AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanın ilk böyük elmi və mədəni-maarif müəssisələrindən biridir. Artıq 1934-cü ilin I yarısından Mərkəzi Kitabxananın fondunda 59500 nüsxə, 1936-cı ildə 175 000 nüsxə kitab var idi.
Kitabxana 30-cu illərdə dünyanın iri kitabxanaları, elmi-tədqiqat müəssisələri və b. ilə geniş əlaqə yaratmışdı və ədəbiyyat mübadiləsi məqsədilə xüsusi fond təşkil olunmuşdur.Bundan başqa Kitabxana tez-tez müxtəlif ölkələrə, respublikalara əlyazmalar, kitablar toplamaq məqsədilə ezamiyyətlər təşkil etmişdi.
1934-cü ildə Kitabxana Sovet İttifaqının 110 müəssisəsi və bir neçə xarici ölkə ilə kitab mübadiləsi aparır, 1935-ci ildə isə mübadilə 150-yə yaxın təşkilat ilə aparılırdı. Mübadilə yolu ilə təkcə kitablar deyil eyni zamanda dövri mətbuat da komplektləşdirilirdi. 30-cu illərdə artıq 200 adda müxtəlif ölkələrdə nəşr edilmiş dövri mətbuat alınmışdır. SSRİ EA Azərbaycan filialı Ümumittifaq Mədəniyyət Cəmiyyəti vasitəsilə bir sıra xarici ölkələrin elmi idarələri ilə də daim əlaqə saxlanılırdı.
1937-ci ildə Moskva və Leninqradın Elmi kitabxanalarından 20 000 nüsxə kitab alınmışdı. Həmin il xarici ölkələrlə mədəni əlaqə cəmiyyəti vasitəsilə 400 dən artıq sovet və xarici ölkələrin idarə və təşkilatları ilə kitab mübadiləsi aparılmış, 1000 nüsxə xarici, 1500 nüsxə sovet ədəbiyyatı əldə edilmişdir.
1940-cı ildən EA Azərbaycan filialının Fizika, Kimya, Geologiya, Energetika, Botanika, Zoologiya, Coğrafiya, Tibb, Neft, Tarix, Ədəbiyyat, Dil, İncəsənət İnsitutlarında, habelə Azərbaycan Tarixi Muzeyi, Nizami Muzeyi, İqtisadiyyat bölməsində ixtisaslaşdırılmış kitabxanalar təşkil edilir.
Mərkəzi Kitabxanada 1941-1945-ci illərdə komplektləşmənin əsas mənbələri aşağıdakılar olmuşdur:
1. Azərbaycan Respublikası ərazisində çıxan ədəbiyyatın Kitab Palatası tərəfindən məcburi nüsxələrinin alınması.
2. Azərbaycan kitab mağazalarından «Akademkitab»dan yeni ədəbiyyatın alınması;
3. Kitab mübadiləsi yolu ilə;
4. Dövri nəşrlərə abunə yolu ilə;
Mərkəzi Kitabxananın ittifaq səviyyəsində bütün elmi nəşrlərin məcburi nüsxəsini alması onun informasiya ehtiyatlarının gələcək inkişafında böyük rol oynayırdı. Beləliklə, əyər 1947-ci ildə Kitabxanada 166675 nüsxə kitab var idisə, 1949-cu ildə 205096 nüsxə olmuşdur. 1949-cu ildə Kitabxana aşağıdakı mənbələr əsasında komplektləşdirilirdi.
1. Azərkitabla müqaviləyə əsasən;
2. Kitab Palatası vasitəsi ilə;
3. Çoxcildli nəşrlərə abunə yolu ilə;
4. Ali məktəb dərslikləri almaq üçün Ali Təhsil Nazirliyinin limiti üzrə;
5. Bukinist mağazalarından ədəbiyyatın alınması yolu ilə;
6. Xarici elmi idarələrlə mübadilə vasitəsi ilə;
7. «Soyuzpeçat» vasitəsilə dövri mətbuata abunə yolu ilə;
1955-ci ildə kitabxananın büdcəsindən komplektləşmə üçün 153 000 man pul ayrılmışdı. 1956-cı ildə Mərkəzi Kitabxananın Elmlər Akademiyası nəşrlərinin komplektləşdirilməsi, mühafizəsi və istifadəsini təkmilləşdirmək məqsədilə Mərkəzi Kitabxananın mübadilə fondu nəzdində «Toxunulmaz» fond yaradılmışdı. Fondda hazırda 6511 kitab var. 1963-cü ildən 1982-ci ilədək Əsaslı Kitabxana adlandırılan Mərkəzi Kitabxananın fəaliyyətində Azərbaycan EA Rəyasət Heyətinin «Azərbaycan SSR EA Əsaslı Kitabxanasının fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında» 1967-ci il 8 dekabr tarixli qərarının çox böyük rolu olmuşdur. Burada kitabxananın nizamnaməsi, onun gələcək fəaliyyətinin proqramı verilmişdir. Bu dövrdə Kitabxananın komplektləşmə işinə maliyyə vəsaitinin qoyuluşu ildən-ilə artırdı.
Həmin illər Mərkəzi Elmi Kitabxanasının fondu eyni zamanda şəxsi kitab kolleksiyalarının alınması ilə də zənginləşdirilirdi. Bunlardan 70-ci illərin əvvəllərində Y.S. Bertelsin, B.N.Zaxoderin, Y.A. Belyayevin şəxsi kitabxanalarını misal göstərmək olar.
Məlum olduğu kimi ədəbiyyatın komplektləşdirməsi işində retrospektiv komplektləşdirmənin də mühüm əhəmiyyəti vardır. Müxtəlif səbəblərdən əvvəlki illərdə alınmamış mühüm nəşrlər bu və ya digər elmi-tədqiqat işi üçün zəruri ola bilər. Retrospektiv komplektləşdirmənin əsas metodu müvafiq nəşrlərin bukinist mağazalarından, nəşriyyat anbarlarından, ehtiyat-mübadilə fondlarından əldə edilməsindən ibarətdir. Bu cür boşluqların aradan qaldırılması işində komplektləşdirmə şöbəsi yarandığı gündən bu günə qədər çox işlər görmüşdür.
Keçmiş SSRİ-də nəşriyyat işinin surətli inkişafı kitabxanaya bütün ölkədə nəşr olunmuş elmi əsərlərin məcburi pullu nüsxələrinin daxil olmasında özünü göstərirdi. Bu nüsxələr cari ədəbiyyatın komplektləşməsinin əsas mənbəyi idi. 70-ci illərdə əvvəlki illərlə müqayisədə Rusiya elmi kitabxanaların Mərkəzi Kollektorunun fəaliyyəti xeyli yaxşılaşmışdı. 1973-cü ildə həmin kollektor tərəfindən kitabxanaya daxil olan məcburi nüsxələr bütün ədəbiyyatın 25%-ni təşkil edirdi. Həmin ildə Mərkəzi Kitabxana ittifaq daxilində bütün Müttəfiq Respublikalar EA-nın, iri sənaye mərkəzlərinin elmi-kitabxanaları ilə sıx əməkdaşlıq edirdi. Əgər 1970-ci ildə ittifaqdaxili kitab mübadiləsi ilə 3587 nüsxə ədəbiyyat alınmışdırsa, 1973-cü ildə bu rəqəm 4273 nüsxə olmuşdur.Həmin dövrdə ittifaqdaxili kitab mübadiləsində iştirak edən təşkilatların sayı 132-dən 153-ə çatmışdır.
Hər bir kitabxananın fondunun profilə uyğun komplektləşdirilməsini təmin etmək üçün əsas meyar oxucuların müxtəlif elm sahələrinə dair informasiya tələbatıdır . 70-ci illərdə Mərkəzi Kitabxana tərəfindən kitab fondunun oxucuların informasiya sorğularına uyğunluğunun öyrənilməsi və kitab fondlarının istifadə səmərəliliyinin müəyyənləşdirilməsi istiqamətində aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq Mərkəzi Elmi Kitabxananın komplektləşdirmə planında əsaslı dəyişikliklər aparıldı. Nəticədə mərkəzi kollektor tərəfindən profilə uyğun olmayan və az istifadə olunan nəşrlər komplektləşmənin tematik planından çıxarıldı. Məsələn, geologiyadan ancaq Zaqafqaziya regionuna aid olan nəşrlər saxlanıldı. Əgər 1982-ci ildə 10500 nüsxə ədəbiyyat alınmışdısa, 1987-ci ildə 7426 nüsxə ədəbiyyat alınmışdır.
Bu illərdə respublika kitabxana kollektorundan daxil olan ədəbiyyatın sayı getdikcə artırdı.Beləki, 1982-ci ildə kollektordan 3113 nüsxə ədəbiyyat alınmışdısa, 1983-cü ildə 4125, 1984-cı ildə 4195 nüsxə ədəbiyyat alınmışdır.
Ardı davam edən nəşrləri isə kitabxana mübadilə yolu ilə və kitabxanaların mərkəzi kollektorundan alırdı. Dublet olan nəşrlər Mərkəzi Kitabxana tərəfindən Şəbəkə Kitabxanalarına verilirdi.
1983-cü ildə 14097 oxucu arasında aparılan sorğuya əsasən onlarınkimya, fizika, riyaziyyat, ictimai elmlər və yer haqqında elmlərlə əlaqədar sorğuları bir qədər də dəqiqləşdirildi. İl ərzində 58 jurnal istifadə olunmamışdır. Ona görə də Mərkəzi Kitabxananın 1984-cü il üçün abunəsindən həmin jurnallar çıxarılmışdı. Eyni zamanda valyuta ilə alınan lakin az istifadə olunan jurnalların bəzilərinin abunəsi dayandırılmışdır. Məs. 1978-ci ildə 20 adda 1982-ci ildə 13 adda, 1985-ci ildə 13 adda jurnallar abunədən çıxarılmışdı ki, bu zaman əldə olunan vəsait oxucuların informasiya tələbatına uyğun olan digər jurnalların alınmasına sərf olunmuşdur.
1984-cü ilin iyun ayından Mərkəzi Kitabxana respublika daxilində məcburi nəzarət nüsxələr almağa başlamışdır. Mərkəzi Elmi Kitabxanaya Respublikada nəşr olunan qəzetlər, jurnallar, kitabların məcburi nüsxələri daxil olmağa başlayır. 1987-ci ildə «Soyuzpeçat»dan qəzet və jurnallara abunə dövri mətbuat zalında aparılan sorğuya əsasən edildi. Bu zaman sifarişdən nəzarət nüsxə kimi alınan, və az soruşulan, profilə uyğun olmayan 285 rub. dəyərində qəzet və jurnallar çıxarıldı. Bu illər ərzində komplektləşdirmə daha da düşünülmüş şəkildə, profilə uyğun olaraq aparılmışdır. 1995-ci ildə bu günədək Mərkəzi Kitabxana abunəni «Qasid» firmasından sifariş etmişdir. 1995-ci ildə 13956964 man, 1996-cı ildə 13522194 man, 2004-cü ildə 16927950 man, 2005-ci ildə isə 18189200 manatlıq qəzet və jurnallara abunə olunmuşdur. Bundan əlavə «Azərbaycan» nəşriyyatı hər nəşr olunan qəzet və jurnaldan 2 pulsuz məcburi nüsxə Kitabxana üçün ayırır.
1986-1990-cı ilin planında kitabxanaya daxil olan ədəbiyyatın ilbəil artımı nəzərdə tutulmuşdur ki, bu da aşağıdakılara əsaslanırdı.
a) Ölkədə nəşr olunan ədəbiyyatın artımı ilə;
b) Respublikada məcburi nəzarət nüsxələrin sayının artımı ilə;
d) Nəşriyyatların tematik planların analizi nəticəsində əlavə komplektləşdirmə;
Plana əsasən 1986-1990-cı illərdə Kitabxanaya 104 400 nüsxə kitab və broşyura, 28 600 nüsxə dövrü mətbuat, xüsusi növ ədəbiyyat isə 39 600 nüsxə, yəni cəmi 112 600 nüsxə ədəbiyyat alınmalı idi. Lakin 80-cı illərin sonunda ölkədə baş verən hadisələr bütün sahələrə olduğu kimi kitabxanalara da öz təsirini göstərdi və kitabxanaya daxil olan yeni nəşrlərin kəmiyyət və keyfiyyət göstəriciləri xeyli aşağı düşdü. Belə ki, 80-cı illərin sonu və 90-cı illərin əvvəllərində MEK-ın informasiya ehtiyatlarının artımı təqribən 10 dəfə azaldı.
Bununla bərabər kitabxananın Beynəlxalq əlaqələri,kitab mübadiləsi həddindən artıq zəifləmişdi. Məsələn, 1989-cu ildə kitabxanaya mübadilə yolu ilə 1540 çap əsəri daxil olduğu halda 1991-ci ildə –377,1992-ci ildə 131-ə enmişdir.
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra, kitabxana işində də müstəqil qanunlar qəbul etmişdir. 12 mart 1999-cu ildə «Kitabxana işi haqqında» Qanun Azərbaycanda kitabxana işinin əsas hüquqi bazasının mühüm dövlət sənətidir. Bu qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirmə mənbələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. Azərbaycanda Milli Kitabxana ilə yanaşı Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalarının və icra hakimiyyəti orqanları kitabxanalarının məcburi nüsxələrlə təmin olunması hüquqi qanunla təsbit olunmuşdur. Bu, qanunun «Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı» adlanan 15-ci maddəsidir. AMEA Mərkəzi Elmi Kitabxanasının əsas komplekləşmə mənbəyi bu qanuna əsaslanır. Bu maddə kitabxana fondunun Azərbaycan ədəbiyyatı ilə dolğun komplektləşməsinin sabit təchizat mənbəyidir. 1997-ci ildən AMEA Mərkəzi Elmi Kitabxanası Rusiya Elmlər Akademiyası Təbiət Elmləri Kitabxanası ilə müqavilə imzalamışdır. Bu müqaviləyə əsasən «Nauka» nəşriyyatı tərəfindən çap edilən jurnalların yalnız yol xərcləri ödənilməklə Mərkəzi Kitabxanaya göndərilməsi təmin olunur. Bu müqavilə hər il yenidən bağlanılır. Buna əsasən hər il 152 adda 1200 nüsxə jurnal oxucuların istifadəsinə verilir.
Müasir şəraitdə kitabxanaların komplektləşdirilməsi ölkədə olan iqtisadi münasibətdən və bazar iqtisadiyyatı qanunlarında kitab nəşri və kitabxanaların təchizatı ilə birbaşa bağlıdır. Təəsüflər olsun ki, ölkədə uzun bir müddət ərzində kitabxanaların müntəzəm şəkildə kitab təchizatı bu gün dağılıb. Kitabxanalar qarşısında nəşriyyat strukturunun kəskin yüksəlişində və müxtəlif informasiya çoxluğunda diqqəti bu sahəyə yönləndirmək bir vəzifə kimi durur.
Bu gün XXI əsrdə informasiyalaşdırma cəmiyyətdə obyektiv reallıqdır. Kitabxana bir sosial instititut kimi müasir sivilizasiyada öz yerinin axtarışındadır. Kitabxananın əsas məqsədi ondan ibarətdir ki, öz işini elə qursun oxucuların tələbatını ödəsin. Təkcə Azərbaycanda deyil, eyni zamanda xarici dövlətlərlə sıx əlaqə saxlayıb kitab mübadiləsi aparsın. Bu həm də İnternet vasitəsilə aparılmalıdır.
Kitab komplektləşdirilməsində geniş oxucu auditoriyası nəzərə alınmalıdır və institutların profilinə uyğun olaraq komplektləşdiril-məlidir ki, buda əsasən AMEA Elmi tədqiqatlarının istiqamətlərini əhatə etməlidir.
Kitabxananın xidmət göstərdiyi əsas kontingenti– elmi işçilər, professorlar, aspirantlardır. Mütəxəssislərin yüksək informasiyaya malik olmaları fondun yüksək səviyyədə komplektləşdirilməsini tələb edir. Belə ki, fondun komplektləşdirilməsi ənənəvi üsulla və İNTERNET vasitəsilə həyata keçirilir. Bu gün rəqəmli texnologiyadan istifadə edərək çox asanlıqla səni maraqlandıran kitabı tapıb oxumaq və ya onun haqqında bütün məlumatı öyrənib sifariş vermək mümkün olmuşdur. Komplektləşdirmənin qarşısında duran məsələləri həll etməyin ilk yolu şərti olaraq nəşriyyatların saytlarını araşdırmaq, real və vertual kitab mağazalarına baxmaqdır. Müsbət haldır ki, artıq nəşriyyatların çoxu İNTERNET-də öz saytlarını açmışlar. Bunlardan çoxu elektron kataloqlar hazırlamışlar ki, bu da kitabxanamıza istənilən kitabın müəllifi, nəşr ili, başlığı, müəyyən məzmun və ya janra uyğun axtarışın aparılmasına imkan verir.
Məlum olduğu kimi , nəşriyyatların kitabxanalarla işi onların fəaliyyətinin ən məsuliyyətli istiqamətlərindən biridir. Bir çox xarici dövlətlərdə nəşriyyatlar qrupu yaradılmışdır. Bu qrupun nəzdində kitabxanaların komplektləşdirilməsi şöbəsi fəaliyyət göstərir. Bu qrup nəşriyyatlarda nəşr olunan ədəbiyyatın məcburi nüsxələrini götürüb, bütün kitabxanalara onların tələbatına uyğun olaraq paylaşdırır. Bu da nəşr olunan ədəbiyyatın əksəriyyətinin kitabxanalara daxil olmasın təmin edir. Müasir dövrdə Komplektləşdirilmə şöbəsi MEK-ın kitab fondunun inkişafını aşağıdakı üsullarla təmin edir:
1. Kitab fondunun sistematik yeni ədəbiyyatla operativ təmin olunması;
2. Əlavə komplektləşdirmə—yəni fondda olmayan və ya az nüsxədə olan lakin oxucular tərəfindən tələb edilən köhnə nəşrlərlə fondun zənginləşdirilməsi
3. Dövri nəşrlərin komplektləşdirilməsi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunub, ölkə kitabxanalarına hədiyyə olunan kitablar AMEA Mərkəzi Elmi Kitabxanası fondunun daha da zənginləşməsinə kömək etmişdir.Beləki, 2005-ci ilin iyun ayınadək nəşr olunan 106 adda kitabdan 5500 nüsxə kitab alınmışdır. Bu təkcə Mərkəzi Elmi Kitabxananın fondunun deyil, həm də Beynəlxalq kitab mübadiləsinin genişlənməsinə kömək edir. Bu kitablar arasında həm azərbaycanın, həm də dünya klassiklərinin əsərləri latın qrafikası ilə çap olunmuşdur. Kitablar oxucular tərəfindən yüksək qiymətləndirilir.
Beynəlxalq kitab mübadiləsi dövrümüzdə kitabxanalararası elmi və mədəni əlaqələrin bərpası və genişləndirilməsində, elmi məlumatların toplanılması və yayılmasında əsas yerlərdən birini tutur. Dünyanın inkişaf etmiş xalqları ilə elmi və mədəni əlaqələrin yaradılmasında kitab mübadiləsinin böyük əhəmiyyəti vardır. Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında aparılan beynəlxalq kitab mübadiləsi xarici ədəbiyyatın komplektləşdirilməsində əsas mənbələrdən biridir.
1934 ildə kitabxananın «Ədəbiyyatın komplektləşdirilməsi» şöbəsinin tərkibində Mübadilə fondu bölmə kimi fəaliyyətə başlamışdır. Bu bölmə istər keçmiş SSRİ, istərsə də dünyanın onlarla xarici ölkə təşkilatları ilə əlaqə saxlayır.2005-ci ildə MEK ilə mübadilə aparan təşkilatların sayı 724-ə çatmışdır. Bunlardan 152-si Elmlər Akademiyası, 174-ü universitet, 93-ü Milli Kitabxana, 134-ü xüsusi idarə və şəxslər, 137-si nəşriyyat, redaksiya və firma, 32-si muzeydir.
Müasir dövrdə MEK-ın Elmi komplektləşdirmə şöbəsi ölkənin indiki sosial-iqtisadi, bazar münasibətlərinə uyğunlaşaraq fondun zənginləşməsi, həmçinin mövcud əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edir və hər vasitə ilə bu əlaqələri daha da inkişaf etdirməyə çalışır.
Son illər MEK tərəfindən bu istiqamətdə aparılan işlər ,şübhəsiz ki, Milli Akademiyamızın elmi tədqiqatlarının kitabxana – informasiya təminatına daha səmərəli xidmət göstərmək üçün geniş imkanlar açacaqdır.