AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Yerimə problemi olanların getdiyi ocaqlar



Yüklə 0,77 Mb.
səhifə13/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
#16567
1   ...   9   10   11   12   13   14   15   16   17

Yerimə problemi olanların getdiyi ocaqlar

Xalq arasında böyük şöhrətə sahib olan ocaqlar indi hər dərdə dəva yeri kimi tanınır. Buna baxmayaraq sovet kommunist rejiminin güclü olduğu zamanlarda bu yerləri “ifşa etmək” üçün ateistlərdən ibarət böyük bir təbliğat qrupu fəaliyyət göstərirdi. Ocaqların, pirlərin, təkkələrin funksiyasını heçə endirmək üçün yuxarıda haqlarında az da olsa məlumat verdiyimiz təbliğatçılar yalanlar uydurur, insanları bunlara inanmağa məcbur edirdi. Hət­ta bu barədə “ifşaedici dəlillər” də tapırdılar. Bu ateist alim və təbliğatçıların əsas hədəfləri İslаm müqəddəsləri ilə bаğlı (Hz.Mə­həmməd, Hz.Əli, Fаtimə, Həsən, Hüsеyn və b.) yerləri, qədəm­gаhlаrı, şаmаnçılıqlа bаğlı pirləri (аğаc, qаyа, ilаn və s. pirlər), seyidlərin məzarlarını, ocaqlarını gözdən salmaq idi. So­vet rejimi­nin çökməsimdən iyirmi beş ildən artıq zaman keçsə də, hələ də əvvəlki baxış, köhnə sovet düşüncəsi bir çox alim­lə­rin yazıla­rında, bir çox rəhbər işçilərin düşüncələrində qalmaqdadır.

Funksiyasına görə ocaq və pirlərə baxdığımızda bunların yayğın olanlarından birinin də yerimə qüsuru olan uşaqlara və hətta böyüklərə yardım etməsi olduğunu görürük. Orta Asiyada və Anadoluda bəzi ziyarət yerlərinin yeriməyən uşaqlara yaxşı təsir göstərdiyi, oraya aparılan uşaqların tez bir zamanda yeridi­yi haqqında çox sayda mətnlər vardır. Buna bənzər əhvalatlar Masallı ocaqları haqqında söylənsə də, burada ən çox yeriyə bilməyən yeniyetmələrin, böyüklərin ocağa və ya seyidin məzarı üstünə gətirildiyi, buradan isə yeriyərək çıxdığı haqqında xalq arasında söyləntilərin dolaşmasıdır. Sovet dövründə ocaq və pir­ləri tənqid edərkən əsas bu nöqtəyə diqqət edilir, bunu molla­ların, seyidlərin, din adamlarının qabaqcadan hazırlamış olduq­ları şarlatanlıq adlandırırdılar. Ateist təbliğata görə, heç bir ocaq və ya pir fiziki qüsuru aradan götürə bilməz.

Buna baxmayaraq Masallı bölgəsində hər zaman yerimə qü­surunun ocaqlarda aradan götürülməsinə inanılmışdır. Bu əhva­latların biri xalq arasında qız qəbri kimi bilinən Pirzova adlanan pirlə bağlıdır. Pirzova ocağına niyyət tutanlarla, şəfa istəyənlərlə, uşaq istəyənlərlə və s. bərabər yerimə qüsuru olan xəstələr də gəlir. Söyləyicinin danışdıqlarına görə onun başqa dərdləri ilə yanaşı yerimə qüsuru da varmış. Daha doğrusu, o yeriyə bilmir­miş. Bu xəstə Pirzova pirinin kəraməti ilə yeriməyə başlayıb:

“İran qranisində Pirzova ocağı var, mənim babam ordandı, oların törəmələrinnəndi. Babamın tayfası hamısı orda olub. Həmin ocağın ortasında bi dənə quran evi olub. Kim gedərmiş nə niyyətə, nə işə o ocağa nəzir boyun alarmış, evi üçün, canı üçün, balası üçün gedərmiş ora, o quranın qapısında başın qo­yar­mış ora. Mən xəstəydim, özüm üçün getmişəm ora, 3 ayın gəlini idim onda, dərd tapmışdım. Cavan qardaş itirmişdim. Hə, nəsə apardılar məni ora. O quran qapısına belənci başımı qoy­dum ora, üzümü tutdum ocağın içinə. Həmin o quran ocağına. Gözüvü diriyirsən o qarannığ yerə. Baxdım gördüm ki, gözumə çinar ağacları göründü. Bizim yerlərdə olmur o ağaclardan. Yamyaşıl ağaclar o qarannığ yerdə belə gedir, belə gedir. Ora gedənnər gedib, yatıb yuxu görüllər, durub danışıllar ocağın yiyəsinə. O da yozur. Düzdü, mən yuxu görmədim. Nə qədər elədim görə bilmədim. Amma belə bi şey gördüm.

Durdum danışdım ki, hal-qəziyyə belə. Ocağın yiyəsi dedi, qızım get əlüü at qulağuun dibinə, rahat ol. Binnan da sənin azarun-bezarun getdi. Day bınnan sora sən xəstəlik görməzsən. Özü də yeriyə bilmirdim. Allahın birriginə and olsun, bala, düz padyomudu yol mil kimi üzüyuxarı. Düşüb cıxmağ zulum idi. Mən də dedim ay Allah, necə çıxacam, düşəcəm. Elə düşdüm quş kimi. Azarımı da elə o ocağda qoydum. Hə, bax Pirzova ocağının kəramətini mən görmüşəm” (25, 122-123).

Bəzən yerimə ilə bağlı xəstələrdən ayaqları əzilmiş, ancaq tib­bi baxımdan müalicəsi çətin olan adamlar da şəfanı ocaq və pirlərdə tapırlar. Məsələn, Mahmudavar kəndində ən qədim pirlərdən biri olan Baba Seyid Ağa həm də ayaq xəstəliklərini, revmatizmi, yel xəstəliyini və ayaq ağrılarını sağaldır, yerimə qüsurlarını aradan götürür.

“Bir dəfə mənim atam meşədə olanda ayağını zədələmişdi. Nə qədər həkimə getdiy filan, heç xeyri olmadı. Getdi bu aya­ğını sürtdü o daşa, Baba Seyid Ağanın daşına. Mən qoymurdum getməyə ki, a kişi, daş sənə neyniyəcəy eee. Nəsə mənə qulağ vermədi getdi. İnanın ki o, bir həftədən sora sağaldı” (125).

İnanca görə, ocaqlara qoltuq ağacı ilə gələn, xərəklə gətirilən bir çox xəstələr orada bir neçə gün qaldıqdan sonra özləri yeriyərək çıxıb getmişlər. Buna el arasında ayaqları kötür olmuş və ya ayaqları tutulmuş xəstələr də deyilir. Burada qeyd etmək lazımdır ki, yerimə problemi anadangəlmə olduğu kimi, sonradan qəza, xəstəlik nəticəsində də yarana bilər. Bu cür xəstəliklərə xəstəxanalarda çarə tapa biməyənlər ümidi ocaqlarda, pirlərdə axtarırlar. Ümumiyyətlə, ocaq və pirlər çarəsizə çarə, ümidsizə ümid qapısıdır. Onları xalq arasında sevdirən də bunlardır.

Revmatizm və ya yel xəstəlikləri üçün gedilən ocaqlar

Ocaq, pir və türbələrin bir funksiyası da el arasında yel xəstəliyi kimi bilinən revmatizm xəstələrinin şəfa yeri olmasıdır. Qədimdən ocaqlara gələnlərin burada sağalacağına olan inam o qədər böyük olmuşdur ki, sovetləşmədən sonrakı qadağalar da bunun qarşısını ala bilməmişdir. Bir tərəfdən həkimlər, digər tərəfdən, təbliğatçılar bütövlükdə ocaq, türbə və pirlərin nəinki yel xəstəliyini, digər xəstəlikləri, hətta ruhi xəstəlikləri də sağaltmaqda aciz olduğunu, bunun insanları aldatmaq olduğunu hər fürsətdə dilə gətirirdilər. Sovet təbliğatçıları ocaqlara və pirlərə qarşı elə bir soyuqluq yaratmışdılar ki, bunun qarşısında yalnız Allahın (cc) qüdrəti ilə dayanmaq mümkün idi. Ocaqlar və pirlər bu ağır imtahandan da zəfərlə çıxdılar. Yerimə problemi bu və ya digər dərəcədə revmatizm və ya yel xəstəliyi ilə də bağlıdır. Bu iki xəstəliyi bir-birindən ayırmaq çətinlik törətsə də, yerimə qüsuru fiziki simptomlarla müşahidə edilir. Revmatizm isə əslində fiziki qüsuru olmayan, ancaq müəyyən bir zamanda yerimədə, dikəlmədə problem yaşayan, bir sözlə, revmatizmdən əziyyət çəkən adamların xəstəliyidir.

El arasında yel xəstəliyi kimi bilinən revmatizm xəstələri xəstəxanalardan daha çox müqəddəs yerlərə üz tuturlar. Bunun başlıca səbəbi yel xəstəliyinin gec sağalması, insanların hərəkət­sizliyə, oturaqlığa dözə bilməmələridir. Ona görə də ocaqlara və pirlərə ən qısa zamanda sağalmaq istəyi ilə müraciət edilir. Bu xəs­tə­lərin əksəriyyəti gecəni və ya bir neçə günü ocaqda keçir­məklə dərdlərinə dərman istəyirlər. Masallıda Fatmeyi-Zəhra adlanan İstisu müalicə kompleksi əslində revmatizm xəstələri üçün ən şəfalı müqəddəs yer sayılır. Buradakı Fatma nənə ocağı, təndiri daha çox niyyət tutanlar üçündürsə, yer altından çıxan qaynar su və şəlalə yanındakı palçıq daha çox yel xəstəliyi üçün­dür. Sovet dövründə də insanların inanc yerlərindən biri olan Fatmeyi-Zəhra istisuyu yel xəstələrinin ümid yeri olmuşdur. Bu ziyarət yerindəki ağaclar, təndir, ayran su, ayaq izləri, yanar dağ, palçıq və digər müqəddəs yerlərin hər birinin öz funksiyası var­dır. Qeyd etdiyimiz kimi, bu ziyarət yerinin ən başlıca funksi­ya­sı isə revmatizm xəstəliyinə əlac olmasıdır. El arasında Fatma nə­nə ziyarəti adlanan yerdən çıxan qaynar su revmatizm xəstə­li­yi­ni müalicə etdiyi kimi, bu xəstəliyi sağaldan isti palçıq vannası da vardır. Əslində isti palçıq vannasının bel ağrılarını, yel xəstə­liyini, soyuqdəymələri müalicə etdiyi elmi olaraq da təsdiqlən­mişdir. Həm isti su, həm də palçıq tərkibinə görə oynaq ağrıları­nın sağaldılmasında tibbi müalicə funksiyasını yerinə yetirir.

Revmatizm xəstəliyi ilə bağlı Fatmeyi-Zəhra ziyarətin­dən başqa birbaşa bu funksiyanı yerinə yetirən başqa bir ocaq yoxdur. Buna baxmayaraq, bəzi ocaqlarda yel xəstələrini yatırma, ocaq­dan götürülmüş kimyədən oynaqlara sürtmə, seyidin ağrıyan yerə əlini sürtməsi kimi praktikalar da vardır. Masallı bölgəsində duz­laşma, yel xəstəliklərinin, oynaq xəstəliklərinin, sümük ağrılarının ocaqlarda bir neçə gün yatmaqla müalicə olunacağına da inanılır. Masallıda bəzi ağır ocaqların divarına və ya pilləkənlərinə oynaq yerlərini sürt­mək­lə yel xəstəliklərini və duzlaşmanı sağaltmaq da geniş yayılmışdır. Bəzi ocaqların daşlarına da sürtünməyin bu dər­də kömək etdiyinə inanılır. Məsələn, Fatmeyi-Zəhra ziyarət kompleksindən götürülən daşların belə bir funksiyanı yerinə yetir­diyinə inanılır. Bəzi yel xəstələrinin söylədiyinə görə, Fatma nənə ziyarətgahı neçə-neçə revmatizm xəstəsinin sa­ğal­masına səbəb olmuşdur. Fatmeyi-Zəhra ziyarətgahı Azər­baycanda bütün revma­tizm xəstələrinin müraciət etdiyi yerdir.

Bir mühüm məsələ də başqa bölgələrdə yaşayan, sadəcə, revmatizm xəstələrinin deyil, digər xəstələrin də Masallıdakı ocaqlara, pirlərə və türbələrə müraciət etməsidir. Eyni ilə Masal­lı camaatı da başqa yerlərdə ağır ocaq kimi bilinən ziyarət yer­lə­rinə gedirlər, orada da dərdlərinə şəfa axtarırlar. Bu isə ocaq və pirlərin daha geniş sahədə fəaliyyəti ilə bağlıdır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin