Azərbaycan Respublikasi Təhsil nazirliyi



Yüklə 18,37 Kb.
tarix01.01.2022
ölçüsü18,37 Kb.
#50565
Azərbaycan tarixi


Azərbaycan Respublikasi Təhsil nazirliyi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nezdinde Sənaye və Texnalogiya Kolleci

İxxtisas-

Kurs-2


Qrup-i-197

Fənn-Azərbaycan tarixi

Mövzu-1-ci Qarabağ müharibəsi

Müəllim-Baxışəliyeva Elnarə

Tələbə-Tarverdiyeva Ayşə

1-ci QARABAĞ MÜHARİBƏSİ

Qarabağ Azərbaycanın əzəli və ayrılmaz parçasıdır. Ermənilər onun dağlıq hissəsində 1923-cü ildə sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daima Azərbaycandan ayırmağa çalışmışlar. 1980-ci illərin sonlarında onların mövcud olan şəraitdən istifadə edərək fəallaşması Dağlıq Qarabağın və ətraf rayonların müvəqqəti olaraq itirilməsi ilə nəticələndi.

  Ermənilər əvvəl sovet, sonra Rusiya hərbi qüvvələrinin köməyindən istifadə edərək Dağlıq Qarabağdakı fitnəkar əməllərini genişləndirdilər. Azərbaycanlılar sıxışdırılır və qovularaq ərazidən çıxarılırdı. 1991-ci ilin sentyabrında ermənilər tərəfindən qeyri-qanuni qurumun – Dağlıq Qarabağ Respublikasının yaradıldığı elan edildi. Bu qanunsuz əmələ cavab olaraq Azərbaycan Respublikası həmin il noyabrın 26-da DQMV-nin statusunu ləğv etdi.

  SSRİ-nin dağılmaqda olduğu bir vaxtda onlar öz havadarlarına və uzun müddətdən bəri hazırlaşdıqlarına güvənərək hərəkətə keçdilər. Düşmənin müvəffəqiyyətinin bir səbəbi də Azərbaycanda ordu quruculuğuna ciddi şəkildə başlanılmaması idi. Ermənilərin törətdiyi silahlı təxribatlara əhali arasından çıxan könüllülər və Azərbaycan milisi (polisin əvvəlki adı) cavab verməli olurdu.

  Azərbaycanda mövcud olan demokratik qüvvələrin təzyiqi 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin təşkil edilməsi, oktyabrın 9-da isə Azərbaycan Respublikası silahlı qüvvələri haqqında qanunun qəbul edilməsi ilə nəticələndi. Noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonlarının yaradılması qərara alındı. Lakin qat-qat yaxşı silahlanmış və təlim görmüş düşmənə qarşı bu dəstələrlə mübarizə aparmaq çox çətin idi.

  Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə ermənilər tərəfindən hücumlar genişləndirildi. 1992-ci ilin əvvəllərində Kərkicahan qəsəbəsi, Qeybalı, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi.

  Şuşanın mühasirəsini yarmaq üçün yanvarın sonlarında Azərbaycan ordusu “Daşaltı” əməliyyatı keçirdi. Lakin düzgün rabitə qurulmaması səbəbindən əməliyyat uğursuzluqla nəticələndi. Fevralın ortalarında düşmən Qaradağlı kəndini ələ keçirdi. Kəndin müdafiəçilərinə və dinc sakinlərə vəhşicəsinə divan tutuldu. Fevralın sonunda isə Xocalı soyqırımı törədildi.

  Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini ATƏM-də müzakirəyə çıxardı. Münaqişənin həlli üçün yaradılan Minsk qrupu fəaliyyət göstərsə də, Dağlıq Qarabağdakı ərazilər bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. 1992-ci il mayın 8-də Ermənistan Şuşa şəhərinin tutulması ilə Dağlıq Qarabağın, demək olar ki, bütün ərazisini ələ keçirmiş oldu. Bir neçə gün sonra Laçın rayonunun işğalı ilə Dağlıq Qarabağla Ermənistan arasında birbaşa əlaqə yaradıldı.

  Ölkədə ordu quruculuğu prosesi də davam etməkdə idi. Fevralın 20-də Azərbaycan aviaeskadrilyası yaradıldı. Həmin gün Hərbi hava qüvvələri günü elan edildi. Keçmiş SSRİ-nin Xəzər donanmasının qüvvə və vəsaitinin 25 faizi Azərbaycan Respublikasının sərəncamına keçdi.

  Martın 25-də Azərbaycan Respublikasının o dövr üçün ən yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəmanı” adı müəyyən olundu. İyunun 5-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 11 əməkdaşı göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümlərindən sonra bu fəxri ada layiq görüldülər.

1992-ci ilin yay aylarında Azərbaycan Ordusu bir sıra müvəffəqiyyətlər əldə etdi. İyul-avqust aylarında Ağdərə rayonu, demək olar ki, azad olundu. Goranboyun düşmən tərəfindən tutulmuş torpaqları gerialındı.Avqustun əvvəllərində

Ermənistanın Azərbaycan(Gədəbəy rayonunda)ərazisindəki anklavı – Başkənd düşməndən təmizləndi.

  ABŞ konqresi erməni lobbisinin təzyiqi ilə 1992-ci ilin oktyabrında “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul etdi. Bu sənədə əsasən, Azərbaycan guya Ermənistanı blokadada saxlamaqda təqsirləndirilir, respublikaya dövlət səviyyəsində hər cür, hətta humanitar yardımın göstərilməsinə belə ciddi məhdudiyyətlər qoyulurdu.

  Azərbaycan Ordusunun uğurları ermənilərin havadarlarını daha da fəallaşdırdı. 1992-ci ilin sonları – 1993-cü ilin əvvəllərində Azərbaycan Silahlı qüvvələri ağır döyüşlərə girməli oldu və bir sıra uğursuzluqlarla üzləşdi. 1993-cü ilin əvvəllərində Rusiya Azərbaycana bildirdi ki, o ya rus ordusuna güvənib MDB-yə daxil olmalı, ya da yalnız özünə arxalanmalıdır. Azərbaycan Rusiyanın ultimativ təklifi ilə razılaşmadı.

  1993-cü il fevralın əvvəllərində ermənilər Rusiyanın 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzdluların, əsasən də kazakların iştirakı ilə Ağdərə bölgəsinə hücuma keçdilər. Düşmənin uğurlarında Azərbaycan Ordusundakı bəzi səriştəsizlik, hətta xəyanət hallarının da rolu var idi. Ermənistan Azərbaycana qarşı müharibə aparsa da, silahlı əməliyyatların yalnız Dağlıq Qarabağ erməniləri tərəfindən aparıldığını iddia edirdi. Hücuma məruz qalan Kəlbəcər aprelin 3-də işğal olundu. Minlərlə adam əsir alındı və görünməmiş vəhşiliklərə məruz qaldı.

  Rusiya öz qoşununu Azərbaycandan, digər keçmiş sovet respublikalarında olduğu kimi, mərhələlərlə yox, tezliklə çıxardı. Bu zaman Azərbaycana çatmalı olan silahın xeyli hissəsi ermənilərin əlinə keçdi.

  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə qəbul etməyə məcbur olduğu 822 saylı qətnamə ilə Kəlbəcər rayonunun işğalından narahatlığını ifadə etdi.

  Respublikadakı siyasi böhran, Surət Hüseynovun hərbi qiyamı və ən əsası, ermənilərin cəzasız qalması düşmənə iyun ayının əvvəllərində güclü hücuma keçməyə imkan verdi. İyul ayında Ağdam, avqustda Cəbrayıl, Füzuli, Qubadlı, oktyabrın sonlarında isə Zəngilan rayonları işğala məruz qaldı.

  BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan 853, 874, 884 saylı qətnamələr qəbul etdi.

  Həmin sənədlərdə ermənilərin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan müxtəlif bəhanələrlə bu tələbləri yerinə yetirməkdən boyun qaçırır.

  Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikanın rəhbərliyinə qayıdışı ordu quruculuğunda da ciddi nəticələrə gətirib çıxardı. Nizamsız hərbi hissələr ləğv edildi, güclü nizami ordu yaradılması prosesi başladı. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə müraciət edərək xalqı düşmənə qarşı birləşməyə və mübarizəyə qalxmağa səslədi. Xalq öz rəhbərinin çağırışına səs verdi. Tez bir zamanda könüllülərdən ibarət taborlar yaradıldı və cəbhəyə göndərildi. Əfqanıstanda xidmətdə olmuş keçmiş döyüşçülər Prezidentə müraciət etdikdən sonra onlardan ibarət hərbi hissə yaradıldı.

  1993-cü ilin noyabrında Ali Sovet Müdafiə haqqında qanun qəbul etdi. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi.

  Həmin il noyabrın ortalarında Azərbaycan Ordusu artıq cəbhələrdə ermənilərin hücumlarına ciddi müqavimət göstərə bilirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər.

  Akif Xanəliyev bir döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etdi, Etibar İsmayılov döyüşçü yoldaşlarını xilas edərək özünü düşmən tankının altına atdı və onu partlatdı. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

  Dağlıq Qarabağ münaqişəsinin gedişində təkcə azərbaycanlılar deyil, digər millətlərdən olan bir çox Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Onların arasından ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş İsgəndər Aznaurovun, Yuri Kovalyovun, Albert Aqarunovun və başqalarının adlarını çəkmək olar.

 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu Füzuli rayonundakı mühüm strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsini və 22 kəndi azad etdi. Hücum genişləndirildi, Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir sıra yaşayş məntəqələri düşməndən təmizləndi. Döyüşlərdə düşmən 4 min əsgər və zabit itirdi.

  Nüfuzlu imperiyapərəst qüvvələ ermənilərə köməklərini daha da artırdılar. Lakin Azərbaycan silahlı qüvvələri düşmənin bütün cəbhələrdəki hücumlarına sinə gərə bildi.



  Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində Rusiyanın münaqişəni həll etmək səylərinə də sayğı ilə yanaşdı. Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi.

  Ölkə ərazisinin 20 faizi düşmən tapdağı altına düşdü. Elan edilməmiş müharibədə 20 min azərbaycanlı şəhid, 5 min nəfər əlil olub, 100 min nəfər yaralanıb. Qaçqın və köçkünlərin sayı milyonu keçib.
Yüklə 18,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə