AZƏrbaycan etnoqrafiyası ÜÇ Cİlldə II ciLDƏ ŞƏrq-qərb baki 2007 Baş redaktor: Teymur Bünyadov



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix23.06.2017
ölçüsü3,92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

alaçıq idi. Dəyəyə nisbətən mürəkkəb

konstruksiyaya malik olan alaçıq, həm də

həcminin böyüklüyünə görə də fərqlənirdi.

Onu tikmək üçün gözəyarı müəyyən edilmiş

yerə ağac mıxca çalıb, ucuna ip bağlayırdılar.

İpi mıxçanın dövrəsi boyunca 6-8 addımlıqda

fırladaraq, yerdə dairə çəkir və bir qayda ilə

alaçığın dövrəsini müəyyən edirdilər.  Bundan

sonra dairənin mərkəzinə təxminən 3-5 m

hüdürlüyünüdə

“sunaça” basdırılırdı.

Azərbaycanın ayrı-ayrı bölgələrində sunaça-

“çöysü”, “köskü”, “çatma-çıvıx”, “dirəncək”,

“lobar” adları ilə məlum idi. Alaçıqlarda

sunaçanın qoyulması həm onun həcminin

genişlənməsinə, həm də qəlibin ağırlığı altında

çubuqların möhkəm dayanmasına təminat

verirdi. [59] Bəzi varlı alaçıqlarında sunaça

“şirazlı”, “çıxırlı” olurdu. Belə sunçaların

üzəri oyma üsulu ilə milli ornament və

naxışlarla bəzədilir, ətrafında çoxlu təbii

çıxıntıları olurdu ki, oraya paltar, silah,

xəncər, ov avadanlığı və s. şeylər asılırdı.

Sunaçanın başına çəmbərəsi (sağanağı)

boyunca 30-a qədər deşik açılmış çarpaz

şəkilli və ya pərli çarx formalı dünnük

keçirilirdi. Bir-birindən eyni məsafədə torpağa

basdırılmış alaçıq çubuqlarının nazik ucları bu

deşiklərə keçirilirdi.  Bundan sonra çarxa

bağlanmış ipi, çubuqlar qövsvari görkəm alana

kimi aşağıya doğru tarım çəkir, sunaça

yaxınlığında basdırılmış mıxlara bağlayırdılar. Alaçığın yan

çubuqlarının möhkəmliyini təmin etmək üçün  bir-birinə paralel olaraq

1 m aralı “badaq çubuqları” da bənd edilirdi. Bu qayda ilə gövdə hazır

olduqdan sonra onun ətrafına çətən (çığ) çəkib həmin gövdənin üzərinə


qəlib (keçə) salırdılar. Azərbaycanın Şirvan bölgəsində müvəqqəti

yaşayış evi kimi inşa olunan bu tip alaçıq “dünnüklü ev” adı ilə məlum

idi.

 Öz həcminə görə alaçıqdan nisbətən böyük olan muxurun inşaat



texnikası alaçıqdan heç də fərqlənmirdi. Muxurun qəlibləri sadə

naxışlarla örtülür, interyeri müxtəlif toxunma lentlərlə (bafta), qapıüstü

naxışlarla bəzədilirdi.

Alaçıq və dəyənin içərisində “nəmi”, yaxud “bucaq” deyilən

xüsusi yer düzəldilir, burada heyvandarlıq məhsulları və  ərzaq

saxlanılırdı. Nəminin döşəməsi yastı çay daşları ilə döşənir, olacaq

yerindən çətən arakəsmə və ya 30-50 sm hündürlüyündə daşqura

divarla ayrılırdı. Ev müxəlləfatı (barxana, məfrəş və s.) künclərin

birində daş ayaqaltı üzərinə taxta qoyulmaqla  qurulan yük yerinə

yığılırdı.

Azərbaycanın maldar elatları “mağardəyəsi” və ya sadəcə

olaraq “mağar” adlanan iri həcmli yaşayış evləri də tikirdilər. Əsasən,

böyük patriarxal ailəyə məxsus olan belə müvəqqəti tikililər uzunsov

planda olurdu. Mağardəyəsini tikmək üçün hər tərəfdə on ədəd çubuğu

təxminən bir metr  aralı qarşı-qarşıya basdırıb uclarını  əyərək ip

vasitəsilə bir-birinə badaq edirdilər. Qövsvari şəkil alan bu çubuqlar

doqquz ədəd bel çubuqları vasitəsilə birləşdirilir, arxasını örtmək üçün

isə beş ədəd çubuqdan istifadə olunurdu. Yan çubuqların ortasında bir

xətt boyunca bağlanan badaq çubuqları dəyənin möhkəmliyini daha da

artırırdı. Qəlibin ağırlığı altında çubuqların əyilməməsi üçün onun

içərisində iki dirək basdırılırdı. Bundan sonra ətrafına çətən çəkilmiş

mağar dəyənin üstünə qəlib döşənirdi. Belə mağar dəyələrdə yaylaq

şəraitində hətta toy etmək belə mümkün idi.

  Azərbaycanın Lənkəran-Astara bölgəsi üçün xarakterik olan,

talış dilində “çodı kümə” (çadır ev) adlandırılan “qaraçadır”ın plan

quruluşu mağar dəyəyə bənzəsə də, inşaat materialına və texnikasına

görə ondan fərqlənirdi. Düzbucaqlı planda olan  “çodı kümə”nin yan və

kəllə tərəfləri köndələn qoyulmuş çubuqları (kamat) daha elastik

çubuqlar (reves) keçirməklə hörülürdü. Yan tərəfləri daha sıx hörülmüş

“çodı kümə”nin qabaq hörgüsündə düzbucaqlı  formada giriş yolu

qoyulurdu. Tavanı əməmlə gətirən qövsvari əyilmiş çubuqların üzərinə


keçi qəzilindən toxunmuş qara və ya tünd palıdı rəngli cecim örtürdülər.

Alaçıq və dəyəyə nisbətən daha davamlı tikilən “çodı kümə”ni sökmür,

növbəti ildə istifadə üçün saxlayırdılar.[60]

  Bölgədə çadır evlərin digər bir vatiantı üç cərgədə torpağa

basıdırılmış dirəklər üzərində qurulurdu. Dam örtüyündə maililik

yaratmaq üçün orta dirəklər yan dirəklərə nisbətən 80-90 sm hündür

olurdu. Dirəklərin  haçasına tir atılır, üstünə maili şəkildə xarapa (xapu)

döşənir və keçə ilə örtülürdü.

  Planda kvadratşəkilli tikilən kümənin yanlarına həsir tikilir,

qapısı hörmə çubuqdan düzəldilirdi.

  Tavansız maldar elatlar yaylaq şəraitində bəzən olduqca sadə

tikinti konstruksiyasına malik olan “kolux” tipli alaçıqlarda

yaşayırdılar. Kolux, əsasən Naxçıvan mahalının maldar elatları üçün

səciyyəvi olan müvəqqəti ev tipi idi. Onu qurmaq üçün 1,5-2 m

hündürlüyündə  iki ağac dirəyi bir-birindən 3-4 m aralı torpağa basdırır

və onun haçasına köndələn ağac qoyurdular. Planda “П” şəkilli olan bu

cür tikintinin  üstünü avarla və cecimlə (palazla) örtür, uclarını ip

vasitəsilə tarpağa çalınmış mıxlara bağlayırdılar. Koluxun bir tərəfi

giriş yolu üçün açıq saxlanılırdı. [61]

Yaşayış evlərinin daxili sahmanı. XIX-XX əsrin əvvəllərində

Azərbaycan xalqının yaşayış evlərinin daxili sahmanında Şərq

aritekturasına məxsus sadəlik özünü göstərirdi. Burada yaşayış evlərinin

forma, plan quruluşu və tiplərindən fərqli olaraq,  interyerdə də müvafiq

dəyişikliklər baş vermişdi. Evin daxili sahmanında olan dəyişikliklərdə

xalqın sosial-iqtisadi və mədəni səviyyəsi, təsərrüfat fəaliyyətinin

istiqaməti, xalq ənənələri, maddi-texniki imkanlar, iri şəhərlərə yaxın

yerləşmə və s. amillər həlledici rol oynamışdır.

   Azərbaycan xalqının böyük əksəriyyətinin yaşayış evləri XIX

əsr və XX əsrin əvvəllərində qazma və qaradam tipli olduğundan,

onlarda daxili səliqə-sahman o qədər də gözlənilmirdi. Belə evlərdən

təkcə yaşayış üçün deyil, təsərrüfat məqsədləri üçün də istifadə edilirdi.

Bu barədə XIX əsrin əvvəllərinə aid bir məlumatda deyilir: “Adətən

belə evlərə daxil olduqda ilk dəfə adamın gözünə, bir-birinə söykənmiş

mis qabların uzun cərgəsi, sonra yan-yana qoyulmuş xalçalar, keçələr

və barxana dəyir. Evin ortasında-yerdə ocaq qalayıb yemək hazırlayır,



çörək bişirir və qışda isinirlər. Giriş yolu ilə üzbəüz arxa divar boyu

alçaq  taxt  yerləşdirilir,  üstünə  paltar  və  başqa  müxəlləfat  yığılmış  yun

məfrəşlər qoyulur, divardan isə silah asılır”. [62]

Yerüstü evlərdə isə daxili səliqə-sahman daha tez gözə çarpırdı.

Burada müxtəlif məqsədlər üçün düzəldilmiş divar açırımları (taxça,

zeh və ya rəf (ləmə), divar şkafı, yük yeri, dolab, buxarı və s. ) mühüm

əlamət idi. Ailə məişəti üçün səciyyəvi olan bütün proseslər (yemək,

yatmaq, dincəlmək, ev məişəti işləri və s.) döşəmə üzərində həyata

keçirildiyindən, onun səliqəli düzəldilməsinə xüsusi fikir verilirdi.

Adətən, döşəmə saman qatılmış palıçıqla qalın suvanır, suvaq

quruyandan sonra onun üzərinə və divarlara ağ gildən şirə çəkilirdi.

Şirələnmiş döşəməyə ev sahibinin maddi imkanından asılı olaraq keçə

(garbıt), palaz, cecim, həsir (tumu-püzətumu, lığ tumu), kilim, xalça,

gəbə və s. salınır, üzərinə aşılanmış qoyun dərisindən ayaqaltılar

qoyulur, mütəkkə, balış və döşəkçələr (nalça, nimdər) düzülürdü. Bəzən

evin divarlarına da yerdən 50-60 sm hündürlükdə həsir çəkilirdi. Varlı

evlərində bu tərtibat daha zəngin olurdu, divarlara xalçalar asılır,

üzərinə müxtəlif həndəsi və nəbati naxışlarla bəzədilmiş bədii tikmələr

bənd edilir, silah-sümsü, saz, uluların portretləri və qətələr (üzərində

zərli xətlə Qurandan ayələr yazılan və çərçivəyə salınan xüsusi sənət

əsəri ) asılırdı. Bütün bu ev müxəlləfatları bir neçə ailə üçün zəruri

məişət avadanlığı olduğundan, bəzilər gəlin köçən qızların cehiz dəstinə

daxil edilirdi.

Naxçıvan bölgəsinin “var evləri” ndə xüsusi sifarişlə Təbriz

ustaları tərəfindən toxunmuş xalı-xalça dəstləri ilə evi döşəmək adət

halı almışdı. Tavan istisna olmaqla bütün döşəmə və divar bütöv

xalçaya tutulurdu. Sifariş verilərkən evin qapı və pəncərə açırımlarının

ölçüləri nəzərə alınırdı. Xalı döşəmə tam tutmayanda, ona “kənarə”

deyilən ensiz, uzunsov xalçalar əlavə edilirdi. Giriş qapısının astanasına

payandaz atılırdı.

Bir qayda olaraq, ailə başçısı, hörmətli qonaq və ağsaqqal üçün

evin barı yerləşən “dör başı”nda ayrıca nazbalış qoyulurdu. Naxçıvan

bölgəsinin “tənəbi evləri”ndə evin bu guşəsi “şahnişin” və ya “şanişin”

adlanırdı.



Azərbaycan xalq yaşayış evlərinin daxili sahmanında  mühüm

məişət elementlərindən biri yük yerinin (camaxatanın) olması idi.

Qazma və qaradam tipli evlərdə yük yer daş, kərpic və ya ağac dayaqlar

üzərində qurulan yükaltılardan ibarət idi. Yerüstü evlərdə isə bu məqsəd

üçün xüsusi düzəldilmiş divar açırımlarından istifadə edilirdi. Yük yeri

evin ölçüsündan asılı olaraq iki və ya üç ədəd olurdu. Onlar, bir qayda

olaraq, qapı ilə üzbəüz arxa divarda yerləşdirilirdi. Daş və ya kərpic

hörgülü evlərdə yül yerinin eni təxminən 1,3 m, hündürlüyü1, 45 m,

divarın içinə doğru batığı isə 60-70 sm olurdu. Oraya əsasən yataq

ləvazimatı: yoğan-döşək, paltar, ehtiyat saxlanılan gəbə, kilim, palaz,

yataq dəsti və s. yığılırdı. Çox vaxt məişət müxəllafatını məfrəş, yaxdan

və sandığa yığıb yük yerinə qoyurdular. Bəzən evdə iki və ya daha çox

yük yeri olduqda, onlardan hətta ərzaq saxlamaq üçün də istifadə

olunurdu. Yük yerlərinin qabağına adətən, ipək və pambıq parçalardan

tikilmiş saya pərdələrlə, varlı evlərində isə tikmə naxışlarla bəzədilmiş

“zərəndaz” adlanan pərdələrlə tuturdular. Şirvan bölgəsində yerli adətə

görə, gəlinin cehizləri arasında  yük yeri pərdələrinin olması vacib

sayılırdı. Ona görə də toydan əvvəl oğlan evinin yük yerlərinin ölçüsü

götürülərək ona müvafiq pərdələr tikilir, baş tərəfinə rəngbərəng

parçalardan qıyqaz bükülmüş pərdəbaşlığı tutulardı. Şəki-Zaqatala

bölgəsində evlərin daxili sahmanında kiçik yük yeri funksiyasını yerinə

yetirən “xarxara” da mühüm element idi. Adətən, xarxara

60smx80smx50sm ölçüdə düzəldilir, içərisində yastıq, mütəkkə, kiçik

döşəklər (nalça, nimdər) yığılırdı. Xarxaranın da qarşısına pərdə

tutulurdu.

 Evlərin daxili sahmanındakı məişət elementlərindən olan taxça

(nəməşka) gündəlikdə işlədilməyən ev avadanlıqlarının, qiymətli

şeylərin, qadın zinətlərinin, içərisinə xeyir-şər libasları qoyulan və

bahalı parçalardan hazırlanan paltar boğçasının xeyir-şər libasları

qoyulan və bahalı parçalardan hazırlanan paltar boğçasının (Naxçıvanda

ona “paltar-çarşovu” deyirdilər) saxlanılması üçün nəzərdə tutulurdu.

Hər bir evdə, adətən, taxça bir cüt olmaqla, 140x80x25-30 sm ölçüdə

simmetrik şəkildə buxarı yerləşən divarın sağ və solunda düzəldilirdi.

XIX əsrin  ortalarına kimi taxçaların qabağı, üzəri müxtəlif naxışlarla

bəzədilən pərdələrlə tutulurdu. Sonralar, xüsusilə də XIX əsrin


sonlarında tikilən yaşayış evlərində taxçalara qapı qoyulur,

“qarğaburnu” (“qarğadili, “qulax”) adlana cəftə ilə bağlanırdı.

 Gündəlikdə işlədilən qab-qacağı, azuqəni, çay və xörək

dəstgahını taxmanın bir növü olan dolabda (dulada) saxlayırdılar.

Taxça ilə müqayisədə dolan kiçik olub, təxminən 100x70x20-25 sm

ölçüdə qurulurdu. Adətən, təkotaqlı evlərdə bir cüt dolab olurdu. Bəzən

evin eyvanında da dolaba təsadüf edilirdi. O, kiçik ölçülü (60x40x30

sm) olmaqla, həm yəhər-qoşqu ləvazimatı qoymaq, həm də gecələr

təsərrüfat tikililərinə baş çəkmək üçün istifadə edilən əl çıraqlarını

saxlamaq üçün istifadə olunur. Dolaba yığılan əşyalar gündəlikdə

istifadə olunduğundan, onun qarşısına tünd rəngli parçadan pərdə

tutulurdu.

 Üzərinə müxtəlif mətbəx avandanlığı yığılmış rəf (zeh, ləmə)

evin interyerində mühüm yer tuturdu. Onu, bir qayda olaraq,  evin yan

divarları boyunca düzəldirdilər. Bəzən evin bütün divarları boyu

düzələn zehə də təsadüf olunurdu. Yaşayış evlərində zehin iki forması

(divarda yerləşdirilmiş batıq şəklində və divardan 20-25 sm irəli çıxmış

qomqamış kəmər və ya taxta qurşaq şəklində) geniş yayılmışdı. Durma

tipli yaşayış evlərində zehi xüsusi əndazə ilə qovaq ağacından yonub

düzəldirdilər. 3-4 sm qalınlığında, 2, 5-3 m uzunluğunda və 20-25 sm

enində olan taxtanın hər iki başından açılmış qoşa deşiklərdən eşilmiş

köşə keçirərək dam çardağının pərdilərinə bağlayırdılar. Divara

söykənmiş vəziyyətdə olan zehin üzərinə məişətdə az işlədilən və tez

sınan ev avadanlığı müəyyən ardıcıllıqla və xüsusi zövqlə yığılırdı. Zeh

bir növ ailənin iqtisadi vəziyyətinin barometri idi. Oraya düzülmüş

qabların sırasına, sayına, dəyərinə və müxtəlifliyinə gör ailə sahibinin

maddi vəziyyətini müəyyən etmək olardı.

 Zehin daha yaraşıqlı və formalı görünməsi üçün, adətən, yük

yerinin üstü ilə zehin altında qalan aralıq hissəyə bütün divar boyu

rəngbərəng parçalardan bucağının bir aşağıya doğru meyilli olmaqla

üçbucaq formasında “zehqabağı” adlanan xüsusi biçimli qabaqlıq

tuturdular. Eynilə zehqabağı kimi düzəldilən, lakin ondan bəzəklərinin

zənginliyi və gözəlliyi ilə seçilən “gərdəkbaşı” ən çox toy  zamanı evin

daxili sahmanında diqqəti cəld edirdi. Adətən, təkotaqlı evə gəlin

gətirdikdə evi “gərdək” adlanan arakəsmə pərdə ilə iki hissəyə


bölürdülər. Gərdək pərdəsinin yuxarı başına isə “gərdəkbaşı”

bağlayırdılar.  İnteryerə rövnəq verən gərdəkbaşı xüsusi əndazə ilə

biçilib-tikilir, rəngli muncuqlar və qotazlarla bəzədilirdi. Gərdəkbaşı

hər bir ailənin ən əziz saxlanı, əmanəti kimi nəsildən-nəslə, anadan-

qızına keçərdi.

  Azərbaycanın bəzi bölgələrində (Naxçıvan, Şirvan, Abşeron və

s.) evlərin daxili sahmanında kürsü də müəyyən yer tuturdu. Adətən,

ailə üzlərinin qızması üçün nəzərdə tutulan kürsüdən qış aylarında da

istifadə edilirdi. Evin ortasında qurulan kürsü döşəmə üzərində qazılmış

dayaz çaladan, alçaq kətildən və onun üzərinə salınmış böyük “kürsü

yorğanı”ndan ibarət olurdu. Bəzi evlərdə çala əvəzinə, xüsusi

düzəldilmiş gil kürə və çuqun manqaldan da istifadə edilirdi.

   

Evlərin daxili sahmanında diqqəti cəlb edən digər  məişət



elementi buxarı idi. Ondan xörək hazırlamaq və evləri qızdırmaq

məqsədi ilə istifadə olunurdu. Yaşayış evlərinin əksəriyyətində buxarı

kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində

ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast

gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü

yaxşı çəkməsi üçün baxarının başı hörülərək dam örtüyündən 80-90 sm

hündürə qaldırılır, günbəzli, qövsvari və ya üçbucaqlı formalı başlıqla

tamamlanırdı.

 Şirvanın bağdadı tipli evlərində bu funksiyanı “səbətbaca”

yerinə yetirirdi.

  

Lənkəran-Astara  bölgəsi kəndlərində  bişmiş  və  çiy (kal)



kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava

yerləşdirilirdi. İki quplu olan tava istiliyi tənzimləyir, evə tüstünün

dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp

vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxırdı. Köz düşdükdə isə

tava əksinə fırladılır, bu zaman tavanın  qövsü bacanın yolunu bağlayır,

istiliyi otağa ötürürdü.

  Şəki-Zaqatala bölgəsində kənd yaşayış evlərində “qarpızı” və

“asma” (qoyma) buxarılardan geniş istifadə edilirdi.  “Qarpızı” buxarı

“asma” (“qoyma”) buxarıdan fərqli olaraq  bəzəkli düzəldilirdi. “Asma”

(“qoyma”) buxarı divarın önündə xüsusi ağac dayaqların arasını

kərpiclə hörməklə düzəldilir, kərpic boru ilə təhciz edilirdi. Belə


buxarıların bacası damın çardağında kümbəzvari formada qurulurdu.

“Asma ” (“qoyma”) buxarıda adətən böyük ağac  kötüklərini

yerləşdirmək olurdu. “Qarpızı” buxarı evi qızdırmaq  üçün, “asma”

(“qoyma”) buxarı isə həm evi qızdırmaq, həm də xörək hazırlamaq

üçün nəzərdə tutulurdu.

  Ancaq evlərin qızdırılmasına xidmət edən, özlərinin dekorativ

işlənmələri cəhətindən kamil sənət əsəri təsiri bağışlayan və quruluşca

müxtəlif olan buxarılar əsas etibarı ilə varlıların evlərində olurdu.

Onlardan bəzilərinin memarlıq tərtibatı müəyyən dərəcədə bəzəkli

paltarı xatırladır və haşiyələrdən ibarət olur, ikinci qismi yuxarıdan bir-

biri ilə müxtəlif formalı tağlarla əlaqələndirilən divara yapışıq nazik

sütunlarla əhatə olunur, digər bir variantı isə ocaq yerinin yerləşdiyi

batığın hər iki yandan və yuxarıdan kiçik taxçalarla əhatə olunan

buxarılar şəklində olurdu.

  

Azərbaycanda  yaşayış evlərinin qızdırılması  üçün  istifadə



edilən süni vasitələr orta ocağı-buxara-tənəkə (çuqun) sobalar-kürsü

(gil, kürə, manqal)-qaz sobaları və buxarıda işləyən müsair istilik

sistemlərinə böyük inkişaf yolu keçmişdir. Keçmişdə evlərin

qızdırılmasında yanacaq kimi odun, kərmə (qırma), təzək və s.-dən,

Abşeron bölgəsində isə həm də neftdən (mazutdan) geniş istifadə

edilirdi.

  

Yaşayış evlərinin daxili sahmanına anbar vəzifəsini görən



kəndi, gündik, saqan, iri sandıq (yaxdan), çubuq və ya qarğıdan

düzəldilmiş, yaxud ipdən düzəldilmiş  asılqan, iynə və sap qoymaq

üçün iynədan, çıraqban, divara vurulan xalçaların üzərinə bənd edilən

müxtəlif naxışlı  əl timələri və s. məişət əşyaları özünəməxsus rövnəq

verirdi. Evlərin yığışdırılmasında və süpürülməsində “tuğ” adlanan

kiçik süpürgələrdən istifadə olunurdu.

  Yaşayış evlərinin daxili sahmanından işıqlandırma məsələsi də

başlıca yer tuturdu.

XIX əsrdə evlərin süni işıqlandırılmasında gecələr orta

ocağından, ucu alovlu küsövdən, buxarıda yanan ocağın şöləsindən,

gündüzlər isə qapı və pəncərə açırımlarından, dam bacasından, sonralar

müxtəlif yağlı bitkilərdən (albalı, palıd, tozağacı, gərməşov və s.)

istifadə olunurdu. Etnoqrafik materiallar göstərir ki, Azərbaycanın qərb


bölgələrində yaşayış evlərinin işıqlandırılması üçün daha çox ağac

çubuğundan hazırlanmış “döymə” adlanan “çıraq” dan istifadə

edilmişdir. Onu hazırlamaq üçün qarağac və  şam ağacının nisbətən

yoğun çubuğunu balta ilə döyüb yumşaldır, sonra yağa basır, yandıraraq

işığında otururdular. Bəzən heyvan piyindən düzəldilmiş xüsusi

“şamlar”a da təsadüf edilirdi. Belə  şamları hazırlamaq üçün heyvan

piyini əridərək içərisinə piltə salınmış qarğı düdüyünə tökür, piy donub

bərkiyəndən sonra düdüyü sındırır, içərisindəki hazır şamı

yandırırdılar.

 

XIX  əsrin  ikinci  yarısından  Azərbaycan  evlərinin



işıqlandırılmasında mazut və qara neftlə işləyən qara çıraqlardan

istifadə olunmağa başlandı. Onlar saxsıdan, şüşədən, misdən və

tənəkdən düzəldilir, döşəmədən müəyyən hündürlükdə, ağacdan

hazırlanmış çıraqbanların üstünə qoyulurdu. XX əsrin əvvəllərində

yaxın qara çıraqları tədricən şüşəli lampalar, fənərlər əvəz edir. Bundan

sonra xalqın məişətində ardıcıllıqla “yeddilik”, “onluq”, “otuzluq”

lampa növləri daxil olur.

          

Göründüyü  kimi,  Azərbaycan  xalq  yaşayış  evlərinin

interyerlərinin bədii tərtibatında tətbiq olunan bədii vasitələr, məişət

memarlığı  elementləri xalqın çoxəsrlik həyati və inşaat təcrübəsinin

nəticəsi olmuş, əsrdən-əsrə, nəsildən-nəslə keçərək təkmilləşmiş,

müasir işıqlı evlərin bədii tərtibatına kimi çox böyük inkişaf yolu

keçmişdir.

XX əsrin əvvəllərinə qədər Azərbaycan xalq yaşayış

evlərinin böyük əksəriyyətində, demək olar ki, mebel olmamışdır. Az-

çox varlı ailələrdə “taxta” adlanan ağac çarpayılar, ağacdan düzəldilmiş

masa, kətil və s. avandanlıqlara təsadüf edilmişdir.



Yaşayış evi tikintisi ilə əlaqədar xalq adətləri. Azərbaycanda

əsrlər boyu xalq təcrübəsi və empirik biliklərin hesabına yaranıb inkişaf

edən, yerli əhalinin məişətində  özünə vətəndaşlıq mövqeyi qazanan

tikinti mədəniyyətimizdə bir sıra maraqlı və son dərəcə  əhəmiyyətli

adət-ənənələr  mövcud olmuşdur. Zamanın keşməkeşlərindən çıxan,

dərin mənası və məzmunu ilə xalqı uğurla təmsil edən bu adət-ənənələr,

ulularımızın əmanəti kimi müasir dövrə qədər gəlib çıxmış, xalq

sənətkarlarının peşəkarlığının, zəngin biliyinin, tikinti mədəniyyətinin



mühüm göstəricisinə çevrilmişdir.  Yaşayış evi tikintisi üçün rahat,

əlverişli yeri seçilməsi, inşaat materiallarının tədarük edilməsi və

daşınaraq ora yığılması, bünövrənin qoyulması, künc daşının bünövrə

yerinə yerləşdirilməsi, möhrə vurulması, divar hörgüsü, tir başa

bağlama, dərasər qaldırmaq və digər inşaat proseslərini ilə bağlı adətlər

xalqın empirik  tikinti təcrübəsinin zənginliyinə gözəl nümunədir.

   Hər şeydən əvvəl yaşayış evi tikiləcək yerin rahat və əlverişli

olmasına üstünlük verilirdi. Bu sahədə etnoqrafik cəhətdən maraq

doğuran bəzi adətlər mövcud idi. Kəndlilər yaşayış yeri tikməzdən

əvvəl, bir qayda olaraq,  həmin yerin tarixi, əvvəlki taleyi ilə

maraqlanırdılar. Əgər seçilmiş sahə keçmişdə döyüş yeri, qəbristanlıq,

pir, sonsuz adamın ev yeri olmuşdursa, onda həmin yerdə ev tikməyi

əlverişli hesab etməzdilər. Xalq etiqadına görə, belə yer ailə üçün

bədbəxtlik gətirə bilərdi. [63]

  Azərbaycanın bütün bölgələrində   adətən yeni ev tikiləcək

yerin halallığı alınardı. Özgənin torpaq yerində, kiminsə gözü, nəzəri

qalmış sahədə (belə yerə “haram yer” deyilirdi), bir sözlə “el ağzında,

sel ağzında, yol ağzında ev tikməyi” ağsaqqallar, ağbirçəklər rəva

görməzdilər. Tikinti yerlərinin halallığının alınması üçün dəvət olunan

ağsaqqal, yerin əvvəlki yiyəsinin nəslindən qalanlardan halallıq

aldıqdan sonra tikintiyə xeyir-dua və rəvac verərdi.

 Yaşayış evi yerini seçərkən gözütox, uğurlu, əli yüngül, xoşbəxt

ailə həyatı sürmüş  şəxslə qonşu olmaq mülahizələrinə də müəyyən

üstünlük verilirdi. Bunun üçün əsrlərcə sınaqdan çıxmış “Yaxın qonşu

uzaq qohumdan yaxşıdır”-elə məsəlinə daha çox istinad edilirdi. Belə

bir mülahizə xalq bayatılarında da öz əksini tapmışdır.

                                  Mən aşiqəm, şum olsun,

                                  Şumla yeri, şum olsun.

                                  Yaxşı evim oluncan,

                                   Bir yaxşı qonşum olsun. [64]

Əlverişli tikinti yeri seçmək üçün dəfələrlə sınaqdan çıxmış belə

bir inanca da riayət olunurdu: Əgər örüşdən qayıdan mal sahibinin

həyətinə çatmamış kəndin içərisində və ya kənarında eyni bir yerdə bir


neçə gün dalbadal yatar, yaxud dayanardısa, onda həmin yer ev tikmək

üçün uğurlu hesab olunardı. [65]

 Azərbaycanın qərb bölgəsini bəzi kəndlərində ev tikmək üçün

rahat yer seçərkən qarşıqa yuvası olan sahəyə də müəyyən üstünlük

verilərdi. Xalq etiqadına görə, qarışqa bolluq, bərəkət, zəhmət timsalı

olduğundan və öz yuvasını quraqlıq yerlərdə qurduğundan, həmin

yerlərdə tikilən evdən bolluq, bərəkət və halal zəhmət əksik olmaz,

nəmlikdən söhbət gedə bilməzdi.

 Quba rayonunda və  Şabran düzənliyində ev tikməyə münasib

yer seçmək üçün düzənlik ərazilərdə və çay kənarlarında torpağı 0,5 m

dərinliyində qazıb oraya içərisi su ilə doldurularaq ağzı parça ilə

bağlanmış  kuzə basdırılardı. Bir gün ərzində orada qalın kuzə çıxarılır,

əgər kuzədə suyun səviyyəsi aşağı düşərdisə, onda belə yer tikinti üçün

əlverişli, suyun səviyyəsi dəyişməzdisə, onda belə torpaq nəmli hesab

olunar, ev tikmək üçün yararsız sayılardı. [66]

 Azərbaycanın əksər etnoqrafik bölgələrində geniş yayılmış

adətə görə, bənna ev inşa ediləcək sahəyə gələrək oranı nəzərdən

keçirər, müəyyən hazırlıq işləri aparıldıqdan sonra evin ölçülərini,

otaqların sayını, fasadın baxar səmtini müəyyənləşdirib, “Xoşbəxt

yaşasınlar!”, “Uğurlu olsun!”-kimi ürəyəyatan sözlər deyər və

bünövrənin sağ küncünə ilk “işarə çiv”ini çalardı. Bu qayda ilə bütün

çivlər çalınıb arasına iplər çəkildikdən sonra bənna bünövərinin

qazılmasına işarə verərdi. Həyatı xoşbəxt və səadətlə keçmiş, əli

yüngül, orucunun, namazının vaxtını keçirməyən, haram işə  əl

qoymayan, oğullu-qızlı, nəvəli-nəticəli ağsaqqal, xeyir-dua verəndən

sonra bünövrə yerinə birinci beli vurar, bundan sonra ustanı və qohum-

qonşuları işə dəvət edərdi.

  Bu zaman, Naxçıvan bölgəsi üçün səciyyəvi olan bir el adətinə

görə, tikiləcək evin sahibi ustanın qabağına meyvə və çərəzlə dolu qab

(tabaq) gətirərdi. Ev yiyəsi və yaxın qohum-qonşular tağın üstünə xələt

(pul, coraq, yaylıq, parça və s.) qoyardılar. Usta “pəh-pəh”lə çərəzdən

dadar, xələti qəbul edər və işə başlardı. Tabaq (xonça) gətirilməsi adəti

üzrə bünövrə qazılanda, tir başı bağlananda və sərmöhrə vurulanda da

icra olunardı. Xatırladaq ki, Lənkəran-Astara bölgəsində bu adət ev

tikilib başa çatdıqdan sonra həyata keçirilərdi.


 Naxçıvan bölgəsinin tikinti ilə bağlı xalq adətləri içərisində

(“Yallah”) deyilən digər bir adət bu gün də qalmaqdadır. Tikinti

başlayarkən usta palçıq dolu malanı yuxarı qaldırır,  və “Yallah”

deyirdi. Bu zaman ev yiyəsi və yaxın qohumlar ustanın malasının

üstünə pul qoyardılar. Usta həmin pulları palçığına sürtüb döşlüyünü

cibinə qoyur, “arxası gəlsin!”-deyirdi. Bu qayda olaraq bütün qohumlar

ustaya pul verirdilər. Bu adət ustanı işə həvəsləndirmək, tikintinin

gedişini sürətləndirmək üçün  maddi stimul yatmaq istəyindən meydana

gəlmişdir.

Şəki-Zaqatala bölgəsində mövcud olan adətə görə, evin

bünövrəsi günəşli günlərdə, adətən sübh çağı qoyulardı. Həmin gün

tikinti sahəsinə gələnlər özləri ilə paltarlıq parçalar, yun corab, əl

dəsmalı, həmçinin qoz, fındıq, qənd, çay və  şirnidən ibarət xonça

gətirərdilər. Burada mövcud olmuş digər adətə görə, bünövrə qoyulan

gün səhər tezdən, iş başlamazdan qabaq qohum-qonşulardan biri xələt

almaq və özünün xoş məramının göstərmək niyyətilə bir araba və ya bir

ulaq yükü daş gətirər, onu səs-küylə bünövrə yerinə boşaldardı. Bu

zaman səsə gəlmiş ev tikdirən şəxs bu xoş məramlı qohuma bəxşiş

verər və səhər yeməyinə dəvət edərdi. O isə hədiyyəni alar, çox vaxt

yeməkdən imtina edər və xeyir-dua verərək gedərdi. [67]

 Bölgədə bünövrə üstündə heyvan kəsib qanını oraya axıtmaq,

boy tiri qaldırarkən bu tirə kəlayağı və ya yelvəngi bağlamaq da bir ayrı

adət idi.

 Quba-Xaçmaz bölgəsinə xas olan dini-magik xarakterli “tikinti

qurbanı” adlanan adət ən qədim təsəvvürlərlə əlaqəli olub, yerin ruhuna

qurban kəsmək əqidəsindən irəli gəlmişdi. Bunun üçün bünövrəyə künc

daşı qoyulduqdan sonra ağsaqqal onun üstündə qurban (qoyun) kəsir,

tikinti sahibi ilə dolçanı heyvanın qanı ilə doldurub qalan üç küncə

tökərdi. Qubanın Amsar kəndində bu ayin ev divarı bir metrə qədər

ucaldılandan sonra icra olunardı. Kəsilən heyvanın ətinin bir hissəsi

qohum-qonşulara paylanar, digər bir hissəsi isə ailədə qalardı . [68]

  Yeni tikiləcək evdə bərəkət və bolluq olmasını təmin etmək

üçün Azərbaycanın əksər bölgələrində bünövrəyə metal pullar, buğda,

çörək, duz bə başqa şeylər qoyur və deyirdilər: “Eviniz-eşiyiniz



bərəkətli olsun”, “Xeyrini, bərəkətini görəsiniz”, “İçində övladınız üçün

toy edəsiniz”.

  Tikinti prosesində ev sahibinə yaxın qohumlar, qonşular, kənd

sakinləri də kömək edərdi. Tikinti sahəsinə ilk dəfə gələn hər bir kəs

“gözaydınlığı” verərək tikintinin üstünə pul və ya başqa hədiyyə

qoyardı. Ev inşasında çox zaman Azərbycan kəndlərində geniş yayılmış

qarşılıqlı yardım forması olan hoy, mədəd, əvrəz (iməcilik) təşkil

edilərdi. Kərpic kəsilməsi, bünövrə qazılması, evin tirinin qaldırılması,

dərasərin qoyulması kimi güc tələb edən inşaat işlərində el köməyi

adətlərinə daha çox ehtiyac hiss olunardı. [69] Hoya (iməciliyə)

gələnlər özləri ilə iş alətləri, araba və s. gətirərdilər. Ev sahibi tikintidə

iştirak edənlərə qoyun kəsər, yemək hazırlatdırardı.

  Tikinti prosesində həyata keçirilən maraqlı adətlərdən bir də

“dərasərin qoyulması”, “tiratdı” adəti idi. Adətən, qapı və pəncərə

açırımlarının üzərinə qoyulan dərasər, eləcə də dam tirləri  yoğun və

möhkəm ağaclardan hazırlanar, nisbətən ağır olardı. Usta tirin və

dərasərin birinin ucundan tutub ucadan: “Qaldıra bilmirəm, kömək

lazımdır”-deyə qışqırardı. Bunu eşidən ev sahibi və yaxın qohumlardan

biri  ustaya  bəxşiş  verər  və  köməkləşib  dərasəri  və  dam  tirlərini

düzəldərdilər.  Ev tikilib başa çatandan sonra ev sahibi ustanın damdan

düşməsi və evin içərisinə keçməsi münasibəti ilə də bəxşiş verərdilər.

Tikinti başa çatan kimi ev sahibi tərəfindən bəzən təziyə (imam ehsanı)

verilirdi. Belə təziyələr ev sahibinin maddi imkanından asılı olaraq  üç

gün, bəzən də bir həftə davam edirdi. Şəki-Zaqatala bölgəsində təziyəni

(imam ehasınını) “mövlud duası” və ya “evgörmə mövludu” əvəz

edirdi.


Ənənəyə görə, ata evindən ayrılıb müstəqil həyata başlayan hər

kəs tikdirdiyi təzə evdə ilk dəfə ata ocağından od gətirərdi. Bu adətin

mahiyyəti dədə-baba ocağının davam etdirilməsi ilə izah olunurdu.

Bundan başqa, ilk dəfə evə xoşbəxtlik və səadət rəmzi olan güzgü,

lampa, bolluq və bərəkət rəmzi duz-çörək gətirərdilər.

   


Lənkəran-Astara  bölgəsinin  kəndlərində  bünövrəyə  bolluq-

bərəkət  rəmzi  olan  əşyaların  (metal  pullar,  duz,  çörək,  qənd,  un  və  s.)

qoyulmasında, xüsusilə də yeni tikilən evə avadanlıqlarının və şirniyyat

xonçasının kimin keçirməsi məsləsində bütün ciddiliyi ilə  əməl edilən



adətlər mövcud olmuşdur. Azərbaycanda qədim matriarxat dövrününü

qalıqları ilə səsləşən bu adətlərə görə, ev tikdirən oğulun anası sağ idisə,

ilk bünövrə daşının altına pul və ya bərəkət rəmzlərini mütləq o

qoymalı idi. Maraqlıdır ki, bağda yetişən ilk meyvəni də ya oğulun

anası,  əgər  o  sağ  deyildisə,  evin  qadını  dərməli  idi.  Şübhəsiz  ki,  bu

adətlərlə qadının-ananın müqəddəsliyi, onun bar ağacına bənzəməsi,

ağacbar gətirən kimi, onun da nəslin davamı olacaq körpə dünyaya

gətirməsi kimi inamlar öz əksini tapmışdır. Qadının özü bar-bərəkət

simvolu olduğu kimi, onun təzə evə öz əli ilə qoyduğu bərəkətdə

gələcəkədə yeni ocağın bərəkətli olacağına inamdan gəlirdi. Ev tikilib

başa çatandan sonra evə ilk gətirilən içərisi yağlı çörək (zerən),

şirniyyat və çərəzlərlə dolu xonçanı da mütləq ya oğul anası, ya da

oğlunun öz qadını gətirməli idi.

  Ailə yeni mənzildə məskunlaşandan sonra qohum və qonşular,

eləcə də kənd sakinləri müəyyən bir hədiyyə alıb, “ev görməsi”nə

gələrdilər. Bu adətin başlıca qayası yeni qurulan ocağa əl tutmaq,

kömək göstərmək təşkil edirdi. Bu zaman yaxın qonum-qonşular,

həmkəndlilər öz imkanı daxilində palaz, pəncərə pərdəsi, damazlıq

heyvan, imkanı geniş olanlar isə xalça, somavar, kətil və s. götürüb

gözaydınlığa gələrdilər. Gələnlərə qonaqlıq süfrəsi aşmaq da bir ayrı

adət idi.



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə