Kompüter texnikasının meydana gəldiyi vaxtdan onlar layihələndirmə işlərinədə tətbiq edilmişlər. İlk zamanlar əsasən hesablama işlərinin yerinə yetirilməsində, sonralar isə həm hesablama işlərində, həm də layihə sənədlərinin alınmasında istifadə edilir. Layihələndirmənin avtomatlaşdırılması həm layihələndirmə prosesinin sürətləndirilməsinə, həm də alınan layihənin keyfiyyətinin yüksəldilməsinə səbəb olur.Layihənin keyfiyyətinin yüksəldilməsi əsasən aparılan hesabatların dəqiqliyinin yüksəldilməsi və çoxvariantlı layihələrdən ən yaxşısının seçilməsi hesabına əldə olunur. Əl ilə layihələndirmə zamanı yalnız bir layihə variantı hazırlanır və təbbi ki, yeganə variant optimal ola bilməz.
Layihələndirmə prosesi ideyadan başlayaraq, həmin ideyanın praktikada həyata keçirilməsinə qədər bir neçə mərhələlərdən ibarət yaradıcı prosesdir. Bu mərhələlər aşağıdakılardır:
texniki tapşırığın hazırlanması;
ilkin layihələndirmə;
eskiz layihələndirmə;
texniki - işçi layihələndirilmə;
seriyalı istehsal;
sənaye istismarı.
Texniki tapşırıq (TT) layihələndirilən obyektin bütün xüsusiyyətlərini, layihələndirmə xərclərini və s. bu kimi bir çox şərtləri əks etdirən sənəddir. Texniki tapşırıq sifarişçi ilə layihəçi arasında bir neçə danışıqlar və görüşlər nəticəsində hasil olur. Son nəticədə layihəçi tərəfindən hazırlanır, sifarişçi tərəfindən təsdiqlənir.
İlkin layihələndirmə çox zaman tədqiqat-axtarış mərhələsi də adlanır. Bu mərhələdə mövcud uyğun işlərin öyrənilməsi yerinə yetirilir və bunun nəticəsində layihələndirilən obyektin ən ümumi quruluşu müəyyənləşdirilir. Mərhələnin nəticəsi kimi tədqiqat-axtarış hesabatı tərtib edilir.
Eskiz layihələndirmə mərhələsində daha ciddi işlər görülür. Layihələndirilən obyektin ümumi quruluşu, elementləri və onlar arasındakı əlaqələr müəyyənləşdirilir. Zəruri olan texniki vəsaitlər seçilir. Həll olunan məsələlərin alqoritmləri və onların proqramları işlənir. Müxtəlif təcrübələr aparılır və mərhələnin nəticəsi kimi eskiz layihəsi və layihələndirilən obyektin bir ədəd nümunəsi hazırlanır. Eskiz layihə mərhələsi başa çatdıqdan sonra xüsusi dəvət edilmiş ekspertlərin iştirakı ilə sifarişçi qarşısında o, layihəçi tərəfindən müdafiə edilir və müdafiəyə görə eskiz layihəsinə rəy verilir. Rəy müsbət olduqda layihələndirmənin növbəti mərhələləri yerinə yetirilir. Rəy mənfi olduqda isə əvvəlki istənilən mərhələlərin birindən başlayaraq təkrar yerinə yetirilə bilər. Bu zaman TT-da düzəlişlər də aparıla bilər və növbəti mərhələlər yalnız eskiz layihəsinin təkrar müdafiəsinə müsbət rəy aldıqdan sonra yerinə yetirilir. Bəzi hallarda isə mənfi rəyin nəticəsinə görə layihələndirmə prosesi dayandırıla bilər.
Texniki - işçi layihə (TİL) təsdiq olunmuş TT və müsbət rəy almış eskiz layihəsi əsasında yerinə yetirilir. TİL layihələndirilən obyektin hazırlanması və istismarı ücün material və məlumatları əks etdirən sənəddir. Burada hazır alınacaq detalların spesifikasiyası, hazırlanacaq detalların isə cizgiləri, hazırlanma texnologiyası, prinsipial sxemlər, quraşdırma sxemləri, elektrik sxemləri, alqoritmlər, proqramların mətnləri və istismar üçün təlimatlar verilir.
Seriyalı istehsal mərhələsində layihələndirilən obyekt müəyyən sayda istehsal edilir və bu mərhələdə layihəyə müəyyən düzəlişlər edilə bilər.
Sənaye istismarı mərhələsində layihələndirilən obyekt layihəçi və sifarişçinin iştirakı ilə sənaye şəraitində tətbiq edilir və bu zaman yenə də bu və ya digər layihə düzəlişləri aparıla bilər. Yalnız müəyyən edilmiş müddət ərzində uğurlu sənaye sınağından keçdikdən sonra həmin obyekt kütləvi şəkildə istehsal olunur və tətbiq edilir.