AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati


Güllü, indi sənə bəs nə deyim mən



Yüklə 2,78 Mb.
səhifə22/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Güllü, indi sənə bəs nə deyim mən,

Dərdimə bir dərd də gəl artırma sən.

Çəltik unumuz var iki xamırlıq,

Bir az sənə verim,

Daha neyləyək.

Bir az bizdə qalsın, sonrasın görək.
Gülü xala sevinc və nikbinlik içində qonşudan verilənləri alır, gətirdiyi gözəl güllü xalını isə astanada qoyub gedir. Axşam Zərif xalanın əri kolxoz işindən evə qayıdır və astanada xalçanı görüb narahat olur. Arvadından bunun nə olduğunu soruşur. Zərif xala isə Güllünün Səlimlə çörək borcuna gəlməsini təfərrüatı ilə da­nışır. Lakin evin atası eşitdiyindən qəzəblənir, çünki o, ağır gün­də qonşulara, köməksizlərə, əsgər ailələrinə təmənnalı yardı­mın qəddar düşmənidir. Bir nimçə una görə onun qapısına qoyul­muş xalı onu təhqir edir, haldan çıxarır. Şair bir nimçə çörək bor­cu­na görə onun qapısına maddi əvəz gətirilməsindən qəzəblənən ata­nın obrazını belə təsvir edir:
Birdən-birə şimşək çaxdı,

tufan qopdu evimizdə.

Mis kasalar cingildədi rəfimizdə.

Anam bir az yazıqlaşdı, yumaqlandı.

Atamınsa gözlərində qəzəb yandı.
Qəzəblənmiş ata yol verilmiş əxlaqi xətanı düzəltməyi ona yol vermiş Zərif xalanın özünə həvalə edir. O, güllü xalını arva­dının qoltuğuna verir, balaca oğlunu da ona qoşub xalını səhəri gözləmədən qaytarmağa məcbur edir. Güllü onlara Xırdaca adlı qonşu kənddən gəlmişdi. Ata oğlu ilə arvadını yola salanda deyir:
Qarğıdalı gətirmişəm,

Bir kasa da ondan apar.
Beləcə, halallıq rəmzi olan ata kəndin təmiz əxlaqının qorun­masını təmin edir. Gecə ilə Güllü xalanın xalısı ona qay­tarılır. Poemanın təhkiyəsi Güllü xalanın kiçik oğlunun dili ilə sa­də və anlaşıqlı dillə aparılır. Şairin öz uşaqlıq xatirəsi üzərində quru­lan bu süjet dərin əxlaqi məna daşıyır. Müharibənin çətin­likləri bir çox insanların əxlaqi dəyərlərə inamını sarsıtsa da, onla­rın çoxu el mənəviyyatının və yaşayışının dəyərlərinə səda­qət­lərini saxladılar. Poemadakı ata obrazı məhz belə insanların tipik nü­mayəndəsidir. Məhz belələrinin insafı, gözütoxluğu sayəsində müharibə illərində minlərlə əsgər ailəsi, böyüksüz ailə aclıqdan qırılmadı. İnsanlar çətin gündə bir-birilərinə həyan durdular, insanlıq qürurunu maddi dəyərlərdən, puldan yüksək tutdular.

Poemanın sonunda mənəvi eybəcərliyi, yırtıcı tamahkarlığı ifşa edən xəyali səhnələr də verilmişdir. Bu səhnələrin əsas fikir yükü şər qüvvələrin cəzalandırılmasının labüdlüyü ideyasının qabardılmasından ibarətdir. Qaranlıq kənd yolunda anası ilə addımlayan uşağın gözünə uzaqdan ağ işıq düşür. Şair poemanı həmin işıq obrazı ilə tamamlayır:


İndi atam torpaq altda rahat yatır.

Həmən o un işığında

Yol gedirəm mən hələlik.
Şair bütün sonrakı həyatını da atasının əxlaqi prinsipləri əsa­sın­da yaşaması ilə fəxr edir və oxucusunu da mənəvi ucalığa ça­ğırır.

Söz ustalığı. Poeziyaya, sözün gözəlliyinə maraq, bağlılıq Musa Yaquba Azərbaycan şeirinin təcrübəsini mənimsəməyə imkan yaratmışdır. Cavanlığında şairi yaradıcılığa bağlayan amillərdən biri də xalq şeirinə, kəndin kasıb məclislərinin yaraşığı olan aşıq şeirinə məhəbbəti olmuşdur. Gəncliyində şairlərimizin çoxu kimi Səməd Vurğun ədəbi məktəbinə bağlı olan, onu sevən və öyrənən şair, təcrübəsi artdıqca öz fitri üslubunu tapmışdır. Şair özünü, ilk növbədə torpaq şairi hesab edir, xalq köklərinə bağlılıqda Səməd Vurğun ənənələrinin davamçısı olması ilə fəxr edir. Bu barədə şair bir sıra şeirlərində daim bəhs edir və özünün torpağa bağlılığı ideyasını konkretləşdirir.

Bakı kabinetlərinin və mətbəələrinin tozu içində yetişən, öz xalqını tanımayan kitab şairləri onun bəzi şeirlərində tənqid edilir. Məsələn, Musa Yaqubun “Torpağı duymazsan sən mənim kimi” misrası ilə başlanan adsız şeiri buna misal ola bilər. Bu əsəri müəllifin avtoportreti də saymaq olar. Şair özünü, ilk növbədə xalq ruhu ilə və torpaqla bağlı sayaraq fəxrlə yazır:


Torpağı duymazsan sən mənim kimi,

Başqadır ruhumuz

Danışma hədər.

İsti otaqlarda səməni kimi

Məni nəlbəkidə göyərtməyiblər.
Şeirin sonrakı bəndlərində şair özünü gah torpağa düşüb qar altda qalan buğda dənəsinə, gah nənnisi söyüddən asılan quş bala­sına, layla səsini söyüdlərdən alan körpəyə, dünyanı isə öz balaca yu­vasına bənzədir. O, bir çiçək dərincə, barmaqlarına min tikan sancılıb.

Musa Yaqubun üslubunun əsasını şairin boya-başa çatdığı mahalın xalq danışıq dili, onun leksik, sintaktik və fonetik gözəlliyi təşkil edir. Onun yaradıcılığında sözə xüsusi münasibət vardır. O, heç zaman şeirlərini bəzəməyə, parlaq, dəbdəbəli sözlər­dən istifadə etməyə çalışmır. Şeir yaradıcılıq prosesində necə gəlirsə, necə doğulursa, elə də kağız üzərinə köçürülür. Şair şeiri yaradan, vücuda gətirən sözə inanır və onun ilkin naha­mar­lı­ğın­dan ehtiyat etmir. Bu isə onun şeir dilinin şablonlardan uzaq­lığını şərtləndirir, onu cansız sözün basqısından qoruyur. Şair nəin­ki şeir dilinin şablonlarından uzaqdır, o, dildə parlaq fərdi üslu­bun nümunəsidir. Bu fərdiliyin sərhədləri onun ən yaxşı şeirlərində ümumi şeir dilinə də zənginləşdirici təsir göstərən bir amilə çevrilir.

Musa Yaqub bənzərsiz, axıcı dili və çox sadə üslubu, təsirli lirik və məhəbbət şeirləri ilə Bakı ədəbi mühitində etiraf olunmuş, koloritli şair kimi böyük nüfuz qazanmışdır. O, fitri şairlik istedadına malik yaradıcı bir insandır və bu baxımdan ardıcıl təhsil ala bilməməsi, onun bəlkə də düşüncə özəlliyini qoruyan bir amil olmuşdur. Şairin şeirləri dil və söz düzümünün parlaq fərdiliyi ilə dövrün poeziya prosesindəki üslub axtarışlarından tamam seçilir. O, özünün əlli yaşına yazdığı şeirində deyir:
Evdə qədirbilənimdir qanadım,

Anamdadır mükafatım, həyatım,

Öz əlimdi, öz sözümdü, öz adım,

Ha əlləşə, ha çarpışa axır ki,

İzim düşdü bu sal daşa axır ki.
Musa Yaqubun şeirlərində ən mücərrəd fikirlər belə, sadə sözlərlə əksini tapır. Çünki şair poetik pafosu, patetikanı sevmir və poetik hesab etmir. Hətta həyat çətinlikləri və ağrıları barədə də hayqırıb etiraz etmir, ancaq həzin nəğmə oxumaqla, öz ovqatını sözlərə, misralara çevirməklə kifayətlənir.

Şairin kənd həyatı, xüsusilə ilk dövrlərdə çətinliklərlə müşayiət olunmuşdur. Ona görə Musa Yaqubun həyat ağrıları haqqında da “Bir günah sənin, bir günah mənim”, “Payızdan yaza yol varmı”, “Bənövşə gileyi”, “Göyərir” kimi çoxlu sadə, müdrik, pıçıltılı şeirləri vardır. Şair bəzən həyatın baharlı-payızlı olmasına kədərlənir, amma çox zaman dünyanı olduğu kimi - sevincli-kədərli, baharlı-payızlı sevir.



Ədəbiyyat:
Qarayeva G. Təbiətdən doğan müdriklik, B.,2007.

Eminov A. Musa Yaqubun poeziyası, B.,2006.

Azərbaycan yazıçıları XX-XXI yüzillikdə, B., 2011.

1960-1970-ci illər nəsri
Ədəbiyyatda yaranan yeniliklərdə bütün nəsillərdən olan yazıçı və şairlərin müxtəlif dərəcədə payı vardır. Ona görə bu mərhələni bir ədəbi nəslin adı ilə bağlamaq mümkün deyildir.

Lirik nəsr 1960-cı illər nəsrinin əsas cərəyanı idi. Bu nəsr sovet ədəbiyyatının müsbət qəhrəmanına zidd bir hal idi: bu qəhrəman mübariz, döyüşçü, ictimai qayə ilə yaşayan olmalı idi. Lakin lirik nəsrin qəhrəmanları çox zaman zəif iradəli, sentimental qadınlar və kişilər idilər. Onların həyatında sevgi, xəyal, fərdi xoşbəxtlik axtarışı əsas və aparıcı bir hiss idi. Onlar kommunist məfkurəsinin cansız karikaturası deyildilər.

Bu baxımdan İlyas Əfəndiyevin yaradıcılığı daha cəsarətli və qabarıq idi. Onun «Körpüsalanlar», «Sən həmişə mənimləsən» əsərləri 60-cı illlər ədəbiyyatının bədii manifestləri idi. Bu iki əsərdə dövrün həm bədii qəhrəmanı, həm də nəsrin yeni lirik üslubu qabarıq şəkildə öz əksini tapırdı.

Onun arxasınca lirik nəsrin aparıcı yazıçıları olan İsa Hüseynov, Əlibala Hacızadə, İsi Məlikzadə, Əkrəm Əylisli, Sa­lam Qədirzadə kimi gözəl nümayəndələri gəlirdi. Əslində liriklik, sen­timental süjetlərə meyl 60-cı illər nəslinə məxsus bir sıra yazıçıların yaradıcılığı üçün səciyyəvi idi. Lakin qəhrəmanların siqlə­tinə, həyata nüfuzun dərinliyinə görə süjet qurmaq baxı­mın­dan onların səviyyəsi müxtəlif idi.

İsa Hüseynov 1960-cı illərdə Azərbaycan ədəbiyyatının müa­sirləşməsini və təzələnməsini ifadə edən yeni keyfiyyətli nəsr əsərlərinin müəllifi olmuşdur. O, 60-cı illər nəsrinin ən səciy­yəvi müəlliflərindən biri, çox zaman birincisi hesab edilir. 60-cı illər nəslinin səciyyəvi xüsusiyyəti olan bioqrafizm, şəxsi tərcü­meyi-hal materiallarının üstünlüyü, ilk olaraq, məhz İsa Hüseynovun nəsrində özünü göstərmişdir. Bioqrafizm bu nəsr hərəkatının prinsipi idi və mövzu seçməkdə cavan yazıçıların sərbəst hərəkət etmək imkanını ifadə edirdi. Sovet ədəbiyyatının məmurları yazıçıdan sosial sifarişi icra etməyi tələb edirdilər, yəni yazıçı mövzu və material seçməkdə sərbəst deyildi. Lakin altmı­şıncılar nəsli üçün artıq belə bir imkan var idi, onlar yaxşı bil­dikləri mövzulardan yazırdılar ki, bu da bioqrafizmin güclən­məsinə səbəb olurdu.

1960-70-ci illərdə lirik nəsrin aparıcı simalından biri də Əlibala Hacızadə idi. Onun «Təyyarə kölgəsində» (1969), «İtkin gəlin»(1974), kimi romanları o zaman üçün görünməmiş tirajlarla çap olunur, oxunur və sevilirdi. 70-ci illərdə ən çox oxunan və çap olunan nasirimiz Əlibala Hacızadə olmuşdur. Maraqlı süjetlər, canlı insan xarakterləri, dərin humanizm, insan taleyinə sadə və aydın baxış yazıçının romanlarının əsas keyfiyyəti idi. Onun qadın qəhrəmanları təmiz qəlbli, məhəbbətdə sadiq, yüksək insani sifətlərə malik olan insanlardır.

1960-70-ci illərdə ədəbiyyatın inkişafının mühüm əla­mət­lərindən biri Azərbaycan xalqının tarixi taleyi və keçmişi ilə bağlı möv­zuların geniş şəkildə işlənməsi idi. Stalinizm dövründə tarixi möv­zularda yazmaq demək olar ki, qadağan edilmişdi, belə əsər­lə­rə millətçi damğası vurulurdu. Bu dövrdə xalqın keçmişindən bəhs açan tarixi romanlar milli özünüdərkin, milli düşüncənin mən­bə­lərindən idi.

1960-80-ci illərdə yazıçılar xalqımızın tarixinə, onun bö­yük şəxsiyyətlərinə dair daha çox əsərlər yazmağa başladılar. Mir­zə İbrahimovun «Pərvanə», Ənvər Məmmədxanlının «Ba­bək», Çingiz Hüseynovun «Fətəli Fəthi», İsmayıl Şıxlının «Dəli Kür», Əzizə Cəfərzadənin «Aləmdə səsim var mənim», Fərman Kə­rimzadənin «Qarlı aşırım» kimi romanları bu qəbildən idi. Hə­min əsərlərdə xalq və böyük şəxsiyyət, xalqın taleyi və gələcəyi mə­sələsi əsas yer tuturdu.



SABİR ƏHMƏDOV

(1930-2009)
Həyatı və fəaliyyəti. Sabir Əhmədov 1960-1970-ci illər nəsrində xüsusi mövqeyi olan orijinal bir romançıdır. Dil və üslub baxımından 60-cılara bağlı olmasa da, Sabir Əhmədov sovet rejiminə və onun ədəbi siyasətinə dərindən müxalifətdə olan bir yazıçı idi. O, BDU-nun Filologiya fakültəsini bitirdikdən sonra Cəbrayıl rayonunda müəllimlik etmiş, 1956-1993-cü illərdə «Ədəbiy­yat və incə­sə­nət» qəzetində nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Oğlu Məhəmməd 1994-cü ildə Qarabağ cəbhəsində qəhrəman­lıq­la həlak olmuşdur.

Sabir Əhmədov Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmə­do­vun qardaşıdır. Yazıçı qardaşı haqqında sənədli povest yazıb 1975-ci ildə «Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmədov» adı ilə çap etdirmişdir.



Yaradıcılığı. Sabir Əhmədov 20-dək romanın müəllifidir. «Yamacda nişanə», «Toğana», «Yasaq edilmiş oyun», «Yasamal gölündə qayıqlar üzür», «Mavi günbəz» kimi romanları həm kənd, həm də şəhər həyatına həsr olunub. Ədib ən uğurlu və orijinal əsərlərindən olan «Qanköçürmə stansiyası» povestində sovet quruluşunun sosial siyasətini qəzəblə ifşa edir, rejimin insanların qanını içməyə davam etdiyini vurğulayırdı. Sovet quruluşunun qəddar təbiəti, sosial ədalətsizlik, maddi yoxsulluğun faciələri, harınlıq yazıçının tənqid etdiyi əsas sosial bəlalar idi.

Yazıçı ədəbiyyatdan xalqın, zamanın dərdlərini yazmağı, əxlaqlı mövqe tutmağı və ciddi problemləri qabartmağı istəyirdi. Bunu həm özündən, həm də gənc müəlliflərdən tələb edirdi. Onun əksər romanları daim təriflənən sovet cəmiyyətinin yara­la­rı­nın ifşasına həsr olunmuşdur. Yazıçı balaca, yoxsul, uğursuz in­san­la­ra dərin rəğbət bəsləyir, sovet rejiminin, onun məmurlarının aman­sız təbiətini, dövlətin bütünlüklə zorakılığa əsaslanmasını amansızlıqla ifşa edirdi. Rəsmi ədəbiyyat çinovnikləri bunu yaxşı bilirdilər, məhz ona görə yuxarı dairələr yazıçını xoşlamırdılar.

Yazıçı sovet rejiminin yaralarını açıq yaza bilməyəndə romanlarında şərti və simvolik vasitələrdən geniş istifadə edirdi. Onun əksər romanlarında bu vasitələr ağır məna yükü daşıyır və əsərin müəllif qayəsinin açılmasında əsas rol oynayır. Yazıçının sovet cəmiyyətinə mənfi münasibəti o dövrdə rəhbər partiyanın qərar və sənədlərində tənqid edilmiş, yazıçı təzyiqlərə məruz qalmışdır.

Qarabağ torpaqları uğrunda hərbi əməliyyatları Sabir Əhmədov oğlunun timsalında ağır şəxsi faciə kimi yaşamışdır. Bu hadisələrlə bağlı yazıçının yaradıcılığında yeni bir mərhələ açılır. Ədibin «Yanvar hekayələri» (1992), «Kütlə» (1999) romanı, «Şəhid ruhu» (2004) kitabları həmin ağır illərin, müəllifin əzablı düşüncələrinin ifadəsidir. Bundan başqa o, hərbi əməliyyatlar za­manı cəbhə zonasında ezamiyyətlərdə olmuş və bir sıra qiymətli oçerklər yazmışdır. Cəbhədə vuruşan minlərlə sadə ailələrdən çıxmış vətənpərvər insanlar, onların səngər igidliyi, torpağa bağlılıq, vətən sevgisi bu yazıların əsas fikir leytmotividir.

“Arabaçı” hekayəsi ilə ədəbiyyata gələn Sabir Əhmədov kən­din ictimai-iqtisadi həyatını, yüksəlişinin çətinliklərini duyan bir sənətkar kimi şöhrətlənmişdir. Onun bədii nəsri diqqəti xüsusi cəlb edir. Sabir Əhmədovun bir-birinin ardınca yazdığı “Aran” (1959), “Görünməz dalğa”(1966), “Dünyanın arşı­nı” (1969), “Yamacda nişanə”(1973), “Qanköçürmə stan­si­ya­sı”(1978), “Azığa doğru”(1980), “Toğana”(1982), “Mavi gün­bəz”(1984), “Gedənlərin qayıtmağı”(1985) oxucuda dərin maraq oya­tmışdır. Bu yazıçının ən yaxşı cəhətlərindən biri hər hansı bir problemi insanın mənəvi-əxlaqi keyfiyyətləri, həyat şəraiti və səviyyəsi ilə vəhdətdə təsvir etməsindən ibarətdir. Görünür, onun özünün kənd­də doğulub ərsəyə çatması da kənd koloritini, kənd psixo­lo­gi­ya­sını dərindən və hərtərəfli bilməsinə az kömək etməmişdir.

Müəllifin orijinallığa meylini, həmçinin kəndin çətinli­kl­ə­rini, uğurlarını, bir sıra problemlərini onun əksər əsərlərində görə bi­lə­rik. Onlarda kənd həyatını yaxından müşahidə edən bir yazı­çı­nın nəfəsi duyulur. Bu baxımdan “Dünyanın arşını”(1985) ro­ma­nın­da da özünəməxsusluq və orijinallıq az deyildir. Əsərdə yazıçı bizi sözün geniş mənasında yüksək səviyyəli bir ailə və bu ailənin ictimai fəaliyyəti, əxlaqı, mənəviyyatı, arzu və düşüncələri ilə tanış edir. Ailəni təmsil edən Müdhəd kişi, arvadı Nabat, qızı Bənövşə, iki oğlu Rəhman və Arifdir. Rəhman rayon partiya komitəsinin birinci katibidir. Arif isə bir müddət rayonda müəllim işlə­miş, sonra şəhərə gedib fəlsəfə elmləri namizədi olmuşdur. Ya­zıçı bu ailənin fərdi xoşbəxtliyindən az bəhs edir. Müdhəd kişinin ailəsi həm maddi, həm də mənəvi cəhətdən təmin olunmuş ailədir. Buna görə də oxucunun əsas diqqəti onun oğlunun rəhbərlik etdiyi böyük ailəyə – rayona və ayrı-ayrı kəndlərə yönəldilir. Haraylı və Sınıq kimi kəndlərdə haqsızlıqlar var, əyintilər var. Dünyanın arşını əyiləndə işlərin də bir çoxu əyilir və bütün bunlar adamların səadətinə mane olur. Arif də görür ki, həqiqətən onun qardaşının rəhbərlik etdiyi rayonda haqsızlıqlar çoxdur. Arif xalqın, elin qeyrətini, mənafeyini hər şeydən yüksək tutur. Müəllif onun haqqında yazır: “Bu xalqın, bu elin qeyrətini, mənafeyini heç kimə satmaz, heç nə ilə əvəz etməz, iş o yerə çatanda güzəştə də getməzdi. Həmin məram üçün canını istəsələr, əsirgəməz. Onun üçün daha əhddən müqəddəs heç nə yoxdur.” Biz bu sözlərin səmimiyyətinə inanırıq. Bu sözlər artıq özünü dərk etmiş, xalqın səadətini hər şeydən uca tutan bir adamın sözləridir.

Oxucunun əsərdə məcazi mənada işlənmiş “dünyanın arşını” ifadəsinə diqqət yetirməsi vacibdir. Çünki geniş məna çalarlarına malik olan bu sözü həyatımızın bir çox sahələrinə tətbiq etmək olar. “Dünyanın arşını” ifadəsini haqqın, ədalətin təhrif olunması, tapdanması kimi başa düşmək lazımdır. O yerdə ki həqiqətən dünyanın arşını pozulur, deməli, vicdan susur, haqq tapdanır, ədalət meydan sulaya bilmir. Bu mənada ədibin “Azığa doğru”, “Toğana” romanlarında da “dünyanın arşını”nın bəzən pozulmasının şahidi oluruq. Əlbəttə, romanların mövzusu birbaşa kəndin çətinliklərini göstərməkdən ibarət deyil; yazıçının qayəsi milli abidələrimizə, onların saxlanmasına, həmçinin ətraf mühitə, təbiətə, onun misilsiz gözəlliklərinə maraq oyatmaqdan ibarətdir. Müəllif qələmə aldığı adamları bu iki dünya ətrafında saf-çürük edir, həmçinin kəndlinin mənəvi simasını, kəndi, yaradan-quran adamların hansı çətinliklərlə qarşılaşmasını ustalıqla açıb göstərir.

Yazıçının “Azığa doğru” romanı qədim əcdadlarımızın, tarixi keçmişimizin misilsiz abidəsi olan Azıx haqqındadır. Romanda insanın torpağa bağlılığı, həyat eşqi bir daha özünün ifadəsini tapmışdır. Həyatının bir sıra illərini şəhərdə keçirən Valeh torpaq üçün, kənd üçün çox darıxır. Kəndə gedib ata-baba yurdunda yaxşı bir ev tikdirmək istəyir: “Tikməliyəm mən o evi. Ev istəyirəm. Bir də bunun özgə kökü var. Adam istəyir ki, özünün, ailəsinin yaşadığı ev onun özünün ixtiyarında olsun. Öz evində, öz guşəndə sən özünü kirayəçi, qonaq sanmayasan.”

Kəndə dönmək, bir parça torpağa, evə, eşiyə sahib olmaq arzu­sunu təkcə Valehdə deyil, bir sıra qəhrəmanlarımızda, həm­çi­nin S.Azərinin “Dalanda” romanının qəhrəmanı Qafarda da gö­rü­rük. Bu əsərlərdən belə qənaətə gəlirik ki, insan doğulduğu tor­paq­dan, yerdən, öz doğmalarından, məhəbbət və qayğı bəslədiyi məş­ğuliyyətdən ayrılanda kiçilir, cılızlaşır, acizləşir. Elindən-oba­sın­dan, kəndindən-kəsəyindən üz döndərəndə onun taleyi çox vaxt uğursuzluqlarla nəticələnir.

Sabir Əhmədov, həmçinin digər yazıçılarımız kəndlini, ye­ni nəsli bu torpağa, əcdadlarımızın müqəddəs saydıqları ata yur­du­na ürəkdən bağlamaq üçün kəndin uğurları ilə bərabər çətin­lik­lə­rini də göstərirlər.

1950-ci illərin axırlarından başlayaraq kənd mövzusu daha geniş aspektdə qələmə alındı və maraqlı əsərlər meydana çıxdı. “Söyüdlü arx”, “Böyük dayaq”, “Ayrılan yollar”, “Yarpaqlar”, “Ürək dostları”, “Yanar ürək” və digər əsərlərdə rayonların tərəqqisi, xüsusilə təsərrüfat sahəsindəki qüsurlar və çətinliklər qələmə alındı.

1960-cı illərdən başlayaraq nəsrə yeni gələn nəslin he­sa­bı­na mövzu dairəsi daha da genişləndi. Bu sahədə S.Əhmədov hə­qi­qə­tən ayrıca yer tutur. O, “Azığa doğru” romanının mərkəzində qoy­du­ğu problemləri əsasən “Toğana” əsərində də davam etdir­mişdir. Adından göründüyü kimi, “Toğana” romanını müəllif baş­dan-başa o yerlərin gözəlliyinin təsvirinə həsr etmişdir. Əsəri oxu­duqca gözlərimiz önünə vətənimizin kiçik bir parçası – Kürək­çay və onun axarı boyunca bütün Toğana yaylağı, Göy gö­lün meşələri, Çaykəndin rəngarəng təbiəti, min bir gözəlliyə bü­rün­müş laləli çəmənliklər gəlir, nəğməkar bulaqlar ruhumuza sərin­lik, təravət aşılayır. Adam bu yerlərin gözəlliyinə məftun olur. Sabir Əhmədov başqa əsərlərindən fərqli olaraq bu roma­nın­da təbiəti daha dərindən, daha yaxından, incə müşahidə ilə duy­muş və sanki bizə poetik bir çələng bəxş etmişdir. Burada da yazıçı təbiəti qorumaqdan əlavə, fərdi təsərrüfatın inkişafına, xüsusilə adamların mənəvi-əxlaqi münasibətlərinə xeyli yer vermişdir. Müəllifin fikirlərində dərin bir məna var. Bu da ondan ibarətdir ki, əgər yer üzündəki bütün ağaclar, meşələr, bulaqlar, göllər, çaylar, dağlar eyni nizamla yerləşiblərsə və heç birinin arasında ixtilaf, çəkişmə yoxdursa, bəs onda bunlardan sonra yaranan insanlar, xalqlar, millətlər, dövlətlər arasında nə üçün çəkişmə, vuruşma olsun ?!

Ümumiyyətlə, Sabir Əhmədov əsərlərində kəndin ictimai-sosial problemlərinə, kəndi köklü şəkildə müasir səviyyəyə qaldıran məsələlərə daha çox toxunur və bunları çox zaman publisistik bir şəkildə təhlil edir. Onun qələmi kəndin dərdlərinin elə dərinliklərinə işləyir ki, bu kəndin bütün mənzərəsi oxucunun gözləri önündə canlanır. Sabir Əhmədova görə, insan təbiətin bəxş etdiyi bu nemətləri nəinki qorumalı, hətta gözəlləşdirməli, cilalamalı, nizamlamalıdır. İnsan onda insandır ki, təbiətin verdiklərini məhv etmir, onun qayğısına daha çox qalır. Çünki canlılar aləmi məhv olmuş bir dəniz, bir çay, bir meşə heç kimə lazım deyildir.

Sabir Əhmədov etik-estetik təlim-tərbiyə problemlərinə də həmişə ciddi fikir verən yazıçılardandır. Onun əsərlərinin əksəriyyətində milli özünəməxsusluq, xalqdan qaynaqlanan kolorit, işıqlı adətlər, qonaqpərvərlik, ailədə saflıq ayrı-ayrı surətlərə yamaq şəklində deyil, onların bütün hərəkətlərində, əməllərində, xarakterlərində qaynayıb-qarışmış şəkildə üzə çıxır. Yazıçının yaratdığı mənfi obrazları da təhlil etsək, onlarda da milli özünəməxsusluğun müəyyən əlamətlərini görəcəyik. Çünki Sabir Əhmədovda bu cəhət xalqın xarakterindən, onun adət-ənənəsinin işıqlı tərəflərindən, nağıllarından, tarixi abidələrdən süzülüb gəlir, büllurlaşır, saflaşır və yeni-yeni məna çalarları ilə zən­ginləşir. Yazıçının obrazlarının demək olar ki, çoxu öz döv­rü­nün yetirmələridir. Geyimlərindən, süfrələrindən tutmuş əkin-biçin­lə­rinə qədər, bayram şənliklərindən tutmuş yas mərasim­lə­ri­nə qədər, mətbəx zövqündən tutmuş bazar-dükanlarına qədər bu­nun özünəməxsusluğunu görürük. Bir yerdə papağın namus, qey­rət rəmzi olmasından söhbət gedirsə, digər yerdə çörəyin mü­qəd­dəs­li­yindən bəhs edilir. Bir yerdə qadın ləyaqətindən, bacarı­ğın-dan söhbət gedirsə, başqa bir yerdə kişi mərdliyindən, atın əsl kişi üçün murad, qanad, namus olmasından bəhs edilir. Sabir Əh­mə­dovun təsvirlərində ağbirçəklik, ağsaqqallıq da çox güclüdür. Bütün bunlar belə deməyə əsas verir ki, Sabir Əhmədov həyatı, təbiəti, insanları, onların münasibətlərini bilən, duyan və realistcəsinə təsvir edən yazıçıdır.

Bir sözlə, Sabir Əhmədov Azərbaycan ədəbiyyatı tarixində xalqımızın milli-mənəvi dəyərlərinin tərənnümçüsü və təəssübkeşi kimi özünəməxsus bir mövqeyə malikdir.
Ədəbiyyat:

Əhmədov S. “Toğana”, B., 1981

Əhmədov S. “Yasamal gölündə qayıqlar üzürdü”, B., 1984

Əliyeva N. “Bədii nəsr və kənd”, B., 1988


ANAR

(1938)
Həyatı və fəaliyyəti. Anar Rəsul oğlu Rzayev 1938-ci ilin martında Bakıda dünyaya göz açmışdır. Anar ilk təhsilini rus dilində almış, musiqi tə­mayüllü məktəbdə oxu­muş­dur. Gələcək yazıçı orta məktəbi uğurla bitir­dik­dən sonra 1950-1955-ci illər­də ADU-nun Filolo­gi­ya fakültəsində təhsil almış, ara-sıra tələbə yataqxanasında qa­laraq ana dilini daha mükəmməl öyrənməyə çalışmışdır. O, Azər­bay­ca­nın müxtəlif rayonlarından gələn gənclərlə ünsiyyətə can atır, eyni zamanda ana dilində folklor abidələrimizi öyrənirdi.

Universiteti bitirdikdən sonra gələcək yazıçı bir müddət Azər­baycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Mu­zeyində çalışmışdır. Burada iki il işlədikdən sonra o, Azərbaycan Tele­viziya və Radio Verilişləri Komitəsində redaktor və tərcü­mə­çi olmuş (1961-1967), eyni zamanda 1962-1964-cü illərdə SSRİ Ki­nematoqrafiya Komitəsinin Ali ssenari kurslarında təhsil al­mış­dır. O, özündə rejissorluq həvəsi duyduğu üçün 1970-1972-ci illər­də Ali Rejissorluq kurslarını bitirmişdir. Bütün bunlar onun gələ­cəkdə yazacağı kinossenarilərə hazırlıq idi. Təsadüfi deyil ki, ya­zıçı sonralar bir neçə bədii və sənədli filmin ssenari müəllifi ol­muşdur.

Anar Rzayev 1968-ci ildə yeni yaradılan “Qobustan” incə­sə­nət toplusunun redaktoru təyin olunur və 1987-ci ilə qədər bura­da çalışır. Ədib bu vəzifədə özünü bir maarifçi kimi göstərir, Avropa təsviri incəsənətinin nailiyyətlərini, oradakı cərəyanları Azərbaycan oxucusuna çatdırmaq üçün səylər göstərir.

O, 1987-ci ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçildikdən sonra onun təklifi ilə bu təşkilatın adındakı yad söz olan “ittifaq” daha doğma olan “birlik” sözü ilə əvəz edilmiş və təşkilatda çoxlu islahatlar aparılmışdır. Onun sədrliyi dövründə gənc ədəbi qüvvələrə qayğı artırılmış, onların əsərlərinin çapı üçün daha yaxşı şərait yaradılmışdır.

Anar Rzayev Sovetlər İttifaqında keçirilən müxtəlif Azərbaycan günlərinin, kino və televiziya festivallarının, çoxlu rəsmi tədbirlərin iştirakçısı olmuşdur. O, Azərbaycan Teatr Cəmiyyəti sədrinin birinci müavini işləmiş, teatr problemlərinə və kinoya dair məqalələr yazmışdır.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin