət etmək imkanı verir, eyni vahidləri təkrar seçməyə düşmək zərurətindən qoruyur.

Müəssisələrin demoqrafiyasının (yaranmasının, ləğvinin, birləşməsinin, bölünməsinin və s.) statistik məlumat mənbələri. Müəssisələr çoxluğu, onun strukturu və demoqrafiyası haqqında məlumatlara tələbat getdikcə artdığına görə, registrin aparılmasında nəzərə alınmalıdır. Bu cür məlumatların real mənbəyi aşağıdakılardır:

  • statistik vahidlərin dövlət registri üçün hüquqi vahidlərdən alınan məlumatlar;

  • statistik tədqiqatların həm hazırlıq, həm də həyata keçirilmə mərhələlərində əldə edilən məlumatlar;

  • inzibati registrlərin məlumatları.

İnzibati mənbələrin məlumatlarının cəlb edilməsi. İqtisadiyyat üzrə məlumatlara tələbat durmadan artır, bu da müəssisədə statistik müayinə yükünün artmasına gətirib çıxarır. Ona görə də inzibati registrlərdən istifadə etməyə zərurət yaranır.

Registrin aparılması. AB-nə üzv ölkələrdə statistik registrlərinin yaradılması və aparılması üçün inzibati mənbələrdən getdikcə daha çox istifadə edilir. Bəzi ölkələr iki tip registrdə olan məlumatları birləşdirir, yəni bir neçə təyinatı olan registr yaradılır. Əgər ƏDV registri inzibati məlumatlar mənbəyidirsə (bəzi statistika institutlarının istifadə etdiyi), o halda digər vergi orqanlarına, sosial sığorta təşkilatlarına, ticarət palatalarına aid registrlərdən də istifadə etmək olar. Bu cür məlumatlar mübadiləsi prosesində inzibati və statistik registrlərin forma və məzmunu bir-birinə təsir göstərə bilər. Statistik registrlərin aparılması ayrıca əməliyyatlar kimi deyil, inzibati və statistik registrlərin hazırlanmasına yönəldilmiş əlaqələndirmə əməliyyatlarını nəzərdə tutur.

Məsələn: bina və avadanlıqlara qoyulan investisiyalar haqqında məlumatları toplamaq üçün yeni yaradılmış iqtisadi vahid haqqında məlumatlar dərhal registrin siyahısına daxil edilməlidir və ya iqtisadi vahidə dair hər bir dəyişiklik, məsələn, vahidin ünvanının istənilən dəyişikliyi olan kimi, o müvafiq vahidin sətrinə daxil edilməlidir və s.



Fəaliyyət növü və təsnifləşmə. Statistik vahidin iqtisadi fəaliyyət növlərində müxtəlif dəyişikliklər haqqında məlumat onun əsas fəaliyyət növü kodunun modifikasiyasına gətirib çıxara bilər.
7.3. Statistik registrin Azərbaycanda aparılması və Statistik vahidlərinin Dövlət registri ilə qarşılıqlı əlaqəsi
Statistik vahidlərinin Dövlət registri – Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatından keçmiş təsərrüfat subyektlərinin identifikasiyasını (eyniləşdirilməsini) və uçotunu təmin edən, sənədlərin sıralanmış məcmusundan və məlumat texnologiyasından ibarət olan dövlət məlumat sistemidir.

Statistik reyestr – statistik məqsədlər, yəni başdan-başa və birdəfəlik müşahidələrin, seçmə müayinələrin konyuktur sorğuların, siyahıyaalmaların təşkili və həyata keçirilməsi üçün istifadə edilən iqtisadi fəal statistik vahidlərin baş məcmusudur.

Statistik reyestrin aktuallaşdırılması – reyestrin subyektləri haqqında məlumatların dəqiq (aktual) vəziyyətdə saxlanması məqsədi ilə dəyişikliklərin reyestrə daxil edilməsi.

Demoqrafik və qeyri-demoqrafik dəyişikliklər bazası – Uçot vahidlərinin Dövlət reyestri əsasında yaradılmış və təsərrüfat subyektlərində sonradan statistik reyestrə daxil edilməsi üçün baş verən bütün dəyişikliklərin uçotunu təmin edən məlumat sistemidir

Statistik vahidlər – statistik uçota və müşahidəyə cəlb olunmalı vahidlərdir (təsərrüfat subyektləridir). Statistik vahidlərinin Dövlət registrinin tərkibində statistik vahidlərə Azərbaycan Respublikasının ərazisində yerləşən və mövcud qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçmiş, təsərrüfat fəaliyyəti həyata keçirən subyektlər aid edilir.

Təsərrüfat subyektləri – hüquqi şəxs statusuna malik olan, yaxud öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən (fiziki şəxslər) subyektlərdir.

Statistik vahidlərin inzibati və təsnifat göstəricilərinin aktuallaşdırılması statistik registrin Statistik vahidlərinin Dövlət registri ilə qarşılıqlı əlaqəsi əsasında həyata keçirilir.

Statistik registrin inzibati və təsnifat göstəriciləri rəsmi mənbələrin məlumatları əsasında aşağıdakı qaydada aktuallaşdırılır:



  • inzibati göstəricilərin aktuallaşdırılması təsərrüfat subyektlərinin qeydiyyatı, təkrar qeydiyyatı və fəaliyyətlərinin dayandırılması haqqında qeydiyyat məlumatları əsasında, nazirlik və idarələr arası məlumat mübadiləsinin müəyyən edilmiş qaydalarına və Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarına uyğun olaraq;

  • təsnifat göstəricilərinin aktuallaşdırılması normativ-sorğu sənədlərinə əsasən.

Təsərrüfat subyektinin fəallıq vəziyyəti onun statistik vahid kimi qeydiyyata alındığı zaman doldurulan və ildə bir dəfə statistik müşahidələr və digər inzibati registrlərin məlumatlarında əmələ gələn fərqlər əsasında aktuallaşdırılan fəallıq göstəricisi ilə xarakterizə edilir.

Cari dəyişikliklər Statistik vahidlərinin dövlət registrinə və demoqrafik və qeyri-demoqrafik dəyişikliklər bazasına aşağıdakı kimi daxil edilir:



  • hər gün – yeni yaradılmış təsərrüfat subyektlərinin qeydiyyatı, təkrar qeydiyyatı və ləğvlərinin qeydiyyatı haqqında məlumatlar əsasında;

  • rübdə bir dəfə - cari statistik hesabatlar əsasında;

  • ildə bir dəfə - illik hesabatların yekunları əsasında;

  • bir dəfə - təsərrüfat subyektlərinin siyahıyaalınması əsasında (əgər həyata keçirilərsə).

Təsərrüfat subyektlərinin iqtisadi fəallıq vəziyyəti illik və cari statistik hesabatlar əsasında və həmçinin digər inzibati registrlərdən rübdə bir dəfə alınan məlumatlar əsasında müəyyənləşdirilir.

Mövsümi müəssisələrin, idarə və təşkilatların fəallıq vəziyyəti illik statistik məlumatlar əsasında müəyyən edilir.

Statistik vahidlər üçün aşağıdakı fəallıq vəziyyətləri müəyyənləşdirilmişdir:



  • vahid haqqında heç bir məlumat yoxdur;

  • vahid fəaldır;

  • vahid fəal deyil (“yatmış” vahid);

  • vahid ləğv olunma ərəfəsindədir;

  • yeni yaranmış vahid.

Öz nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq fəaliyyət göstərən və statistik hesabatlar təqdim edən müəssisə, təşkilat və idarələr “hesabat təqdim edən vahid” kimi qeyd edilir.

Vahid haqqında heç bir məlumat yoxdur - haqqında 3 ildən çox müddətdə heç bir məlumat olmayan və SVDR-də göstərilən ünvanda tapılmayan statistik vahidlər üçün şamil edilir.

Vahid fəaldır - statistik müşahidələr və inzibati registrlərin məlumatları əsasında, fəaliyyət göstərən və ya bir aydan az müddətdə işləməyən statistik vahidlərə şamil edilir.

vahid fəal deyil (“yatmış” vahid ) - statistik hesabatlar və inzibati registrlərin məlumatları əsasında, bir aydan çox, lakin üç ildən az müddətdə işləməyən statistik vahidlərə şamil edilir.

Əgər statistik vahid cari ildə öz maliyyə, istehsal və ya digər fəaliyyəti haqqında hesabat təqdim etmirsə (işləyənlərin sayı haqqında məlumatdan başqa) və ya “0” göstəricisi ilə təqdim edirsə, “yatmış” hesab edilir və statistik registrin tərkibində cari ilin sonunadək müşahidə edilir.

Vahid ləğv olunma ərəfəsindədir - ləğv olunma prosedurası başlanılan, lakin ləğv qeydiyyatı aparılmamış statistik vahidlərə onların ləğvini qeydiyyata alan orqanların məlumatları əsasında şamil edilir.

Əgər hüquqi şəxsin ləğv olunma prosedurası cari il ərzində başlanıbsa, onda bu statistik vahid il qurtaranadək statistik registrdə müşahidə edilir. Belə vahidlər sonrakı ilin statistik registrinə daxil edilmir. Lakin əgər ləğv olunacaq statistik vahid öz borc öhdəliklərinin ödənilməsi məqsədi ilə və ya başqa səbəblərdən iqtisadi fəaliyyət göstərirsə, onda onun sonrakı iqtisadi vəziyyəti sahə subregistrində müşahidə edilir.

Yeni yaranmış vahid - yeni yaradılmış təsərrüfat subyektinə şamil edilir və qeydiyyat anından onun iqtisadi fəallığının müayinəsinədək və ya dövlət statistika orqanlarına statistik hesabatların təqdim etdiyi anadək saxlanılır.

Bu vaxt ərzində yeni yaradılmış statistik vahid statistik registrə daxil edilmir. Yeni yaradılmış vahidlərin sonrakı vəziyyətinin müəyyən edilməsi üçün yerli statistika orqanları ilə birlikdə müayinələr aparılmalıdır. Yeni yaradılmış vahidlərin qeydiyyat anından 6 ay keçdikdən sonra dövlət statistika hesabatları təqdim edilərsə, yaxud digər inzibati registrlərdə (vergi, gömrük və s.) məlumat olarsa, bu vahidlərə “fəal vahid” statusu verilir və onlar statistik registrə daxil edilir.

Əgər 6 ay müddətində yeni yaradılmış təsərrüfat subyekti öz fəaliyyəti haqqında heç bir ünvana məlumat verməmişdirsə, onda bu statistik vahid “yatmış” vahid kimi müəyyənləşdirilir və 3 il müddətində SVDR-nin tərkibində “yatmış” vahid kimi müşahidə edilir. 3 il keçdikdən sonra bu vahid fəaliyyətə başlamazsa, onda o, “vahid haqqında heç bir məlumat yoxdur” statusu alır və sonralar statistik registrə daxil edilmir.

Əgər əvvəllər fəal olmuş vahid uzun müddət (bir ildən çox) fəaliyyət göstərməzsə, onda onların siyahıları sahə şöbələri tərəfindən qeyri-fəal subyektlərin identifikasiya kodları ilə birlikdə registrləri aparan bölməyə təqdim edilir. Bunun əsasında registrin məlumat bazasında bu subyektlər “yatmış” vahid kimi qeyd edilir, sonralar onların vəziyyəti SVDR-də müşahidə edilir və bu vəziyyət 3 ilə qədər saxlanılır. Əgər üç il keçdikdən sonra bu subyektlər fəaliyyətlərini bərpa etməzlərsə, onların fəallıq vəziyyəti “vahid haqqında heç bir məlumat yoxdur” kimi qeyd edilir.

Fəaliyyətini bərpa etmiş subyektə yenidən “fəal” statusu qaytarılır. Sonralar bu subyekt statistik müşahidələrə cəlb edilir və təqdim edilən statistik hesabatlar əsasında o, “hesabat verən” statusu alır və statistik registrə daxil edilir.

İqtisadi qeyri-fəal subyektlərin vəziyyəti digər inzibati orqanların məlumatları əsasında müşahidə edilir. Fəaliyyətlərini bərpa etmiş subyektlər aşkar edilərsə, subyektin hal-hazırda həyata keçirdiyi əsas fəaliyyət növünün müəyyənləşdirilməsi məqsədi ilə müayinə aparılır.
7.4. Statistik registrin sahə subregistrləri ilə qarşılıqlı əlaqəsi
Statistik göstəricilərin işlənməsi üçün istifadə edilən sahə subregistrləri statistik registrin məlumat bazası əsasında formalaşdırılmalıdır. Bununla bərabər sahə subregistrlərinin və sahə məlumat bazalarının strukturları və sətirlərin adları statistik registrin strukturuna və sətirlərin adlarına tam uyğun olmalıdır.
Statistik registrin aktuallaşdırılması qaydaları
Statistik registrin aktuallaşdırılması aktuallaşma üzrə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Tam və aktual məlumatın alınması statistika orqanlarının ən kiçik səviyyəsindən başlayaraq bütün statistika xidmətləri tərəfindən təmin edilir və müxtəlif səviyyəli xidmətlər arasında funksiyaların bölüşdürülməsi ilə səciyyələnir.

Hesablama texnikası ilə təmin edilmiş yerli statistika orqanları regional registrlərin yerli səviyyədə Dövlət Statistika Komitəsinin təsdiq etdiyi strukturda avtomatlaşdırılmış rejimdə aparılmasını və subyektlərin fəaliyyətlərində baş verən dəyişikliklər haqqında məlumatların mərkəzi səviyyəyə texniki daşıyıcılarda ötürülməsini həyata keçirir
Statistik vahidlərin fəallıq vəziyyətinin aktuallaşdırılmasına dair işlər sahə şöbələri ilə əlaqəli şəkildə aşağıdakı məlumatlar əsasında həyata keçirilir:


  • müəssisə, idarə və təşkilatların ilkin hesabatları;

  • təsərrüfat subyektlərinin (hüquqi və fiziki şəxslərin) seçmə müayinələri;

  • təsərrüfat subyektlərinin siyahıyaalınması (əgər həyata keçirilərsə);

  • toplu statistik hesabatları yerli statistika orqanları tərəfindən təqdim edilən müəssisələrin siyahısı.

Nəticədə mərkəzi registrin məlumat bazasına statistik vahidlərin cari vəziyyətlərinə uyğun olan fəallıq kodları daxil edilir.

Bundan əlavə təsərrüfat subyektlərinin faktiki yerlərinin və cari fəallıq vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədi ilə, registrlərin aparılması xidməti ölkənin digər inzibati orqanlarının registrləri ilə qarşılıqlı əlaqədə olur.

Registri aparan şöbə statistik registrə daxil olunacaq vahidlərin (yeni yaranmış, “yatmış”, fəaliyyətini bərpa etmiş) fəallıq vəziyyətinin müayinəsini təşkil edir. Bu məqsədlə statistik vahidlərin müayinə olunacaq məcmusu müəyyənləşdirilir, statistik vahidlərin fəallıq vəziyyətlərinin müayinəsi məqsədilə metodoloji alətlər işlənilib hazırlanır.

Sahə şöbələri təsərrüfat subyektlərinin cari ildə maliyyə-təsərrüfat fəaliyyətləri haqqında hesabat məlumatlarını təhlil edir, növbəti hesabat ili üçün onların əsas fəaliyyət növlərini müəyyən edir və registrləri aparan bölməni statistik registrdə uyğun dəyişikliklərin aparılması məqsədi ilə xəbərdar edirlər.

Növbəti hesabat ili üçün statistik registrin vahid bazasının formalaşdırılması məlumat təminatı şöbələri öz sahə subregistrlərinin məlumatları ilə statistik registrin sahə bölmələrinin məlumatları arasında müqayisəli təhlil aparır.

Statistik məlumatların illik işləmələrinin sonunda statistik məlumat şöbələri registrləri aparan şöbəyə hesabat təqdim edən vahidlərin məlumat bazasını ötürür. Bu zaman sıfır balansa malik olan statistik vahidlər bu bazaya daxil edilmir.

Statistik registrlərdə olan məlumatlar və onların aparılması üçün istifadə edilən müvafiq proqram təminatı daimi saxlanılır.

7.5. Statistik registrin istifadə edilməsi
Statistik registrin məlumat bazasından konkret müşahidənin həyata keçirilməsi üçün obyekt siyahılarının formalaşdırılması üçün istifadə edilir.

Statistik registrin məlumat bazasının cari il yanvarın 1-i vəziyyətinə olan yazıları əsasında rüblük və aylıq müşahidələr üçün obyekt siyahıları formalaşdırılır.

İllik müşahidələr üçün obyekt siyahıları isə statistik registrin məlumat bazasının növbəti ilin yanvarın 1-i vəziyyətinə olan yazıları əsasında formalaşdırılır.

Hesabat ilinin müvafiq dövrü üçün statistik registrin cari vəziyyətinin dəyişikliklər massivi ayrı-ayrı tədqiqatların nəticələrinin işlənməsində istifadə edilir. Bu, əsasən seçmə üsulu ilə həyata keçirilən müşahidələrə aiddir.

Konkret statistik müşahidələr üçün obyektlərin siyahılarının formalaşdırılması və statistik registrin ərazi bölmələri əsasında məlumat-sorğu materiallarının hazırlanması registrlərin formalaşdırılması və aparılmasına məsul olan və SVDR-nin və statistik registrin ərazi bölmələrinin məlumatlarını saxlayan xidmətlərin üzərinə düşür.

Statistik registrin istifadəçilərinə statistik registrin bazasına yalnız baxış, konkret statistik və məlumat sorğu məsələlərinin həlli üçün müxtəlif siyahıların formalaşdırılması rejimlərində girişə icazə verilməli və müvafiq giriş kodları qoyulmalıdır. Reqlamentləşdirilmiş və reqlamentləşdirilməyən sorğular əsasında məlumatın alınması və məlumat fondlarına tam həcmdə daxil olma məsələlərinin həlli üçün istifadəçi statistik registrin məlumat bazasının saxlayıcısı ilə qarşılıqlı əlaqə yaratmalıdır.



Statistik registr statistik müşahidələrin həyata keçirilməsi üçün əsas baza hesab edilir və buna görə də statistik registrə daxil edilmiş təsərrüfat subyektləri haqqında məlumatların kənar hüquqi və fiziki şəxslərə verilməsi yalnız müvafiq qanunvericilik əsasında həyata keçirilə bilər.


* Müəssisələr çoxluğu dedikdə, təkcə müəssisələr çoxluğu deyil, onlarla əlaqəli statistik və qeyri-statistik vahidlər başa düşülür.

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin