AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati


Dil açmada karlıq da gedər, korluğumuz da



Yüklə 2,78 Mb.
səhifə7/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Dil açmada karlıq da gedər, korluğumuz da,

Çün lallığımız doğmuş idi karlığımızdan.
Şair «karlıq» deyəndə Cənubi Azərbaycanın dünya maarif prosesindən kənarlığını, şah rejiminin bilərəkdən yaydığı sosial gerilik siyasətini nəzərdə tuturdu. İnqilab dünyaya açılan azadlıq qapısıdır və bu qapıdan gələcək demokratik, müasir mədəniyyət İran xalqlarının dil açması olacaq, onları dünya mədəni prosesinə qoşacaqdır.

Şair İran İslam inqilabının üstünlüyünü onun ölkənin öz daxili varlığından, daxili təkamülündən doğmasında görürdü. Çünki məğlub olmuş İran inqilablarının faciəli sonluğunu xarici dövlətlərin və qüvvələrin müdaxiləsində görürdü. Yeni inqilab xalqın özü tərəfindən yaradıldığı üçün şair onun gətirdiyi azadlığı gözəl nəğmə oxuyan Cənnət quşu ilə müqayisə edir:


Hərçənd qurtulmaq hələ yox darlığımızdan,

Amma bir azadlıq doğulub varlığımızdan.

«Varlıq» nə bizim təkcə azadlıq quşumuzdur,

Bir müjdə də vermiş bizə həmkarlığımızdan.

Bəh-bəh nə şirin dilli bu cənnət quşu tuti,

Qəndin alıb ilham ilə dindarlığımızdan.
Şairin inqilabdan sonra Azərbaycan dilində yazdığı şeirlərində ana dili məsələsi, türkcənin ədəbi-bədii məziyyətləri xüsusi yer tutur. Məhz inqilabdan sonra Şəhriyar türkdilli poeziyanın nəhəngləri olan Füzuliyə və Ələkbər Sabirə xüsusi şeirlər həsr etdi. «Şair Məhəmməd Füzuli», «Sabirin xorası», «İki qardaş arasından», «Aman ayrılıq», «Qardaşım Süleyman Rüstəmə» kimi şeirlər ana dilimizə məhəbbət hissləri ilə doludur.

Şəhriyar dil məsələsinə müdrikliklə yanaşırdı, ərəb, fars və türk dillərini bir-birini tamamlayan hadisələr kimi qəbul edirdi. Dilləri, mədəniyyətləri qarşılaşdırmaq ona yad idi. Ona görə Füzuli öz gücünü onun üç mənbədən: ərəb, fars və türk dillərindən hikmət götürməsi ilə izah edirdi:


Türki, farsi, ərəbidə nə fəzail varmış,

Ki, Füzuli kimi bir şairi-fazil doğulur.

Üç lisanda açılır məktəbi-Quran qapısı.

Bu məkatibdə ərazildən əfazil doğulur.

Şəhriyar bu gəmiyə əyləşəli Nuh kimi,

Gör nə tufan qoparır, bax nə zəlazil doğulur.
Şair klassik dilləri həm də Qurana və İslam mədəniyyətinə yiyələnmək üçün qapı adlandırır. Şair özünü də həmin məktəbin «gəmisində» görür və özünü Nuh peyğəmbərlə müqayisə edir: «Heydərbaba»nın təsirini və yaratdığı ədəbi hərəkatı Nuh dövrünün tufanına və zəlzələyə bənzədir.

Şairin ana dilində yazdığı şeirləri ayrıca kitab şəklində əvvəlcə Bakıda, sonra isə İranda «Divani-türki» adı ilə çap olunub. Bu şairin sonuncu və milli ədəbiyyatımız üçün ən qiymətli kitabı idi.



«Heydərbabaya salam»ın dil xüsusiyyətləri. Şəhriyar bu poemanı yazana qədər Azərbaycan dilində əsərlər yazmamış və şeir dilini xüsusi öyrənməmişdi. Ona görə «Heydərbaba»nın dili çoxlu özəlliklərə malikdir. Bu dil ən çox şairin uşaqlıqdan hafizəsində saxladığı canlı danışıq dilinə bağlıdır. Elə bu səbəbdən poemada və şairin digər şeirlərində orfoqrafiya qaydalarına uyğun olmayan söz formalarına və yazılışa rast gəlirik. Əlbəttə, digər şairlər üçün bu qüsur sayılırdı. Lakin «Heydərbabaya salam»da şeiriyyət o qədər güclüdür ki, şairin orfoqrafiyanı pozmasını heç kəs qüsur kimi qəbul etmir.

Şəhriyar ərəb əlifbasında və bu əlifbaya məxsus orfoqrafiya ilə yazmışdır. Ona görə latın əlifbasına çevirəndə tərtibçilər şairin işlətdiyi söz formalarını dəyişmirlər. Bunun bir səbəbi də Şəhriyarın canlı danışıq sözlərindən, qafiyə və ifadələrdən böyük bədii ustalıqla istifadə etməsi, qeyri-adi səmimiliyə nail olmasıdır. Şairin poetik səmimiyyəti onun işlətdiyi söz formalarının sadəliyindən ayrılmazdır.

Şair sadə sözlərdən istifadə edərək heca və əruz vəznləri arasında olan bir özünəxas vəzn yaratmış və işlətmişdir. «Heydərbaba vəzni» kimi məşhur olmuş bu poetik deyim tərzi müasir Azərbaycan şeir dilinə də güclü təsir göstərmiş, onlarla nəzirələrin yaranmasına səbəb olmuşdur. Bunun sirri Şəhriyarın misilsiz şair ilhamında idi.

Şəhriyarın Cənubda yaranan anadilli poeziyası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. O, ədəbiyyat tariximizdə Füzuli, Vaqif, Sabir, Səməd Vurğun kimi şairlərlə bir sırada durur.


Ədəbiyyat:

Beqdeli Q. Məhəmmədhüseyn Şəhriyar. B., 1963.

Bülluri H. M.Şəhriyar, B., 1984.

Şəhriyar M. Aman ayrılıq, B., 1981.

Şəhriyar M. Yalan dünya. B., 1993.

Quliyev E. Seyid Məhəmmədhüseyn Şəhriyar, B., 1999.




ƏLİAĞA VAHİD

(1895-1965)
Həyatı və fəaliyyəti. Sovet dövründə rəsmi bolşevik ədəbiyyatına qoşulmayan, əruz şeir ənənəsini, qəzəl janrını yaşadan əsas sənətkar Əliağa Vahid olmuşdur. O, müasir şeir tariximizə həm də əruz şeirinin dilini canlı xalq danışıq dilinə yaxınlaşdırmış parlaq lirik şair kimi daxil olmuşdur.

Əliağa Məmmədqulu oğlu İskəndərov 1895-ci il oktyabr ayının 15-də Bakı yaxınlığındakı Masazır kəndində anadan olmuşdur. Şair kasıb valideynlərini uşaq ikən itirmiş, əmisinin himayəsində böyümüş, gənc yaşlarından fəhləlik etmiş, ağır işlərdə çalışmışdır. O, Bakıya iş dalınca gəlir, buradakı tütün fabrikində çilingər, sonra dülgər işləyir. Şair erkən vaxtlarından Bakıda mətbəə fəhlələri mühitinə düşmüş, mətbuat, ədəbiyyat və poeziya ilə maraqlanmağa başlamışdır. Mətbuat mühitində demək olar ki, hamı şeir yazır və ədəbi məclislərə gedirdi. Bundan əlavə, XX əsrin əvvəllərindən artıq ədəbi və el məclislərində sinədən meyxanalar demək, şeirləşmək, nəzirələr yazıb oxumaq dəb idi. Balaca Əliağa bunları görür, söz və şeir məclislərinə hədsiz maraq göstərirdi.

Lakin tale elə gətirdi ki, kasıblıq Əliağaya ardıcıl təhsil almaq qismət etmədi. O ancaq mollaxana təhsili almışdı, sonralar isə öz üzərində işləmək və müstəqil mütaliə yolu ilə ədəbi savadını artırmışdır. Uşaq vaxtlarından Füzuli, Seyid Əzim və Sabir onun ən çox mütaliə etdiyi şairlər idi. «Molla Nəsrəddin» jurnalını və dövrün digər mətbu orqanlarını həvəslə oxuyardı. Əliağa Vahid ilk addımlarından aydın və sadə əruz dili ilə ictimaiyyətin diqqətini cəlb etmişdir: H.Cavid, M.Hadi, A.Səhhət kimi əruzda yazan şairlərlə yanaşı getmək asan deyildi. Satira, felyeton və qəzəlləri inqilabdan qabaq «İqbal», «Zəhmət», «Bayraği-ədalət», «Bəsirət», «Tuti», «Məzəli» və bir sıra digər nəşrlərdə çap olunurdu. Lakin bunların şairin çətin maddi vəziyyətinə heç bir təsiri yox idi.

Vahidin adı çəkilən şairlərdən zəif və həm də güclü cəhəti eyni bir şeydə idi: o, ərəb və fars dillərinə dərindən yiyələnmədiyi üçün istəsəydi belə M.Hadi kimi qəliz və ağır dildə yaza bilməzdi. XX əsrin əvvəllərində isə hələ ərəb-fars sözlərini çox işlətmək savadlılıq əlaməti, həqiqi ziyalılıq sayılırdı. Bunun mühüm bir səbəbi İstanbul ədəbi təhsilinin, inqilabçı türk romantiklərinin ədəbi dilinin etalon kimi qəbul edilməsi idi. Lakin həyatın özündə sadə xalq dilində yazılan qəzələ böyük ehtiyac var idi: az savadlı minlərlə oxucular Füzulinin, Seyid Əzimin ərəb-fars sözləri ilə dolu olan qəzəliyyatını anlamırdılar. Vahidin şeir dilindəki sadəliyi ilk duyan ziyalılardan biri Mirzə Əbülxaliq Yusif olmuşdur. O, Vahidin diri, ifadəli şeir dilini duymuş və ona «Vahid» təxəllüsü vermişdir. Şair şeirlərindən birində bunu belə ifadə edir:


Mənə təxəllüsü Yusif verib dedi: Vahid,

Gərək də fərqlənsən sən bu xudnimalar ilə.
Bu gün paradoksal səslənsə də, 1914-1915-ci illərdən mətbuatda Sabirə nəzirələri, meyxana və qəzəlləri ilə çıxış edən Əliağa Vahid ədəbi ictimaiyyət tərəfindən ciddi qəbul edilmirdi. Bunun əsas səbəbi onun şeirlərinin dilinin sadə olması, folklor şeir dilindən istifadəsi idi. İkinci səbəb isə sistemli savad almamağı idi. Belə şeir dili o zaman mədəni yaddaşı olmayan, çobansayağı və bəsit sayılırdı. Ona görə şairin ömür yolu çox ağır keçmiş və böyük şair şöhrəti ona 50-60-cı illərdə qismət olmuşdur. Məhz bu dövrdə Səməd Vurğunun və folklor dilinin bir üslub yox, bədii dilimizin əsas yolu olduğu dərk edilməyə başladı. Məhz bu dövrdə Əliağa Vahidin qəzəl janrının dilində böyük bir yenilikçi olduğu aşkar edildi.

Əliağa Vahid 1938-ci ildə Yazıçılar İttifaqına üzv qəbul olunanda artıq 25 illik yaradıcılıq təcrübəsi olan bir şair idi. Onun ağır və faciəli sənət taleyinin səbəblərindən biri sovet ideologiyasına və mövzularına soyuq münasibəti idi. Vahid heç zaman V.I.Lenini, Kommunist partiyasını, sovet dövlətinin uğurlarını tərənnüm edən şeirlər yazmağa həvəs göstərməmişdir və bu, ömrünün sonuna qədər davam etmişdir. Ona görə ədəbiyyata komsomoldan gələn və komsomol psixologiyasını gətirən «sovet» şairləri onu sevmir, Yazıçılar İttifaqına yaxın qoymurdular. Bunun nəticəsində Vahid 1936-cı ildən rəsmən heç yerdə işləməmişdir. Onun əsas qazanc mənbəyi el şənliklərində bədahətən meyxanalar deməsi və çap olunan şeir və kitabları üçün aldığı qonorarlar idi. Böyük şair həssas qəlbli bir insan idi və özünə qarşı ədalətsizlikləri, sayğısızlığı ürək ağrısı ilə qəbul edir, mənəvi əzab çəkirdi. Rəsmi ədəbiyyatdan qovulmuş şair ağrılarını içki vasitəsi ilə korşaltmağa çalışırdı.

Yazıçılar İttifaqında at oynadan komsomol şairlər bundan da Vahidə qarşı istifadə edirdilər, onun içkiyə meylini şişirdib şəxsiyyətini sovet ədibinə yaraşmayan bir nüsxə kimi təqdim edirdilər.

1938-ci ilə qədər Əliağa Vahidin dörd kitabı çıxmışdı, lakin bunların səhifələrinin ümumi sayı 68 səhifədən ibarətdir. 1916-cı ildə çıxan «Tamahın nəticəsi» 8 səhifədən, 1922-ci ildə «Azərnəşr»də çıxan «Meyxana kitabı» 16 səhifədən, 1925-ci ildə çıxan «Meyxanalar» kitabı 24 səhifədən, 1938-ci ildə çıxan «Mollaxana» kitabı isə 19 səhifədən ibarət idi. Bu kitabların adlarından göründüyü kimi, onların müəllifi o zaman ancaq satirik müəllif kimi, bədahətən deyilən meyxana ustası kimi qəbul edilirdi. Şairə qarşı belə münasibət ədalətsizlik, onun istedadına qarşı ağır zərbə idi. Belə vəziyyətin nəticəsi olaraq şair yaradıcılıqla fəal, tam gücü ilə məşğul ola bilmir, oxucuları onun yeni əsərlərindən məhrum olurdular.

Cavan marksist tənqidçilər bütün klassik irs kimi Vahidin qələmindən çıxan qəzəlləri də əski ədəbiyyatın qalığı, köhnə, vaxtı keçmiş ovqatların tərənnümü adlandırırdı. O zaman belə hesab olunurdu ki, ancaq aşiqanə mövzuda yazılan qəzəl yeni həyatdan uzaqdır və ona görə qəzet, jurnal və kitablarda çap olunmağa layiq deyil. Proletkultçu tənqidin belə iddiaları Əliağa Vahidin qəzəllərinin çapının qarşısını alır, onun yaradıcı inkişafına mane olurdu.

Vahidə qarşı rəsmi ədəbiyyat adamlarının soyuq münasibəti şairdə əks reaksiya yaradırdı. O, «komsomol» ədəbiyyatına mənfi yanaşır, onu həqiqi ədəbiyyat saymır və qəzəli poeziyanın əsas, hörmətli janrı saymaqda davam edirdi. Komsomollar da bunu bilir, amma şairin el arasındakı böyük populyarlığı ilə hesablaşmalı olurdular. Əliağa Vahid 30-cu illərin ortalarından dövlətdən və rəsmi ədəbiyyat qurumlarından asılı olmayan, onların əks qütbündə dayanan bir ədəbi sima kimi tanınırdı. Rəsmi dairələrdə ciddi qəbul edilməməsi 1937-ci il repressiyaları zamanı şairin xeyrinə oldu və o, bu illərdən sağ-salamat çıxa bildi. O zaman rəsmi nəşriyyat olan «Azərnəşr»in rəhbərləri onu ancaq korrektor vəzifəsinə layiq bilmişdilər. Bunu özünə yaraşdırmayan şair 1936-cı ildən dövlət işindən çıxır və özünü azad sənətkar taleyinə həsr edir.

30-cu illərdə şairin əsərləri «Maarif və mədəniyyət», «Şərq qapısı», «Yeni yol», «Gənc işçi» kimi mətbuat orqanlarında çap olunurdu. Bu illərdə şairin əksər əsərləri satirik xarakter daşıyır və sovet həyatını tənqid edir, gülüş hədəfinə çevirirdi. Həmin illərdə bəzi nəzəriyyəçilər iddia edirdilər ki, sosialist realizmi ədəbiyyatında satiraya ümumiyyətlə yer yoxdur. Yazıçı və şairlər zorakılıqla icra edilən kollektivləşməni tərifləməli idilər. Əliağa Vahid isə belə mövzuları heç zaman ciddi qəbul edə bilmirdi. Onun ədəbi zövqü mollaxanada tədris olunan klassik şərq poeziyası ənənələri üzərində təşəkkül tapmışdı.

1956-cı ildə stalinizmin tənqidindən sonra Əliağa Vahidə də qocaman və el tərəfindən sevilən bir şair kimi münasibət yaxşılaşmışdır. 1956-1964-cü illər arasında şairin qəzəlləri üç dəfə kütləvi tirajla çap olundu. Onun kitabları hər evdə oxunur və sevilirdi: bu, sosializm barədə yalanlardan azad, təmiz bir poeziya idi.

Əliağa Vahid klassik poeziyanın qayğıkeş, qədirbilən tərcüməçisi idi. Nizami, Xaqani, Fələki, Nəvai kimi klassiklərdən şairin uğurlu tərcümələri vardır.

Xalqımızın sevimli şairi Vahid 1965-ci il sentyabrın 30-da Bakıda vəfat etmişdir. Xalqımız onu böyük təntənə ilə Fəxri Xiyabanda dəfn etmişdir.



Böyük Vətən Müharibəsi dövrü yaradıcılığı. Əliağa Vahidin ədəbi istedadının bir qanadı məhəbbət qəzəlləri idisə, ikinci qanadı M.Ə.Sabirin ədəbi məktəbindən gələn satirik poeziya idi. Şairin gənclik illəri «Molla Nəsrəddin» jurnalının və Sabir ədəbi məktəbinin bütün Şərq aləmində misilsiz şöhrət tapdığı bir dövr idi. Ona görə Vahidin meyxanaçılığı da bədihə şəklində yaransa da, məclislərdə oxunsa da, Sabir poeziyasının xalq məclislərində şifahi ifa edilən variantı idi. Meyxana  Sabir poeziyasının xalq yaddaşında əks-sədası idi.

Vahidin satirik qələmi bolşevik tənqidçilərin xoşuna gəlməsə də, Böyük Vətən Müharibəsi vəziyyəti dəyişdirdi. Müharibə ilə bağlı dəyərli sayılan mövzulardan biri də faşizmi tənqid edən satiralar oldu. Arxa cəbhədə gecə-gündüz çalışan fədakar insanları ruhlandırmaq üçün satira - Vahidin meyxana tərzində olan şeirləri çox gərəkli idi. Faşizmə qarşı yazan şair kimi Vahidin bir üstünlüyü də onun şeirlərinin dil, üslub, sintaksis, obraz baxımından sadə və anlaşıqlı olması idi. Onun faşizmi, Hitlerin qanlı avantürizmini, işğalçılıq planlarını tənqid edən şeirləri az savadlı evdar qadınlar, qocalar, uşaqlar, cəbhəçi əsgərlər üçün də eyni dərəcədə aydın və anlaşıqlı idi. Məsələn, «Qanmadı Hitler» şeirində şair sanki sadə insanları başına yığıb onlarla söhbət edir:


Heç yerdə bir insan kimi davranmadı Hitler,

Öz səhvini bir anlamadı, qanmadı Hitler.

Ovsarladı ən xırda hökumətləri mindi.

Onlar da susub qaldı, nə tərpəndi, nə dindi.

Üç dövlətə qarşı niyə aciz qalıb indi?

Dünyada özündən yekəni sanmadı Hitler,

Öz səhvini bir anlamadı, qanmadı Hitler.
1942-ci ildə yazılmış bu satira faşizmin rəhbəri və ideoloqu olan bir insanı sadə, sağlam məntiqlə ifşa edir, onun səhvlərini, özündən razı bir adam olduğunu göstərə bilir. Şeirin dəyəri ondadır ki, şair sadə, satirik sözlər və eyhamlarla Hitlerin həq­i­qə­tən sərsəm, reallıq hissindən məhrum bir insan olduğunu göstərir, bu adamın məğlubiyyətinin labüd olduğuna öz oxucusunda inam ya­ra­dır:
Üç güclü hökumət salacaqdır səni girdən,

İngiltərə əvvəl sənə bir çəkdi böyürdən.

Şahinləri üstündə süzürlər mini birdən,

Öz nəslini məhv etdi, yenə qanmadı Hitler,

Heç yerdə bir insan kimi davranmadı Hitler.
Şair faşizmin məğlubiyyətinə dərindən inanır, ona görə əmindir ki, dünyanı tutmaq üçün başladığı müharibə ilə nəinki özünü, hətta öz nəslini də məhv etdi: milyonlarla insan müharibə alovunda məhv olandan sonra bir saylı faşistin qohumları belə ondan üz döndərəcək və insanların intiqam arzularından gizlənməkdən ötəri didərgin olacaqlar. Belə də oldu: təkcə Hitlerin qohumları yox, bəşərə qarşı cinayət törətmiş faşist cinayətkarların əksəriyyəti qaçıb müxtəlif ölkələrdə gizləndilər.

Adolf Hitlerin öz dilindən yazılmış və yenə 1942-ci ilə aid «Dədəm vay» satirasında bir saylı faşistin obrazı daha da konkretləşir, aydınlaşır. O, sadəlövhcəsinə müharibəni qısa vaxtda udmaq ümidində olub, amma davanın bir ili tamam olsa da, nəticə yoxdur. Halbuki, o, Rusiyanı on günə işğal etmək niyyətində idi. Şair artıq 1942-ci ildə inamla Hitlerin adından bil­dirir ki, müharibəni qələbə ilə qurtarmaq üçün faşistlərin qüvvəsi qalmayıb:


Xalqımda dəxi qalmayıb hərb etməyə taqət,

İndi yığılıb saziş edib üç iri dövlət.
Şair satirik dillə olsa da SSRİ, ABŞ, İngiltərə kimi üç iri dövlətin ittifaqı qarşısında faşizmin iflasını aydın şəkildə görür. Şairin sadə məntiqi, söz, obraz və ifadələri təntənəli üslubdan daha təsirli və inandırıcıdır, faşizmin tezliklə əziləcəyinə əsaslı ümidlər yaradır. «Heç yox imiş» adlı satira faşistlərin Moskva üzərinə hücumunun dayandırılmasına və Qızıl Ordunun əks hücumuna həsr olunmuşdur. Sərt satirik dil, sərrast məntiq, kinayə oxucunu inandırır, ona ruh verir:
Faşistlərin burnun əcəb ovdular,

Qoşunların Moskvadan qovdular.

Şaxtada on minlər ilə dondular,

Çıxdı boşa niyyəti germanların,

Heç yox imiş qeyrəti germanların.
Şairin müharibə dövrü satirasının səciyyəvi cəhəti onun mərkə­zində Hitlerin öz obrazının dayanmasıdır. Şair əksər satira­larında qanlı müharibənin əsas səbəbkarı kimi onu ittiham edir və tarixdə olmuş qəddar sərkərdələrlə müqayisə edir. Vahid haqlı olaraq belə qənaətə gəlir ki, Hitler tarixdə olmuş hökmdarların ən qəddarı və qaniçənidir.

Böyük Vətən Müharibəsi illərində Əliağa Vahid Hərbi hissə­lərdə, kolxoz və müəssisələrdə izahat işi aparan rəsmi təbli­ğat briqadalarının üzvü idi. Hər yerdə nikbin, ümid dolu çıxışlar edən, faşizmin məhvinin labüdlüyünü əsaslandıran şair hər yerdə sadə döyüşçülər və arxa cəbhə adamları tərəfindən böyük məhəbbətlə qarşılanırdı. Vahid satirası xalqın taleyi və arzuları ilə ayrılmaz olan Ələkbər Sabir şeirinin timsalı və davamı idi.



Qəzəl yaradıcılığı. XX əsr şeirimizin tarixində Vahidin özünə xas yeri və mövqeyi qəzəl janrı ilə əlaqədardır. Bu formanın ədəbiyyatımızda səkkiz əsrə yaxın tarixi, Nizami, Nəsimi, Füzuli, Seyid Əzim kimi dahi ustaları olmuşdur. Amma Vahid bu çoxəsrlik tarixdə özünəxas bir yer qazanmışdır. Bu, qəzəl yaradıcılığı dilinin sadələşdirilməsi, qoşma, gəraylı qədər sadə və şirin xalq dilində qəzəl nümunələri yaratmasının nəticəsi idi. Zaman keçdikcə şairin şeir tarixindəki bu xidməti daha qabarıq görünür, şairin apardığı dil islahatının əhəmiyyəti daha çox aşkarlanır. Vahidin gözəl dili və yaradıcılıq qüdrəti sayəsində qəzəl divan ədəbiyyatı formasından müasir lirik poeziyanın bir şəklinə çevrilmişdir.

Əliağa Vahid qəzəl sahəsindəki xidmətlərini gözəl bilir və öz əsərlərində bunu uzaqgörənliklə göstərirdi. Qəzəllərinin birində o, cəsarətlə özünü dahi qəzəl ustası Məhəmməd Füzulinin əsil yadigarı adlandırır. XVI əsrdən ana dilində yazan minlərlə şair Füzulinin varisi olmağa çalışıb. Yalnız Vahid bizim şeirdə Füzulinin qəzəl yaradıcısı kimi varisi ola bilib və bununla haqlı olaraq fəxr edib:


Deyərdim əhli-qələm, Vahid, əfv edərsə məni,

Böyük Füzulinin yadigarı mən özüməm.
Bu sətirlər Əliağa Vahidin həqiqi avtoportreti idi. Şair öz əlli illik yubileyi zamanı «Olur» adlı qoşmasında özünün qəzəl formasına məhəbbəti məsələsinə qayıdır və üzünü onun çoxlu qəzəl yazmasını irad tutan tənqidçilərə tutaraq deyir:
Mən necə ayrılım rəna qəzəldən,

İşvəli dilbərdən, nazlı gözəldən?

İnsan ki, bir şeyə uydu əzəldən,

Ölüncə başında o adət olur.

Şair öz bədxahlarına, paxıllara cavab olaraq bildirir ki, poeziyada yaxşı-pis forma olmur. İstənilən şeir şəklində yaxşı yazmaq üçün hünər və istedad lazımdır. Şair bu iradı ilə qəzəli asan və ya vaxtı keçmiş hesab edənlərə layiqli cavab verir:


Mən də bir şairəm tanıyır aləm,

Azaddır mətbuat, azaddır qələm.

Həyatdan yazmağa aciz deyiləm,

Şairçün hər yanda məharət olur.
Əliağa Vahid qəzəl formasını təkcə dil və üslub cəhətdən deyil, məzmun baxımından da islah edib XX əsrin tələblərinə uyğunlaşdırmışdır. O, yaradıcılıq təcrübəsi artdıqca divan ədəbiyyatının sxemlərindən, fikir və obraz sırasından imtina edir, bunun əvəzinə aşıq şeirinin ifadə və üslub vasitələrini ardıcıl olaraq şeirə gətirirdi.

Şair öz qəzəllərində poeziyasının iki əsas mövzusunu daim xatırladır. Bunlardan biri eşq, ikincisi isə vətən mövzusudur. Vahid saf, səmimi vətənpərvərliyi daim rəsmi poeziyanın publisistik mövzularına qarşı qoyur, Azərbaycanı, onun təbiətini, gözəllərini, qədim söz və musiqi ənənələrini tərənnüm etməklə fəxr edirdi:


Əsiri aşiqiyəm öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Əliağa Vahidin qəzəli ovqat, ruh, ritm baxımından müasir lirikanın, dövrün nikbin insanının ifadəsidir. Onun üçün eşq də bolşevik reallığının ideoloji buxovlarından qaçmaq, təbii bir insani həyatla yaşamaq istəyidir. Şair ancaq təmiz, yaşadıcı insan məhəbbətini əbədi sayır, qalan hər şeyi aldanış hesab edir. Vahid məhz məhəbbəti poeziyanın əbədi mövzusu və ulduzu hesab edirdi. İnanırdı ki, onun məhəbbət lirikası ana dilimiz durduqca yaşayacaqdır.

Qəzəli dil və fikir cəhətdən müasirləşdirən Vahid klassik ənənəyə heç zaman arxa çevirmir. Proletkultçuların, dargözlərin, rəsmi ədəbiyyat məmurlarının haqsız iradlarına duruş gətirmək üçün o daim klassik ədəbi irsə, onun ölməz ənənələrinə üz tutur, onlardan qüvvət alırdı. Çoxqatlı bir milli-tarixi yaddaş Əliağa Vahid poeziyasının əsas sütunlarından birini təşkil edir. Qəzəlin klassik ənənələri, mövzu və motivləri, obraz sırası Vahid şeiri üçün mənəvi qüdrət və fikir mənbəyi idi.


Ədəbiyyat:

Məmməd Nuruoğlu. Əsər ki, qaldı cahanda, B., 1983.

Əliağa Vahid. Seçilmiş əsərləri, B., 2005.

Əliağa Vahid, Biblioqrafiya, B., 1997.


MƏMMƏD CƏFƏR

(1909-1992)
Həyatı və fəaliyyəti. Akademik Məmməd Cəfər Azərbaycanın 1940-1960-cı illər tənqidinin ən görkəmli nümayən­dəsi, yorulmaz ədəbiy­yatşü­nas, nəzəriyyəçi və filosof olmuşdur. Böyük Vətən Müharibəsindən sonra o, tənqid və ədəbiyyatşünaslıq fikrində xalqçılıq cərəyanının yaradıcısı və təbliğatçısı kimi tanınır.

Məmməd Zeynalabdin oğlu Cəfə­rov 1909-cu il mayın 9-da Naxçıvanda dərzi ailəsində doğulmuşdur. Uşaq yaşlarından ata-anasını itirən Məmməd ailədə böyük uşaq olduğu üçün valideynlərini əvəz etməyə çalışmış və yetim qardaş və bacılarını dolandırmaq üçün fəhləlik etmişdir. Naxçıvanda ibtidai təhsil aldıqdan sonra buradakı Pedaqoji Texnikumu (1928-1932) bitirmişdir. Həmin ildən Bakıya gələn Məmməd V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olur və dövrün aparıcı bolşevik qəzetləri olan «Gənc işçi», «Maarif işçisi» qəzetlərində ədəbi işçi və şöbə müdiri işləyir. Məmməd cavanlıqdan fəhləlik etdiyi üçün yeni rejimin axtardığı «proletar ziyalısı» tələblərinə tam uyğun gələn kasıb bir yetim, həm də təhsilə və elmə ehtiraslı həvəsi olan bir şəxs idi. 24-25 yaşlarından mətbuat mühitinə düşən Məmməd ilk yazılarından diqqəti cəlb etdi. Sağlam və aydın fikir tərzi, iti ağıl, köklü savad və məlumat onun ilk məqalələrini fərqləndirən məziyyətlər idi.

İlk illərdən Məmməd Cəfər imzası ilə çıxış etməyə başlayan ədib APİ-nin Qərb ədəbiyyatı kafedrasının aspiranturasında oxuyur (1935-1938). 1944-cü ildə «M.F.Axundovun ədəbi-tənqidi görüşləri» mövzusunda namizədlik, 1962-ci ildə «XX əsr Azərbaycan romantizmi» mövzusunda doktorluq dissertasiyası yazır. Məmməd Cəfərin Azərbaycan romantizminə həsr olunmuş bu əsəri ədəbiyyat elmimizdə xüsusi mərhələ təşkil edir. Stalinizmin ifşasına qədər bizim Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət, H.Cavid kimi böyük şairlərimiz ümumtürk birliyi ideyalarına meylli olduqları üçün «mürtəce romantiklər» kimi qələmə verilirdilər. Bu dəhşətli ədalətsizlik idi. Bu şairlər dərin vətənpərvərlik və parlaq ədəbi istedadları ilə fərqlənirdilər.

Bu ədalətsizliyi yaxşı bilən Məmməd Cəfər 1956-cı ildə stalinizm ifşa olunan kimi demokratikləşmə mehindən istifadə edib Azərbaycanın romantik poeziya məktəbinə ədəbi bəraət verməyə çalışdı, onların ədəbiyyatımız qarşısında xidmətlərini üzə çıxarmağa nail oldu. Bu həm də tarixi ədalətin bərpası idi. Alim romantiklər barədə tədqiqatın bir hissəsini  H.Cavidə aid fəsli genişləndirib ayrıca kitab şəklində 1961-ci ildə çap etdirdi. H.Cavid əsassız olaraq 1938-ci ildə həbs edilib Sibirə sürgün edilmişdi. 1941-ci ildə qürbətdə vəfat etmiş şair haqqında kitab, unudulmaqda olan Hüseyn Cavidi ədəbiyyat tarixində yenidən bərpa etdi, onun əsərlərinin geniş təhlilini verdi.

Ədib 1941-1943-cü illərdə «Ədəbiyyat qəzeti»ndə şöbə müdiri, 1945-1949-cu illərdə isə baş redaktor olmuşdur. 1951-1953-cü illərdə ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Ədibin sonrakı fəaliyyəti EA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. 1959-1962-ci illərdə Sovet ədəbiyyatı, 1963-1982-ci illərdə isə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Məmməd Cəfər ədəbi fəaliyyətə başladığı 30-cu illərin əvvəllərində öz yaşıdları olan cavan marksist ədəbiyyatçı kadrlarının çoxundan savadlı və zəhmətsevər idi. Lakin o zaman rus inqilabçı demokratları - V.Belinskinin, A.Dobrolyubovun, M.Gertsenin, N.Çernışevskinin yaradıcılığı inqilabi demokratiya nümunəsi sayılırdı və gənc marksist ədəbiyyatçılar üçün nümunə idi.

Məmməd Cəfər «Gertsen» adlı məqalə ilə tənqidə gəlmiş və 70-ci illərin sonuna qədər XIX əsr rus klassikləri haqqında qiymətli məqalə və kitablarını yazmışdır. Onun bu mövzuda «Rus ədəbiyyatı tarixi oçerkləri» kitabı 1939-cu ildə, iki cildlik «XIX əsr rus ədəbiyyatı tarixi» (1970, 1974) kitabı isə sonralar çıxmışdır. Məmməd Cəfərin XIX əsr rus ədəbiyyatından dediyi mühazirələri ona tələbələrinin kütləvi pərəstişi ilə nəticələnirdi. O, rus inqilabçı-xalqçılarının - V.Belinskinin, N.Çernışevskinin əsərlərini xalq köklərinə məhəbbət, vətənin xoşbəxtliyi ilə yaşamaq, mənsub olduğun xalqı sevmək ideyalarının təbliği kimi qururdu. Rus xalqçıları çar üsuli-idarəsinin qəddar düşməni, kəndli inqilabının ideoloqu, Rusiyada təhkimçilik hüququnun amansız tənqidçiləri idilər. Məmməd Cəfərin mühazirələrində şərh etdiyi bu ideyalar tələbələrin milli hisslərini oyadır, onların dünyagörüşünü dəyişirdi.

Məmməd Cəfər yaradıcılığa başladığı ilk illərdən hekayə və oçerklər də yazmışdır. Onun nəsrinin əsas qismini satirik-yumoristik hekayələr təşkil edir. Bu hekayələri ədib «M.Zey­nal­oğlu» imzası ilə çap etdirmişdir. «Zurnaçı», «Dəmdəməki», «Zo­rən təbib» və s. belə hekayələrdir. Ədib satirik əsərlərində ziyalı mühitində, mətbuat aləmində rast gəldiyi mühafizəkar, zamandan geri qalmış, eybəcər vərdişlərdən yaxa qurtara bilməyən tənbəl, zəif iradəli insanları tənqid atəşinə tutur, onları həyat tərzini dəyişməyə sövq edir. Ədib Böyük Vətən Müharibəsi dövründə də nasir qələmini işlətmiş, faşizmə qarşı vuruşan döyüşçülərimizin mətin, qorxmaz obrazlarını yaratmağa çalışmışdır. Onun bu qəbildən olan əsərləri 1942-ci ildə «Azərnəşr» tərəfindən ayrıca kitab şəklində «Snayper İlyas» adı ilə buraxılmışdır.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin