R. PİRVERDİYEVA,
Y. PİRƏLİYEVA
Azərbaycan Dövlət Respublika
Elmi Tibb Kitabxanası
AZƏRBAYCAN DÖVLƏT RESPUBLİKA ELMİ TİBB
KİTABXANASINDA OXUCULARLA İŞİN SPESİFİK
XÜSUSİYYƏTLƏRİ
Müasir dövrdə mütaliə etmək sadəcə xoş istirahət, təhsil almaq, elmi tədqiqat işini aparmaq,
intellektual səviyyəni artırmaq və s. bu kimi məhfumları aşaraq hər bir kəsin həyat tərzinə
çevrilmişdir. İnformasiya əsrində bu məsələ daha qabarıq şəkildə özünü göstərməkdədir.
İnsanlarda təbii olaraq daim yeni, aktual informasiyanı operativ şəkildə əldə etmək tələbatı
yaranmışdır.
İdarə olunan informasiya cəmiyyətinin əvəzinə, informasiyanın sərbəst yayıldığı - internt
cəmiyyət meydana gəlir (9, s.336). İnformasiya axını çox böyük bir sürətlə inkişaf edir,
informasiya massivləri artaraq çox böyük bir həcmə çatmaqdadır. Əgər bu gün bəşəriyyətin malik
olduğu informasiya ehtiyatlarının həcmini vizuallaşdırsaq, bu zaman onların həcmi 37 mlrd DVD-
disk və ya yerdən günəşə qədər 12 sütun kitabdan ibarət olar (8,s.10)
Belə bir dövrdə oxucularla işin qurulmasında da bir çox yeni xüsusiyyətlər meydana gəlir.
Oxucu mütaliəsinə rəhbərlik etmək, onu düzgün istiqamətdə qurmaq, bəzən hətta oxucu sorğusunu
dəqiqləşdirmək kimi məsələlər qarşıda durur. Mütaliənin mahiyyətini açaraq onu belə xarakterizə
etmək olar: mütaliə hər hansı bir mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya
- əlaqə fəaliyyətidir (5,s.40).
Müasir mütaliə və onun təşkili, mütaliənin genişdəndirilməsi hər bir dövlətin elminin,
təhsilinin, iqtisadiyyatının yüksəldilməsi, onun dünya miqyasında öz mövqeyini tapmasına
bilavasitə və bilvasitə xidmət edir.
Kitabxana «susan biliklərdən» informasiya istehsal edilməsi üçün, bu informasiyanın konkret
predmet sahələrində inkişaf meyllərini aşkar edən intellektual gücləndiricilərə çevrilmişdir (5,
s.380).
Kitabxanaçı ixtisası xüsusi bir ixtisasdır. Onun işinin mahiyyəti kitab və oxucu ilə işdən
ibarətdir ki, onların da hər ikisi çox mürəkkəbdir. Kitablar öz quruluş, məzmun, format və s.,
oxucu isə maraq, tələbat, düşüncə tərzi, xarakter və s. baxımdan rəngarəngdir. Kitabxanaçı onlar
arasında əlaqələndirici, təmsilçi kimi çıxış edir. Akademik D.S. Lixaçov deyirdi ki, kitabxanaçı
təkcə alimin köməkçisi deyil, o bir deyil bir neçə mövzu üzrə çoxlu sayda kitabların üzərində
işləyərək kitabxanaya gələn hər bir kəsə kömək edir (7, s.58). Tibbi ədəbiyyat isə çox mürəkkəb
sistemdir. Bu nəşrlərin əsas mahiyyətini xəstəliklərin praktik müalicəsi, tibb elmi biliklərlə yanaşı,
həm də insanların sağlamlıqlarının qorunmasına və möhkəmləndirilməsinə yönəldilmiş tədbirlər
təşkil edir. Belə monoqrafiyalar, məlumat kitabçaları və vəsaitlər həkimlər, orta səhiyyə işçilərinə
ünvanlanmışdır (2, s.83). Kitabxanaçıdan bütün bu rəngarəng və son dərəcə mürəkkəb nəşrlər
sistemindən xəbərdar olmaq tələb olunur.
Müasir yüksək templə inkişaf edən və mürkkəbləşən bir dövrdə kitabxanaçıdan bu dəyişkən
şəraitə adaptasiya olmaq tələb olunur. Bu isə ondan öz peşəkar biliyini artırmağı, onu
təkmilləşdirməyi və təhlil etməyi tələb edir. Kitabxanaçılar kitabxanadan istifadə etmək üçün
oxucular üçün əlverişli şəraitin yaranmasına xidmət etməlidirlər (7, s.60). Oxucularla iş
məsələsinin düzgün həlli hər bir kitabxanaçı və bütün kitabxananın uğurlu fəaliyyətinin əsasını
təşkil edir.
Tibb kitabxanalarında da oxucularla iş həmin prinsip üzərində qurulur. Lakin bu oxucu
kütləsinin bir çox xarakterik xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Həkimdən təkcə bilik tələb
olunmur. O xəstə ilə ünsiyyət qurmağı bacarmalıdır. Belə bir kəlam var: «Həkimlə hər görüş
xəstəyə yüngüllük gətirmirsə, o həkim deyil» (5, s.5).
Xəstə ilə bağlı qərarın qəbul olunması beyin mövcud variantları müqayisə edərək ən uğurlu
variant üzərində dayanır. Adi bir xəstənin müalicəsi zamanı həkim «lehinə» və «əleyhinə» yüzlərlə
variantı nəzərdən keçirməli olur. Bu isə xüsusi elmi hazırlıq tələb edir.
Bu baxımdan həkimlik çox ağır və müsuliyyətli sənətdir. Həyatı gündəlik yorğunluq,
düşünmək, müşahidə etmək, yuxusuzluq, narahatlıq, psixoloji və fiziki gərginliklə keçən həkim
mürəkkəb cərrahi əməliyyatları aparmalı, xəstələrin vəziyyəti ilə daim tanış olmalı, onlarla
ünsiyyət qurmaldır. Belə bir ağır iş rejimində işləyən bu peşə sahibləri mütləq öz ixtisasları ilə
bağlı yenilikləri izləməli, biliklərini artırmalı və təkmilləşdirməlidirlər.
Ona görə də həkim - oxucular çox mürəkkəb bir kontingentdir. Onların hər biri özünə xüsusi
diqqət tələb edir, hətta bu diqqəti görmədikdə narazı qalır, bunu kitabxana işində bir qüsur,
kitabxanaçının ixitisas səviyəsinin aşağı olması kimi qəbul edirlər. Belə oxucularla mütaliənin
təşkili də bir qədər mürəkkəb bir prosesdir. Kitabxanaçı həkim - oxucu üçün həm də dost,
həmsöhbət, hətta həmkar olmağı da bacarmalıdır. Kitabla ünsiyyət, ədəbiyyatın qavranılma
formaları psixoloji, fizioloji, pedoqoji bir məsələdir. Öz oxcusu ilə düzğün ünsiyyəti qura bilən
kitabxanaçı elmin bu sahələri üzrə də müəyyən biliyə malik olmalıdır.
Elmi faktlar ancaq təkrarən yenidən əldə edildikdən sonra öz varlığını büruzə verməyə
başlayır. Elmi axtarışlarda irəliləmək üçün əvvəlcə artıq əldə edilmiş nəticələri yenidən işləmək
lazımdır. Maraqlıdır ki, eyni bir problemə həsr olunmuş elmi məqalələr – dil əlamətlərinə,
coğrafiyasına və s. görə müxtəlif nəşriyyatlar üzrə səpələnir (4, s.340).
Əgər hər hansı alim - mütəxəssis üçün «orta» vəziyyəti götürsək məlum olur ki, hər il ixtisası
üzrə dərc olunan ədəbiyyatı oxumaq üçün ona gündə səkkiz saat mütaliə etməklə təqribən 1000 il
lazımdır. Lakin Q.M. Dobrov qeyd edir ki, məlumatın həqiqi həcmi minimumdan iki tərtib azdır
(4,s. 338).
AzDRETK- nın vahid oxucu bileti üzrə 97 nəfər oxucu, 3541 oxucu gəlişi, 21405 kitab verilişi
qeydə alınmışdır. Müxtəlif sorğularla müraciət edən oxucu sorğusuna cəmi 17 rədd cavabı
gəlmişdir ki, onların səbəbləri dərhal müəyyənləşdirilmişdir (1, s.7). Bu müddət ərzində ona
həmin mövzu ilə başqa ədəbiyyat təklif edilmiş, yeni alınan ədəbiyyatla tanış edilmişdir.
Kitabxanaçı həkim - oxucu üçün vaxt ən qiymətli amil olduğunu yaxşı dərk etməlidir. Yüksək
templə inkişaf edən həyatımızda hər bir dəqiqənin öz dəyəri vardır.
Kitabxanaçının qarşısında duran bir vəzifə oxucunun mövzusunu dəqiqləşdirmək və həmin
mövzu üzrə nəşr oluna biləcək əsərlərə düzgün istiqamətlənərək, daha dəqiq, dar çərçivədə axtarış
aparsına kömək etməkdir. Yalnız bu zaman oxucu öz maraq dirəsinə və ya tələbatına maksimum
uyğun gələn materialları əldə edə bilər. Bu baxımdan onunla işləyən kitabxanaçı fondda olan
ədəbiyyatın xüsusiyyətini yaxşı bilməlidir. Təbii ki, bir kitabxanaçı bir kitabxana fondunda olan
minlərlə nəşrləri oxuya və dövri mətbuatı dəqiqlikə izləyə bilməz. Lakin o, daim nəşrlərin
xarakteristikası, əhatə etdiyi əsas mövzunu tədqiq etməlidir ki, bəzən buna ayrıca vaxt ayırmaq
belə lazım gəlmir. Kitabxana ilə bağlı hər bir iş prosesində (komplektləşdirmə, ədəbiyyatın elmi
işlənməsi, xidmətin təşkili, fondun təşkili, yoxlanması, mühafizəsi və s.) kitabxanaçının
mütəxəssisə təqdim edəcəyi yeni ədəbiyyatla müntəzəm təmasda olur və deməli onu ümumi
konteksdə öyrənə bilir.
AzDRETK - da oxucu marağını, onu bu gün daha çox narahat edən məsələləri daha dərindən
tədqiq etmək üçün oxucu anketləri tətbiq edilməyə başlanmışdır.
Bu anketlərin təhlili zamanı həkim - oxucuları narahat edən bir çox məsələlər aydın olmuşdur.
«Kataloq və kartoteka sistemindən sərbəst istifadə edə bilirsinizmi» sualına oxucuların 40%- bəli,
60%- xeyr cavabı vermişlər. İnkar cavab bildirən oxucular kitabxanaçı ilə işləmək arzusunda
olduğunu da bildirmişdər. Anketi dolduran oxuculardan 20%- tələbə, 80%- praktiki və elmi
fəaliyyətdə olan həkimlərdir. Əfsus ki, onların içərisində fasiləsiz şəxsi təhsillə məşğul olanlar çox
azdır.
Oxuculardan «öz arzularınızı bildirin» təklifinə 90% nəfəri yeni ədəbiyyatın çox olması və iş
müddətinin uzadılması ilə bağlı istəklərini bildirmişlər. Bu anketlərdən heç bir əməkdaşdan
şikayət, narazılıq və s. bildirilməmişdir. Bunun səbəbi əməkdaşlarımızın həqiqətən də oxucularla
nəzakətli və səbrlə davranmasıdır. Bu məsələ ilə hər şöbə daxilində təlim - tərbiyə işləri
aparılarkən rəhbərlik xüsusilə məşğul olur.
Kitabxanaçıların qarşısında duran daha bir məsələ tibbə dair ümumi terminləri, anlayışları
bilmək, ölkəmizdə fəaliyyət göstərən tibb və səhiyyə ocaqlarını tanımaq, tibbə dair
respublikamızda çıxan dövri nəşrlərlərdən, tibb və elmlə bağlı çıxan hər bir qərardan xəbərbar
olmaqdır.
Göründüyü kimi tibb kitabxanasında oxucularla iş bir qədər mürəkkəb olsa da, çox maraqlı və
rəngarəngdir. Oxucularla daha çox ünsiyyətdə olan şöbələrin (oxuculara xidmət, elmi işləmə və
kataloqlaşdırma, biblioqrafiya şöbələri) əməkdaşları bu işin öhdəsindən gəlməyə çalışırlar. Gənc
kadrlarla bu istiqamətdə xüsusi işlər də aparılır. Onlar üçün kitabxana daxilində müxtəlif
məşğələlər, məsələn, ədəbiyyatın təsviri, ədəbiyyatın UOT və KBT üzrə indeksasiyası, fondun
quruluşu və təyinatı, ümumi tibbi terminlərlə tanışlıq və s. keçirilir. Bütün bu tədbirlər oxucuların
sistemli və ardıcıl mütaliəsini təmin etmək, bu sahədə oxuculara dəstək olmaqdır.
Dostları ilə paylaş: |