AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə16/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

RƏSUL RZA

(1910-1981)
Həyatı və fəaliyyəti. Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) 1910-cu il mayın 19-da Göyçayda kənd mirzəsi ailəsində anadan olmuşdur. Lakin bu ilin dəqiq olmadığını tədqiqatçılar da göstərirlər. Həm də Rəsulun 24 yaşında komsomolda vəzifə tutması haqda yazılanlar ağlabatan deyil, şübhəsiz ki, onun yaşı 2-3 il azaldılmışdır.

Onun atası İbrahim Məm­mədxanov əslən Çiyni kəndindən olan mülkədar oğlu idi, onlar nəsillikcə rus padşahına tərəfdar olan ailə kimi tanınırdılar. Atası Mirzə İbrahimi Göyçay Qəza rəisinin dəftərxanasına katib və tərcüməçi vəzifəsinə düzəltmişdi. O zaman bu, böyük vəzifə idi, kənlilər savadsız olduğundan onların rəislə bütün ünsiyyəti bu katib vasitəsi ilə icra edilirdi. Hökumətlə əlaqələrindən istifadə edib Mirzə İbrahim həm də Göyçayda xırdavat dükanı açmışdı. Belə hüquq o zaman ancaq hakimiyyətə yaxın adamlara verilirdi.

Mirzə İbrahim qəza rəisinin məsləhəti ilə böyük qızı Kübranı da Tiflisdəki “Müqəddəs Nina” məktəbinə rusca oxumağa göndərmişdi. Onun arvadı Məryəm savadlı, ailəcanlı, zirək bir qadın idi, dükanın işlərində ərinə kömək edirdi. Lakin balaca Rəsul 5 yaşında olanda atasını itirir. Bu zaman onun anası Məryəmin 27 yaşı vardı, 17 yaşından ərdə idi. Amma bu çağacan beş uşaq doğmuşdu, onların dördü qız, ancaq biri oğlan idi. Məryəm Çar Hökuməti orqanlarında xidmət etməklə hakimiyyətə yaxın olmuş Rəfibəyovlar tayfasından idi.

Beş uşaqla tək qalmış Məryəm mülkiyyət münaqişələrinə görə atası evinə qayıdası olur və qardaşı Məhəmmədhüseyn Rzayevlə bir evdə yaşayır. Rzayevlərin də bir çox nümayəndəsi hələ inqilabdan əvvəl dövlət qulluğunda idilər. Onun böyüdüyü dayısı evində uşaqlara körpəlikdən rus dilini öyrədirdilər. Bu onlara dövlət qulluğunda işləyə bilmək üçün yol açmalı idi. Məhəmmədhüseyn də rus-tatar məktəbini bitirmişdi, rusca, fransızca bilirdi. 11-ci Qızıl Ordunun Göyçaya bolşevik hökuməti qurmaq üçün gəlmiş dəstəsi Məhəmmədhüseynin evində yerləşmişdi. (Rəsul Rza onlarla ünsiyyətini, bolşevikləri yaxşı adamlar kimi tanımasını xatirələrində göstərmişdir.)

Məhəmmədhüseyn tezliklə bolşeviklərlə yaxın münasibət quraraq Qəza Hərbi Komissarı, Raykom katibi vəzifələrində işləyir. Lakin o, 42 yaşında vərəmdən vəfat edir.

Gənc Rəsulda bolşevik siyasətinə, mədəni inqilab və komsomol hərəkatına maraq çox erkən yaranmışdı. O, 1924-cü ildə komsomol sıralarına daxil olmuş, tezliklə təşkilatın rəhbəri seçilmişdi. Rəsul ictimai həyatla yaxından maraqlansa da, təhsilə qarşı laqeyd idi. O, ardıcıl təhsil almamış, daxil olduğu təhsil ocaqlarını yarımçıq tərk etmişdir. Rəsul Gəncə Sənaye və Ziraət Texnikumunda cəmi bir neçə həftə oxumuşdu. Onun dəqiq və texniki fənlərdən xoşu gəlmirdi. Sonra o, Bakı Müəllimlər Seminariyasına daxil olmuş, lakin burada da çox oxumayıb anasının yanına, Göyçaya qayıtmışdı. Gələcək şair Bakı Kooperativ kurslarında da duruş gətirə bilməmişdi. Anası isə oğlunun təhsil almaq istəməməsini böyük faciə kimi qəbul edir, yeganə oğlunun sənətsiz və peşəsiz bir adama çevrilməsindən qorxurdu. Çünki o, gözünü açandan yaxın qohumlarını dövlət qulluğunda görmüşdü.

Gənclik illərində Rəsul teatrla yaxından maraqlanır və taleyini bu sahə ilə bağlamaq barədə düşünürdü. O, Göyçaydakı həvəskar teatrda Cavidin və Cabbarlının pyeslərindən parçalarda baş rollarda çıxış edir, qadınlar səhnəyə çıxmadığından gələcək şair tez-tez qadın rollarında səhnəyə çıxırdı.

1927-1928-ci illərdə gələcək şair Tiflis Kommunist Universitetinin kooperativ şöbəsində oxuyur, şeir və hekayələr yazırdı. Amma onun “Oğul qatili”, “Uxajor”, “Dilarə” kimi yazıları bədii cəhətdən zəif idi, onlarda başqa müəlliflərin təsiri duyulurdu. Lakin bütün bunlar gənc müəllifin həyatı bədii şəkildə dərk etmək istiqamətində ilk təşəbbüsləri idi.

Gənc müəllifin ilk mətbu əsəri 1927-ci ildə Gürcüstan Proletar Yazıçıları Cəmiyyətinin türk bölməsinin buraxdığı “Qığılcım” adlı almanaxda dərc olunmuş “Bu gün” adlı şeiri olmuşdur. 1928-ci ildə isə onun imzası ilə “Komsomolçular” şeiri rusca “Zarya Vostoka” qəzetində çap edilmişdir.

1930-cu ildə Rəsul məktəb yoldaşı, gənc şair Abdulla Faruqla Bakıya gəlir və buradakı yaxın qohumlarının himayəsi sayəsində bu şəhərdə yaşamağa başlayır. Tanışları onu “Gənc işçi” qəzetinə tərcüməçi vəzifəsinə düzəldirlər.

Şair 1934-1937-ci illərdə Moskvada yaşayaraq Millətlər İnstitutunda, Kino Akademiyasında oxuyub təhsilini artırır. Burada o, rus ədəbiyyatını, Mayakovskinin yaradıcılığını daha dərindən öyrənir. Bakıya qayıdan Rəsul Rza bir-birinin ardınca vəzifələrə təyin olunur. Çünki o zaman bir-iki il Moskvada yaşamaq, təhsil almaq böyük ideoloji məziyyət sayılırdı. 1937-1939-cu illərdə o, Filarmoniyanın direktoru, Kinostudiyada ssenari şöbəsinin müdiri, sonra qısa müddət Yazıçılar İttifaqının sədri vəzifələrində çalışır. Böyük Vətən Müharibəsindən sonrakı dövrə qədər Rəsul şer yazmaqla yanaşı, kino və teatr sənətilə də maraqlanır, 1942-1949-cu illərdə Azərbaycan Kinostudiyasının rəhbəri vəzifəsində işləyir.

Rəsul Rza 1960-cı ildə Xalq şairi adını almış, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Şair uzun müddət - on ilə yaxın Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olmuşdur. Böyük şair 1981-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.



Yaradıcılığı. 1931-ci ildə gənc şair “Bolşevik yazı” adlı iri həcmli şeirini dərc etdirir və proletar şeirinin məfkurəçisi kimi çıxış etməyə çalışır. Mədəni inqilabı idarə edən ədəbiyyat çinovnikləri də bu şeirləri bəyənirlər. Çünki bu əsərdə cavan şair sosialist vətənindən, pambıq tarlalarından bəhs edir, səbəbsiz bir inqilabi nikbinliklə fərqlənirdi:
Meydan sənin,

Söz sənin,

sənə bu gün

tələb verir

bu sosialist vətənin!

Bu, sadə bir umğu,

bir arzu deyil,

bu, tələbdir,

yaxşı bil!
“Bolşevik yazı” əsərində Rəsul Rzanın sərbəst şeir üslubu artıq əsas cizgilərini büruzə verir. Publisistik ehtiras, ictimai fikirlərin emosional tərzdə ifadəsi, deklamativ sərtlik bu üslubun əsas cizgiləri idi.

1920-ci illərin ortalarına qədər Azərbaycan poeziyasında sərbəst şeir vəzni olmamışdır. Elə buna görə bəzi şair və tənqidçilər sərbəst şeri həqiqi ədəbiyyata və azərbaycan poeziyasına yad hesab edirlər. Rəsul Rzanın bu barədə polemik məqalə və şeirləri, opponentlərə cavabları çoxdur. Lakin sərbəst şeri müdafiə edən ədiblər də vardır və onlar bu cür şeirin bütün xalqların ədəbiyyatında olduğunu misal gətirirlər. Gənc proletar şairlər bu sərbəst üslubu o vaxtlar güclü kommunist və proletar şairi sayılan Mayakovskidən götürürdülər. Bu şairin şeirləri publisistik və siyasi polemika məzmunu daşıyır, proletar məfkurəsini yayan güclü bir vasitə sayılırdı. O, özünü şairdən daha artıq məfkurə təbliğatçısı - kommunist ideoloqu sayırdı.

R.Rzanın ilk şeirlər kitabı 1932-ci ildə “Çapey” adı ilə nəşr olunmuş, sonralar “Qanadlar”, (1935), “Çinar” (1939) şeir topluları işıq üzü görmüşdür. Bu kitablar həcmcə və mövzu əhatəsinə görə hələ kiçik idi. Forma baxımından da sərbəst şeirlərlə yanaşı, heca vəznində, xalq şeiri ruhunda olan nümunələr paralel idi. 1930-cu illərin ikinci yarısında ictimai mühitin gərginliyi, ədibin bir sıra vəzifələrdə çalışması da onun yaradıcılığının məhsuldarlığına mənfi təsir göstərirdi.

İlk kitablarında Rəsul Rzanın lirikasının xalq ruhuna və mənəviyyatına bağlılığına işarə edən şeirlərindən biri “Çinar” adlanır. Heca vəznində yazılmış bu nümunə də göstərir ki, hər bir istedadın kökləri xalq mənəviyyatının dərinliklərindədir. Şair çinar obrazından xalq əzəmətinin ifadəsi üçün istifadə edir:


Birdən çinar dilə gəldi, dedi: Bax,

Bu torpaqda dərindən kök salaraq

Hər tərəfə uzatmışam qolumu,

Övladlarım bürümüş sağ-solumu,

Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam!
1930-40-cı illərdə dövrün digər aparıcı şairlərinin əsərlərində gördüyümüz kimi, Rəsul Rza poeziyası da siyasi lirikanın üstün mövqeyə malik olması ilə xarakterikdir. Bu dövrdə bolşevik təbliğatı “siyasi lirika” termininə xüsusi əhəmiyyət verirdi. Çünki bu termin altında yazılan təbliğat xarakterli, deklamasiya ruhlu şeirlər rejimin antihumanist siyasətini müdafiə edir, onu bir növ, insani sifətdə təqdim edirdi. Dövrün ruhuna sadiq olan şairin ehtiraslı və sərt siyasi şeirləri onun beynəlxalq mövzularda qələmə aldığı nümunələrdə daha üstündür. “Madrid”, “Haray, dostlar”, “Həbəşistan”, “Cəlladları durdur”, “Almaniya” tipli əsərlərlə şair günün nəbzini tutmağa çalışırdı. O zaman yeni dünya müharibəsi ərəfəsi olduğuna görə, qəzetlərdə beynəlxalq mövzuda çoxlu materiallar çıxırdı. Cavan şair də çox zaman bu məlumatlara əsaslanırdı.

1941-1945-ci illərdə Rəsul Rza siyasi işçi kimi ordu sıralarında olmuş, hərbi jurnalist kimi qızğın fəaliyyət göstərmişdir. 1941-ci ildə şair o vaxt mövcud olan 416-cı Azərbaycan Atıcı Diviziyasında fəaliyyət göstərmiş, “Krımskaya boyevaya” qəzetində çalışmış, onun azərbaycanca variantının ədəbi redaktoru olmuşdur. Müharibə dövründə müəllifin “Vətən” (1942), “Bəxtiyar” (1942), “İntiqam!.. İntiqam!..” (1943), “Qəzəb və məhəbbət” kimi vətənpərvər ruhlu kitabları çıxmışdır. Bu dövrdə şairin publisistik məqalələri də güclü təsir qüvvəsinə malik idi. Onun “Qəzəb və məhəbbət” kitabı bütünlüklə nəsrlə yazılmış oçerk, hekayə və povestdən ibarətdir. Bu baxımdan ədibin “Leytenant Bayramın gündəlikləri” adlı sənədli povesti xüsusilə əhəmiyyətlidir.

Şair 416-cı Azərbaycan Atıcı Diviziyasında tanış olduğu bir tibb bacısının prototipi əsasında 1943-cü ildə “Vəfa” adlı pyes yazmış və əsər elə həmin ildə Akademik Teatrda səhnəyə qoyulmuşdur.

Rəsul Rza müharibə ilə bağlı müşahidə və təəssüratlarına sonralar da qayıtmışdır. 1975-ci ildə faşizm üzərində qələbənin 30 illiyi qeyd edilən ərəfədə o, “Min dörd yüz on səkkiz” adlı böyük poema yazmışdır.

Şair 1940-cı illərin sonlarında V.İ.Leninə həsr olunmuş poema üzərində çalışmağa başlayır. O zamanlar Lenin və Stalin haqqında böyük əsərlər yazmaq şairlərin kommunist məfkurəsinə sədaqətini göstərən əlamət sayılırdı. Rəsmi bolşevik təbliğatı Leninin çəhrayı boyalı müsbət, peyğəmbərcəsinə təmiz obrazını yaratmışdı ki, bu da dövrün təsirindən idi.

Görkəmli şair bədii tərcümə sahəsində də xeyli işlər görmüş, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını fars dilindən sətri tərcümələrdən istifadə yolu ilə yüksək məsuliyyətlə dilimizə çevirmişdir. Ayrı-ayrı şairlərin - A.Puşkin, M.Lermontov, V.Mayakovski kimi rus klassiklərinin şeir və poemaları da Azərbaycan oxucularına onun tərcüməsində təqdim olunmuşdur.

Qızıl gül olmayaydı” Rəsul Rzanın poemaları sırasında xüsusi yer tutur. Əsər böyük şairimiz Mikayıl Müşfiqin faciəli həyatına həsr edilmiş və onun 60 illik yubileyi münasibətilə yazılmışdır. Altmışıncı illərdə hələ bir çox ədəbi ziyalıların qəlbindən stalinizmin qorxusu və xofu getməmişdi. Lakin Rəsul Rza vətəndaşlıq cəsarəti göstərərək həyatdan nakam və vaxtsız get­miş böyük şairin xatirəsinə öz hörmət və pərəstişini bildir­mişdir. Rəsul Rza Müşfiqlə “Gənc işçi” qəzetinin redaksiyasında tanış olmuş və onlar yaxından ünsiyyət saxlamışdılar:
Biz onunla tanış olduq

bir yaz səhəri

Gənc işçi”də.



Tez məhrəm oldu

bir-birinə

könlümüzün gözü də,

qəlbimizin içi də.
Bu ünsiyyət qısa vaxtda səmimi və unudulmaz dostluğa çevrilir. Poemada şairin öz cavanlıq dostu üçün həsrəti, qara illərdə baş vermiş amansız və heç zaman yaddan çıxmayan bəzi hadisələr barədə düşüncə və qənaətləri əksini tapır. O dövrdə öz dostlarını güdaza verən bir sıra adamlar, ağır faciə və hadisələr poemanın əsas məzmununu təşkil edir. Dövrün ağır ovqatı, xof dolu zəmanəyə fəal münasibət, qırılan insan taleləri üçün ağır kədər və təəssüf hissləri əsərin hər səhifəsində duyulur.

Poema müasir ruhlu, vaxtında yazılmış bir əsər idi. Şəxsiyyətə pərəstiş dövrünün faciələrindən onillər keçir, amma heç kəs təminat verə bilməz ki, bu cür tarixi faciələr bir daha təkrar olunmayacaq. Lakin bədii ədəbiyyat keçmişin faciəli səhifələrini obrazlı şəkildə əks etdirəndə, bu əsərləri cavan nəsillərə çatdıranda insanların öz tarixi faciələrini təkrar etməsi ehtimalı da azalır. O biri tərəfdən, 1937-ci ilin qırmızı terroru barədə yazılan əsərlər amansızlıqla məhv edilən minlərə qiymətli insanın, elm, sənət və ədəbiyyat adamlarının xatirəsinə hörmət rəmzidir. Onların xatirəsi bizi demokratik və humanist dəyərləri daha artıq qorumağa sövq edir.

1937-ci ildə məxfi orqanların nümayəndələri öz qurbanlarını tutmaq üçün bir qayda olaraq gecə yarı ünvanlara gəlir, heç bir şahid olmasın deyə öz günahsız qurbanlarını qaranlıqda aparırdılar. Ona görə narahat, yuxusuz, qorxu və səksəkə dolu gecə obrazı bu dövrün hadisələrinə həsr olunmuş bir çox əsərdə vardır. Çünki qorxu dolu gecələri yüz minlərlə qurban getməmiş insanlar da yaşamışdır.

Bu gecə vahiməsi Rəsul Rzaya da tanış idi: üzücü həbs qorxusunu o da bir çox qələm dostları kimi çəkmişdi. Amma bu qorxunu hər kəs ayrılıqda çəkirdi: o zamanlar bu qorxu barədə kiməsə söyləmək ağlasığmaz idi. Deyirdilər ki, yerin də qulağı var. Minlərlə insanı isə nə vaxtsa antisovet sözlər danışmaqda ittiham edir və buna görə güllələyirdilər.

Poema vahiməli gecə zəngi ilə başlanır və əsərin bir obrazı olan şair öz qorxusunu təsvir edir:
Gecə qapım döyüldü.

Görəsən kimdir gələn?

- Kimsən?

- Mən!

Açdım qapını.

Baxdım.

Yox, tanımadım.
Bu qadının geyimi sadədir: nimdaş paltoda, başında bozarıb köhnəlmiş şal var, saçları ağappaq, gözləri parıltılıdır. Nəhayət, şair gələni tanıyır: bu, güllələnmiş Mikayıl Müşfiqin sevimli arvadı Dilbər xanımdır. Poema müəllifin fantaziyasının məhsulu olan bu epizodla başlayır. Şairin xəyalına gələn Dilbər xanımın obrazı müəllifi fikir və xatirələr aləminə aparır. Əslində poema müəllifin xəyalında canlandırdığı Dilbər xanımın obrazı ilə uzun dialoqundan ibarətdir. Əsərin əsas məzmunu da şairin qara illər barədə təəssüratları, ad çəkmədən o dövrün bədxahlarının tənqidi və ifşası üzərində qurulur.

Müşfiq surəti. Əsərdə Mikayıl Müşfiqin özünün ayrıca ob­razı cəmi bir neçə epizodda görünür. Müəllifin onun barə­sində işarələri və ricətləri daha çoxdur. Bu mənada poemanın əsas qəhrəmanı Müşfiq obrazı həm də müəllifin özü, onun ədalətsiz və amansız zamanla dialoqu ilə üzvi surətdə bağlıdır.

Poemada Müşfiqin fəhlə, kəndli, tələbə auditoriyalarında şeirlər oxuması xüsusi təsvir edilir. Şair şeirlərini söyləyəndə gözlərini yumar, bircə dəfə də çaşmazdı. Müasirləri onun yaddaşına, poeziyaya sərhədsiz məhəbbətinə heyran qalırdılar. Onun şeirləri öz bədii qüvvəsi ilə savadından asılı olmayaraq hər kəsin qəlbinə sirayət edir, adamları poeziyanı daha artıq sevməyə, söz sənətinə pərəstiş etməyə sövq edirdi.

Cavanlıq illərində Müşfiqin yaşadığı balaca, pəncərəsi döşəmədən bir qarış hündürdə olan, qapıları cırıldayan, malası tökülən otaq oxucunun təsəvvüründə poeziya ocağı kimi ümumiləşir. İki dost səhərə qədər baş-başa verib şeir oxuyur, mübahisə edir, gələcək barədə xəyallara dalırlar. Fasilələrdə Müşfiq siqaret çəkir, Rəsul çay içirdi. Poeziyanın qüdrəti dünyanın bütün maddi nemətlərini əvəz edir və üstələyirdi. Müşfiq əsl poeziya və bədii söz sehrkarı kimi yetişirdi.

Lakin qanlı bolşevik terroru belə nəhəng istedadı xalqdan aldı və Müşfiqin ölümü ilə poeziyamızın bir budağı böyümədi, sısqa və davamsız qaldı:


Hər şeydən artıq

Şeirin əsiri idi.

Yuxuda şeir yazardı

(Özü deyərdi bunu,

şeirə qul olduğunu!).
Şairin poetik təhkiyə tərzinə məxsus deklamasiya ruhu bu poemada daha qabarıqdır. Bu ruh onun sətirlərinə gərginlik və emosional hərarət gətirir. Lakin bir sıra məqamlarda deklamasiya ruhu təsvirlərin detallarla dolğunlaşmasına, daha dəqiq obrazlaşmasına mane olur. Poema sanki lakonik şeir ritmi və avazı ilə davam edir, əsərin tarixi kontekstini solğunlaşdırır.

Müəllifin taleyin amansızlığı ilə, Müşfiqin yox olması ilə barışa bilməyən ürəyi ağrı içindədir. O, Müşfiqin yoxluğu ilə barışmaq istəmir, ona elə gəlir ki, yox olan onun yaddaşının bir parçası, onun varlığının bir tərəfidir. Poemada şairin dostu barədə ağır və səmimi etirafları da vardır. Xüsusilə şair tutulandan sonra müəllif ondan imtina etmir, lakin qara şübhələr də onun içini yeyir:


Uzun zaman

Qara şübhələr

Məni incitdi yaman.

Lakin məntiqi nəticə birdi:

apardılar,

yəqin müqəssirdi.
Bu sətirlər də, Müşfiqin kitablarının gözdən uzaq yerdə gizlədilməsi də dövrün hökmran psixologiyasının nəticəsi idi. Bu nəticəyə və hərəkətlərə görə şair ömrü boyu özünü üzmüş, vicdan əzabı çəkmişdir:
Lakin necə sakit deyim ki,

səsim gəldikcə bağırmadım.

Xalqı ədalətsiz bir hökmü pozmağa

çağırmadım!
Poemada 1937-ci il faciələrində minlərlə görkəmli Azərbaycan ziyalısının taleyinin markaryanlar və topuridzelər tərəfindən həll olunması milli bir faciə kimi təqdim olunur. Bu, xalqın öz evinin sahibi olmadığını göstərirdi. Hüseyn Cavidin, Ruhulla Axundovun, Əhməd Cavadın, Çuvarlının cəlladları onların həyatda qalası izini də aradan götürməyə çalışdılar, uzun illər onların adları da qadağan edildi. Sapı özümüzdən olan baltalar da canfəşanlıq etdilər. Lakin yadellilərin soyuqqanlı cəlladlığı, dustaqxanaları doldurub boşaltması şairi xüsusilə yandırır. Bu poema qırmızı terror mövzusunda yazılmış əsərlər sırasında xüsusi yeri olan bir əsərdir.

Rənglər silsiləsi. Məlumdur ki, bütün xalqların dilində, təsviri sənətlərində rənglərin simvolikasına dair zəngin təsəvvür və yozumlar vardır. Rəsul Rza da “Rənglər” silsiləsini yazanda məhz Azərbaycan xalqının dilində, sənət və dil yaddaşında olan rəng yozumları və simvolikasını böyük ustalıqla poetik dilə çevirmiş, maraqlı lirika nümunələri yaratmışdır. Çünki rəng simvolikasında həm xalqın əxlaqi təsəvvürləri, həm mərasim və ovqat çalarları vardır.

Fərqli cəhət odur ki, şair qara rəngin rəmzlərini açar­kən folklor simvollarını qəzet və publisistika dili ilə izah və ifadə edir. Qaranı “əbədi ayrılığın ağrısı” adlandıranda biz ölümə və matəmə işarə edildiyini anlayırıq. Və ya “Yaşamaq üçün sürünənlərin çoxu” ifadəsini oxuyanda biz onu xalq dilindəki “qara camaat” məfhumunun qəzet dili ilə ifadəsi kimi qəbul edirik. “Bəzi insan niyyəti” ifadəsini isə biz el dilində işlənən “qaraniyyət adam” ifadəsinin sinonimi kimi başa düşürük. “Ləkəli sözlər” ifadəsi isə “qara yaxmaq” deyiminin sinonimidir.

“Ala-bula” şeirində rənglərin ana dilimizdə əksini tap­mış assosiativ çalarları daha qüvvətli verilir. Xalq dilini gözəl bilən şair bu təyinin xatırlandığı məqamları yığcam ifadələrlə qələmə alır, assosiasiyaları şeirin əsas xəttinə çevirir:


Güvə dəymiş dəri.

Uzunqunc corabların

Kilkə yun kələfləri.

Sevincin, kədərin,

İnamın, ümidsizliyin

çeşidləri.

Zebr balası.
Bu silsilənin bir sıra nümunələri poetik və yığcam dillə yazılmış izahlı poetik lüğət prinsipi ilə qələmə alınmışdır. Şair bir qayda olaraq, şeirin başlığına çıxardığı rəngi xalq dilinin misilsiz zənginliyindən istifadə edərək izah edir, bir növ, şeirlə yazılmış rəng lüğəti yaradır. Bu silsilə Azərbaycan dilinin misilsiz zənginliyini əks etdirən poetik nümunələrdən ibarətdir. Xalq dilinin zənginliyi burada poetikliyin və lirizmin əsas mənbəyidir.

Satirik şeirləri. Səmimi bir sənətkar olan Rəsul Rza saxtakarlığa, ikiüzlülüyə, tamahkarlığa qarşı xüsusilə sərt münasibət bəsləyirdi. “Nə deyim sənə”, “Alicənabov dedi”, “Mığmığalar”, “Yaman qonşu”, “Xanım” kimi nümunələr bu qəbildindir və öz niyyətinin, hədəfinin konkretliyi ilə seçilir. “Qonşu paxıl olmasa” şeiri yaradıcılıq mühiti üçün səciyyəvi olan bir məsələyə həsr olunmuşdur. Paxıllıq, bir-birini gözü götürməmək, başqasının uğurundan kədərlənmək çox zaman yaradıcı insanların münasibətlərini zəhərləyir, onları iş görməkdən, yazıb yaratmaqdan uzaqlaşdırır və qeybətçilik kimi səmərəsiz bir qüsura düçar edir. Şair hesab edir ki, paxıllıq və qeybət yaradıcı adamın özünə ziyandır, çünki onun diqqətini yaradıcılıqdan ayırıb soyudur, xırda intiqamçılıq kimi bəhrəsiz vərdişlərə tərəf aparır.

“Rüşvətxorlar mərsiyəsi” satirasında şair Sabirin davam­çısı kimi çıxış edir. O, hətta Sabirdən məşhur sətirləri də əruzla qələmə aldığı şeirinə daxil edir:


Rüşvət alırdıq, azı az, çoxu çox,

Puldu, qızıldı, ya da şey, fərqi yox.

Xalqa ağır gün bizə bayram idi,

Ax, necə kef çəkməli əyyam idi.
Müəllif rüşvəti cəmiyyət və xalqın sabahı üçün ən böyük sosial təhlükə sayır və onu normal cəmiyyətin və əxlaqın qəddar düşməni bilir. Çünki rüşvət cəmiyyətin kollektiv əsaslarına qarşı yönəlmişdir və cəmiyyətdə dağıdıcı fərdiyyətçilik ruhunu qüv­vətlən­dirir. Rüşvətxor məmurlar əxlaqi dəyərləri itirdiklərindən yırtıcı və qorxulu bir qüvvədirlər. Onlar üçün öz maraqlarından baş­qa heç bir müqəddəs şey yoxdur. Şair xüsusilə vəzifə və rütbə alverinə, adamları pul almaqla vəzifəyə və işə qoymaq kimi eybəcər praktikaya qarşı amansızdır. Belələrinin eybə­cər­liyinin əsasında onların mənəviyyatsızlığı durur. Şəxsiyyəti və mə­nəvi siması olmayan insanlar ancaq ədəbiyyatətrafı şəxslər sə­viyyəsində qalırlar.

Şair bir neçə şeirində su dolu misralarla pul qazanan, çeynənmiş qafiyələrdən uzaqlaşa bilməyən qrafomanları tənqid edir.


Sətir hesabı verməsəydilər qonorar

Çox uzun şeir qısalardı.

Su gedər, şərbət gedər,

Şeir, fikir qalardı.

Şair də şeirə görə

Muzd alardı.

Deyəcəksən bu qafiyələr

Yüz il əvvəl də vardı.

Düzdür, qardaş.

Lakin

Diqqət etsən, bir az

Görərsən onda

vardı,

amma deyildi bu məzmunda.

Mətləb də burasındadır, ay dost,

Burasındadır!

Yoxsa qafiyə xatirinə demək olar:

Sənin şerin yasin dadır.

Belə, qardaş, belə.

Xoş gəldin!

Gülə-gülə!

Rəsul Rza yaradıcılıqda, o cümlədən publisistika və ədəbi məqalələrində də polemik düşüncəli bir insan olmuşdur. Bu polemika ədəbi mühiti canlandırmış, ona təzələnmək potensialı bəxş etmişdir. Bəziləri şairin poeziyasını publisistik, bəziləri isə fəlsəfi saymışlar. Lakin Rəsul Rzanın Azərbaycan ədəbiyyatında öz yeri vardır və onun yaradıcılığı bir sıra gənc şairlərə də öz təsirini göstərmişdir.


Ədəbiyyat:

Gülrux Əlibəyova. Axtarışlar, kəşflər, B., 1970.

Sona Xəyal. Rəsul Rza, B., 2003.

Rəsul Rza. Mənim fikrimcə, B., 1967.



SÜLEYMAN RÜSTƏM

(1906-1989)
Həyatı və fəaliyyəti. Süleyman Rüstəm 20-ci illərin ortalarından başlanan proletar poeziyasının ən istedadlı nümayəndəsi olmuşdur. O zaman bolşeviklər hakimiyyəti ələ alıb yeni sovet rejimini yaratsalar da, ziyalılar və şairlər içərisində müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti barədə xatirə və təəssüratlar hələ güclü idi. 1915-1920-ci illərdə yüksəlmiş milli ovqat hisslərini qələm adamlarının, eləcə də adi ziyalıların qəlbindən çıxarmaq çətin idi. Belə şəraitdə bolşeviklərin Azərbaycanda proletar ədəbiyyatı yaratmaq cəhdləri böyük çətinliklərlə üzləşirdi. İnqilabi və proletar mövzusunda yazmaq istəyənlərin və yazanların əksəriyyəti az savadlı və istedadsız idi.

Onların sırasında ilk diqqəti cəlb edənlərdən biri Süleyman Rüstəm olmuşdur. O, normal məktəb təhsili görmüşdü və dövrə görə rus dilini də bilirdi. Gənc proletar şairlərinin əksəriyyəti V.Mayakovski kimi formalist şairlərə təqlid edirdilər. Süleyman Rüstəm isə başqa yol seçdi: o, Türkiyədə Gənc Türklər İnqilabından sonra vüsət almış inqilabi və romantik türk poeziyasının üslubunu götürüb sovet mövzularına uyğunlaşdırmağa çalışdı. Bu uğurlu çıxış yolu idi: Türkiyədə yaranan inqilabi poeziya öz ruhu və üslubu ilə Azərbaycan oxucusuna doğma idi. Məhəmməd Akif, Tofiq Fikrət kimi inqilabçı türk şairləri Azərbaycanda sevilirdi və onlarin dili oxuculara doğma idi. Əvvəlcə, S.Rüstəm, sonra isə M.Müşfiq bu üslubdan uğurla istifadə etməyə başladılar.

Proletar mövzuları üçün üslub tapılsa da, mövzu məsələsi daha çətin idi. Proletar inqilabı və bolşevik dəyərləri Azərbaycan oxucusuna yad idi. Ona görə 20-30-cu illərdə poeziya nəsrə nisbətən böyük çətinliklərlə inkişaf edirdi. Azərbaycan şeirində inqilab mövzusu və inqilab poeziyası yox idi. Ona görə proletar poeziyası və S.Rüstəm yaradıcılığı Şərq mədhiyyəçiliyi yolu ilə  məd­hiyyə və tərif istiqaməti ilə getməyə başladı. Şairlər V.İ.Le­nini mədh edir və xilaskar kimi tərifləyirdilər. Proletkultçuluğun əsas tələblərindən olan Oktyabr inqilabını tərifləyəndə isə şairlərin hamısı, o cümlədən S.Rüstəm də ilhamsız, sönük təsir bağışlayırdı.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin