AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə3/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   2   3   4   5   6   7   8   9   ...   28

XI mətn

Bizim atamızın xalası nağıl eliyirdi. Mən də balaca uşağıydım onda. Hardasa bu sözü atmışıncı illərdə eşitmişəm. Deyirdi ki, gəlin təzə qutarmışdı (sən Allah, bağışdıyın məni), getmişdim yeməy hazırramağa da, quymax. O arvad and içirdi, gözümnən görmüşəm. Gülşən addı qoca arvadıydı. Deyir, gördüm kü, bax özün pəncərədən salıb, ayıb olmasın, bax belə salıp pəncərədən ağappax paltarda. Döşdər sallanıp yerə. Əl atdım deyir, dəhrəni götüdüm, dedim, “sənin xalaan qulağın”, deyir, götürüldü. Onnan sora deyir, gəlinin başına qəzil, çatı doladım, vsyo. Onu mən belə eşitmişəm.


XII mətn

Qaynənəm danışardı kı, bizim babamız bağdan tutup birin gətirmişimiş. O hal deyip ki, saa qullux eliyəcəm, bu şərtnən ki, bir körpəm var, evi süpürəndə süpürgəni onun altına çəkmiyəsən. Bir gün deyir, hal suya getmişimiş. Başdıyıpdı bu arvad evi süpürməyə. Süpürəndə qəfil süpürgəni altına çəkir. Bu da, deyir, kəhrizdə su doldururmuş. Səəngi qoyup orda, hiss eliyib ki, uşağı öldü. Çığıra-çığıra gəlib əvə. Gəlip görüp uşağı ölüb. Gedip deyir (iyniyə də titi deyirmiş), titini çəh, titini çəh. İynəni üsdünnən çəkdirib, yox olub gedib. Bir teştdə xamır qatmışımış deyir. Qaynənəmin qocası Gülüsdan arvat varımış. Nə qədər bişirip, xamır qutarmıyıp. Kəhrizin başında göl varımış. Əri, deyir, gedif duruf gölün yanında, çağırıb, gəl görüm xamırı neynirsən. Deyip, nə mən gəlmiyəcəm, nə də sizə ayrı cür qarqamıyacam. O evdə çörəh yemişəm. Ömür boyu yeddi arxa dönənızıın nə zibili təmiz olsun, nə də su tapasınız. Qaynənəm deyir, mən uşağıydım, huşum kəsir. Heş vaxd zibilimiz əysiy olmazdı. Nə də, deyir, sənəhlərində su tapılmazmış. Get, amma xamırın qabağınnan qır at dalına. O xamır qutaracax. Bunu qaynənəm danışardı.


TƏPƏGÖZ
Bir dənə Təpəgöz olur. Şərt qoyullar ki, kim Təpəgözü öldürsə, ona filan qədir pul verəjiyih. Bir nəfər oğlan deer, mən öldürərəm. Gedir, gedir şişi qızdırır da, bir uzun dəmiri qızdırır. Təpəgöz yatdığı yerdə aparır basır, bı Təpəgözün gözünü yandırır. Yandırır, ama mağarada eliyifdi, bı çölə çıxmağa imkan tapa bilmir. Qalıv içərdə. Bının da sürüynən qoyunu varmış, Təpəgözün. Bı gətirir bir qoyunu kəsir, soyur, görür kü, qapını bax belə dar qoydu, bircə-bircə qoyunu yoxladı çıxartdı dayna, bir-bir belə əliynən yoxluyuf çıxardır. Bı oğlan məətəl qalıf ki, mən bırdan çıxa bilmərəm, məni tutejehdi. Bir qoyunu kəsir, soyur, girir dərisinə. Qoyunnarnan çıxır. Tuta bilmir onu.
ƏZRAYIL HAQQINDA
I mətn

Bir nəfər adi adam nətəər olursa, bir məleykiynən evlənir – Allahın məleykəsiynən dana elə bil. Bir gün bı oğlanın anası ölür. Bı da evdə gəlindi. Oğlanın anası öləndə sıçrıyır bı gəlin, çıxır yükün üsdündə oturur. Hə, yükün üsdündə oturur, sənəyi boşaldır. Cənazə yola düşəndə gəlin gülür. Güləndə bı oğlanın ajığı tutur, deyir, qoy bı camahat dağılsın, onda görərsən da sana neyliyirəm, niyə sən güldün? Nəysə, camahat dağılıf gedənnən sora deyir ki, deynən görüm nəyə güldün? Deyir, axı desəm, onda gərəh sənnən qutaram. Day onda uçuf çıxıf gedejem, ta sənnən aylə olmiyejem. Deyir, deynən, getsən də, deynən. Deyir ki, sənin anan okqədər əzazil olufdu ku, ananı Əzrayıl başdan-ayağa soydu. Qanı bütün dağıldı bı evə. Mən çıxdım yükün üsdündə otudum ku, da qanı mənim üsdümə dəyməsin. Kim bı dünyada nə verifsə, o cənazəsinin qavağında bağlanır, elə bil da görükür fılankəs fılan şeyi verifdi. Sənin anan təh bircə dənə tay çarıx verifdi. Ona güldüm kü, bı dünyasında o, özünə bir hörmət qazanmıyıf, bircə tay çarıx verif. O bağlanmışdı cənazənin qavağına, yellənirdi, ona güldüm. Əlini əlinə vırır, uçur çıxır gedir. Sənəyə də qan düşüfdü, suyun ona görə tulluyurmuş.

İndi də görürsəmmi, irağ evdən-eşihdən, ölü düşəndə sənəyi-zadı boşaldıllar, qapını açıx qoyıllar. Belə.
II mətn

Deyir, bizim kətdə bir oğlan olufdu, bizim sinif yoldaşımız oluv e. Qoyun otarırmış, uşağımış da, dördə-beşə gedən. And içir, gəliv o məhtəfdə deyirdi, gülüşürdüh. Deyir, gördüm kü, bir dənə ağ atdı gəlir çapa-çapa, gəldi yanımnan keşdi. Dedi ki, Sevindih məllimgilin evin tanıyırsan? Deyir, dedim ki, yox, tanımıram. Deyir, çapdı, keşdi getdi. Atı da ağ, özü də ağ bürüncəh paltarda. Deyir, bir az aradan keçif, axşamüsdü eşidif ki, Sevindih məllim ölüfdü. Deməh onu bilicilərə daa, yaşdı adamlara deyəndə, olar dedi ki, bala, o Əzrayılımış, sənin gözaa gəlif görünüf da. Sənə deyif ki, məsələn, mən gedirəm filankəsin canına almağa. Sən uşaxsan, başa düşməmisən. Görünür, heylə okqədir adamın gözünə görükür kü, Allah uzağ eləsin.


ŞEYTAN
Şeytanın bir gözü kordu. Gör iki gözü olsa, nə eliyərdi. Deyir, şeytana nəhlət deyəndə gərəy Allah nəhlət eləsin deyəsən. Çünkü o da məleykə olufdu. Bizim ixdiyarımız yoxdu ku, onu birbaşa nəhlətdiyəh. Çünkü məleykə olduğuna görə Allahın adını tutmalısan ki, Allah sənə nəhlət eləsin. Şeytan Allah yanında ən müqəddəs məleykələrdən olufdu. Çünkü Allah Adəmi yaratdı. Yaradanda dedi ki, mən yerdə elə bir xatəm yaradajam, bütün məleykələr, siz ona səjdə eliyin. Hamısı “Amin” dedi, səcdə elədi, şeytan səcdə eləmədi. Şeytanın adı iblisdi. Dedi, iblis, sən niyə səcdə eləmirsən? Dedi, ya Rəbbim, sən məni oddan yaratmısan, Adəmi də palçıxdan. Mən onnan müqəddəsəm, mən ona səcdə eləmərəm. Dedi, sana nəhlət, get. Nəhlət sözünün də mənası Allahın dərgahınnan qavma, yəni mən sənin bu məqamımnan qavıram, rədd ol get, qavdım, get. O da dedi ki, yaxşı, sənnən bir xayişim var, ya Allah. Deyif, nədi? Deyir, sənnən bir xayişim var ki, mana elə bir hökm ver, qüvvə ver ki, qiyamətə qədər bütün müsəlmannarın, insannarın canında, qanında gəzə bilim. Dedi, get, sana nəhlət. Onu da verirəm. Ama əsl müsəlmanın canına toxuna bilməzsən. Onda heylə bir güc var. Qiyamətə qədər çalışır ki, o Allaha ibadət eliyən, o düz yolda olanı yoldan çıxartsın. Allah onu da bizdən uzağ eləsin.
CANAVARA DÖNMƏ
Bir dəfəm nənəm deyirdi ki, bəylih olan devirrərdə, bir dənə atımızı canavar yemişdi. Həə, bir dənə də qoca kişi gedir bı atı gəzməyə. Bı atı gəzən mamentində elə olur ku, bı gedir canavarrarın içində leşi görəndə orda bı canavar şəklinə düşüf. Nəsə qorxudan olupmu, nətəər olupsa, o canavar şəklinə düşüp. O bir müddət canavarrarnan gəzib. Elə olup ku, bir neçə ildən sora genə də bılar, bir leş üsdünə düşüf də, belə deyəh. Bı leşin nətəər deyim ən pis yeri də, xəstəliy olan yeri bu adama düşüf də. Bı, bınnan diysinif, elə orda qalıf, həmən leşin üsdündə. Səhər-səhər heyvan yəəsi gedəndə görüf kü, leşin üsdündə bir dənə eybəcər şəkildə, tühlü, sakqallı bir kişi xeylağı var. Həə. Bu başdıyır insan kimi sööbət eliyir ki, burda nə gəzirsiz, nətəər, necə? Deyir, mənim başıma belə bir qazıya gəlif. Ama deyir, tarixi mən düz-əməlli deyə bilmirəm, mən bı heyvannarı görəndə qorxudan bınnarın donuna girdim. Bından xəbər alıflar ki, canavarrar nə iş görür, nətəər hərəkət eliyir, necə hərəkət eliyir? O deyir ki, biz həmişə yeddi abadannığnan yeddi xarabalığı bir gecədə bir-birinə vırırdıx. Hara da getsəydih, ən yüksəh bi yerdə yatışardıx, özü də arxı-arxıya. Elə bil ki, ağız-ağıza yatışallar.
İLANLAR HAQQINDA
I mətn

Qoyuna da vırılır e ilan. Deməli, bir gün görüllər ki, bir qoyun, elə bil ki da, balasına bir həylə bənd olmur. Bı qoyun gedir, bir günnən, iki günnən gəlmir, arada gəlir. Deyillər ki, bı qoyunu güdməh lazımdı, görəh bı qoyun nə qayırır, neyniyir? Güdüllər, gedir girir bir cəngəlliyin arasına, bir ilanca darışır bı qoyunu əmir, əmənnən sora bı qoyun duruf gəlir.


II mətn

Bir arvat söhpət elədi ki, bir ilan gəlir girir evimə, oğlumun başaltısında yatır. Bir mollanın yanına gedir. Deyir ki, o ilanı oğlannan ayır. Molla nəsə bir dua oxudu, aftafada suyu belə səpə-səpə. O ilan onnan çıxdı getdi. Oğlannan ayrıldı. Bax ilanı hələ görmüşəm. Dedilər ona buta verilifdi ilan. Ki indi Allah-taala deyifdi da, qurvan olum Allaha. İlanı oğlana buta verif.


III mətn

Deyillər ilannar sevgili olur, sevgili də ölür.

Mənim bir jurnalist qardaşım vardı. O deyirdi ki, bilmirəm hası kətdən, kəndin də adın deyirdi, Vallah, mənim başıma gəlmir. Deyirdi ki, ilan vırılıf qıza. Gedirmiş, qızın böyründə ilan yatırmış. Mənim o jurnalist qardaşım deyirdi ki, onu gözümnən gördüm. Qızı qorxusunnan oğurruyuf götürüf gətirif qoyuflar balnisıya. Hardan gəlif, neyniyif, deyir, gəlif balnisıyada gənə qızı tapıf. O ilan o qızın sevgilisi oluf, deyir.

IV mətn

Deyir ki, Tatar kəndində qaçqınnıxdan bir qədər qavax (kişinin adı yadıma düşsə, deyəjəm), bunun qaynənəsinə Çələbi babam deyif ki, hansısa dərədə, daşın altında bir küpə qızıl var. Vax keçir, qaşqınnığ ərəfəsində qaynənəsinə deyir ki, gedəy o qızılın yerini mana göstər. Arvat deyir ki, ay bala, başına dönüm, bunun bəs yiəsi var. Çələbi deyifdi ki, götürməy olmaz, onu hər adam xarşdıya bilmir. Deyir ki, yox, sən mana onun yerin deməlisən. Olmur, tüfəngi götürür qoca arvadın üsdünə, deyir, səni öldürərəm. Ya gedəh qızılın yerin de, ya da ki, səni öldürməliyəm. Nəsə, arvat məcbur olur, qaynənəsi düşür yeznəsinin yanına, gəlir həmən dəriyə. Deyir, bala, odu e, o daşın altındadı. Elə kişi baxıf görür kü, həqiqətən orda bir qara ilan yatıfdı. Yekə bir qara ilandı. Tüfənk də bunun əlindədi. İlanı vurur. İlan ölmür, yaralanır, ortadan qırılır, ilan çıxır gedir. Küpəni, qızılı götürür gedir. Qızılı götürüf gedənnən sonra, nə bilim ev tikir, nağayrır, filan. Bu da hər səhər kəndin qırağında gətirif qoyun naxırına qoyun qoşarmış. Elə bir gün də gedəndə bir də görür kü, qıçının birinə nəsə batdı. Şalvarı belə yuxarı çəkəndə görür kü, həmən ilandı, dişini batırıf sarılıf qıçına. Quyruğu kəsiy ilandı. Həmən o qızılın üsdündə yatan ilan, qara ilandı. Bıçağı civinnən çıxardır, həmən ilanın başını kəsir atır aana. Aradan iki ay, üç ay keçənnən sonra artıx buun da zəhərrənir də bədəni. Ora qalmır, bura qalmır, Moskvadan belə bunu gəzdirillər. Həmən ilanın o dişi qırılıf qalmışdı onun bədənində. Da burda fantaziya, əfsanə söhpəti yoxdu ha. İlanın dişi gəlif, deməli, onun gözünün titəyinnən4 çıxannan sonra kişi ölmüşdü. Həmən o qırılıf qalan diş yoxdu bədənində, ürəyə yeriyir. Gəliv elə onun gözünnən çıxannan sonra ölmüşdü. Onun qardaşının biri –Qəhrəman söhpət elədi onu mana. Eşitmişdim. Ama o ətraflı söhpət elədi mana ki, bax belə olmuşdu qardaşımın əhvalatı. Yəni bu həqiqətdi. Qızılı yiyənin gözünnən gələr.



BƏNÖVŞƏYLƏ QIZILGÜL
I mətn

Bənövşəynən qızılgül iki bajıdı dayna. Qızılgül böyüh bajıdı, bənövşə kiçih bajıdı. Onnar bir-biriynən küsülüdü. Onnar gərəy ayrı-ayrı səpilə. Elə bil ki, bənövşəni qızılgülün dibində səpmiyəsən. Ömür boyu bir-birinə qarğış eliyir. Ağlıyır, qarğış eliyir, o əvə də ölü düşür.


II mətn

Başına döndüyüm, qurvan olduğumun (Məhəmməd peyğəmbər – top.) təri, deyir, düşüf yerə. Qızılgül də, bənöşə də onnan əmələ gəlif.


III mətn

O günü uşaxlar qızılgül yığıf gətirir. Deyirəm, bala, bu Məhəmməd peyqəmbərin tərinnən əmələ gəlif. Peyqəmbər tərrədihcə onun təri töküldühcən o qızılgül yaranıf. Onunçün o, elə şafaxlıdı. İndi o gün deyirəm, bala, qızılgülü iyliyində gərəh salavat çəkəsən. O peyqəmbərin tərinnən əmələ gəlif. Deyir:

Sədrin nurunnan qarannıx gecələr,

Yolda yüyürərdi igidlər, xocalar.

Tərləsə, o tərdən olurdu gülləri,

Xoş dərərdilər tərinnən gülləri.


Ya Məhəmmət, deyibən çağırdılar,

Mustafıya izzəti-ikram qıldılar.

Saçına toxunacaq badi-səba,

Miski-ənbərnən dolurdu hava.



O peyqəmbərin saçına yel vurur, saçı tərpənəndə gül iyi gəlirdi saçınnan.


ÜLKƏR ULDUZU
Ülkər ulduzu harda ölü ölsə, yenir aşağı. Yenir aşağı, bir də qalxır dubarə. Ulduz uşdu, bilginən ki, kimsə öldü. Hamının o göydə ulduzu var. Bir dəfən elə bil adam öldü, o ulduz düşür, uçur. Uçannan soora elə bil, ölü də ölür.
AND GÖLÜ
Üzür isdiyirəm, birinin arvadı pis yola düşmüşümüş dana. Nəsə bunun da qəlbinə xal düşür, deyir ki, səni aparacam anda dana. O vax da And bi gölümüş. Gediv o gölün qırağında and içirmişdər. Nəysə, bu kişi deyir ki, da canım boğazıma yığılıf, səni aparcam Anda. Bu (arvad – top.), yanına gələnə deyir ki, nətəəri eliyəh? Kişi məni Anda aparır. Deyir, Vallah, mən heş-zad bilmirəm. Deyir, ged onda göldən bəri, canını batdağınan, zığınan elə suva ki, bircə gözdərın görühsün. Gəl məni süpürrə, qaç. Kişi nə biləjeh. Qaç. Mən and içip qurtaracam. Gəlillər, bu yolun qırağında bi şey, arvadı süpürrədi, qaşdı. Deyir, bu nədi ə, bu arvadı süpürrədi? Gedir gölün qırağına. Deyir, bax bu Quran hakqı, məni o süpürrədi qaşdı eyy, onnan savayı mana əli dəyən olmuyuf. O göl quruyur. Sonra gəlif görüllər göl quruyuf, yerinə bir zincir asılıf. Sonra biri də həylə olur, gedir o zincirdən asılır, o zincir qırılır. Onnan sonra, canım sana qurvan, göydən bir dəsmal düşür, o dasmalı arvad artıx tamahlığınnan götürür. Yuxuynan uşağın yanın silir. Siləndə gurhagur Allah çıxır, gedir, durur orda. Göydən bir buğda salır, bir arpa. İtdər uluyur, deyir, bunu sizə verdim, yaratdığım millətə yox. Bunnar da buğdeynan arpanı götürüv əkillər. Bax belə. Çörəy olur, biz yeyif dolanırıx. Bu indi bu itin çörəyidi biz yeyirih. Hə bax həylə oluf.
PİŞİYİN ARXASI NİYƏ YERƏ DƏYMİR?
Bilmirəm, İsa peyğəmbərmi, canımız qurban olan, hansıysa bir əvə qonax gedif. Bu ev də elə kasıv əvimiş ki, tay o əvdə bir şey yoxumuş. Bılların bizim kimi qapılarında bir-iki pişihləri varımış. Bı pişiyin birin kəsiflər, gətiriv atıflar qazana, qaynadıflar. Guya peyğəmbərə yeməh pişirirlər. Peyğəmbər deyif, bı kəsdiyınız heyvanın başın-əyağını gətirin, mən baxım. Kişi gedif bının başın da, əyaxların da gətirif, quyruğun da gətirif, görüf kü, pişihdi. Deyif, qazanı da gətirin bıra. Qazanı da gətirif. Canım qurban olan Allah-taalıya nətəər nida verifsə, bının qapısına bir gejənin içində okqətərə mal, qoyun, tökülüf ki, belə qalıflar məhətdəl. Elə bil göydən tökülüf, gətirif yığıflar əvə. O pişiyi qazannan çıxartdırıf qoyufdular çiniyə – qaba. Əlin hebelə çəkif belinə, deyif kin, get, sən ki hər şeyə yarıyırsan, get, arxan yerə dəyməsin. Pişih diriliv oluf bir pişih, çıxıf. İndi bax nəkqətərə pişih var, sən fikir ver, onun arxası yerə dəymir ha. Peyğəmbər əlini çəkiv üsdünə ki, arxan yerə dəyməsin. Pişih yüz il qala kürəyi yerə dəyməz. Heş vax.
TOYUQLA QAZ NİYƏ UÇMUR?
Deyir, bı quşdar, qanatdılar, hamsı uçur, bı toyuxdan başqa da. Deyir ki, guya onnar uçurmuş. Sərçə uçanda deyif ki, Allah qoysa, uçax gedəh. Hələm onda toyuxlar uçurmuş haa. Toyux deyifdi ki, Allah qoysa nədi, Allah qoysa da, uçajam, qoymasa da. Belə deyəndə sərçə “pır” eliyif çıxıf gedif, toyux ha çabalıyıf, uça bilmiyif. Göörsən, toyuğun, quşun qanatdarı var – qazın, nə boyda, amma uça bilmir. Deyiv, Allah qoysa da, uçajam, qoymasa da. Aaz, Allah qoymasa, sən hara uçursan? Sərçə “pırr” eliyif uçuf gedif, toyux qalıf yerdə. Bax elə o vaxdan da deyir, toyux, qaz da uça bilmilllər, qalıflar yerdə. Hər şey Allah-taalanın hökmüdü da.
NİYƏ SALAVAT ÇƏKİRİK?
Salavat, yalnız Məhəmmədə gəlif, Rəsul Allaha gəlifdi. Başqa peyqəmbərə salavat gəlmiyifdi. Salavat əsasən çəkirih biz Aya. Günəşə salavat çəkilmir ki. Çünkü Günəş yandırıcıdı. Günəş yandırıcı olduğuna görə, insanı əzdiyinə görə, ona salavat düşmür. Aya ona görə salavat çəkirih ki, Ayda parlaxlıx var, insanı əzmir, eyni zamanda orda peyqəmbər müqəddəsliyi var.

TUT, BİT
I mətn

Bəbbo quşu var – tut bitəndə gəlir, deyir: “Tut, bit, tut, bit”. Tutu yeyənnən sora deyir: “Tut p..x, tut p..x”. Odu dana. Ona deyirih biz Bəbbo.


II mətn

O quş tut təzə yetişəndə oxuyur: “Tut, bit, tut, bit”. Tut yetişir, bu da yeyif doyur dayna. Soora başdıyır: “Mən tox, tut zibil, mən tox, tut zibil”. Mən heylə mədəni deyirəm ha. O, heylə demir. Ədəfsiz deyir (söyləyici gülür – top.).


YARASA
İsa peyqəmbərə peyqəmbərrih verilənnən sora insannar dedi ki, ya İsa, bir dənə möcüzə gösdər, biz sənə inanax ki, peyqəmbərsən. Deyif, yaxşı, nə möcüzə isdiyirsiniz? Deyif, elə bir quş yaratgınan ki, məməli olsun, qulaxları siçan qulağına oxşasın. Həm balalasın, həm də balasın əmizdirsin. Deyir, Allaha üz tutur, Allahın hökmüynən, Allahın sədasıynan, köməhliyinnən Allahdan vəh gəlir. Deyir ki, ya İsa, palçıxdan həmən quşun formasın düzəlt. Həmən quşun formasını olduğu kimi düzəldir. Düzəldənnən sonra deməli, İsa həmin quşa öz nəfəsinnən üfürür. Üfürənnən sonra, deməli, həmən o yarasa quşu əmələ gəlir. Özü də o yarasa quşu müqəddəs quşdu. Yanı ona toxunmağ olmaz. Həə. Özü də onda ultrasəs var. Gedir məsələn, maniyəyə dəyif qayıdır ha, hissnən uçmax onda var. Yanı o müqəddəs quşdu, o yarasa quşu İsa peyqəmbərin özü düzəltdiyi, ona nəfəs verdiyi quşdu.
BAYQUŞ
Cəlilabatda böyüh qardaşımnan bir binada olurdux. İdarəydi, qaşqınnıxda orda olurdux. Üsdə qardaşım olurdu, altda biz. Hər gejə o bəyquş gəlif televizırın antenasında yatırdı. Çırthaçırt səslənirdi. Düzü, mən öz-özümə deyirdim, öz başını ye dayna, burdan əl çəh, get. Bax onnan soora elə bil ki, qardaşım rəhmətə getdi. Onu Taqiyə dedih, Taqi Çələbiyə. O dedi ki, duznan çörəyi götürün, and verin. Duz-çörəyi qanşar yerə qoyun. Deyin ki, səni and verirəm bu duznan çörəyə, burdan çəkil, get başqa yerə. Onu deyənnən sora tay biz ordan köçüb burya gəlincə o rəhmətə getdi. Onnan sonra da o, bir də gəlmədi orya.
AYIN ÜZÜNDƏKİ LƏKƏLƏR
I mətn

Ayın üzündəki ləkələr Fatma nənə canım qurban olmuşun əl izidi. Mən belə eşitmişəm. Deyirdim, nənə. Deyirdi, nədi, bala? Soruşurdum, niyə Ayın üzü ləkəlidi? Deyirdi, onun nənəsi saj küllüyürmüş, indi, bala, saj yoxdu ha. Onçun da insannar hər yola gedir. Hər fitnəlihdən çıxır. Nənəsi saj küllüyürmüş. Nənəsinnən nəsə isdiyif, isdiyəndə qayıdıf belə vuruf üzünə. İndi deyillər, ay ora adam əkin əkir, traxtır işdiyir, boş söybətdi. Fatma ana sajı küllədi, vurdu oğlunun üzünə.

Ay oğlandı, Günəş qız. Aynan Günəş sevgilidi. Mən heylə eşitmişəm.
II mətn

Ayın üzündəki ləkəni, Vallah, bizdən yekələr deyirdi ki, Ayın anası saj küllüyürmüş. Dəəsən, qızı gəlif nə isdiyifsə, belə əli küllü-küllü belə eliyif qızın vuruf. Elə bil, ona görə bir tərəfi belə qəşəh gül kimidi, bir tərəfi qarayanızdı. Əli küllü-küllü eliyif.


ARININ SİRRİ
Arı da möcüzədi, qızım. Kim desə ki, arının dilin bilirəm, ona inamma. Hər arıçı bir yerə yozur. O arının dilini, eşitdiyimizə görə, Məhəmmət peyğəmbər bilmiyif. Hətda deyir, onu şüşüyə tutuf ku, bırdan baxım görüm o nədən başdıyır bı şanı? Axı o mühəndis kimi kvadrat-kvadrat gətirir. O elə gətirir ki, axırda bəndi başdan birin qoyur, bir daş qoyur, axırda birin qoyur, qutarır. Bını nədən başdıyır, nədən qutarır? Nə qədir çalışıflar, bilə bilmiyif. Şüşüyə salıf arını. Görüf kü, arı əvvəlcə şüşənin üzün qaraldıf, bərəmumnuyuf, onnan soora işdiyir. Onda Məhəmmət peyğəmbər deyir ki, arı sirri-xudadı. Hə, əgər haram əli dəysə, gəlib oğurrux bir şan çıxardasan, o arıxanada bir arı qalmır. Ya gənə qırmalıdı, ya ajdıx qırmalıdı, ya təbiyət qırmalıdı. Arı haram götümür. Ona görə deyillər ki, arı müqəddəsdi. Həə. Heş kəs də sirrin bilmir.
ƏKİZLƏR
Deyir ki, bir gəlin varmış. Bunun uşağı olmurmuş. Elə hey töhmət eliyimişdər evdə. Nəysə, üzün tutur Allaha, iki daşı bölüyür, alır qucağına. Səhər durur görür kü, bu daşdara nəfəs gəlib. Bular uşaxdı bunun qucağındakı. Həə. Nəysə, vaxd olur bu uşaxlar böyüyür. Deməh, biri getmişimiş mal dalıncan, heyvan dalıncan. Arazı keçmişimiş o taya. Biri də bəri tayda. O taydakı nətəər olursa, xəsdələnir, nə bilim neyniyir. Axı o ekiz uşaxlarda bir xususiyət var ki, biri nəysə bir ağrı keçirəndə o birisi də hiss eliyir onu. Deyir, Arazı keçən orda vəfat eliyir. Onun ölümünü bu da bəri üzdə hiss eliyir. Bu da burda ölür. O bayatı ordan yaranır ki:

Əzizim, daşdan mən,

Yemərəm hər aşdan mən.

Nə atam var, nə anam,

Yarandım daşdan mən.
LƏLƏ
I mətn

Birinin oğlu, qızı olmurmuş. Hası peyğəmbərsə ona qonax getməliymiş. Özü də bizim öz Lələ dağımız var. Ona görə eşitmişəm onu. Deyir, deyip ki, gələn il bu vaxdı gəlim görüm kü, Allah sana bir övlat verib. Aradan xeyli keçir. Bu kişi – peyğəmbər bulara qonax gedir guya. Bu gəlin xəcalət olmamaxçun bu peyğəmbərə, bir daş bülüyür, bir yüyrüh asır. Aparır bu daşı qoyur onun içinə. Peyğəmbər də bilir da. Ayan olup ki, bunun uşağı yoxdu, bu bunu niyə alladır. Bir az keçir oyana, buyana. Deyir, uşağı gətir bura. Uşaxdı gətirə? Üz vurur bu. Gedir, götürür gəlir, görür kü, həqiqətən uşaxdı, özü təəcüb eliyir. Bir müddət keçir. Bu böyüyür. Gedirmiş da. Baş götürüp gedirmiş. Əlində bir ağacı varımış. Oynada-oynada deyir:

Lələyəm, aşdan mən,

Yaranmışam daşdan mən.

Nə atam var, nə anam,

Yaranmışam daşdan mən.

Hara çubuğunu atırsa, ora Lələnindi. Üş yerə atıb deyillər. Guya biri bizdədi, Cəbrayılnan Fizuli arasında Lələ dağı var. Biri papam deyirdi, İrandadı. Taa biri bilmirəm hardadı, Vallah. Deyirdi, üş dənədi Lələ dağı.
II mətn

Lələ balaca uşağmış. Deməh anası sonsuzumuş, uşaxları olmurmuş. Nəysə, kişi gedir, səfərə çıxır. Deyir, mən gəlincən sənin züryətin olmasa, mən səni boşuyacam. Həyatdarı guya dağılajax. Arvad sayır da bu kişi gəlincən. Bir gün də görür kü, elə bil səhər gələjəhdi da, vaxdı sayır. Gətirir bir daşı bürüyür, bir yüyrüh qayırır, qoyur beşiyə dana, biz yüyrüh deyirdih. Hə, başdıyır yelləmağa. Bu əri gəlir içəri girəndə görür kü, yüyrüh var, beşih. Baxır, uşax vığıldıyır. Daşı qoymuşdu. Hamsı təəcüb qalır. Arvad bilir ki, bu daş qoyufdu. Kişi də deyir, yəqin züryətim olub da. Hə, uşax yekəlir, qapıda oynuyurmuş. Bir günnərisi, kişi arvada deyir ki, arvad, sən Allah, bu, nə hak-hesabdı, bu nətəər şeydi? Arvad olan işi nağıl eliyir ki, bax belə oldu, belə oldu, mən daşı gətdim sənin qorxunnan qoydum ora. Sən içəri girəndə daş dilləndi. Uşax bu dəhcədə yoxa çıxır. Üş-dört yaşında uşaxdı, qapıda gəzdiyi yerdə yoxa çıxdı. Həə, qeyvə çəkildi. Tapmıllar, əən-bəən. Bir günnəri xəbər gəlir ki, o Lələ dağı ki deyillər, Lələ təpə, orda bir adam var, dağın başında. Heyvan otaran, nə bilim çöldə gəzən adamnar bunu görür, amma yaxın gələndə qaçır bu adam. Bullara yaxın gəlmir. Bir gün belə, beş gün belə. Ağsakqal, qarasakqal, camahat yığışır, deyillər, gedəh görəh bu, nə adamıdı. Nədi orda? Nəysə, yığışır bir dəsdə adam gedillər, bu qaçır. Axırı qaydır deyir ki, içinizdən bir ağsakqal seçin, o gəlsin mən kim olduğumu dəərəm. İşdərinnən bir adam seçillər. Bu gedir onun yanına. Oturullar söhbət əən-bəən. Deyir, sən duza, çörəyə and iş ki, bu sirri açmıyacam, heş kimə demiyəcəm. Məəm başıma gələn oyunu nağıl eliyim deyim. Bu da and içənnən sora nağıl eliyir ki, bax belə-belə anamın uşağı olmurdu. Məni atamın qorxusunnan daş kimi götürüb böləyib qoyubdu böləyə. Atam gələndə mən dillənmişəm. Qapıda oynuyurdum, uşağıdım, bu söhbəti ata-ana eliyəndə mən də eşitdim, o sahat qeyib oldum. Bu da aşmır sözü, əən-bəən. Bir günnərisi gənə söhbət eliyip deyir, havağ orda mən görünmədim, onda bilin ki, ölmüşəm. Nə bilim, belə nağıl eliyirdilər.

Ləliyəm, başdan mən,

Yemərəm hər aşdan mən.

Nə atam var, nə anam,

Yaranmışam daşdan mən.


III mətn

Qadının uşağı olmurmuş. Bı kişi elə bını dannıyırmış. Çıx get, çıx get, çıx get. Neçə ilimiş ta bının ojağının qırağındaymış. Bir gün bu kişi altı aylıx karvana qoşuluf gedir. Taa qadın neynəsin? Allah-taala vermir. Deerlər, karvan gəlir. Bı da sajın qavağındaymış. Karvan gəldi dəəndə, biz ojax daşı deyirığ e, üsdə çörəh qıraxlanır. Ojağın qırağına qoyullar, sajın altına. Görür kü, deellər, karvan gəldi, tez adyalı ordan çəkir, ojax daşın – belə uzun daşı pükür, qoyur yüyrüyə. Da yelliyir. Kişi gəlir. Ay arvad, Allaha şükür, ay arvad, Allaha şükür, əvmizdə yüyrüh tərpanır. Ojağın qırağındakı daşdı. Allah-taaladan höküm gəlir, qurvan olum o Allaha, bı daş səsdənir, ağlıyır. Daş ağlıyır. Durur bını saxlıyır. Bı uşax yeriyir, yüyürür, heş kimnən çörəh yemir, təhcə yeyir. Bir belə, beş belə, ta bı qadın yoldaşına aşmır bı sirrini ki, daşdan əmələ gəlib axı. Bir belə, beş belə, bını nə qədər eliyillər, bı nə sirrin demir, nə o uşax camaatnan çörəh yemir. Bı, nəysə durur, bir az yekəlir. Yekələndə durur bırdan çıxır gedir, baş alır gedir – həmən bax o uşax, daş uşax. Baş alır gedir, çıxır bi biyavannığa, bir çovanın yanna. Çovan deyir, gəl çörəh ye. Deyir, yox, yemirəm. Deyir ki, mən ollam bax o zağada. Çovan deer, ha. Gəlginən orıya, çörəh gətirejəm. Həmən bı daş deyir ki, bax o zağada yaşıyıram.

Bir gün, nəysə, çovan gəlir. Çovana deer ki, mən öləjəm, mən öləndə başdaşım özünnən uşax şəkli olajax. Maa başdaşı kəsmə. Deyir, niyə? Deyir, nə atam var, nə anam, yaranmışam daşdan mən. Çovan gəlif ki, ölüf. Onu basdırır, gedir əvə. Gəlir ki, həmən dedığı uşax şəklində başdaşı pitif başının üsdündə – daşdan. Onda deyir ki, hə, Allah-taala o ki deyillər e, quru daşa can verən Allah. Eşitmisanmı? Bax həmən odu. Həmən o bələmiyiv e, adyala isdi-isdi büküf qoyuf, Allah-taala ona nəfəs verif. O qəddə heylə görklər olur ku.
Söyləyicidən Lələ haqqında soruşduqda bu mətni danışdı – top.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin