AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati


Lirik nəsrin müharibə mövzusunda davamı



Yüklə 2,78 Mb.
səhifə11/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Lirik nəsrin müharibə mövzusunda davamı. 60-cı illərin əvvəllərində rus və digər sovet xalqlarının ədəbiyyatlarında müharibə nəsrinin ikinci dalğası özünü göstərməyə başladı. Birinci dalğa müharibə iştirakçısı olan yazıçıların yaratdığı müharibə nəsri idi. Bu nəsrin ilk nümunələri müharibənin gedişində yaradılmağa başlamışdı. İkinci dalğa müharibə nəsri isə 1956-cı ildə stalinizmin ifşasından sonra formalaşmağa başladı. Onun yaradıcıları dava vaxtı arxa cəbhədə olmuş yeniyetmələr idi. Onların yaşı cəbhəyə yollanmaq üçün azlıq edirdi.

Stalinizmin ifşasından sonra Böyük Vətən Müharibəsi haqqında ancaq qələbəyə aparan yol kimi danışmaq ənənəsi geridə qaldı. Stalin rejimi və onun görünməmiş qəddarlığı dava illərindəki bir sıra hərbi uğursuzluqların əsas səbəblərindən idi. Bunlar N.S.Xruşşovun çıxışlarında da qeyd edilmişdi. Ona görə ədəbiyyatda da müharibə faciələrinin təsviri üçün yol açılmışdı.

Davanı təsvir edən nəsrin ikinci dalğası məhz bu imkan sayəsində ortaya çıxa bildi: yeniyetməlik dövrü 1941-1947-ci illərdə arxa cəbhədə keçmiş cavan yazıçılar bu dövrə müraciət et­mə­yə başladılar. Azərbaycan nəsrində bu istiqamətdə ilk addımı 60-cı illərin lap əvvəllərində, «Yanar ürəy»in uğurları barədə söh­bət­lər hələ səngiməmiş İsa Hüseynov atdı. O, kənd həyatından bəhs edən digər əsərlərinin qəhrəmanları yaşayan öz doğma kən­di­nə müraciət etdi. Qəhrəmanların, insan münasibətlərinin əsər­dən əsərə keçməsi yazıçını qorxutmurdu: o nəsrin əsas bir tələbini göz­lə­məyə çalışırdı. Nəsrdə yazıçı yaxşı bildiyi həyat materialını və faktlarını göstərməlidir. Bu halda oxucu yazıçıya, onun təsvir etdiyi hadisə və süjetlərə inanır, özü də onlarla yaşaya bilir. Ona görə, İsa Hüseynov dava vaxtının arxa cəbhə həyatını təsvir edən «Tütək səsi», «Teleqram» və «Saz» povestlərində yenidən doğma kəndində yaşayan insanlara, onların dava vaxtı keçirdikləri ağır, çətin həyata müraciət edir. Biz yenə Qılınc Qurbanın kolxoz sədri, Sultan Əmirlinin isə RGK sədri olduğu rayonun və kəndin təsərrüfat başçıları ilə üzləşirik.

İsa Hüseynovun müharibə nəsrinin lirizmini təmin edən əsas əlamət burada təhkiyəçinin yazıçının özü olmasıdır. Hissiyyatlı, istiqanlı, mərhəmətli bir şəxs olan İsa Hüseynov milyonlarla insanın içindən keçdiyi arxa cəbhə həyatının aclığını, əsgərlərdən gələn qara kağızların bütün kəndi elliklə faciəyə düçar etməsini öz şəxsi müsibəti kimi yaşamış və bunlar onun yeniyetmə yaddaşında izlər qoymuş, zədəyə çevrilmişdi. Ona görə yazıçı əvvəllər ədəbiyyata gətirilməsi ağlasığmaz olan həyat həqiqətlərini ədəbiyyata gətirirdi. Məsələn, «Saz» povestində təsvir edilən poçtalyon qızın surəti belə idi. O, cəbhədən gələn qara kağızları gizlədib əsgər ata-analarına vermir. Müharibə dövründə yaradılan nəsr əsərlərində bunu yazmaq yolverilməz sayılırdı. Çünki qara xəbəri gizlətmək, guya sovet adamının zəifliyini ortaya qoymaq idi. Müharibə vaxtı yazılan əsərlərdə valideynlər çox zaman övladlarının şəhid olması ilə fəxr edən kimi göstərilirdilər. Lakin davadan iyirmi il sonra çap olunan «Saz» povestində belə poçtalyon və kövrək ata surətləri artıq lirik nəsrin prinsiplərinə uyğun idi. İki oğlunu davaya yola salmış İsfəndiyar kişi bütün rahatlığını itirib: o, dözümsüz, ürəksiz, övladcanlılıq hissləri ilə yaşayan, oğullarının qayıtmamasına çətinliklə dözən bir insan kimi verilir. Məhz insana - ataya belə münasibət lirik-psixoloji müharibə nəsrinin prinsipi idi: davanı qəhrəmanlıq, hünər kimi yox, uzun, üzüntülü, faciəli, övlad itkisinin yanğısı ilə keçən bitməz-tükənməz illər kimi qələmə almaq.

Poçtalyon qızın obrazı da, İsfəndiyar kişinin surəti də lirik nəsr üçün səciyyəvi olan kövrək və təbii xasiyyətli, sadəlövh kəndli obrazlarıdır. Əlbəttə, yazıçı rəsmi tənqidin iradlarını nəzərə alaraq «polad» qəhrəmanlar da yaratmışdı. Soltan Əmirli, Qılınc Qurban onların əsas nümayəndələri idi. Yazıçı onları şəxsi hisslərdən məhrum, dövlət və xalq qarşısında borcunu icra etmək naminə yaşayan adamlar kimi təsvir edirdi. Lakin sərt xarakterli, əzazil və duyğusuz qəhrəmanlar, əslində İsa Hüseynovun lirik nəsrinin orijinal xüsusiyyətlərini təmsil etmirlər. Əksinə, onun «Saz» və «Tütək səsi» kimi əsərlərini sevdirən qəhrəmanlar - poçtalyon qız, gecə-gündüz oğulları üçün af-uf etməkdən yorulmayan İsfəndiyar kişilər, anası ərə getdiyi üçün ata evindən qaçaq düşən Cümşüdlərdir.

Yazıçı nə üçün onları əsas surət, təsvir obyekti seçir? Yazıçının məqsədi arxa cəbhədə dörd il ac-yalavac yaşamış milyonlarla kolxoz kəndlisinin faciəsini göstərmək idi. İkinci dalğa müharibə nəsrinin əsas missiyası əvvəlki dövrlərdə stalinçi rejimin yazmağa imkan vermədiyi dava faciələrini, milyonlarla dinc adamın dava ucbatından çəkilmiş iztirablarını ədəbiyyata gətirmək idi. Belə təşəbbüslər 1941-1953-cü illərdə  Stalin ölənə qədər yaradılmış müharibə obrazını kökündən təzələyir, onu qəhrəmanlıqlar və qələbələr sırası kimi göstərməyin təhrif olduğunu ortaya qoyurdu.

«Tütək səsi»nin süjeti də əlamətdar idi. Bu süjet arxa cəbhə qadınlarının başdan-başa mərdlik və qəhrəmanlıqdan ibarət obrazını kənara atırdı. Sədr Cəbrayıla ərə gedən və bunu ərinin öldü-qaldısı aydınlaşmadan edən qadın surəti arxa cəbhə əxlaqına yeni və daha obyektiv baxış idi. Çoxları öz gözləri ilə görüb əmin olmuşdu ki, dava dəhşətli aclıq və qıtlıqla yanaşı, əxlaqi deqradasiya gətirir. Bunu insanlar çox qədimlərdən müharibələr tarixində müşahidə etmişlər. Dava və aclıq şəraitində, ilk növbədə, insanın özü dəyər kimi gözdən düşür, onun həyatı və ölümü dəyərsiz olur.

Bunun özü əxlaqın deqradasiyası, insanların humanist dəyərlərə laqeydləşməsi demək idi. «Tütək səsi» davadan iyirmi il sonra çap olunanda, kolxoz sədri Cəbrayılla iki iri oğlu olan əsgər arvadının evlənməsi süjetinə heç kəs tənqidi yanaşmaq fikrinə düşmədi, heç kəs onu sovet adamının «zəif» göstərilməsi kimi tənqid etmədi. Hamı bilirdi ki, müharibə illərində belə faktlar kifayət qədər olmuşdur: evini atıb bir parça çörək üçün əxlaqsızlığa gedən, övladlarından imtina edən, öz qarnı üçün bütün dəyərlərə arxa çevirən də kifayət qədər olmuşdur.

Arxa cəbhə mühitindəki əxlaqi deqradasiya, ümumiyyətlə ikinci dalğa müharibə nəsrinin mərkəzi mövzularından biri idi. Bu, digər milli ədəbiyyatlarda, dava süjetləri əsasında çəkilən filmlərdə də qabarıqdır. Rus və Avropa kinosundakı neorealist cərə­yanın əsas ideya prinsipi bu idi: müharibəni insanlarda izah­olun­maz bir əxlaqi kütləşmənin, əxlaqi təsəvvürlərin qeyb olma­sı­nın səbəbi kimi göstərmək. Davanın ağlasığmaz antihumanizmi, hər­bi əməliyyatların adi insan qırğınına çevrilməsi bu müddətdə heç kəsi narahat etmir, insanlar ölümə öyrəşirlər.

Lakin «Saz» və «Tütək səsi» povestlərinin əsas qəhr­ə­man­la­rı  məhz davanın gətirdiyi əxlaqi deqradasiyanın antipodları, ona qarşı duran adamlardır. İsfəndiyar kişi ədalət rəmzi olan el sazı ilə, Cümşüd ələm və dərd ucaldan tütək səsi ilə sanki insanlara üz tutub onları yenidən humanist və insani dəyərlərə tərəf dəvət edirlər. Onların sayəsində oxucu inanır ki, davanın gə­tir­diyi ucdantutma əxlaqsızlıq müvəqqətidir, insanlar gec-tez sa­zın və tütəyin səsini eşidəcəklər. Onların səsi həm də elin bir­li­yi­nin, xalqın vəhdətinin rəmzidir. Davanın qeybə çəkdiyi insan əx­la­qı elə insanların birliyindən doğmuşdur: əxlaq  ailə, tayfa, el də­yərləridir, onların çətin gündə və şadlıqlarda bir-birinə arxa və simsar durmasıdır.

Dava isə ayıran, təkləyən, insanı bir parça çörəyə görə fərdiyyətçi edəndir. Cümşüdün anası uşaqlarını atıb kolxoz sədri Cəbrayıla arvad olmaq fikrinə düşəndə, ilk növbədə, özünü düşünür. O, elə bilir ki, bir qarın çörək üçün insanların bir-birinə qənim kəsilməsi, ananın övladdan, övladın ata-anadan əl üzməsi əbədi olacaqdır. Lakin yazıçı insanları inandırmaq istəyir ki, insanların birliyi əbədidir: bu iki povestin əsasında çəkilmiş bədii filmdə bütün kənd İsfəndiyar kişinin ardınca yüyürür: onlar da onun oğlunun qayıdışından yaranacaq sevincə şərik olmaq istəyirlər. İnsan və xalq ruhunun timsalı və zənguləsi olan saz səsi də onları bu məqsədə  insan mahiyyətinin təzahürü olan dinc, sakit, əxlaqlı ellik həyata dəvət edir.

İsa Hüseynovun müharibə nəsri 50-60-cı illər nəsrində fəxri bir yer tutur. Onun «Saz» və «Tütək səsi» povestlərinə qədər Ə.Əbülhəsən və digər yazıçılar müharibə haqda xeyli əsərlər yazmışdılar. Lakin onların sosialist realizmi və konfliktsizlik nəzəriyyəsi məcrasında yazdıqları əsərlər Böyük Vətən Müharibəsinin faciəli həqiqətlərini o vaxtkı siyasi senzuranın icazə verdiyi dərəcədə göstərirdilər. Ona görə davanın həqiqi tragik obrazı ancaq 60-cı illərin lirik nəsrində  ilk növbədə, İ.Hüseynovun və onun ardınca Ə.Əylislinin və başqa yeni nəsil yazıçılarının əsərlərində yaradıldı.



İsa Hüseynov nəsrinin xüsusiyyətləri. Yazıçının yaradıcılığının əsasını onun lirik nəsr məcrasında yazdığı «Yanar ürək», «Doğma və yad adamlar», «Teleqram», «Kollu koxa», «Saz», «Tütək səsi» kimi ən yaxşı roman və povestləri təşkil edir. Bu əsərlərdə İsa Hüseynov kənd adamları və mövzuları barədə ya­zan yazıçı kimi diqqəti cəlb edir. O, sözün geniş mənasında kəndli əxlaqının, torpaqla bağlı mənəvi dəyərlərin tərən­nüm­çüsüdür. Şəhər onun qəhrəmanlarının ezamiyyətdə olduğu bir yer təsiri bağışlayır. Ona görə İsa Hüseynov 50-70-ci illərdə kənd nəsrinin əsas nümayəndələrindən biri sayılır.

Lakin 60-70-ci illər ədəbiyyatında aparıcı olan lirik-psixoloji cərəyan kənd nəsrindən daha geniş və mürəkkəb hadisə idi. O zaman lirik nəsr sadə, zəif, qəhrəmanlıq iddiasından uzaq adamların həyatını əsas bədii tədqiqat obyekti etməklə, rəsmi ədəbiyyatın əsas mövzusu olan əmək adamına və müsbət qəhrəmana qarşı əks qütbdə dururdu. Sosialist realizmi ideoloqları ədəbiyyatdan kommunist əxlaqının şüurlu daşıyıcısı olan qəhrəman tələb edirdilər. Həyatda isə əslində belə qəhrəman yox idi. Sovet partiya məmurları xalqdan ayrılmış və harın bir hakim sinfə çevrilmiş insanlar idi. Onları müsbət qəhrəman kimi vermək həyatı bəzəmək və sünilik olardı. Ona görə İsa Hüseynov «Dan ulduzu», «Bizim qızlar» kimi konfliktsiz əsərlərdən sonra, həyat həqiqətini, öz kəndində real olaraq gördüyü adamları və süjetləri ədəbiyyata gətirməyə başladı.

İsa Hüseynov lirik-psixoloji nəsrin nümayəndəsi olsa da, sənədli tarixi mövzular 70-ci illərdən sonra onun yaradıcılığında daha üstün səslənir və onun yaradıcılığının əsas xəttinə çevrilir. Bu da təsadüfi deyildi. İsa Hüseynov bir kənd yazıçısı kimi prinsipial bir xalqçı idi. 50-ci illərdə rus xalqçılarının əsərlərinin geniş tərcümə və çapı ədəbiyyatımızda milli ovqatları ifadə edən xətlərdən biri idi. Torpağı və öz doğma kəndi Muğanlını dərindən sevən İsa Hüseynov xalqçılıq ideyalarına böyük rəğbət bəsləyir. Onun kənd əxlaqına və mənəvi dəyərlərinə məhəbbəti və sədaqəti o zaman rəsmi təbliğ edilən kommunist əxlaqına qarşı bir protest, bu əxlaqın antipodu idi. Kommunist əxlaqı insanların şüurlu­lu­ğu­nu, kənd nasirləri və xalqçılar isə kənd əxlaqının təbiiliyini aparıcı sayırdılar.

İsa Hüseynov sənədli-tarixi mövzulara keçəndə onun xalqçılığı inkişaf edib fəal bir azərbaycançılığa çevrildi. «26 Bakı Komissarları», «Ulduzlar sönmür» ssenarilərində, «Məhşər», «İdeal» romanlarında İsa Hüseynovu artıq müharibədən sonra S.Vur­ğun, M.İbrahimov, M.Şəhriyar, B.Vahabzadə kimi ədibləri­mizin formalaşdırdığı milli cərəyanın əsas davamçılarından biri kimi görürük.

«Məhşər» və «İdeal» romanlarında İsa Hüseynovun xalq taleyi ideyalarına bağlılığı özünəməxsus, bəzən isə ziddiyyətli şəkildə meydana çıxır. O, Azərbaycan xalqının ən qədim tarixi ilə maraqlanır və rəsmi tarixçiliyin bir sıra ideyaları ilə polemikaya girir.

Yazıçının lirik nəsrinin qəhrəmanları onun doğma kəndi Muğanlının sakinləridir. Digər ədəbiyyatlarda da bir qəsəbə, kənd, ailə materialı üzərində çoxlu əsərlər yazılmasına təsadüf edilmişdir. İsa Hüseynovun lirik əsərlərini də bir kənd və onun sakinləri haqda əsərlər hesab etmək olar. Yazıçının üslubundakı lirizm, kövrəklik də həmin kəndə qarşı həsrət və xiffət hissləri ilə bilavasitə bağlı idi.

Lakin öz kəndi ilə bağlı həyat materialından və insan surətlərindən uzaqlaşandan sonra yazıçının yazı üslubu da dəyişdi. Lirikanı ciddiyyət, publisistik bir üslub əvəz etdi. Xalqımızın çətin, mübarizə və faciə dolu taleyi onun bədii düşüncəsinin əsası oldu. Artıq «Məhşər» və «İdeal» romanlarında onun vətənpərvərlik və azərbaycançılıq əqidəsi açıq, bədii publisist çılpaqlıqla ifadəsini tapdı.

70-ci illərdən sonra İsa Hüseynov nisbətən az yazmışdır. Bunun əsas səbəbləri ölkəmizdə baş verən Qarabağ müharibəsi, həm­çinin yazıçının özünə qarşı həddən artıq tələbkarlığıdır. Onun ədəbiy­yatımız qarşısındakı xidmətləri yüksək qiymətləndiril­mişdir. Ədib 1976-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1988-ci ildə 60 illiyi münasibəti ilə «Xalq yazıçısı» fəxri adına layiq görülmüş, müxtəlif vaxtlarda orden və medallarla təltif edilmişdir.


Ədəbiyyat:

Azərbaycan sovet ədəbiyyatı tarixi, B.,1988.


IV FЯSИL
BƏRPA DÖVRÜNDƏ SOSİALİST REALİZMİ

CƏRƏYANI VƏ ONUN ƏSAS NÜMAYƏNDƏLƏRİ
Sosialist realizmi cərəyanının təşəkkül tarixi
Azərbaycan sovet ədəbiyyatında proletkultçuluq və sosialist realizmi XX əsrin 20-30-cu illərində formalaşmışdı. Bolşeviklər öz hakimiyyətlərini fəhlə və kəndli sinfinin diktaturası-hakimiyyəti adlandırırdılar. Bu yalan və boş demaqoqiya idi, çünki ixtisasca fəhlə olan adam nə hakimiyyəti ələ ala, nə də idarə edə bilər. Rusiyada hakimiyyəti ələ keçirmiş adamlar radikal terrorçu və inqilabçı olan bir dəstə peşəkar siyasətçilər idi. Onlar özlərini saxtakarcasına fəhlə sinfinin qabaqcıl dəstəsi, qurduqları birpartiyalı totalitar dövləti isə fəhlələrin-proletariatın diktaturası adlandırırdılar.

Bolşeviklər üç-beş adam istisna olmaqla, az savadlı, əvvəllər cinayətlərə görə mühakimə olunmuş, tərs və intiqamçı adamlar idilər. Onlar öz hakimiyyətlərini proletar diktaturası adlandırandan sonra ədəbiyyat və incəsənət sahəsində də yeni siyasət elan etdilər. Onlar iddia edirdilər ki, oktyabr inqilabınacan olan bütün mədəniyyət və ədəbiyyat istismarçı siniflər tərəfindən yaradılıb və buna görə fəhlə sinfinə lazım deyil.

Bolşeviklər tələb etdilər ki, fəhlə sinfi öz dövlətindən sonra ədəbiyyatını və mədəniyyətini yaratmalıdır. O, zaman bu nəzəriyyə proletkultçuluq-proletar mədəniyyəti nəzəriyyəsi adlandı. Onlar tələb edirdilər ki, fəhlələrin ədəbiyyat və mədəniyyətini fəhlələr özləri yaratmalıdır. Bu gülünc və qeyri-real tələb olsa da, proletkultçuluq siyasəti 30-cu illərin ortalarına qədər Rusiyada və milli respublikalarda davam etdi və yeni proletar ədəbiyyatı adlandı.

Bu ədəbiyyatı yaradanlar yeni proletar ədəbiyyatı kadrları adlanırdı. Bu kadrlara qarşı əsas tələb yazıçılıq peşəsinə qədər bir neçə il fəhləlik və ya kənddə muzdurluq edilməsi idi. Belə yazanlar proletar kadrları adlanırdı. Bütün qəzet və jurnallara, nəşriyyatlara, teatrlara, muzeylərə 18-25 yaş arasında olan proletar kadrları təyin edildi və mətbuat onların inhisarına düşdü. Bütün təcrübəli kadrlar burjua sinfinə məxsusluqda ittiham edildi və tutduqları vəzifələrdən qovuldular. 20-ci illərdə ədəbiyyata gələn Süleyman Rüstəm, Məmməd Rahim, Əbülhəsən Ələkbərov, Süleyman Rəhimov, Rəsul Rza, Əli Vəliyev, Sabit Rəhman və başqaları proletar kadrları sayılırdı.

Onlar hamısı bolşevik partiyasının üzvü idilər və proletar ədəbiyyatı yaratmaq nəzəriyyəsinin qızğın tərəfdarı idilər. Bu da təsadüfi deyildi: Stalin rejimi yeni proletar mədəniyyəti və ədəbiyyatının yetişməsinə büdcədən külli miqdarda pul ayırırdı. Bu pulun hamısı yeni proletar kadrlarına çatırdı və əsasən, bu səbəbdən yeni kadrlar proletkultçuluğu qızğın müdafiə edirdilər.

Sosialist realizmi termini ortaya çıxanda bütün proletkultçular onun bayrağı altına keçdilər. Hər birinin əsasən üç-beş sinif savadı olan proletar kadrları yazıçı və şair olmaqdan daha çox, peşəkar ədəbiyyatçı, yuxarıdan verilən hər bir ədəbi sifarişi icra edən məmurlar idilər. Ona görə məntiqsiz proletkultçuluq termini aradan çıxandan sonra hamısı özünü sosialist realizmi üsulu ilə yazan adamlar hesab etdilər.

Sosialist realizminin tələbləri çox sadə və bəsit idi: Yazıçı partiyanın əsgəridir, ona xidmət etmək xalqa xidmət deməkdir. Yazıçının əsas vəzifəsi sovet cəmiyyətinin yaxşı tərəflərini, tərəqqisini, yüksəlişini göstərməkdir, başqa sözlə, cəmiyyəti yaxşı tərəfdən tərifləməkdir. Sovet cəmiyyətinin tərəqqisini ifadə edən adamlar və hadisələr tipikdir. Yerdə qalanlar qeyri-tipikdir və ədəbiyyatın diqqətinə layiq deyil. Sosialist realizminin məğzi qısaca belə idi.

Həyatı sosialist realizminin məğzinə uyğun təsvir edən yazıçılar və əsərlər dövlətin nəzarətində olan mətbuatda təriflənir, bədii dəyərindən asılı olmayaraq, onların müəlliflərinə yüksək vəzifələr və adlar verilir, rus dilində əsərləri çap olunur və onlar çoxlu pul qazanmış olurdular. Yalnız sosialist realizminə uyğun əsərlər yazan və dövlətin bütün çağırışlarına və siyasətinə hay verən yazıçılar gəlirli vəzifələrə qoyulurdu.

Böyük Vətən Müharibəsi sosialist realizmi nəzəriyyəsinə ağır zərbə oldu. Müharibə dövrünün tələblərinə uyğun əsərlər yazmaq tələbi bu nəzəriyyədə yox idi. Ona görə müharibə illərində sosializm və proletariat kimi sözlər vətən və qızıl əsgər anlayışları ilə əvəz olundu. Dava bitəndən sonra isə ədəbiyyatda çətin vəziyyət alındı: müharibə sovet həyatının istənilən qədər qüsurlarını üzə çıxarmışdı və onlar ədəbiyyata gəlirdilər.

Məhz sovet quruluşunda olan mənfi həyat faktlarının ədəbiyyata gəlməsinin qarşısını almaq üçün ədəbiyyat barədə 1946 və 1948-ci illərdə qərarlar çıxdı. Bu qərarlar sovet həyatındakı qüsurları göstərməyi qadağan edirdi, belə təşəbbüsləri nə az, nə çox sovet cəmiyyətini ləkələmək kimi qələmə verirdilər. Belə yazıçılar isə az qala düşmən elan edilirdi.

Eybəcər bir vəziyyət alınırdı: faktiki olaraq yazıçıya gördüyünü qələmə almaq qadağan edilirdi. Bütün pisliklər, eybəcərliklər - qeyri-tipik sayılırdı. Sözügedən qərara görə ədəbiyyata layiq bir şey vardısa, o da dağıdılmış şəhərləri bərpa edən tikintilər və orada yaşayan, işləyən adamların “xoşbəxt” həyatı idi. Bu həyat çox ağır idi, amma yazıçıdan tikinti fəhlələrini xoşbəxt, sabaha ümidli, dövləti sevən adamlar kimi göstərmək tələb edilirdi. 1948-1949-cu illərdə Moskvada və onun ardınca yerlərdə təzə siyasi repressiyalar, məhkəmə və edamlar başladı. Günahsız adamları həbsxanalara salmağa, sürgünlərə göndərməyə başladılar. Bu 1937-ci ildəkinə bənzər düşmən axtarışı idi. Yeni güllələnmələr dalğasının təkrar olunacağından qorxan yazıçılar və ədəbiyyat məmurları müharibədən əvvəlki ədəbi sxemlərə qayıtmağa başladılar. Stalinizm pislənəndən sonra, yəni 1956-cı ildən sonra bu eybəcər siyasət və praktika konfliktsizlik nəzəriyyəsi adlandırıldı. Bu, riyakar bir termin idi.

Bütün ədəbiyyat və mətbuat böyük tikintilərə tərəf döndü, həqiqi bədiilik adi oçerkçilik və publisistika ilə əvəz olundu. Uzun-uzun roman və povestlər tikintilərdən nikbin, çəhrayı boyalı reportajlar kimi yazılmağa başladı. Konfliktsizlik nəzəriyyəsinin tarixçəsi belə idi. Bu nəzəriyyə deyildi, əslində yazıçıların dövlətdən və repressiyalardan qorxması nəticəsində yaranmışdı. 20-30-cu illərdən yazıçılığı partiya və komsomol işi sayan, proletkultçu və sosialist realizmi məktəbini keçmiş yazıçılar konfliktsiz əsərləri məmnuniyyətlə yazırdılar. Davadan hamı yoxsul çıxmışdı, bu əsərlərə isə yüksək qonorar və tikintilərə getmək üçün ezamiyyət haqqı da verirdilər. Beləcə yazıçılıq asan pul qazanmaq vasitəsi oldu və istedad tələb etməyən sənədli janra çevrildi.

1956-cı ildə N.Xruşşov Stalini və onun diktaturasını sərt tənqid edəndən sonra konfliktsizlik nəzəriyyəsi də pisləndi. Əslində isə bu nəzəriyyə yox, sovet ədəbiyyatının 1946-1953-cü illərdəki təcrübəsi idi. Dövlətdə də, yuxarılarda da İ.Stalinin tərəfdarları həddindən çox idi. N.Xruşşovun tələbi ilə onlara qarşı mübarizə başlandı. Belə mübarizə, ilk növbədə stalinizm dövründə olmuş qüsur və eybəcərlikləri göstərməyi tələb edirdi. N.Xruşşovun reformaları Stalin rejimini məhdud dərəcədə olsa da, tənqid etməyə icazə verdi. Belə «icazə» konfliktsizlik sxemlərinin ləğvini və pislənməsini tələb edirdi.

1956-1962-ci illərdə yuxarıdan təşkil olunan bir çox ədəbi və siyasi diskussiyalarda Stalin rejiminin 1946-1953-cü illərdə tətbiq etdiyi ədəbi siyasət  «konfliktsizlik» nəzəriyyəsi adını aldı. Əslində isə konfliktsizlik 1945-1954-cü illərdə tətbiq olunan sosialist realizmi idi, onun tarixi forması idi. Kommunist rejiminin yaratmaq istədiyi və əməldə yaratdığı sosialist cəmiy­yəti ədəbiyyatı idi.

1964-cü ildə Kremldə edilən çevriliş nəticəsində N.S.Xruş­şov bütün vəzifələrindən çıxarıldı. Bununla da, konfliktsizlik nəzəriyyəsinin tənqidi ilə sovet ədəbiyyatlarına gələn yeni azad fikirlilik, həqiqi ədəbiyyat axtarmaq meyllərinin də qarşısı alındı. Bu istiqamətdə ilk təşəbbüsləri isə 1962-ci ildə N.S.Xruşşovun özü etmişdi.

Azərbaycan ədəbiyyatında sosialist realizminin xüsusiy­yətləri. Sosialist realizmi cərəyanı Azərbaycan ədəbiyyatında mürəkkəb, ziddiyyətli və eklektik bir hadisə olmuşdur. 20-30-cu illərdə bu cərəyanın təsdiqində həm yaradıcılığa inqilabdan əvvəl başlayan yaşlı yazıçılar, həm də proletar kadrları iştirak edirdi. Qeyd etməliyik ki, yaşlı nəslin nümayəndələri yeni ədəbiyyatın təşəkkülündə daha böyük rol oynadılar. Bunun səbəblərini qısaca nəzərdən keçirək.

Yaradıcılığa inqilabdan əvvəl başlayan yazıçılara, ilk növbə­də C.Cabbarlı, S.Hüseyn, S.S.Axundov, A.Şaiq, M.S.Or­du­ba­di kimi sənətkarlar aiddir. Onlar inqilabdan əvvəl qərb yönümlü maarifçi, milli azadlıq və tərəqqi ideyalarına rəğbət bəsləyən şəxsiyyətlər idilər. Onları sovet rejiminə yaxınlaşdıran əsas amil bu hökumətin kiçik xalqların azadlığı və mədəni tərəqqisi ilə bağlı şüarları, həmçinin sosial ədalət, bərabərlik şüarları irəli sürmələri idi. Bu şüarlar demokratik əqidəli, xalqa yaxın, vətənpərvər Azərbaycan maarifçilərinə yaxın idi.

Yuxarıda adları sadalanan bu şəxsiyyətlərin yazıçı və vətən­daş kimi öz əqidələri var idi. Yeni rejim sosialist inqilabını təsvir etməyə çağıranda yaşlı yazıçılar buna öz yaradıcılıq fərdiyyətləri, dünyaya baxışları prizmasından yanaşdılar. Onlar bolşeviklərin yeni ədəbiyyat yaratmaq çağırışı içində həm də özlərini ifadə et­dilər. C.Cabbarlı, S.S.Axundov, M.S.Ordubadi, A.Şaiq bu baxım­dan daha səciyyəvi idilər. Onlar inqilabdan əvvəl formalaşmış yaradıcılıq üslublarını, həyat materialını itirmədən inqilabi möv­zulara girişdilər və 20-30-cu illər ədəbiyyatını zənginləşdirən əsərlər yazdılar. Onların yaradıcılığında 1906-1920-ci illərdə for­malaşan tərəqqipərvər milli ədəbiyyat cərəyanının əsas cizgiləri davam edirdi.

Bu baxımdan, C.Cabbarlının «Aydın», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil» kimi əsərləri ədəbiyyat tariximizdə bir epoxa təşkil edir. Bu əsərlər xalqın həm tarixi faciələrini, həm tərəqqi və xoş gələcək arzularını, həm də tarixi taleyini əks etdirirdi. Bu əsərlərdə marksist nəzəriyyələrin təsiri vardır, lakin Cabbarlı böyük sənətkar kimi bu nəzəriyyələri öz milli düşüncəsi prizmasından anlayır və ədəbiyyatda ifadə edirdi. «Od gəlini», «Sevil», «1905-ci ildə» əsərləri belə idi. Məhz bu əsərlərin təsiri ilə S.Vurğun, M.İbrahimov, B.Vahabzadə kimi sənətkarlarımız milli ədəbiyyat cərəyanının davamçıları oldular.

Müharibədən sonra milli cərəyanın yaşayıb davam etmə­sində sovet platformasına keçmiş, lakin öz yaradıcılıq fərdiyyətini qoruya bilmiş digər yazıçıların əsərləri də mühüm rol oynadı. M.S.Ordubadinin «Dumanlı Təbriz» və «Qılınc və qələm» romanları, S.S.Axundovun «Laçın yuvası», A.Şaiqin «Araz» romanı, C.Məmmədquluzadə, Ü.Hacıbəyov və Ə.Haqverdiyevin publisistikası, S.Hüseynin hekayə yaradıcılığı buna misal ola bilər. Sadalanan əsərlərdə maarifçi və milli ruhlu ədəbiyyat ənənələri proletkult elementlərindən qat-qat qüvvətli idi. Ona görə 20-30-cu illərin Mədəni İnqilab ruhlu əsərlərində milli cərəyanın yaşayıb davam etməsindən danışmaq zəruridir.

1920-ci illərin sonlarından sovet rejiminin maddi və mənəvi himayəsi ilə yeni proletar kadrları ədəbi mühitə gəldi və onların hegemonluğu təmin edilmiş oldu. Lakin bu hegemonluğun yaradıcılığa heç bir dəxli yox idi: mətbəələr, nəşriyyatlar, qəzet və jurnallar dövlət mülkiyyətinə keçirildikdən sonra bolşevik rejimi onların hamısının başında dünənki fəhlələrdən ibarət az savadlı gəncləri qoydu və bu zorakılıq, cavan proletar kadrların ədəbiyyatda hegemonluğunun təmin edilməsi adlandı. Əslində isə, 30-cu illərdə ədəbi qurumlar və Yazıçılar İttifaqı özü də dövlət idarəsi idi və büdcədən maliyyələşirdi. Ona görə sovet vaxtı Yazıçılar İttifaqının “ictimai birlik” adlanması yanlış bir təhrif idi.

Proletar kadrları ədəbi nəşriyyat işinə nəzarət etsələr də, 30-cu illərin birinci yarısına qədər onlar ciddi bir əsər ortaya qoya bilmədilər. Bu, təbii idi. Proletar kadrları dünənki fəhlələr idi, ali filoloji savadları, heç siyasi savadları da yox idi. Onların siyasətdən bildikləri mitinq və yığıncaqlarda eşitdikləri, bolşevik mətbuatında oxuduqları idi. Onlar ədəbiyyatı və onun tarixini də bilmirdilər. Heç bir ədəbi mühit də görməmişdilər, ədəbi məktəb keçməmişdilər. Onların üstünlüyü mətbuata gələnə qədər üç-dörd il fəhləlik, ya muzdurluq etmələrində və ya özlərini belə adamlar kimi qələmə verə bilmələrində idi.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin