AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 11,08 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix26.07.2017
ölçüsü11,08 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU
DƏDƏ QORQUD
Elmi-ədəbi toplu
İldə 4 sayı buraxılır
I (50)
BAKI - 2014

Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Baş redaktor: Tofiq HACIYEV
Redaksiya heyəti:
Kamal Abdulla, Anar, Şükrü Haluk Akalın (Türkiyə), Aman -
mırat Baymıradov (Türkmənistan), Nizami Cəfərov, Paşa Əfən -
diyev,  Əfzələddin  Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,
Kam ran Əliyev, Hüseyn İsmayılov, Tofiq Məlikov (Rusiya), El -
xan  Məmmədli,  Törə  Mirzəyev  (Özbəkistan),  Qara  Namazov,
Oljas  Süleymenov  (Qazaxıstan),  Osman  Fikri  Sərtqaya  (Tür -
kiyə), Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə)
Baş redaktorun müavini:
Seyfəddin Rzasoy
Məsul katib:
Tahir Orucov
İngiliscəsinə məsul:
Seyran Əliyev
Ruscasına məsul:
Aslan Məmmədli
Nəşrinə məsul:
Əziz ƏLƏKBƏRLİ
“Dədə  Qorqud”.  Elmi-ədəbi  toplu,  I.  Bakı,  “Nurlan”  nəşriyyatı,
2014
ISBN  5-86874-062-7
© Folklor İnstitutu, 2014

Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
Osman ƏFƏNDİ
Fəlsəfə üzrə elmlər doktoru, professor
e-mail: osman_efendi@mail.ru
“DƏDƏ QORQUD KİTABI”NDA “OĞUL MƏHƏBBƏTİ”
İDEYASININ BƏDİİ-ESTETİK TƏCƏSSÜMÜ
Xülasə
Məqalə “Dədə Qorqud kitabı”nda geniş yer tutan “məhəbbət” anlayışının bədii-fəlsə -
fi cəhətdən araşdırılmasına həsr olunur. Müəllif əsərdə geniş təsvir olunan “məhəbbət”
an layışının üç formasına diqqəti cəlb edir. Bunlar “ana məhəbbəti”, “ata məhəbbəti” və
“oğul məhəbbəti” kimi təqdim olunur. Müəllif  “Dədə Qorqud kitabı”nda  “oğul məhəb-
bəti” ideyasının bədii-estetik məzmununa dair nəzəri mülahizələrini açıqlayır və fikirlə -
ri nin şərhinə Qazan xan və Uruz bəy obrazlarını nümunə seçir. Məqalədə “məhəbbət”
ideyası əsərdəki bədii faktlar əsasında təhlil olunur. Bu faktların təhlili vasitəsilə “mə -
həb bət” anlayışının bədii-fəlsəfi mahiyyəti açılır.
Açar sözləri: məhəbbət, oğul məhəbbəti, ideya, faciə, fəlsəfi-məzmun, fəlsəfi fikir
THE ARTISTIC- AESTHETIC EMBODIMENT OF “SON LOVE” IDEA IN
“THE BOOK OF DEDE GORGUD”
Summary
The article dedicates to the investigation of idea “love’ in artistic- philosophical fea-
ture which takes important part in  “The Book of Dede Gorgud”. The author shows three
forms of idea “love” which is described in the work in a large form. They are presented
as “mother love”, “father love” and “son love”. The author explains the theoretical con-
siderations about the artistic-aesthetic meaning of the idea “son love” in “The Book of
Dede Gorgud” and chooses the characters Gazan khan and Uruz bey as examples to the
explanations of his thoughts. In the article the idea “love” is analyzed on the basis of the
artistic facts in the work. With the help of the explanation of the facts the artistic-philo-
sophical essence of the idea “love” is cleared up.    
Key  words: love,  son  love,  idea,  tragedy,  philosophical  content,  philosophical
thought
ХУДОЖЕСТВЕННО-ЭСТЕТИЧЕСКОЕ ОЛИЦЕТВОРЕНИЕ ИДЕИ
“ЛЮБВИ СЫНА” В “КНИГЕ ДЕДЕ ГОРГУДА”
Резюме
Статья посвящена исследованию понятия “любви”, которое занимает широкое
место в “Книге Деде Горгуда” с художественно-философской точки зрения. Автор
обращает внимание на три формы понятия “любви”, которому дано широкое опи-
сание в произведении. Они представлены такими как: “любовь матери” (материн-
ская  любовь),  “любовь  отца”  (отцовская  любовь),  “любовь  сына”  (сыновья
2014/
I
3

любовь). Автор расскрывает свою теоретическую точку зрения о содержании худо-
жественно-эстетической идеи “лююбви сына” в “Книге Деде Горгуда” и на приме-
ре образов Газан-хана и Уруз бея даёт коментарии. В статье идея “любви” анали-
зируется  на  основе  фактов исследуемого художественного  произведения.  Ана ли -
зируя  эти  факты  и  раскрывается  художественно-философская  суть  понятия
“любви”.
Ключевые  слова:  любовь, любовь сына, идея, трагедия, философское содер-
жание, философская мысль
Məsələnin  qoyuluşu: bədii-fəlsəfi  tədqiqatda  “Dədə  Qorqud  kitabı”
prob leminin qoyuluşu.
İşin məqsədi: “Dədə Qorqud kitabı”nın estetik təhlili.
Fəlsəfi-estetik təfəkkürün geniş təcəssümünə meydan olan “Dədə Qor -
qud kitabı” fəlsəfi fikir  tariximizin  mühüm  mənbələrindən biridir. Odur
ki, bu möhtəşəm sənət abidəsinin elmi tədqiqinə bir çox elmi sahə lər  lə ya -
naşı fəlsəfi-estetik cəhətdən yanaşılması təbii qəbul olunur. Çünki əsərin
bə dii və fəlsəfi məzmunu məhz bu çoxcəhətli və müxtəlif baxış ların, nə -
zə riy yələrin, münasibətlərin sayəsində daha müfəssəl ifadə olunur. “Fəl -
sə  fə və incəsənətin qarşılıqlı təsirlərinin xarakteri onların varlı ğı mənim-
səmə üsulunun özündəki müəyyən ümumiliklə izah olunur” (8, 19).
Əsərdə mövcudluq tapan fəlsəfi-estetik ideyaların zənginliyi onun di -
gər sahələrlə (birinci növbədə bədii-emosional sahədə) dialektik əlaqə lə -
rin ortaya çıxarılması ilə şərtləndirilə bilər. Çünki fəlsəfi bilik digər bilik
sa  hələri ilə (bu sahə istər hissi, istər məntiqi idraka daxil olsun) qarşılıqlı
əla  qədə zənginlik tapır. “Həqiqi fəlsəfi problemlərin fəlsəfədən kənar zə -
ru ri məsələlərdə həmişə kökləri vardır, əgər həmin köklər dağılsa, onlar
da yox olar” (4, 72).
Bu qarşılıqlı əlaqələrin sayəsində “Dədə Qorqud kitabı”nda mövqe tu -
tan bədii ideyanın zənginliyi əsərdə təcəssüm tapan fəlsəfi-estetik ideya
və əksinə, yəni, öz növbəsində, fəlsəfi ideya bədii ideyaya təsir göstərir.
Bu qarşılıqlı təsir nəticəsində bədii və fəlsəfi ideyalar əsərin mahiyyətinin
açılmasında, bədii-estetik həqiqətin ortaya çıxarılmasında mühüm rol oy -
na yır. Çünki “ideya özündə və özü üçün həqiqətdir, anlayışın və obyek -
tiv  liyin mütləq vəhdətidir” (2, 392).
“Dədə  Qorqud  kitabı”nda  bədii  ideyanın  zənginliyi  duyğuların,  hiss-
lərin  emosiyaların  ahəngdarlığının  bədii  inkas  səviyyəsi,  bədii  təxəyyül
və  təfəkkür  manevrlərinin  dərinliyi  və  çevikliyi,  obrazların  tamlığı,  bü -
töv  lüyü  və  kamilliyi  ilə  səciyyələnir.  Təbii  ki,  bu  xüsusiyyətlər  yüksək
2014/
I
4

bədii sənət nümunələrində özünü daha aydın ifadə edir. “İlk öncə heç bir
şüb hə doğurmur ki, incəsənət sahəsində ilkin ideya həmişə hisslərin, duy -
ğuların və obrazların sıx qatışığıdır” (6, 159).
Lakin möhtəşəm “Dədə Qorqud kitabı”nın ideya zənginliyi yalnız bə -
dii lik səviyyəsində tamamlanıb bitməyir. Bu zənginlik fəlsəfi-estetik ide -
ya səviyyəsində daha dolğun, daha dərin və yüksək məna kəsb edir. Dol -
ğunluq,  dərinlik  və yüksəkliklə bağlı  olan fəlsəfi-estetik  ideya la rın zən -
gin liyi “Dədə Qorqud” abidəsinin unikallığını doğuran amil kimi özünü
ifadə edir. Bu ifadənin nəticəsidir ki, o dünya mədəniyyətinin diqqətində
yer tutmuş və çox sahəli elmi-tədqiqatların obyektinə çevril mişdir. Əsr -
lər lə tədqiq olunan bu əsərin gələcəkdə də elmi düşüncənin sfe ra sında yer
alaçağına əsla şübhə etmirik. Əsərdə digər bədii, fəlsəfi, estetik, etik, psi -
xo loji,  tarixi-etnoqrafik  və  i.a. problemlərlə yanaşı,  bədii və  fəlsəfi ide -
yaların  çoxcəhətliliyi  və  zənginliyi  bizim  qənaətimizə  bir  səbəbdir  (7,
166).  Deməli,  “Dədə  Qorqud  kitabı”nın  elmi-fəlsəfi  və  bədii  cəhətdən
öyrənilməsinin obyektə müvafiq şəkildə təfəkkür imkanları ge niş dir.
Bu baxımdan “Dədə Qorqud kitabı”nda “məhəbbət” ideyası: bu ideya -
nın fəlsəfi mahiyyəti və bu mahiyyətin bədii-poetik təcəssümü, hər iki si -
nin (fəlsəfi mahiyyət və bədii-poetik təcəssüm) müxtəlif təzahür forma ları
diqqəti daha çox cəlb edir. Əsərdə “məhəbbət”in müxtəlif təzahür forma -
ları içərisində “ana məhəbbəti”, “ata məhəbbəti”, “oğul məhəbbəti” ide -
ya  ları daha qabarıq ifadə olunur.
“Dədə Qorqud kitabı”nda “oğul məhəbbəti” ideyası bədii  təfəkkürün
ən  yüksək  səviyyəsində  təcəssüm  tapa  bilmişdir.  Bədii  təsvirin  yüksək
me yar larına örnək ola bilən “Dədə Qorqud kitabı”nda “oğul məhəbbəti”
ide  yasının bədii təcəssümünə çevrilən və ya (bu ideyanın yüksək səviy yə -
si ni əks etdirən nümunələr (və ya faktlar) çoxdur. Lakin “oğul məhəbbə -
ti”  ideyasının  bədii-estetik  təcəssümünə  həsr  olunmuş  mülahizə mi zi  iki
ob   ra zın  vasitəsilə  əsaslandıraq.  Bu  əlaqələr  ümumi  olaraq  “mə həb bət”,
xü susi olaraq “oğul məhəbbəti anlayışında təzahür edir. Əsərdə bu anla -
yı    şın  bədii-estetik  inkasına  dair  nümunələr  çox  olsa  da  fikrimizin  şərhi
üçün yalnız Qazan xanın “soylamasını” (1, 75) nümunə seçək.
Dədə Qorqud boylarında ata məhəbbətini təcəssüm etdirən nümunələr
sı rasında “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda” Qazan xa -
nın  “soylaması”  parlaq  yer  tutur.  “Soylama”  Qazan  xanın  dustaq  oğlu
Uruz bəyə müraciəti və ya münasibəti kimi ifadə olunur.
Şeiri şərti olaraq iki səpgiyə bölmək mümkündür. Şeirin əvvəli atanın
2014/
I
5

oğ  luna olan dərin sevgisini və ciddi bağlılığını, sonrakı hissəsi isə atanın
oğul qarşısında atalıq borcunu, bəşəri məna daşıyan insanlıq məsuliyyəti-
ni və ictimai həyatda oğlun mövqeyini əks etdirir. Hər ikisi isə bütövlükdə
sonsuz – unikal ata-oğul məhəbbətini tərənnüm edir. Qazan xanın oğluna
də rin bağlılığı, ona ata vurğunluğu şeirin (şərti böldüyümüz) birinci his -
sə sində belə vəsf olunur:
Oğul! Oğul, ay oğul!
Qarşu yatan qara tağım yüksəyi oğul!
Güclü belim qüvvəti, canım oğul!
Qarannulu gözlərim aydını oğul! (1, 75).
Dədə Qorqud boylarının başqa şeirlərində də atanın oğlu “güclü belim-
im qüvvəti”, “qaranlıq göylərimin işığı”, “qarşı yatan qara dağımın yük-
səyi”, “qızıl tağlı evimin dəyəri” və s. kimi fəlsəfi-poetik ifadələrlə vəsf
etməsi hallarına çox rast gəlirik. Ayrı-ayrı obrazlarda və ya bədii-mən zə -
rə lərdə  səslənən  bu  lirik  ifadələr  sadəcə  “bənzətmə”  bədiiliyinin  bəzəyi
de yildir.  Əslində,  bu  “bəzək”  fəlsəfi-estetik  mənanın  zahirində  dolanıb,
ona uyuşan bəzək, yaraşıq gətirir. Bunun özü də, əlbəttə, az əhəmiyyətli
de  yildir.  Lakin  ən  böyük  əhəmiyyəti  bu  poetik  ifadələrin  fəlsəfi-estetik
məz mununda axtarmaq düzgün olardı. Bu poetik ifadələrin hər biri zən-
gin fəlsəfi-estetik fikrin cilalanmış şəkilə salınmasıdır. Bu poetik ifa də lə -
rin bəzilərinə nəzər salaq:
“Güclü belimin qüvvəti oğul” ifadəsi öz poetik gözəlliyi ilə yanaşı, ata
məhəbbətinin  də  gözəlliyini  (fəlsəfi-estetik  baxımdan)  özündə  saxlayır.
Atanın sadə, səmimi, pak və təvazökar təbiəti də (əxlaqi baxımdan) yük-
sək insani keyfiyyət kimi bu ifadə də özünə yer tapır. Ata güc və qüvvə-
tinin bolluğundan xan və ya sərkərdə olsa da qürrələnib lovğalıq göstər-
mir. Əksinə, təkəbbürdən, özünə vurğunluqdan uzaq olan ata, təvazökar-
lıq edərək özünəməxsus güc və qüvvətin mənbəyini öğluna şamil edir.
Bundan başqa, bu ifadədə ata-oğul münasibətlərinin ictimai-həyati ka -
mil liyi  də  öz  əksini göstərir.  Xalqın bədii  düşüncəsində “belim  qırıldı”,
“be lim əyildi”, “belim qurşandı”, “belim dikəldi” – kimi fəal işlənən fikir-
lər ictimai həyat hadisələrinin insan üzərində buraxdığı təsirin mənfi və
ya müsbət emosiyalardakı cavablarını əhatə edir. Ziddiyyətli həyat hadi -
sə lərinə  insanın  ikili  münasibəti  qəm-kədər  və  sevinc-şadlıq  hissləri  ilə
bağ lı olduğu kimi, predmet və hadisələrə müqavimət göstərib güc itirmək
və  müvazinət,  nəvaziş  göstərib  ondan  güc  almaqla  da  bağlıdır.  Bu  ikili
2014/
I
6

mü nasibətin tərəfləri “belin qırılması” və ya “belin qurşanması” kimi mə -
na ca fərqli səslənir. Predmet və hadisələrin insan dünyasına  uyğunluğu,
doğ malığı, ahəngdarlığı ona güc, qüvvət verir, belini qurşayır. Ətraf aləm
öz təzahür keyfiyyətlərindən biri ilə insan gücünə əlavə, bəlkə də daha bö -
 yük güc gətirir.
Predmet və hadisələrin insanın ruhuna, ad-sanına, mövqeyinə, amalını,
bir sözlə, onun varlıq dünyasına əks mövqeyinin, yəni, yad, düşmən və ya
yaramaz mövqeyinin zərərli təsiri onun müqavimətini qırıb, müvazinətini
əyəndə “beli qırılır”. Əlbəttə, belin onurğa sütununun bioloji-fizioloji mə -
na sı nəzərdə tutulmur. Burada nəzərdə tutulan yalnız işlədilən məfhumun
fəl səfi-estetik mənasıdır.
Xalqın  düşüncə  tərzinə  uyğun  olaraq  Qazan  xanın  “soylamasında”,
“Güc lü belimin qüvvəti oğul” – poetik misrası ata-oğul münasibətlərinə
işıq salır.Bu işıqda atanın “beli” özünün “gücü” və oğlunun “qüvvəti” ilə
bütövlük  tapır. Atanın  oğula  məhəbbəti  bu  bütövlüyün  qüdrəti  ilə  bədii
fəlsəfi-estetik mənalı olur.
Şeirdə işlədilən digər məfhuma nəzər salaq: “Qarşı yatan qara dağımın
yüksəyi oğul”. Xalq təfəkküründə “dağ” anlayışı qüdrət və əzəmət rəmzi -
dir. Xalqın bədii təfəkküründə, xüsusilə poetik təfəkküründə “dağ” ifadəsi
bu  rəmzi  mənanın  daşıyıcısı  kimi  geniş  canlanır.  Ən  geniş  mənada  isə
“dağ” insan varlığına, xüsusilə insanın mənəviyyat aləminə şamil edilir.
Bədii təsvirlərdə “insan əzəməti”, “insan qüdrəti” anlayışları “dağ” rəmzi
– obrazında bədii reallıq tapır. Bu obraz öz bədii reallığına fəlsəfi-estetik
məz munlu lirik bir təcəssüm forması da gətirmiş olur. Odur ki, “qüdrət”
və “əzəmət” kimi fəlsəfi-estetik anlayışların bədii-poetik təsviri çox hal-
larda  “dağ”  rəmzi  –  obrazının  də  üzərinə  düşür.  Xalqın  bədii  təfəkkürü
“qüdrət”  və “əzəmət” anlayışlarının  olduqca geniş hüdudlarına  “qarşıda
duran gözlə görünə bilən” təbii bir konkretlik gətirir. Bu təbii konkretlik
“qüdrət” və “əzəmət” anlayışlarının estetik məzmununu özündə saxlaya
bilən  bədii  “dağ”  anlayışıdır:  “Qarşı  yatan  qara  dağım”  –  ifadəsi  də  bu
anlayışın bədii və estetik tərəflərinin xüsusi formada bir araya gətirilmə-
sidir. Bununla da, xalqın bədii-estetik düşüncəsində “dağ” insanın öz ma -
hiy yətini açan poetik bir vasitəyə çevrilir. Təsadüfü deyil ki, Qazan xanın
oğlu Uruza müraciətini əks etdirən şeirin açılışı da, əsasən, bu misranın
öhdəsinə düşür: “Qarşı yatan qara dağımın yüksəyi, oğul!”
Uruzu  qarşıda  duran nəhəng dağın  yüksəkliyi  şəklində  mənalandıran
Qazan xan oğul varlığının mahiyyətini dərindən dərk edən ata kimi, onu
2014/
I
7

öz  varlığına  məxsus  amil  kimi  səciyyələndirir.  “Qara  dağımın  yüksəyi”
ifadə forması da bu məxsusluqdan gəlir. Yəni o, öz oğlunu bütün qüdrət
və  əzəmət  doğuran  keyfiyyətlərin  başlıcası,  zirvəsi  kimi  qiymətləndirir.
Haqqında danışdığımız məfhum məhz bu qiymətdə ata məhəbbətinin bə -
dii-estetik ifadəsidir.
Digər bir məfhuma – şeirin dördüncü misrasına (“Qaranlıq gözlərimin
işığı oğul!”) diqqət yetirək:
İnsan  həyatında  gözün  əhəmiyyətli  mövqeyi  olduqca  geniş  sahələri
əha tə edir. Bu sahələrin hər birində göz mühüm varlıq forması kimi diqqət
önündədir. Bu sözləri, məsələn, bioloji-fizioloji, psixoloji-hissi emosion-
al və s. vəziyyətlər ilə yanaşı bədii-poetik situasiyalara da aid etmək ye ri -
nə düşər. Təsadüfi deyildir ki, bədii təsvirlərdə, xüsusilə lirik hisslərin ge -
niş ifadəçisi olan poetik lövhələrdə gözün öz yeri, həm də olduqca xüsusi
yeri vardır. Bu xüsusi bədii obyektdə göz yalnız zahiri gözəlliyin ifadə va -
sitəsi deyil, həm də daxili aləmin güzgüsü kimi məna gözəlliklərinə uyu -
şan və ya zərif mənəvi gözəlliklərə qovuşan tərənnüm obyektidir.
“Gözün” bədii tərənnümü bu “soylama”da daha dəqiq desək, haqqın-
da danışdığımız şeir misrasında daha orijinal səslənir. Bu orijinallıq fikrin
də rinliyini və poetik ifadə vasitəsini, yəni, forma ilə məzmunu bütövlükdə
əhatə edir. Belə ki, yalnız Dədə Qorqud poeziyasında “gözü” bu məzmun -
da, bu formada görmək mümkündür. Başqa, sözlə, heç bir sənət nümu nə -
sində “gözün” lirik-poetik məfhum kimi, bədii estetik hadisənin dialektik
mahiyyətini ülvilik,  faciəlik və  gözəllik hisslərinin vəhdəti şəklində  aça
bil məsinə biz şahid olmamışıq. Buna görə də “qaranlıq göz lərimin işığı
oğul” ifadəsinin orijinallığı bədiilikdən (formadan) daha çox fəlsəfi-este -
tik fikrin (məzmunun) üzərinə düşür. Fikrimizi təsdiq üçün bu vəhdətlik
prosesinə nəzər salaq:
“Qaranlıq gözlərdə işıq” əl çatmazlığın; unikallığın, qey ri-adiliyin ül -
vi lik hissi ilə qavranılan estetik ifadəsidir. Ata təfəkküründə “oğul” dün -
ya sı yalnız mürəkkəb keyfiyyətlərlə deyil, həm də mücərrəd təbiətliliyi ilə
də  zəngindir.  Başqa  sözlə,  “Oğul  əl  çatmaz”  gözəlliklər  sonsuzluğuna
mən  sub bir mövcudluq kimi və ya qeyri-adi məzmunun bir predmetdə  tə -
cəs sümü  kimi  (yəni  Uruz  kimi)  ata  düşüncəsində  fəlsəfi-estetik  mənalı
zən ginlik, ucalıq və böyüklük tapır. Bu estetik tapıntı məhz ülvi hisslərin
sayəsində baş verir.
Bu vəhdətlikdə faciəvi hisslərin iştirakına keçək: Uruz bəyin dustaq ol -
ması  Qazan  xanın  şan  və  şöhrətli  həyatına  dözülməz  bir  acılıq,  ağırlıq,
2014/
I
8

dar lıq  gətirmiş,  ağ  gününü  qara  etmişdir.  Bu  zülmün  dəhşəti  nahaqqın
haqq üzərində qənim kəsilməsi kimi ictimai məna əks etdirən yaramazlıq
anlayışında özünü daha aydın göstərir. Zülm və yaramazlıq şəklində mey-
dana çıxan ictimai-bədii zərurət faciəvi hisslərin vasitəsilə qavranılır.
Azadlığını  itirmiş  oğlunun  sıxıntılı  həyatı  atanın  dünyasını  qaranlığa
dön dərmişdir. Bu qaranlıq ilk olaraq atanın gözlərinə çökmüşdür. “Qa ran -
lıq gözlərimin” – ifadəsi də bir tərəfdən bununla bağlıdır. Bu ifadə gü nah -
sız,  məsum  oğlunun  əzablarını  çəkən  dərdli atanın  üzüntülü  vəziyyəti ni
tə cəs süm etdirir.
Eyni zamanda varlığı ilə oğul məhəbbəti daşıyan atanın üzüntülü və -
ziy  yəti onun faciə hisslərinin təlatümünü təzahür etdirir. Bu təlatüm daha
qaranlıq  şəkildə  atanın  gözlərində  çağlayır.  Lakin  gözlərinə  çökmüş
qaranlıq Qazan xanın ümidlərini üzə bilmə mişdir. O, qaranlıq içində işıq
görür: “Qaranlıq gözlərimin işığı oğul!” Faciəvi hisslərin estetik təbiəti də
məhz burada işıq tapır: Bu işıq Qazan xanın qaranlıq dünyasına nur saçan
Uruz bəydir. Bu işıq xanın pak ümidlərindən doğan mübarizə və qələbə
qətiyyətidir. Bu qətiyyət Uruz naminədir. Bu qətiyyət müqəddəs azadlığın
uca  tutulması,  ləyaqətsiz  köləliyin  rədd  edilməsi  deməkdir.  Bu  qətiyyət
xeyrin şərə qarşı barışmaz olması deməkdir. 
Bütün göstərilən mövcud vəziyyətin gələcək qətiyyəti faciəliliyin este -
tik təbiətinə məxsus qanunauyğunluqdur. 
Bu vəhdətlilik prosesində gö zəllik hissinin də özünəməxsus yeri var -
dır. “Qaranlıq gözlərimin işığı oğul” poetik məfhumu xeyir və şər an la yı -
şının  xüsusi  bir  tərəfinin  lirik  tərzdə  bədiiləşdirilməsidir.  Xeyir  və  şər
özü nü burada işıq və qaranlıq şəklində təcəssüm etdirir.
Fəlsəfi məzmunun bu şəkildə bədii təcəssümü bir çox keyfiyyətlərin, o
cümlədən, estetik keyfiyyətlərin yaranmasına səbəb olur. Bu zaman, este -
tik təcəssüm özünü gözəlliklə eybəcərliyin təzadında göstərir.
Qazan xanın  gözlərinə qaranlıq çökdürən həyat eybəcər həyatdır.  Bu
ey  bə cər həyat onun şərəfinin tapdalanmasına, zalımın azğınlığına, xəya -
nətin baş tutmasına, namərdin mərd qarşısında ötkəm çıxmasına, müqəd-
dəslik səviyyəsi qazanmış əzizlərinin: anasının, qadınının və oğlunun kö -
lə liyə məhkum edilməsinə, evinin talanmasına imkanlar açmışdır.
Lakin  bu  eybəcər  həyatın  açdığı  imkanlar  “qaranlığın  təsdiqi”  kimi
ger çəkləşə bilməmişdir. Çünki Qazan xanın qaranlıq gözlərində hələ işıq
var. Bu işıq xeyrin əlamətidir. Bu işıq  eybəcər həyata qarşı duran gözəl
hə yatın əlamətidir. Bu əlamət xeyrin şər üzərində qələbəsinə, işığın qaran-
2014/
I
9

lığa aydınlıq gətirməsinə, gözəl həyatın eybəcər həyatı rədd etməsinə im -
kan lar açır və son olaraq, məhz bu imkan gerçəkləşə bilir. Bu imkanları
ger çəkləşdirən qüvvə qaranlıq  gözlərdə  olan  işıqdır.  Bu  işıq  eybəcərliyi
inkar edən gözəllikdir. Bu gözəlliyi duyan, onun qavranılmasına yol açan
gözəllik hissi qaranlıq gözlərdə olan işığa bədii-estetik məna gətirir.
“Qaranlıq gözlərimin işığı oğul” ifadəsində ülvilik, faciəlilik və gözəl-
lik hissələrinin vəhdəti bədii situasiyasının estetik hadisəyə qovuşmasına
və təsir məqamlarının qavranılmasına aydınlıq gətirir. Ən geniş mənada
bu  proses  hadisənin  fəlsəfi-estetik  mənalı  qavranılmasında  fəal  amillər -
dən birinə çevrilir.
Nümunə  götürdüyümüz  sonrakı  misralarda  bədii  konkretliyə  imkan
ve rilmişdir. Belə ki, burada ata məhəbbəti təsvirin ən ümumi keyfiy yət -
lərindən fərqli olaraq, hadisələrin konkret ifadələrində açılır. Bu konkret-
likdə hətta məkan-zaman aydınlığı da özünü göstərir.
Qazan xanın düşməni Dərbənd sərhədlərində yaxalandığı artıq bəllidir:
“Kafirin izin izlədi. Dəmir qapılı qara Dərbənddə kafir dəxi qonmuş idi”.
Qa zan xan bu şeiri də həmin məkanda – Təkurun qalasında söyləmişdir.
Şe ir də dan sökülən zaman Qazan xanın düşmən üztünə gəldiyi təsvir olu -
nur. Bu zaman, məkan aydınlığına, konkret çətinliklərin müşayiəti ilə real
məq səd aydınlığı da əlavə olunmuşdur. Oğul məhəbbəti isə bu real aydın-
lığın önündə durur:
Alar tanla yerimdən turduğum səninçün.
Qonur atım yorultmışam sənin üçün.
Ağ tonuma kir əgləndi sənin üçün.
...Mənim başım qurban olsun,
Canım oğul, səninçün (1,75).
Şeirin yeni mövzu səpkisi lirik təəsürat doğuran qəmli nida ilə baş la -
nır:  “Sən gedəli”!  Bu lirik ifadə  bədii  estetik baxımdan maraq  doğurur.
Bir tərəfdən, təsvir formasının içindən yeni formanın doğuluşu kimi görü -
nən bu bədii fakt, diqqəti əvvəlki təsvir obyektindən ayıraraq yeni təsvir
mövzusuna yönəldir. Digər tərəfdən, yeni təsvir obyekti oğul mə həb bə ti -
nin yeni bədii-estetik çalarlarını üzə çıxarır.
Bu təsvirdə oğul məhəbbəti ictimai-siyasi və ailə həyatının sferasında
canlanır: 
“..Sən gedəli ağılmağım gögdə ikən yerə endi.
Gumbır-gumbır tavullar dögülmədi.
Ağır-ulu divanım sürülmədi (1, 75).
2014/
I
10

Təsvirin bir hissəsində ictimai və ailə mühitində Uruz bəyə bəslənən
məhəbbət atanın qəmli dilində səslənir. Ata hər iki mühitin ortasında da -
yanır və hər iki mühitin bütövlüyünü yaradır. Bu bütövlük ilk növbədə ata
məhəbbətinin bütövlüyüdür.
“Dədə Qorqud kitabı”nda Uruz bəyin obrazı ictimai məzmunlu “oğul”
anlayışının  bədii-fəlsəfi  təcəssümü  kimi  əks  olunur.  Bu  anlayış  ictimai
həyatda “oğul” varlığının zəngin və zəruri keyfiyyətlərini, mühüm və çox
əhəmiyyətli mövqeyini əks etdirir. Bu baxımdan o daha dərin və daha ge -
niş həyatı məna daşıyır. “Ata yurdunun sahibi oğuldur. Nəslin davamı, ata
çırağını  yandırmaq,  ata  yurduna  sahib  olmaq,  söz  yox,  oğulla  bağlıdır.
Oğul olmasa, yurd sahibsiz qalar, yad əlinə keçər” (3, 129).
Uruz bəy dövlət mühitində əhəmiyyətli, xalq mühitində sevilən böyük
bir şəxsiyyət təsiri bağışlayır. Qazan xan vətənində Uruz xana bəslənilən
hör mət, ehtiram və sevginin böyüklüyünü, oğlunun şəxsiyyətinin böyük-
lüyü kimi də mənalandırır. Lakin Uruz bəyə ünvanlanmış böyüklük, ata
mə həbbətinin  özünə  də  böyüklük  gətirir.  Qazan  xan  Uruz  bəyi  yalnız
doğma oğlu olduğuna görə sevmir, həm də bu oğlu dövlətə, xalqa, vətənə
gərəkli bir şəxsiyyət kimi sevir. Bu zaman oğul məhəbbəti ictimai məna
kəsb  edir.  Bu  mənada  ideyasının  bədii təsviri  (və  ya  poetik  tərənnümü)
“gözəl insan idealının” təcəssümünü doğurur (5, 78). Oğul məhəbbətinin
fəlsəfi-estetik idrakı da bu məna ilə bağlıdır.


Yüklə 11,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə