Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


ŞƏXSİYYƏTİN TƏRBİYƏSİNDƏ QURAN ƏXLAQI



Yüklə 300,9 Kb.
səhifə9/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   5   6   7   8   9   10   11   12   ...   61
ELMİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Xasiyev Elburus Vəlixan o.

BDU-nun II kurs magistrantı.
Elm öz tarixi inkişafında üç mərhələdən keçmişdir: 1) Klassik mərhələ (XVI-XVII əsrlərin qovşağı-XIX əsrin sonu); 2) Qeyri-klassik mərhələ (XX əsrin başlanğıcı-XX əsrin birinci yarısı); 3) Postqeyri-klassik mərhələ (XX əsrin ikinci yarısı-hazırkı dövr). Bu mərhələləri nəzərdən keçirməmişdən əvvəl onu vurğulayaq ki, fikrimizcə, elmin klassik mərhələsinə qədər olan dövrü də gözardı etmək düzgün olmazdı. Ona görə ki, klassik mərhələyə qədər Qədim Şərq,Qədim Yunanıstan və Orta əsr Müsəlman Şərqində elmin yaranması üçün zəmin hazırlanmışdır. Belə ki, mədəniyyətin beşiyi Qədim Şərq olduğu kimi ilk bilik sistemlərinin də beşiyi Qədim Şərq sivilizasiyaları (Şumer, Babil, Misir, Çin, Hindistan) olmuş, riyaziyyat, astronomiya, məntiq kimi elmlərin təməli də məhz bu coğrafiyada atılmışdır.

Lakin müasir elmi dairələrdə belə bir fikir də özünə möhkəm yer tutub ki, ilk elmi sistemlər Qədim Yunanıstanda yaranıb. Bu mənada deyə bilərik ki, ilk elmi biliklər Qədim Şərqdə yaransa da onlar ilk dəfə Qədim Yunanıstanda sistemləşdirilmiş və müasir mənada elmin ilkin elementləri yaranmışdır. “Qədimdə və hətta orta əsrlərdə elmdən danışarkən əslində müasir mənada elm yox, onun hansı isə elementləri, əlamətləri nəzərdə tutulur” [4, s. 211].Məsələn, Aristotel özünə qədər olan bilikləri sistemləşdirmiş və fizika, biologiya, məntiq kimi elmlərin əsasını qoymuşdur.

Bu dövrdə elm hələ fəlsəfədən ayrılmamışdı, obrazlı desək, elm hələ ki fəlsəfənin “ağuşunda” idi. Başqa sözlə desək, bəhs olunan dövrdə fəlsəfə və elm biri- birilə çulğalaşmış şəkildə mövcud idi. Daha sonra isə elmin fəlsəfədən ayrılmasının başlanğıcını qoyan və bu prosesi sürətləndirən, elmin sonrakı inkişafı üçün də öz əhəmiyyətini saxlayan qiymətli elmi- fəlsəfi müddəalar yaranmışdır. “Bir çox araşdırıcının qənaətinə görə, Qədim Yunanıstanda 3 elmi proqram yaranıb. Bunlar riyazi (Pifaqor-Platon), atomist (Demokrit) və kontinualist (Aristotel) proqramlarıdır... Elmin sonrakı inkişafında qnoseoloji, fəlsəfi və dünyagörüşü aspektlərində bu proqramlar elmin inkişaf dinamikasının tənzimləyiciləri rolunu oynayıblar” [2, s.13]. Bəhs edilən proqramlar bütün elmi proqramların əsasında durmuşlar. Başqa sözlə desək, elmin nəhəng binası bu 3 özül üzərində ucalacaqdı.

Orta əsrlərdə elmin vəziyyəti Avropada və Müsəlman Şərqində fərqli olmuşdur. Əgər bu dövrdə avropada ilahiyyat elmi təqib edir və buna görə də elmi inkişafdan saxlayırdısa, Müsəlman şərqində başqa mənzərə var idi. Bu coğrafiyada elm sürətlə inkişaf etmiş və islam ölkələri elmin inkişaf səviyyəsinə görə dünyada ən qabaqcıl mövqe tutmuşlar. Müsəlman alimləri böyük elmi kəşflərə imza ataraq öz avropalı həmkarlarını qabaqlamış, elmin bir sıra sahələrini inkişaf etdirmişlər. Məhəmməd əl-Xarəzmi, Əbu Nəsr Fərabi, İbn Sina, Əbu Reyhan Biruni, Ömər Xəyyam, Həsən ibn Heysəm, Cabir ibn Həyyam, Nəsirəddin Tusi, Uluqbəy,İbn Rüşd və b. riyaziyyat, mexanika, astronomiya, təbabət, optika, fiziologiya, kimya kimi elmlərin inkişafında müstəsna xidmətlər göstərmiş və bir çox sahələrdə müasir elmin təməlini qoymuşlar.

Elmi idrak antik dövrdə kosmosentrik, orta əsrlərdə teosentrik mərhələdən keçərək İntibah dövründə antroposentrik mərhələyə qədəm qoyur. Bu dövrdə belə bir fikir formalaşır ki, insan hər şeyə qadirdir və o, təbiətə ağalıq etməlidir. Təbiətə ağalıq etməyin yolu isə onu dərk etməkdən keçirdi. Buna görə də, bu dövrdən başlayaraq insanlar tədricən dərk etməyə başlayırlar ki, təbiət qüvvələrini (qanunlarını) dərk etmək və ondan istifadə etməklə təbiətə hökmranlıq etmək olar. Məhz bu ideya sonralar (yeni dövrdə) təbətşünaslıq elmlərinin coşğun inkişafına səbəb olacaqdı.

İntibah dövründə yuxarıda qeyd etdiyimiz ideyalar fonunda orta əsrlər sxolastikasına da ilk zərbələr vurulmağa başladı. Və bu zərbələrdən ilkinin müəllifi N.Kopernik oldu. Sxolastik təfəkkürə ilk sarsıdıcı zərbə N.Kopernikin Heliosentrik nəzəriyyəsi tərəfindən endirilir. “ Öz mahiyyəti etibarilə bu ideya elm tarixində dünyanın dini mənzərəsini dağıdan birinci elmi inqlab idi” [1, s. 257].

İntibah dövründə əsası qoyulan yuxarıda qeyd etdiyimiz ideyalarla elm Yeni Dövrə qədəm qoyur. Yeni dövrdə artıq elm daha çox utilitar-praktik xarakter daşımağa başlayır ki, bu da o dövrdən başlayaraq təbiət elmlərinin sürətli inkişafı ilə bağlıdır. Artıq , yeni dövrdən etibarən “Klassik elm” formalaşmağa başlayır (elmin klassik mərhələsi) . Və bu zaman antik dövrdən fərqli olaraq elmdə əsas məqsəd kimi dünyanı, təbiəti insanın istəklərinə, təlabatlarına uyğun şəkildə dəyişdirmək və onları insanların ixtiyarına vermək ön plana keçir. Bu dövrdə Qaliley, Nyuton eksperimental elmin əsalarını yaradırlar. “Müasir eksperimental-nəzəri təbiətşünaslığın banilərindən biri olan Qaliley klassik dinamikanın əsasını qoymuş, hərəkətin nisbilik prinsipini, ətalət ideyasını, cismlərin sərbəst düşməsi qanununu formulə etmişdir” [1,s. 257].

Bu dövrün digər böyük alimi İ. Nyuton idi. Onun fizika və riyaziyyatda bir çox mühüm kəşfləri və xidmətləri olmuşdur (klassik mexanikanın anlayış və qnunlarını formulə edib, Kepler qanunlarını nəzəri cəhətdən əsaslandırıb, diferensial və inteqral hesabını yaradb və s). Nyuton həm də aləmin mexaniki mənzərəsini yaratmışdır. Bu mənzərə o dövrün paradiqması idi. Elmdə XIX əsrin sonlarına qədər bu paradiqma hakim olmuşdur. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərinə fizika, bilologiya və geologiya istiqamətində dünyanin mexaniki mənzərəsi dağılır və beləliklə də, elm növbəti mərhələyə qədəm qoyur.

Elmin qeyri-klassik mərhələsi 1900-1970-ci illəri əhatə edir. Bu mərhələdə təbiətşünaslığın bütün sahələrində mühüm inqlabi kəşflər edilmiş, maddənin strukturu haqqında təsəvvür kökündən dəyişmiş, atomun mürəkkəbliyi müəyyən edilərək onun bir neçə nəzəri modeli irəli sürülmüş, atom nəzəriyyəsi, nisbilik nəzəriyyəsi, kvant mexanikası, informatika və kibernetika elmləri yaradılmışdır.

Postqeyri-klassik mərhələ 1970-ci ildən hal-hazırkı dövrə qədər olan zamanı əhatə edir. Bu mərhələnin səciyyəvi xüsusiyyətlərinə qısa nəzər salaq.



  1. Sinergetik paradiqma. “Müasir təbiətşünaslığı səciyyələndirən birinci əlamət onun müxtəlif sahələrində sinergetikanın ideya və metodlarının geniş yayılmasından ibarətdir. Sinergetika – ixtiyarı təbiətli açıq mürəkkəb sistemlərin özünütəşkil və inkişaf nəzərriyəsidir [1, s. 276].

  2. Elmin bütün sahələrinin dialektikləşdirilməsi.

  3. Elmin bütün sahələrində fəlsəfi prinsiplərdən, qanun və kateqoriyalardan geniş istifadə olunması.

  4. İdrak obyekti ilə idrak subyektinin biri-birinə yaxınlaşması.

  5. Tamlıq paradiqması. Bu paradiqmanın mahiyyəti budur ki, “Tamlıq paradiqması bir sıra hadisələrdə, o cümlədən təbiətin, cəmiyyətin, biosferin, noosferin, dünyagörüşünün və digər hadisələrin tamlığında, bütövlüyündə təzahür edir” [1,s. 278].

  6. Elmin riyaziləşməsi.

  7. İnkişaf ideyasının elmin bütün sahələrinə dərindən nüfuz etməsi.

  8. Müasir elmin yeni təşəkkül tapmış cəhətlərindən biri də onun məzmununa insan fəaliyyətinin daha böyük ölçüdə daxil edilməsidir.

  9. Qlobal təkamülçülük prinsipləri əsasında aləmin yeni ümum-elmi mənzərəsinin yaradılmasına cəhd.

  10. Metodoloji plyuralizm və s.

Beləliklə, elm mürəkkəb bir sistem olmaqla müəyyən tarixi inkişaf mərhələlərindən keçmiş və özünün müasir statusunu qazanmışdır.

Ədəbiyyat




  1. Məmmədov Ə.B., İsmayılov V.İ, Məmmədov F.Ə. “Rasionallıq və qeyri-rasionallıq: fəlsəfi metodoloji kontekst”. Bakı, Elm, 2010, 880 s.

  2. Qurbanov F. “Elmə sinergetik yanaşma”. Bakı, Elm, 2005, 364 s.

  3. Xəlilov S. “Elmşünaslığa giriş”. Bakı, 2010, 440 s

  4. Xəlilov S. “Elm haqqında elm”. Bakı, Azərbaycan universiteti, 2011, 752 s.

  5. Никифоров А. Л. Философия науки: история и методология.— М.: Дом интеллектуальной книги, 1998.— 276 с.




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə