AZƏrbaycan etnoqrafiyası ÜÇ Cİlldə II ciLDƏ ŞƏrq-qərb baki 2007 Baş redaktor: Teymur Bünyadov



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix23.06.2017
ölçüsü3,92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

                 XALQ YAŞAYIŞ MƏSKƏNLƏRİ

 Maddi mədəniyyət bəşər tarixinin ayrılmaz tərkib hissəsi olub,

xalqın fiziki əməyinin nəticəsi kimi formalaşmış, böyük təkamül və

inkişaf yolu keçmişdir. Təbii-coğrafi şəraitin, dövrün sosial-siyasi

xarakterinin və etnik xüsusiyyətlərinin təsiri ilə formalaşan maddi

mədəniyyət elementləri (yaşayış məskənləri və evlər, geyimlər və

bəzəklər, yeməklər və içkilər nəqliyyat və rabitə vasitələri, təsərrüfat və

məişət alətləri, ev peşəsi və sənətkarlıq məhsulları və s.) istehsal

fəaliyyətinin göstəricisi olmaqla, bu və ya digər xalqın sosial-iqtisadi,

siyasi, mədəni və ideoloji tarixini, eyni zamanda etnogenezini

öyrənmək üçün mühüm mənbə rolunu oynayır.

Maddi mədəniyyətin yaradıcısı olan insan öz yaşayışını təmin

etmək  üçün  çox  zaman  elə  maddi  istehsalın  özündən  asılı  olur.  Yəni

insan yeyib-içmədən, geyinmədən, evə-ocağa sahib olmadan hər hansı

ictimai faydalı işlə məşğul ola bilməz. Bu baxımdan, maddi

mədəniyyətin öyrənilməsi xalqın istehsal fəaliyyətinin öyrənilməsi

deməkdir. Keçmin maddi və mənəvi irsi öyrənmədən isə müsair

mərhələdə bu sahələrdə baş verən keyfiyyət dəyişikliklərini doğru-

düzgün anlamaq düzgün deyildir.

Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus

spesifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir

etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı

surətdə fərqləndirilir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik

empirik təcrübə, bilik və vərdişlərə  əsaslanan maddi mədəniyyət tarixi

zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi

mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.

Azərbaycanda bəşər tarixinin ayrı-ayrı mərhələlərində yaşayış


məskənlərinin müxtəlif tip və formaları mövcud olmuşdur.

Zəmanəmizə qədər gəlib çatmış yaşayış məskənlərinin tip və

formalarının meydana gələmsində təbii-coğrafi şəraitin, mövcud

ictimai-iqtisadi və siyasi quruluşun, məhsuldar qüvvələrin inkişafının,

həmçinin sosial-iqtisadi inkişafın xüsusiyyətlərinin, ailə həyatı

normalarının və təsərrüfat fəaliyyətinin yönümünün həlledici rolu

olmuşdur. Bu amillərin fəal təsiri sayəsində sosial-iqtisadi tərəqqi ilə

həmahəng xalq məişətində  əmələ gələn yeni keyfiyyət dəyişikliyi,

yaşayış məskənlərinin müxtəlif tip və formalarının meydana gəlməsinə

zəmin yaratmışdır.

Yaşayış məskənlərinin tarixi çox qədimdir. Bəşər cəmiyyəti

meydana gəldiyi vaxtdan yaşayış məskənləri də mövcud olmuş, insan

kollektivinin təsərrüfat fəaliyyətindən asılı olaraq onların müxtəlif  tip

və formaları yaranmışdır: ibtidai ovçuların, balıqçıların, maldarların,

əkinçilərin müvəqqəti yaşayış məskənləri və s.[1]

 Yaşayış məskənlərinin etnoqrafik cəhətdən öyrənilməsinin elmi

və praktik əhəmiyyəti vardır. Belə ki, hər hansı bir ərazidə yaşayan

xalqın yaşayış məskənlərinin tip və formalarının müəyyənləşdirmədən

həmin xalqın maddi və mənəvi mədəniyyətini-təsərrüfat məişətini, adət-

ənənələrini, sosial-iqtisadi və mədəni inkişaf səviyyəsini, ictimai

məişətini və s. mükəmməl öyrənmək mümkün deyildir. İctimai məişəti

öyrənmək üçün isə yaşayış məskənləri əsas mənbələrdən biri hesab

edilir.


  Arxeoloji qazıntıların nəticələrinə istinad edərək Azərbaycan

ərazisində Paleolit dövrü insanlarının təbii və süni yaşayış

məskənlərindən başlayaraq, müasir kənd, qəsəbə və  şəhərlərə kimi

müxtəlif məskunlaşma yerləri vasitəsilə yaşayış məskənlərinin təkamül

və inkişafını izləmək mümkündür.

İbtidai insanların ilk yaşayış məskənlərinin yaradılmasında

coğrafi mühitin, o cümlədən iqlim və landşaftın böyük təsiri olmuşdur.

Arxeoloq İ.M.Cəfərzadə Azərbaycanda yaşayış məskənlərinin tarixinin

qədim olduğunu qeyd edərək yazmışdır: “İbtidai insanlar Azərbaycan

şəraitində çay kənarlarında, meşələrdə, qaya altında və mağaralarda

yaşamışlar. Qayaaltı sığınacaqlarda və  mağaralarda yaşayan insanlar

özlərini istidən, soyuqdan qoruyur və  ələd etdikləri odu, topladıqları

ərzağı da burada mühafizə edirdilər. Bunun üçün də mağara insanların

ilk başlanğıc sığınacağı hesab edilir”. [2]

Yaşayış məskəni yeri seçərkən

tarixən formalaşmış empirik bilik, vərdiş

və  ənənələrə  əməl edən qəbilə başçıları

yerin relyef quruluşundan asılı olaraq bir

çox iqtisadi və starteji mülahizələrə ciddi

fikir vermişlər. Zəmanəmizə qədər

çatmış Azərbaycan yaşayış

məskənlərinin bir çox tiplərində onların

təbii su mənbələrinə yaxın yerləşməsi,

düşmən hücumundan müdafiə üçün

əlverişli olması, təbii fəlakətlərdən

mühafizə


edilməsi kimi

iqtisadi-strateji mülahizələrə ciddi əməl edilməsi faktları elə ilk

baxışdan nəzərə çarpır.

Azərbaycan ərazisi özünün landşaft-reylef quruluşuna görə

dağlıq, dağətəyi və düzənlik ərazilərdən ibarətdir. Dağlıq ərazi təbii-

iqlim şəraitinə, hidroqrafiya, oroqrafiya və geomorfoloji

xüsusiyyətlərinə, flora və faunasına görə zəngin olduğundan,

Azərbaycaının ən qədim sakinləri də məhz burada-təbii mağaralarda

məskunlaşmışlar. Deməli, xalqımızın ən qədim yaşayış məskəni tipi

təbii mağaralar (kaha, zağa) olmuşdur. Azıx, Tağlar, Bəy, Qobustan,

Aveydağ mağaraları  əcdadlarımızın ilk sığınacaq yeri kimi məlumdur.

İqtisadi və hərbi-strateji tələblərə cavan verən dağlıq ərazilər,

Azərbaycan ərazisinin ilk sakinlərinin təbii fəlakətlərdən düşmən

hücumlarından mühafizə edilməsində müstəsna rola malik olmuşdur.

Burada çoxluq təşkil edən qalaçaların (siklop tikililərin) da

əksəriyyətinin müdafiə məqsədləri üçün tikildiyi ehtimal olunur.

Azərbaycan ərazisinin Qarabağ, Xanlar, Şamaxı, Gədəbəy,

Kəlbəcər, Zəngilan və Naxçıvan bölgələrində ibtidai insanların təbii

mağaralardan hələ çox qədim zamanlarda yaşayış məskəni kimi istifadə

etdiklərini elmi tədqiqatlar sübut edir. [3]

Quruluş və formaca bir-birindən o qədər də fərqlənməyən təbii

mağaralar, bir qayda olaraq, dağın içərisinə doğru istiqamətlənmiş

uzunsov və  əyri-üyrü olub, ayrı-ayrı salonlara bölünür və yeraltı



yollarla bir-birilə  əlaqələnirdi. Buarda yaşayan ibtidai insanlar ilk

zamanlar mağaradaxili şəraitə uyğunlaşmağa başlamış, orada heç bir

süni dəyişikliklərə nail olmaq iqtidarında olmamışlar. Tarixi inkişaf

prosesinin sonrakı mərhələlərində insanlar təbii materiallardan (daşdan,

ağacdan, sümükdən və s.) əmək alətləri hazırlamaq vərdişlərinə

yiyələndikcə, mağaradaxili yerləşkələrdə divar açırımları düzəltmək,

mağarada yanan  ocağın tüstüsünü bayıra çıxartmaq üçün tavandan

bacalar açmaq kimi zəruri işləri yerinə yetirməyə başlamışlar. Beləliklə,

ibtidai insanların təbii mağaraları öz iradələrinə uyğun şəkildə yenidən

qurmaq və təkmilləşdirmək vərdişləri nəticəsində yaşayış məskənlərinin

yeni bir tipi –süni mağara məskənləri yaranmışdır.

Süni mağaraların Azərbaycan ərazisində Neolit dövründən

başlayaraq istifadə olunduğunu qeyd edən İ.M. Cəfərzadə yazır ki,

möhkəmlənən və iqtisadi cəhətdən güclənən ibtidai qəbilələr öz yaşayış

yerlərin genişləndirməkdən əlavə, özlərinə  əvvəlkindən daha əlverişli

və formaca fərqli yaşayış məskənləri salmağa başladılar. Beləliklə,

məişətə yeni məksən tipi –süni mağara daxil oldu. [4]

Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz

dağlarının cənub-şərq ətəklərində və Kiçik Qafqaz dağları bölgəsində

(Qubadlı, Zəngilan, keçmiş Qonaqkənd, Lerik, Şamaxı, Kəlbəcər,

Laçın), eləcə də Cənubi Azərbaycanda təsadüf olunur. [5] XX əsrin 30-


cu illərində etnoqraflar Ə.K.Ələkbərov və Q.T.Qaraqaşlı Kəlbəcər,

Gədəbəy, Xanlar və Laçın rayonlarında yaşayış  əhəmiyyətini hələ də

itirməmiş süni mağara məskənlərinin olduğunu qeyd etmişlər. [6]

Tarixi-etnoqrafik baxımdan yaşayış məskənlərinin rəngarəngliyi

ilə seçilən Şirvan bölgəsində süni mağara tipli məskənlər əsasən,

Sündü, Dərəkənd, Mərəzə, Ərəbqədim, Poladlı, Nabur, Təsi, Yekəxana

kəndlərində son zamanlara qədər qalmışdır. Kühül adlanan belə yaşayış

məskənindən təsərrüfat məqsədilə istifadə olunmuşdur. [7]

Azərbaycanın qərb bögələrindən mövcud olan mağaralar isə

Daşsalahlı mağaralar qurpuna daxildir. Burada qeydə alınmış 12

mağaranın ümumi uzunluğu 200 metrə qədərdir. [8]

İctimai inkişafın sonrakı mərhələsində Azərbaycanın dağətəyi

və düzənlik hissələrində də məskunlaşma prosesi getmişdir. Bu

ərazilərdə  əlverişli hərbi-strateji mövqelərin azlığı, qəbilə üzvlərinin

hələ də hazır təbii şəraitindən istifadə etməyə üstünlük vermələri və

digər amillər yaşayış məskənlərinin tədricən yaranmasına səbəb

olmuşdur. Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar əkinçi və maldar

qəbilələrin formalaşması nəticəsində Azərbaycanın dağətəyi və

düzənlik hissələrində qəbilə məskənləri yaranır və inkişaf edirdi.

Tədqiqatlar göstərir ki, əkinçiliklə məşğul olan qəbilələr süni suvarma

üsullarına yiyələndiyindən çay, arx və ya kanalların ətrafında,

maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin alp çəməliklərində

məskən salmağa daha çox üstünlük vermişlər.

Azərbaycanda geniş yayılmış yaşayış məskənlərinin xarakterik

tarixi tiplərindən başlıcası kənd olmuşdur. Kənd-oturaq əhaliyə məxsus

daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyanı sahələri, inzibati,

sosial-mədəni, dini mərkəzləri, ümumi otlaqları, əkin sahələri, içməli

suları, ayrıca qəbirstanlığı olan və  əhalinin etnik tərkibinin ümumiliyi

ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir.

Bütün bu deyilənlərdən başqa, kənd tipli yaşayış məskənlərinə

xas olan bir çox səciyyəvi xüsusiyyətlər də mövcud idi. Əvvələn, kənd

əksər hallarda poligen (yeni bir-birinə qohum olmayan bir neçə nəsildən

ibarət əhalinin yaşayış məskəni tipi) xarakterik daşıyırdı, ikincisi

əhalinin sayı burada daha öncə yaranmış digər məskən tiplərində



olduğundan daha çox idi və nəhayət, kənddə təsərrüfat ekstensiv yox,

intensiv istiqamətdə inkişaf edirdi.

İctimai inkişafın sonrakı gedişində qohumluq prinsipinə

əsaslanan kəndlərdə böyük dəyişikliklər olmuş, onlar böyüyərək qarışıq

tərkibli kəndlərə çevrilmişlər. Belə kəndlərin əmələ gəlməsində

patronimiya (qohum ailələr qurpuna) mənsub ailələrin (tayfa, tirə, ocaq,

nəsil, dəngə, təbəh. əqrəba, çilək, övladı, uşağı və s.) böyüyərək

parçalanması, orta ərslərdə böyük səylə  əhali qruplarının düşünülmüş

şəkildə Azərbaycan ərazisinə köçürülməsi, müxtəlif obyektiv səbəblər

üzündən ölkə daxilində əhalinin bir kənddən digər kəndə köçməsi əsas

rol oynamışdır. Məhz bu səbəbdən qorunmaq prinsipi əsasında

məskunlaşma prosesi getdikcə zəifləmiş, yaşayış məskənlərinin

salınmasında qonşuluq prinsipləri üstünlük təşkil etmişdir.

 Orta əsrlərin başlanğıcında Sasanilər dövləti özünə dayaq

yaratmaq məqsədi ilə  Azərbaycana İran dillərinə mənsub olan tatları

köçürmüşdür. VII əsrdə  ərəb işğalının başlaması ilə  əlaqdar Xilafətin

tərkibinə daxil olan ərazilərə o cümlədən Azərbaycana xeyli ərəb

tayfası köçürülmüşdü. Həmin dövrdən başlayaraq Azərbaycanda ərəb

etnonimli kənd adları meydana gəlmişdir. Bu hadisənin izlərinə Şirvan

toponimikasında (Ərəbmehdibəyli, Ərəbbəsrə, Ərəbqardaşbəyli,

Ərəbqubalı, Ərəbsarvan, Ərəbocaqçı, Ərəbəqədim, Ərəbşalbaş,

Ərəbşahverdi, Ərəbcəbirli), Naxçıvan toponimikasında-Ərəbyengicə,

Qəbələ rayonunun Vəndam kəndinin məhəllələrindən birinin “Ərəbli”

istilahı ilə adlanmasında təsadüf olunur. XIX əsrin əvvəllərində çar

Rusiyasının Azərbaycanı işğal etməsindən sonra Şimali Azərbaycan

ərazisinə kütləvi şəkildə ermənilərin, rusların və b. xalqların

köçürülməsi nəticəsində çoxlu miqdarda qarışıq tərkibli kəndlər

meydana gəlmişdir.

Azərbaycan ərazisində qarışıq tərkibli kəndlərin meydana

gəlməsində  əsrlər boyu Azərbaycana basqın etmiş yadelli işğalçıların,

yerli hökmdarların və xanların təqibi üzündən əhalinin ölkənin

içərilərinə, xüsusilə dağlara çəkilməsi də müəyyən rol oynamışdır.

Beləliklə, dağ kəndlərində qohumluq prinsipləri aran kəndlərinə

nisbətən erkən pozulmuş və qarışıq tərkibli kəndlərin meydana

gəlməsinə şərait yaranmışdır.


Azərbaycanın aran bölgələrində yaşayış məskənlərinin

salınmasında qohumluq prinsipləri üstün yer tutmuşdur. Əsasən,  XIX

əsrin ortalarında maldar elatların oturaq həyata keçməsi nəticəsində

salınan kəndlərdə icma münasibəti qalıqları daha çox mühafizə

olunduğundan, oturaqlaşma zamanı qohumluq prinsipi üzrə yerləşmə

ənənəsinə ciddi əməl edilmişdir. Oturaqlaşma prosesi isə nəsli

icmalardan ibarət olan qışlaqlar arasında getdiyindən, yeni yaranan

kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil

olunmuşdur. Tarixi-etnoqrafik ədəbiyyatda  Şirvan bölgəsinə  şamil

edilən belə yaşayış məskənləri bütün Azərbaycan üçün səciyyəvi

olmuşdur.

Kənd yaşayış məskənləri əhalinin sayına görə də qeyri-bərabər

məskunlaşmışdır. Azərbaycan etnoqrafiyasında kənd əhalisinin say

hüdudu dəqiq müəyyən olunmadığından, bəzən əhalisi 10 min nəfərdən

çox olan Ərkivan da, 5 min nəfərdən çox olan Lahıc da, 10-15 ailədən

ibarət olan xırda yaşayış məntəqələri də kənd adlanır. XIX əsrdə

Azərbaycan kəndlərinin əksəriyyəti 20-60 nüfusdan və ya tüstüdən

ibarət idi. Ailə nüfusunun sayına görə isə böyük kəndlər azlıq təşkil

edirdi. Azərbaycanın qərb bölgəsində Birinci Şıxlı kəndi  (301 tüstü),

Qaraqoyunlu kəndi (206 tüstü), Göycəli kəndi (321 tüstü), Bozalqanlı

kəndi (241 tüstü), Quşçu kəndi (278 tüstü), Salahlı kəndi (800 tüstü) ən

iri nüfuslu kəndlər hesab olunurdu. [9]

Azərbaycan xalqının yaşayış məskənlərinin tarixən yaranmış

digər sosial-iqtisadi tipləri oba, şenlik, sığırxana, yataq, binə, yurd,



düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. müvəqqəti elat yaşayış

məskənlərindən ibarət idi.



Oba-XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xüsusi

qurum (birlik) və həm də oturaq əhalinin müvəqqəti yaşayış məskəni

olmuş, tədriclə daimi yaşayış məskəninə-kəndə çevrilmişdir.

Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş belə obalar kəndə

çevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn,

Vəlioba, Mollaoba, (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu),

Aşıqoba (Qusar rayonu) və b. [10]

Oba maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə

əlaqədar meydana gəlirdi. Daimi yaşayış məskənindən-kənddən


nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı.

Bəzən bir obada bir neçə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan

səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda obalar

xırda vahidlərə-dəngələrə bölünür, dəngələr isə bir-birindən “otarası”

adlanan mərzlərlə ayrılırdı. [11]

Şenlik- (şennik) də oba kimi qədim tarixə malik yaşayış

məskəni olub, ailə nüfusunun sayına görə ondan kiçik idi. Koma

quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil

edir və əksər hallarda monogen xarakterli olurdu. [12]

Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan

formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı

nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma

məskənlərini müsəlmanlar şenlik adlandırırlar.[13]

XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən

yaranmış tipləri olan kənd, oba və  şenlik anlayışları, aralarında bəzi

fərqlərin olmasına baxmayaraq, bütövlükdə “yaşayış məskəni”

mənasında işlədilmişdir.



Binə  - müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və

ya digər kəndin salınmasında başlanğıc mərhələ təşkil etmişdir.

Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə

Azərbaycanın dağlıq bölgələrindəki kəndlərin əksəriyyətin mövcud

olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin

yaxınlığında salınan təsərrüfat tikililəri (yataq, tövlə, pəyə, xalxal, at

damı və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən

təsərrüfat tikililəri və ya yaşayış evləridə inşa edilirdi. Təsərrüfat

tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış

məntəqəsinə çevrilir və həmin yer ya orada ilk məskən salmış adamın

adı ilə, ya da maldarlıq təsərrüfatının üstün sahələrindən birinin adı ilə

adlandırılırdı. (Qasımbinəsi, Məmməduşağı binəsi, Baxış binəsi,

Malbinəsi, Qoyunbinəsi və s. )


Qışlaq- sığırxana, yataq və yaşayış evlərini özündə birləşdirən

müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi

qışlaq, əsasən, qış aylarında yaşayış üçün nəzərdə tutulan ərazi, otlaq

sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda keçirən Azərbaycanın maldar

elatları yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər

müvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və

kəndə keçidin son mərhələsi hesab olunurdu.

Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış

məskənlərindən biri də yaylaqdır. Yaylaqlar, adətən, yüksək dağlıq

yerlərdə, alp çəmənliklərində yerləşirdi. İlin 3-4 ayını yaylaqlarda

keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar.

Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə

yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer

tuturdu. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri-

yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin

adları ilə adlanırdı. (Əmirəhmədin yurdu, Nəbi yurdu, Eldar yaylağı və

s. )

Etnoqrafik materiallardan aydın olur ki, müvəqqəti yaşayış



məskənlərinin bəziləri (binə, oba, yataq, qışlaq, sıığrxana) tarixən

maldarlıq təsrrüfatının ikişafı ilə sıx bağlı olmuş, əhalinin daimi yaşayış

məskəninin-kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdir. Qazax

rayonunun Çaylı kəndi vaxtilə Qıraq Kəsəmən kəndindəki Qızyetərli

tayfasının qışlaq yeri olmuş, sonralar maldar əhlinin oturaqlaşması


prosesində kəndə çevrilmişdir. Eldar düzündəki Salahlı, Poylu və

Kəsəmən kəndləri əvvəllər Qazax qəzasının müvafiq kəndlərinin

obaları olmuşdur. Birinci Şıxlı kəndindən ayrıllan tayfalar Köçvəlli,

Muğanlı, Sadıxlı, Ömərağalı, Dəmirçilər kimi obaların əsasını qoymuş,

hazırda həmin obalar müstəqil kəndlərə çevrilmişdir. [14]

Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi

kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq

edir. Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunu Köhəqışlaq,

Qışlaq, Qazax rayonunun Köhəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun

Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonun

Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna

misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi  məskənə-kəndə

keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da

təsdiq edir. [15]

Azərbaycanda məhsuldar qüvvələrin və kapitalist münasibətlərin

inkişafı, bu münasibətlərin kənd məişətinə daha dərindən nüfuz etməsi

ilə əlaqədar yaranan sosial mühit, böyük ailələrin patrionomik qruplara

parçlanması, əhali artımı, yığcam tərkibli kəndlərədə torpaq

çatışmazlığı və s. amillər də yeni yaşayış məskənlərinin meydana

gəlməsinə  əsas olmuşdur. Mərkəzi Muğanda Yaxa Dəlləkli kəndindən

ayrılan tayfalar Çöl Dəlləkli; Ağaməmmədli kəndindən ayrılan tayfalar

Çöl  Ağaməmmədli; Qarabulaq kəndindən ayrılan nəsillər isə Dördlər

kəndinin əsasını qoymuşlar.

Bəzən ana  kənddən ayrılan törəmə kəndlər öz əvvəlki ad

mənsubiyyətini qoruyub saxlayır (məsələn, keçmiş Qazax qəzasının

Salahlı və Kəsəmən kəndlərindən ayrılan tayfaların Azərbaycanın

müxtəlif bölgələrində saldıqları eyniadlı kəndlər buna misaldır), bəzən

də ya kənd adlarına, ya da kənddən ayrılan tayfa adlarına xüsusi

komponentlər (oba, binə, tala, dizə, məzrə və s.) əlavə olunurdu. Oba və

binə komponentli kəndlər bütün Azərbaycan üçün xarakterik olsa da,



məzrə və dizə komponentli kəndlər yalnız Naxçıvan bölgəsi üçün

səciyyəvidir (Orucdizə, Mamirzədizə, Kərimbəydizə, Qulubəydizə,

Alagözməzrə, Payızməzrə, Kərimqulu dizəsi, Həsən ağa dizəsi,

Nursməzrə, Zeynəddin məzrə, Yaycı dizəsi, Məzrə və s.)



Azərbaycanın ənənəvi yaşayış məskənlərindən bəhs edərkən

şəhərtipli məskənlər xüsusi qeyd edilməlidir. Tarixi məlumatlar

Azərbaycanda şəhərtipli ilk  yaşayış məskənlərinin e.ə. II-I minilliyin

əvvəllərində meydana gəldiyini təsdiq edir. Manna, Atropatena,

Albaniya şəhərləri karvan-ticarət yolları üzərində yerləşməklə  şəhər

məişət tərzinin bütün göstəricilərinə tam cavab vermişdir.

Azərbaycanını feodal tipli şəhərləri sırasında əsas yer tutan Bakı,

Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Gəncə, Naxçıvan, Bərdə, Dərbənd,

Qəbələ, Beyləqan, Şabran, Şuşa, Şəki və s. yaşayış məskənlərinin yerli

sosial-iqtisadi inkişafındakı rolunun müxtəlifliyinə baxmayaraq, onların

memarlıq planlaşdırma quruluşalarında bir sıra ümumi cəhətlər

olmuşdur. Vaxtilə salınan Azərbaycan şəhərləri ərazisinin funksianal

mənalarına görə “ərk” (İç qala, Narın qala), “şəhəristan” (əsilzadələrin

yaşadığı hissə) və “rabat” (sənətkarlıq və ticarət hissəsi) adlı üç

müxtəlif bölmədən ibarət idi. Hakimin sarayı və başqa əsas rəsmi

inzibati binalar, eləcə də onlar üçün ayrılmış sahələr vahid planlaşdırma

kompleksi şəklində istehkam divarları ilə  əhatə olunmuş  ərazidə

yerləşdirilərək şəhərin əks hissəsini təşkil edirdi. Şəhəristan adətən, həm

müdafiə, həm də xarici görkəm baxımından şəhərin əhəmiyyətli və

gözəgəlimli sahəsində yerləşirdi.


Yaşayış, ticarət və sənətkarlara məxsus binaların yerləşdiyi

şəhərin rabat bölməsi mürəkkəb və qarışıq küçə  şəbəkəsi ilə, onun

struktur vahidini təşkil edən ayrı-ayrı müxtəlif biçimli və formalı

sektorlara bölünməsi də diqqəti cəlb edirdi. Ticarət və sənətkarlığa aid

binalar rabatın daxilində, ya böyük bir bazar meydançasının ətrafında,

ya da  əsas küçələrin birinin boyunca vahid planlı kompleks kimi

yerləşdirilərək şəhərin ticarət-sənətkarlıq bölməsini təşkil edirdi.

Rabatın bazarlar, sənətkar emalatxanaları məhəllələri-çarsu və dalanlar,

iri şəhərlərdə karvansaralar xırda, əyir-üyrü küçələrlə  əhatələnərək

döngə və dalanlar vasitəsi ilə yaşayış sahəsi ilə  əlaqələnirdi. Belə dar

küçələrdə hərəkəti nizamlamaq üçünü evlərin döngəyə açılan küncləri

oval formada  hörülürdü.

Azərbaycaının şəhər tipli yaşayış məskənlərinin digər

cəhətlərindən biri də onların ayrı-ayrı məhəllələrdən ibarət olmasıdır.

Əhalinin müxtəlif ictimai təbəqəyə və sosial-iqtisadi mövqeyə mənsub

qruplarının ayrı-ayrı məhəllələrdə sakin olması yalnız Azərbaycanda

deyil, bütün Şərq ölkələrində şəhərsalma içində bir ənənə kimi təzahür

edərək uzun müddət davam etdmişdir. Əhalinin ictimai istehsaldakı

mövqeyi və mənsub olduğu bu və ya başqa


ta

yfanın bu və ya başqa əlamətlərindən asılı olaraq məhəllələr müxtəlif

adlar daşıyırdı. Məsələn, köhnə Şamaxı-Ərəblər, Ərdəbilli, Dərəməhlə,

Cidaməhəllə, İmamla, Ağçılar, Şeyx Zahirli, Şeyx Zaman, Sarıtorpaqlı,

Şatırlı, Yuxarı qala; Gəncə-Ozanlar, Bağbanlar, Zərrabi, Toyuqçular və

s.; Şəki-Şərbaflar, Dabbaqlar, Əfqanlar, Yuxarı baş, Gəcəli, Paydımlı,

Çayqırax, Dulusçular [16]; Ordubad-Yuxarı Ambaras, Kürdətal,

Mingiz, Sərşəhər, Xüştürləng, Əngəc kimi məhəllələrə bölünmüşdür.

[17] Məhəllələr ayrı-ayrılıqda şəhərin bir və ya bir neçə bölməsini əhatə

edirdi. Əhalinin rahatlığı üçün hər məhəllədə məscid, hamam, mədrəsə

və b. ictimai və dini səciyyəli binalar inşa edilirdi. Azərbaycaın şəhər

tipli yaşayış məskənlərinin əsas xarakterik xüsusiyyətlərindən biri

onlarda evlərin fasadanın həyətə tərəf istiqamətləndirilməsidir. Ailə

məişətinin spefikası ilə bağlı olan belə planlaşdırma keçmişdə bütün

müsəlman Şərqində mövcud idi. Lakin sonralar bu cəhətlər aradan

qaldırılmış, şəhər tipli yaşayış məskənlərinin inkişafında yeni memarlıq

elementləri (küçəyə açılan pəncərə və eyvanlar, milli ornamentlərlə

bəzədilmiş və taqqılbablar qoyulmuş geniş darvaza və alaqapılar və s.)

meydana gəlmişdir.


  

XX əsrin 30-cu illərində başlayaraq  məhsuldar qüvvələrin

inkişafı, yeni təsərrüfat formalarının yaranması ilə əlaqədar olaraq xalq

yaşayış məskənlərinin yeni tipi-kolxoz və sovxoz qəsəbələri (Zəyəm,

Dəllər, Müşfiq, M.Ə. Sabir adına qəsəbə, Kijəba, Qəhrəmanlı, Kür,

Lahıc, Basqal, Diyyalı və s.) vahid memarlıq-layihə prinsipləri əsasında

salınmışdır. Belə məskən tiplərinin əsas memarlıq-plan quruluşuna

daxil olan baş küçə özündə inzibati, mədəni-məişət, ticarət və yaşayış

binalarını birləşdirirdi. Belə qəsəbələr geniş xiyabanları, işıqlı küçələri,

mədəniyyət və istirahət parkları, müasir memarlıq üslubunda tikilmiş

yaraşıqlı binaları ilə də diqqəti cəlb edir.

Azərbaycan yaşayış məskənlərini relyef üzrə təsnifata görə

yamac, yarımyamac, vadi və düzənlik olmaqla dörd qrupa bölmək olar.

Azərbaycanın dağlıq və dağətəyi bölgələri üçün səciyyəvi olan  yamac

tipli kəndlərin əsas xüsusiyyəti onların, dağın küləkdən və dağ

çovğunlarından mühafizə olunan, axar-baxarlı güney səmtində

salınmasıdır. Belə kəndlər (Astara bölgəsinin Təngərud, Kuraba,

Pəlikaş, Sərək; qərb bölgəsinin Çatax, Qoşabulaq, Şıxheybət.

Xınnakiran, Sarıtala, Ağbulaq, Qalaboynu, Çeşməli; ayrımların yaşadığı

Kiçik Qafqazın şimal-şərq yamaclarının əksər kəndləri; Daşkəsən

rayonunun Zağalı, Qabaqtəpə, Mollahəsənli; Şirvanın Basqal, Lahıc,

Diyallı, Köhnədaxar, Dəmirçi kəndləri; Naxçıvan bölgəsinin şimal və

şimal-şərqində Zəngəzur və Dərələyəz dağ silsilələrinin sərt

yamaclarında yerləşən Dırnıs, Badamlı və b. kəndləri) dağların güney

yamaclarında salınmaqla, küçələri bir-birinə paralel yerləşdirilmişdir.

Yamac kəndlərin məskunlaşmasında başlıca şərtlərindən biri də

onların su mənbələrinə (bulaq, nohur, çay, göl) yaxın olmasıdır.  Bu tip

kəndlərdə bir neçə qatda amfiteatr şəklində salınmış küçələr bütün kənd

boyu uzanır və yaşayış evləri kənd küçələrinin ancaq bir tərəfində

tikilir. Küçənin digər tərəfini isə yuxarı qatdakı evlərin həyətləri təşkil

edir.

Yarımyamac tipli kəndlər Azərbaycanın həm dağ, həm də



dağətəyi əraziləri üçün xarakterik olmuşdur. Bu tipli kəndlərin yamac

hissəsi yamac tipli kəndlərin xüsusiyyətini özündə saxlayır, digər

hissəsi isə düzənlik tipinə uyğun olurdu. Yarımyamac tipli kəndlər

düzən kəndləri ilə yamac kəndləri arasında aralıq mərhələ təşkil edirdi.



[18] Naxçıvanın Tumbul, Qarabağlar, Gəncəbasarın, Qaşaltı, Qaryağdı

kəndləri yarımyamac tipli kəndlərin gözəl nümunəsidr.

 Azərbaycanın dağlıq ərazilərinə salınmış kəndlərin əksəriyyəti

vadi tipli kəndlərə xas olan xüsusiyyətləri özündə birləşdirir. Bu

xüsusiyyətlər Dağlıq Şirvanın məskunlaşma qaydasında aydın

iz

lənilir. Vadi kəndləri, adətən, dağ yamaclarının və dağ çaylarının əmələ



gəldiyi səfalı və mülayim iqlimli vadilərin sinəsində salınırdı. Dağlıq

Şirvanın Zarat, Ərçinəm, Talışnuru kəndləri Pirsaat çayı vadisində,

Pirbəyli, Çayqurbançı. Qarabulaq, Xələfli, Qaracüzlü kəndləri Qozlu

çayı vadisində, Ceyrankeçməz, Cəngi, Cülyan və Sulut kəndlərin

eyniadlı çayların vadisində yerləşirdi.[19]

  Vadi kəndlərinə Azərbaycanın qərb bölgəsinin həm dağlıq,

həm də düzənlik hissələrində təsadüf edilir. Kəmərli, Aslanbəyli,

Qaymaqlı kəndləri İncəsu çayı vadisində, Eldar düzünün Salahlı, Poylu,

Kəsəmən, Qarabağlı kəndləri isə Qabırrı çayı vadisində salınmışdır.

Keçmişdə Qazax qəzası kəndlərinin əhalisinin 2/3 hissəsi çay

vadilərindəki kəndlərdə yaşayırdı. [20] Azərbaycanın kənd yaşayış

məskənlərinin yerin reylef quruluşuna görə quruplaşmasının ən böyük

vahidi düzənlik kəndləri idi. Əhalisinin əsas məşğuliyyəti əkinçilik olan


düzənlik kəndləri çox vaxt aran kəndləri də adlanırdı. Belə kəndlər

sahəcə xeyli böyük ərazini tutur, “pərakəndə (dağınıq), həyətyanı

sahələrin geniş olması, təsərrüfat tikililərinin yaşayış evindən,

məhəllələrin isə xeyli bir-birindən aralı salınması və sərbəst yerləşməsi,

əsas inşaat materialı kimi qarğı və çiy kərpicdən istifadə olunması,

bürküyə qarşı evin kürsülük üzərində qurulması, sərinlik yaratmaq

məqsədilə ağac və  meyvədən kölgəlik yaradılması ilə səciyyələnirdi”.


[21]

 Kənd yaşayış məskənləri forma baxımından da fərqlənirdilər.

Azərbaycanın ayrı-ayrı bölgələrində kənd tipli yaşayış məskənlərinin


müxtəlif formaları mövcud olmuşdur. Etnoqrafik materialların təhlili

əsasənda belə nəticəyə gəlmək olar ki, torpaq çatışmazlığı, yerin relyef

quruluşu, nəsli qəbilə quruluşu qalıqlarının hələ də güclü olması,

qohum ailələrin bir-birinə yaxın məskunlaşmaya can atması, habelə

kəndlərin cərgəvi formada, yəni küçə planlı sistemində salınmasına

təşəbbüs göstərilməməsi səbəbindən XIX əsrdə Azərbaycanda ən geniş

yayılmış kənd formaları kom-koma, pərakəndə (dağınıq), sıx-qarışıq

tərkibli yığcam kəndlər olmuşdur. Digər kənd formaları (dairəvi və

cərgəvi) nisbətən azlıq təşkil etmiş, müxtəlif bölgələrdə ayrı-ayrı

terminlərlə ifadə olunsa da, prinsip və mahiyyətcə oxşarlıq təşkil

etmişdir.



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə