Müsahibə
"Yeni bir filmə çəkilmək istəməzdim” - Akif Əli – MÜSAHİBƏ
Akif Əli: “Xəyallara dalmağın nə əhəmiyyəti?! Zaman o zaman deyil”
Olaylar \ 22.04.2013 15:04 |
Müsahibimiz Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri, fəlsəfə doktoru, yazıçı-publisist Akif ƏLİ-dir.
-Akif müəllim, məlum olduğu kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakıda böyük Azərbaycan sərkərdəsi Babəkin heykəli ucaldılacaqdır. Bildiyimə görə Siz də bu tarixi şəxsiyyət haqqında əsər üzərində işləyirsiniz. Niyə məhz Babək haqqında yazmağı seçdiniz. Özəl bir səbəbi varmı?
-Var. Vətəni və xalqı sevmək. Zəngin və şərəfli Azərbaycan tarixində saysız-hesabsız işlənməmiş mövzular öz müəllifini gözləyir. Hər yaradıcı şəxs bu zəngin məxəzdən öz ruhuna və düşüncəsinə uyğun olanını seçib yaza bilər. Mən də bunu seçdim. Babəkin mübarizəsi ən gözəl vətənə sevgi, xalqa məhəbbət, amala sədaqət və düşmənə nifrət motividir. Onu da deyim ki, Babəkin şəxsiyyəti, amalı nə qədər çox tarixin dərinliyində qalıb it-bata düşərsə və unudularsa, cəmiyyətdə bir o qədər çox xurafat girdabı dərinləşər, cahillik üstümüzə ayaq alar. Azərbaycan xalqının Babəkə qədər mövcud olmuş qədim, əzəli soykökünə xas həyat və düşüncə tərzi Babəkdən sonra yad, yabançı və səviyyəsiz meyllər içinə gömülüb.
-Kitabda qüdrətli türk oğlu Babəkin şəxsiyyəti ilə bağlı bilmədiyimiz, Azərbaycan oxucusu üçün yeni olan məqamlarla qarşılşa biləcəyikmi?
-Yəqin ki! Baxır kim Babək haqqında nəyi nə qədər bilir. Hər halda mən artıq xeyli müddətdir onun barəsində yazılan sənədləri araşdıraraq bədii nəsr üzərində işləyirəm. İkincisi, Babək haqqında əsrlər boyu hər yazılan sənəd də hələ bu mövzuda həqiqətin hamısı deyil. Çünki bu mübariz insan haqqında həqiqətin üzdə qalmamamsına çalışan cahillər çox olub. Onun həqiqəti salnamələr girdabında itirilib. Üzə çıxarılan isə daha çox onun haqqında həqiqətin təhrifidir. Onun haqqında 9-cu əsrdən bu yana çox böhtanlar deyilib, yayılıb və təəssüf ki, yüksək tərəqqi əsri olan 21-ci əsrdə – bəşəriyyətin intellekti bu səviyyəyə qalxdığı bir zamanda da yenə o cahillik ətaləti davam etmədədir. İndi görün Babək nə böyük qüdrət sahibidir ki, min ildir elə durduğu yerdə əzəmətlə ucalır. Babək haqqında fikir deməyin çətinliyi ondadır ki, həqiqətin harda olduğunu dərk etmək üçün oxuyub-bildiklərini bu dövrün yox, o dövrün kontekstinə uyğun dərin analitik təfəkkür süzgəcindən keçirməlisən. Bunu bacarmayanlar yolunu azır. Mən də Babəkin əyri-düz sənədlər, tarixi mənbələr, məxəzlər arxasında qalan ömür yolundan, dünyagörüşündən, düşüncə və təfəkkür tərzindən, davranışlarının məntiqindən çıxış edərək, bədii ifadə vasitələri ilə onun mübarizəsinin və şəxsiyyətinin mahiyyətini açmağı qarşıma məqsəd qoymuşam. Yəni bu əsər sırf mənim olaylara subyektiv baxışımdır. Başqa heç bir iddiada deyiləm.
- Bəs əsəri nə zamana tamamlamağı düşünürsünüz?
-Tələsmirəm. Nəzərdə tutduğum yazının əsas hissəsini bitirmişəm. Karkası qurulub, ətə-qana gəlib. İş həcminin qalan az qismi cilalama prosesinə aiddir. Yəni mən istəyirəm vaxt axarında yazını əməlli süzgəcdən keçirim. Hər halda bu ilin ərzində yekunlaşdırmağı düşünürəm. Tanrı yar olsa, əlbəttə.
-Akif müəllim, ümumiyyətlə bu gün hansı mövzularda əsərlərin daha çox yazılmasına ehtiyac görürsünüz?
-Volter demişkən, darıxdırıcı olmayan bütün mövzular yaxşıdır. Bu gün bizə ictimai-siyasi, mədəni-mənəvi əhəmiyyətli patriotik mövzular daha vacibdir. Çünki bu gün bizim ölkənin, xalqın və dövlətin qarşısında mühüm problem durur – vətən torpaqlarını işğaldan azad etmək. ADR-in rəhbərlərindən biri olmuş Nağı bəy Şeyxzamanlının gözəl ifadəsi var: “Zəngin keçmişindən qürur duyulan Azərbaycanımız!” Bax o qürur məqamlarını tapıb üzə çıxartmaq, müasir soydaşlarımızın istifadəsinə vermək və həm də bizi tanımayanlara Oğuz türkünün mükəmməl xüsusiyyətlərini təqdim etmək - əsil ziyalının, xüsusən sənət adamlarının borcudur. Min illər boyu müxtəlif imperiyaların (ərəb, monqol, fars, rus, sovet) Azərbaycana tutduğu divan, bu məmləkətə vurduğu ziyan haqqında pafos və eyforiyadan uzaq həqiqətləri yazmaq, olanları üzə çıxartmaq, fəsadlardan xilas olub layiq olduğumuz qədər ucalmağa kömək edən mövzular - çağdaş müstəqil, demokratik, dünyəvi respublikamız üçün çox vacibdir.
-Yeri gəlmişkən, oxumağa vaxt tapırsınızmı və ən çox nələri oxumağa çalışırsınız?
-Lətifəsi bizdən uzaq: “Çukça ne çitatel, çukça pisatel.” Zarafat bir yana, oxu planını əslində ömrüm boyu artıqlaması ilə yerinə yetirmişəm. Ancaq insan ruhu təbiət etibarilə doymamış məhlul kimi olduğundan adam elə hey əlinə düşən dəyərli yazıları yenə oxumaqda davam edir. Açığı mənim buna vaxtım az qaldığı üçün ucdantutma oxumuram, yalnız mənim bu günkü maraq dairəmə səmərə verə biləcək mətnləri seçirəm. Hər halda bundan sonra zaman-zaman oxumağa kifayət edəcək külli miqdarda yazı toplamışam. Onların arasında bədii mətn də var, elmi-nəzəri, tarixi də. Təkcə əyləncə, macəra, detektiv və s. bu kimi ictimai funksionallığı olmayan boş, yüngül nüsxələrə vaxt ayırmıram. Daha çox keçmişdə oxumağa macal tapmadığım dünya klassikası ilə və ən yeni ədəbiyyatın müasir düşüncəni təmsil edən yazılarla tanışlığa meylliyəm. Bu dünyada neçə yüz illərdir o qədər çox istedadlı, ağıllı adamlar o qədər istedadlı, ağıllı kitablar yazıb qoyublar ki, ağlı olan (ancaq həm də vaxtı olan) onlardan bixəbər halda bu dünyanı tərk etmək istəməz. Çünki bundan sonra daha oralarda oxumağa bircə Kitab qalacaq...
-Siz həm də AzTv-də “Zaman və məkan” verilişinin müəllifi və aparıcısı kimi tamaşaçılar qarşısına çıxırsınız. İnsanları daha çox gözəl düşüncəyə, zövqə, əxlaqa səsləyən bu cür verilişlərin sayı efirdə çox azdır. Sizcə, səbəb doğrudan bu cür verilişlərə tamaşaçı təlabatının olmamasıdır?
-Yox, tamaşaçının burda günahı yoxdur... Mən yaradıcılığımın bir dövrünü (xüsusən, Azərbaycan Radiosunda çalışanda) satira və yumor yazmağa həsr etmişəm. Külli miqdarda (inanın ki həqiqətən külli miqdardadır və inanmasanız mən onların kopilərini təqdim edə bilərəm) satirik-yumoristik yazı yazmışam: hekayə, novella, süjet, dialoq, monoloq, miniatür və s. Amma son vaxtlar nədənsə daha çox elmi-kulturoloji, tarixi-fəlsəfi xarakterli pozitiv yüklü mətnlərə üstünlük verirəm. Bəlkə də yaşdandır, bilmirəm. Amma hesab edirəm ki, bu gün cəmiyyətin tənqidi realizmdən daha çox, maarifçiliyə ehtiyacı var. AzTv rəhbərliyinin təklifi və xeyirxah dəstəyi ilə “Mədəniyyət” kanalındakı “Zaman və Məkan” müəllif proqramında da bu yönə üstünlük verirəm. Proqrama tamaşaçı tələbatının qədərini bilmirəm, amma onu bilirəm ki, veriliş haqqında daha çox ağıllı, maraqlı mülahizələr, dəyərli rəylər eşidirəm baxanlardan. Bəlkə də üzümə “pisdir” demirlər. Amma heç kimi də durduğu yerdə mənə zəng edib, ya görüşəndə ayaq saxlayıb verilişimi tərifləməyə məcbur edən yoxdur. Mən sadəcə ağıllı, zövqlü, səviyyəli tamaşaçıları nəzərdə tutaraq faydalı mövzular və maraqlı müsahiblər seçməyə çalışıram. Və görürəm ki, xalqın özündə yüksək mənəvi dəyərlərə ehtiram böyükdür, insanları maarifləndirmək məkanı sonsuz bir dəryadır. Odur ki, bir daha təkrar edirəm, şit proqramların sayı tamaşaçılarla əlaqəli deyil, yaradıcılarla bağlıdır.
-Fəliyyətiniz dövründə zaman-zaman hazırladığınız bütün proqramlarda insan olmaq amili önə çəkilir. Sizcə gözəllik doğrudan da nə vaxtsa dünyanı xilas edə biləcəkmi?
-Edəcək yox, edib və edir. Dünyanın milyon illərlə yaşı var və onun milyon illərdir məhv olmayıb indiki inkişaf, tərəqqi dövrünəcən gəlib çıxması elə o deməkdir ki gözəllik eybəcər olana qalib gəlib, Xeyir Şərdən üstün olub, ülvi duyğular miskin amallara aman verməyib. Beləcə məhz Gözəllik dünyanı xilas edə-edə çağdaş zamanacan gətirib çıxarıb, dünya dağılmayıb, xilas olunub və o daha gözəl gələcəyə doğru gedir.
-“Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Bu fikirləri günümüz üçün nə dərəcədə həqiqətə çevirmək, real hesab etmək olar?
-Bu dahi Cavidin romantik xəyallar dünyasından bir arzudur. Hələlik bu arzu reallaşa bilmir. Çünki Xeyir üstün olsa da, Şər daim dirəniş göstərir. Cavidin arzusu o zaman reallaşa bilər ki, dünyada kamil insanların sayı nadanları ötsün və dünya bir ölkə kimi hamının evi sayıla bilsin. Ancaq nə qədər ki, “tülkü siyasilər, altun və qadın düşkünü divanə bəbəklər” var... yer üzündən qan izi kəsilməyəcək. Acı statistikaya görə son neçə min illik tarixdə bəşər övladı üst-üstə yalnız bir-neçə günü müharibəsiz, dava-dalaşsız, qan-qadasız yaşayıb! Qalan bütün zamanlar dava-dalaş içində keçib. Xeyir, Gözəllik daim dünyanı qorumaq üçün Şərə, Eybəcərə qarşı vuruşmalı olub. Sülh, yəni “qanın kəsilməsi”, yalnız bu müharibələr arası qısa fasilələrdə olub.
-Akif müəllim, yeri gəlmişkən bu günlərdə bəzi qatı cinayətkarlar üçün ölüm hökmünün təsbit olunması məsələsi ortaya atıldı. Sizin insana ölüm hökümünün verilməsinə münasibətiniz necədir?
-Nə qədər ki İblisə uyan qəddar məxluqlar var, onların tükürpədici cinayətləri də olacaq. Və nə qədər ki vəhşi, azğın, qəddar, qaniçən canilər var, onun müvafiq cəzası mütləq olmalıdır. Baxın, körpə qız uşağını zorlayıb öldürən, bir ailənin bütün nəslini qəddarcasına doğrayıb yan-yana düzən, mənasız hikkə ilə məsum bir qadının başını baltayla əzib quyuya atan, Şərə qulluq edərək Xeyirli bir insanın qanını qaşıq-qaşıq içən... və s. və i. Şüurlu surətdə belə iyrənc əməllər törədən sadistlərə qarşı humanistlik nə deməkdir? Uzağa getməyək, Qərbi Azərbaycanda, Qarabağda erməni vəhşi tayfalarının soydaşlarımıza qarşı törətdiyi azğınlıqları, Xocalı qətliamında iştirak edən ifritələri necə bağışlamaq olar?! Niyə yer üzü belələrindən təmizlənməsin?! İslahı mümkün olmayan qatı residivist cinayətkara humanistlik göstərib cəzasını yüngülləşdirmək, sabah daha başqa növ qəddar cinayətlərin törədilməsi üçün zəmin saxlamaq deməkdir. Əgər söhbət şüurlu insandan gedirsə, onda hər kəs öz əməlinə cavabdeh olmalıdır, törətdiyi hərəkətə adekvat cavab almalıdır. Bu - dünyada mövcud olan cinayət-prosessual təcrübədə dönə-dönə təsdiqini tapıb. Insana qarşı özbaşına cəza üsulu seçib qətllər törədən canilərə hüququn aliliyi prinsipindən çıxış edərək ən yüksək cəzaların kəsilməsi də ən qabaqcıl demokratik dövlətlərdə var.
-Akif müəllim Atatürkə niyə bu qədər çox rəğbət bəsləyir?
-Mən ümumiyyətlə, Tanrıdan gələn vergiyə, istedada, dühaya rəğbət bəsləyirəm. Eşitmisiniz yəqin, yeni əsrin astanasında dünyada keçirilən bir sorğuya görə Atatürk ötən XX əsrin ən dahi şəxsiyyəti sayılıb. Yəni Atatürkə təkcə Akif Əli rəğbət bəsləmir ki! İnsan qüdrətinin, insan şəxsiyyətinin böyüklüyünü qiymətləndirən hər kəs onu sevir. Uca amallarla yaşayıb ömrünü, həyatını vətən və xalq yolunda sərf edən, vətəni və xalqı canından artıq sevib onun uğrunda bütün məhrumiyyətlərə dözən Atatürk kimi dahilər çoxdurmu dünyada? İdrakı parlaq, təfəkkürü aydın, beyni iti, iradəsi mətin dahi Atatürk Türkiyəni əski imperiyanın küllükləri içərisindən dirçəldib xilas etdi, öz iradəsinin gücü ilə millətini səfərbər etdi, onun şərəfini ucalara qaldırdı, qorudu. Mən “Böyük ömrün anları” kitabımda Türk dünyasının iki böyük oğlu – Atatürk və Heydər Əliyevin ömür yolundan bəhs etmişəm. 90-cı illərdə eynən Atatürk kimi Heydər Əliyev də Azərbaycanı əski imperiyanın küllükləri içərisindən dirçəldib azadlığa, özgürlüyə, müstəqilliyə qovuşdurdu və bu yolda həyatını əsirgəmədi. Sözügedən kitabımın ideyası da ondan ibarətdir ki, ömrünü vətənə, xalqa həsr edən böyük insanların həyat tərzi, düşüncəsi, davranışı, yaşayışı da oxşar olur...
-Vaxtilə - gəncliyinizdə “Tütək səsi” filmində çəkilmisiniz. Azərbaycan kinosuna Tapdıq kimi mükəmməl, unudulmaz bir obraz bəxş etmisiniz. Bu gün yenə də filmə çəkilmək istərdinizmi və hansı rola?
-Yox istəməzdim. Xəyallara dalmağın nə əhəmiyyəti?! Zaman o zaman deyil. İnsan həyatında yaşın çox fərqi var və hər yaş dövrünün həyata, dünyaya, özünə fərqli baxışı var. Bu gün mənim sənətə, yaradıcılığa baxışım və münasibətim fərqlidir. İlk gənclik illərindən fəqli olaraq, yaradıcılığımı kinoda yox, qələm adamı kimi dövlət qulluğunda davam etdirməyi daha səmərəli və faydalı hesab edirəm.
-Siz də bir məmursunuz, dövlət qulluğunda çalışırsınız, 2-ci dərəcə Dövlət müşavirisiniz, amma ədəbiyyata, sənətə bağlı adamsınız. Bu gün digər məmur həmkarlarınızın da bəhs etdiyim aləmə daha yaxın olmasına ehtiyac görürsünüzmü?
-Bir həqiqəti cəmiyyət israrla qəbul etmək istəmir. İnanmaq istəmir ki, dövlət qulluğunda çalışan məmurlar arasında sənəti, ədəbiyyatı çox sənətçidən, ədəbiyyatçıdan, qələm adamından yaxşı bilən, duyan, düşünən insanlar var! Amma buna inanmaq lazımdır. Təəssüf ki “məmur” ifadəsi bizim leksikonda lap əvvəldən haqsız yerə mənfi çalarda işlənib. Mən bir-neçə il öncə məhz bu mövzuda “Məmurluq şərəfi” adlı bir məqalə yazmışdım. Dövlət məmuruna inamsızlıq və ən pisi - istehzalı münasibət əsasən dövlətçilik təfəkküründən uzaq qafalardan çıxar...
-Akif müəllim, bu yaz aylarının yorğunluğundan daha çox gözəlliyini yaşaya bilmək üçün nə tövsiyyə edərdiniz?
-Yaz ayları nədən Sizdə yorğunluq assosiasiyası doğurur ki!? Gözəlliyi duymaq və gözəl yaşamaq fəsillərə bağlı deyil. Ruhun əhvalına bağlı məqamdır. Siz də bunun üçün çalışın ruhunuzun əhvalı yüksək olsun. Məişətin gəmirici xırdalıqları Sizi qoynuna alıb vaxt axarında yorğunluğa qədər aparmasın. Belə olsa dünya bütün zamanlarda gözəl gələcək Sizə...
Aygün İbrahimova
Dostları ilə paylaş: |