Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 149. Hadisəni görən şəxsin köməyi ilə cinayət törətmiş şəxsi tutub saxlamanın xüsusiyyətləri



Yüklə 1,91 Mb.
səhifə12/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Maddə 149. Hadisəni görən şəxsin köməyi ilə cinayət törətmiş şəxsi tutub saxlamanın xüsusiyyətləri

149.1. Cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə, hadisəni görən şəxs onun yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər, o cümlədən:

149.1.1. müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər;

149.1.2. cinayət törətmiş şəxsin üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə onun üstünü yoxlayaraq bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürə bilər.

149.2. Cinayət təqibi orqanının əməkdaşı olmadıqda, cinayəti törətmiş şəxsi yaxalayan dərhal polis çağırmalı, bunu etmək mümkün olmadıqda isə tutulmuş şəxsi təxirə salınmadan məcburi qaydada polisə çatdırmalıdır.

Maddə 150. İttiham elan etmək üçün şəxsin tutulması

150.1. Cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması haqqında qərar çıxarıldıqda, müstəntiq və ya prokuror eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir.

150.2. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması barədə qərarı həmin şəxsi aşkar etmiş təhqiqat orqanının hər hansı əməkdaşı, müstəntiq və ya prokuror icra etməli və bundan dərhal sonra qərarı çıxarmış müstəntiq və ya prokurora xəbər verməlidir.

150.3. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Tutulmuş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunarkən o, tutulduğu andan 48 saat keçənədək məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.



Maddə 151. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması

151.1. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda, müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər.

151.2. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini pozduğuna görə prokuror həmin şəxsin tutulması barədə qərar çıxarmaqla yanaşı onun həbsə alınmasına dair məhkəməyə təqdimat göndərir.

151.3. Qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsin tutulması barədə qərar çıxarıldıqda, müstəntiq və ya prokuror, həmçinin eyni vaxtda həmin şəxsin axtarışını elan edir.

151.4. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə qərarı həmin şəxsi aşkar etmiş təhqiqat orqanının əməkdaşı, müstəntiq və ya prokuror icra etməli və bundan dərhal sonra qərarı çıxarmış müstəntiqə və ya prokurora xəbər verməlidir.

151.5. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Şəxsin barəsində seçilmiş qətimkan tədbirinin həbslə dəyişdirilməsi məsələsinin həll edilməsi üçün həmin şəxs tutulduğu andan 48 saat keçənədək məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.



Maddə 152. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə tutulma

152.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisənin və ya orqannın vəsatəti əsasında prokuror tərəfindən müvafiq təqdimat verilir:

152.1.1. məhkum olunmuş şəxs qaçıb gizləndikdə və ya müvafiq müəssisəyə, yaxud orqana gəlməkdən boyun qaçırmaq cəhdləri olduqda;

152.1.2. məhkum olunmuş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda.

152.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə tutulma barədə qərar çıxararkən, məhkəmə tutulma vaxtını şəxsin tutulduğu andan 7 (yeddi) gün müddətində müəyyən edir.

152.3. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə şəxsin tutulması barədə məhkəmənin qərarı icra olunması üçün məhkumun yaşadığı ərazi üzrə polis orqanına göndərilir. Tutulma haqqında qərarı icra etmiş orqan icra barədə dərhal məhkəməyə məlumat verir.

152.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə şəxsin tutulması məhkəmə tərəfindən müəyyən olunmuş müddətdən artıq davam edə bilməz. Bu müddətdə tutulmuş şəxs məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra edilməsi və ya məhkumun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Maddə 153. Tutulmuş şəxsin hüquqlarının təmin edilməsi

153.1. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir.

153.2. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər:

153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək;

153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək;

153.2.3. hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir);

153.2.4. tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir);

153.2.5. şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq;

153.2.6. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

153.2.7. tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq;

153.2.8. tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur);

153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək;

153.2.10. tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə isə xüsusi diqqət yetirmək;

153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün bu Məcəllənin 148, 150—152-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi məqsədilə tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək;

153.2.12. bu Məcəllənin 161.0.1—161.0.8, 161.0.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.

153.3. Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir:

153.3.1. şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə;

153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda;

153.3.3. çıxarılıb

153.3.4. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün tutulma anından 7 (yeddi) gün, digər hallarda isə tutulma anından 48 saat müddətində tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə.

153.4. Bu Məcəllənin 153.3.1 və 153.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda tutulmuş şəxs müvafiq olaraq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən, bu Məcəllənin 153.3.4-cü maddəsində nəzərdə tutulmuş halda isə həmçinin müvəqqəti həbsdə saxlama yeri üzrə müdiriyyətin rəhbəri tərəfindən azad edilə bilər.

153.5. Cinayətin törədilməsində şübhəli şəxs kimi tutulmuş və şübhə təsdiq olunmadığına görə azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz.



XVII fəsil. Qətimkan tədbirləri

Maddə 154. Qətimkan tədbirinin anlayışı və növləri

154.1. Qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir

154.2. Qətimkan tədbirləri aşağıdakılardır:

154.2.1. həbs;

154.2.2. ev dustaqlığı;

154.2.3. girov;

154.2.4. başqa yerə getməmək barədə iltizam;

154.2.5. şəxsi zaminlik;

154.2.6. təşkilatın zaminliyi;

154.2.7. polisin nəzarəti altına vermə;

154.2.8. nəzarət altına vermə;

154.2.9. komandanlığın müşahidəsi altına vermə;

154.2.10. vəzifədən kənarlaşdırma.

154.3. Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər. Nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə bilər.

154.4. Bu Məcəllənin 154.2.1—154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri əsas qətimkan tədbirləridir və biri digərilə birlikdə seçilə bilməz. Vəzifədən kənarlaşdırma həm əsas qətimkan tədbiri qismində, həm də digər qətimkan tədbirlərindən birinə əlavə kimi seçilə bilər. Ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir və təqsirləndirilən şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər.

Maddə 155. Qətimkan tədbirlərinin tətbiqi əsasları

155.1. Qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin:

155.1.1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək;

155.1.2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;

155.1.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;

155.1.4. cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq;

155.1.5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək.

155.2. Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə aşağıdakıları nəzərə almalıdır:

155.2.1. şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini;

155.2.2. şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını;

155.2.3. əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları.

155.3. Həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər:

155.3.1. 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

155.3.2. bu Məcəllənin 155.1.1 - 155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə.

155.4. Polisin nəzarəti altına vermə yalnız azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilə bilən cinayətin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilə bilər.

155.5. Qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi ilə əlaqədar məlumat vermək barədə yazılı iltizam alınır.

155.6. Qətimkan tədbirinin seçilməsinin hər bir halında, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində müvafiq olaraq şübhənin və ya ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur.

Maddə 156. Qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydası

156.1. Qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirilən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir.

156.2. Həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı və ya girov həbsin əvəzinə müdafiə tərəfinin vəsatəti üzrə məhkəmə tərəfindən seçilə bilər.

156.3. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirinin seçilməsi barədə qərarı şübhəli və ya təqsirləndirilən şəxsə (axtarışda olan şəxs istisna edilməklə) dərhal elan edir və qərarın surətini ona təqdim edir.

156.4. Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.

Maddə 157. Həbs

157.1. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.

157.2. Həbs qətimkan tədbiri qismində bu Məcəllənin 155.1—155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər.

157.3. Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil).

157.4. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə ittiham olunan şəxslərin ayrılıqda saxlanılması, təqsirləndirilən şəxsin digər həbs olunmuş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə həbs olunmuş şəxslərin saxlanılması qaydalarına zidd olmayan digər məsələlər barədə istintaq təcridxanasının müdiriyyətinə göstərişlər verə bilər.

157.5. Həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Məhkəmə həbs barədə qərar çıxarmaqla eyni vaxtda təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsinin mümkünlüyü məsələsini həll edə bilər və belə azad etməni mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir. Məhkəmə girovun yolverilməzliyi və girovun məbləği barədə qərarına müdafiə tərəfinin vəsatəti ilə yenidən baxa bilər.

157.6. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir.

157.7. Həbsin qətimkan tədbiri qismində seçilməsi barədə qərar çıxarmış məhkəmə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən bu qərarı vaxtından əvvəl dəyişməyə və ya ləğv etməyə haqlıdır.

157.8. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilər:

157.8.1. təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda;

157.8.2. təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda.

Maddə 158. Həbsdə saxlama müddəti

158.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət törətməsinə görə isə 3 (üç) ay həddində müəyyən edir.

158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:

158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət;

158.2.2. ev dustaqlığında saxlanıldığı müddət;

158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət.

158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət.

158.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır.

158.4. Qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti nəzərə alınmır.

158.5. çıxarılıb

158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

Maddə 159. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması

159.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti təkrarən az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.3. Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri hesab edən müstəntiq həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 7 (yeddi) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 (beş) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

159.4. Həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edərkən həbsin ev dustaqlığı ilə əvəz edilməsi, habelə girov qoyulmaqla təqsirləndirilən şəxsin azad edilməsinin mümkünlüyü və girovun məbləğinin müəyyən edilməsi hüququ məhkəmədə saxlanılır.

159.5. Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə qərar qəbul edərkən, məhkəmə həbsdə saxlanılmanın sonrakı müddətini bu Məcəllənin 159.1 və 159.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə müəyyən edir.

159.6. Həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir.

159.7. Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin hər bir halda həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz:

159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay;

159.7.2. az ağır cinayətlər üzrə — 6 (altı) ay;

159.7.3. ağır cinayətlər üzrə — 9 (doqquz) ay;

159.7.4. xüsusilə ağır cinayətlər üzrə — 12 (on iki) ay

159.8. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti az ağır və ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə 6 (altı) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.9. Bu Məcəllənin 158.2.4-cü maddəsində nəzərdə tutulan hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti keçdikdə və ibtidai araşdırmanın davam etdirilməsi zərurəti olduqda həbsdə saxlanılma müddəti 6 (altı) aydan çox olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.



Kataloq: documents
documents -> Исследование диагностических моделей по Пону и Коркхаузу
documents -> 3 пародонтологическая хирургия
documents -> Hemoglobinin yenidoğanda yapim azliğina bağli anemiler
documents -> Q ə r a r Azərbaycan Respublikası adından
documents -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza
documents -> Videotherapy Video: Cool Runnings Sixth Grade
documents -> Guidelines on methods for calculating contributions to dgs
documents -> Document Outline form monthly ret cont
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
documents -> İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə