AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu baki folklor öRNƏKLƏRİ 2-ci kitab baki – 2015 layiHƏ RƏHBƏRİ



Yüklə 1,38 Mb.
səhifə6/14
tarix06.07.2017
ölçüsü1,38 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Əjdər Bəy Məscidi (Göy Məscid)
Məscid əsrin əvvəllərində “İttifaq” məscidinin yerində inşa edilib. 1906-cı ildə Sabunçu kəndindən olan Əjdər bəy Aşurbəyzadə 30 kq qızıla bu yeri pristavdan satın alıbmış.

Tarixi sənədlərdən məlum olur ki, məscidin inşası 1912-ci ildə başa çatıb. Gümbəzində “Cümə” surəsi nəqş edilib. Çöldə, qapının üstündə Meras ayəsi kitabəyə salınıb. “Süb­hanə əlləzi əsra biəbdib leylən min əl məscidül-həram 1321”. Sətri tərcüməsi belədir: Pak olan Allah Həzrəti peyğəmbəri gecə vaxtı Məscidül-həramdan meraca göndərdi.

Əjdər bəyin özü məscidin girişində dəfn edilib.

Hacı Soltanəli məscidi

1904-cü ildə Bakının tanınmış axundlarından biri bu məscidin bünövrəsini qoyub. Bu gün “Axund hamamı” kimi tanınan, “Nizami” metrosunun arxasında yerləşən hamamı da o tikdirib. Axund məscidin bünövrəsini tökdürəndən sonra xəstələndiyinə görə tikilini davam etdirə bilmir. Hacı Solta­nəli Haşımov həmin tikilini satın alır və məscidin inşasına baş­layır. Hacı Soltanəli dövrünün xeyirxah, imanlı hacıların­dan idi. Hələ bu məsciddən əvvəl Balaxanıda, Lahıc bağla­rında da məscidlər inşa etdirmişdi.

Məscidin inşası 1910-cu ildə başa çatdırılıb. Tikintidə Şərq memarlıq üslubunun formalarından yüksək məharətlə istifadə edilib. Kümbəzi və divarlarındakı arkalarda 14 məsu­mun adları həkk olunub.

Hacı Soltanəli məscidi Sovet hakimiyyəti illərində müx­təlif təyinatlar üzrə istifadə olunub. Uzun müddət burada hər­bi yataqxana, dərzixana, musiqi məktəbi yerləşib.

1922-ci ildə məscid yenidən müsəlman bacı-qardaşla­rımıza qaytarılıb.

Əvvəllər məscidin 10 metr hündürlüyündə minarəsi olub. Lakin sonralar həmin minarə 8 yerdən çatlamış, uçmaq təhlükəsi ilə üzləşmişdi. Moskvada yaşayan iş adamı, xalqı­mı­zın nəcib, xeyirxah oğlu Hacı Arif Həmid oğlu 1995-ci ildə öz şəxsi vəsaiti hesabına məscidi əsaslı təmir etdirdi, köhnə minarə sökülüb yenisi, daha möhtəşəmi ilə əvəz olundu.

Hacı Arif həmin tikinti işlərində çalışan 24 nəfər usta və fəhləni öz hesabına Kərbəlaya, Suriyaya ziyarətə göndərdi. Məscidin axundu Hacı Mirənnağı Hacı Mirqədir oğlunu və memarını isə Məkkə ziyarətinə yola saldı.

Əli Ayağı” Qədəmgahı


Bir çox qədim tarixi mənbələrdə Buzovna ilə bağlı məlumatlara rast gəlinir. Buradakı tarixi-memarlıq abidələri, türbələr, (seyid Qasım, Şeyx Cavad, seyid Gülşan), “Qara paltar” piri (1306), “Xəlifə Əli və Məhəmməd mömin” türbə­sinin qalıqları dediklərimizə əyani sübutdur. Bu cür abidələr göstərir ki, Buzovna İslamın erkən təşəkkül tapdığı, yüksək mənsəbli din xadimlərinin, imamlarımızın və onların övladla­rının mehr saldığı bir müqəddəs məkan olmuşdur.

Qəsəbədəki “Əli ayağı” qədəmgahı isə imam Həzrət Əli ə.s.-nın adı ilə bağlıdır. Bəzi tarixçilərimiz Həzrət Əlinin bura necə gəlib çıxdığını əsaslandırmağa çətinlik çəkirlər. Elə isə peyğəmbər salavatullahın Məscidül-həramdan meraca qalx­ma­sını necə izah edə bilərlər? Hər gün yüz minlərlə insan dara düşəndə Allahın sevimli imamı Həzrət Əlini köməyə çağırır və nicat tapılarsa, Əli ə.s. onların hayına necə yetişir?!

1919-cu ildə Bakı Dövlət Darülfünunda müəllim işləmiş görkəmli alim Mirzə Məmmədağa yazırdı:

“Deyilənlərə və əsrimizə gəlib çatan rəvayətlərə görə, Hicrətin 13-cü ilində naməlum bir dəstə Abşerona gəlib, hər yeri gəzib və heç kimlə əlaqə saxlamayıb.

Məkkə və Mədinədən tez-tez Bakıya ticarət etməyə gələn və imamı tanıyan iki qardaşdan biri dəniz kənarında bu atlı dəstəsini görür və məətəl qalır. O, diz çökərək dəstə başçısından soruşur:

– Ya Əli, siz burda neyləyirsiniz?!

Həzrət onu tanıdıqları üçün hirslə bir ayağı üzəngidə, bir ayağı yerdə ata qalxır. Soruşur ki, onu haradan tanıyır?

O, tacir olduğunu, tez-tez Məkkə-Mədinədən Bakıya gəldiyini və Həzrəti oradan tanıdığını bildirir.

Həzrət Əli ə.s. ata minərək o yerdən uzaqlaşır. Tacir dəstə getdikdən sonra qayanın üstündə imamın ata qalxdığı anda ləpirinin və atın dırnaqlarının yerinin qaldığını görüb ətrafdakı insanları bu möcüzəyə baxmağa dəvət etmişdir.

O vaxtdan həmin yer müqəddəs hesab edilmiş və in­sanların ziyarətgahına çevrilmişdir. Hətta çar canişinliyi bu­rada baş verən möcüzələri eşidərək 10 nəfər ruhaninin şahid­liyi ilə 1861-ci ildə 12647 saylı nömrə siyahısı ilə qədəmgahı rəsmi qeydiyyata almış və Şeyx Kərbəlayı Əliyarın oğlu Şeyx Hacı Hüseynəlini qədəmgaha nəzarətçi təyin etmişdi.


Pirhəftəxar piri
Deyilənlərə və dövrümüzə gəlib çatan rəvayətlərə əsa­sən, Bilgəh qəsəbəsində Pirhəftəxar pirində imam Museyi-Ka­zımın başqa bir qızı – Leyla xanım dəfn edilmişdir. Xanı­mın dəfn edildiyi məkan əvvəllər qədim qəbiristanlıq olmuş­dur. Pirhəftəxar-həftənin gəlini mənasını verir. Deyilənə görə, Leyla xanım ailə həyatı qurandan bir həftə sonra vəfat edib. Hələ lap qədim vaxtlardan bu yer yerli əhalinin, ətraf bölgə­lərdən gələnlərin ziyarətgahı olub. Lakin sovet hakimiyyəti illərində pir baxımsızlıq ucbatından acınacaqlı vəziyyətə düşmüşdü. 90-cı illərdə pir abadlaşdı­rılmağa başlanıldı. 2002-ci ildə ilahi vergili, xeyirxah insan, ocağından çoxlarının şəfa tapdığı Hacı Etibar Misir oğlu Nəsibovun şəxsi vəsaiti hesa­bına burada təmir işləri görülmüşdü. 2004-cü ildə isə adının açıqlanmasını istəməyən çox nəcib bir xanım pirdə əsaslı surətdə təmir işləri gördürməyə başlamışdır.

Aqil Baba, Yeddi Qapı ziyarətgahı
Maştağa qəsəbəsindəki ulu, nəcib seyidlərimizdən biri də 425 il bundan əvvəl yaşamış seyid Mirkamil ağadır. Keç­miş zamanlarda onun qəbrinin üstündə seyid Pənah seyid Şahmar oğlu tərəfindən məqbərə tikilmişdir.

Seyid Mirkamil ağa uzunömürlü olub. Rəvayətə görə, 125 il ömür yaşayıb. O, dövrünün müdrik, aqil, sınaqlı, kəramətli seyidi idi. Elə ona görə də el arasında ona çox vaxt “Aqil baba” deyə müraciət edərdilər.

Şah Abbas öz hakimiyyəti illərində göstəriş vermişdi ki, Azərbaycanın bütün bölgələrində məscidlər tikilsin. Fərman­dan müəyyən bir vaxt keçəndən sonra yerinə yetirilməsinin nəticələrini öyrənmək üçün Şah Abbas səfərə yollanır. Gəzə-gəzə gəlib Maştağa qəsəbəsinə çıxır. Burada ilahi vergili, imam Hüseyn.ə.s. nəslindən olan seyid Mirkamil adlı bir seyidin kəramətləri barəsində xəbər tutur. Şah Abbas seyid Mirkamil ağanı sınamaq istəyir. Təxti-libas olub dərviş pal­tarında ağanın Güladizidəki bağına yollanır. Soraqlayıb ağa­nın bağını tapır. Bərk istilər keçirmiş. Şah Abbas ağanın bağı­nın qapısını döyür. Görür ki, ağa yayın istisində ləklərdən alaq otlarını təmizləyir. Yaxınlaşıb salam verir.

Seyid Mirkamil ağa:

– Xoş gəlmisən, şahım, – deyə salamı alır.

Şah Abbas onu necə tanıdığına məəttəl qalır. Deyir ki, madam ki, sən belə qüdrətli, kəramətlisən, niyə bir dua etmir­sən ki, otlar-alaq özü təmizlənsin?

Seyid Mirkamil ağa ixtisarə edir. Ləkdə olan alaq otları kənara tökülür.

Yenə dua oxuyur. Otlar yenə öz yerinə qayıdır. Ağa Şah Abbasa öz möcüzəsini göstərəndən sonra deyir ki, bu, mənim zəhmətimdi. Onu çəkməliyəm.

Şah Abbas seyid Mirkamil ağanın özü ilə aparmaq is­təsə də o razılaşmır....

Seyid Mirkamil ağanın dəfn edildiyi qəbirstanlıq “Se­yid­lər qəbirstanlığı” adlanır. Onun buradakı qəbri üstündə Hacı seyid Muxtar ağa gözəl bir kümbəz ucaldıb, tikinti işləri görüb, su çəkdirib. O, rəhmətə gedəndən sonra onun xeyirxah əməllərini oğlu seyid Əkbər ağa davam etdirib. Seyid Əkbər burada məscid tikdirib, yollar salıb, ziyarətgahın həyətində gül-çiçək əkdirib, bir çox xeyirxah işlərin təşəbbüskeşi və icraçısı olub.

Onu da xatırladaq ki, seyid Mirkamil ağanın kümbəzi­nin içərisində Ağamir Əbdülqəni ağa və iki oğlu, o cümlədən axund Mircavad, axund seyid Məhəmməd də dəfn ediliblər.

Ağanın kümbəzinin yanında daha iki kümbəz ucaldılıb.

Birinci kümbəz onun nəslinin davamçısı, özü kimi kəra­mətli, sınaqlı seyid İbad ağa (1900-1972) və bacısı Xədicə xanımınkıdır.

Seyid İbad Kərbəlayi seyid Hadı oğlu Maştağada doğul­muşdur. Qardaşları seyid Miryəhya və Mirmöhsün mühari­bəyə getmiş və onların qara kağızları gəlmişdir.

Seyid İbad ağa dünya malında gözü olmayan, xeyirxah əməllər carçısı idi. Minlərlə insan onun yanına pənah gətirər, dərdlərinə şəfa tapardılar. Böyük Vətən müharibəsi illərində ağaya çoxlu sayda gətirilən nəzir-niyazı o fağırlara, xəstəxa­nalara paylayırdı. Bəzən ona “Tərki dünya” da deyirdilər. Çünki onu nə vaxt çağırsan, həmişə haya çatandı. Onun yaşa­dığı ev bu gün ziyarətgaha çevrilib. Ocaqdan 300 nəfərə yaxın imkansıza maddi yardım göstərilir.

Seyid İbad ağanın ocağında Hacı seyid Məhəmməd ağa­nın bacısı oğlanları, seyid Əkbər, Məşədi Adil və Məşədi Qa­sıməli ziyarətə gələnlərə xidmət göstərir, insanlara dua edirlər.

Seyid Mirkamil və seyid İbad ağanın kümbəzlərindən bir az aralıda dövrünün oxumuş, dərin savadlı, neçə-neçə alim yetişdirmiş axund Mir Həbib ağa oğlu Mir Mustafa ilə dəfn ediliblər. Onların üstündə də xeyirxah eloğullarımız kümbəz ucaldıblar.

Seyid Mirmövsüm Ağa
Mirmövsüm ağanın nəsil şəcərəsi ulu, müqəddəsdir. Atası Mirabutalıbın soy-kökü 7-ci imamımız Museyi Kazıma bağla­nır. Ulu babaları Kərbəlada doğulmuş, bu müqəddəs məkanda-imam Hüseyn ə.s. qanı ilə yoğrulmuş torpaqda bö­yü­yüb ərsəyə çatmışdır. Mirabutalıb ağa dövrünün oxumuş din xadimlərindən, sınaqlı seyidlərindən idi. XIX əsrin axır­larında Abutalıb ağa Azərbaycana köçür. O vaxt Bakı sürətlə inkişaf edir, şəhər dünyanın qabaqcıl neft mərkəzlərindən birinə çevrilirdi.

Seyid Abutalıb ağanın üç oğlu və üç qızı var idi. Seyid Hüseyn, seyid Mirkazım, seyid Mirmövsüm, qızları Qönçə-Səkinə, Fatmanisə və Zeynəb.

Ailənin böyüyü seyid Hüseyn ağa Kərbəlada təhsil almışdı. Dövrünün qabaqcıl elm, din xadimləri ilə bir sırada addımlayar, mütərəqqi fikirli ziyalılarla oturub durardı. Seyid Hüseyn ağa müdrik, əqidəli imam-peyğəmbər övladı idi. Nəvəsi Rüfət Mahmudov danışır ki, seyid Hüseyn ağa ilahi vergili olsa da qardaşı Mirmövsüm ağanı Böyük ağa kimi qəbul edirdi.

Mirmövsüm ağanın 3-cü qardaşı seyid Mirkazım ağa 1886-cı ildə İçərişəhərdəki 3 saylı evdə anadan olub. O, dövrünün tanınmış ziyalısı idi. Fransada ali təhsil almış, ərəb, fars, ingilis dillərini mükəmməl öyrənmişdi.

Bu nəslin 4 nümayəndəsi: Mir Abutalıb, onun həyat yol­daşı Xədicə xanım, seyid Hüseyn ağa və Mirzeynəb xanım Kərbəlada rəhmətə gediblər. Seyid Mirkazım ağa və Səkinə xanım Şüvəlan qəbirstanlığında, Fatmanisə xanım isə Buzov­nada dəfn olunublar.

QARAVƏLLİLƏR
Bağa köçirdüg, yatağda bir axsağ fərəmiz qaldi bizim. Bu biri il köşdüg qışdağa; gördig ki, yatağ dolıb yımırteynən, at-leteg gətirdig, yımırtalari çəkdik qırağa. Vəl gəzdirdig üssə, sourduğ.

Fərəsi bir yanə ayrıldi, xorızi bir yanə.

Bir axsağ xorız ayrıldı olardan. Kəsdim xorızi, qanınnan bir ağac gögərdi, başında bir qarpuz, qarpuzi dərdim, kəsim, pıçağ düşdi içinə, soyundum girdim içinə, axtarırdım, gördim: bir kişi rast gəldi mənə, dedim yeddi qatar dövə itib axtarı­ram, tapa bilmirəm.

Ağakişi dayi diyir: – qışdağdan gəlirdim, gördim ağ ça­dır var, ati çəkdim bağladım çadırın atda, odın yığdım ot bas­dım; başdadım əlimi qızdırmağa.

Gördim yuxardan su tökilir, gördim göbəlegdü.

* * *


Səlli əla saxsağan, yağlı fətir, gög soğan, nallı doşan, çulli qurt, bizou qoan bildirçin, kərtənkələ mal satır, sərçə tərəzi tutur, gomış başın qırxdırır, dövə fəlleglig edir.

Nərgüz xatın yonca bekim, pegni saldığ gəlinin kəbinnə.



LƏTİFƏLƏR

MƏZƏLİ ƏHVALATLAR

Vaxtilə Aydəmir adlı bir xiləli (Əmirhacıyan) bərk ağac­vuran olubmuş. Qoca vaxtı arvadı ilə birlikdə ağacı qoltuğunda uzunqulağın belində Binədən keçirmiş. Ağac vurmaqda ad çıxarmış Daşdəmir bir kürkətdi də bu zaman küçə qapılarında oturubmuş. Qocanın kimliyini tanımayan Daşdəmir onun ağa­cını əlindən almaq istəyir. Aydəmir kişi cavanın qanacaq­sız­lığını görüb deyir: “Oğul, qoy yolumuzu gedək, biz qoca adam­larıq, sənin bizimlə işin olmasın”. Kürkətdi əl çəkmir ki, ağacı verməlisən, gözüm tutub onu. Qoca çarəsiz qalıb deyir: “Oğul, heç olmasa gəl mənə bir-iki ağac vur, sonra onu al məndən. Belə versəm, arvad deyər nə biqeyrət, qorxaq ərim varmış. Döyüləndən sonra ağacı versəm, bəhanəm olar ki, o cavan, mən qoca, gücüm çatmadı, aldı”. Razılaşırlar. Ağacla­şırlar. Aydəmir kişi bəlgə bağlanmış qolunu qabağa verərək əsasən müdafiə olunur. Nəhayət, sərrast bir zərbə ilə kürkətdi cavanı yerə sərir. Zərbədən bihal olan gənc uzanmış halda qo­canın adını soruşur və deyir: “Sənin adın Aydəmirdir, mənimki də Daşdəmir. Daşdəmir Aydəmirin yanında xəmirdir, xəmir”.


* * *

Bir dəfə bir qalalı (şüvəlanlı) şağanlı Yədullagilə qoyun al­mağa gəlir. Bu vaxt Yədulla su sulayırmış. Qalalı Yədullanı səs­ləyir. O, içəridən cavab verir ki, bəs gir həyətə. Qonaq küçədə ikən bildirir ki, bayıra çıx, sözüm var. Yədulla suyu başlı-başına buraxa bilmədiyindən bir daha qonağın içəri gəlməsini israr edir. O isə: “Əşşi, ayıbdır, içəridə adam-zad olar (yəni arvad-uşaq mənasında)”. Hazırcavab Yədulla isə: “A kişi, sənə dedim gir içəri. Evdə, həyətdə adam olar da, təki evə gələn adam olsun”.

* * *

Yədullagilin ailəsi Şağanda nisbətən kasıb yaşayan ailələrdən olmuşdur. Ailə həyətyanı sahədə əkib-biçər, az sayda qoyun saxlayarmış. Bir qisim digər ailələr kimi onlar da çöldən tikan vuraraq daraq edər və satardılar. Bu cür məqsəd­lər üçün həyətdə uzunqulaq saxlanılarmış. Yədulla isə bərk atbaz olub. Ömrünün son on, on beş ili ərzində bir at alıbmış.



Bir gün qonşu kənddən keçərkən bir neçə nəfər kişi xeylağı ələ salıb, lağ etmək məqsədilə onu saxlayıb deyirlər: “Yədulla, eşitmişik at almısan, mübarəkdir. Ancaq sənə bir işimiz düşüb. Bilmirik razı olarsan, yainki yox”. Yədulla deyir: “Buyurun, mümkün olan şeyə göz üstə, əməl edərəm”. Qayıdırlar ki, bəs istəyirik sənin atından tum (döl) götürək, gərək yox deməyəsən. Yədulla başa düşür ki, onu ələ salırlar. Bir qədər fikrə gedib belə bir cavab verir. “Mənim sözüm yoxdur. Ancaq biz ata-babadan eşitmişik ki, atdan at üçün tum (döl) götürərlər, daha eşşək üçün yox”. Bu sözdən bərk pərt olan qonşu kəndlilər heç bir söz deməyib gedirlər.
* * *

İki nəfər heyvanxanaya gedibmiş. Bir heyvanlara ba­xandan sonra gəlib zebr olan qəfəsin yanına çıxırlar. Hə ba­xırlar, kəsdirə bilmirlər ki, bu hansı heyvandır; at belə ol­maz, qatıra oxşamır, eşşək isə zolaqlı olmur. Xeyli fikirlə­şir­lər. Nəhayət, biri o birinə qayıdır ki, bəs tapdım nə heyvandır.

– Nədir?

– Əşşi, bu marskoyların (dənizçi) eşşəyidir.

* * *

Sahə müvəkkili çayxana qarşısında bağlanmış eşşəyə yaxınlaşaraq hirslə soruşur:



– Bu eşşəyin böyüyü kimdir?

Bir nəfər çayxanadan tələsik çıxıb gəlir eşşəyin yaxın­lığına və: “Nəçənnik, mənəm,” – deyib əmrə müntəzir boynu­nu bükür.


* * *

Bir dəfə bir məclisdə cavanlar oturub hərə özündən deyib, basıb-kəsirlərmiş. Ağsaqqal, əməlisaleh bir kişi də kənarda oturub bunlara qulaq asırmış. Xeyli söz-söhbətdən sonra məclisdəkilərdən biri qayıdır ki, ay dayı, bir-iki kəlmə də sən söhbət elə də... Kişi qayıdır ki, metrəm evdə qalıb. Sual verən gülüb deyir ki, a kişi, metrənin söhbətə nə dəxli var? Kişi cavab verir ki, bala, siz özüvüzə baxmayın, ağına-bozuna baxmadan nə gəldi döşüyürsüz. Mən sözümü ölçüb-biçmədən danışa bilmərəm.


* * *

Üç nəfər Məkkə ziyarətinə gedibmiş. Ziyarətdən qabaq aralarında belə bir söhbət olur ki, indiyə kimi kimin nə gü­nahı, pis əməli olubsa, and içsin ki, daha həmin işləri yerə qo­yacaq. Biri qayıdır ki, mən elə bir pis əməlin sahibi deyiləm. İkincisi, deyir ki, mən bu vaxta qədər söyüş söyən olmuşam, ziyarətdən sonra birdəfəlik bu əməldən əl çəkməyəcəm. Üçün­cü zəvvar danışır ki, bəs vaxtilə bizim Xəşxunə tərəfdə böyük bağımız vardı. Anam doşab bişirərdi. Mən bardağı ya­rıdan yuxarı daş-torpaq ilə doldurar, sonra isə doşabı üstün­dən töküb ağzını bağlardım. Qış vaxtı isə onları şəhərə, Sa­bun­çuya, Suraxanıya aparıb bardağı ilə bir yerdə satardım. İndi bir növ o əməlimə peşiman olmuşam. İkinci zəvvar qayı­dır ki, mən sözümü geri götürürəm, söyüşdən əl çəkməyəcəm. Elə bir pis əməl tutmamışam. Zəvvar soruşur ki, bəs belə niyə? Deyir: ”Əşşi, bu cür köpək oğlunun atasının gorunu söy­məyəsən, nə edəsən? Bunun lap atasının kəlləsini...”


* * *

Əsrimizin 30-40-cı illərinin söhbətidir. Ruhulla adlı bir nəfər türkanlının şəhərdə dükanı varmış. Türkandan şəhərə kim mal satmağa gedərmişsə, Ruhullanın yanına düşərmiş. Bir dəfə türkanlı Ağəmi də şəhərə satmağa qovun aparıbmış, Ruhul­lanın dükanından bir qədər aralı qovunu töküb satmağa baş­layır. Bu arada bir uşaq gəlib qovunlardan birini oğurlayıb qaçır. Ağami əhəmiyyət vermir ki, yəqin yetimdir. Bir az keçir, uşaq aranı xəlvətə salıb daha bir qovun oğurlayır. Ağəmi başa düşür ki, bu uşaq oğurluğa qurşanıb. Qovun sata-sata ətrafa göz qoyur ki, uşaq yenə gəlsə, onun dərsini versin. Bir qədərdən sonra uşaq qayıdıb yenə qovun oğurlamaq istəyərkən Ağəmi buna möhkəm bir şapalaq çəkir. Uşaq ağlaya-ağlaya çıxıb gedir. Azca keçəndən sonra tindən üç-dörd bığıburma çıxıb Ağəminin üstünə cumur. İşin yaxşı qurtarmayacağını duyan Ağəmi qaçıb Ruhullanın dükanına girir. Bığıburmalar dükana soxulmaq istəyərkən Ruhulla çıxır bunların qabağına ki, nədir, nə olub? Qayıdırlar ki, bu dəqiqə sənin kəndçini öldürməliyik. Bizim bütün zəhmətimizi heçə vurdu. Ruhulla qayıdır ki, ay qardaşlar, o, sakit, kasıb adamdır, uşaq oğurluq edib, ona görə də onu vurub. Deyirlər, əşşi, sən nə danışırsan, biz o uşağa elə təzə-təzə oğurluq öyrədirdik ki, vurub gözünü qorxutdu. Bu isə nə kişiliyə, nə də cayıllığa yaraşan iş deyil.


* * *

Qonşu kəndlərin birində olan söhbətdir. Biri qayıdır öz həmkəndlisinə:

– Nə oldu, bu il məsi (məhsul) üçün təzə peyin aldın?

– Yox, qədeş, hələ nükbar (nübar) eləməmişəm.

* * *

Uzun müddət Mərdəkanda çayxanada işləmiş çayçı danışır ki, kənd camaatı içərisində Əmoğlu adı ilə çağırılan bir nəfər, demək olar ki, hər gün çayxanaya çay içməyə gə­lərdi. O zamanlar (söhbət 60-ci illərin sonu, 70-ci illərin əv­vəllərindən gedir) çayxanada çay armudu stəkanda verilərdi. Əmoğlu deyilən şəxs həmişə 9 stəkan çay içib, pulunu ödə­yərkən deyərdim: – Əmoğlu, bunu elə bir stəkan da iç, 10 olsun, pulu da bütöv çıxdım də. Qayıdardı ki, məni nə hesab edirsən, inək-zadam sənin üçün bəyəm?!



* * *

Əsrimizin 40-cı illərinin olmuş əhvalatıdır. Bir gün Dörəli adlı bir zirəli öz həmkəndlisi ilə şəhərə bazarlığa gedibmiş. Geri dönərkən ət dükanından 5 kq ət almaq istəyir. Məlum olduğu kimi, qarın piyi həmişə ətdən ucuz olub. Lakin buna baxmayaraq, çox vaxt qəssablar müştəriyə ət çəkərkən üstünə azca qarın piyi də qoyurlar.

Dörəli qəssaba deyir ki, 5 kq ət çək, amma piy qoyma, evdə heç kəs piy yeməyir. Qəssab isə Dörəlinin sözünə heç məhəl də qoymayır, əksinə, ətin yarıdan çoxunu piy çəkir. Dö­rəli qayıdır ki, mən sənə axı söz dedim, belə isə, bu əti aparmayacağam. Qəssab gözünə döndüyüm də zırının biri olubmuş. Baltanı yuxarı qaldırıb qayıdır ki: “Köpək oğlu, köpək aparacaqsan! Yoxsa sənin də qarnının piyini çıxarıb ətə qataram”. Dörəli qorxudan bir söz deməyib, əti də götürüb düzəlir yola. Gəlir çatır Zirə kəndinin qırağına. Əti qoyur yerə və: – “Köpək oğlu da varsan, it oğlu da!” Dedim sənə apar­ma­yacağam, aparmayacağam da!” – deyib əti qoyur durduğu yerə, əliboş evə qayıdır. Arvadı niyə ət almadığını soruş­duq­da, Dörəli cavab verir ki, qəssabın verdiyi əti bəyənməyib əvvəl söydüm onu, sonra da malı başına çırpdım.
* * *

Noxani kəndində bir nalbənd olur. Bir nəfər Saray kən­dinnən atı gətirir nallatmağa. At bədnal olur. Bu hərçi bağlı­yır, at diyammır; sora bu atı gətirir dilinnən bağlıyır; sora atı nalıyyır. Mıxı vıranda, at çapalıyir, dili qırılır. Bir neçə vaxt keçir mınun üssünən. Oğlan taza toy eliyibmiş. Qaynatasi xə­bər göndərir onçun, gəlsün, mənə kömeg eləsün, taxıli piçeg. Bu oğlan da gəlir. Daha bu kişünün yanna gəlmir, başdiyir bir tərəfdən piçmegə. Kişi çağırır ki, gəl çöreg yiyeg. Oğlan da gəlir eyləşir, hindi isdir ki, qeynatasi ilə söbet edə bir qədər açıla, kişidən xəbər alır:

– Ay əmi!

Dir: – Qado alım, nə diəsən?

Oğlan dir:

– Nə meyvədü güli yox, nə heyvandu dili yox?

Kişi cavab vərir:

– Qado alım, əncil ağacıdu güli yox, saraylınun atıdu dili yox.

Oğlan mıni eşidən kimi, acığ elir, çıxır gedir.
Həciynən lotunun söbeti
Bir Həciynən bir loti yoldaş olullar. Loti dir Həciyə ki, ay Həcəmi, könə kişisən, bir ez söbet eləginən. Həci dir ki, baş üssə, oğlım. – Həştərxana gedirdim, yolda proxotda gör­dim ki, dəzdən bir balığ atıldi, ağzında dörd yüz qırx diş saydım.

Loti baxır görür ki, Həmcinün didigi təmiz yalandu. Başdir: – Ay Həcəmi, atam remetdig bir gün məni göndərdi ki, ged, baği bellə. Həci, bağmız da Şüvəlandeydi. Mən də gedib başdadım baği işdəmegə. Birdən əlimi cibimə saldım, gördim cibimdə üş-dörd dənə qorulmuş kudi tumi var. Öz-özümə didim ki, əşi mıni çıtdamağdan noleceg, yaxşısi budı ki, bulari ek. Həci, mən də bir çala qazıdım, tumlari saldım ura. Qəydib gələnnən sora, gördim tum gögərib, bir qəriş də qol vərib. Bir vədrə də su vərdim. Axşam oldi, çıxdım, gəldim. Bu birsi gün getdim, gördim ki, tağ hasardan aşıb, düşib yolın içinə, gördim ki, yoldan keçən ərəbələr taği əzib korriceglər, getirdim, altıni payaladım. Həyfim gəldi, Həci, bir vədrə də su vərdim. Üçümci gün gəldim gördim ki, Həci, tağ çatıb Binə bağlarına. Bir vədrə də su vərdim, Həci, Binə bağlarıni eşidən kimi, qəydir lotiyə:

– Ay oğıl, bərkəm səf elirsən, o uzunnuğunda tağ olmaz ki?!

Loti dir ki, Həcəmi, işüə bax, səncegez öləsən, balığun dişin azaldırsan, azald, azaldmason, gedib bir vədrə də su vərecəgəm.


İki yalançi
İki yalan danışan olır, dillər: gedeg yalan danışağ, ancaq bir-birimizin yalanni təsdiğ eliyəg. Yoldaşi dir, əybi yoxdu, gedeg.

Gəllər çıxıllar bir kəndə. Biri başdir ki, mən eşitdim ki, gögdə küçig zınqıldir. Camat yığılır qınıyillər oni ki, pa atonnan yalan yesi! A balam, küçig gögə necə çıxdi. Yoldaşi baxır görir ki, iş şuluğdu, olari dögegeglər. Dir: Əşi, nöşün qınıyirsuz oni, olar də, çalağan vurar caynağına aparar gögə, zınqıldiyəndə o da sesini eşidər. Sora ikinci dir ki, siz ona nə dirsüz ki, mənim atamın bir töləsi var, atı tölənün bu başında cütdəşdirirsən, o başına gedəncə doğur.

Birinci dir ki, mənim atamın da bir şüli var, hələ ki qurağlığ olur, bulutdari aralir, yağış başdir yağmağa.

Ikinci dir ki, pa atonnan yalan yesi, pes oni harda saxlir.

Birinci cavab vərir ki, sənün atoun töləsində.

İki adam bir-birinən söbet başdiyillər ki, bu alayi-alayi yerrərün danışığlarıni necə başa çıxağ. Dillər ki, bekili cüt danışır, u bir nəfər dir ki, şamaxlı eyhamla danışır, dərbətdi kəllə danışır. Oni neynən bileg.

Didilər ki, olari bir-bir gətirün, dindirün.

Şamaxlıni çağırdılar, gəldi, içəri girəndə qaş-köz ilədi, nə var? Onda bildilər ki, o şamaxılıdu. Bekilini gətirdilər, onnan xəbər aldılar ki, dillər süz cüt danışırsuz. O didi ki, biz danuşmanuğ, kətdi-kütdi danışar. Dərbətdini çağırdılar, gəldi; didilər ona süz kəllə danışırsuz. U idi ki, hasi quduğ oğli diədü uni!



NAGILLAR
Qaraqaşın nağılı
Biri var idi biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bu odunçunun oğlu, uşağı yox idi. Bir gün evdə ər-arvad oturub söhbət edirdilər. Söhbət vaxtı arvad ərinə dedi:

– A kişi nə olaydı, bu evimizdə oğul adı çəkiləydi. Qorxuram düşüm ölüm, ürəyimdə oğul dağı qalsın.

Odunçu dedi:

– Ay arvad, nə səfeh-səfeh danışırsan? Cavanlıqda do­ğub törəmədin, yetmişində balalamaq istəyirsən?

Arvad kişinin bu sözünün üstündən heç bir söz demədi. Gecəni yatdılar. Səhər tezdən arvad səhəngi götürüb ovdana suya getdi. Səhəngin ovdandan doldurub evə gəlirdi, yorulub yolda oturdu. Gördü ki, dizinin üstə bir göy yarpaq düşdü. Amma ətrindən doymaq olmur. Arvad yarpağı dilinin altına qoyub, səhəngi alıb çiyninə yollandı evə tərəf.

Arvad qanov qırağı ilə gedirdi, birdən səbir gətirdi. Yar­paq ağzından düşdü qanova. Su yarpağı apardı. Arvad səhəngi qoyub yerə, yüyürdü yarpağın dalıncan. Ha burda, ha orda yarpağı tuta bilmədi. Bir xeyli yol gəlib çatdı bir qalaçaya. Gördü ki, burada bir dərviş qabağına bir manqal qoyub, kitab­dan oxuyub, manqala üfürür. Dərviş birdən qalxıb odunçunun arvadına dedi:

– Xoş gəlmisən!

Bir qaşıq ağzının suyundan damızdırıb qaşığa, odunçu­nun arvadına verdi. Odunçunun arvadı əvvəl qorxdu, istmədi alıb içə. Sonra özünə ürək verib, dərvişin tüpürcəyini alıb iç­di. İçən kimi dərviş qalxıb ayağa, arvada bir sillə çəkdi, gö­türüb saldı otaqların birinə.

Odunçunun arvadı haçandan-haçana özünə gəlib, gözlə­rini açdı, gördü ki, balaca bir otaqdı. Amma burada heç kəs yoxdu. Tez durdu ayağa qaçsın, gördü ki, burada bir qapı var. Sındırıb qapını girdi içəri, gördü ki, burada o qədər arvad var ki, gəl görəsən. Saçından asılan saçından asılıb, daşa dönən daşa dönüb. Odunçunun arvadı yapışıb qızların birinin saçından açıb qoydu yerə. Xəbər aldı:

– Ey biçarələr, sizi saçınızdan kim, nə səbəbə asıb?

Qız dedi:

– Mən padşah qızıyam. Bir gün atamın bağında gəzir­dim. Gördüm ki, yerdə bir yarpaq var. Götürüb əlimdə oyna­dırdım, birdən yarpaq əlimdən sürüşüb düşdü qanova, başladı axıb getməyə. Mən də düşdüm yarpağın dalıncan ki, tutam. Gəlib çıxdım qalaçaya. Qabağıma bir dərviş çıxdı, tüpürcə­yindən bir qaşıq verdi ki, içəm. Mən də iyrənib atdım. Acığı tutub, məni bu otağa salıb, saçımdan asdı.

Odunçunun arvadı o biri arvadları da saçından açıb xəbər aldı ki:

– Bu nə əhvalatdı?

Necə ki, padşah qızı danışdı, o biriləri də elə danışanda odunçu arvadı dedi:

– Ey qızlar, bilin və agah olun! Mən də sizin gününüz­dəyəm. Qızlar, gəlin qaçaq! Yoxsa bu dərviş bizi qırar.

Odunçunun arvadı arvadları qatıb qabağına, iki qapı keçdilər, üçüncüyə çatanda gördülər ki, qapının ağzında əj­daha var. Qızlar qorxub geri qaçanda odunçunun arvadı dedi:

– Qaçmayın! Bu saat mən əjdahanı öldürərəm.

Odunçunun arvadı yeriyib irəli, yapışdı sağ əli ilə əjda­hanın alt çənəsindən, sol əli ilə üst çənəsindən çəkib-dartıb iki bölüb, atdı bir yana. Qapı açıldı. Keçdilər ikinciyə, gördülər ki, burada bir pələng var. Odunçunun arvadı pələngi də belə öl­dü­rüb, keçdilər. Bir qapıda gördülər bir tülkü var. Odun­çu­nun arvadı tülkünü öldürmək istədi. Tülkü dil açıb dedi:

– Məni öldürməyin. Sizə yaxşılıq eləyim.

Odunçunun arvadı əl saxladı.

Tülkü dedi:

– Dərviş qırx günün yuxusuna gedib. Bu gün qırx günü tamamdı. Ayılsa vayınızdı. Bax, bu qapıdan çıxıb qaçın!

Odunçunun arvadı tülkünü öldürmədi, tülkü də bunlara yol göstərdi, qaçıb getdilər. Bir xeyli gedəndən sonra hərə öz evinə dağıldı, odunçunun arvadı da çatdı, səhəngini qoyduğu yerə. Gördü ki, səhəngi sağ-salamatdı. Alıb səhəngi, gəldi evinə.

Odunçu, arvadı gedəndən sonra bikef idi. Ürəyindən min bir xəyalət keçirdi. Bir də onu gördü ki, arvad budu səhəng çiyninə gəlib çıxdı.

Odunçu yerindən qalxıb, əl atıb kösövə dedi:

– Ay itin qızı, hardaydın?

Arvad dedi:

– Kişi, bir səbir elə, başıma gələni sənə danışım, sonra neyləyirsən elə!

Odunçu kösövü yerə qoyub dedi:

– Danış görək!

Arvad başına gələn müsibəti ərinə danışdı. Odunçu arvadını çox istəyirdi. Əlacı kəsilib arvadına dinmədi. Birdən baxıb gördü ki, arvadı hamilədi. Kişini hirsindən od götürdü, əl atdı dəyənəyə. Dəyənəyi qoyub, yapışdı kösövdən. Kösövü qoyub, yapışdı baltadan ki:

– İtin qızı, sən hamiləsən, gərək səni öldürəm.

Arvad dedi:

– Ay kişi, ağzımda sənə bir Quran söz danışmışam. Bu olsa, dərvişin tüpürcəyindən olacaq. Qoy görək başımıza nə gələcək.

Odunçu əl saxladı. Amma dərviş hərdən gözünün qaba­ğında duranda kişini od götürürdü, yenə şeytana lənət deyib, hirsin alırdı əlinə.

Doqquz ay başa gəldi, arvad yükünü qoydu yerə, bir qəribə uşaq doğdu. Bu uşağın nə qolu var idi, nə qıçı, nə başı, nə də gözü. Amma bir cüt çatma qara qaş gözə görünürdü.

Odunçu düşdü qorxuya. Arvad qorxusundan qaçdı. Kişi yapışıb baltadan dedi:

– Arvad, dur kəlmeyi-şəhadətini de, səni öldürəcəyəm, sənin doğduğun təpənə dəysin.

Arvad dedi:

– A kişi, bura qədər səbir eləmisən, bir az da səbir elə, görək bu işin axırı necə olacaq.

Kişi dedi:

– Axmaq oğlunun qızı, nə səbirbazlıqdı? Doğduğunu gördük də. Odur, çıxıb oturub yükün üstə. Bədən yox, baş yox, göz yox, qıç yox, qol yox, bir cüt qara qaş. Dur, dur köpək oğlunun qızı! Məni rüsvay elədin. Səni gərək öldürəm.

Arvad yalvarıb-yaxarıb, bir təhərlə canını kişinin əlin­dən qurtardı.

İndi al xəbəri al Qaraqaşdan. Qaraqaş bu qalmaqla bir həf­tə yük üstundə qaldı. Bir gün arvad xörək bişirirdi. Kişi də evdə oturmuşdu. Qaraqaş birdən atılıb yükün üstundən yerə, dedi:

– Mənə pəpə!

Arvad bir nimçə sıyıq çəkib qoydu ortalığa. Bir də onu gördü bir nimçə sıyıq qurtardı. Qaraqaş dedi:

– Mənə pəpə!

Arvad bir nimçə də xörək çəkdi. Qaraqaş bu nimçə xörəyi də yedi. Qaraqaş belə-belə bir qazan xörəyi yeyib, düzəldi yola. Kişinin dili-ağzı quruyub, dedi:

– Arvad, bircə qapıları bağla, gəlməsin.

Arvad durub qapıları bağladı. Oturub təzədən xörək bişirməkdə olsun, al xəbəri dərvişdən.

Dərviş ayılıb, gördü ki, odunçunun arvadı yoxdu. Durub gəldi o olan şəhərə. Bir də gördü ki, Qaraqaş budu evdən çıxıb gedir. Tez əlini atıb Qaraqaşı tutdu. Bir tilsim oxuyub Qaraqaşı elədi bəni insan. Dedi:

– Ey oğul, səni dünyaya mən gətirmişəm. İndi sənə elə bir su verim ki, dünyada heç bir pəhləvanın gücü sənə çatmasın. Amma gərək mənim dediklərimi yerinə yetirəsən.

Dərviş Qaraqaşa and verdi. Qaraqaş andı qəbul eliyən­dən sonra, dərviş cibindən bir şüşə çıxarıb verdi Qaraqaşa. Qaraqaş şüşəni alıb çəkdi başına.

Dərviş dedi:

– İndi mən yatıram. Nə badə mənim bu şeylərimə dəyəsən. Mənim qarovulumu çək!

Dərviş bir tilsim oxudu. Qaraqaş oldu həminki Qaraqaş. Özü də yıxılıb yatdı. Haçandan-haçana dərviş ayılıb Qaraqaşa dedi:

– Ey oğlan! Buradan gedərsən, padşahın evinə. Padşahın qızını götürüb gələrsən. Amma qorxma səni tuta bilməzlər.

Qaraqaş dərvişdən ayrılıb, birbaş gəldi padşahın imarə­ti­nə. Açıb qapını, girdi içəri, gördü ki, padşah xörək yeyir. Qaraqaş əlini atıb padşahın xörəyini yeyib qurtardı. Padşah baxıb gördü ki, bu xörəkdən heç doymadı. Aşpazı çağırıb xəbər aldı:

– Ey, vələdəzna, bugünkü xörəyin niyə azdı?

Aşpaz dedi:

Padşah sağ olsun, həmişəki qaydaynan sənə xörək çəkmişəm.

Qaraqaş vəzirin vəkilin, padşahın arvadının başına da bu oyunu gətirdi. Padşah bir də baxıb gördü ki, vəzir, vəkil, pad­şahın öz arvadı da gəlib çıxdı. Başladılar aşpazdan şikayət eləməyə ki, bugünkü xörəyimiz az düşüb.

Padşah dedi:

– İndi ki, belədi,vurun aşpazın boynunu!

Cəllad gəldi. Aşpazın qolunu bağladılar. Cəllad əl qaldırıb istədi aşpazın boynunu vura, Qaraqaş əlini atıb, tutdu cəlladın biləyindən. Cəllad ha istədi əlin endirə aşağı, baxıb gördü ki, əli qalıb göydə. Padşah bir-iki kərə qışqırdı:

– Vur deyirəm sənə!

Cəllad dedi:

– Qibleyi-aləm, əlimi tutublar, qolum işləmir.

Padşahın acığı tutub, durub düşüb taxtdan, alıb qılıncı cəlladın əlindən, istədi ki, aşpazın boynunu vura, Qaraqaş əl atıb tutdu padşahın biləyindən, elə sıxdı ki, qılınc əlindən düşdü. Padşah iki saat özünə gələ bilmədi. Vəzir, vəkil pad­şahı ayıldıb taxta çıxardılar. Padşah dedi:

– Vəzir, burada bir sirr var. Aşpazlıq iş yoxdu.

Padşah aşpazı buraxdı. Qaraqaş yapışıb padşahın tacın­dan qoydu yerə. Çıxıb getdi. Padşah bu işə lap məəttəl qaldı.

Al xəbəri Qaraqaşdan. Qaraqaş özünü yetirdi padşahın xəzinəsinə. Bir böyük çəngə qızıl götürüb, üz qoydu evlərinə. Gördü ki, qapıları bağlıdı. Bir təpik qapıya çəkdi, qapı tayba­tay açıldı. Qaraqaş girdi içəri, qızılları anasının ətəyinə töküb, çıxıb getdi. Odunçunun arvadı qızılı görən kimi gözləri çıxdı kəlləsinə. Kişi dedi:

– Arvad, dur uşağı qaytar!

Arvad durub çıxdı bayıra, gördü ki, Qaraqaş burada neyləyir. Qayıtdı evə. Kişi xəbər aldı:

– Necə oldu?

Arvad dedi:

– Bayırda adam nə gəzir?!

Kişi dedi:

– Arvad, ta qapıları bağlama! Qoy tez-tez gəlsin!

Ər-arvad, bu pulla qapı-bacalarını qayırtdırıb, özlərinə ev azuqəsi, üst-baş alıb, şad gün keçirməyə başladılar.

Al xəbəri Qaraqaşdan. Qaraqaş bu səfər özünü verdi pad­şahın qızının otağına. Birtəhərlə özünü saldı içəriyə. Gördü ki, padşahın qızı xörək yeyir. Qaraqaş oturub qızla xö­rək yedi. Padşahın qızı baxıb gördü ki, bu gün xörəkdən heç doymadı. Sabahısı günün də xörəyi gəldi. Yenə də doymadı. Birdən başını qaldırıb gördü ki, başının üstündə bir cüt çatma qaş var. Qız barmağını dişləyib, dedi:

– Ey dili-qafil, bu filan cadükünün tüpürcəyindən əmələ gələn oğlandı.

Çünki padşah qızı hər bir tilsimi bilirdi, dinməyib gecəni rahat yatdı. Gönorta araya xörək gəldi. Qız başlayıb yeyəndə Qaraqaş da oturub xörəkdən yedi. Padşah qızı Pəri əlini uza­dıb tutdu Qaraqaşın biləyindən, bir ismi-əzəb oxuyub Qara­qaşın biləyindən elə sıxdı ki, Qaraqaş çığırıb, oldu 15 yaşında gözəl bir oğlan. Pəri xanım bu gözəlliyi Qaraqaşda görən kimi könül verib dedi:

– Allah mənim istəyimi yetirib.

Tez durub bir dəst mərdanə paltar çıxarıb geyindirdi Qaraqaşa. Hər ikisi sarmaşıq kimi bir-birinə sarılıb, yatdılar. Qaraqaş haçandan-haçana ayrılıb Pəri xanıma dedi:

– Ey qız, dərviş məni gözləyir. Mən çox da sənin ya­nındayam, amma səni gərək dərvişə yetirəm.

Pəri dedi:

Ey cavan, dərviş çox-çox sənin kimi oğlanlar dünyaya gətirib, mənim kimi qızları həmin oğlanların vasitəsilə apartdırıb, qızla oğlanı həlak edib. Gəl bu xam xəyaldan daşın! Bir aynaya bax!

Qaraqaş aynaya baxanda özünü aynada gördü.

Pəri qəfildən Qaraqaşa bir sillə çəkdi. Qaraqaş öyüyüb ağzından bir qurd saldı. Pəri qurdu maşaynan tutub, Qaraqaşa görsədib, dedi:

– Bu qurdu görürsən?

Dedi:

– Görürəm.



Dedi:

– Məni burdan aparıb dərvişə yetirincə bu qurd qarnında ilan olub, səni həlak edəcəkdi.

Pəri bu sözü deyəndən sonra qurdu öldürüb atdı. Qa­raqaş işləri bu halda görəndə Pəriyə ürəkdən inanıb dedi:

– Dərviş lap göyə çıxsa da, səni əldən verməyəcəm.

İndi al xəbəri sənə verim dərvişdən. Dərviş Qaraqaşı çox gözlədi, baxıb gördü ki, Qaraqaş gəlib çıxmadı. Bir vürd oxuyub oldu göyərçin, qanad çalıb gəldi oturdu padşahın qızı Pərinin pəncərəsində. Baxıb gördü ki, Qaraqaş Pəri xanımla bir kefdə-damaqdadı ki, gəl görəsən. Dərviş bir başına, bir döşünə vurub dedi:

– Qız əlimdən çıxdı.

Pəri xanım bütün tilsimlərin açarını bilirdi. Yalnız bir tilsimdən başqa. Dərviş nə ki tilsim bilirdi oxudu ki, Qaraqaşı qara daş eləsin, Pəri xanımı da daşa döndərsin, gücü çatmadı. Pəri xanım ona baxıb bir qaqqanaq çəkdi. Qaqqanaq çəkəndə ağzından bir qurtum alov çıxıb, düşdü dərvişin üstünə, dərviş od tutub yanmağa başlayanda tez özünü atdı padşahın çarho­vu­zuna. Suya baş vurub odunu söndürdü, qalxıb göyə qışqırdı:

– Ey Pəri xanım, səninlə mənim aramda bir tilsim qalıb. O tilsimi öyrəndim vay halına!

Dərviş üz qoydu İsfahan şəhərinə. Gəzib, qoca bir cindar tapıb, bir-bir tilsimləri öyrənməyə başladı.

Xəbər verim sənə kimdən, vəzirdən. Vəzir bir gün səhər namazından qabaq əl qabına çıxmışdı. Gördü ki, padşahın qızı Pəri xanımın otağından işıq gəlir. Tez özünü yetirdi bağa. Gördü hasar çox hündürdü. Birtəhərlə dırmaşıb hasara, həyətə atıldı. Amma vəzirin üz-gözü, əl-ayağı cırmaq-cırmaq olmuş­du. Özünü birtəhər yetirdi Pərinin otağının pəncərələrinə. Pəncərədən baxıb gördü ki, qız 15 yaşında cavan bir oğlanı oturdub dizinin üstə, bir kefdədi ki, gəl görəsən. Vəzirin ürəyi gedib tappadan gəldi yerə. Vəzir axsaq qatır kimi ombasını çəkə-çəkə durub getdi, birtəhər özünü salıb yorğan-döşəyə, ar­vadına da tapşırdi ki, kim məni xəbər alsa, deyərsən ki, və­zir bərk naxoşdu. Vəzirin arvadı “bəli” – deyib öz işinə getdi.

Sənə xəbər verim Firəng padşahından. Firəng padşahı elçi göndərdi bu padşahın üstünə ki, ya yeddi ilin bac-xəracını ver­sin, ya da ki, qızı Pəri xanımı. Əgər verməsə, davamız davadı.

Firəng elçisi gəlib oturdu elçi daşının üstündə. Padşaha xəbər getdi ki, Firəng padşahı elçi göndəribdi. Padşah əmr verdi ki, buraxsınlar gəlsin, görək nə üçün gəlibdi. Firəng elçisi durub gəldi, ədəb salamını yerinə yetirib oturdu. Padşah xəbər:

– Nə üçün gəlmisən?

Firəng elçisi dedi:

– Firəng padşahı deyir ki, yeddi ilin bac-xəracını versin. Əgər xərac vermir, qızından əl çəksin. Yox qızından əl çək­mir, davamız davadı.

Padşah dedi:

– Firəng padşahına deyinən, on gün mənə vaxt versin.

Elçi durub Firəng torpağına getdi.

Padşah vəzir üçün adam göndərdi ki, Firəng bizdən bac-xərac istəyir, durub tədbirə gəlsin.

Vəzir padşaha xəbər göndərdi ki, bərk naxoşam, gələ bilmərəm.

Axırda paşahın əlacı kəsilib durub gəldi vəzirin yanına. İçəri girib nə gördü. Vəzir baş-gözünü sarıyıb, əl-qolunda da sağ islahat yoxdu. Xəbər aldı:

– Vəzir, bu nə gündü düşübsən?

Vəzir dedi:

– Pişik cırmaqlayıb.

Padşah dedi:

– Aşna, bu pişik işi deyil. Səndə sirr var, gəl düzün de!

Əgər düzünü deməsən, boynunu vurdurtduracam.

Vəzirin canına qorxu titrəməsi düşüb dedi:

– Padşah sağ olsun, and iç qəzəblənməyəcəksən, arada qan xatası olmayacaq, deyim.

Padşah əlacsız qalıb, öz ana südünə and içdi. Vəzir necə görmüşdü, əhvalatı padşaha nəql elədi.

Padşah yerindən qalxıb dedi:

– Vəzir, qızıma böhtan demə!

Vəzir and içib özünü öldürdü.

Padşah dedi:

– İndi ki belədi, dur məni apar oraya, görüm bu necə olan işdi. O nə nakəsdi ki, mənim qızım ilə eyş-işrətdə ola. Dur məni oraya apar!

Vəzir durub ayağa, düşüb padşahın qabağına, gəldilər Pəri xanım olan imarətin qabağına. Qaş qaralan kimi vəzir padşaha dedi:

– Padşah sağ olsun, çıx pəncərədən bax, gör nə görərsən.

Padşah çıxıb pəncərədən baxıb gördü ki, həqiqətən də, qızının yanında bir oğlan var, bəeyni Rüstəmzal. Padşah tez düşdü pəncərədən, dedi:

– Vəzir, cəlladı çağır gəlsin.

Vəzir dedi:

– Padşah, özünə toxtaq ver! Burada cəllad iş görə bil­məz. Gəl gedək gecəni rahat ol, səhər bu işə əncam çəkərik.

Vəzirlə padşah evlərinə gəldilər. Padşah gecəni səhərə kimi yata bilmədi. Çünki xof almışdı onu. Səhərnən durub vəzirdən məsləhətsiz Bəlğ pəhləvanı çağırtdırıb dedi:

– Qızımın yanında bir oğlan var. Əgər o oğlanı öldürsən, qızımı sənə verərəm.

Bəlğ pəhləvan çox güclü pəhləvandı. Belə ki, bütün pəh­ləvanlar Bəlğin əlindən zağ-zağ əsirdilər. Bəlğ pəhləvan du­rub pəhləvanlibas oldu, özün yetirdi Pərinin imarətinin qabağına.

Padşah da çıxıb eyvanından tamaşa edirdi. Bəlğ pəhlə­van bir-iki meydan gəzib elə bir nərə çəkirdi ki, dağ-daş titrədi. Pəri xanım pəncərədən boylanıb baxıb gördü ki, Bəlğ pəhləvandı. İşi duyub, gözlərindən qanlı yaş axıtdı. Qaraqaş Pərini ağlayan görüb xəbər aldı:

– Ey nazənin, nə üçün ağlayırsan?

Pəri dedi:

– Bir çıx pəncərədən bax, gör!

Qaraqaş pəncərədən boylanıb, Bəlğ pəhləvanı görüb Pə­riyə dedi:

– Ey nazənin, elə bunun üçün qorxub ağlayırsan? Bu saat düşüb onun atasına od vuraram.

Pəri dedi:

– Oğlan, ona Bəlğ pəhləvan deyərlər, səni iki barma­ğıy­la boğar. Hara gedirsən?

Qaraqaş dedi:

– Mən gərək öz gücümü sınayam.

Pəri çox dedi, Qaraqaş az eşidib özünü tez atdı həyətə, dedi:

– Ey Bəlğ pəhləvan, məndə qaydadır yolu düşmənə ve­rərəm.

Bəlğ bu sözü Qaraqaşdan eşidən kimi, əl atdı Qaraqaşın kəmərinə ki, vursun yerə. Gördü ki, xeyir, bu bir qarış boy elə ağır şeydi ki, bunu yerindən tərpətmək mümkün deyil.

Qaraqaş dedi:

– İndi ver növbəni mənə!

Bəlğ növbəni Qaraqaşa verəndə, Qaraqaş əlini atıb Bəl­ğin kəmərindən yapışıb bir nərə çəkdi, Bəlği qaldırıb göyün üzünə, elə vurdu yerə ki, heç tikəsi də ələ keçmədi.

Padşah Bəlğ pəhləvanın öldürülməsini görəndə, ili əli ilə başına vuraraq “sancılandım” deyib, düşdü yorğan-döşəyə. Vəzir durub gəldi padşahın yanına ki:

– Sənə demədim, səbir elə.

Padşah dedi:

– Vəzir, buna tədbir!

Vəzir dedi:

– Tədbir odur ki, onu göndər Firəng qoşununun qaba­ğı­na, canın qurtarsın.

Padşah razı olub Firəngə kağız yazdı ki, davamız dava­dı. Bu tərəfdən də Qaraqaş üçün adam göndərdi ki, hüzuruna çağırsınlar.

Pəri xanımla Qaraqaş bağda gəzirdilər. Bir də gördülər ki, budu, yasovulların biri gəlib kəsdirdi bunların başının üstünü.

Pəri xanım dönüb yasovula acıqlandı.

– Ey çəpəldən əmələ gəlmiş, sən nə hədlə bura gəldin?

Yasovul dedi:

– Xanım, bil və agah ol, padşah çox xahiş elədi ki, Qa­raqaşı onun yanına göndərəsən.

Pəri xanım qorxuya düşdü. Qaraqaş dedi:

– Ey nazənin, izin ver gedim.

Pəri dedi:

– Qorxuram atam səni öldürtdürə.

Qaraqaş dedi:

– Nazənin, mən üç aylığam ki, mənim üçün qorxursan? Bədə-bəddə atanı da göndərərəm Bəlğ pəhləvanın yanına. Sən izn ver, mən gedim, görüm nə deyir. Bəlkə bir vacib sözü var.

Pəri izn verdi. Qaraqaş izn alıb düşdü yasovulun qaba­ğına. Padşaha xəbər getdi ki, Qaraqaş gəlir. Padşah qorxa-qorxa Qaraqaşın qabağına çıxıb, yanında oturub dedi:

– Ey oğlan, bizlərdə adətdi ki, şəhərimizə gələn qərib pəhləvanı birinci dəfə düşmən qabağına göndəririk. Əgər salamat qayıtsa, özümüzə dost bilərik. İndi səni Firəng qoşu­nunun qabağına göndərirəm.

Qaraqaş dedi:

– Nə deyirəm ki... Göndərirsən, gedərəm.

Padşah dedi:

– Bizdən nə umursan?

Qaraqaş dedi:

– Bir dəst dəmir paltar, poladdan qayrılmış Misri qılınc, otuz pud ağırlığında qalxan, bir yeyin at, dava günündə də beş pud düyünün xörəyin.

Padşah razı olub, əmr verdi bu şeyləri hazırlamağa.

Qaraqaş durub gəldi qızın yanına.

Pəri xanım gördü ki, Qaraqaş sağ və salamat gəlir. Qu­lac qolun səridi Qaraqaşın boynuna, xəbər aldı ki:

– Sevgilim, necə oldu? Atam niyə səni çağırtdırmışdı?

Qaraqaş əhvalatı nəql elədi Pəriyə.

Pəri dedi:

– İndi ki belə oldu, atam sənə nə at versə, nəbadə minə­sən. Deyərsən ki, bu atlar mənim altımda davam gətirə bil­məz. Onda atam sənə deyəcək, bəs hansı at xoşuna gəlir. Deyərsən ki, qulaqsız boz at. Alıb minərsən.

Pəri Qaraqaşın dərsini verib sözünü tamamladı. Vaxt başa gəldi. Firəng qoşunu gəlib yetişdi şəhərə. Qaraqaş üçün adam gəldi ki, padşah hazırlığını görübdü. Qaraqaş Pəri xa­nımla halallaşıb, özünü yetirdi padşahın hüzuruna. Beş pud düyünün xörəyini sümüksüz ətlə yeyib tamam elədi. Dəmir paltarı geyib üstündən qılıncını bağladı. Padşah əmr elədi ki, at gəlsin. Mehtərlər at gətirdilər. Qaraqaş bir barmağını qoyub atın belinə, elə basdı ki, atın beli sındı, dedi:

– Padşah, bu at çox davamsızdı.

Padşah əmr verdi ki, at gəlsin.

Mehtərlər yüzə kimi at gətirdilər Qaraqaşın qabağına.

Qaraqaş atlara baxıb dedi:

– Padşah sağ olsun, bu atlar mənim altımda davam gə­tirə bilməz.

Padşah dedi:

– Bəs hansı atı istəyirsən?

Qaraqaş dedi:

– Qulağı kəsik boz atı.

Padşah əlacsız qalıb əmr verdi ki, qulağı kəsik boz atı götürüb gəlsinlər. Qaraqaş minib ata, üz qoydu meydana. Fi­rəng qoşunu baxıb gördü ki, qoşun-moşun göndərmədi. Am­ma haçandan-haçana bir nəfər pəhləvan gəldi. Firəng qoşunu hazırlıq gördü. Qaraqaş da bu tərəfdən qılıncın sıyırıb həmlə elədi qoşuna. Bir gün, bir günorta Firəng qoşunu ilə dava elə­yib, Firəng qoşununu qırıb qaytardı dala.

Padşah bu gücü Qaraqaşda görüb adına təbil vurdurdu. Qaraqaş dava meydanından qayıdıb əl-üzünü yuyub, özünü yetirdi Pərinin yanına. Pəri Qaraqaşın sağ-salamat qayıt­ma­sında çox şad olub, o günü fəqir-füqəralara aş payladı.

Bunlar burada qalsın, xəbər verim sənə kimdən, dər­vişdən.

Dərviş bir çox şəhər gəzib bütün dünyada nə ki tilsim vardı öyrənəndən sonra, bir neçə müddət özünü sınaqdan keçirib, üz qoydu Pəri olan şəhərə gəlməyə.

Sənə xəbər verim padşahdan.

Padşah bir gün oturub öz-özünə fikir elədi ki, bu nə işdi mən tuturam. Gədənin birini salmışam qızımın yanına. Sabah camaat mənə nə deyər? Yaxşısı budur ki, vəziri çağırtdırım, bəlkə bir tədbir gördü.

Padşah vəziri çağırtdırıb dedi:

– Vəzir, Qaraqaş davadan sağ çıxdı. Bir tədbir gör!

Vəzir dedi:

– Necə ki, demisən elə də elə!

Padşah dedi:

– Vəzir, mən onun ata-anasını tanımıram, heç bilmirəm nə məkanın adamıdı. Gül kimi qızı necə ona verim? Bir tədbir gör!

Vəzir dedi:

– Belə sənin gücün ona çatmaz. Yaxşısı budur ki, qo­naqlıq elə, xörəyin içinə zəhər tök, ölsün getsin.

Padşah razı oldu, tədarük görüb Qaraqaşı qonaq çağırdı. Məclis rast olub, xörəklər çəkilib araya gələndə, Qaraqaşın xörəyinə zəhər tökdürdü. Qaraqaş xörəyi yeyib, üstündən də bir qab şərbət içdi. Padşah baxıb gördü ki, heç bunun halına təfavüt elemədi. Məclis dağıldı. Bu da durub getdi.

Padşah dedi:

– Vəzir bəs niyə ölmədi? Zəhəri ki lap öz əlimnən tök­müşdüm.

Padşah fikir aparmaqda olsun, sən xəbər al Pəri xanım­dan... Pəri gördü ki, Qaraqaş gəlir. Bildi ki, Qaraqaşa zəhər veriblər. Tez bir sillə Qaraqaşın üzünə çəkdi. Qaraqaş bütün yediyini sifraq elədi. Bir qab turş qatıq içib rəngə-rufa gəldi. Xəbər aldı ki:

– Bu nə olan əhvalatdı?

Pəri xanım dedi:

– Nə işinə? Soruşma!

Qaraqaş dinmədi. Hər ikisi qol-qola verib gül bağına sey­rə çıxdılar. Bir xeyli macal gəzib dolandılar. Pəri xanım dedi:

– Ey sevgilim, mən çox yorğunam. Gəlsənə bu çə­mənlikdə bir qədər uzanaq.

Qaraqaş razı olub, otdan döşək düzəldib, güllərdən yas­tıq, dodaq-dodağa verib uzandılar. Bu uzanmaqla hər ikisini yuxu apardı.

Al xəbəri dərvişdən. Dərviş şəhəri gəzə-gəzə gəlib çıxdı gül bağına. Girib bağa, bir xeyli gəzib-dolandı, gördü ki, bağın bir güşəsində Qaraqaşla Pəri xanım yatıblar. Dərviş Qaraqaşı görən kimi nə ki tilsimlər vardı oxudu, Qaraqaşı tilsimə salsın. Heç bir tilsim Qaraqaşa kar edə bilmədi. Çünki məqsədi Qaraqaşı aparıb, sonra Pərini apartdırmaq idi, işi belə görəndə birdən Pəri xanım yadına düşdü. Bir vürd oxuyub Pərini daha da gözəl elədi. Belə ki, baxan Pərini tanıya bilməzdi. Bir vürd də oxuyub Pəri xanımı yuxulu-yuxulu atdı bir quyuya. Özü də çıxıb getdi.

Al xəbəri Qaraqaşdan.

Qaraqaş ayılıb gördü ki, Pəri xanım yoxdu. Durub hər yanı gəzdi. Pəri xanımı tapa bılmədi. Tez pəhləvan paltarını geyib, minib atını, düşdü dəryayi-bidadə. Gəzhagəz gəlib çıxdı qaranlıq bir meşəyə. Gördü ki, qabaqda bir koma görünür. Qaraqaş atın sürüb çatdı komaya. Gördü ki, burada qoca pirani bir kişi oturub qabağında manqal, əlində batman kitab. Kişi Qaraqaşı görən kimi başın qaldırıb dedi:

– Ey Qaraqaş, xoş gəlmisən! Buyur otur! Neçə vaxtdı ki, sənin yolunu gözləyirdim.

Qaraqaş düşüb atdan, atını yancidar eyləyib oturdu.

– Bilirəm Pərini axtarırsan, – deyib, kişi kitabı açdı:

– Ey Qaraqaş, sən iki zalım padşah, bir də dərviş öldü­rəcəksən.

Durub ayağa sandığı açıb, Qaraqaşa bir qılınc verib dedi:

– Bu qılınc səni bütün tilsimlərdən qurtaracaq. Amma eşit və agah ol! Dərviş Pərini Günbatan tərəfdə iki dağın arasında bir quyu var, salıbdı haman quyuya. Gərək gedib girəsən həmin quyuya. Qabağına dörd bir qız çıxacaq. Deyəcəklər ki, mən Pəriyəm. Onları vurub öldürərsən. Sonra üç qarıya rast gələcəksən, onlarda deyəcəklər mən ananam. Qabağına dərya, meşə, nə çıxdı bu qılıncla vurub qırarasan. Lap axırda qabağına bir qoca kişi çıxacaq. Deyəcək mən atanam. O haman dərvişdi, bacar onu öldür! Elə ki öldürdün, Pəriyə oxşar bir qız görəcəksən. O sənin Pərindi. Al götür gəl!

Qoca abid sözünü deyib vəfat elədi.

Qaraqaş qocanı dəfn eləyib, getdi. Neçə gün, neçə gecə yol gedib özünü yetirdi iki dağın arasına, gördü ki, burada bir quyu var. Dedi, olsa-olsa bu quyu olacaq. Qaraqaş kəməndlə quyuya düşüb, bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, burada bir qapı var. Girib qapıdan içəri, gördü ki, eynən Pəriyə oxşar bir qız çıxdı, dedi:

– Ey Qaraqaş, amandı məni qurtar!

Qaraqaş çəkib qılıncı, qızı iki yerə böldü. Qız ölən kimi tilsim qırıldı, qabağına bir tilsim çıxdı. Qaraqaş gedib gördü ki, bu səfər də Pəriyə oxşar bir qız çıxdı. Amma bu qızın əlin­də bir məşəl vardı. Qaraqaş qıza bir qılınc vurdu, tisimi qırıb irəlilədi. Hə, yavaş-yavaş dörd qızı öldürüb qurtarandan son­ra, qabağına dərya çıxdı. Bu dəryanın içərisindən əjdaha, şir, pələng, bəbir, gürzə, ilan çıxmağa başladı. Qaraqaş bun­ların hamısını qırıb qurtardı. Lap axırda bir qoca kişi çıxıb dedi:

– Ey oğul, neçə vaxtdı sən haradasan?

Qaraqaş istədi çəkib qılıncı, qocanı öldürə, qılınc qocanı tutmadı. Qoca qaçıb oldu bir əjdaha. Qaraqaş tilsimli qılıncla əjdahanı quyruğundan yaraladı. Əjdaha dönüb sarıldı Qara­qaşa. Qaraqaş əl atıb əjdahanın ağzına, salıb qılıncı boğazının yoluna, burdu. Əjdaha qışqırdı:

– Vay yandım!

Qaraqaş “vay yandım”a baxmayıb, əjdahanı öldürdü. Özü­nü yetirib Pəriyə, can deyib, qucaqlaşdılar. Qaraqaş minib atına, Pəri xanımı götürüb gəldi öz vilayətinə.

Al xəbəri padşahdan.

İndi padşaha xəbər getmişdi ki, qızın Pəri xanımla Qa­raqaş yoxa çıxıblar. Padşah çox qəmli olub, qara geyib otur­muşdu. Elə ki xəbər çatdı padşaha ki, Qaraqaş gəlir, padşah çox şad olub çıxdı qızının pişvazına. Gördü ki, yox, bu, qızı Pəri xanım deyil. Qaraqaşdan xəbər aldı:

– Hanı mənim qızım?

Qaraqaş dedi:

– Budu sənin qızın.

Padşah təəccüb elədi, dedi:

– Vəzir, bu nə olan işdi?

Vəzir dedi:

– Padşah sağ olsun, bu sənin qızın deyil.

Onlar bir-birləri ilə çəkişmədə olsunlar, Pəri xanım Qa­raqaşa dedi:

– Mən hələ də tilsimdən qurtarmamışam. Gərək mənim üçün İlanlar padşahının qızının ətindən gətirəsən ki, mən ətini üzümə çəkəm sağalam.

Qaraqaş dedi:

– O qızı necə ələ gətirmək olar?

Pəri xanım dedi:

– Gedərsən Sarı dağa. Həmin qız bir ilandır. Səni görən kimi cildindən çıxıb gələcək sənə tərəf. Sənə deyəcək: Oğlan al məni! Sən də razı olarsan. Gecə hər ikiniz bir yerdə yatan məqamda onun sağ əlinin çeçələ barmağını kəsərsən. Kəsən kimi qız öləcək. Onda ətindən kəsib gətirərəsən. Amma nə badə başını kəsəsən. O qızın canı sağ əlinin çeçələ barma­ğı­dadır. Əgər o qızın ətindən götürüb gəlməsən, mən bir aydan artıq qalmayıb öləcəyəm.

Pəri sözünü tamam elədi. Qaraqaş ata minib üz qoydu getməyə. Al xəbəri padşahdan.

Padşah xəbər tutdu ki, Qaraqaş yoxdu, dedi:

– Yaxşı oldu ki, Qaraqaş getdi. Qızı əlindən aldım.

Padşah bir də vəziri çağırtdırıb dedi:

– Vəzir, bir yaxşı-yaxşı bax, gör bu mənim qızımdı, ya yox?

Vəzir dedi:

– Padşah sağ olsun, sənin qızın deyil.

Padşah bu sözdən sonra gəldi Pəri xanımın yanına, dedi:

– Ey qız, gərək mənə gedəsən!

Pəri xanım dedi:

– Ata, mən sənin qızınam.

Padşah dedi:

– Yalan deyirsən, çəpəl! Sən mənim qızım hardan oldun?

Pəri xanım atasına çox yalvardı ki, mən sənin qızınam, padşah az eşidib dedi:

– Yalan deyirsən.

Pəri xanım baxıb gördü ki, atası bundan əl çəkməyəcək, əlacı kəsilib atasını itələyib atdı bayıra. Padşahın başı-gözü əzilib, bir neçə gün yorğan-döşəkdə yatdı, sağalandan sonra durub yenə gəldi qızının yanına, dedi:

– Ey qız, mənə gedirsən, ya yox?

Pəri xanım atasının təklifini rədd edəndən sonra, padşah durub gəldi, taxtına çıxıb, cəllad göndərdi ki, Pərini tutub salsınlar zindana. Cəlladlar gedib Pərini tutub saldılar zinda­na. Pəri xanım zindanda qalmaqda olsun, xəbər verim sənə kimdən, Qaraqaşdan.

Qaraqaş gedib həmin yerə çatdı. Bir də gördü ki, qa­bağına bir qız çıxdı.

Qız dedi:

– Oğlan, gəl al məni!

Qaraqaş razı oldu. Yatmaq məqamı gələndə Qaraqaş qızın çeçələ barmağını kəsib, ilanlar padşahının qızını cəhən­nəmə vasil etdi. Qızın ətindən götürüb mindi atına, gəldi Pəri xanımın yanına. Gördü ki, Pəri xanım yoxdu, amma bağban qara geyib oturub. Xəbər aldı:

– Ey bağban, niyə qara geymisən?

Bağban dedi:

– Padşah öz qızı Pəri xanımı salıbdı zindana, bu gün boynunu vurduracaq.

Qaraqaş bu sözü eşidən kimi, çəkib atını padşahın ima­rətinin qabağına, elə bir nərə çəkdi ki, gəl görəsən. Sonra üzünü tutub padşaha dedi:

– Ey zalım padşah, Pəri xanımı səndən istəyirəm.

Çəkib qılıncı, padşaha aman verməyib, özünü vurdu dəryayi-ləşkərə. Qırıb-çatdı qoşunu, yetirdi özünü padşahnan vəzirə. Hər ikisini cəhənnəmə vasil elədi. Çatıb zindana qapıları sındırıb Pəri xanımı azad elədi.

Pəri xanım dedi:

– Atam məni almaq istəyirdi.

Qaraqaş gülə-gülə dedi:

– Atanı çoxdan cəhənnəmə vasil elədim.

Pəri xanım qucaqlayıb Qaraqaşı öpəndən sonra, ilanlar padşahının qızının ətini Qaraqaşdan alıb, çəkdi üzünə. Elə orada tilsimdən çıxıb oldu əvvəlki Pəri xanım.

Qaraqaş Pəri xanımı götürüb gəldi, yeddi gün, yeddi gecə toy eləyib aldı. Sonra camaat Qaraqaşı padşah tikdi. Bir müddət padşahlıq eləyəndən sonra birdən anası yadına düşdü. Adam göndərib ata-anasını çağırtdırdı. Özünü onlara tanış verəndən sonra, başına gələni ata-anasına danışıb dedi:

– Ata, bu taxt-tac sənin, mən də sənin pəhləvanın.

Qaraqaş tacı atasının başına qoyub, özü də oldu atasına pəhləvan. Təzədən toy eyləyib başladılar şadlıqla gün keçir­məyə.



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə