AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə18/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

YOLA NƏRDİVAN SALAQ

Bir yolçu yolnan gedirmiş. Deyir, Allah, maa bir yoldaş yetir, elə bu yolnan söhbət eliyə-eliyə gedək da. Nəysə, peyğəmbərin birini göndərir bunun yanına ki, get onnan yoldaş ol. Heç bu yoldaş isdiyən dinmir. Elə başını salıb aşağı yolnan gedirmiş. Deyir ki, ay qardaş. Deyir, nədi? Deyir, gəlsənə bu yola bir körpü salax? Deyir, ə, sən dəlisən, ağlın azalıb? Bu düz yola körpü salmax olar? Bular başdıyıllar cəhli çəkməyə. Cəhilləşə-cəhilləşə gəlirlər Tərtər çayı kimi bir çaya rast gəlillər. Deyir, qardaş, gəlsənə bu çaya bir körpü salax? Kişi lap cin atına minir. Deyir, ə, dəli özünsən, məni dəli yerinə qoyma, biz iki nəfər bu çaya körpü sala bilərik? Nəysə, ikisi də ayağın soyunub çaydan keçillər, bu kişinin kəndinə gəlib çatıllar. Çatanda peyğəmbər bu kişiyə deyir ki, bu kənd abatdı, yoxsa xarabalıxdı? Deyəndə lap dəli olur. Buna ağır söz deyir. Özünü verir öz evinə.

Bunun da gözünün işığı bir qızı varmış. Deyir, ata, niyə belə qanı qara gəldin? Deyir, bala, bir dənə dələduza rast gəlmişəm, məni doluya-doluya gətirib. Deyir, ay dədə, nə deyib? Deyir, belə-belə. Deyir, ay dədə, get onu çağır gəlsin bəri. Gedir qaytarır. Deyir, ay kişi, mən səni qonağ eləməzdim, amma qızımın sözünnən çıxammaram, gedək qonağımız ol. Deyir, gedək. O vaxdı da ürbənd deyillərmiş. Qadın xeylağıynan kişi xeylağının arasına ürbənd çəkilirmiş ki, kişi qadını görməsin da. Qız deyir ki, qonax, mehriban qonax, de görüm icazə verərsənmi mən aydınnaşdıram sən dediyin sözdəri? Deyir, buyur. Deyir, mənim atam Allahdan dilək eliyib ki, bir insan yetir mənə bu yolu tək getmiyim. Sən ona yoldaş olmusan, amma atam dinmiyib. Sən də demisən ki, gəl bu yola körpü salax. Yəni söhbət eliyək ki, yolun uzaqlığı gözə görünməsin. Nərdivan bu deməkdi. Gəlib çaya çatanda ay ata, bu adam demək isdiyib ki, ya sən məni çiyninə al bu çaydan addat, ya da mən səni addadım. Bu kənd xarabadı və yaxud abbatdı, yəni demək isdiyb ki, bu kənd qonaxpərvərdi, yoxsa qonax sevən döylü? Bunu demək isdiyib.


  1. ÇİRKİN QIZIN BƏXTİ

Bir çirkin qız varmış, bir də gözəl oğlan. Oğlan bu qızı alıf. Gəlin deyif, mən həm qarayam, həm çirkinəm. Mən bu gözəllikdə oğlannan oturmuyajam, çıxıf gedəjəm. Gəlin baş götürüf gedir. Gedir görür yolda bir qarı oturufdu. Qarı bunu çağırır, gəlir onnan söhbətdəşir. Süleyman peyğəmbərin üzüyünü çıxardır, görür onun qaşında gözəl bir zənən var. Deyif, görürsən bu zənəni? Deyir, görürəm. Deyif, gözəllikdə kimdi? Deyif, onun kimi gözəli Allah hələ yaratmıyıf. Deyir, sən o oğlanın gözündə bax belə gözəlsən. Qayıt geri, evini, çörəyini dağıtmaginən. Bu qarı da olar qoja dünya.



  1. QIZ SÜDÜ, QISRAQ SÜDÜ

Münəccim bir gün eşidir ki, bir vəzirin qızı var. O da ömür boyu xəstədi. Loğman, təbib demirlər, amma heç birisi qızın dərdinə əlac eliyə bilmir. Münəccim deyir ki, mən o qızı sağaldacam. Arvadına qourma qavırtdırır. Cibinə töküf deyir ki, gedəjəm elçi daşının üstündə oturam. Elçi daşı da vəzirin qapısındaymış. Münəccim gedir elçi daşının üstündə oturuf başdıyır qourmadan yeməyə. Vəzirin adamları gəlif deyillər ki, a dilənçi, sən bırda nə qayırırsan?

Münəccim deyir:

– Küləh əssə, heş nə. Vəzir məni qəbul etməliydi, məni niyə qəbul etmədi?

Vəzirə xəbər aparıllar ki, əşi, bəs belə-belə, bir dilənçi gəlif elçi daşının üstündə oturuf, sizin qəbulunuza düşməh isdiyir. Vəzir deyir ki, onu mənim yanıma gətirin görüm.

Münəccimi tacirin yanına aparıllar. Vəzir kişini görən kimi hersdənir. Deyir:

– Ə, bı dilənçini bura nəə gətirifsiniz? Bınnan doxtur-zad çıxmaz. Bını aparın.

Vəzirin ağıllı bir arvadı varıymış. Deyir ki, əşi, qoyun görəh dana, bının axırı hara çıxır? Görəh bı nə deyəjəh?

Deyir:

– Əgər mənim qızımı sağaltsan, səni dünya malından kam eliyəjəm.



Münəccim deyir:

– Nə verejehsənsə, gəti qoy ortaya.

Deyillər, sən sağalt, sora verəjeyih. Münəccim razılaşmır. Nəysə, münəccimin dediyini eliyillər. Münəccim deyir ki, bı qızın dərmanı qız südü, qısrax südü, ilan yağı, keçi piyidir. Deyillər, bı kişi axmaxdımı, nədi? Qızda da süd olarmı, ilanda da yağ olarmı? (Amma bala, ilan adətən yağ olur). Keçidə də piy olarmı? Deyir ki, əgər mənim qızımı sağaltmasan, səni dar ağajınnan asdırajam. Münəccim evinə qayıdır. Bir ilan tutur. Onun yağını əridif qaba tökür. Gejə yatmışmış. Münəccimin qızının biri gejə yarısı durur ki, ay nənə, mənim döşüm yaman islanır. Nənəsi açıf baxır ki, Allah-taala tərəfindən qızın döşünə süd gəlif. Qızın südünü butulkaya yığıf, keçi piyini, ilan yağını da götürüf xəstə qızgilə gedir. Deyir ki, qızının dərmanını gətirmişəm. Gətdihlərin qıza verir. Qız sapbalamsağ, isbatdı qız olur.

Hamısı baxır ki, həqiqətən də, qız sağaldı. Onunçün də deyillər ki, Allah verəndə daş üsdə verir. Gedif elçi daşının üsdündə oturdu, Allah da ona verdi. O, nə xəttər ürəyi təmiz adamımışsa, Allah ona öz qızının südünü dərman yetirdi.




  1. LOĞMAN

Bir Loğman olur, daxili xəsdəliklərdən başı çıxanmış. Bir gün fikirrəşif ki, isdi ölkələrdə mədə-bağırsax xəsdəliyi çox olar da. Baş götürüf gedir Ərəbistana. Məkkəyə, Mədinəyə yaxınnaşanda bir ərazidə düşür. Hər yerə elan vurduruf xəbər göndərir ki, filan loğman filan yerdə xəsdə qəbul eliyir. Bu öz yerində gündə əlli-altmış xəsdə qəbul eliyirdisə, bura çatannan sora gündə bunun yanına bir adam gəlirmiş. Gələn olmuyuf. Məhətdəl qalıf ki, bu nətər olan şeydi? Peyğəmbər vaxdıydı, gəlif peyğəmbərin yanına. Deyif:

– Ya peyğəmbər, saa fəda olum, mən loğmanam. Öz yerimizdə, özü də bizdə hava sərindi, gündə əlli-altmış xəsdə qəbul eliyirəm. Gəlmişəm bu isdi ölkəyə, mənim yanıma heş gələn yoxdu. Bu nətər olan şeydi?

Deyir ki, Loğman, mən bəndələrimə vəsiyyət eləmişəm ki, ajmamış yeyin, doymamış da süfrədən durun. Loğman deyir ki, hə, onda burda xəsdəlik olmaz da. Niyə? Adam ajanda, yeməyin vaxdını keçirəndə mədə şirəsi boş-boşuna mədənin divarın sürtür, tədricən qastritə keçir. Birdən-birə çox yeyəndə də mədəyə ağırrıx verir, həzm eliyə bilmirsən. Amma ajmamış yeyif, doymamış da duranda onu həzm eləməyə kifayət eliyir. Deyir ki, hə, deyirəm axı, niyə burda xəsdəlik yoxdu?




  1. ƏŞƏDDİ OĞRU23

Bir kişi əşəddi oğruymuş. Görür ki, məclisdə molla deyir, o dünyada qıl körpü var, altında qır qazanı qaynıyır. Əgər hər kəs əməli-saleh adamdısa, qıl körpünün üsdüynən addıyır gedir cənnətə. Kim əməli-saleh deyilsə, düşür o qazana, orda yanır, əriyir. Bu deyir dədə vay, sən öl, mən qır qazanında yanacam. Belə şey olar? Gedim qazının yanına, görüm bu nətər olan şeydi. Gedir qazının yanına. Deyir:

– Qazı ağa, sən özün bilirsən ki, mən əşəddi oğruyam.

Deyir:


– Hə, sən lap cələkəsən.

– Bəs mən nətər eliyim? Deyirlər qıl körpü var, kim əməli-saleh deyilsə, ordan keçəndə qır qazanına düşür.

Deyir:

– Hə, bəs nətəri ə? Dünya halidi? Allah-taalanın imtahanı var, imtahannan keçəcəhsən. İnkir-minkir gələcəh, İsrafil sur düdüyün çalacax.



Deyir:

– Mən nətər eliyim ki, o qır qazanında yammıyım?

Deyir:

– Get namaz qıl, ibadət elə, toba elə, bu yoldan qayıt. Allahdan üzr isdəginən ki, məni bağışda. Bağışdıyar.



Deyir ki, bəs oğurrux nətər olsun? Deyir:

– Onu özün bilərsən.

Durur gedir. Namaz qılır, ibadət eliyir. Axı bu xuruşdu, qalxmalıdı. Bir gün deyir ki, qazı dedi oğurruğu özün bilərsən. Neçə aydı əli-ayağı bağlı qalmışam. Qonşu kəntdə birinin qoşqu öküzdəri var, çox da yavaşdı. Gedim onu oğurruyum gətirim. Bir az da nəmişdiymiş. Durur yolnan gedir. Görür öküzdər gövşək vurur. İpi açır başınnan, ikisin də çataxlıyır qatır qabağına, gətirir. Görür ə, səhər açılır, namazın vaxdıdı. Tez öküzləri ağaca bağlıyır. Suyun qırağıymış. Dəsdəmaz alır, başdıyır namaz qılmağa. Ev yiyəsi durur çıxır çölə, görür öküzdər yoxdu. Hava nəmişdiydi. Görür irədd gedir belə. Atı minir bunun getdiyi yolnan çaparaxlıyır. Ha burda, ha orda, gəlir görür bir kişi namaz qılır, öküzdər burda ağaca bağlıdı. Namaz qılanı dindirməzdər. Namazdan fərrux olannan sora deyir ki, əmi, qutardın namazı? Deyir:

– Bəli.

Deyir:

– Bilmirsən bu öküzdəri kim bağlıyıf bura?



Deyir:

– Ə, irəhmətdiyin oğlu, səə öküz gözdüyən idim, görüm kim bağlıyıf? Öküzdəri tapmısan, götür get.

Qayıdıf deyir, kopoğlunun qazısı. Məni allatmağına bax. Ə, oğurruxnan namaz yola gedər? Onnan sora bir də oğurruğa getmir.


  1. XƏMİR XALANIN NAĞILI

Savatdı oğlan olur, evlənməh isdiyir. Ora-bura, gəlir toy eliyir, evlənir. Kətdən bir əz uzax qalır, qonumnan-qonşudan uzax olur. Bu, aparır gəlini qoyur evə. Deyir, mən iki ay gedəjəm başqa yerə, bir əz işdiyəm, sora gələjəm. Bu ev, bu eşih, heş yerə də getmirsən. Burda qalırsan mən gələnə kimi. Deyir, noolar. Beş gün, on gün. Gəlin görür ki, darıxır, heş kəs yox. Həfsələsi darıxır, evi tərk eliyir, çıxır gedir. Oğlan gəlir, görür gəlin yoxdu. Bir müddət keçənnən sora birin də alır gətirir. Görür ki, bı da dözmədi, bı da getdi. Sora deyir, gedim o kəndə, bı kəndə, bir ağıllı qız tapsam, evlənim, gətirim qoyum bı evə yəə dursun. Gəlir görür ki, bir ağacın dibində üş dənə qız oturuf sööbət eliyillər, öz dərtdərin danışıllar. Oğlan da qıraxdan bulların səsin eşidir. Biri deyir, ay qızdar, mən ərə gedəndə elə saçıma baxıf sevəcəhlər məni. O birisi də deyir ki, sifətdən gözələm, göyçəyəm də. Məni də gözəlliyimə görə sevib alacaxlar. Biri də deyir ki, mən ağıllıyam, məni də ağlıma görə sevib alacaxlar. Oğlan deyir, elə ağıllını tutum qəşəhcə, ən yaxşısı bıdı. Bıllara yaxınnaşır. Deyir, eşitdim sizin söbətizi, sizin o ağıllı olmağıza mən elə bil ki, vırıldım. Deyir ki, nəə görə? Deyir, bəs isdirəm səni alam. Gedir, qızın anasınnan, atasınnan icaza alır, aparır evə qoyur. Deyir, mən iki-üç ay evə gəlmiyəjəm. Onnan sora gəlif üç ay evdə qalajam da belə. Bı qız da axı ağıllıdı, ağlı işdiyir. Gedir xəmir yoğurur qəşəhcənə. Bir dənə xəmirdən xala qayırır, üz qoyur, göz qoyur, şamaxı salır başına, paltar geyindirir. Gedir deyir, ay xəmir xala (öz-özünə deyir ey), bı ev-eşih yaman pisdi, isdirəm axı yığışdırım. Öz-özünə deyir, hə, yığışdırsan elə yaxşı olar, elə yaxşı olar. Başdıyır yığışdırmağa. Başın-zadın salır, yığışdırır, süpürür. Gedir, deyir, ay xəmir xala, isdirəm bir əz yeməh eliyim. Deyir, hə, yaman yaxşı olar, elə. Öz-özünə bının hamısın deyir. Sora deyir, ay xəmir xala, gedirəm bir dənə usda gətirim bı hasarı hörsün, qapını çəhsin, gül-çiçəh salım. “Xəmir xala, xəmir xala” dəə-dəə düzür-qoşur hamısın. Axırda yoldaşı gəlir. Baxır ki, axı bu bizim ev dəyil. Görən nə oldu, nə olmadı belə. Gəlir ki, öz evidi də. Deyir, ay qız, nə gözəl şərait düzəltmisən? Deyir, bəs ağlımnan. Xalamı gətdim qoydum bura, xalamnan işdədim. Deyir, hanı, gedim görüm də xalaa. Gedir belə əl vuranda xəmir aşır. Deyir, vay, mənim xalamı niyə öldürdün? O maa nə qədər köməh eləmişdi. Deyir, o insan dəəl axı, xəmirdəndi. Deyir, nolsun, xəmirdən də olsa, o maa nə qədər qüvvət verdi, köməh elədi. Oğlan tay heş yerə getmir, orda da heylə yaşıyıllar.




  1. VARLI VƏ KASIB QONŞU

İki qonşu olur. Biri varrı olur, biri bir əz kasıb olur. Çox belə əkən, tökən, eliyənmiş. Varrı dəəndə, belə özünə görə də. Həyatı, torpağı çoxumuş. Günnərin bir günü bu varrı əkir, tökür, götürür, bı kasıbın torpağı həmən ili yaxşı gəlmir, elə bil yaxşı olmur də. Öküzü də ölür. Deyir, ay Allah, mən neyniyim, neynəmiyim. Fikirrəşir, arvadına deyir. Arvadı deyir ki, Allah kərimdi də, nayrahat olmaginən. Get o qonşuya de, bəlkə o qonşu saa bir kömbə satdı. Gedir qonşuya deyir ki, ay qonşu, gəl o torpağın yarısın ver mənə, mən əkim becərim, həm sənə də xeyri olsun, həm mənə də xeyri olsun. Bu qonşu da insaflıymış. Deef, noolar, bı torpağı elə verrəm saa, ək, becərginən.

Başdıyır əkir o başa, bu başa. Vax gəlir həmin ili elə yaxşı gəlir ki, tay müsibət e. Biçir, götürür. Sora o biri ili bir də başdıyır əkməyə. Əkəndə kotanı bir o başa, bir bu başa sürəndə görür nəysə bir şeyə dəydi. Dəyəndə baxır görür ki, bir dənə küpədi. Bını götürür, sevincəh gətirir evinə. Gətirir evinə, açır görür ki, teyxa qızıldı. Arvadı deyir ki, bax, nə yaxşı oldu, bırdan bizə nə qədər xeyir gəldi. Ged o kişiyə də xeyir-dua ver ki, elə səən torpağınnan tapmışam. Deyir, yox, bunu mən heş bir dənəsin də götürmərəm. Bını elə aparım verim kişiyə. Bı tay götürür aparır. Kişiyə deyir ki, ay qardaş, əkdim, tökdüm, bir xeyir gördüm. İndi bu səfər də əkəndə qızıl küpəsi çıxdı. İndi mən bunu neynim? Verrəm sənə. Heş nəyə də əl vurmamışam. Deyir, yox, heylə şey olar? Heylə şey ola bilməz. Mən bu vaxda qədər oranı əkmişəm, tökmüşəm. Bı niyə qarşıma çıxmadı? Bı sənin qismətindi. Bunu elə bil sən götürməlisən. Açır küpəni, teyxa qızıldı. Yarısın götürür verir kişiyə ki, səən qismətindi. Yarısın da ki, paylıyır camaata. O varrı adam – qonşusu paylıyır camaata. Hamı o qədər sevinir, dua-sana eliyir ki, nə yaxşı bı kişi belə qızıl payladı.

İl gəlir, yenə yaz gəlir. Bı gənə əkir, tökür. Ay Allah, bir buğda olur, elə bil ki iki buğda. Elə lay tökülür ki, taxılı yığıf-yığışdırmax qeyri-mümkün olur. Bu varrı gedir baxır ambarına, görür ki, tay hamısı yığılıf, teyxa buğdalar oluf noxud boyda. Deyir, bı nə əfsanədi, bı nə nağıldı mənim başıma gəlir. Buğdadan da bir əz götürür gedir mollanın yanına. Genə molla bilər də belə şeyləri. Deyir, mənim ilim ildən yaxşı gəldi, taxılım da boldu. İndi gedirəm ambarıma baxıram ki, buğdalar oluf noxud boyda. Molla deyir, bilirsən nə var? Sən o qədər mərdanasan, hamıya əl tutursan, Allah-taala da göydən görür də, sənin məhsulunu birə-beş artırıf ki, qoy getsin yesin, dolansın.





  1. ŞAHIN QİYMƏTİ

Günnərin bir günü şah vəzirin çaarır yanına. Deyir ki, mənim canıma qiymət qoy. Vəzir də deyir ki, ay şah, mən nətəər sənin canına qiymət qoyum, sən şahsan. Dedi ki, yox, bilmirəm. Qırx gün möhlət verirəm. Bu qırx günün ərzində bu hax-hesabı tapginan, qəti mənə de. Bı da deyir ki, nə deyirəm. Deyir, əgər tapmasan, boynu vurdurajam. Bı da durur gəlir evə, ayləsinin yanına. Deyillər ki, bəs sən niyə qayıtdın? Deyir, bəs başıma belə iş gəlifdi. Şah belə deefdi. Deyillər, onda gəl düz yola. Bı ağsakqallar var, çox bilənnər var, bılların yanına getginən, bir şey öyrənərsən də. Allah darda qoymaz. Deyir, yaxşı.

Bı durur düşür yolun dabaana. Bir kənd, iki kənd. Gedif görür ki, bir dənə qız uşağı oynuyur həyətdə. Bı yannan keçif gedəndə qız deyir, ba, bı kişiyə bax ee, yannan keşdi, maa salam vermədi. Bı da deyir ki, ay bala, mən sana nə salam verim, sən uşaxsan, mən də yolumnan gedirəm. Deyir, kim var evdə? Deyir, atamdı, anamdı, özüməm. Deyir, atan nə iş görür? Deyir, atam qalmaqal kəsir, anam da gedif borc verməyə, Deyir, olar ki, gedəh sizin atazın yanına. Deyir, niyə olmur? Girillər evə. Deyir ki, qızın belə dedi də, bu nə deməhdi. Deyir, qalmaqal odu ki, qonşuynan aramızda çəpər qooram ki, toyux girməsin, mal-heyvan girməsin, söz sööbətimiz olmasın dana. Arvad da, üzdən irax, qonşuda rəhmətə gedən var, gedifdi borcun verməyə də. Yanı sabah məəm başıma bir iş gəlsə, o da gəlsin məəm üsdümə. Bı deyir, bəs hara gedirsən, kimsən, nəçisən? Deyir, bəs başıma bir oyun gəlif, hadisə gəlif. Deyir, gəlmisən, heş yerə getməh lazım dəəl. Nə soruşsan bu qızdan soruş. Deyir, yaxşı. Deyir, qoy qırx gün tamam olsun. Gəl məəm qızımı götü apar, nə lazımdı orda dəjəh.

Qırx gün tamam olur, qızı da salır yanına, götürür aparır həmən şahın yanına. Deyir, bəs nə xəbər gətdin, neynədin? Deyir, şah sağ olsun, bir qız uşağı var. Nə lazım olsa, o, sənə deyəjəh. Deyir, yaxşı, qoy gəlsin, eybi yox. Gəlir şahın hüzuruna. Deyir, qızım, gəl otu görüm, mənim canıma qiymət qoy. O da deyir ki, şah sağ olsun, nə qiymət qoyajam? İki şey var: ya ola, ya olmuya. Bı da deyir, bı nə deməhdi? Deyir, şah sağ olsun, bütün bı var-dövlət sənin əlindədi. Savax öldün, belə 10 metr ağ aparassan. O da ya qismət ola, ya olmuya.




  1. CAVAN QALMAĞIN SİRRİ

Ağsakqal bir kişiymiş, yolun qıraanda oturmuşmuş. Bir nəfər də yoldan keçirmiş. Keçəndə deyir ki, ay baba, niyə ağlıyırsan? Deef ki, heş nə, atam məni vurufdu, mən də ağladım. İndi ona görə tay elə bil qalmışam burda. Onu götürür aparır atasının yaana. Gedif görür ki, oğul atadan qocadı da. Deyir ki, sən onu niyə vurmusan? Deef, niyə də vurmuyum, tezdən demişəm get atamı gör, gedif görmüyüf, mən də onu döymüşəm. Onun borcudu ki, atamı görə. Oğlan burdan da çıxır, gedir görür ki, bunun atası onnan da cavandı, oturuf. Deef, niyə belə eliyirsiz ey, bu yazıx adamı döyəllər? Bu yaşdı deyif, döyməyə ixdiyarımız var. Oğul məəmdi, döyməliyəm də. Atamı gedif görmüyüf. Gedillər, görüllər ki, o biri otaxda bir qəşəh kişi oturuf, cavan, belə nurru da. Bıllar hara, o hara. Ən bööhləri oyuymuş. Oğlan deyir ki, yolnan gedirdim, görürəm o orda ağlıyır, bı burda. Deyir ki, düz eliyir da, oğlumdu, o onun atasıdı, o onun atasıdı, gəlir çıxır mənə. Mən də olların ilaf böyüyüyəm. Deef, bəs bulları dööf da. Deyir, düz eliyif. Sifdə yuxudan duranda gəlif böyügü görməlisən, əlinnən öpməlisən. Onnan sora gedif başqa işi görməlisən. Bu belə dəəndə, deyir, bəs maraxlıdı, bıllar sənnən nə qədər balacadı, amma yaşdı görünürlər, sənsə cavansan. Deyir, məni saxlıyan məəm ayləmdi. Məəm ayləm o qədər mehribandı, məni əlində saxlıyır. Gəlirəm gülə-gülə məni qarşılayır, gülə-gülə yola salır, yaxşı vaxtında yeməəmi verir, içməəmi verir. Nə deyirəm, onu eliyir. Ona görə də mən cavan qalmışam. Onnarın aylələri pisdi, yeməh vermir, içməh vermir. Ona görə də elə bil ki, cavankən heylə qojalıflar.





  1. AT, ARVAD VƏ QONŞU

At, arvat, qonşu – bulları gərəh sınaxdan keçirəsən. Atı elə bil heş kəsə vermiyəsən. Arvadı da anasının evinə, başqa yerə qoymuyasan. Bir də gərəh qonşunun da bərhliyini, boşduğunu sınıyasan. Borc verif, borc almax nətərdi. Elə bil ata oğluna deyir ki, oğul, mən ölüf gedəcəm, sən bınnarı sınaxdan keçirginən. Atası rəhmətə gedir. Gedənnən sora qırxın verir, ilin verir. Deyir, gedim qonşudan borc pul alım, görüm bında dözüm var, ya yox. Gedir qonşuya deyir, ay qonşu, maa pıl ver, bir həfdiyə, on günə qaytarajam. Vacif işim var. Gətirir verir, heş belə iki gün keçməmiş gəlir qapını kəsir. Deyir, qonşu, maa pul lazımdı, varındısa qaytar. Qoyuf evə ey. Aparır verir, deyir, sağ ol. Bı qonşunu sınaxdan keçirdi. Dedi, həə, atam düz deyirmiş.

Atı da boğazımış, qarnında balası varmış, böönə-səərə doğmalıymış. Dayısı gəlir bına deyir ki, ay bala, atı ver maa, bırda bir əz yüküm var, aparım, elə onu satım, sora qaytarım gətirim. Deyir, ay dayı, mən nətəəri verim? At ağırayaxlıdı, pisdi də, neyniyim? Nəysə verir, deyir, çox yühləməginən. Bu bunu güdür. Gedir, gedir, görür dayısı o qədər yük yüklüyür kü buna, at balasın salır. Hə, balasın salır, kişi də çıxır gedir. Atın qulunun götürür, gətirir qoyur evə.

Bu oğlanın qaynın toyu olur. Arvadı varmış, uşağı varmış. Ayləsinə deyir ki, yola salım get anangilə. Toyu-zadı savarsan, sora gəlif səni gətirərəm. Bı gedir. Elə bil sınıyır arvadın. Deyir, gedərsən, qalarsan, köməh verərsən anaa, həyət-bacada nə lazımdı eliyərsən. Mən də gəlif gətirərəm. Deyir, noolar. Ayləsi gedir. Oğlan indi başka paltarda gedir. Gedir, qapıdan keçəndə tanıyır. Deyir, ay xala, ay xala! Deyir, can. Deyir, noolar bu gecə gəlim sizdə qalım. Toy evidi özü də, Allah mübarək eləsin. Deyir, gəl. Deyir, elə bil ki, mən neçə müddətdi ayləsizəm, qadının yaana məni qoy. Ala bir belə də pul verrəm saa. Qızıldan-puldan verrəm də, məni göndər bir qadının yaana (elə öz arvadının yaana də). Arvad deyir ki, get o otağa. Qızı da burda uşağıynan yatmışmış. Gedir oğlan girir onun yanına. Tay bu qız bilmir ki, bı bının əridi. Gəlinə deyir ki, mən gəlmişəm sənnən olam. Bunun yanaa girəndə qız ona yaxın durmur. Özün yeer, tökür, öldürür: “Ay haray, bu kimdi, hardan gəldi? Bı saat haray eliyəjəm, qışqıracam”. Deyir ki, heş qışqırma, sorma da. Qız ona yaxın durmur. Oğlan uşağı xəlvətcə götürür, aradan çıxır. Uşağı gətirir evə. Guya heş bunun xəbəri yoxdu. Səər durur qız görür ki, uşax yoxdu. – “Ay haray, uşax”. Bilir ki, gejə yanına gələn adam aparıf. Anası deyir ki, ay bala, dəərik ki, ölüfdü, ərin nə biləcəh. Sora bu gedir evə. Gəlir ki, ay arvat, dur gedəh də, tay vaxdıdı, gəldim səni aparım. Deyir, bəs uşax hanı? Deyir, bilmirəm, kim apardı, nədisə. Tay açıf dəə bilmir axı. Deyir, əşi, eybi yox, uşaxdı, olacax, böön-səər genə olar. Nə olacax? Heş nə olmaz.

Anasın da çaarır, qonşunu da çaarır, dayısın da çaarır, girir evə. Qaynənəsinə deyir ki (uşağı da, qulunu da qoyuf badvala), get ordan nəysə bir şey var də, onu götü gəlginən. Gedir baxır, görür ki, uşax ordadı. Qəynənəsi məətdəl qalır. Dayısına deyir ki, ged orda nəsə qoymuşam, bular getdi gəlmədi (utandıxlarınnan gəlmir də). Gedir görür atın balası ordadı. Deyir, nətəəri olur bu gəlif bura çıxıf? Dayısı da gəlmir. Soora gəlinə deyir ki, dayın da, anan da orda qaldılar, get gör niyə gəlmillər? Gedir, bu gəlin də qalır orda. Durur özü gedir. Deyir, ay arvat, o dərviş cildində gələn mənidim. Sən nə qədər nanəcib arvadıdın ki, pula satdın öz qızıı. Halal olsun bu qıza, mən nə qədər çalışdım, vuruşdum, maa bad vermədi. Bu dayıma dedim, atı az yüklə, çox yüklədi, getdi yolda balasın saldı. Arvadı da, dayısın da çıxardır, atın arxasına qəşəhcənə bağlıyır. Deyir, bunu sürün ölüncən. Aparır, öldürür olları. Arvadın da üzünnən öpür, deyir, halal olsun. Mən səni sınaxdan keçirdim. Gördüm ki, namusdu, qeyrəddi qadınsan. Qonşuya da deyir ki, sağ ol, mən səni sınamax üçün pul almışdım. Bunnan sora mən sənnən nə borc alaram, nə də borc verərəm.


  1. UŞAQ DOĞAN MOLLA MƏMMƏD

Bir gün bir molla bir arvadı alıf gətirir. Gedif ət alıf gətirir. Deyir ki, ay arvad, mən gedirəm bazara, mən gəlincən kiftə bişirərsən. Bı da bişirir. Kişi gedif gəlir dana. Gəlif evə deyir ki, nə bişirmisən? Deyir, kifdə demişdin, bişirmişəm. Deyir, mən kifdə yemiyəcəydim, katlet yeyəcəydim. Deyir, əşi, bını demişdin, bişirmişəm. Beş gün, on gün belə, bu bezir. Arvad bezir, çıxır gedir. Sora bir ayrısın gətirir. Buna da deyir ki, böyünnəri maa souz bişirərsən ətdən, gəlif yəəcəm. Gedir gəlir, deyir, mən bunu yemiyəcəydim. Bunu nəə bişirmisən? Dəli şeymiş. Döyür, döyür, bir müddət qalır, bı da çıxır gedir. Qonşuda bir dənə arvad varmış, bir əz bicimiş. Deyir ki, molluya deyin qonşuda bir dənə arvad var gəlsin alsın. Mən indi gör onun başına bir oyun açım ki, kefi gəlsin. Hə, qəşəhcənə deyillər, qonşuda filan arvad subaydı də, ged onu al. Deyir, hə, nolar, mənim dedihlərimnən razı olarsa gəlsin. Deyir, niyə razı olmuram, belə kefinən, nə dəərsən, onu da bişirərəm. Gəlir. Evi zadı yığışdırır, yuyur, yığır, tökür. Deyir ki, mən gedirəm bazara, ət alıf gətirim. Deyir, hə, getginən, mən işimi görrəm. Bu qəşəhcənə gedir bazardan beş-altı kilo ət alır, tökür qabaana. Deyir ki, maa böyün plov bişir, ətti-zaddı də. Hə, bu da gətirir bişirir. Molla gəlir hirsdənir ki, mən aş yemiyəcəydim. Maa kifdə eliyəydin, ya katlet eliyəydin. Deyir, a kişi, səən neçə qarnın var? Day bir qarnın var. Bir yeməhdi də, onu da eləmişəm. Bu nə deməhdi? Deyir, yox, hirsdənir, döör, söör bunu. Deyir, eybi yox.

Qonşuda arvad hamiləymiş. Bu arvada deyir ki, sənin sancın tutanda, ağrın tutanda mən o uşağı bir-iki saatdığa tutaram. Bu kişinin başına bir oyun açacam ki, kefi gəlsin. Bu deyir ki, hə, yaxşı. Bu gedir, gətirir. Arvat katlet eliyir bir az, bir əz kifdə eliyir, bir əz aş eliyir, bir əz souz eliyir. Üzdən irax, bir əz də itin nəcisinnən gətirir qoyur usdolun altına. Kişi gəlir. Deyir ki, nə bişimisən? Deyir ki, kifdə eləmişəm. – “Gəti görüm”. Gətirir. – “Əşi mən bunu yemirdim. Bunu nəə bişimisən? Maa katlet eliyərdin”. Deyir, katlet də var. Katlet də gətirir. Gözü çıxır kəlləsinə mollanın. Deyir, mən bunu yemiyəcəydim, souz. Deyir, souz da bişirmişəm. Onu da yemiyəcəm. Kişi özünü itirir. Deyir, mən pox yeyəcəm. Deyəndə arvad usdolun altınnan çıxardır it nəcisini, qoyur bunun qabanaa. Kişi məətdəl qalır. Bir ujdan da kişinin qarnın belə-belə tumarrıyır, deyir, elə bil kişi, sənin uşaan var. Deyir, yeri, səfeh olmaginən, sən nə danışırsan? Deyir, vallah, elə bil görrəm. Kişi də bir əz kökümüş. Deyir, uşaan var. Kişini gipnoz eliyir. Qonşu doğur, bı gedir gecəynən uşağı götürür gətirir qoor kişinin yaana. Deyir ki, boy əvin yıxılsın kişi, səən uşağın oldu. Deyir, heylə şey olmaz. Deyir, olsa da, olmasa da belədi. Mən deyirdim, sən inanmırdın.

Bını kətdən çıxartmax isdiyir də. Tezdən kəndə hay düşür ki, Molla Məmməd uşax gətirif. Bu nə hax-hesabdı? Mollanın arvadı deyir, hal-vəzyət belədi. Kişi gecəynən durur qaçır, gəlir Bakıya. İllər keçir, deyir ki, əşi, day söz-söhbət qurtardı də. Deyir ki, mən gəlləm kəndimə da arabıynan. Araba tutur, bəziyir, düzüyür. Arvad kənd camaatına deyir ki, gələndə gedin onun qabaana, başdıyın o sözü deyin “hə, Molla Məmməd doğan ili belə oldu, Molla Məmməd doğan ili belə oldu”. Elə ordan deyir, bala, arabanı qaytar, sööbət qutarmıyıf. Elə ordan da qayıdıf gedir.




  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin