AZƏrbaycan etnoqrafiyası ÜÇ Cİlldə II ciLDƏ ŞƏrq-qərb baki 2007 Baş redaktor: Teymur Bünyadov



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix23.06.2017
ölçüsü3,92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

 Koma-koma  kəndlərin  əsas səciyyəvi xüsusiyyətləri ondan

ibarətdir ki, yaşayış binaları və təsərrüfat tikililəri  ayrı-ayrı qruplar

şəklində tikilərək bir-birindən müəyyən məsafədə yerləşir. Belə

kəndlərin formalaşmasında patronimik münasibətlərin (qan qohumluğu

birləşən icma üzvlərinin bir yerdə yaşağa can atması meyli), təbii-

coğrafi şərait və yerin relyef quruluşunun, həmçinin iqtisadi amillərin

(təsərrüfat fəaliyyətinin istiqaməti, məişət tərzi və s. ) mühüm rol

oynamışdır. Koma-koma formalı kəndlər, bir qayda olaraq,

Azərbaycanın dağlıq və dağətəyi əraziləri üçün xarakterik idi. Qərb

bölgəsində Quşçu, Bozalqanlı, Göycəli, Cilovdarlı, Köçəsgər kəndləri,

Şəki-Zaqatala bölgəsinin Nic, Xaçmaz, Danaçı, Əliabad kəndləri,

Kəlbəcərin Lev, Çəpli, Susuzluq, Gəncə bölgəsinin Qaraqullar,

Dəstəfur və Tapan kəndləri bu qəbildəndir. Koma-koma kəndlər bütün

kənd formalarının yaranmasının ilkin mərhələsi olmuşdur. Başqa sözlə

desək, hər bir kənd forması öz inkişafının başlanğıc dövründə koma-

koma olmuş, sonralar, kəndin plan quruluşunun tədrici dəyişməsi,

böyük patriaxal ailələrin dağılması hesabına kəndlərin eninə inkişaf

etməsi nəticəsində yeni-yeni kənd formaları meydana gəlmişdir. Belə

kənd formalarında biri də pərakəndə (dağınıq) kənd formasıdır. Belə

kəndlər, əsasən, Azərbaycanın düzənlik əraziləri üçün xarakterik olmuş,

düzənlik məskunlaşma tipinin bütün xüsusiyyətlərini özündə  əks

etdirmişdir. Oturaq həyat tərzi üçün zəruri olan geniş  əkin sahələri,

örüşlər, biçənəklər və s. düzənlik ərazidə bol olduğundan, burada

məskunlaşan kəndlər də yaşayış evlərinin və kəndli həyətlərinin bir-



birindən aralı (pərakəndə) salınması ilə səciyyələnirdi. Geniş  əraziyə

malik olan pərakəndə (dağınıq) kəndlərin həndi bəzən özündən bir

neçə kilometr uzaqları  əhatə edirdi. Kəndlərin bu formasına Kür-Araz

ovalığı, Şirvan, Gəncə-Qazax, Mil, Muğan, Qarabağ və Naxçıvan

düzlərində daha çox təsadüf olunurdu. Naxçıvan bölgəsinin Seyfəli,

Könüllü, Əlimərdanlı, Aşağı Ayıblı, Alpout, Qarabağlı (Eldar düzündə)

kəndləri, Cənub bölgəsinin Şiyəkəran, Pensər, Ərkivan kəndləri,

Şirvanın Növcü, Çiyni, Qaravəlli, Sarvan, İlıxçı, Kəngərli, Abbasxanlı,

Rəhimli, Kəndoba və b. pərakəndə (dağınıq) formalı kəndlərə nümunə

ola bilər.

  

Müvəqqəti  məskunlaşan  yaşayış  məskənləri  də  dağınıq



(nizamsız) formada mövud olmuşdur. Şirvan elatlarının obaları, “bir

qayda olaraq, dağınıq halda yerləşmiş alaçıqlardan ibarət idi.  Bununla

belə məskənlərin plan əsasında salınmaması heç də onların quruluşunda

müəyyən bir prinsipə əməl olunmadığını göstərmirdi.” Alaçıqlar, əsasən

qohumluq prinsipi əsasında qruplaşırdı. Belə ki, ortada tayfa başçısının,

yaxud oba ağsaqqalının, onun ətrafında yaxın qohumların, bunlardan

kənarda isə kasıb ailələrin və muzdla tutulmuş çobanların alaçıqları

yerləşirdi”. [22] Eyni qayda Azərbaycanın bütün müvəqqəti

məskunlaşan elat məskənləri üçün xarakterik olmuşdur.

  Azərbaycan kəndlərinin formaca üçüncü böyük vahidini sıx



(qarışıq) tərkibli yığcam kəndlər təşkil edirdi. Həm dağlıq, həmd

düzənlik ərazilərdə mövcud olan belə kəndlərin formalaşmasında

relyefin müərkkəb quruluşu, yaşayış və məişət tikililərin inşası üçün

əlverişli torpaq sahələrinin məhdudluğu və s. amillər əsas rol

oynamışdır. Dağlıq ərazilərdə salınan kəndlərdə təbii maneələr yaşayış

məskənin sahəsini artırmağa imkan vermir, böyük patriaxal ailələrin

dağılması nəticəsində meydana gələn ayrı-ayrı ailələr məhəllə

çərçivəsində kənara çıxa bilməyib, yaşayış evini  məhz məhəllə

daxilində tikməyə məcbur olurdu. Beləliklə, kəndin plan quruluşunda

əmələ gələn tədrici sıxlıq onun simasını dəyişir, kəndlərin yığcam

forma almasına səbəb olurdu.

Düzənlik ərazilərdə qarışıq tərkibli yığcam kəndlərin

formalaşmasında böyük ailələrin parçalanması nəticəsində yeni yaranan

ailələrin məhəllə çərçivəsində sığışmaması və digər nəslin



qonşuluğunda torpaq sahəsi götürüb orada məskən salması kimi sırf

iqtisadi-məişət amili də mühüm rol oynamışdır. Eldar düzündəki

Salahlı, Kəsəmən və Poylu kəndlərində belə yerdəyişmələr hesabına

məhəllələr o qədər qarışmışdır ki, onların sərhədlərinin belə

müəyyənləşdirmək çətindir. Şəki-Zaqatala bölgəsində Dağ Suvagil,

Şirvanın Zarat, Dəmirçi, Köhnədaxar, Namazgah, Vaşa, Ordubadın

Vənənd, Gəncəbasarın Borsunlu, Faxralı, Rəhimli kəndləri sıx (qarışıq)

tərkibli yığcam kəndlərin ən yaxşı nümunəsidir. XX əsrin əvvələrinə

doğru kəndlərin bu forması daha da sabitləşmişdir.

XIX-XX əsrin əvvəllərinə Azərbaycanda dairəvi və cərgəvi

plan quruluşlu kənd formalarına da rast gəlinirdi. Dairəvi kəndlərin

salınmasında yaşayış məskənlərinin müdafiəsi mülahizələri əsas tutulur,

evlər məscid, bazar, dükan, karvansara, meydanlar və s. ətrafında

dairəvi forma üzrə yerləşdirilirdi. Dairəvi formalı kəndlərin əhalisi

əsasən ticarətdə məşğul olurdu.

Cərgəvi formaların kəndlərin isə xüsusiyyəti onların təbii

yarğan, qobu, çay, arx, dəmiryolu, magistral yoların kənarı boyunca

salınmasıdır. Belə kəndlərdə yaşayış binaları bəzən yolun ( arxın,

qobunun, yarğanın, çayın və s. ) bir tərəfi, bəzən də hər iki tərəfi


boyunca cərgəvi formada düzülürdü. Cərgəvi formalı kəndlər

Azərbacanın həm dağlıq,  həm də düzənli hissəsində mövcud olmuşdur.

XIX-XX əsrin əvvəllərində Naxçıvan böləginin dağlıq hissəində,

Naxçıvan-Şuşa magistral yolunun ətrafında yerləşən Biçənək kəndi,

düzənlik hissəsində yerləşən Muğancıq kəndi, həmçinin Gəncə

böləgisinin Ballıcaçay boyunca yerləşən Qaraqullar kəndi cərgəvi

formalı kəndlərin tipik nümunəsidirlər.

Yaşayış məskənlərinin tarixən qərarlaşmış tipləri arasında

əksəriyyət təşkil edən kəndin plan quruluşunda həyətlər təşkil edir.

Ölçülərinin və plan quruluşlarının müxtəlifliyinə (düzbucaqlı,

çoxbucaqlı, formasız) baxmayraq, dağ kəndləri istisna olmaqla, kəndli

həyətlərinin hər biri məişət xüsusiyyətlərinə və istifadə tərzinə görə üç

bölmədən ibarət idi: 1.Yaşayış və təsərrüfat tikililərin yerləşdirildiyi

inşaat bölməsi. 2. Yaşayış və təsərrüfat binalarının qarşısında yerləşən

məişət-istehsal böləmsi. 3. Əkin-dirrik sahəsi və meyvə ağaclarının

yaşıllıq bölməsi.

Göstərilən bölmələrdən hər biri digərindən taran, qarğı çəpər,

çubuqhörmə  və  s.  ilə  ayrılsa  da,  onların  arasında  əlaqəni  təmin  etmək

üçün kiçik qapı, çax-çax və s. addamacdan istifadə edilirdi. Həyətlərin

belə bölmələrə ayrılması kəndlinin ona məxsus torpaqdan səmərəli

istifadə etməsinə gözəl imkan verirdi.

Kəndli həyətlərinin mühüm elementlərindən biri  olan inşaat

bölməsi həyət daxilində yerləşmə mövqeyinə görə müxtəlif variantlarda

təzahür edirdi. Azərbaycanın kəndli həyətlərinin əksəriyyət təşkil edən

formalarından biri inşaat bölməsinin küçəyə yaxın səmtə yerləşməsi ilə

səciyyələnirdi. Düzənlik kəndləri üçün xarakterik olan bu halda yaşayış

və təsərrüfat tikililərin arxa divarı küçəyə baxır və orada pəncərə

qoyulmurdu. Evlərin küçəyə baxan arxa divarlarında pəncərə

açırımlarının qoyulmaması son dövrlərə qədər Şərq ölkələrində mövcud

olmuş ev məişətinin və  əhalinin həyat tərzinin yad nəzərlərdən

mühafizə edilməsi, habelə küçənin tozlu havasının evin otaqlarına

dolmasının qarşısının alınması mülahizəsi ilə izah olur.



Yaşayış evi və təsərrüfat tikililəri (tövlə, ağıl, mərək, xalxal,

banıstan, ot tayası üçün talvar, quraqlıq, hin, it damı-dolan və s.)

qarşısında adətən qarğı, çubuq və qamışdan hasarla təcrid olunmuş

xüsusi sahə-sərdən olurdu. Azərbacanın Şəki-Zaqatala bölgəsində “mal

məhləsi” adı ilə qeydə alınmış isti aylarda mal-qara saxlanılır, sağılır və

yemlənməsi üçün axur tikilirdi. Bu tip həyətlərdə yaşayış evi təsərrüfat

tikililərindən xeyli aralı yerləşirdi.

Ümumiyyətlə, yaşayış evinin həyətin

hansı səmtində yerləşməsi qaydası,

həmin həyətin qonşu həyətlə nisbətdə

yerləşmə mövqeyindən, küçə ilə

əlaqəsindən, iqlim şəraitindən, təsərrüfat

növündən, ev sahibinin iqtisadi

imkanından və s. amillərdən asılı idi.



  Kəndli həyətinin nisbətən az hissəsini tutan məişət-istehsal

bölməsi (Azərbaycaının bəzi kəndlərində buna “eşik”, “qapı-baca”,

“çöl”, “qapı”, “məhlə” də deyilirdi) yaşayış binasının qarşısında yerləşir

və xüsusi arakəsmə vasitəsilə digər bölmələrdən təcrid olunurdu.

Burada təndirxana (təndirəsər) və ocaqlıq, ərzaq ehtiyatını saxlmaq

üçün “buzxana”, qırxayaq, xərpiştə, əl-ovuc damı (Naxçıvan), fakin,

uja, ginəbun, (Lənkəran-Astara), məişət qabları yığmaq üçün “tərəcə”

və s. yerləşirdi. İlin isti aylarında məişət-istehsal böləmsi daha çox

“açıq mətbəx” rolunu oynayırdı. Bundan başqa, ev məişətində bütün

istehsal prosesləri  (əyirmək, daramaq, toxumaq, keçə salmaq, süd

məhsullarını emal etmək və s.) orada həyata keçirilirdi. Təsərrüfat


fəaliyyətinin (əkinçilik, maldarlıq, kustar sənətkarlıq) xarakterindən

asılı olaraq həyətlərin bu bölməsi həcm etibarilə müxtəlif olurdu.

Kölgəlik, sərinlik yaratmaq üçün aran kəndlərində məişət-istehsal

bölməsinin  ətrafına tut, söyüd və qovaq ağacları  əkilir, üzərinə üzüm

budaqları sarmaşdırılmış hündür çardaq düzəldilirdi.

 Azərbaycanın ayrı-ayrı bölgələrinin reylef quruluşu, təbii-

coğrafi şəraiti və əhalinin təsərrüfat məşğuliyyətindən asılı olaraq əkin-

dirrik sahəsi və meyvə ağaclarının yerləşdiyi yaşıllıq bölməsi (hoyul və

ya pərəkər) kəndli həyətlərinin müəyyən hissəsini təşkil edirdi. Əsas

məşğuliyyət maldarlıq olan və dağlıq bölgədə yerləşən kəndlərdə

həyətin bu bölməsinə ehtiyac yox idi. Dağətəyi və aran kəndlərində isə,

yaşıllıq bölməsi həyətin əksər hissəsini tuturdu. Aran kəndlərində əkinə

yararlı suvarılan torpaqların olması buna geniş imkan verirdi. Çox

zaman meyvə ağacları yaşıllıq bölməsinin bir tərəfində  əkilir, əkin-

dirrik (pərəkər) sahəsi isə digər tərəfdə salınırdı. Aralıqda qalan sahə

xama (dincə) qoyulurdu. Adətən, yaşıllıq bölməsinin hissələri bir-

birindən alçaq arakəsmələr vasitəsi ilə ayrılır., giriş üçün çax-çax

(pələnd-Muğan; qəsdək, bərə-Şəki-Zaqatala; dərbaza (Naxçıvan)

qoyulurdu. Həyətin bu bölməsində, həmçinin, süni su çalası-hovuz, göl

yerləşirdi.

Azərbaycanın tarixi-etnoqrafik bölgələrinin təbii-coğrafi

şəraitindən və relyef xüsusiyyətlərindən, əhalinin təsərrüfat

məşğuliyyətindən, başlıcası isə dövrün tələblərindən asılı olaraq

həyətyanı sahələrin həcmi müxtəlif olurdu.



 

Kəndli  həyətlərinin  xarici

mühitdən təcrid etmək, Şərq adətincə

onun qapalılığını təmin etmək və

ümumi kompozisiyanı tamamlamaq

üçün Azərbacanın bütün bölgələrində

həyətlərin ətrafına hasar (barı, çəpər)

çəkilirdi. Həyətlərin hasara

alınmasının mühafizə  əhəmiyyəti də

vardı. Xüsusi mülkiyyətin hakim

olduğu bir zamanda varlılar öz

həyətlərinin

ətrafına hasarlar

çəkirdilər. Kəndli həyətlərinin

ətrafına hasarların çəkilməsidə qarğı,

qamış, daş, çiy kərpic, kol, çubuq,

möhrə, ağac və s. kimi yerli

materiallardan geniş istifadə edilirdi.

İstifadə olunan materialdan, tikinti

tərzindən və təyinatdan asılı olaraq

çəpərlərin müxtəlif növləri (payalı

çəpər, xəndəkli-payalı çəpər, dik

çəpər, yorğa çəpər, sındırma çəpər,

hörmə çəpər, təppə çəpər, çax-çax

çəpər, tapan çəpər, qanqala çəpər,

darava, basma çəpər, daşqura hasar

və s.) mövcud olmuşdur.

 

Kəndli 



həyətlərini

hasarlarının tamamlayan mühüm

elementlərdən biri giriş yolunun


zəldilməsi idi. Etnoqrafik materiallardan məlum olur ki,  həyətə giriş

doqqaz (pospələnd), çax-çax (addamac, qəsdək) və darvaza (alaqapı)

formasında mövcud olmuşdur. Doqqazı 3-4 m uzunluğunda 4-5 ədəd

ağac zolaları bir-birindən 30-40 sm aralı, üst-üstə paralel düzərək

qururdular. Doqqazın digər bir forması giriş yolunun kənarlarına

basdırılmış yoğun dirəklə iki ədəd 1,5x2,0 m ölçüdə çubuqdan

hörülmüş “çərpərə” bərkitməklə düzəldilən “çəpərli doqqaz” idi. Muğan

bölgəsinin əksər kəndləri üçün səciyyəvi olan pospələnd yulğun

şivələrdən və ya qamışdan qom üsulu ilə düzəldilir, bütöv laylı

darvazanı xatırladırdı.

  Çax-çax (addamac) formalı həyətə giriş yolu hər bir kəndli

ailəsinin iqtisadi vəziyətindən və təsərrüfat məşğuliyyətindən  asılı

olaraq düzəldilirdi. O, adətən bir adamın sərbəst surətdə keçə bilməsi

üçün nəzərdə tutlduğundan, ensiz olurdu. Çax-çax (addamac)

düzəltmək üçün bir-birindən 80-90 sm aralı basdırılmış iki dirəyin

üzərində 30-40 sm aralı paralel açılmış kərtlərə köndələn şəkildə 10-12

sm diametrli ağaclar bərkidilirdi. Kobud və gödək nərdivanı xatırladan

çax-çaxdan keçmək üçün hər iki əllə onun dirəklərindən tutub yuxarı

qalxaraq üstündən aşmaq lazım gəlirdi.

  

Həyətə giriş yolunun memarlıq cəhətdən daha kamil və



yaraşıqlı forması darvaza və alaqapılı darvaza idi. Əhalinin təsərrüfat

məşğuliyyətindən asılı olaraq darvazaların ölçüləri də müxtəlif olurdu.

M.N.Nəsirli yazırdı ki, böyük həcmli nəqliyyat vasitələrindən istifadə

etmək əhalini darvaza qapı növündən istifadə etməyə sövq etmişdi. [23]



Adətən, qoşqu nəqliyyatının və yük heyvanlarının geniş istifadə

olunduğu dağətəyi və aran kəndlərində darvaza enli, hündür və ikitaylı

düzəldilirdi. Çox güman ki, “dəvəçi ilə dost olanın darvazası gen

gərək”-atalar məsəli də məhz bu mülahizə əsasında yaramışdır.

   

XIX  əsrdə Azərbacanın  əksər  bölgələrində  mövcud olmuş



darvazalar öz quruluşuna görə bir və ya ikitaylı düzəldilirdi. Darvaza,

əsasən, təkərli və yüklü nəqliyyat vasitələri girib-çıxarkən açılıb-

bağlandığında, ailə üzvlərinin keçməsi üçün onu hər dəfə açıq-

bağlamaq sərfəli deyildi. Bunun üçün ya darvaza tayının birinin üstündə

80x150 sm ölçüdə kiçik qapı (alaqapı),

yaxud da darvazadan azca aralı ayrıca

kiçik giriş qapısı qoyulurdu.

   


Bəzən  elə  həyətlərə  təsadüf

olunurdu ki, orada giriş yolu üçün həm

darvaza, həm də çax-çax (addamac)

qoyulurdu. Adətən, iki paralel küçənin

arasında yerləşən belə həyətlərin bir

tərəfində iri darvaza, digər tərəfində isə

çax-çax (addamac, qəsdək) qoyulurdu.

  XIX  əsrdə  Azərbaycanın  şəhər

tipli yaşayış məskənlərində dəbdəbəli,

mükəmməl bəzədilmiş, kamil sənət əsəri

təsiri bağışlayan geniş darvazalar üstünlük

təşkil edirsə, kəndli həyətlərinin

əksəriyyətində onlar sadə, səliqə ilə

yonulmuş ağac hissələrindən düzəldilirdi.

Darvazalar, bir qayda olaraq, taqqılbab,

zəndulbab, halqacəftə, içəridən bağlamaq üçün süngü, ling, at və ya

digər minik-nəqliyyat vasitələrini bağlamaq üçün adi halqa və s. ilə

təhciz edilirdi. Naxçıvan bölgəsində qapı (darvaza) üzərinə bərkidilmiş

taqqılbabla evin kişisi, zəndulbabla isə evin xanımı çağırılardı.

   


Şəki–Zaqatala bölgəsində qeydə alınmış bürcvari və yaxud

köşklü darvazalar öz orjinallığı ilə diqqəti cəlb edir. Bu darvazalar

həyət divarının münasib yerində dördkünc, ikimərtəbəli, birgözlü

tikintini xatırladır. Tikintinin alt mərtəbəsi qoşaqapılı darvaza və



dalandan, üst mərtəbəsi isə iki tərəfə, bəzən dörd tərəfə pəncərəsi olan

otaqdan ibarətdir. Belə darvazalar XX əsrin əvvələrində aid olsa da,

onların qalıqlarına Tala kəndində indi də təsadüf etmək olur.

  Azərbaycanın Gədəbəy, Daşkəsən, Kəlbəcər, Lerik, Yardımlı,

Quba, Şəki bölgələrinin bəzi dağ kəndlərində, xüsusilə Şirvanın Göylər,

Quşçu, Çağan, Sündü, Çuxanlı və b. kəndlərində daşdan yolunub

düzəldilmiş darvazalar da mövcud olmuşdur. [24]

  Beləliklə, Azərbaycan xalq yaşayış məskənlərinin meydana

gəlməsində, müxtəlif tip və formalarının təkamül mərhələlərindən

keçərək sabit yaşayış məskəninə çevrilməsində təbii-coğrafi şərait,

dövrün sosial-siyasi durumu, təsərrüfat məşğuliyyətinin istiqaməti və s.

amillər  həlledici  rol  oynamışdır.  Arxeoloji  və  etnoqrafik  tədqiqatların

nəticələrinə istinad edərək bu təkamül prosesini təbii mağaralardan

tutmuş müasir kənd və  şəhər tipli yaşayış məskənlərinə kimi ardıcıl

izləmək mümkündür.


YAŞAYIŞ EVLƏRİ VƏ İNŞAAT TEXNİKASI

  Ev-insanların əsas yaşayış vasitələrində olub, onların təbii-

zəruri istirahətini, təsərrüfat, məişət və həyati tələblərini təmin edən

mühüm mədəniyyət abidəsidir. [25]

   Yaşayış evlərinin müxtəlif tiplərinin formalaşmasında inşaat

materialları mühüm əhəmiyyət kəsb etmişdir. Azərbacanın təbii-coğrafi

və iqlim şəraitinin, həmçinin, topoqrafik quruluşunun müxtəlifiliyi,

burada inşaat materialının ayrı-ayrı növlərindən səmərli istifadə etməyə

imkan vermişdir. Əhalinin istifadə etdiyi ənənəvi inşaat materialları daş,

ağac, gil, kərpic, gəc, əhəng, kirəmit, qır, qarğı, qamış, çubuq, keçə və

s.dən ibarət olmuşdur. Maddi imkandan, təsərrüfat fəaliyyətindən və

ərazinin relyefindən asılı olaraq həmin materiallardan tikinti

təcrübəsində bu və ya digər dərəcədə istifadə edilmişdir.

Azərbacan xalq yaşayış evlərinin öyrənilməsi belə bir fikir

söyləməyə imkan verir ki, yaşayış evi tikilən ərazilərdə hansı tikinti

materialı üstünlük təşkil etmişdirsə, evlər də həmin materiallardan inşa

edilmişdir.

  

Azərbaycanın  düzənlik,  qismən  də  dağətəyi  ərazilərində



ənənəvi tikinti materialı kimi gildən (palçıqdan) və çiy kərpicdən geniş

istifadə olunmuşdur. Yüksək keyfiyyətli gildən inşaat təcrübəsində

istifadə olunması tarixi çox qədimdir. Qazax rayonu ərazisində Sarıtəpə

yaşayış yerində arxeoloji qazıntılar zamanı möhrədən (palçıqdan)

tikilən divar qalığnın aşkar edilməsi e.ə. I minillikdə burada palçıq-

möhrə evlərdən istifadə edildiyini söyləməyə imkan verir. [26]

Möhrədən tikilən belə evlərin memarlıq cəhətdən primitiv olmasına

baxmayaraq, onlardan bəzən bir neçə yüz illərlə istifadə olunduğu

etnoqrafik ədəbiyyatda qeyd edilir. [27]


   

Tikinti  materialı  kimi

gildən suvaq və hörgü işlərində

də isitfadə olunurdu. Kərpicdən

tikilmiş bütün evlərin hörgüsü gil

məhlulu ilə aparılır, divarın hər

iki tərəfi, içərisinə saman

qatılmış palıçıqla suvanırdı.

Bundan başqa, evin damına və

döşəməsinə də suvaq çəkilir,

döşəmənin üzəri xüsusi növ gillə

şirələnirdi.

    

Çiy 


kərpic

hazırlanmasında da gildən

istifadə olunurdu. Arxeoloji

qazıntılar zamanı Ağstafa

bölgəsində  Şomutəpə yaşayış

yerindən 104 kv.metrlik sahədə

ölçüləri 34x12x7 sm və 36x13x9

sm olan çiy kərpicdən tikilmiş ev qalığı və təsərrüfat tikilisinin aşkara

çıxarılması [28] yerli əhalinin artıq e.ə. IV minilliyin axırlarında çiy

kərpicdən ev tikməyi bacardığını göstərir. Şirvanda Xınıslı yaşayış

yerinin e.ə. II əsrə aid mədəni təbəqəsindən, [29] Naxçıvan

böləgəsindəki Kültəpə yaşayış yerinin mədəni təbəqələrindən aşkar

edilmiş çiy kərpicdən hörülən divar qalıqları [30] da deyilənləri təsdiq

edir.


   

Hazırlanma  üsulu  olduqca  bəsit  olduğundan,  əsrlər  boyu

Azərbaycanın aran və dağətəyi kəndlərində çiy kərpicdən geniş istifadə

olunmuşdur. Kərpic kəsmək üçün bu məqsədlə ayrılmış torpaq sahəsini

belləyir və oraya su buraxırdılar. Torpaq yumşaldıqdan sonra üzərinə

doğranmış saman səpərək ayaqlamağa başlayırdılar. Kərpic ustalarının

dediyinə görə, içərisinə saman qatılmış palçıq daha davamlı olur,

çatlayıb ovxalanmırdı. Palçıq hazırlamaq prosesi çətin iş olduğundan,

adətən iş heyvanlarının gücündən də istifadə olunurdu. Samanla palçıq

tam qarışandan sonra, hazır kütləni 2-3 müddətində “acımağa

qoyurdular”. Kərpic kəsmək üçün hazır palçığı xüsusi hazırlanmış


qəlibə doldurur, üstünü əllə hamarladıqdan sonra, təmizlənmiş sahəyə

gətirir, ehmalca üzü üstə yerə çevirirdilər.  Palçığın torpağa, eləcə də

qəlibə yapışmaması üçün qəlibi içərisinə su doldurulmuş kiçik çalaya

salıb çıxarırdılar. Kəsilmiş kərpicin təxminən hər tərəfi quruyurdu.

Kərpici yazda və payızda kəsib qurutmaq daha əlverişli idi. Bu zaman

günəş  şüaları onu bərabər səviyyədə qurudurdu. Quruduqdan sonra

onları pramida formasında yığır, yağıntıdan qorumaq üçün üzərinə ot,

küləş, qarğı və cil biçib tökürdülər.

  Azərbaycanda istifadə edilən qəliblərin ölçüləri və gözlərinin

sayı müxtəlif oluşdur. Kərpic kəsilməsində, bir qayda olaraq, ölçüləri

40x20-21x15-16 sm və ya 60x23-24x12-13 sm olmaqla “ayıbalası

qəlibi” adlanan 2,3,4 gözlü qəliblərdən istifadə olunurdu. Bundan

başqa,  ölçüləri  bir  qədər  kiçik  olan  qəliblər  də  işlədilmişdir.  Öz  işinin

ustası olan hər bir kərpickəsən gün ərzində 800-1000 ədəd kərpic

kəsməyi bacarırdı.

   


XIX-XX  əsrin  əvvəllərində  tikilən  evlərin  əksəriyyətində

“ayıbalası” kərpicdən istifadə olunmuşdur. Bunun əsas səbəbi

mərtəbəarası və dam örtüyünün böyük ağırlığa malik olması,

antoseysmik mülahizələrin nəzərə alınması və divarlarda çoxlu sayda

açırımların-taxça, yük yeri (camaxatan), divar şkafı, buxarı, dolab və s.

qurulması ilə izah olunur. “Ayıbalası” kərpicin ölçülərinin böyük

olması divar hörgüsünü iki qatda hörməyə və divar qatlarını bir-birinə

möhkəm bağlamağa imkan verirdi.

 Etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın şəhər

tipli yaşayış məskənlərində və bəzi kəndlərində bişmiş kərpicdən

(qırmızı kərpic) də geniş istifadə olunmuşdur. Bişmiş kərpic yerli gil

materiallarından kustar sənətkarlıq karxanalarında hazırlanırdı. Bunun

üçün gildən yoğrulmuş palçıq çiy kərpic formasında qəlibləndikdən

sonra 5-6 gün açıq havada saxlanılır, daha sonra sobalarda bişirilirdi.

Naxçıvan bölgəsində bişmiş kərpicin qədimlərdən istifadə olunduğu, X-

XII əsrlərdə isə onun istehsalının kütləvi hal aldığı məlumdur. Burada

ölçüləri 22x22x5-7 sm, 17x17x6x5-7 sm olan “qızılbaş” kərpicinin və

ölçüləri 24x11-12x7-8 sm və 24x11x6x5-1 sm olan “rus” kərpicinin

yayıldığı qeyd edilir. [31] 1911-ci ildə Naxçıvanda tikilən bişmiş kərpic

zavodu öz fəaliyyətini bu yaxınlaradək davam etdirirdi. Bişmiş kərpic



zavodları Lənkəran-Astara, Gəncəbasar və  Şəki-Zaqatala bölgələrində

də mövcud idi.

 XIX-XX əsrin əvvəllərində Cənub bölgəsi (Astara Lerik,

Lənkəran, Masallı, Yardımlı) kəndlərində orta tavanlı  əhali ev tikintisi

zamanı bişmiş kərpiclə çiy kərpici kombinə edərək işlətməyə üstünlük

verirdi. Belə ki, evin fasad divarlarının üst qatı bişmiş kərpiclə, içəri

qatı isə çiy kərpiclə (lal kərpic) hörülürdü. Fasad hissəsinin bu cür

hörülməsinə “rükət verməklə tikinti üsulu” deyilirdi.

  

XIX əsrdə Azərbaycanın dağ və dağətəyi,  həmçinin çay



vadilərindəki kəndlərində tikinti material kimi çaydaşı və kötürdaşdan

(qaya daşı) geniş istifadə olunurdu. Daşdan tikinti materialı kimi

istifadə olunması Azərbaycan ərazisinin ən qədim sakinlərinə məlum

idi. Sarıtəpə yaşayış yerinin e.ə. VIII-VI əsrlərə aid edilən II,VII və VIII

kvadratlarında, həmçinin, Xınıslıda aşkar edilmiş divar qalıqlarının

hörgüsündə möhrə və çiy kərpiclə yanaşı, daşdan istifadə edilmişdir.

Qərb bölgəsindən keçən Şəmkir, Zəyəm, Tovuz, Axınca, Əsrik,

Həsənsu, Ağstafa, Coğaz, Tərsçay, Qabırrı, Kür və b. çaylar və onların

qollarının; Şirvanda Girdiman, Ağsu, Pirsaat, Dəvəbatan çaylarının;

Lənkəran bölgəsində Bəşəru və Viləş çaylarının, həmçinin Şəki-

Zaqatala bölgəsi çaylarının yataqları  çay daşı ilə zəngin olmuş və

ondan geniş istifadə edilməsi üçün əlverişli şərait mövcud olmuşdur.

  Azərbaycanın xalq yaşayış evlərinin tikitisində çaydaşından

fəqli olaraq qayadaşı (kötürdaşı), bir qayda olaraq, xam və işlənmiş

şəkildə istifadə olunurdu. XIX əsrdə qərb bölgəsinin əhalisi tikinti

daşlarının Daşsalahlı, İncili, Ağköynək, Musaköy, Zəyəm, Daşkəsən və

Murut mədənlərindən; Şirvan əhalisi Xilə, Böyük Çil, Pirəxəmiş, Tava

qışlağı, Kolaxanı, Çildaş, Qurbanlı, Bəklə, Udulu, Yekəxana, Mərəzə,

Cəməcəmli mədənlərindən; Naxçıvan əhalisi Şahtaxtı, Tağgəraltı,

Oğlan-qız, Xaraba, Gilan və Qarabağlar mədənlərindən; Bakı əhalisi isə

Şıx, Xilalan, Kəmli, Qaradağ və b. daş karxanalarından əldə edirdi.

Bəhs olunan dövrdə Azərbaycanın tikinti daşı ilə zənginliyini yazılı

məlumatlar da təsdiq edir. [32]

  

Əhalinin  xalq  yaşayış  fondunun  formalaşmasında  ağac



materiallarından da istifadə edilirdi.  Azərbaycanın Quba, Lənkəran,

Şamaxı. Şəki və Naxçıvan qəzaları, həmçinin, Kiçik Qafqaz ərazisi



meşlərlə zəngin olduğundan, bu ərazilərdə bol meşə-ağac materialı əldə

etmək mümkün idi. XIX əsrin sonlarında Azərbaycanın bütün

meşələrinin 24,3 faizinin təşkil edən Qarayazı, Dilican, Kürboyu tuğay

meşələrindən, həmçinin Kiçik Qafqaz dağları  ətəklərindəki

meşələrindən tikinti üçün sərfəli materiallar əldə edilir, ev inşaatında

işlədilirdi. Ağac materialları, bir qayda olaraq, evin dirək, kərən, pərdi,

qapı, dərasər, dam örtüyü, taxtapuş (dran), pəncərə, sütün, sürahı, divar

şkafı (gəncənə), zeh, harma ağacı və müxtəlif bəzək elementlərinin

(şəbəkə) hazırlanmasında, həmçinin müxtəlif təyinatlı təsərrüfat

tikililərinin inşasında istifadə edilirdi. Kərtmə, cığma, aradoldurma kimi

ev tiplərinin inşasında ağac materialları  əvəzedilməz idi. Tikinti

təcrübəsində qarağac (Ulmus Canpetris) palıd (Cnep  us pedun culata

ehri), fıstıq (Fadus orinetalis lipsky), göyrüş (Fraxsinus exselsior L),

vələs  (Carpinus,  Berelus  L),  şam  (Pinus),  ardıc  (Juniperus)  və  b.  ağac

cinsləri başlıca yer tuturdu. Dağlıq Şirvanın və Cənub bölgəsinin

yaşayış evlərinin taxtapuş dam örtüyünün hazırlanmasında da ağac

materialı (xüsusilə dəmirağac) geniş işlədilirdi.

 Azərbaycanın düzənlik ərazinlərindəki kəndlərdə qarğı, qamış,

avar və çubuq əsas tikinti materialı hesab olunurdu. “Durna” və

“Çovustan” tipli evlərin tikintisində bu tikinti materialları  əvəzsiz idi.

Evin yanlarının və dam örtüyünün qurulmasında geniş istifadə

olunurdu.

  Cənub bölgəsində geniş yayılmış “sündünəkə” tipli (“sünd”-

dirək deməkdir: “dirək ev”) evlərin “kümünün bağlanmasında” (dam

örtüyünün qurulmasında) qamış və lığdan geniş istifadə olunurdu.

Xarapa və pılkalardan çatma formalı düzəldilən dam örtüyünü üzərinə,

ətəkdən başlayaraq qamış, lığ dikinə qoyulurdu. Damın ətək yanlarına

qoyulan qamış, lığ qomları lijmun (yağmurluq), dikinə qoyulan qom isə

“sədu eğəti” (kəlləlik, tac) adlanırdı.

   Qarğı, qamış və çubuq həyətlərin ətrafına çəpər çəkilməsində

və müxtəlif səciyyəli təsərrüfat tikililərinin (quraqlıq, təndirxana,

çardaq, heyvandarlıqla əlaqədar inşa olunan təsərrüfat tikililəri və s.)

ətrafının hörülməsində inşaat materialı kimi çubuq, keçə, palaz, çadır,

“örəmə” adlanan xüsusi hörülmüş qotazlı ip və çətəndən istifadə

edilirdi.


  

Kirəmit,  tənəkə-dəmir  örtüklər  və s.  tikinti  materialları

Azərbaycanın xalq yaşayış binalarının inşasında az istifadə olunmuşdur.

Kirəmit örtüklü evlər əsasən Şəki-Zaqatala və Cənub böləglərinin evləri

üçün xarakterik idi. Mənbələrdən məlum olur ki, Şahbazov soylu bir

şəxs  ilk dəfə olaraq 1872-ci ildə  Şəki şəhərində kirəmit zavodu

tikdirmişdir. XIX  əsrin sonlarında Şəkidə işləyən 12 kirəmit zavodu

ildə cəmi 960 min ədəd kirəmit istehsal edirdi bə bunun da min ədədi

10 manata satılırdı. [33]

  

XX əsrin 30-50-ci   illərindən başlayaraq həyata keçirilən



tədbirlər nəticəsində Azərbaycan xalqının inşaat mədəniyyətinin

inkişafı prosesi xeyli sürətlənmişdir. Tikiniti işlərində yeni-yeni inşaat

materialları (mişar daşı mişarlı taxta, şifer, tənəkə-dəmir örtük, yağlı

boya, dəmir-beton plitələr, şüşə, sement və s.) geniş yer tutmuşdur.

Abad  və  yaraşıqlı  evlərin  tikilməsi  üçün  zavod  istehsalı  olan  bu

materialların əldə edilməsinə hər cürə  şərait yaradılmışdır. Şəhər və

rayon mərkəzlərinə, iri kəndlərdə açılmış təsərrüfat və tikinti

materialları mağazalarda, əhaliyə müxtəlif adda inşaat materialları satışı

yaxşı təşkil olunmuşdur.

  Müxtəlif  tipləri yaşayış evlərinin inşasında Azərbaycan xalq

sənətkarlarının istifadə etdiyi alətlərin növləri rəngarəng, sayı isə xeyli

çox idi.  Bunlara inşaat materialları hazırlamaq içində istifadə edilən

alətlər-bel, kərpic qəlibi, kirəmit qəlibi, daş baltası, daş çəkici, daş

kərkisi, dəmir bucaq, mişar, ərəkeş, balta, kərki, sərkeş, ərə,

qabıqyonan, məngəl, dəhrə, rəndə, raşta, iskənə, toxmaq, torpaq

şadarası, oraq və dəryaz; inşaat prosesində tətbiq olunan alətlər-teşə,

mala, kəmçə, taraz, şaqul, hörgü ipi, künyə, şümşad, xərək, qalaq,

palçıq təknəsi, kirəmit deşən, burav (maha), bıçaq, naçaq, çəkic, dartı,

şətə, möhrəkeş və s. aid idi. Məhz bu alətlərin köməyi ilə Azərbaycanın

bənna, xarrat və dülgələrləri ev inşası sahəsində zəngin təcrübə və

vərdişlər əldə etmiş, xalq yaşayış evi fondunun daha da

genişləndirilməsinə və təkminləşdirilməsinə xidmət göstərmişlər.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə