Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 172. Vəzifədən kənarlaşdırma



Yüklə 1,91 Mb.
səhifə14/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

Maddə 172. Vəzifədən kənarlaşdırma

172.1. Vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulmasından ibarətdir.

172.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olduqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror göstərilən şəxsə 3 (üç) gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməyi əsaslandırılmış qərarı ilə qadağan edə bilər. Eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat göndərir.

172.3. Vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının surəti dərhal icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin iş yerinin müdiriyyətinə göndərilir və o, qərarın surətini aldığı andan şübhəli və ya təqsirləndirilən şəxsin qadağan edilmiş işlə məşğul olmasına, yaxud fəaliyyətini həyata keçirməsinə imkan verməyə haqlı deyil.



Maddə 173. Qətimkan tədbirlərindən şikayət verilməsi

173.1. Şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, cinayət prosesinin digər maraqlı iştirakçıları cinayət prosesini həyata keçirən orqanın qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət edə bilərlər.

173.2. Məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz.

Maddə 174. Qətimkan tədbirinin təsdiq edilməsi

174.1. Cinayət işini icraata qəbul etmiş təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror əvvəlcə digər şəxslər (hakimlər istisna olmaqla) tərəfindən tətbiq edilmiş qətimkan tədbirinin qanuniliyini və dəyişdirilmədən saxlanılmasının zəruriliyini yoxlamalı və müvafiq qərar çıxarmalıdır (təhqiqatçı və müstəntiqin prokurorun qərarını yoxlamaq səlahiyyəti yoxdur).

174.2. Məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir.

Maddə 175. Qətimkan tədbirinin dəyişdirilməsi, ləğvi və ya ona xitam verilməsi

175.1. Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər.

175.2. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir.

175.3. Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8, 163.6 və 164.11-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər.

175.4. Həbs qismində qətimkan tədbirini ləğv edən və ya dəyişdirən, habelə tətbiqinə xitam verən cinayət prosesini həyata keçirən orqan həbsdə saxlanılma yeri müdiriyyətinin rəhbərinə bu barədə həmin gün məlumat verir və müvafiq qərarın surətini ona göndərir.

175.5. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.



XVIII fəsil. Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi

Maddə 176. Prosessual hərəkətlərin aparılması üçün tətbiq olunan məcburiyyət tədbirləri

Bu Məcəllənin 147 və 154-cü maddələrində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərindən başqa, cinayət prosesini həyata keçirən orqan sübutların əldə edilməsinə mane olan halları müəyyən etdikdə prosessual hərəkətlərin aparılması üçün digər məcburiyyət tədbirləri tətbiq edə bilər. Bu Məcəllənin 444.1.4 və 444.2-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirləri məhkəmənin qərarı əsasında tətbiq olunur.



Maddə 177. İstintaq hərəkətlərinin məcburi aparılması hüququ

177.1. Cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər.

177.2. İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir.

177.3. Aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur:

177.3.1. yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması;

177.3.2. tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi;

177.3.3. əmlak üzərinə həbs qoyulması;

177.3.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması;

177.3.5. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;

177.3.6. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;

177.3.7. meyitin qəbirdən çıxarılması (eksqumasiya).

177.3.8. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması.

177.4. Baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər:

177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda;

177.4.2. şəxsi müayinə aparılması — bu Məcəllənin 238-2-ci maddəsində nəzərdə tutulmuş hallarda;

177.4.3. əmlak üzərinə həbs qoyulması — bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda;

177.4.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi — şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda.



177.4.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması — pul vəsaitləri və ya digər əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda.

177.5. Bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir.

177.6. Yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir.

Maddə 178. Məcburi gətirilmə

178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.

1178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:

178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;

178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;

178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;

178.2.4. daimi yaşayış yeri olmadıqda.

178.3. 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir.

178.4. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

178.5. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur.



Beşinci bölmə. Cinayət mühakimə icraatında əmlak məsələləri

XIX fəsil. Cinayət mühakimə icraatında mülki iddia

Maddə 179. Mülki iddia üzrə tətbiq edilən qanunvericilik

179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

179.4. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.

Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti

180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.

180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.



Maddə 181. Mülki iddia vermək hüququ olan şəxslər

181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:

181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;

181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:

181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini;

181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini;

181.2.3. itirilmiş gəlirin ödənilməsini;

181.2.4. mənəvi ziyanın ödənilməsini.

181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir:

181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə;

181.3.2. zərər çəkmiş şəxsin dəfninə;

181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə:

181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.

181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər.

181.5. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.

181.6. Cinayət mühakimə icraatı zamanı dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokuror onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər.

181.7. Cinayət mühakimə icraatı zamanı prokuror təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı aşağıdakı hallarda iddia verir və onu müdafiə edir:

181.7.1. dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda;

181.7.2. mülki iddia vermək hüququna malik olan fiziki şəxsin fəaliyyət qabiliyyəti olmadıqda və ya o, məhdud fəaliyyət qabiliyyətli olduqda.



Maddə 182. çıxarılıb

Maddə 183. Mülki iddianın verilməsi

183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.

183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.

183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.

183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.

Maddə 184. İddia ərizəsini qəbul etməkdən imtina

Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.



Maddə 185. Mülki iddia üzrə ödəmənin təmin edilməsi

Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.



Maddə 186. Mülki iddiadan imtina edilməsi

186.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər.

186.2. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir.

Maddə 187. Mülki iddianın məhkəmə aidiyyəti

187.1. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.

187.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.

Maddə 188. Məhkəmənin təşəbbüsü ilə maddi ziyanın ödətdirilməsi

Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır.



XX fəsil. Zərər çəkmiş şəxsə kompensasiya verilməsi

Maddə 189. Zərər çəkmiş şəxsin kompensasiya almaq hüququ

189.0. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi aşağıdakılarla müəyyən olunur:

189.0.1. məhkəmənin hökmü ilə;

189.0.2. cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə.



Maddə 190. Zərər çəkmiş şəxsə verilən kompensasiyanın miqdarı

190.0. Zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir:

190.0.1. ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat;

190.0.2. ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat;

190.0.3. ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat;

190.0.4. ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat.



Maddə 191. Zərər çəkmiş şəxsə dövlət hesabına kompensasiya verilməsi məsələsinin həlli qaydası

191.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir.

191.2. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir.

XXI fəsil. Əməyin və çəkilmiş xərclərin ödənilməsi

Maddə 192. Andlı iclasçının əməyinin ödənilməsi, təminatları və kompensasiyası

192.1. Andlı iclasçıya məhkəmədə olduğu hər gün üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda, qaydada və miqdarda haqq verilir.

192.2. Andlı iclasçıya:

192.2.1. ezamiyyət xərcləri — qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş qaydada və miqdarda;

192.2.2. məhkəmənin yerləşdiyi yerə getmək və geri qayıtmaq üçün nəqliyyat xərcləri — həmin yerdə qüvvədə olan tarif üzrə ödənilir.

192.3. Andlı iclasçının məhkəmədə vəzifələrini yerinə yetirdiyi müddət əmək stajının bütün növlərinin hesablanmasında nəzərə alınır.

192.4. Andlı iclasçının əsas iş yerində həmin idarə, müəssisə, təşkilatların işçiləri üçün nəzərdə tutulmuş bütün təminatlar və güzəştlər saxlanılır.

192.5. Andlı iclasçının məhkəmədə vəzifələrini yerinə yetirdiyi müddətdə idarə, müəssisə və təşkilatın müdiriyyətinin təşəbbüsü ilə onun işdən çıxarılması, azmaaşlı işə keçirilməsi yolverilməzdir.



Maddə 193. Müdafiəçinin hüquqi yardımının ödənilməsi

193.1. Müdafiəçi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə göstərilən hüquqi yardım müdafiəçi ilə müdafiə olunan şəxs arasında razılaşdırılmış şərtlər əsasında müdafiə olunanın hesabına ödənilir.

193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

193.3. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

193.4. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

193.5. Bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.



Maddə 194. Xüsusi ittihamçının nümayəndəsinin hüquqi yardımının dövlət hesabına ödənilməsi

194.1. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibindən imtina etdikdə xüsusi ittihamçıya cinayət təqibini davam etdirmək üçün nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi qaydası məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin cinayət təqibi üzrə ittiham hökmü çıxarıldıqda, xüsusi ittihamçının nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımı ödəmək üçün xüsusi ittihamçının kifayət qədər vəsaiti olmadıqda, məhkəmə ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

194.2. Vəkilin xüsusi ittihamçıya göstərilmiş hüquqi yardımı bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir.

Maddə 195. Tərcüməçi, mütəxəssis, ekspert tərəfindən görülmüş işlərin haqqının ödənilməsi

195.1. Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı aşağıdakı qaydada ödənilir:

195.1.1. xidməti tapşırıq qaydasında yerinə yetirildikdə — iş yeri üzrə əmək haqqı həddində;

195.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi;

195.1.3. müdafiə tərəfi ilə razılığa əsasən görüldükdə — həmin tərəflə şərtləşdirilmiş miqdarda.

195.2. Bu Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir.



Kataloq: documents
documents -> Исследование диагностических моделей по Пону и Коркхаузу
documents -> 3 пародонтологическая хирургия
documents -> Hemoglobinin yenidoğanda yapim azliğina bağli anemiler
documents -> Q ə r a r Azərbaycan Respublikası adından
documents -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza
documents -> Videotherapy Video: Cool Runnings Sixth Grade
documents -> Guidelines on methods for calculating contributions to dgs
documents -> Document Outline form monthly ret cont
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
documents -> İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə