Acarıstan Muxtar Respublikası



Yüklə 37,3 Kb.
tarix18.04.2020
ölçüsü37,3 Kb.
Plan

  • Acarıstan Muxtar Respublikası.

  • Tarixi.

  • İqtisadiyyatı.

  • Təsərrüfat.

  • Rusiya – Gürcüstan müharibəsi.

  • Arxa plan.

  • Rusiyanın maraqları və iştirakı.

  • Həll edilməmiş münaqişələr.

  • Gürcüstanla Qərb arasındakı əlaqələr.

  • Başlanğıc.

  • Avqustun əvvəlləri.

  • Atəşkəs razılaşması.

  • Ədəbiyyat.


Acarıstan münaqişəsi

Acarıstan Muxtar Respublikası

Acarıstan (gürc. აჭარა), Acarıstan Muxtar Respublikası (gürc. აჭარის ავტონომიური რესპუბლიკა) — Gürcüstanın cənub-qərbində yerləşən muxtar respublika. Türkiyə ilə həmsərhəddir, həmçinin Qara dənizin sahilində yerləşir. Əhalisinin əksəriyyətini acarlardır. Paytaxtı Batumi şəhəridir. Batumi limanı regiondakı iri transmilli layihələrin, o cümlədən Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarından biridir.

1991-ci ildən muxtar respublikaya rəhbərlik edən və "Acarıstan aslanı" kimi ad çıxaran Aslan Abaşidze (Abaşidzelərin Acarıstandakı hakimiyyətinin kökləri 6 əsr öncəyə, XV əsrin ortalarına gedib çıxır - red.) belə mürəkkəb etnik strukturu olan bölgənin 2004-cü ilə qədər rəhbəri olub. 1991-1992-ci illərdə Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçib.



Tarixi

Acarıstan qədim dövrlərdən bəri Kolxida və Qafqaz İberiyası dövlətlərinin tərkibində olmuşdur. Təxminən eramızdən əvvəl 5-ci əsrdə buranı yunanlar öz koloniyasına çevirdilər, daha sonra isə bütün yunan koloniyaları kimi Roma İmperiyası tərəfindən tutuldu. Roma imperiyasının dağılmasından sonra Acarıstan uğrunda İran və Bizans arasında müharibələr gedir, az sonra isə ərəblər tərəfində tutulur.

Coğrafi baxımdan strateji əhəmiyyətə malik Acarıstan əsrlər boyu iki böyük imperiyanın - Osmanlı dövlətinin və Çar Rusiyasının mübarizə meydanı olub. 16-cı əsrin ortalarından 1878-ci ilədək (həmin il Rusiya ilə növbəti müharibəni uduzan Osmanlı bölgəni şimal qonşusuna güzəştə getmişdi) Acarıstan Osmanlının nəzarətində olub. Birinci Dünya Müharibəsi gedişində və sonra Acarıstan (ümumilikdə isə bütün Cənubi Qafqaz) yenə Türkiyə və Rusiyanın mübarizə predmeti olub.

Təsadüfi deyil ki, Gürcüstan tərkibində Acarıstan Muxtar Respublikasının yaradılması 1921-ci il martın 16-da Moskvada imzalanmış Türkiyə-Rusiya müqaviləsinin və həmin il oktyabrın 13-də Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanmış Qars müqaviləsinin müddəalarına əsasən yaradılıb.



1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Gürcüstanın müstəqillik əldə etməsi ilə bərabər Acarıstan da onun tərkibində muxtar respublikaya çevrildi. Respublikaya başçılığı 1991-ci ildən Aslan Abaşidze etmişdir. Lakin onun həddindən artıq mərkəzdən qaçma meyilləri Tbilisidə narazılıqla qarşılanmışdır. 2003-cü ildə hökuməti devirmək yolu ilə hakimiyyətə gələn Mixail Saakaşvili respublikaya qarşı təzyiqlər etməyə başlamışdır. Nəticədə 2004-cü ildə dövlət bura qoşun göndərmiş, Abaşidzeni zorla hakimiyyətdən kənarlaşdırmışdır. Ondan sonra Acarıstana Levon Varşalomidze rəhbərlik etməyə başlamışdır. Saakaşvili hökuməti Acarıstanın muxtariyyətini böyük ölçüdə azaltmışdır.

İqtisadiyyatı

Acarıstan, demək olar ki, bütün sahələrdə Gürcüstandan mümkün qədər az asılıdır. 1991-ci ildən sonra Acarıstan rəhbərliyi Gürcüstan-Türkiyə sərhəd qapısından və Batumi limanından əldə etdiyi gömrük gəlirlərinin ən çox halda 30 faizini Tbilisiyə ödəyib. 1999-cu ildə Gürcüstan rəhbərliyi Britaniyanın FTS şirkətini ölkənin gömrük-sərhəd sistemini yenidən qurmağa dəvət etsə də, Abaşidze bu şirkətin Acarıstanda işləməsinə imkan verməyib. Tbilisi rəsmilərinin bildirdiyinə görə, Acarıstanın hər il Gürcüstan büdcəsinə ödəmədiyi gömrük rüsumları və digər vəsaitlər 200-300 milyon dollar təşkil edir.

Təsərrüfat

Başlıca sənaye sahələri: neft emalı, çayşərabkonserv və s. istehsalı. Yüngül sənaye, ağac emalı sənayesi inkişaf etmişdir. Acaristkali çayı üzərində SES fəaliyyət göstərir. Ərazisində mis, polimetal filizlər, odadavamlı gil yataqları vardır. Yeyinti sənayesi avandanlığı, kimya-əczaçılıq malları istehsal olunur (Batumi). Əsas kənd təsərrüfatı bitkiləri çay, sitruslardır. Meyvə bağları (o cümlədən subtropik bitkilər), tunq, dəfnəevkaliptbambukdənli bitkilər becərilir. Acarıstanın daxili rayonlarında tütün, sahilboyu zolaqlarda tərəvəz, dağ ərazilərində kartof əkilir. Dağətəyi zolaqda südlük qara mal, dağlıq sahələrdə davar (qoyun və keçi) saxlanılır. İpəkçilik və arıçılıq inkişaf etmişdir. Acarıstanın sahilboyu zolağından elektrikləşdirilmiş Samtredia–Batumi dəmiryol və Novorossiysk–Batumi magistral avtomobil yolu, daxili rayonlarından Batumi–Xulo–Axaltsixe avtomobil yolu keçir. Başlıca dəniz portu Batumidir, burada aeroport fəaliyyət göstərir. Sahilboyu zolaqdakı kurortları: Batumi, Kobuleti, Sixisdziri, Yaşıl Burun, Maxincauri.

Rusiya – Gürcüstan müharibəsi (2008)

Rusiya-Gürcüstan müharibəsi[qeyd 1] — 2008-ci ilin avqust ayında GürcüstanRusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.[3]

Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. Burada yerli abxaz separatçılarla gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibə başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin prezident seçilməsi və 2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü Qızılgül inqilabı nəticəsində Rusiya və Gürcüstan arasındakı münasibətlər pisləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. 1 avqust 2008-ci ildən etibarən cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladı və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı.[4] Rusyönümlü separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələrinin vurulmasından sonra 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşdü. Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə 7 avqust tarixində Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.

Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açmağa müvəffəq oldu. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı. Rusiya Hərbi Hava Qüvvələri isə münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirməyə başladı. Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiber müharibənin də aparıldığı ilk müharibə kimi tarixə keçmişdir. Aktiv informasiya müharibəsi həm müharibə ərzində, həm də daha sonra davam etmişdir. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatmışdır.

Rus qoşunları müharibə ərzində ZuqdidiSenakiPoti və Qori kimi gürcü şəhərlərini işğal etdi və atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. Cənubi osetiyalılar burada yerləşən gürcü kəndlərinin əksər hissəsini dağıtdılar və müharibəyə qədər burada yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı.[1] Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.[2] Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Rusiya 8 oktyabr tarixinə qədər öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi. Müharibədən sonra Rusiyanın beynəlxalq əlaqələri çox da zərər görməmişdi. Müharibə nəticəsində 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşsə də, onların çox hissəsi müharibə başa çatdıqdan sonra öz əvvəlki yaşayış yerlərinə qayıtmışdır.



Arxa plan

Orta əsrlərdə monqolların regionu işğal etməsindən sonra Gürcüstan çarlığı bir neçə krallığa və knyazlığa parçalandı. XIX əsrdə isə Gürcüstan əraziləri Rusiya İmperiyası tərəfindən işğal olundu. Rusiyada fevral burjua-demokratik inqilabı baş verdikdən sonra 26 may 1918-ci il tarixində Gürcüstan öz müstəqilliyini elan etdi.

Gürcüstan ərazisində də məskunlaşmış etnik osetinlər əslində Şimali Qafqazda yerləşən Şimali Osetiyanın yerli əhalisi hesab olunur. Osetinlərin Cənubi Qafqaza gəlmələri barədə müxtəlif versiyalar mövcuddur. Bu versiyalardan birinə görə osetinlər ilk dəfə XIII və XIV əsrlərdə buraya miqrasiya etmiş və əsrlər boyu gürcülərlə birlikdə sülh şəraitində yaşamışdır. 1918-ci ildə Şida Kartlidə məskunlaşmış və bolşevizm hərəkatından ruhlanaraq öz əkib-becərdikləri torpaqların özlərinə məxsus olduğunu iddia edən torpaqsız osetin kəndlilərlə menşevik hökuməti tərəfindən dəstəklənən, bu torpaqların qanuni sahibi olan gürcü aristokratları arasında münaqişə başlandı. İlk əvvəllər osetinlər mərkəzi hökumətin iqtisadi siyasətindən narazı olsalar da, tərəflər arasındakı narazılıqlar tezliklə etnik münaqişəyə çevrildi. 1919 və 1920-ci illərdə baş vermiş üsyanlar ərzində osetinlər Sovet Rusiyası tərəfindən dəstəklənsələr də, məğlub oldular.[6]

Müstəqil Gürcüstan Demokratik Respublikası 1921-ci ildə Qırmızı Ordu tərəfindən işğal olundu və ölkədə Sovet hakimiyyəti bərqərar oldu.[7]1922-ci ildə Gürcüstan SSR-in tərkibində Cənubi Osetiya Muxtar Vilayəti yaradıldı.[8] Stefen Cons, Emil Süleymanov və Arsen Saparov kimi tarixçilərin fikrinə görə rus işğalına qədər bu regionda heç bir separatçı qurum mövcud olmamış, yalnız Gürcüstan Demokratik Respublikasına qarşı aparılan mübarizədə onlara dəstək verdikləri üçün bolşeviklər tərəfindən osetinlərə bu bölgədə muxtar ərazi yaratmağa icazə verilmişdir.[6][9][10]



Sovet İttifaqının artıq zəifləməyə başladığı bir dövrdə, 1989-cu ildə Sovet Gürcüstanında millətçilik hərəkatı özünün pik həddinə çatmışdı. Kremlin isə Cənubi Osetiyadakı nasionalizm tərəfdarlarından gürcülərin müstəqillik hərəkatına qarşı istifadə etməkdə maraqlı idi. 11 dekabr 1990-cı ildə Cənubi Osetiyanın ölkədən ayrılmaq cəhdinə cavab olaraq Gürcüstan Ali Soveti bölgənin muxtariyyət statusunu ləğv etdi.[11]1991-ci ilin yanvarında Gürcüstanla Cənubi Osetiyadakı separatçılar arasında hərbi münaqişə başlandı.[12] Gürcüstan 9 aprel 1991-ci ildə öz müstəqilliyinin bərpa olunduğunu elan etdi və Sovet İttifaqından ayrılan ilk qeyri-Baltik dövləti oldu.[13] Cənubi osetiyalı separatçılar isə bölgədə hələ Sovet dövründən yerləşdirilmiş hərbi birləşmələr tərəfindən dəstəklənirdi. Hansı ki, bu hərbi birləşmələr sonradan Rusiyanın idarəsi altına keçmişdi.[14] Rusiya hökuməti tərəfindən dəstəklənən cənubi osetiyalı separaçıların Gürcüstanın paytaxtı Tbilisi şəhərini bombalamasından sonra, 1992-ci ilin iyun ayından etibarən Rusiya ilə Gürcüstan arasında genişmiqyaslı müharibə ehtimalı daha da artdı.[15][16] Gürcüstan 24 iyun 1992-ci ildə Rusiya ilə hərbi toqquşma riskini önləmək məqsədilə atəşkəs müqaviləsi imzalamağa razılaşdı.[17] Atəşkəs müqaviləsinin şərtlərinə əsasən gürcü, cənubi osetiyalı, rus və şimali osetiyalılardan ibarət Birgə Nəzarət Komissiyasının mandatı təsdiq olundu və bu ortaq sülhməramlı qoşunların Cənubi Osetiya münaqişə zonasında yerləşdirilməsi qərara alındı.[18] Keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin əhalisinin əksəriyyəti etnik gürcülərdən ibarət olan hissəsi isə Gürcüstanın nəzarəti altında qaldı. 2008-ci ildə baş vermiş müharibəyə qədər mərkəzi Tsxinvalidə yerləşən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya separatçı hökuməti keçmiş muxtar vilayətin ərazisinin üçdə bir hissəsinə nəzarət edirdi.[19]

Oxşar situasiya Gürcüstanın digər bir muxtar respublikası olan Abxaziyada da baş vermişdi. Abxaziya 1990-cı illərdə baş vermiş müharibə nəticəsində Gürcüstandan ayrılaraq müstəqilliyini elan etmişdi. Müharibədən əvvəl bölgə əhalisi təqribən 525.000 nəfər təşkil etdiyi halda, müharibədən sonra gürcülərin etnik təmizləməyə məruz qalması nəticəsində Abxaziya əhalisinin sayı 216.000 nəfərə qədər azalmışdı.[20] Gürcüstanın ucqar şimal-qərb hissəsində yerləşən strateji əhəmiyyətli Kodori vadisi də beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış, separatçı abxaz hökumətinin nəzarəti altında qalmışdı.



Rusiyanın maraqları və iştirakı

Cənubi Qafqaz Rusiyanın Şimali Qafqaz regionu ilə Yaxın Şərq arasında yerləşir və Rusiya ilə Yaxın Şərq arasında bir növ "bufer zona" hesab olunur. Region, həmçinin Türkiyə və İranla da həmsərhəddir. Regionun strateji əhəmiyyəti Rusiya üçün təhlükəsizlik qayğılarının yaranmasına şərait yaradır. Neft yataqlarının mövcudluğu və onların nəqliyyat imkanları da daxil olmaqla mühüm iqtisadi səbəblər Cənubi Qafqaz regionu üzərində müxtəlif dövlətlərin maraqlarının yaranmasına səbəb olur. İsveçli akademik Svante Kornelin fikrinə görə Cənubi Qafqaza nəzarət etmək Rusiyaya geosiyasi cəhətdən vacib region hesab edilən Mərkəzi Asiyaya Qərb dövlətlərinin təsirinə nəzarət etməyə imkan verir.[22]

Rusiya Qara dənizə çıxışının olmasını və Türkiyə ilə həmsərhəd olmasını Gürcüstanın qiymətli strateji xüsusiyyətləri hesab edir.[23]

Rusiya-Gürcüstan münasibətlərində dərin təsiri olan Vladimir Putin 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilmişdir. Rusiya və Gürcüstan arasındakı münaqişə 2000-ci ilin dekabr ayında eskalasiya həddinə çatdı. Həmin zaman Gürcüstan Rusiya vətəndaşlarına viza rejiminin tətbiqini həyata keçirmək barədə qərar qəbul edən ilk və yeganə MDB üzvü oldu. 2001-ci ilin dekabrında mütəşəkkil cinayətkar qrupun üzvü hesab edilən Eduard Kokoyti Cənubi Osetiyanın de fakto prezidenti təyin olundu. O, faktiki olaraq Rusiya tərəfindən bu vəzifəyə təyin olundu və onun bu vəzifəyə təyin olunmasından sonra Cənubi Osetiyanın sülh şəraitində Gürcüstana birləşdirilməsi prosesinə mane olmağa başladı. 2002-ci ildə Gürcüstanın icazəsi olmadan Rusiya hökuməti tərəfindən Abxaziya və Cənubi Osetiya vətəndaşlarına kütləvi şəkildə Rusiya pasportları verilməyə başlandı. Bu siyasət Rusiyanın gələcəkdə bu ərazilərə iddia etməsi üçün şərait yaratmaq məqsədi daşıyırdı.[24] Putin artıq 2003-cü ildə Gürcüstanla aralarında olan münaqişənin hərbi həll yolunun mümkün olduğunu zənn edirdi.[25]

2006-cı ildə Gürcüstanın ələ keçirilmiş dörd nəfər rusiyalı agenti deportasiya etməsindən sonra Rusiya tərəfindən Gürcüstana qarşı genişmiqyaslı diplomatik və iqtisadi müharibə başlandı.[24]

2008-ci ilə qədər Cənubi Osetiya vətəndaşlarının əksəriyyəti Rusiya pasportları əldə etmişdilər. "Reuters" nəşrinin məlumatına əsasən müharibədən əvvəl Cənubi Osetiyanın illik büdcəsinin üçdə iki hissəsi Rusiya tərəfindən təmin olunurdu.[26] Rusiya faktiki olaraq silahlı qüvvələr də daxil olmaqla Cənubi Osetiyanın bütün təhlükəsizlik məsələlərinə nəzarət edirdi. Separatçı hökumətin tərkibinin əsas hissəsi ruslardan və Rusiya pasportu almış osetinlərdən ibarət idi.

Həll edilməmiş münaqişələr

Gürcüstandakı münaqişələr 2004-cü ilə qədər sönük vəziyyətdə qalmışdı.[28] Elə həmin il baş vermiş Qızılgül inqilabı nəticəsində keçmiş prezident Eduard Şevardnadzenin yerinə hakimiyyətə gələn Mixeil Saakaşvili Cənubi Osetiya və Abxaziyanı yenidən Gürcüstanın nəzarəti altına qaytarmağı özü üçün prioritet məsələ hesab edirdi.[29][30]

2004-cü ildə Acarıstanda nəzarəti bərpa etdikdən sonra Gürcüstan hökuməti Cənubi Osetiyada olan qaçaqmalçılığa qarşı mübarizə aparmağa başladı. 8-19 avqust tarixləri aralığında Gürcüstan və Cənubi Osetiya silahlı qüvvələri arasında intensiv toqquşmalar baş verdi.[31]

2005-ci ilin yanvarında Strasburq şəhərində baş tutan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən Gürcüstan prezidenti Saakaşvili sülhün təmin olunması üçün Cənubi Osetiyanın yenidən Gürcüstan dövlətinin tərkibinə qayıtması barədə təklif verdi. Təklif Cənubi Osetiya "prezidenti" Eduard Kokoyti tərəfindən qəbul olunmadı.[32] 2006-cı ildə Abxaziyada yerli hərbi qruplaşmanın lideri gürcü hökumətinə qarşı çıxdı. Buna cavab olaraq Gürcüstan Silahlı Qüvvələrinin bölmələri Kodori vadisinə daxil oldu. 2007-ci ildə Gürcüstan tərəfindən Cənubi Osetiyada keçmiş baş nazir Dmitri Sanakoyevin başçılığı altında müvəqqəti idarəetmə sistemi yaradıldı.[33] Yeni rejim Rusiya tərəfindən "kukla hökumət" adlandırıldı.

2008-ci ilin mart ayının əvvəllərində bir çox Qərb dövlətlərinin Rusiyanın əleyhinə çıxaraq Kosovonun müstəqilliyini tanımasından sonra, Cənubi Osetiya və Abxaziya separatçıları Rusiyaya öz müstəqilliklərinin tanınması barədə təklif göndərdilər.[34] Rusiyanın NATO-dakı səfiri olan Dmitri Roqozin Gürcüstanın NATO-ya üzv olmaq istəyinin Rusiya tərəfindən narahatlıqla qarşılandığını və əgər belə bir hadisə baş verərsə, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınacağını bildirdi. 21 mart tarixində Rusiya Dövlət Duması Rusiya prezidentinə və hökumətə başqa bir dövlətin müstəqilliyinin tanıması barədə səlahiyyət verən yeni qanun qəbul etdi.

2008-ci ilin aprelindən sonra Rusiyanın Gürcüstan üzərində artan təzyiqlərinə cavab olaraq, Gürcüstan xarici ölkələrdə beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbçiləri separatçı regionlarda yerləşdirmək barədə qərar qəbul etdi. Qərb dövlətləri münaqişənin sülh yolu ilə həll olunması məqsədilə sülh planları təklif etməyə başladı, həmçinin Avropa İttifaqıATƏT və Almaniya tərəfindən konfranslar təşkil olundu. Almaniya tərəfindən Abxaziya üçün təklif olunan layihə Gürcüstan tərəfindən qəbul olunsa da, separatçılar bu təklifi qəbul etməkdən imtina etdilər. Rusiya və separatçılar Avropa İttifaqı tərəfindən Abxaziyada təşkil olunan sülh konfransında iştirak etməkdən imtina etdi. Onlar, həmçinin ATƏT tərəfindən Cənubi Osetiya ilə əlaqədar yeni danışıqların başlanması təklifinə də qarşı çıxdı.



Gürcüstanla Qərb arasındaki əlaqələr

Prezident Saakaşvilinin Gürcüstan üçün əsas hədəflərindən biri ölkənin NATO üzvlüyünə qəbul olunmasl məsələsi idi. Bu məsələ də Rusiya ilə Gürcüstan arasındakı əlaqələrdə əsas maneələrdən biri hesab olunurdu.[36]

Gürcüstanın özünün əhəmiyyətli neft və ya qaz ehtiyatlarının mövcud olmamasına baxmayaraq, onun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan boru kəməri Avropanı təchiz etmək məqsədi daşıyırdı.[37] Rusiya, İran və Fars körfəzi ölkələri bu kəmərin əleyhinə idi.[38] Çünki, bu kəmər Avropanın Yaxın Şərqdən ixrac olunan neftdən olan asılılığını azaldırdı və ABŞ-ın Gürcüstanı dəstəkləməsinin əsas səbəblərindən hesab olunurdu.

2008-ci ilin aprelində NATO-nun Buxarest şəhərində təşkil olunan sammitində ABŞ prezidenti Corc Buş Gürcüstan və Ukraynaya NATO-nun Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq barədə təklif verdi. Almaniya və Fransa rəsmiləri bu cür təklifin Rusiyaya qarşı "lüzumsuz hücum" olduğunu açıqladı.[40] NATO isə Ukrayna və Gürcüstanın gələcəkdə quruma üzv ola biləcəyini və 2008-ci ilin dekabrında hər iki ölkənin MAP üzvlüyü üçün göndərdiyi müraciətlərə baxılacağını açıqlamışdır.[41] Sammit ərzində Rusiya prezidenti Vladimir Putin də Buxarestdə idi. Sammitin sonuncu günü olan 4 aprel tarixində Putin öz çıxışında NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin ölkəsinin təhlükəsizliyinə qarşı birbaşa təhdid yaratdığını bildirmişdir.[42] Buxarest sammitindən sonra Rusiya daha da aqressiv olmuş və Gürcüstanı işğal etməyə aktiv şəkildə hazırlaşmışdır.[43] Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Baluyevski 11 aprel tarixindəki çıxışı zamanı keçmiş Sovet dövlətlərinin NATO-ya üzv olmasının qarşısını almaq məqsədilə Rusiyanın müxtəlif addımlar atdığını açıqlamışdır.

Başlanğıc

2008-ci ilin Aprel – İyul ayları

16 aprel 2008-ci ildə Rusiya prezidenti Vladimir Putin Rusiya hökuməti ilə separatçı Abxaziya və Cənubi Osetiya arasında rəsmi əlaqələrin yaradılması barədə fərman imzaladı.[45] 23 apreldə Gürcüstanın istəyi ilə toplanan BMT Təhlükəsizlik Şurasının iclasından sonra ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın ortaq bəyannaməsində Rusiya Federasiyası bu qərarı ya ləğv etməyə, ya da həyata keçirməməyə dəvət edilirdi. Bu dəvət Rusiya Federasiyasının BMT-dəki səfiri olan Vitali Çurkin tərəfindən "həddini aşan təklif" kimi adlandırılmışdır.[46]

20 apreldə Rusiyaya məxsus döyüş təyyarəsi Abxaziya üzərində kəşfiyyat uçuşu yerinə yetirən Gürcüstana məxsus pilotsuz uçuş aparatını (PUA) məhv etdi. Rusiya tərəfi baş vermiş insidentə görə cavabdehlikdən imtina etdi. Abxaziya isə məhv edilmiş PUA-nın Abxaziya Hərbi Hava Qüvvələrinə məxsus L-39 təyyarəsi ilə vurulduğunu açıqlamışdır.[47] Hadisə ilə bağlı Rusiyanın NATO-dakı səfiri olan Dmitri Roqozinin iddiasına görə hücum NATO qüvvələrinə məxsus MiQ-29 vasitəsilə yerinə yetirilmişdir. Buna cavab olaraq NATO baş katibi Yaap de Hoop Sxeffer bu iddianın mümkünsüz və gülünc olduğunu bildirmişdir.[48] BMT-nin Gürcüstandakı Müşahidəçi Missiyasının 26 may tarixindəki məlumatına görə tamamlanmış istintaq məlumatlarına əsasən Gürcüstana məxsus PUA Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 və ya Su-27 döyüş təyyarəsi vasitəsilə məhv edilmişdir.[49]

Aprelin sonlarında Rusiya hökuməti Gürcüstanın 1500 nəfərə yaxın hərbçi və polis qüvvələrindən ibarət birləşməni Kodori vadisinə cəmləşdirməsi və Abxaziyanı "işğal etməyə" cəhd etməsi barədə məlumat yaymışdır.[50] Bu cür məlumatlar verməklə Rusiya tərəfi Gürcüstanın hücum cəhdinə cavab vermək və separatçı regionda yerləşən öz qoşunlarının sayını artırmaq məqsədi güdürdü.[51] Bütün bu iddialara baxmayaraq, BMT-nin müşahidəşilərindən ibarət qrup tərəflərdən heç birinin Kodori vadisi və ya Abxaziya sərhədində əlavə qoşun hissələri yerləşdirməsini müşahidə etməmişdir.[52][53]

Mayın əvvəllərində Rusiya hökuməti Abxaziyada yerləşən sülhməramlı qoşunların sayını 2542 nəfərə yüksəltmək barədə qərar qəbul etdi, lakin bu rəqəm 1994-cü ildə MDB dövlət başçılarının qərarına görə limit hesab olunan 3000 nəfərdən hələ də aşağı səviyyədə idi.[54] Gürcüstan tərəfindən Abxaziya istiqamətində dron vasitəsilə çəkilmiş videoda Abxaziyada yerləşən rus qoşunlarının ağır silahlarla təchiz olunması onların sülhməramlı deyil döyüş hərbi birləşməsi olması barədə iddiaların yaranmasına səbəb olmuşdur.[55]Rusiya tərəfi bu ittihamları rədd etmişdir. 15 may tarixində BMT Baş Assambleyası münaqişə nəticəsində öz evlərini tərk etməyə məcbur qalmış bütün qaçqınların və məcburi köçkünlərin Abxaziyaya qayıtması barədə qətnamə qəbul etmişdir.[56] Rusiya isə Gürcüstan tərəfindən dəstəklənən bu qətnamənin əleyhinə səs vermişdir. Rusiya Xarici İşlər Nazirliyi bu qətnamənin qəbul olunmasını "zərərverici hərəkət" adlandırmışdır.[57]

Rusiya Dəmiryolu Qoşunları 31 mayda ərazidəki qatar yolunu təmir etmək məqsədilə Abxaziyaya daxil olmuşdur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə bu qoşunlar silahla təchiz olunmamışdı. Gürcüstan tərəfi isə bu hərəkəti "aqressiv" akt kimi qələmə vermişdir.[58] 5 iyunda Avropa Parlamenti tərəfindən Rusiya qoşunlarının Abxaziyada yerləşdirilməsini qınayan qətnamə qəbul olundu.[59] Rusiya Dəmiryolu Qoşunları dəmir yolunun açılışı ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak etdikdən sonra 30 iyulda Abxaziyanı tərk etdi.[60]Təmir olunmuş dəmir yolu müharibə zamanı hərbi təchizatın nəqliyyatı və ən azı 9000 nəfər rusiyalı hərbçinin Abxaziyaya daxil olmasında istifadə olundu.[61]

İyunun sonlarında rusiyalı hərbi ekspert Pavel Felgenhauer Vladimir Putinin avqust ayında Abxaziya və Cənubi Osetiyada Gürcüstana qarşı müharibəyə başlaya biləcəyi ehtimalının olduğunu bildirdi. "Kavkaz Center" internet portalı iyul ayının əvvəlində çeçen separatçılarının əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən Rusiyanın 2008-ci ilin avqust-sentyabr aylarında Gürcüstana qarşı hərbi əməliyyat hazırladığını və bu əməliyyatın əsas hədəflərinin gürcü qoşunlarının Kodori vadisindən, eləcə də Cənubi Osetiyadan çıxarılması və yerli gürcü əhalisinin etnik təmizlənməsi məqsədi daşıdığını açıqlamışdır.

3 iyul tarixində cənubi osetiyalı separatçı milis rəsmisinin mərmi partlayışı nəticəsində həlak olması və bundan bir neçə saat sonra gürcü hökuməti tərəfindən bu vəzifəyə təyin olunmuş Osetiya hökumətinin lideri olan Dmitri Sanakoyevə qarşı uğursuz sui-qəsd cəhdinin ardınca iyul ayının sonlarında Cənubi Osetiyada təhlükəsizlik situasiyası gərginləşməyə başladı.[62] 7 iyulda dörd nəfər gürcü hərbçi osetiyalı separatçılar tərəfindən əsir götürüldü. Növbəti gün Gürcüstan prezidenti polis qüvvələrinə əsirləri azad etməyə hazırlaşmaları barədə tapşırıq verdi.[63] 8 iyulda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd döyüş təyyarəsi Cənubi Osetiya üzərində uçuş həyata keçirdi.[64] 9 iyulda ABŞ dövlət katibi Kondoliza Raysın Gürcüstana əvvəlcədən planlaşdırılmış səfəri rus qırıcılarının uçuş vaxtı ilə üst-üstə düşdü.[65] Rusiya hökumətinin Rusiya HHQ-nə məxsus qırıcıların Gürcüstana məxsus hava məkanına daxil olmasını etiraf etməsindən sonra gürcü hökuməti ölkənin Rusiyadakı səfirini geri çağırdı. Rusiyanın Gürcüstan hava məkanına daxil olmasını etiraf etməsi son on ildə ilk dəfə qeydə alındı.[66]

15 iyulda ABŞ və Rusiya paralel olaraq Qafqazda hərbi təlimlərə başladı.[67] "Təcili cavab-2008" adlı ABŞ-Gürcüstan birgə təlimlərində Ukrayna, Azərbaycan və Ermənistandan olan hərbçilər də iştirak edirdi. 31 iyula qədər davam edən bu təlimdə min nəfəri amerikalı olmaqla 1630 nəfər hərbçi iştirak edirdi.[68] İraqda xidmət keçmək üçün hazırlanmış gürcü briqadası da bu təlimdə iştirak edirdi.[69] Bununla eyni zamanda Rusiya tərəfi isə 58-ci Ordu hissələri də daxil olmaqla, Şimali Qafqaz Hərbi Dairəsinin "Qafqaz-2008" adlı hərbi təlimlərini təşkil edirdi. Təlimin əsas məqsədi Abxaziya və Cənubi Osetiyada yerləşən sülhməramlı qoşunlara dəstək verilməsindən ibarət idi.[70] 2 avqust tarixində Rusiya qoşunlarının təliminin başa çatmasına baxmayaraq, onlar Gürcüstanla dövlət sərhəddi yaxınlığında qaldılar.

Avqustun əvvəlləri

1 avqust səhər saat 8-də Tsxinvali yaxınlığında yerləşən yolla hərəkət edən gürcü polisinə məxsus nəqliyyat vasitəsi yerdə quraşdırılmış partlayıcı maddənin üzərindən keçərkən baş vermiş partlayış nəticəsində beş gürcü polisi yaralanmışdır. Görülmüş cavab tədbirləri nəticəsində, gürcü snayperlər Cənubi Osetiyaya məxsus sərhəd-keçid məntəqələrinə hücum təşkil etmiş, hücum zamanı dörd osetiyalı həlak olmuş və yeddisi yaralanmışdır.[71] Əksər məlumatlara əsasən bu toqquşmaların yaranmasının əsas səbəbi olan hücuma görə osetinlər cavabdehlik daşıyırdı.[72]

Separatçı osetinlərin 1 avqustda gürcü kəndlərini atəşə tutmasına cavab olaraq Gürcüstana məxsus sülhməramlılar və bölgədə yerləşən digər qoşun hissələri qarşı tərəfin mövqelərinə atəş zərbələri endirməyə başladı.[73][74][75] Avqustun 1-dən 2-nə keçən gecə ərzində döyüş toqquşmaları daha da intensivləşdi və tərəflər bir-birinə qarşı bomba və minaatanlardan istifadə etdi.[71] Baş vermiş insident nəticəsində osetinlərin itkilərinin sayı altı ölü və 15 yaralıya yüksəldi ki, yaralıların arasında mülki şəxslər də var idi. Gürcüstan tərəfinin yaralılarına isə altı mülki şəxs və bir polis daxil idi.[76] ATƏT missiyasının məlumatına görə bu insident 2004-cü ildən bu yana baş vermiş ən kəskin toqquşma idi. 2-3 və 3-4 avqust tarixlərində gecə ərzində döyüşlər yenidən intensivləşdi.[76] Osetiyalı separatçıların artilleriya vasitələrindən atəş açmağa başlaması ilə 1992-ci ildə imzalanmış atəşkəs razılaşması pozuldu.[77][78]

3 avqustda Tsxinvali şəhərində Rusiya müdafiə nazirinin müavini Nikolay Pankovla separatçı hökumət arasında gizli görüş baş tutdu.[79] Elə həmin gün osetiyalı qadın və uşaqların Rusiya ərazisinə köçürülməsi prosesi başlandı. Araşdırmaçı Andrey İllaryonovun məlumatına görə bu təxliyyə nəticəsində gələcək döyüş zonasında yaşayan mülki əhalinin təqribən 90%-i Rusiyaya evakuasiya olundu.[80]

4 avqustda Cənubi Osetiya separatçı hökumətinin başçısı Eduard Kokoytinin verdiyi açıqlamaya görə burada gürcülərə qarşı döyüşmək məqsədilə Şimali Osetiyadan 300-ə yaxın və Şimali Qafqazdan isə minlərlə döyüşçü Cənubi Osetiya bölgəsinə gəlmişdir.[81] 5 avqustda Gürcüstan hökuməti jurnalist və diplomatların separatçıların hücumu nəticəsində dağıdılmış ərazilərlə tanış olması üçün tur təşkil etdi. Hökumət yönümlü rus qəzetinin 6 avqustda verdiyi məlumata görə Don kazakları da döyüşlərdə iştirak etmək üçün Cənubi Osetiyaya gəlməyə hazırlaşırdı. "Nezavisimaya Qazeta"nın məlumatına görə 6 avqust tarixində Rusiya qoşunları Cənubi Osetiyadakı öz vətəndaşlarını "qorumaq məqsədilə" Gürcüstanla sərhədə yeridildi. 6 avqust axşam saatlarında Saakaşvilinin münaqişə ilə bağlı Rusiya prezidenti ilə əlaqə yaratmaq istəyinə Rusiya Xarici İşlər Nazirliyi qarşı çıxdı və "prezident səviyyəsində danışıqlar üçün vaxtın hələ ki, çatmadığı" açıqlaması verildi.

6 avqust gecə saatlarından 7 avqust sübhə qədər Cənubi Osetiya və gürcü qoşunları arasında demək olar ki, bütün cəbhəboyu minaatan və artilleriya vasitələrindən də istifadə olunmaqla döyüş toqquşması baş verdi.[76][82] Separatçıların lideri olan Eduard Kokoyti növbəti saatlar ərzində öz qoşunlarının hücum üçün hazır vəziyyətdə olduğunu açıqladı. 7 avqust yerli vaxtla saat 14:00-da osetinlərin hücumu nəticəsində iki gürcü sülhməramlısı həlak oldu.[83][84] Saat təqribən 14:30 radələrində Gürcüstan Ordusuna məxsus tanklar, 122 və 203 mm-lik özüyeriyən artilleriya qurğuları qarşı tərəfi əlavə hücumlardan çəkindirmək məqsədilə Cənubi Osetiya istiqamətində irəliləməyə başladı.[85] Gecə ərzində ATƏT müşahidəçiləri Qori yaxınlığında artilleriya qurğuları da daxil olmaqla gürcülərə məxsus hərbi karvanının göründüyünü açıqladı. Elə həmin gün gürcü qoşunları baş qərargahı Tsxinvalidə yerləşən Birgə Sülhməramlı Qüvvələrin tərkibindən çıxdı.[86]

Saat 16:00-da Gürcüstanın Reinteqrasiya naziri Temur Yakobaşvili cənubi osetiyalılar və rusiyalı diplomat Yuri Popovla əvvəlcədən təyin olunmuş görüşdə iştirak etmək məqsədilə Tsxinvaliyə gəldi. Lakin, burada nə Rusiyanın xüsusi elçisi, nə də osetinlər yox idi. Hadisədən bir gün əvvəl Cənubi Osetiya təmsilçiləri ikitərəfli danışıqlarda iştirak etməkdən imtina etmişdi.[87] Yakobaşvili Birgə Sülhməramlı Qüvvələrin tərkibindəki rus qoşunlarının komandanı general Marat Quləhmədovla görüşdü. Görüş zamanı rusiyalı general rus sülhməramlılarının bölgədə atəşkəsi saxlamaqda çətinlik çəkdiyini açıqladı.[88] Yakobaşvili isə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı şəhər küçələrində nə maşınların, nə də insanların olmadığını bildirmişdir.[89]

Saat 19:00-da Gürcüstan prezidenti Saakaşvili birtərəfli olaraq atəşkəs elan etdi və cavab tədbirlərinin dayandırıldığını açıqladı.[90] Atəşkəs təxminən üç saat qüvvədə qaldı.[91]Saakaşvilinin birtərəfli atəşkəs elanından sonra separatçılar Tamaraşeni və Prisi kəndlərini atəşə tutdu. Onlar Avnevi kəndini və Kurta kəndində yerləşən polis məntəqəsini dağıtdılar. Hücumların intensivləşməsi atəşə məruz qalmış gürcü kəndlərində məskunlaşmış mülki əhalinin öz yerlərini tərk etməsində çətinlik yaradırdı.[92][93] Gürcüstan Müdafiə Nazirliyindən olan rəsmi mənbənin 7 avqustda verdiyi məlumata görə Gürcüstan öz konstitusional hüququnu bərpa etmək məqsədilə qarşı tərəfə cavab zərbələri endirəcək.[94] Gürcüstan Daxili İşlər Nazirliyindən olan rəsminin "Kommersant"a verdiyi məlumata görə osetiyalı separatçıların atəşkəsi pozması nəticəsində Gürcüstan tərəfdən 10 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdır.

Gürcüstan kəşfiyyatı və Rusiyanın bəzi yerli media qurumlarının məlumatına görə Gürcüstan tərəfi hələ döyüş əməliyyatlarına başlamazdan əvvəl Rusiya Ordusu Roki tuneli vasitəsilə artıq Cənubi Osetiya ərazisinə daxil olmuşdu.[95] Rusiyanın dövlət televiziyalarından birinin məlumatına görə separatçı Abxaziya hökumətinin başçısı Sergey Baqapş 7 avqustda Rusiya Ordusunun Şimali Qafqaz Hərbi Dairəsindən münaqişə ərazisinə bir batalyonun daxil olduğunu açıqladı.[96] Gürcü rəsmilər isə Qərb dövlətlərinin məsləhətlərinə arxalanaraq 7 avqust tarixinə qədər Rusiyanın hərbi müdaxiləsi haqqında heç bir məlumat vermirdi. Avqustun 7-dən 8-nə keçən gecə ərzində Rusiyaya məxsus növbəti hərbi birləşmələrin Roki tuneli vasitəsilə ölkəyə daxil olmasına cavab olaraq, Gürcüstan prezidenti Saakaşvili saat 23:00-dan sonra Rusiyanın genişmiqyaslı işğal planının qarşısını almaq məqsədilə önləyici hücum əmri verdi.

Atəşkəs razılaşması

12 avqustda Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstanda "sülhü təmin etmə" əməliyyatının dayandırılması barədə əmr verdiyini elan etdi. Onun açıqlamasında "Əməliyyat öz hədəfinə çatdı, sülhməramlılar və mülki əhalinin təhlükəsizliyi bərpa olundu. Təcavüzkar ciddi itkilər verərək geri çəkildi." ifadələri yer alırdı.[158] Növbəti gün o, Fransa prezidenti Nikola Sarkozi ilə görüşdü və altı maddəlik plan təsdiqləndi.[159]Bu plan ilkin olaraq dörd maddədən ibarət olsa da, sonradan Rusiyanın təkidi ilə buraya daha iki maddə əlavə olunmuşdu. Gürcüstan əlavə olunmuş maddələrə görə etiraz etsə də, Sarkozinin təzyiqi ilə Saakaşvili bu razılaşmanı imzaladı. Medvedyevin razılığı ilə sülh planında olan altıncı maddə ləğv olundu.[160] 14 avqustda Cənubi Osetiya prezidenti Eduard Kokoyti və Abxaziya prezidenti Sergey Baqapş planı imzaladı.[161] Növbəti gün ABŞ-ın dövlət katibi Kondoliza Rays Tbilisiyə səfər etdi və Saakaşvili onun da iştirakı ilə planı imzaladı.[162] 16 avqustda Rusiya prezidenti Dmitri Medvedyev də planı imzaladı.[163]

Planda aşağıdakı maddələr əks olunurdu (imtina olunmuş əlavələr mötərizədə göstərilib):

1. Gücdən istifadə yolverilməzdir 2. Hərbi əməliyyatlar dayandırılır 3. Humanitar yardım üçün azad giriş (və məcburi köçkünlərin geri qayıtmasına icazə verilir) 4. Gürcü qoşunları öz normal bazalarına geri qayıdır 5. Rusiya qoşunları genişmiqyaslı münaqişə başlamazdan əvvəlki mövqelərə geri qayıdır. Beynəlxalq mexanizmi gözləyərkən rus sülhməramlı qoşunları əlavə təhlükəsizlik tədbirləri həyata keçirməli idi (altı ay müddətinə) 6. Abxaziya və Cənubi Osetiyada davamlı təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq danışıqlar başlamalıdır (BMT və ATƏT-in qərarları əsasında)



8 sentyabrda Sarkozi və Medvedyev arasında rus qoşunlarının Gürcüstandan çıxarılması barədə müqavilə imzalandı. Fransa prezidenti ilə görüşdən sonra Medvedyev açıqlama vermişdir ki, geri çəkilmə Gürcüstan tərəfinin gücdən istifadə etməyəcəyindən asılıdır.[164] Lakin, rus qoşunlarının Cənubi Osetiya və Abxaziyadan geri çəkilməsi barədə açıqlama verilməmişdir.

Ədəbiyyat

  • Acarıstan Muxtar Respublikası // Azərbaycan Milli Ensiklopediyası  : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. — I  cild. — Səhifələrin sayı:  608. — Səh.: 66-67. — 10 000 nüsx. — ISBN 978-9952-441-02-4.

  • Hider, James (27 avqust 2008). "Russian-backed paramilitaries 'ethnically cleansing villages'"The Times. Arxivləşdirilib: [1] saytından 27 avqust 2008 tarixində.

  • "Statement by President of Russia Dmitry Medvedev". The Kremlin (26 avqust 2008). 2 sentyabr 2008 tarixində arxivləşdirilib

  • https://web.archive.org/web/20070610055026/http://www.adjara.gov.ge/eng/

  • http://www.sca.ge/

  • https://web.archive.org/web/20051016090536/http://ist-socrates.berkeley.edu/~bsp/publications/2004_04-sani.pdf

  • http://news.bbc.co.uk/2/hi/in_pictures/3687487.stm

Yüklə 37,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə