AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


İşə və ya vəzifəyə düzəlmək üçün gedilənlər



Yüklə 0,77 Mb.
səhifə11/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

İşə və ya vəzifəyə düzəlmək üçün gedilənlər

İmam övladı seyidlər hər kəsi ucaldanın da, endirənin də Allah olduğunun fərqinə varmış insanlardır. Allahın ucaltdığını heç kim endirə bilmədiyi kimi, onun endirdiyini də heç kim ucalda bilməz. Ona görə də vəzifədə, işdə müvəffəqiyyət qaza­nanlar və ya qazanmaq istəyənlər ocaqların, pirlərin vasitəçiliyi ilə bunu Allahdan istəyirlər. Bəzən seyidlər özləri dövlət qullu­ğunda çalışan, ancaq içində hələ də dinə hörmət, seyidlərə sevgi, inam olan adamlara ya dua etməklə, ya da onlara bir şeylər verməklə onların vəzifələrinin artmasına səbəb olurlar. Məsələn, Ərkivan qəsəbəsindən olan məşhur seyid Mir Sadiq Ağa haq­qında belə bir əhvalat söylədilər:

“Bi dəfə bizim rəis olub, Dövlət Səfərov, özü danışır, deer oturmuşduy dostdarnan, biz də tanımıruy də, ağa gələr söyə-söyə nəsə. Deeb, bu kimdi? Deeblər ki, bəs belə-belə, bu bizim ağamızdı. Bının da seyiddərə hörməti böyük imiş. Nəsə ağanı otuzdurublar yannarında.

Ağa bına deeb:

– Sən Naxçıvannısan?

Deeb:


– Hə, hardan bildün?

Deeb:


– Ə, mən bilirəm.

Nəisə durub gedəndə bına 3 dənə cib dəsmalı verər. Bı alar dəsmalları, hərəsini dosdarının birinə verər, birini də qoyar cibinə. Bı da hələ onda rəis-zad döymüş ee. Deer heç üstünnən iki il nə çəhmədi, ordakıların üçü də vəzifəyə getdi. Deer göz­zənilmiyən bi şeydi da. Deer mən elə onda fikirrəş­dim ki, ağanın o dəsmalı mənə verməsindədi hikmət” (111).

Buna bənzər bir əhvalatı Masallının Məhəmməd Şıxlar ad­lı kəndində yerləşən və el arasında Pirzova (Qız türbəsi də adla­nır) adlanan türbə haqqında da deyirlər. Eyni ilə Mir Sadiq Ağa­da olduğu kimi, bir polis rəisi müavini Pirzova pirinin yaxın­lığında dostları ilə oturub yeyib-içərkən gözü sökülüb dağılmış pirə sataşır. Soruşur ki, bu nədir, deyirlər ki, çox ağır ocaqdır, hər cür dərdə şəfa verir, qismət açır və s. Polis rəisi müavininin ürəyindən piri təmir etdirmək keçır. Sonradan o, öz halal pulu ilə pirin üstünü götürdür, ətrafını təmizlədir, ona baxmaq üçün yaxında yaşayan kasıb bir adam üçün elə pirin həyətində də ev tikdirir. Bundan dərhal sonra polis rəisi müavini özü rəis olaraq başqa bir rayona təyin edilir. Sonradan bu polis rəisi özü də piri dəfələrlə ziyarət edir və həmişə də işlərinin yaxşı getdiyinə, vəzifədə irəlilədiyinə görə pirə borclu olduğunu bildirir.

Masallı camaatının dediyinə görə, 1970-80-ci illərdə bəzi raykom katibləri, partiya işçıləri, polislər gizli şəkildə ocaqlara, pirlərə, türbələrə nəzir boyun olurmuşlar ki, işləri yaxşı getsin. Müstəqillikdən sonra pirlərə, ocaqlara ziyarət sərbəst olduğun­dan polislər, dövlət qulluqçuları, hətta icra hakimiyyəti nüma­yən­dələrindən bəziləri el arasında ağır ocaq kimi bilinən bəzi müqəddəs yerləri ziyarət etməkdən o qədər də çəkinmirlər.



Qismət açmaq üçün gedilənlər

Ocaqların və pirlərin bir funksiyası da insanların qismət aç­maq üçün oraya müraciət etməsi və bu niyyətlərinin çox vaxt baş tutmasına inanmalarıdır. Belə ki, türk toplumunda ailə hər zaman birinci dərəcəli hesab olunduğundan, ərə getmək istəyən gənc qız­ların ya özləri, ya da anaları (bəzən də yaxın qohumları) niyyət edə­rək ocaqlara müraciət edirlər. Ancaq demək lazımdır ki, qis­mət yalnız qızların bəxtinin açılması anlamına gəlmir. Bəzi vali­deynlər yaşları keçmiş və evlənə biməyən oğlanlarının da qismə­tini açmaq və ya el arasında halal süd əmmiş, yaxşı gəlin tapmaq üçün ocaq və türbələrə gedib niyaz edirlər. Bu müraciət forması ümumi mənada bir-birinə bənzəsə də, bəzi pir və ya ocaqlarda dəyişə də bilir. Məsələn, Hişkədərə kəndində İmamzadə pirinə qis­mət açmaq üçün müraciət edənlərin niyyətlərinə çatdıqlarına inanılır.

“Bakıdan hansısa muzeyin direktoru idi, dört nəfər idilər, gəldi dedi:

– Mən bura dügün vurmuşdum, açılıb.

Soruşdum:

– Nə işdi, xeyir ola?

Dedi:

– Mənim qızım ərə getmirdi, indi gedib, düyünüm açılıb” (126).



Qismət açmaq üçün uzaq yerdən gələnlər əgər bu iş müs­bət nəticələnirsə, bunu yaxınlarına, qonum – qonşularına, da­nışırlar və beləliklə, ocağın, pirin şöhrəti ətrafa yayılmış olur.

Qismət açmaq üçün ocaqlara gedənlər çox vaxt bunu ətraf­dakılara bəlli etmirlər. İnanca görə, bunun düşər-düşməzi olur. Çünki qismət açmaq elə bugünə qədər bağlı olan bir şeyin açıl­masıdırsa, onu gizlin saxlamaq toplumda təbii qarşılanır. Qismət açmağın ən yayılmış forması təbii ki, ocaqda və ya pirdəki hər han­sı bir əşyaya ip, yaylıq bağlayıb ona düyün vurmaqdır. Düyün bəxtin bağlı olmasına, düyünün açılması isə bəxtin açılmasına işa­rədir. Ona görə də ocaqlara gedənlərin çoxu oradakı kola, ağaca ip bağlayırlar. Bunu Fatma nənə təndiri yaxınlığındakı ağaclar haqqında da demək mümkündür. Fatmeyi-Zəhra ziyarət komplek­sində bir çox müqəddəs yerlərlə bərabər qismət açmaq üçün seçilmiş ağac­lar da vardır. Bu ağacların budaqları başdan-başa bağlanmış əski parçaları ilə doludur. Ağacların budaqlarından təmsili be­şik asıldığını da görmək mümkündür ki, bu tip qismət açmaq praktikası Orta Asiyada, Anadoluda daha çox yayğındır.

Ancaq qismət açmağın başqa yollarına da rast gəlmək müm­kündür. Xalq inancına görə qızılgül, ətirşah gülü behişt gü­lü hesab edilir. Xüsusən də, daha incə olan ətirşah gülünü evdə sax­lamaq lazımdır. Masallıda evi olan Mir Tağı Ağanın həyə­tində bitən ətirşah gülünə qismət açmaq üçün yaylıq bağlayırlar. Əgər yaylıq açılıb düşərsə, bu, qismətin açılması, niyyətin baş tutması anlamına gəlir, bağlı qalarsa, yorum tərs yozulur.

“Bizim bi qonşu var, iki qızı var idi, qızdar yaşdaşmışdı, alan yox idi. Qonşu o qızdarı üçün gətirdi, əl yaylığı bağladı, ətir­şah gülünə. Biz də uşağuğ. O qardaşımdı, mənəm, bir də bö­yük bacım var, o idi. Oturmuşuğ biz də evdə. Arvad yaylığı bağ­lıyıb, 2, 3 düyün vırıb yaylığa. Birin bağlıyıb böyükçin, birin də kiçikçin. Allaha and olsun gülün üstündə o kiçiy qızçün bağ­ladığı yaylığ başdadı açılmağa. Açıldı düşdü. O biri açılmadı. Neçə il dalbadal arvad gəldi bağladı açılmadı. Soradan o biri illərdə açıl­dı. O birinci yayliğı açılan qız elə həmin ili də ərə getdi. O biri ya­zığ neçə il qaldı, sora açıldı, qız da gec getdi ərə” (25, 153-154).

Masallının Rüdəkənar kəndində dağ döşündə daş yığınları olan bir yer və onun da yanında daş üzərində ayaq izləri var. Bu daşların yanında bitən kiçik kollar vardır ki, qismət açmaq üçün gələnlər niyyət edərək həmin kollara əski parçaları bağlayırlar ki, tezliklə ailə qura bilsinlər. El arasında Əli ayağı (Əli qədəm­gahı, Həsən, Hüseyn ayağı ziyarət yerləri Azərbaycanın bir çox yerində vardır) adlanan bu ziyarətgah inanca görə, Hz.Əlinin bu yerlərdən keçərkən ayaq izlərinin daşlara düşməsi ilə yaran­mış­dır. Əli ayağı ziyarətgahı daha çox qismət açmaq üçün gedilirsə də, buraya müx­tə­lif xəstəliklərlə bağlı da gəlirlər. Qismət açmaq üçün bağlanan əski parçalarının açılıb düşməsi niyyətin baş tuta­cağı mənasına gə­lir. Ancaq Əli ayağından bir qədər aralı yola yaxın yerdə bitmiş kol­varı ağaclara da bez, yaylıq parçası, ip bağlandığını gördük. Ət­rafda yaşayanlar bunun da qismət açmaq üçün olduğunu bildirdilər.

Toplama zamanı aparılan müşahidələr göstərdi ki, qismət aç­maq, hər hansı bir niyyətin baş tutması üçün həyata keçirilən prak­tikalardan biri və başlıcası müqəddəs yerdə bitən ağac və ya kola əski parçası, ip, yaylıq bağlanması, hətta saç qoyulması, təm­sili be­şik asılmasıdır. Məsələn, Fatmeyi-Zəhra ziyarət kom­plek­sində də bir neçə yerdə ağaclara bağlanan iplə, əsgi parçaları ilə qarşılaşdıq.

Əski şaman adəti kimi dəyərləndirilən, ancaq əslində qə­dim türk inancları ilə bağlı olan ağaca əsgi parçası, yaylıq bağla­maq canlı, həm də insan taleyi kimi təsəvvür edilən ağacın mü­qəd­dəsliyi ilə əlaqəlidir. Türk mifologiyasında ağac hər bir insa­nın ikinci canıdır. Ağac həm də ilk insanların yaradılmasında köməkçi ünsür kimi çıxış edir. Belə ki, qədim türklərin mifoloji inancına görə, uyğurların ilk ataları dağ başında bitən müqəddəs ağacdan doğulmuşlar. Uyğur mənşə mifini müsəlmanlar arasın­da ilk dəfə yazıya alan İran tarixçisi Cüveyni olmuşdur. Bu mifə görə, dağ başındakı ağcaqayın ağacının üzərinə göydən enən işıqla ağacın gövdəsi şişir və buradan dörd uşaq çıxır. “Atamız, anamız kimdir?” sualına insanlar ağacla dağı göstərib ata və ananız bunlardır, deyirlər. Uyğurların ilk atası qəbul edilən bu dörd qardaşın ən kiçiyi Buka Xan, daha sonra uyğur dünya dövlətinin qurucusu olmuşdur (86, 127-128).

Bütün müqəddəs ağacların dünya ağacının bir variantı olduğunu da unutmamaq lazımdır. Füzuli Bayatın da yazdığı kimi, “Yaşamın, rifahın, bolluğun və qutsal oyanışın simvolu olan Dünya Ağacı əslində kainatdakı dünyaları bir-birinə bağlayan dağ və dirək kimi düzənin və sabitliyin təminatçısıdır” (47, 58-59). Ona görə də ağacdan asılan parçalar canlı olan və Tanrı məkanı ağacın vasitəçi olmasını istəmək mənasına gəlir. Elə buna görədir ki, sadəcə, müsəlman türklər deyil, xristian və şamanist türklər bu və ya digər şəkildə uşaq istərkən ağaca müraciət edirlər. Məsələn, yakutların da ağacdan uşaq istədiyinə dair çoxlu mifoloji rəvayətlər vardır. Şaman əfsanələrində uşaq istəyən və ya qismətinin açılmasını istəyən yakut qadınlarının ağaca parça bağladığını görürük (49). Parça, yaylıq, ip, bəzən də baş tükü bağlamaqla qismətin aşılması həm də mifologiyada həyat ağacının başlıca funksiyasıdır ki, xalq inanclarında qalıntı şəklində də olsa, bizə qədər gəlib çatmışdır.



Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə