AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/24
tarix04.12.2016
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Anlaqsızlıq 
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə 
olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya 
sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini 
və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət 
məsuliyyətinə cəlb edilmir. 
21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs 
barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi 
tədbirlər tətbiq edilə bilər. 
21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi 
xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki 
xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından 
məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi 
xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
Maddə 22. 
Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət məsuliyyəti 
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində 
öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam 
dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. 
22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən 
nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq 
edilməsi üçün əsas ola bilər. 
Maddə 23. 
Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət 

Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər 
güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət 
məsuliyyətindən azad olunmur. 
5-ci fəsil 
TƏQSİR 
Maddə 24. 
Təqsirin formaları 
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs 
cinayət törətməkdə təqsirli sayılır. 
24.2. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin 
Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. 
Maddə 25. 
Cinayətin_qəsdən_törədilməsi'>Cinayətin qəsdən törədilməsi 
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən 
törədilmiş cinayət sayılır. 
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, 
onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda 
cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, 
onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə 
nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə 
törədilmiş hesab olunur. 
Maddə 26. 
Cinayət_etməyə_cəhd'>Cinayətin ehtiyatsızlıqdan törədilməsi 
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində 
törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 
26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə 
biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını 
alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına 
özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 
26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə 
biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə 
biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına 
etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. 
6-cı fəsil 
BAŞA ÇATMAYAN CİNAYƏT 
Maddə 27. 
Başa çatmış və başa çatmayan cinayət 

27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə 
tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. 
27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. 
27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu 
maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət 
nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. 
Maddə 28. 
Cinayətə hazırlıq 
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud 
cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək 
üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa 
çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. 
28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət 
məsuliyyətinə səbəb olur. 
Maddə 29. 
Cinayət etməyə cəhd 
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), 
şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd 
hesab olunur. 
Maddə 30. 
Cinayət törətməkdən könüllü imtina etmə 
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə 
hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya 
hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. 
30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə 
cəlb olunmur. 
30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət 
məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. 
30.4. Cinayətin_iştirakçılarının_məsuliyyəti'>Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına 
vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa 
çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, 
bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş 
köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan 
qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur. 
30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri 
ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin 
edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər. 
7-ci fəsil 
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ 

Maddə 31.
 İştirakçılıq 
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. 
Maddə 32.
 İştirakçılığın növləri 
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları 
sayılırlar. 
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində 
bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda 
cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs 
icraçı sayılır. 
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, 
eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara 
rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət 
törətməyə sövq edən şəxs təhrikçi sayılır. 
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi 
üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, 
habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud 
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul 
vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, 
yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır

Maddə 33. 
Cinayətin iştirakçılarının məsuliyyəti 
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki 
iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 
33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci 
maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq 
maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 
33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin 
törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu 
Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə 
tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti 
olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, 
həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb 
olunur. 
33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, 
digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət 
məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri 
cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət 
məsuliyyətinə cəlb edilir. 

Maddə 34. 
Cinayətin  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil 
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi 
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət 
bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 
34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət 
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 
34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox 
şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə 
tərəfindən törədilmiş cinayət hesab olunur. 
34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar 
qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun 
sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur. 
34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar 
belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar 
təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər) tərəfindən 
törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab 
olunur. 
34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu 
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa 
və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu 
şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin 
və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin 
Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və 
ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar. 
34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda mütəşəkkil 
dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət məsuliyyətinə səbəb 
olur. 
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara 
və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. 
Maddə 35. 
Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi) 
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər 
iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi 
hesab olunur. 
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə 
bilməzlər. 
8-ci fəsil 
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR 
Maddə 36. 
Zəruri müdafiə 

36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, 
sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq 
yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini 
aşmamışdırsa, cinayət sayılmır. 
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün 
şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa 
şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq 
imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən 
törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. 
Maddə 37. 
Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması 
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya 
yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər 
yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə 
verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır. 
37.2. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş 
əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın 
hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq 
zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. 
Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur. 
Maddə 38. 
Son zərurət 
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, 
sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan 
təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə 
törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq 
mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət 
sayılmır. 
38.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan 
qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin 
qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son 
zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb 
olur. 
Maddə 39.
 Əsas risk 
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan 
obyektlərə zərər vurulması cinayət sayılmır. 
39.2. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq 
mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini 
aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir. 
39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə 
müşayiət olunan risk əsaslı hesab edilmir. 

Maddə 40.
 Əmrin və ya sərəncamın yerinə yetirilməsi 
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya 
sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər 
vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs 
cinayət məsuliyyəti daşıyır. 
40.2. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs 
ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. 
40.3. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb 
olmur. 
UÇÜNCÜ BÖLMƏ 
CƏZA HAQQINDA 
9-cu fəsil 
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ 
Maddə 41. 
Cəzanın anlayışı və məqsədi 
41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət 
törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə 
müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının 
məhdudlaşdırılmasından ibarətdir. 
41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də 
başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq 
edilir. 
Maddə 42. 
Cəzanın növləri 
42.0. Cəzanın növləri aşağıdakılardır: 
42.0.1. cərimə; 
42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; 
42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə; 
42.0.4. ictimai işlər; 
42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; 
42.0.6. islah işləri; 
42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma; 
42.0.8. əmlak müsadirəsi; 
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 

42.0.10. azadlığın məhdudlaşdırılması; 
42.0.11. intizam xarakterli hərbi hissədə saxlama; 
42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə; 
42.0.13. ömürlük azadlıqdan məhrum etmə. 
Maddə 43.
 Əsas və əlavə cəzalar 
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi 
hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə 
və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. 
43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. 
43.3. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, 
nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan 
Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi 
tətbiq edilir. 
Maddə 44. 
Cərimə 
44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin 
edilən pul tənbehidir. 
44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on 
min manatadək miqdarda müəyyən olunur. 
44.3. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin 
müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. 
44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah 
işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. 
Maddə 45. 
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə 
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi 
hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin 
şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə 
bilər. 
Maddə 46. 
Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum etmə 
46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya 
konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza 
növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək 
müddətə təyin edilir. 

46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini 
nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi 
hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya 
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi 
təyin edə bilər. 
46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə 
şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan 
hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum 
etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün 
müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil 
olunur. 
Maddə 47. 
İctimai işlər 
47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı 
ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə 
işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
47.2. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində 
dörd saatdan çox ola bilməz. 
47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun 
qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan 
məhrum etmə cəzası ilə əvəz edilir. Bu zaman azadlığın məhdudlaşdırılması və ya müəyyən 
müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən olunarkən məhkumun ictimai 
işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlığın 
məhdudlaşdırılması və ya on iki saat ictimai işə bir gün müəyyən müddətə azadlıqdan 
məhrum etmə cəzası hesabı ilə hesablanır. 
47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 
47.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara; 
47.4.2 hamilə qadınlara; 
47.4.3 himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara; 
47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə; 
47.4.5 hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara. 
Maddə 48. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə