Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 133,76 Kb.
tarix02.01.2022
ölçüsü133,76 Kb.
#47518
Dilçilik stiuasiyasının mahiyyəti-Azərbaycan timsalında


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ



Fakültə: Filologiya

İxtisas: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Qrup: B-21 (138A)

Tələbə: Əliyeva Rəfiqə

Müəllim: Əsgər Quliyev

Fənn: Ümumi dilçilik

Mövzu: Dilçilik stiuasiyasının mahiyyəti-Azərbaycan timsalında
BAKI – 2021

Dilçilik stiuasiyasının mahiyyəti-Azərbaycan timsalında

Öz kökləri ilə orta yüzilliklərə gedib çıxan Azərbaycan dilçiliyi uzun bir inkişaf yolu keçərək XX əsrdə müasir elmi tələblər səviyyəsində formalaşmış və daha da təkmilləşərək humanitar elmlər sırasında layiqli və seçkin yerlərdən birini tutmuşdur. Azərbaycanda dilçilik elmi xüsusilə keçən əsrin 60-80-ci illərində zəngin inkişaf yolu keçmiş, böyük uğurlar və elmi nailiyyətlər qazanmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin müxtəlif yönümlərdən araşdırılması sahəsində məqsədyönlü elmi-tədqiqat işləri həyata keçirilmiş və onların nəticəsi olaraq bir sıra dəyərli monoqrafiyalar, dərslik və kitablar ərsəyə gətirilmişdir. Məhz həmin dövrdə - 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Yenə həmin dövrdə ulu öndərin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini vermiş, Azərbaycanın keçmiş Sovetlər İttifaqında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınması ilə nəticələnmişdir. Belə ki, keçən yüzilliyin 70-ci illərində SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi sahəsində yeganə elmi orqanı olan nüfuzlu “Sovetskaya türkologiya” jurnalı Bakıda nəşrə başlamışdır. Yeri gəlmişkən qeyd edək ki, bu jurnal hazırda AMEA-nın Rəyasət Heyətinin orqanı olaraq “Türkologiya” adı ilə beynəlxalq dərgi statusunda əvvəlki dövrlə müqayisədə daha geniş elm sahələrində (dilçilik, ədəbiyyatşünaslıq, folklor, tarix, fəlsəfə, sənətşünaslıq və s.) və dörd dildə öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributlarından biri olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəsrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ildə bilavasitə Azərbaycan dili və dilçiliyi ilə bağlı iki mühüm sənədə imza atmışdır. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında 2012-ci il 29 may tarixli sərəncamdır. Ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədi olan bu sərəncama əsasən Azərbaycanda dilçilik elminin daha da gücləndirilməsi məqsədilə adı çəkilən quruma dövlət büdcəsindən iki milyon manat vəsait ayrılmışdır ki, bu da birbaşa dövlət dilinə olan daimi qayğı və diqqətin göstəricisidir.

Ölkə Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı isə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlanır. Bu sərəncamla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmış və ədəbi dil normalarının gözlənilməsi, eləcə də Azərbaycan dilçilik elminin səviyyəsinin daha da yüksəldilməsini özündə ehtiva edən Dövlət Proqramının hazırlanması bir məqsəd olaraq qarşıya qoyulmuşdur. Bir müddət sonra adı çəkilən Dövlət Proqramı hazırlanmış və ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixi sərəncamı ilə təsdiq edilmişdir. Sərəncamda göstərildiyi kimi “hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyədə yüksəldilməsini tələb edir”. Sənəddə xüsusi olaraq vurğulanır ki, “Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir”. İlk növbədə Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiq dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan Dövlət Proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır.

Qeyd edək ki, Dövlət Proqramında qarşıya qoyulan bir sıra məqsəd və vəzifələrin həlli birbaşa olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə Prezidentinin Azərbaycan dili haqqındakı 9 aprel 2013-cü il tarixli sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülmüşdür. Onlar sırasında ilk növbədə Dilçilik İnstitutunda dörd yeni şöbənin yaradılmasını qeyd etmək lazımdır: Sosiolinqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Kompüter dilçiliyi, Monitorinq. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin, qədim dillər və mədəniyyətlərin araşdırlmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, həmçinin Azərbaycan dilinin yeni orfoqrafik, izahlı, frazeoloji və terminoloji lüğətlərinin hazırlanması, müxtəlif dialekt və şivələrin müasir tələblər səviyyəsində öyrənilməsi sahələrində də müəyyən işlərə artıq başlanılmışdır. Bundan əlavə dilimizə son 20-30 ildə daxil olmuş yeni sözlərin, o cümlədən terminlərin lüğəti hazırlanmış və nəşrə təqdim olunmuşdur.



Hazırki qloballaşma dövründə Azərbaycan ədəbi dilinin terminlər hesabına zənginləşməsi yollarının araşdırılması, müxtəlif elm sahələrinə aid terminoloji bazanın yaradılması və təkmilləşdirilməsi kimi məsələlər də dilçilik elmimizin prioritit istiqamətləri sırasında mühüm yer tutur. Birbaşa bu problemlə bağlı Azərbaycan dilinin terminoloji bazasının inkişaf etdirilməsi, yad təsirlərdən qorunması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müraciət imkanını təmin edən onlayn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə, eləcə də interaktiv forumların köməyi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi kimi məsələlər İnstitut qarşısında duran mühüm vəzifələr sırasındadır. Elmi-texniki tərəqqi, beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya, təbii ki, Azərbaycan dilinin leksikasında terminlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Bütün bunlar nəzərə alınmaqla Azərbaycan terminologiyasının veb-portalı yaradılmışdır ki, bundan da başlıca məqsəd mövcud terminoloji lüğətləri vahid mərkəzdə toplamaq, elmin, texnikanın müxtəlif sahələrində çalışan mütəxəssislərə mövcud terminlərin izahında yardımçı olmaq, eləcə də termin yaradıcılığına xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.


ƏDƏBİYYAT

  1. Koseriu E. Ümumi dilçiliyə giriş. Bakı, 2007.

  2. Afad Qurbanov. Ümumi dilçilik. I cild (3 cilddə). Bakı, 2019, 448 səh.

  3. Adil Məhəmməd oğlu Babayev. Dilçiliyə giriĢ. Bakı, 2017. -560 səh.

Yüklə 133,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin