Auditin yaranması və təşəkkül tapması.
1.Auditin meydana gəlməsinin zəruriliyi.
2.Auditin meydana gəlməsi və inkişafı.
3.Azərbaycanda auditin yaranması və onun inkişafının müasir vəziyyəti
1.Auditin meydana gəlməsinin zəruriliyi.
Bazar iqtisadiyyatına keçilməsi bunlarla yanaşı iqtisadi subyektlərin fəaliyyəti haqqında informasiya təminatının və bu sahədə elmi texnoloji bazanın yaradılması mühasibat uçotunun günün tələblərinə uyğun səviyyədə qurulması,maliyyə,vergi qanunvericiliyi,bank,sığorta və sair bu kimi sahələrdə hesablaşmalar aparılmasında bir sıra problemlərin yaranmasına səbəb olmuşdur.Belə bir şəraitdə bu cür problemlərin ətraflı araşdırılmasına onları doğuran səbəblərin düzgün müəyyən edilib aradan qaldırılmasını təmin edə bilən təkliflərin verilməsinə böyük ehtiyac vardır.
Yüksək səviyyədə inkişaf etmiş,qabaqcıl dövlətlərin çoxillik təcrübəsi göstərir ki,qeyd etdiyimiz bu problemlərin müsbət həll olunması sahəsində ölkədə fəaliyyət göstərən dövlət nəzarət sistemi ilə yanaşı həm də müstəqil maliyyə nəzarəti hesab edilən və bazar iqtisadiyyatının mühüm atributlarından biri olan auditor xidmətinin də məqsədyönlü fəaliyyətinə ciddi ehtiyac duyulur.
Respublikamızın son illərinin təcrübəsi göstərir ki, ölkəmizdə bazar iqtisadiyyatına keçid dövründə bir sıra müəssisə və təşkilatların maliyyə vəziyyətinin ağırlaşmasına,onların xeyli hissəsinin müflisləşməsinə,iqtisadi subyektlərlə bank,maliyyə və vergi orqanları arasında bir sıra konfliktlərin yaranmasına auditor xidmətindən kifayət qədər istifadə olunmaması səbəb olmuşdur.
Bunları nəzərə alaraq demək olar ki,ölkəmizdə keyfiyyəcə yeni olan,yeni mütərəqqi iqtisadi prinsiplərə əsəsalanan,müstəqil audit xidmətinin yaradılması dövrün zərurətindən doğmuşdur.
Daha ətraflı desək auditor xidmətini zəruri edən cəhətlər aşağıdakılardır:
1)İqtisadi subyektin rəhbərliyi ilə informasiya istifadəçiləri olan investorlar,kreditorlar və s. Arasında müdriyyət tərəfindən qeyri-obyektiv informasiyanın verilməsi ehtimalı olduğuna görə narazılığın baş verə bilməsi;
2)Qəbul edilmiş qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılı olması;
3)Verilmiş informasiyaların yoxlanması üçün xüsüsi bilik (ixtisas) sahiblərinin tələb olunması;
4)İnformasiya istifadəçilərinin onlara verilmiş informasiyaların doğruluğunu yoxlamaq üçün imkanların olmaması.
Yuxarıda qeyd olunan bütün ilkin şərtlər bu sahədə müvafiq hazırlığı,yüksək ixtisası, böyük təcrübəsi və auditor xidməti göstərməyə icazəsi olan, sərbəst auditorların xidmətlərinə ciddi ehtitac olmasına səbəb olmuşdur.
Bunlarla yanaşı,bəzən iqtisadi subyektin çoxsaylı uçot əməliyyatlarının qanunauyğunluğuna,dövri hesabatlarda əks etdirilən məlumatların düzgünlüyünə,kollektiv mülkiyyətçilər-səhmdarlar,payçılar,kreditorlar və s. müstəqil qaydada əmin ola bilmirlər(verilən məlumatların düzgünlüyünü müxtəlif səbəblər üzündən yoxlaya bilmirlər) və buna görə də onların auditorlar xidmətinə ehtitacı yaranır.
Auditor xidməti eyni zamanda dövlət orqanlarına,məhkəmələrə,istintaqla məşğul olanlara,onları maraqlandıran dövr üçün maliyyə hesabatının düzgünlüyünü təsdiq etmək üçün də lazım olur.Ona görə ki,bu informasiyanın düzgünlüyünü bilavasitə sərbəst,müstəqil,neytral və yüksək ixtisaslı auditorlar təsdiq edirlər.
Qeyd etmək lazımdır ki, dəqiq və düzgün məlumatlar nəinki təkcə investorlara lazımdır,o eyni zamanda kreditorlara da lazımdır.Beləki iqtisadi subyekt haqqında dəqiq məlumatlar kreditorlara müəssisənin borcunu qaytarmaq və faizləri ödəyə bilmə qabiliyyətini qiymətləndirmək üçün, mal satanlara isə ona borcu olan müəssisənin borcu qaldığı məbləği ödəyə bilib-bilməməsini öyrənmək və digər bu kimi məqsədlər üçün lazımdır.
Hər bir iqtisadi subyekt haqqında dürust məlumatlar əldə etməkdə dövlət orqanları da maraqlıdırlar.Dövlət orqanlarına bu məlumatlar vergi tədbirləri də daxil olmaqla dövlətin iqtisadi siyasətini işləyib hazırlamaqdan ötəri çox vacibdir
2.Auditin meydana gəlməsi və inkişafı.
Audit peşəsinin qədim tarixi var.Hələ qədim misirlilər və romalılar arasında vəzifəsi vergi yığanların işini yoxlamaqdan ibarət olan adamlar vardı ki, bu da müasir auditorların funkisiyasını xatırladır.
Hazırda auditin yaranmasının tarixi haqqında tədqiqatçı(iqtisadçı) alimlər arasında ciddi fikir ayrılığı da mövcuddur.Belə ki,iqtisadçı alimlər “audit”in və “auditor”sözünün ilk dəfə İngiltərədə,bəziləri Misirdə,digərləri Çində və s meydana gəldiyini iddia edirlər.
Alimlər İngiltərə və Şotlandiya xəzinadarlığının 1130-cu il arxivini ingilisdilli ölkələrin uçot sənədlərinin və auditorlar barədə xatırlamaların ən dolğun mənbələrindən biri hesab edirlər;London Sitisində hələ 1200-cü illərdə audit keçirilmişdir.
1324-cü il martın 24-də İngiltərənin üç dövlət auditorunu şəxsən Kral II Eduard xüsusi fərman imzalayaraq təyin etmişdir.Bu fərmana əsasən yeni təyin olunmuş auditorlar Oksford Bergenxed,Saut Xempten,Uels,Sommersetişir və Dövlət əyalətlərində tətbiq olunan bütün hesabatları (hesbları)nəzərdən keçirməli və yoxlamaq üçün tələb etməli və onların qarşısında qoyulan bütün məsələləri (vəzifələri)yerinə yetirməli idilər.
Bir sıra tədqiqatçı alimlər auditor haqqında ilk yazılı mənbəyə XIV əsrdə təsadüf olunduğunu iddia edirlər.Bu alimlər qeyd edirlər ki,həmin dövrdə auditorlardan məhkəmələrdən sübut kimi istifadə olunmuşdur.
Həmin dövrdə mühasibat uçotunun nəzəriyyəsinin əsasını qoymuş Luko Paçoli hesablar və qedlər haqqında “Traktat”adlı əsərində mühasibat uçotuna nəzarətin zəruriliyini xüsusi qeyd etmişdir.İllər keçdikcə belə bir nəzarətə böyük ehtiyac olduğu diqqəti cəlb etməyə başladı.Artıq bir çox ölkələrdə XVI əsrdə rəsmi qaydada uçot kitablarına hüquqi nəzarət təşəkkül tapmışdır.İngiltərədə həmin dövrdə uçot qeydlərini yoxlamaqla məşğul olan şəxslər fəaliyyət göstərmişlər ki, onlara da “Auditor”deyilirmiş.
Müasir anlayışda müstəqil auditin tarixi XVIII əsrə gedib çıxır.Lakin 1862-ci ildə Britaniya Şirkətləri haqqında qanun qəbul edilməsi auditor peşəsinin inkişafına xüsusi təkan verdi.Həmin qanunda şirkətlərin hesab və hesabatlarının mühasibat uçotu və maliyyə nəzarəti mütəxəsisləri tərəfindən ildə azı bir dəfə məcburi qaydada yoxlanılması tapşırılırdı.Məcburi audit barədə qanun Fransada 1867-ci ildə,ABŞ-da isə Böyük tənəzzüldən sonra 1937-ci ildə qəbul edilmişdir.
Rusiyada isə auditor rütbəsi I Pyotr tərəfindən təsis edilmişdir.Bu vəzifə özündə kargüzarlıq,katibçilik və prokurorluq kimi bir sıra vəzifələri birləşdirirdi.Auditorları bu zaman Rusiyada and içmiş mühasiblər adlandırırdılar.
Qeyd etmək lazımdır ki,ABŞ auditorları o zaman praktiki təhsillərini Böyük Britaniyada almışlar.ABŞ-da ilk dəfə olaraq 1837-ci ildə auditorlar assosiasiyası yanında qanunvericilik yolu ilə auditor fəaliyyəti tənzimlənmişdir.Bu qanuna görə auditor vəzifəsini Nyu-York universitetində müvəffəqiyyətlə imtahan qazanmış diplomlu mühasiblər tuta bilərdi.
Audit haqqında Qanun Böyük Britaniyada 1882-ci ildə,Fransada 1867-ci ildə,ABŞ-da 1937-ci ildə qəbul olunmuşdur.
Beləliklə 1919-1945-ci illərdə və ondan sonrakı dövrdə ümumilikdə dünya üzrə və eləcə də ayrılıqda götürülmüş hər hansı bir ölkədə iqtisadi fəaliyyətin auditsiz mövcud olmasının qeyri-mümkünlüyü qaçılmaz olmuşdur.Auditin sonrakı onilliklərdə də inkişafı diqqəti cəlb edir.Hələ 1948-ci ildə ABŞ-ın mühasiblər institutu “auditin hamı tərəfindən qəbul olunmuş standartları”nı təsdiq etdi və daxili təftişçilər isə “daxili təftişçilərin vəzifələri”adlı normativləri dərc etdi.
Hazırda ABŞ-da rəsmi surətdə 100000 nəfərdən çox müstəqil,diplomlu mühasib-auditorun olduğu qeydə alınmışdır.
1929-1933-cü illərədə dünyanı bürüyən iqtisadi böhran mühasib-auditorların xidmətlərinə tələbatı artırır.Bu dövrdə auditor yoxlamasının keyfiyyətinə və məcburiliyinə tələblər son dərəcə sərtləşdirilir,belə cür xidmətlərə bazarın tələbatı artır.Böhran qurtardıqdan sonra demək olar ki,bütün ölkələr illik hesabatlardakı informasiyanın həcminə ,həmin hesabatların və auditor rəylərinin dərc edilməsinin vacibliyinə dair məcburi tələblər tətbiq etməyə başlayırlar.Audit dələduzluğa qarşı güclü silaha çevrilir.
1932-ci ildə Almaniyada auditorlar institutu yaradıldı və əvvəllər fəaliyyət göstərmiş Təftiş və Himayəçilik funksiyaları ona verildi.İkinci dünya müharibəsi qurtardıqdan sonra Auditorlar adlandırıldı.Bu müddətdə Düsseldorf İnstitutu bütün Almaniya ərazisində peşə fəaliyyəti göstərərək,böyük nüfuz qazandı,bu isə ona ümumalmaniya təşkilatına çevrilmək imkanı verdi.
XX əsrdə dünya auditinin inkişafının birinci mərhələsi 40-cı illlərin sonunadək olan dövrü əhatə etmiş və əsasən,aparılan pul əməliyyatlarını təsdiq edən sənədləri və maliyyə hesabatlarında həmin əməliyyatların düzgün qruplaşdırılmasını yoxlamaqdan ibarət olmuşdur.Bu təsdiqedici audit idi.
Dünya auditin inkişafının ikinci mərhələsi 1949-cu ildən başlanır.Həmin vaxtdan müstəqil auditorlar şirkətlərdə daxili nəzarət məsələlərinə daha artıq diqqət etməyə başladılar,onlar hesab edirdilər ki,səmərəli daxili nəzarət sistemi şəraitində səhv etmə ehtimalı azlır və maliyyə məlumatları kifayət qədər dolğun və dəqiq olur.Auditor firmaları bilavasitə auditor yoxlamalarından daha çox məsləhət fəaliyyəti ilə məşğul olmağa başladılar.Belə audit sistemli-istiqamətverici audi t adlandırılırdı.
Auditin inkişafının üçüncü müasir mərhələsini 70-ci illərə aid etmək olar.Onun istiqaməti-yoxlamalar və ya məsləhətləşmələr zamanı risk ehtimalı,riskin qarşısının alınması və ona yol verilməməsi,audit zamanı sifarişçinin biznes şəraitini nəzərə almaqla,yoxlama seçmə qaydasında,əsasən səhvetmə və ya dələduzluq riskinin maksimum olduğu yerdə aparılır.70-ci illərin əvvələrində audit standartlarının hazırlanmasına başlanıldı.
Avropa Birliyi Şurası birliyin üzvü olan ölkələrdə mühasibat uçotunun,hesabatın və auditor işinin unifikasiyası üçün bir sıra direktivlər vermişdir.Onların arasında ilk növbədə,səkkizinci direktivi qeyd etmək lazımdır.1984-cü il aprelin 10-da qəbul edilmiş bu direktiv Avropa Birliyi çərçivəsində auditor fəaliyyətini uyğunlaşdırmaq vəzifəsini qarşısına məqsəd qoymuşdur.Direktivə əsasən mühasib-auditorların ixtisas səviyyəsinə vahid tələblər müəyyən edilməlidir ki,onların diplomları direktivi imzalamış ölkələrin hər hansı biri üçün eyni qüvvəyə malik olsun.
Hər bir ölkədə auditor xidmətlərinin sayı kifayət qədər çoxdur.Diplomlu İctimai Mühasiblər Firmalarının Beynəlxalq Assosiasiyası 147 ölkədə fəaliyyət göstərən 4,2 mindən çox auditor firmasını birləşdirir.BMT yanında Dövlət Maliyyə Nəzarəti Ali orqanlarının Beynəlxalq təşkilatı yaradılmışdır.
Bu təşkilat dünya iqtisadiyyatının,biznesin və ticarətin daha çox beynəlmiləlləşməsi meyli ilə,çoxmillətli kooperativ əməliyyatların genişlənməsi,pula səmərəli nəzarətə səy göstərilməli,milli dövlət nəzarətinin sərtləşdirilməsi ilə əlaqədər yaradılmışdır.
Bir çox dövlətlərdə transmilli auditor-məsləhət firmaları fəaliyyət göstərir,onların başqa ölkələrdə nümayəndəlikləri də vardır.Məsələn, “Prajs Yorterhaus Kupers”firmasının 110-dan çox ölkədə, “Artur Andersen”firmasının 100-dən çox ölkədə nümayəndəliyi işləyir.Onların hamısı öz işlərində beynəlxalq audit normalarından istifadə edirlər.
3.Azərbaycanda auditin yaranması və onun inkişafının müasir vəziyyəti.
Keçmiş SSRİ respublikalarında,o cümlədən Azərbaycanda nəzarət və təftiş işi on illər boyu inzibatı-amirlik sisteminin tərkib hissəsi idi.Sözün əsl mənasında sovet və Azərbaycan auditi yox idi.
Əlbəttə,obyektiv zərurətlə əlaqədar uçot,nəzarət və təhlil üzrə həmin fəaliyət sahəsinin ayrı-ayrı elementlərinə SSRİ-də və Azərbaycanda həmişə təsadüf edilmişdir.Belə elementlər əsasən pərakəndə halda fəaliyyət göstərmişlər və sistemləşdirilmiş bütöv bir qurum-bazar infrastrukturunun ayrılmaz elementi sayılan audit olmayıblar.Onlar audit də adlanmayıblar.
Rusiyada və o cümlədən də Azərbaycanda Auditor haqqında ilk anlayış XVI əsrin sonunda və XX əsrin əvvəllərində meydana çıxmışdır.Həmin dövrlərdə auditor xidmətini yerinə yetirənlər hüqüqşunas adlandırılırdı.Öz xarakterinə görə auditorlar həm kargüzar,həm məhkəmə katibi,həm də prokurorluq orqanlarında işləyə bilərdi.1867-ci ildə Rusiyada hərbi-məhkəmə islahatı həyata keçirildikdən sonra auditor vəzifəsi ləğv olunmuşdu.
Daha sonra Rusiyada müstəqil maliyyə nəzarətinin həyata keçirmək üçün aşağıdakı,üç institutun yaradılmasına cəhd göstərilmişdi:
a)andlı mühasiblər institutu (1871-ci il);
b)mühasiblər insitutu(1909-cu il);
c)dövlət mühasiblər-ekspertləri institutu(1928-ci il).
Həmin cəhdlər auditor fəaliyyətinin hüquqi təminatının olmaması və siyasi-iqtisadi şəraitin dəyişilməsi üzündən iflasa uğradı.
1987- ildə ”Audit” Səhmdar Cəmiyyəti yaradıldı.O zaman həmin cəmiyyətin səhmdarları arasında SSRİ Maliyyə Nazirliyi,Dövlət Bankı və SSRİ-nin bəzi başqa bankları (o cümlədən xarici iqtisadi fəaliyyətdə yaxından iştirak edən banklar), bəzi nazirliklər xarici kapital cəlb etməklə əməliyyatlar aparan, iri müəssisələr və xarici iqtisadi sistemlər vardır.
1991 – ci il iyulun 31-də Azərbaycan Respublikasının Nazirlər Kabeniti (ARNK)“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzi yaradılması haqqında” qərar qəbul etdi.
Qərarda qeyd olunurdu ki, təsərrüfat islahatının həyata keçirilməsi ilə əlaqədar olaraq respublikada ixtisaslı auditor xidmətlərinə ehtiyacı olan çoxlu assosiasiyalar, konsernlər, səhmdar cəmiyyətləri, icarə kollektivləri və kooperativlər yaradılır. Həmçinin nazirliklərin və baş idarələrin tabeliyindən çıxmaq hüququ qazanan dövlət müəssisələrin lazım gəldikdə, onların nəzarət – təftiş aparatının xidmətlərindən istifadə etmək imkanı olmur.
Nəzarət – təftiş işini təkmilləşdirmək, bütün mülkiyyət formalarının qorunmasını təmin etmək, sui istifadə və rəqəmləri şişirmə faktlarının qarşısını almaq məqsədi ilə ARNK Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzinin yaradılması barədə nazirliyin təklifini qəbul etdi və Auditor Mərkəzi haqqında Əsasnaməni təsdiq etdi.
Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzi nazirliklərin və baş idarələrin, müəssisə, idarə və təşkilatların, kooperativlərin sifarişləri əsasında, habelə hüquq mühafizə orqanların tələbi ilə, müqavilə üzrə haqqı ödənilməklə, təftiş və yoxlamalar keçirməli, təsərrüfat mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstərməli idi.
Azərbaycan Respublikası ərazisində müxtəlif mülkiyyət formalarının inkişafının təmin edilməsi, auditor təşkilatlarının və auditorların fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə ARNK –nin 1992 – ci il 27 mart tarixli 157 saylı qərarına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Lisenziya Komissiyası yaradılmışdır.
1994 – 1996 – ci illərdə Azərbaycan Respublikasında beynəlxalq meyara uyğun müstəqil audit sisteminin bərqərar olması istiqamətində mühüm əhəmiyyət kəsb edən normativ – hüquqi aktlar qəbul olundu. 1994 – cü ildə “Auditor Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Azərbaycan Respublikasının Milli Məclisi 1995 – ci ilin iyul ayının 20 – də “Auditor Xidməti haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının Milli Məclisi özünün 1994 – cü il 16 sentyabr tarixli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Auditorlar palatasının təşkilinin təmin edilməsi barədə” qərar çıxardı. Bunun ardınca Milli Məclis özünün 1995 – ci il 19 sentyabr tarixli qərarı ilə “Azərbaycan Respublikası Auditorlar palatası haqqında” əsasnaməni təsdiq etdi. Yalnız bunlardan sonra 1996 – ci ilin aprel ayının 4 –də Azərbaycan Respublikası Auditorlar palatası rəsmi qaydada uğurlu fəaliyyətə başladı və öhdəsinə düşən sahədə xeyli uğurlar qazandı.
Təkcə onu qeyd etmək kifayətdir ki, 1996 – 2000 – ci illər ərzində həyata keçirilən auditor xidmətlərinin ümumi məbləğı müqayisə olunan dövrdə 3.3 milyard manatdan artaraq 15.6 milyard manata çatməşdır. Bu illər ərzində 160 nəfərdən çox mütəxəssis auditor adına layiq görülmüşdür və onlara müvafiq lisensiya verilmişdir və ilaxır.
Dostları ilə paylaş: |