Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi



Yüklə 1,91 Mb.
səhifə8/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Maddə 95. Şahid

95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.

95.2.Aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər:

95.2.1. azyaşlı olduqlarına, fiziki və psixi qüsurlarına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;

95.2.2. müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;

95.2.3. cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər;

95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi.

95.3. Cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi qismində iştirakı ilə əlaqədar həmin cinayət işinə dair məlumatları bilən şəxslər müdafiə etdikləri və ya hüquqlarını təmsil edən şəxsin razılığı ilə onun xeyrinə ifadə verə bilərlər. Bu fakt həmin şəxslərin bundan sonra cinayət prosesində iştirakını istisna edir.

95.4. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

95.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək;

95.4.2. ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin protokolunda imzası ilə təsdiq etmək;

95.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə onda olan əşyaları, sənədləri və nümunələri müqayisəli tədqiqat üçün təqdim etmək;

95.4.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;

95.4.5. halların dərk və ifadə edilməsi qabiliyyətindən şübhələnməyə tutarlı əsaslar olduqda, bu qabiliyyətin yoxlanılması üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;

95.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

95.4.7. məhkəmənin sərəncamında olmuş, məhkəmənin icazəsi olmadan və ya cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa əraziyə getməmək;

95.4.8. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını və məhkəmənin binasını tərk etməmək;

95.4.9. məhkəmə iclasında qaydaya riayət etmək;

95.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

95.5. Şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

95.6. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

95.6.1. hansı cinayət işi üzrə çağırıldığını bilmək;

95.6.2. onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;

95.6.3. xahişlər etmək;

95.6.4. özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək;

95.6.5. ifadə verərkən cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə yadda saxlanılması çətinlik törədən mürəkkəb riyazi hesablamalara dair sənədlərdən, çoxsaylı coğrafi adlardan və digər məlumatlardan istifadə etmək; hadisələri dərk edərkən və ya dərk etdikdən dərhal sonra yazılı qeydlərindən ifadə verərkən istifadə etmək;

95.6.6. verdiyi ifadələri çəkdiyi planlarla, sxemlərlə və şəkillərlə müşayiət etmək;

95.6.7. cinayət prosesi üzrə məhkəməyədək icraat zamanı ifadəsini şəxsən yazmaq;

95.6.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun ona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin tam və düzgün olması üçün protokola zəruri əlavə və qeydlərin daxil edilməsini tələb etmək;

95.6.9. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

95.6.10. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi, yaxud digər əsaslarla götürülmüş əşyaların, rəsmi sənədlərin əslini geri almaq;

95.6.11. istintaq və ya digər prosessual hərəkətlərin icrası zamanı həmin hərəkətlər başlananadək nümayəndəyə malik olmaq;

95.6.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Maddə 96. Mütəxəssis

96.1. Mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

96.2. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır.

96.3. Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.

96.4. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

96.4.1. zəruri kömək göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

96-4.2. cinayət prosesini həyata keçirən orqana öz xüsusi ixtisasını təsdiq edən sənədləri təqdim etmək; zəruri kömək göstərilməsi qabiliyyəti olduğunu düzgün qiymətləndirmək;

96.4.3. cinayət prosesini həyata keçirən orqana peşə təcrübəsi və cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;

96.4.4. köməyinə zərurət olduğu bütün müddət ərzində istintaq və ya digər prosessual hərəkətlərin keçirildiyi yerdə, məhkəmənin iclas zalında olmaq və qeyd edilən hərəkətlərin keçirildiyi yeri həmin hərəkətləri keçirən şəxsin icazəsi olmadan, məhkəmə iclası zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;

96.4.5. istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxsə kömək məqsədi ilə sənədlərin və əşyaların aşkar edilməsi, möhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən şəxsə, orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə peşəsinə aid sualları və hərəkətləri izah etmək;

96.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

96.4.7. məhkəmə iclasında qaydaya riayət etmək;

96.4.8. onun iştirakı ilə keçirilmiş hərəkətlərin gedişinin, məzmununun və nəticələrinin protokolda tam və düzgün yazılmasını öz imzası ilə təsdiq etmək;

96.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və aşkar edilmiş hallara dair məlumatları, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

96.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

96.5. Mütəxəssisin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

96.6. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

96.6.1. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə öz vəzifələrini daha yaxşı icra etmək məqsədilə işin materialları ilə tanış olmaq, cinayət prosesinin iştirakçılarına suallar vermək;

96.6.2. cinayət prosesinin iştirakçılarının diqqətini sənədlərin və əşyaların aşkar edilib möhkəmləndirilməsinə və götürülməsinə, texniki vasitələrin və kompüter proqramlarının istifadəsinə, iş materiallarının tədqiqinə, ekspert qarşısında sualların qoyulmasına, həmçinin öz peşəsinə aid olan sualların məzmununa yönəltmək;

96.6.3. əşyaların və sənədlərin aşkar edilməsi, möhkəmləndirilməsi və götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə olunması, iş materiallarının tədqiqi, habelə ekspert qarşısında suallar qoyulması ilə əlaqədar protokola daxil edilməli qeydlər vermək;

96.6.4. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin gedişini, məzmununu və nəticələrini əks etdirən yazıların tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək;

96.6.5. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

96.6.6. yerinə yetirdiyi işə görə haqq almaq;

96.6.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.



Maddə 97. Ekspert

97.1. Ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər.

97.2.Ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün kifayət qədər elm, texnika, incəsənət və digər peşə sahələrinə aid xüsusi biliklərə malik olmalıdır.

97.3. Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz.

97.4. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

97.4.1. qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək; düzgünlüyü özü tərəfindən yoxlanılmamış iş materiallarının tədqiqi əsasında gəldiyi şəxsi nəticələrini, habelə kompüter proqramından və məlumat materiallarından istifadə etməklə əldə etdiyi nəticələri rəydə bir-birindən dəqiq ayırmaq;

97.4.2. qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, rəy verməkdən imtina etmək; yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsinin mümkün olmadığı nəticəsinə gələrsə, ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın keçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat vermək;

97.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ekspertizanın keçirilməsinə dair xərclərin smetası və çəkdiyi xərclər barədə hesabat təqdim etmək;

97.4.4. cinayət prosesi iştirakçılarına yazılı rəy təqdim etmək, onun məzmununu izah etmək, habelə onların suallarına cavab vermək və yazılı rəyin izahatı üzrə şifahi rəy vermək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək;

97.4.5. cinayət prosesini həyata keçirən orqana və onu dəvət etmiş şəxsə xüsusi ixtisasını təsdiq edən sənəd təqdim etmək; göstərilən orqanın və ya şəxsin, habelə məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə qoyulmuş məsələlər üzrə qabiliyyəti olduğunu düzgün qiymətləndirmək;

97.4.6. cinayət prosesini həyata keçirən orqanın və məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbinə əsasən peşə təcrübəsi və müvafiq cinayət işinin icraatında iştirak etmiş şəxslərlə münasibəti barədə məlumat vermək;

97.4.7. istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak edərkən, həmin hərəkətləri aparan şəxsin, məhkəmə iclasında isə sədrlik edənin icazəsi olmadan bu yerləri tərk etməmək;

97.4.8. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

97.4.9. məhkəmə iclasında qaydaya riayət etmək;

97.4.10. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq və ya digər prosessual hərəkətlər və bu zaman müəyyən edilmiş hallara dair məlumatı, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

97.4.11. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

97.5. Ekspertin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

97.6. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

97.6.1. rəy verilməsi üçün müqayisəli tədqiqat aparmaq məqsədilə zəruri obyekt və nümunələri əldə etmək; əlavə obyekt və digər materialların təqdim olunmasını tələb etmək;

97.6.2. rəy verilməsi üçün cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə zəruri materiallarla tanış olmaq, işin materiallarından zəruri məlumatları çıxarış etmək, öz vəzifələrini daha yaxşı icra etmək məqsədilə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxslərə və şahidlərə suallar vermək;

97.6.3. ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;

97.6.4. qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy vermək;

97.6.5. məhkəmənin və ya cinayət prosesi iştirakçılarının diqqətini ekspertizanın predmeti və müvafiq ekspertə verilən sualların tərtibi ilə əlaqədar hallara cəlb etmək;

97.6.6. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclasının protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin və öz şifahi rəyinin tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək;

97.6.7. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

97.6.8. yerinə yetirdiyi işə görə haqq almaq;

97.6.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 98. Məhkəmə iclasının katibi

98.1. Cinayət prosesində şəxsi marağı olmayan, məhkəmə iclası protokolunun aparılması üçün təyin edilmiş məhkəmə işçisi məhkəmə iclasının katibidir.

98.2. Məhkəmə iclasının katibi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir;

98.2.1. məhkəmə iclası protokolunun aparılmasının təmin edilməsi üçün zəruri olan bütün müddətdə məhkəmənin iclas zalında olmaq və məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan zalı tərk etməmək;

98.2.2. məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişini, məhkəmə qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan digər halları tam və düzgün qeyd etmək;

98.2.3. bu Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə iclasının protokolunu hazırlamaq və imzalamaq;

98.2.4. məhkəmənin və ya cinayət prosesi tərəflərinin tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;

98.2.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

98.2.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

98.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

98.3. Məhkəmə iclasının katibi məhkəmə iclası protokolunun tamlığına və düzgünlüyünə şəxsən məsuliyyət daşıyır və protokoldakı yazıların məzmununa dair heç kimin göstərişlərindən asılı deyildir.

98.4. Məhkəmə iclası katibinin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Maddə 99. Tərcüməçi

99.1. Tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

99.2. Tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, andlı iclasçılar, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər.

99.3. Lalların və karların ünsiyyət işarələrini başa düşən və işarələr vasitəsi ilə onlarla ünsiyyət yarada bilən şəxs də tərcüməçi hesab olunur.

99.4. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

99.4.1. tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

99.4.2. cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək;

99.4.3. cinayət prosesini həyata keçirən orqanın, habelə məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə öz peşə təcrübəsi haqqında və müvafiq cinayət prosesində iştirak edən şəxslərlə münasibəti haqqında məlumat vermək;

99.4.4. tərcüməni təmin etmək üçün zəruri olan bütün müddətdə istintaq və ya digər prosessual hərəkətlər aparılan yerdə və məhkəmə iclası zalında olmaq, bu hərəkətlərin aparıldığı yeri onları həyata keçirən şəxsin, məhkəmənin iclas zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;

99.4.5. tərcüməni tam, düzgün və vaxtında həyata keçirmək;

99.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

99.4.7. məhkəmə iclasında qaydaya riayət etmək;

99.4.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolunda tərcümənin tam və düzgün qeyd olunmasını və cinayət prosesində iştirak edən şəxslərə təqdim olunan sənədlərdə tərcümənin düzgünlüyünü imzası ilə təsdiq etmək;

99.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və bu zaman aşkar edilmiş hallara dair məlumatları, habelə şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

99.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

99.5. Tərcüməçinin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

99.6. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

99.6.1. tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar vermək;

99.6.2. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə, həmçinin məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, tərcümənin tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlər vermək;

99.6.3. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

99.6.4. yerinə yetirdiyi işə görə haqq almaq;

99.6.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.



XI fəsil. Nümayəndələr və hüquq varisləri

Maddə 100. Cinayət-prosessual fəaliyyət qabiliyyəti

100.1. Fəaliyyət qabiliyyəti olmayanlardan başqa cinayət prosesinin bütün yetkinlik yaşına çatmış iştirakçıları bu Məcəllədə nəzərdə tutulmuş hüquqlarını müstəqil həyata keçirə bilərlər.

100.2. Cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar:

100.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs;

100.2.2. 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh;

100.3. Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir.

100.4. 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır.

100.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir.

100.6. Yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır.

100.7. Cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir.

100.8. Nümayəndəsi olmayan zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi üzrə icraat dayandırılır.

100.9. Fəaliyyət qabiliyyəti olmayan mülki iddiaçının qanuni nümayəndəsi yoxdursa, cinayət prosesində onun iştirakına xitam verilir.

100.10. Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır.

100.11. Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz:

100.11.1. barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək;

100.11.2. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

100.11.3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək;

100.11.4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək;

100.11.5. öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək.

Maddə 101. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri

101.1. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.

101.2. Cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır.

101.3. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi qismində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə müvafiq şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.

101.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin qanuni nümayəndəsi qismində tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs yetkinlik yaşına çatdıqda və ya fəaliyyət qabiliyyətini əldə etdikdə cinayət prosesində onun qanuni nümayəndəsinin iştirakına da xitam verilir.

101.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

101.5.1. ittihamın (şübhəli şəxsin qanuni nümayəndəsi şübhənin) mahiyyətini bilmək;

101.5.2. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək və onu müşayiət etmək;

101.5.3. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təmsil etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

101.5.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

101.5.5. izahatlar vermək;

101.5.6. cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

101.5.7. etirazlar etmək və vəsatətlər vermək;

101.5.8. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;

101.5.9. özünün və ya təmsil etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolu ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

101.5.10. təmsil etdiyi şübhəli və ya təqsirləndirilən şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

101.5.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

101.5.12. birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

101.5.13. təmsil etdiyi zərər çəkmiş və ya təqsirləndirilən şəxsin müvafiq olaraq nümayəndəsi, yaxud müdafiəçisi olmadıqda, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

101.5.14. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və təmsil etdiyi şəxsin, habelə özünün hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və cinayət prosesini həyata keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək;

101.5.15. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və ya hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından şikayət vermək;

101.5.16. verdiyi hər hansı şikayətdən imtina etmək;

101.5.17. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;

101.5.18. təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar məhkəmə iclasında cinayət işinə kasassiya, əlavə kasassiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və işin materiallarının tədqiqində iştirak etmək;

101.5.19. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

101.5.20. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

101.5.21. təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək və onların səlahiyyətlərinə xitam vermək;

101.5.22. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsi və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın kompensasiyasını almaq;

101.5.23. təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq;

101.5.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

101.6. Fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.

101.7. Məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi aşağıdakılara haqlıdır:

101.7.1. təmsil etdiyi zərər çəkmiş şəxsin razılığı ilə onun adından həyata keçirilən ittihamdan imtina etmək, habelə onun müdafiəçisinin səlahiyyətlərinə xitam vermək;

101.7.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmaq, verdiyi mülki iddiadan imtina etmək, ona qarşı verilmiş mülki iddianı qəbul etmək, habelə onun hüquq və qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək;

101.7.3. təmsil etdiyi şəxsin niyyətini bilmək.

101.8. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə, o cümlədən təqsirləndirilən şəxsin adından müdafiəçidən imtina etməyə haqlı deyil.

101.9. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, mülki cavabdehin qanuni nümayəndəsi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

101.9.1. cinayət prosesini həyata keçirən orqana qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək;

101.9.2. cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

101.9.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

101.9.4. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

101.9.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmə iclası zalını tərk etməmək;

101.9.6. məhkəmə iclasında qaydaya riayət etmək;

101.9.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

101.9.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

101.10. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şahid qismində dindirilə bilər.

101.11. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şəxsən və ya təmsil etdiyi şəxsin nümayəndəsinin köməyi ilə hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.


Kataloq: documents
documents -> Исследование диагностических моделей по Пону и Коркхаузу
documents -> 3 пародонтологическая хирургия
documents -> Hemoglobinin yenidoğanda yapim azliğina bağli anemiler
documents -> Q ə r a r Azərbaycan Respublikası adından
documents -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza
documents -> Videotherapy Video: Cool Runnings Sixth Grade
documents -> Guidelines on methods for calculating contributions to dgs
documents -> Document Outline form monthly ret cont
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
documents -> İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə