Azərbaycan XVIII əsrin birinci yarısında. Səfəvilər dövlətinin süqutu



Yüklə 59,28 Kb.
tarix12.11.2022
ölçüsü59,28 Kb.
#68733
Mövzu 8.Azərb. xvııı əsrin ı ərısında (2)


Azərbaycan XVIII əsrin birinci yarısında.
Səfəvilər dövlətinin süqutu.
1.Səfəvilər dövlətinin zəifləməsi və süqutu. Beynəlxalq şərait, Xəzər sahili vilayətlərə I Pyotrun işğalçılıq yürüşləri.
2.Azərbaycan uğrunda İran-Türkiyə müharibələri.
3.Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə.
XVIII əsrin əvvəllərində Səfəvi dövləti ağır iqtisadi və siyasi böhran keçirirdi. Ölkəyə Şah Sultan Hüseyn (1694-1722) başçılıq edirdi. Ölkə xəzinəsi boşalmışdı. Ərdəbil məqbərəsindəki əşyaları əridib pul kimi istifadə edirdilər.
Bu dövrdə Azərbaycanda xalq kütlələrinin vəziyyəti ağır idi. 1716-cı ildə I Pyotr tərəfindən İrana göndərilən A. P. Volınski yazırdı: "Səfəvilər dövlətinin taxıl anbarı hesab olunan Azərbaycanda tarlalar yeddi il ərzində əkilməmiş, ölkədə aclq hökm sürürdü". Dövlətin ağır xərclərini vergilərin hesabına ödəyəcəyinə ümid edən şah hökuməti bu işi qaydaya salmaq məqsədilə əhalini yenidən siyahıya aldı (1699-1702). Həmin müddətdə əhalinin təkcə özü deyil, əmlakı da siyahıya alındı. Ötən üç ilin vergilərinin yeni qayda ilə toplanması qərara alındı. "Şahzadə ixracatı" şahzadələrin xərcini ödəmək üçün, başqa dinlərə mənsub onlardan "şeş dinar"-can vergisi alınırdı. Bəylərbəyilər şahın fərmanındaü istifadə edərək xalqı qarət etməkdə daha da azğınlaşır, toplanan verginin xeyli hissəsini özləri mənimsəyir, mərkəzə çox az göndərirdilər. Feodal istismarının güclənməsi geniş xalq kütlələrinin şiddətli müqavimətinə səbəb oldu. Belə bir şəraitdə Səfəvi dövlətinin bir çox yerlərində olduğu kimi, Azərbaycanda da həm sinfı mübarizə yenidən alovlanır həm də şah hökumətinə qarşı azadlıq mübarizəsi güclənirdi.
1707-ci ildə Car-Balakən camaatı, sonra Təbriz və Muğanda kəndli üsyanları olmuşdu. Vergilər əvvəlkindən üç dəfə çox idi. 1700-1703-cü illərdə Şirvanda, digər Azərbaycan ərazilərində quraqlıq və aclıq olmuşdu.


Kəndlilərin ağır vəziyyəti 1709-da Şirvanda, 1711-ci ildə Carda üsyanlara səbəb oldu. Şah yerli bəylərbəylərə üsyançılara qarşı qəti tədbirlər görməyi tapşırırdı. Bir tərəfdən üsyançılar digər tərəfdən isə xarici işğalçılara qarşı mübarizə Səfəvi dövlətini lap qorxuya salmışdı. Muğanda yaşayan əhali birinci olaraq mərkəzi hakimiyyətdən üz çevirdi.
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmlənmiş Rusiya dövlətinin beynəlxalq nüfuzu daha da artmışdır. Rusianın inkişaf etməkdə olan sənayesi Qafqazda xüsusiylə Azərbaycanda istehsal edilən xammala ehtiyac hiss edirdi. Azərbaycan çoxlu ipək, pambıq, yun parça, boyaq, bəzək şeyləri, meyvə, şərab, və ədviyyat verə bilərdi.
Rusiya hökuməti XVIII əsrin əvvəllərində Azərbaycana tez-tez ekspedisiyalar göndərir, Xəzər sahili əraziləri ələ keçirmək üçün müxtəlif vasitələrə əl atırdı. 1713-cü ildə Şah Sultan Hüseyn "dostluq və ticarət müqaviləsi" bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi. İran dövlətinin Rusiyaya müraciəti I Pyotrun Şərqdə siyasətinin fəallaşması dövrünə təsadüf edir.
Türkiyə ilə uğursuz müharibə, Rusiya dövlətini 1711-ci ildə Prut müqaviləsini imzaladıqdan sonra Qara dənizə çıxış əldə etməkdən əlini üzərək bütün ümidini Xəzər dənizi hövzəsinə bağlamışdı. 1714-cü ildən başlayaraq Xəzər dənizinin şərq sahillərini öyrənmək üçün Bekoviç-Çerkasskinin başçılığı ilə buraya ekspedisiya göndərmişdi.
Sonradan I Pyotr Xəzər dənizinin qərb sahillərini öyrənmək məqsədilə Azərbaycandan, xüsusən karvan yolu ilə Şirvandan keçmək şərtilə Sefəvi dövlətinə özünün yaxın adamlarından Volinskini göndərdi. Volınskiyə həm də Azərbaycan karvan yollarını öyrənmək üçün gizli göstərişlər verilmişdi. Bu göstərişlər kəşfıyyat xarakteri daşıyırdı. Böyük hazırlıqlardan sonra o, 1716-cı il iyulun 13-də Həştərxana, Niyazabada yanaşdı. Hətta burada rus tacirləri Volınskiyə şikayət məktubu ilə müraciət etmişdilər. Azərbaycanda gördükləri Volınskiyə belə qənaət vermişdi ki, Səfəvi dövlətində şahın yalnız adı var. 1717-ci ildə Volinski İsfahanda şahın hüzurunda olmuş, həm də gizli olaraq ölkənin daxili vəziyyəti haqda məlumat toplamış, bu haqda çara məktublar göndərmişdi.
1717-ci il iyunun 30-da Volınski və Fətəli xan tərəfindən ilk rəsmi Rusiya-İran ticarət müqaviləsi tərtib olunur.
1717-ci il dekabrın 17-də Volınski Şamaxıya qayıdır, Cənubi Qafqazın xristianları ilə, sonra isə Dərbənddən gələn erməni tacirləri ilə görüşdü. Onlar Volinskiyə gizlicə Dərbənd qalasının planını gətirmişdilər. O, 1718-ci il martın 10-da rus elçisi Lopuxini Azərbaycana göndərir, özü isə iyunun 25-də Azərbaycanı tərk edir. Peterburqda I Pyotrla şəxsən görüşdükdən sonra o, Həştərxanın qubernatoru təyin edilir. I Pyotr İsveçlə 20 illik müharibəni 1721-ci ildə qalibiyyətlə başa vurduqdan sonra Xəzər-sahili vilayətlərə yürüşə hazırlaşır.
XVIII əsrin birinci yarısı Azərbaycan tarixində Türkiyə və İran zülmünə qarşı aparılan mübarizə ilə əlamətddardır. XVIII əsrin 20-ci illərində Şirvan Iran zülmünə qarşı aparılan mübarizənin mərkəzinə çevirilmişdir. Şirvan üsyançılarının ilk addımı uğursuz olmuşdur. Lakin tezliklə yerli sünnü ruhanilərinin başçılarından biri olan müşkürlü Hacı Davud xalq hərəkatına dini istiqamət vermyə çalışaraq, sünnüləri şiələrin zülmündən xilas etmək şüarını irəli sürdü. 1719-cu ildə İranın.və yerli hakimlərin qoşunları Şirvanda baş verən üsyanı yatırmağa nail oldular. Hacı Davud Dərbənd həbsxanasına salınır, Surxay xan isə Dağıstana qaçır, sonra şahın etibarlı adamlarından birinə çevrilir.
1720-1721 -ci illərdə Azərbaycanda və Cənubi Dağıstanda İran zülmünə qarşı mübarizə yenidən qızışdı. Belə bir şəraitdə həbsdən qacan Hacı Davud Şirvanda və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya müraciət etdi. Lakin, bu Rusiyanın mənafeyinə uyğun gəlmədiyi üçün onun xahişi cavabsız qaldı. Onda Hacı Davud öz qüvvələrini toplayıb, qazıqumuxlu Surxay xanın köməyilə 1721-ci il avqust ayının 10-da Şamaxıya hücum etdi. Onlar qısa müddətli müqavimətdən sonra, şəhər əhalisinin köməyi ilə onu ələ keçirdilər. Bu vaxt Şamaxıda bir çox xarici tacirlərlə yanaşı, rus tacirlərinə də böyük ziyan dəydi. Hacı Davud və Surxay xan Azərbaycanın başqa vilayətlərinə də hücum etdilər. Lakin, onların bu cəhdləri uğursuz oldu.
Rus tacirlərinin zərər çəkməsini bəhanə edən I Pyotr Ön Qafqazı xüsusiylə Xəzərsahili əyalətləri ələ keçirmək üçün yürüşə hazırlaşırdı. Məhz buna görə də, Hacı Davud Rusiya ilə rəqabət aparan Türkiyə dövlətinə müraciət etdi. Hacı Davudun müraciəti Türkiyəyə Ön Qafqazın daxili işlərinə qarışmaq üçün bəhanə oldu.
İran zülmünə qarşı yönələn hərəkatın tərkibi eyni deyildir. Zəhmətkeş kəndlilər bu hərəkata Iran zülmündən azad olmaq üçün qoşulduğu halda yerli feodallar və ruhanilərin başçıları isə bu üsyandan öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Onlar xalqın İran zülmünə qarşı mübarizəsindən və dini hislərindən istifadə etməyə çalışırdılar. Şirvan üsyanından bir il sonra Səfəvi döviətinin paytaxtı Isfahan əfqan qəbilələri tərəfindən zəbt olundu. Başda Şah Sultan Hüseyn olmaqla. bütün Səfəvi xanədanı həbsə alındı, təkcə şahın oğlu Təhmasib qaçmağa imkan tapdı. O, İranın şimal əyalətlərində özünü II Təhrnasib adı ilə şah elan etdi (1722-1732).
1722-ci il iyulun 18-də I Pyotr böyük bir ordu və 274 gəmi ilə Həştərxandan yürüşə başladı. Rusiyanın görkəmli hərbi və dövlət xadimləri P. A. Tolstoy, F. F. Apraskin və başqaları onu müşayət edirdilər. Rus qoşunları iki istiqamətdə quru və dəniz yolu ilə hərəkət edirdilər. I Pyotr hələ Həştərxanda olarkən, 1722-ci il iyunun 15-də Azərbaycan dilində ,,Manifest" nəşr edərək Şirvana və Xəzərsahili vilayətlərə göndərdi. ,,Manifest"də çar qoşunlarının yürüşünün əsl səbəbi ört basdır edilirdi. I Pyotr yazırdı ki, onun məqsədi bu yerlərdə əmin amanlıq yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçılardan qisas almaqdan ibarətdir.
1722-ci ildə rus eskadası Dərbəndə çatdı. Avqustun 23-də piyada qoşunları da şəhərə yaxınlaşdı. Şəhərin naibi İmamqulu bəy qalanın açarlarını, həmçinin «Dərbəndnamə» adlı mühüm əsərin əlyazmasını təntənəli şəraitdə rus çarına təqdim etdi. I Pyotr buradan senata göndərdiyi məktubımda şəhərdə səmimi qarşılandığını bildirdi. I Pyotr Dərbəndə çatar-çatmaz Azərbaycanın bir çox şəhərlərindən, o cümlədən Dərbənddən, Bakıdan, Şamaxıdan və s. yerlərdən bəyanatına cavab məktubları almışdır. Məktublar yerli əyanlar tərəfındən imzalamnışdır. Məktublarda imperatorun Azərbaycana gəlməsinə etiraz etmədiklərini bildirirdilər.
I Pyotr Bakının tutulmasına xüsusiylə əhəmiyyət verirdi. Onun göstərişi ilə 1722-ci ilin noyabrında Gilanın baş şəhəri olan Rəştə qoşun çıxarıldı. 1723-cü ilin yazında rus eskadası Rəştə yaxınlaşdı, iyulun əvvəlində Bakı körfəzinə daxil oldu. Məhəmməd Hüseyn bəy rus qoşunlarına müqavimət göstərdi. Onlar şəhərə hücum edərək 1723-cü il iyulun 12-də onu tutdular. Dərgahqulu bəy başda olmaqla 700 nəfərdən ibarət olan qarnizon rus qoşununa daxil oldu. M. Matyuşkin Bakı sultanı Məhəmməd Hüseyn bəyin Hacı Davudla əlaqəsini bilib, onu həbsə aldı. Dərgahqulu bəy şəhərin hakimi təyin edildi.
1723-cü il sentyabrın 12-də Şah II Təhmasibin Peterburqa göndərdiyi elçi İsmayıl bəy tərəfindən özbaşına imzalanmış müqaviləyə görə Xəzərsahili vilayətlər-Dərbənd, Bakı, Gilan, Mazandaran, Astrabad zorla Rusiyaya birləşdirildi. Rus qoşunları Xəzərin qərb və cənub sahillərində möhkəmləndilər. Rusiya da İrana əfqanlarla müharibədə kömək edəcəyini vəd etdi. Lakin. İsmayıl bəy özbaşına hərəkət etdiyi üçün şah müqaviləni təsdiq etmədi. Ona görə də 1723-cü il sentyabrın 16-da M. Matyuşkin Həştərxana gəldi, Kürə hərbi dəstə çıxarıb "çayın o tayını ələ keçirməyi " Bakı komendantı İ. Baryatinskiyə tapşırdı. Bakı zəbt olunduqdan sonra rus komandanlığı göndərdiyi bəyənnamələrdə bütün dəniz sahili vilayətləri Rusiyaya tabe olmağa çağırırdı". Buna qədər Salyan naibi Hüseyn və Talış bakimi Mir Abbas bəy gəlib Rusiyaya sədaqət andı içməyə məcbur oldular. Şəhər rus qoşunlarının nəzarəti altında idi. Bakı və Salyanın tutulması ilə Xəzərsahili vilayətlərin zorla Rusiyaya birləşdirilməsinin birinci mərhələsi başa çatdı.
Şərqdə öz müstəmləkə hakimiyyətini həyata keçirməyə çalışan Ingiltərə və Fransa Rusiyanın Qafqazdakı nüfuzunun güclənməsinə hər vasitə ilə mane olurdu. Bakının tutulması Türkiyəni narahat edirdi. İngilislər bundan istifadə edərək Türkiyəni Rusiya ilə müharibəyə təhrik edirdilər. Əks təqdirdə diplomatik münasibətləri kəsməklə hədələyirdilər. İngilis nümayəndəsi hətta bildirmişdir ki, Türkiyə Rusiya ilə müharibəyə başdadıqda, dərhal nəinki "kraldan, bəlkə bütün Britaniyadan maliyyə" köməyi alacaqdır.
1723-cü ilin yazında Ərzurum paşası böyük ordu ilə Gürcüstan ərazisinə daxil olaraq Kartli və Kaxetiyanı talan etdi. Osmanlı qoşunları Tiflisi tutduqdan sonra Gəncə tərəfə hərəkət etdilər. Lakin, onlar Gəncə istiqamətində azərbaycanlıların müqavimətinə rast gəldilər. Türklər 60-70 minlik qoşunla 18-20 gün ərzində yeddi dəfə Gəncə üzərinə hücum etdi. Beləliklə, Qafqaz Rusiya, İran və Türkiyə ziddiyyətlərinin düyün nöqtəsinə çevirildi.
Rəqiblərinə qarşı Rusiyanın vəziyyəti daha əlverişli idi, o eyni zamanda Qafqaz xalqlarının xristian əhalisinin rəğbətinə arxalanırdı. Lakin, İsveçlə müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya bilməzdi. Osmanlıların Azərbaycana daxil olması rus qoşunları üçün təhlükə yaradır. Osmanlıların gələcəkdə müvəffəqiyyət qazanacaqlarından qorxan ruslar tələsik Səfəvi ərazisini bölüşdümək üçün İstanbulda 1724-cü il iyulun 12-də Rusiya-Osmanlı müqaviləsi imzalanır. Bununla da Rusiya imperiyası 1723-cü il sentyabr tarixli Peterburq müqaviləsi şərtlərinin təsdiq edilməsinə, Dərbənd, Bakı, Salyan, Lənkaran, Rəşt Ənzəlinin diplomatik yolla Rusiyaya birləşdirilməsi faktının qəbul olunmasına nail oldu. Rusiya öz novbəsində Ermənistan, Gürcüstan və Xəzərsahili müstəsna olmaqla, bütün Azərbaycan ərazisinin Türkiyəyə veriiməsinə razılıq verdi.Müqaviləyə görə Türkiyə Şirvanda qoşun saxlaya bilməzdi. Münaqişə zamanı yalnız Rusiyanın icazəsi ilə qoşun göndərə bilərdi.
İstanbul müqaviləsindən sonra Türkiyə bütün sərhəd boyu Cənubi Qafqaza öz ordusunu yeritdi. 1724-cü il sentyabrın 28-də İrəvan qalası tutulur. Türklər 1725-ci ilin fevralında Təbrizə doğru hərəkət edirlər. Gərgin döyüşlər baş verir. 1726-1729-cu illərdə Azərbaycanın cənubunda Osmanlılara qarşı üsyanlar baş qaldırır. Həmçinin Qarabağda, digər ərazilərdə də üsyanlar şiddətlənir. 1731 -ci ildə bütün Qarabağ tutulur.
İran ərazisinin bir qismi əfqan qəbilələri, qərb hissəsi isə türklər tərəfindən işğal olunduqdan sonra dövlətin varlığı şübhə altına alındı. Düşmənlərə qarşı mübarizə aparmaq üçün daxili qüvvələri birləşdirmək lazım idi. II Şah Təhmasib və iri feodallar bu haqda düşünməli oldular. Bu vəzifəni Nadirqulu xan öz üzərinə götürdü. Nadir xanın əfqan feodallarını qovması və Herat şəhərini tutması onun nüfuzunu xeyli artırdı. Bu vaxt Osmanlı imperiyası ilə düşmən münasibətlərdə olan Rusiya İrana qarşı xeyirxah mövqeydən çıxış edirdi. Belə bir əlverişli şəraitdə II Təhmasib Türkiyə sultanına rəsmi səfır göndərib osmanlılar tərəfındən zəbt olunan Səfəvi torpaqlarının geri verilməsini tələb etdi. Türkiyənin rədd cavabı müharibəyə gətirib çıxardı. Nadirqulu xan türk qoşunları üzərində ilk böyük qələbəni Marağada çaldı. 1730-cu ilin sentyabında iri sənətkarlıq və ticarət mərkəzi olan Ərdəbili, daha sonra isə Təbrizi türklərdən azad etdi. Müvəffəqiyyətdən ruhlanan Nadirqulu xan başqa Azərbaycan və Ermənistan şəhərlərində olan türklərdən bu yerləri tərk etmələrini tələb etdi. Lakin hadisələrin sonrakı gedişi Nadirqulu xanın türklərə qarşı mübarizəsini davam etdirməyə imkan vermədi.
Bir müddətdən sonra II Təhmasib Şimali Azərbaycana hücum etmək fıkirinə düşdü. O, Təbrizdən Gəncəyə oradan da Şamaxıya hücum etmək istədi. II Təhmasibin fikrini başa düşən türk komandanlığı Gəncənin müdafıəsini güciəndirdi. Belə halda II Təhmasib fıkrindən daşındı. İran qoşunlarının zəifləməsindən istifadə edən Türk qoşunları 1731-ci ildə Surxay xanın rəhbərliyi ilə Təbrizə tərəf gəldi.
Tezliklə İran və Türkiyə qoşunları arasında toqquşma oldu. II Təhmasib növbəti məğlubiyyətə uğrayıb Qəzvinə çəkildi. Lakin Əhməd paşa qüvvənin az olmasını nəzərə alıb İsfahana hücum etmədi. Osmanlı türklərinin digər bir dəstəsi əsaslı müqavimət görmədən Təbrizi tutdular. Nadir tərəfindən geri alınmış yerləri itirməkdən qorxan şah 1732-ci il yanvarın 16-da Girmanşahda İranla Türkiyə arasında sülh imzalandı. Sülhün şərtlərinə görə Şamaxı, Şirvan əyalətləri və Dağıstan Türkiyəyə verildi. Xəzərsahili vilayətləri öz əlində saxlaya bilməyəcəyindən qorxan Rusiya 1732-ci ildə Rəştdə Iranla müqavilə imzaladı. Müqavilənin şərtlərinə görə, Kürdən cənubda yerləşən Xəzərsahili vilayətlər Irana qaytarıldı. Iran isə bu yerlərə Türkiyəni buraxmamağı öhdəsinə gotürdü. Bu zaman İranda daxili siyasi vəziyyət kəskinləşmişdir. Nadirqulu xan Xorasandan qayıtdıqdan sonra hərbi-feodal əyauların köməyinə arxalanaraq Şah II Təhmasibi taxtdan salaraq onun 8 aylıq oğlu Abbas Mirzəni
III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi (1732). Bu vaxtdan etibarən əfşar tayfasının nümayəndəsi Nadirqulu xan dövləti özü idarə etməyə başladı. O, Türkiyə ilə bağlanmış müqaviləni ləvğ edərək 1723-cü ildən bəri tutulmuş Səfəvi torpaqlarını qəti surətdə tələb etdi. Türkiyənin rədd cavabından sonra, Nadir 100 minlik qoşunuu üç hissəyə bölüb birini Təbrizə, birini Kürdüstana birini isə özünün rəhbərliyi altında Bağdada yönəltdi. Müharibənin ilk günləri Iran qoşunları üçün uğursuz oldu. Lakin 1733-cü ildə türk qoşunu Bağdad ətrafında darmadağın edildi. Elə həmin ildə orada Nadirlə Əhməd paşa arasında sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə görə, Türkiyə son on ildə zəbt etdiyi torpaqlardan qoşunlarını çıxardı. Nadir xan Rıısiyadan da Xəzərsahili vilayətləri tərk etməsini tələb etdi. 1732-ci ilin yanvarın 21-də Rəştdə İranla-Rusiya arasında müqavilə bağlanır. Kürdən cənuba Xəzərsahili vilayətlər İrana qaytarılır. İran dövləti daxili ticarətdə rus tacirlərinə güzəştlər verir.
Türklərin Qafqazdakı fəaliyyətinə həmişəlik son qoymaq üçün Nadir xan 1734-cü ilin iyununda Azərbaycana hücum etdi. O, Ərdəbildən, Təbrizdən türk qoşunlarını qovduqdan sonra Surxay xanın Şirvandan çıxmasını tələb etdi. Surxay xan rədd cavabı verdikdən sonra 1734-cü ilin yayında Nadir Şamaxıya tərəf irəlilədi. Surxay xan təşvişə düşərək Şamaxını tərk etdi. Şamaxı əhli Nadir şaha müqavimət göstərdiyi üçün şah şəhəri tutduqdan sona şəhəri darmadağın edərək əhalisini Ağsuya köçürdü. Surxay xan isə Dağıstana qaçdı və Nadiri bura buraxmamaq üçün qısa müddətdə ətrafına 12 minlik qoşun topladı.
İran qoşunlarının yaxınlaşmasını eşidən Surxay Göysu çayı üzərindəki körpünü uçurmağı əmr etdi. Lakin, bu Nadiri qorxuzmadı onun qoşunları çayı asanlıqla keçdilər. Surxay təcili Qazıqumuğu tərk edib, Avarıstana qaçdı. İran qoşunları Qazıqumuğu talan edib yandırdı. Surxay xanı izləyən Iran qoşunları Sarnur vilayətinin Axta kəndi vilayətinə istiqamət aldı. Nadir xanın qoşunları bu yerləri qarət edərək, 1734-cü il oktyabrın 3-də Şamaxıda qalmış qoşun hissələri və topxana ilə Qəbələyə gəldi. Nadir buradan da qoşunlarını türklərin dayaq nöqtəsi adlanan Gəncəyə apardı. 1734-cü ilin oktyabrında Nadir xanın qoşunları Gəncə qalasını mühasirəyə aldı. Mühasirə 4 ay davam etdi. Nadir xan eyni zamanda Rusiya ilə danışıqları qurtarmaq qərarına gəldi. Bunun üçün o, 1734-cü il dekabrın 5-də öz səfiri Hüseyn xanı Rusiyanın diplomatik nümayəndəsinin köməyi ilə Rusiyaya göndərdi. Rusiyanın işgüzar dairələri razı olduqdan sonra 1735-ci il martın 10-da Gəncə yaxınlığında Rusiya ilə İran arasında müqavilə imzalandı. Həmin sülh miiqaviləsinin şərtlərinə görə, rus qoşunu Xəzərsahili vilayətləri tamamilə tərk etdi.
Bir sıra uğursuzluqlardan sonra Osmanlı komandanlığı İranla mübarizəni davam etdirməyi uğursuz hesab edərək, sultanın əmri ilə Türkiyə qarnizonu olan şəhərlərdən qoşunlarını geri çağırdı. Beləliklə, 1735-ci ilin sonunda türk qoşunları ön Qafqazdan qovuldu, Lakin bu heç də yerli xalqın azadlığa çıxması deyildi. Azərbaycan xalqının İran zülmünə qarşı yeni azadlıq hərəkatı başlandı. 1735-1736-cı illərdə Azərbaycan və Dağıstanda müqavimə-tin qeyri-mütəşəkkil olmasından istifadə edən Nadir çətinliklə də olsa, burada öz hakimiyyətini qurdu.
Əvvəlcədən hazırlanan plan əsasında III Şah Abbasın qəflətən ölümündən istifadə edərək 1736-cı ilin martında Muğanda toplanan qurultayda Nadir özünü şah elan etdi.
Nadirin hakimiyyətə gəlməsi heç də hamı tərəfindən eyni dərəcədə qarşılanmadı. Xüsusən, Azərbaycan feodalları içərisində Gəncənin Ziyadoğlu nəslindən olan Gəncə xanı hakimləri ilə birlikdə öz narazılıqlarını hiss etdirdilər. Nadir şah olduqdan sonra Ziyadoğlu xanların cəzalandıraraq onların Qazax, Borçalı torpaqlarını Gürcüstan çarına tabe etdi. Bundan başqa ona qarşı narazılıqlarını bildirən Qarabağın Otuzikilər və Kəbirli tayfalarını da cəzalandıraraq ailələri ilə birlikdə Xorasana köçürtdü.
Bununla bərabər, Nadir şah Azərbaycanda ona tərəfdar olan yerli hakimlərə, feodallara da bir o qədər bel bağlamırdı. Bəzən onların özlərinə də nəzarətçi təyin edirdi. Qarabağın erməni məliklərini (Vərəndə, Çiləbörd, Gülüstan, Dizak, Xaçın) birbaşa şah idarəçiliyinə tabe etdi. Əvvəlki idarə üsulunu ləğv etdi. Şirvan, Qarabağ, Təbriz, Çuxursəd bəylərbeyliklərini birləşdirdi. Mərkəzi Təbriz olan yeni Azərbaycan vilayəti yaratdı. Qardaşı İbrahim xanı ora hakim təyin etdi. Həmçinin Ermənistan, Gürcüstan və Dağıstanın da idarəçiliyini ona tapşırdı. Ona köməkçi kimi vəkil, vəzir və dini başçı təyin etdi. Nadir şah hər şeydən arxayın olduqdan sonra İrana qayıtdı.


Nadir şah öz hakimiyyətinin ilk günlərindən vergi toplanması işini qaydaya salmaq üçün vəzifə bölgüsü apardı. O, etibar etdiyi köhnə işçiləri yerində saxlamaqla yeni vəzifələri öz yaxın adamlarına tapşırdı. Hətta yürüş zamanı onu 130 mirzə müşayət edirdi. Onların çoxu dövlət işlərini hesablamaqla məşqul idi. Bu işə ciddi nəzarət sayəsində dövlətin gəlirləri xeyli artdı. Belə ki, xalqdan toplanan vergilər indi ayrı-ayrı adamlar tərəfindən mənimsənilmir, xəzinəyə daxil edilirdi. Həmin vəsaitin çoxu ordunun saxlanmasına sərf olunurdu. Nadir şahın belə daxili siyasəti ayrı-ayrı feodalların iqtisadi cəhətdən sarsılmasına gətirib çıxardı. Bu isə onların böyük narazılığına səbıb oldu.
1735-1736-cı illərdə Nadir böyük qurbanlar və xərac bahasına Dağıstan və Azərbaycanda mövqeyini daha da möhkəmləndirdi.
Nadir şah İrana qayıtmazdan əvvəl özünün etibar etdiyi şəxslərə ayrı-ayrı əraziləri tapşırır. Şirvana Mehdiqulu xan, Dərbəndə Nəcəf Sultan, Bakı və Abşerona gilanlı bir şəxs, İrəvana Məhəmməd xan təyin olunur. Dövlət işlərində əfşarlara daha çox yer verir. Vergi toplanması işini həmişə diqqət mərkəzində saxlayır, özü ilə bir yerdən başqa yerə hərəkət edərkən 130 mirzə aparırdı. Öz işinə, maliyyə işlərinə həmişə diqqət yetirən Nadir ölkənin iqtisadi durumunu xeyli yüksəltdi, maliyyə işini yaxşılaşdırdı.
Vergi işi onun öz nəzarəti altında olduğu üçün heç kəs bu işə qarşı çıxa bilmirdi. Bu işə qarşı çıxanlar isə ağır cəzalanırdılar. Gəlirin xeyli hissəsini ordunun yaxşılaşdırılmasına sərf edirdi. Əvvəlki Naxçıvan hakimi Mirzə Rza, qoşun başçılarından Quba xan, Məsum xan vergiyə qarşı çıxış etdikləri üçün Nadirin qəzəbinə düçar olmuşdular. Olkədə narazılıqların başlıca səbəbi Nadirin daxili siyasəti nəticəsində iri feodalların iqtisadi cəhətdən sarsılması idi.
Nadir İrana döndükdən sonra dövlətin idarə olunması işini qüvvətləndirir, bu işi öz oğlu Rzaquluya tapşırır, bundan sonra Hindistana yürüş edir.
Nadirin vergi siyasəti ölkədə çox acınacaqlı veziyyət yaradır. Yoxsul kəndli əldə etdiyi məhsulun 99%-ni vergi kimi xəzinəyə verməli idi.
Kəndli ağır vergi ilə bərabər həm də digər mükəlləfiyyətlərini də yerinə yetirirdi. Neft və duz hasil edir (Xəzərsahili vilayətlərdə), yollar, körpülər salır, gəmilər düzəldirdilər. Hətta şah onları hərbi qulluğa da çağırırdı. 1737-ci ildə Astara hakiminin əmri ilə 6 min kəndli zorla səfərbərliyə alınmışdı. Xalqın ən çox qəzəbinə səbəb isə onların qızlarının şahın sarayına, əyan və sərkərdələrin yanına qulluqçuluğa aparılması idi. Bir tərəfdən müharibələr, digər tərəfdən isə quraqlıq və kəndlinin öz yurd-yuvasını tərk etməsi Azərbaycanda aclığın yayılmasına səbəb olmuşdu.
Əvvəllər beynəlxalq ticarət, karvan yollarının üstündə olan, zəngin mədəniyyətə və qədim tarixə malik şəhərlərdə sanki həyat sönmüşdü. Belə şəhərlərdənTəbriz, Ərdəbil, Şamaxı, Dərbəndi göstərmək olar. İpək ixracı həddən artıq azalmışdı. Nadir belə düşünürdü ki, Xorasan həm mərkəz olsun, həm də iqtisadi cəhətdən başqalarından fərqlənsin.
Azərbaycanda sənətkarlığın zəifləməsinə təsir göstərən amil iri şəhərlərin sənətkar ailələrinin zorla ölkədən Xorasana köçürülməsi idi.
XVIII əsrin 30-40-cı illərində Azərbaycanda əhalinin maddi vəziyyəti xeyli çətinləşmiş, əvəzində sinfi ziddiyyətlər kəskinləşmişdi. Bu həm Nadirin ağır vergiləri, həm də hücumları nəticəsində idi. Əhali həm fəal, həm də qeyri-fəal mübarizə aparırdı. Fəal mübarizə əldə silah üsyanlar etmək idisə, qeyri-fəal əlacsız qalaraq ölkəni kütləvi şəkildə tərk etmək idi. Hətta elat camaatı da ölkəni tərk edirdi. Torpağı becərməyə belə adam tapılmırdı. Nadir elə vəziyyətə qalmışdı ki, qaçqınları cazalandırır, həm də öz yerlərinə geri qaytarırdı.
Nadir zülmünə qarşı çıxışlar hələ o, hakimiyyətə gəlməmiş, 1734-cü ildə Astaranın ac-yalavac kəndliləri tərəfindən baş verdi. Həmin vaxtlarda Şəkinin Biləcik kəndinin əhalisi də üsyan etdi. Üsyan ab-havası qonşu Tala, Cənik kəndlərini də bürüdü. 1735-ci ilin fevralında Nadirin güclü dəstələri Car və Tala kəndlərinə divan tutdu. 160 nəfər girov aparıldı. Buradan Nadirin qoşunları Şəkiyə və Ərəşə yönəldi.
Beləliklə, nisbətən arxayınlaşan Nadir əvvəl İrana, sonra Hindistana gedir. Xalq bundan istifadə edir. Ən böyük üsyan Carda baş verir. 1737-ci ildə bu üsyanı yatırmaq üçün şahın qardaşı İbrahim buraya gəlir. Carlılara Dağıstandan kömək gəlir. Üsyana car tayfası arasında böyük şöhrət qazanmış, carlı tayfasından Divanə İbralıim və Xəlil başçılıq edirdi. Nizami ordu ilk əvvəl qələbə çalsa da, sonra üsyançıları təqib edən ordu özü tələyə düşür.
İbrahim üsyançıların qüvvəsindən xəbərsiz düşməni məhv etmək istəyir. Buna görə dar dağ keçidləri və meşə cığırları ilə yollara nabələd əsgərlərlə çox çətinliklə döyüşə başlayır. Bəzi yerli feodalların dəstələrini irəli buraxır. Özü arxada xorasanlıların dəstəsi ilə gəlir. Bu niyyəti başa düşən Divanə İbrahim öndəki dəstələrə dəymir.
Elə ki, İbrahim xanm Xorasan dəstəsi görünür, hər şey dəyişir. Bu qəfil hücum İbrahim xanı qorxuya salır. Onlar özlərini itirir, hansı istiqamətə atəş açmağı bilmirlər. Hadisəni görənlərin xatirələrində belə göstərilir ki, ilk yaralanan elə İbrahim xanın özü olur. Gəncə bəylərbəyi Uğurlu xan qorxuya düşərək öz yaxın adamına belə əmr verir ki, bu dəqiqə İbrahim xanı bu cəhənnəm odundan çıxartmasaq sabah elə bütün Azərbaycan cəhənnəmə düçar ola bilər. Lakin döyüşdə Uğurlu xanın özü də ölmüş, İbrahim xan da ölümcül yaralanır. 1738-ci ildə ölür.
İbrahimin ölümü tez bir zamanda orduya yayılmış, ordu döyüş bölgəsini qoyaraq qaçmışdır.
Bu vəziyyətdən çıxış yolu axtaran Rzaqulu xan Mirzə Səfı xanın başçıhğı ilə Şirvana böyük bir ordu göndərir.
Nadir şah isə Hindistandan qayıdan kimi üsyançılara qarşı özü böyük bir ordu ilə yürüş edir. 1741-ci ilin yazında Orta Asiya səfərindən qayıdan Nadir şah 100 minlik qoşunla Şimali Azərbaycana Car vilayətinə və Cənubi Dağıstana yönəlir. Buraya həm də fevralın 23-də abdal tayfasından Qənixanın ordusu da göndərilmişdi. Azərbaycanın şimal əyaletələrində vəziyyət olduqca çətin idi. Üsyançılar kütləvi şəkildə çıxışlar etsələr də, kortəbii və başsız hərəkət etdikləri üçün Nadir onların içərisində çaxnaşma salır. Qaçan üsyançıları qovan Nadir şah Çox kəndindən (Dağıstan) sonra dayanır, təqibdən əl çəkir. Çox döyüşündə şah qoşunları məğlub olur. Nadirin qoşunlarının vəziyyəti qışın gəlməsi ilə əlaqədar çətinləşir. Nadir şah orduya istirahət vermək üçün Şirvana dönməyi qərarlaşdırır. Şirvanda isə vəziyyət tamamilə gərgin idi. Bu işdə Nadir Şirvan bəylərbəyi Mahmud xanı günahlandırır, onu öz yaxın adamı olan Əfşarlar sülaləsindən Heydər bəy Əfşarla əvəz edir. Dərbəndə isə Məhəmmədəli Qırxlını hakim təyin edir. Nadir fıkirləşirdi ki, görülən tədbirlərlə vəziyyəti sabitləşdirəcək. Lakin vəziyyət Nadirin düşündüyü qədər də müvəffəqiyyətli olmur.
Bu zaman Türkiyə ilə köhnə söz-söhbəti sovuşdurmaq üçün Şah ordusunu Türkiyəyə istiqamətləndirir.
Nadirin idarə etdiyi İran dövləti nə qədər geniş əraziyə malik olsa da, onun idarə olunması da bir o qədər çətin idi. Əhalidən həddən artıq çox vergi yığılması, zorla ardı-arası kəsilməz müharibələr Nadirin işini daha da çətinləşdirirdi. Xalq vəziyyətdən çıxmaq üçün öz etirazını silahlı üsyan vasitəsi ilə
edirdi.
Şirvanda "yaxşı hökmdar" ideyası ilə üsyan başlandı. Burada guya Səfəvilerdən vaxtilə uzaqlaşdırılan, özünü Səfəvi şahzadəsi kimi qələmə verən I -II və III Sam Mirzələr müdafıə olunurdular.
Birinci yalançı Sam Mirzə Avarda ortaya çıxır. Əslində, I Sam Mirzə Osmanlı dövləti tərəfındən Dağıstana göndərilmişdi ki, burada köməklik yığdıqdan sonra Şirvana getsin və Şirvanda İran hakimiyyətini sona yetirsin. Bu işdə Qazıqumuxlu Surxay xan da ona köməklik edirdi.
Nadir öz oğlu Nəsrulla Mirzəni Şamaxıya göndərir. Həmçinin Gəncə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ, Muğan qarnizonları da möhkəmləndirilir.
Surxay xan, I Sam Mirzə 50 minlik qoşunla Şamaxını tuturlar. Sam Mirzə sevinclə qarşılansa da, bu uzun sürmür. Şamaxıya gələn Nəsrulla Mirzə qaçmaq istəyən Sam Mirzəni tutaraq edam etdirir. Surxay xan isə Dağıstana qaçır. Şamaxıda yenidən Nəsrulla Mirzənin vasitəsi ilə Heydər xan Şirvan hakimi teyin edilir.
Lakin Şirvanda vəziyyət dəyişmir. II Sam Mirzə ortaya çıxır. O, hələ I Sam Mirzə mübarizə apardığı bir vaxtda Təbrizdə İran əleyhinə qoşun toplamış, özünü qanuni Səfəvi şahzadəsi elan etmişdi. Tez bir vaxtda İran qoşun sərkərdəsi İbrahim xan Əfşar tərəfindən tutulmuş, qorxulu sayılmadığı üçün burnunu kəsib buraxmışlar. Ona "bin-e boride" (burnu kəsik) ləqəbi vermişlər. O, bir müddət avara həyat sürmüş, xüsusi bacarığı olduğu üçün Dağıstan və Şirvanda böyük xalq hərəkatına başçılıq etmişdir. Ona Qazıqumuxlu Surxay xanın oğlu Məhəmməd köməklik göstərir. Hətta Şirvandakı şah qoşunlarının bir hissəsi də üsyançılara kömək edir.
Bu zaman Dərbənd feodalı Xurşud bəy öz ətrafına "qiyam qaldırmaq istəyən" feodallardan 250-yə qədər adam toplayır. Sultan Məhəmmədəli Nadir şaha həyəcanlı məktub yazaraq kömək istəyir.
Nadir başa düşürdü ki, Dərbənd Şirvana nisbətən daha strateji əhəmiyyətə malikdir. Ona görə Şirvan hakimi Xıdır bəyə əmr edir ki, Sultan Məhəmmədəliyə köməyə getsin. Ağsudan - Yeni Şamaxıdan Dərbəndə qədər bütün yerlər üsyançıların əlində idi.
1743-cü ilin oktyabrında üsyançılar Ağsu şəhərini tutaraq, vergi toplayanları, məmurları şəhərdən qovub, II Sam Mirzəni şəhərə dəvət edirlər. Üsyançılar Şabranla Dərbənd arasında Heydər xanı öldürürlər. II Sam Mirzə Məhəmmədəlinin vasitəsilə Ağsuya gedir. O, Nadirin vergi sistemini ləğv edir. Çox yüngül vergilər qoyur. Əhali bu tədbiri çox canfəşanlıqla qarşılayır.
Ancaq Dərbəndi çıxmaqla Xəzərdən Gəncəyə qədər olan ərazi Yeni Şamaxının ətrafında birləşir.
Baş vermiş hadisələr Nadir şahı o qədər qorxuya salır ki, oğlu Nəsrulla Mirzənin başçılığı ilə böyük bir ordunu Şirvana göndərir.
Bütün şimal-şərqi Azərbaycan əhalisi İran zülmünə qarşı mübarizəyə qalxır. Nəsrulla Mirzənin ordusu üç dəfə ağır məğlubiyyətə uğrasa da, top atəşi ilə Ağsu qalasını tutur. Üsyançılar geriyə çəkilməyə məcbur olur. II Sam Mirzə Ağsu qalasında qalır. Məhəmməd xan Dağıstana qaçır. Çox çətinliklə də olsa, II Sam Mirzə Şərqi Gürcüstana gedir. Burada gürcü Kivi Amilaxarinin dəstəsinə qoşulur. Üsyançıları Kaxeti hakimi Teymuraz məğlub edərək, Sam Mirzəni əsir alır, Nəsrulla Mirzənin düşərgəsinə gətirir. 1743-cü il dekabrın 29-da Nəsrulla Mirzə onun gözünün birini çıxarıb eşşəyə mindirir və bir neçə Osmanlı hərbi əsiri ilə Qarsa göndərir ki, qardaşı ilə görüşsün. Lakin II Sam Mirzə ölür.
Bundan sonra Şirvan üsyançıları başqa bir yalançı şahzadə, Osmanlıların əlaltısı Səfi Mirzənin ətrafında birləşirlər. Səfı Mirzə Osmanlı dəstələrinin başında şimal-qərbdən Nadir şah dövlətinin sərhədinə yaxınlaşır. Həmin vaxt Osmanlı sərkərdəsi Əhməd paşa Sultan Mahmudun adından Şirvan, Dərbənd və Tabasaranın adlı-sanlı feodallarına fərman göndərərək "oğurlanan" Səfəvi taxt-tacını qaytarmaq üçün Nadirə qarşı mübarizədə Səfi Mirzəyə kömək göstərməyi tələb etdi.
Osmanlılar Qars tərəfdən Qafqaza daxil olurlar. Bunun qarşısını almaq üçün Nadir şah 1744-cü il iyulun 31-də birləşmiş qüvvə ilə Naxçıvandan Qarsa doğru yürüşə başlayır. Qalanı mühasirəyə alan Nadir şah Əhməd paşadan Səfi Mirzəni tələb edir və rədd cavabı alır.Türkiyədə hakimiyyətə qarşı baş verənlərlə əlaqədar Osmanlılar mühasirədə olanlara heç bir kömək edə bilmirlər. Vəziyyətin çıxılmaz olduğunu görən Əhməd paşa xeyli hədiyyələrlə bir neçə zabiti Nadirin yanına barışığa göndərir. Nadir şah bundan çox sevinir. Nadirin sevinci uzun sürmür, buna səbəb Şəkidə baş verən üsyanlar idi. Nädir şah Qarsın sərt qışından yaxa qurtarmaq üçün sülh cavabını gözləmədən əvvəl Axalsixə, sonra Axalkalakiyə qayıdır. Özünə azuqə topladıqdan sonra 1744-cü ilin noyabrında qoşunlarını Bərdəyə qışlamağa aparır. Türkiyə dövləti isə gələcəkdə İranın daxili işlərinə müdaxilə etmək üçün Səfı Mirzəni qoruyub saxlayır.
1743-1744-cü illərdə Azərbaycanın bir çox yerlərində - Şirvanda, Şəkidə, Təbrizdə, Xoyda, Salmasda çoxlu üsyanlar olur. Bunların ən qorxulusu Şəki üsyanı idi. Üsyan əsasən Şəki hakimi Məlik Nəcəfə qarşı idi. Üsyanın əsas səbəbi Məlik Nəcəfin özbaşınalığı, xalqa əzab verməsi, qəddarlığı, vergiləri artırması və s. idi. Hələ 1741-ci ilin dekabrında Şəki camaatı canı boğazına yığılaraq Nadirə şikayət ərizəsi yazır. Nadir əhalinin narazılığından qorxaraq, onları sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan yerli feodal Hacı Çələbini Məlik Nəcəfin işlərinə nəzarət üçün mahal üzrə vəkil təyin etdi: Nadir şah ümid edirdi ki, Haci Çələbinin ruhani və feodal əyanlar içərisində xüsusi təsiri olduğu üçün şikayətə son qoyulacaq. Hacı Çələbi Qurban oğlu Dərviş Məhəmməd xanın törəməsi idi.
Hacı Çələbi, Məlik Nəcəfin işlərinə qarışır, onun əleyhinə çıxır. Məlik Nəcəf şaha şikayət yazaraq bildirir ki, Hacı Çələbi özü şahın əmrlərinə tabe olmaq istəmir, onun tapşırıqlarının yerinə yetirilməsinə mane olur, xalqla şah arasında narazılıq yaradır. Şah bundan qəzəblənir. Hacı Çələbini düşərgəsinə Dərbənd yaxınlığına çağırır, hətta əmr verir ki, onu edam etsinlər. Hacı Çələbi heç nədən qorxmayaraq şaha öz iradlarını bildirir. Məlik Nəcəfın şahın təyin etdiyi vergiləri özbaşına artırdığını, vergi toplanmasında zülmkarlığını, ancaq öz cibini doldurduğunu və s. söyləyir. Məlik Nəcəfı ifşa edir. Şah Hacı Çələbinin edam təhlükəsi anında söylədiyi nitqindən heyrətə gəlir. Onu azad edir. Öz əmirlərinə müraciətlə deyir: "Mənim hüzurumda heç kəs danışmağa belə cəsarət etmədiyi halda, bu şəkili Çələbi kəndir boğazında özünü itirmədən fıkrini mənə söyləməyə cəsarət etdi. Görərsiniz, o bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmıram". Bu sözləri sonralar Şəki xanlığının qısa tarixçəsini qələmə alan Kərim ağa Fateh yazmışdır.
Hacı Çələbi Şəkiyə qayıdan kimi Məlik Nəcəfın sıxışdırılması artır. Məlik Nəcəf təkrarən şaha şikayət yazsa da, bu məktub cavabsız qalır. Şirvandakı üsyanlara başı qarışan şah Hacı Çələbinin üzərinə 100 tümən cərimə qoymaqla kifayətlənir. Hacı Çələbi bundan imtina edir. Şah yenidən onu hüzuruna çağırır. Hacı Çələbi başa düşür ki, bu dəfə sağ qayıtmayacaq. Ona görə tədbir görür. Öz yaxın adamları ilə Məlik Nəcəfın iqamətgahına hücum edərək onu öldürür.
Bu Azərbaycan xalqının mübarizəsinin yeni mərhələsi idi. Nadir şah çətin vəziyyətdə qaldığı üçün Hacı Çələbiyə qarşı güclü qoşun göndərə bilmirdi. Şirvandan başqa Dərbənd, Car vilayəti, Qarabağ, Gürcüstan, Ermənistan, dövlətin cənub əyalətlərində xalq hərəkatı genişlənmişdi. Nadir şah həm də dovlətin qərb sərhədlərini zəiflədib, türklərin hücumuna məruz qalmaqdan qorxurdu. Hacı Çələbi isə bu mövcud vəziyyətdən istifadə edərək İran ünsürlərini Şəki vilayətindən qovdu. Müstəqil Şəki xanlığının əsasını qoydu. Özünü isə xan elan etdi. Beləliklə, 1743-cü ildə ilk dəfə olaraq Azərbaycanda kiçik feodal dövləti olan müstəqil xanlıqların yaranmasının əsası qoyuldu. Nadir şah Hacı Çələbinin bu özbaşınalığı ilə razılaşmaq istəmirdi. Qışın sərtliyinə baxmayaraq o, Şəkiyə tələsir. Hacı Çələbi isə başa düşürdü ki Nadir şah mütləq ondan öz qəzəbinin əvəzini çıxacaq. Ona görə çoxlu ərzaq, sursat tədarük edərək, Şəki əhalisini şəhərdən 8 kilometr aralı qədim və möhkəm "Gələsən-görəsən" qalasına köçürməyi qərara aldı.
1744-cü ilin noyabrın 29-da Nadir Şəkiyə gəldi. Azərbaycana dördüncü yürüş edən Nadir şah 15 minlik qoşunla yolu dar dərələrdən keçdiyi üçün ordunun əsas qüvvələrini artilleriya ilə birlikdə Daşbulaq kəndi yaxınlığında Kotan düzündə qoyur. Şəkililərə carlılar, balakənlilər, dağıstanlılar kömək edirdilər. Şəkililər öz yerlərinin təbii şəraitindən yaxşı istifadə etdikləri üçün şah qoşunlarına arxadan zərbə endirirlər. 500 döyüşçü itirən şah Bərdəyə çəkilir. Bərdədə dincini aldıqdan sonra özü Dərbənd istiqamətinə hərəkət edir, oğlu Nəsrulla Mirzəni Qəzvinə göndərərək, Gilandan dənizlə Dərbəndə azuqə göndərilməsini əmr edir. Yol boyu bütün kəndləri qarət edir. 1745-ci ilin fevralında Ərəşə dönür, fevralın 13-də ikinci dəfə Şekiyə hücum edir. Şəkililəri itaətə gətirmək üçün yaşayış yerleri yaxınlığındakı əraziləri yandırır. Bu da kömək etmir. Şəkililər inadla vuruşurlar. Uğur qazana bilməyən şah şəhəri yandırmağı əmr edir. Qalanın müdafıəçilərinin əzmi qırılmır. Türkiyə ilə münasibətləri gərginləşdiyi üçün şah 5 aylıq basqınlardan sonra mayda Türkiyə sərhəddinə gəlir. 1745-ci ilin ortalarında Türkiyə-İran müharibəsi başlayır. "Gələsən-görəsən" qalası iki ildən çox mühasirədə qalır. Nadir şah qalanın mühasirəsində üç min döyüşçü saxlayır. Qalada ərzaq ehtiyatı qurtarır. Xalqı qırğına vermək istəməyən Hacı Çələbi 1746-cı ilin martında özü vəkil kimi qalmaqla, Nadir şahın hakimiyyətini tanımağa məcbur olur. Nadir isə güzəştə gedərək, yenidən Hacı Çələbini Şəkiyə vəkil təyin edir.
Qalanın müdafıəsi dayandırılsa da, Nadir şah qalanı tam tuta bilmədi. Xalq kütləsi yenidən 1747-ci ilin əvvəlllərində İran zülmünə qarşı üsyana qalxdı. Hacı Çələbi özünü mərkəzi Şəki olan müstəqil Şəki xanlığmm bakimi elan etdi.
1747-ci ildə Ərdəbildə və Təbrizdə Sam Mirzənin başçılığı ilə İran əleyhinə üsyan oldu. Bu, III Sam Mirzə idi. O, Novruz bayramının birinci gününü (21 martı) əfşarlara qarşı üsyan günü seçdi. Güclü silahlı dəstə ilə əfşar inzibati idarəsi nümayəndələrinin, demək olar ki, hamısını qılıncdan keçirdi. Özünü Təbrizdə hakim elan etdi.
Bu dövrün üsyanları eyni vaxtda başladığı üçün şah öz qüvvələrini parçalamağa məcbur olurdu. Lakin üsyanlar kortəbii və aydın məqsədli deyildi. Ancaq bütün İran dövlətini bürüdüyü üçün ölkədə gərgin iqtisadi vəziyyətin yaranmasına, sinfi mübarizənin artmasına səbəb olmuş, bu isə Nadir şah dövlətini süquta uğratmışdı. İranın özündə də dövlət əleyhinə çıxışlar olduğu üçün Nadir Azərbaycana cəza dəstəsi göndərə bilmir. 1747-ci il iyunun 19-da (bəzi məlumatlarda mayın 9-da) Nadir şah sui-qəsdlə öldürüldü.
Beləliklə, zor gücünə, silah gücünə yaranan bir dövlət zor gücünə də məğlub edilir. Əfşarlar sülaləsi süqut edir. Azərbaycan ərazisində müstəqil və yarımmüstəqil feodal dövlətləri olan xanlıqlar yaranır.
XVIII əsrin əvvəllərində Azərbaycan həmişə olduğu kimi zəngin təbii sərvətlərə malik idi. İqtisadiyatın əsas sahəsi əkinçilik və maldarlıq idi. Dənli bitkilər çox əkilirdi. Şirvan, Təbriz, Gəncə, Qarabağ, Şəki, Quba, Lənkəran və s. ərazilərdə buğda, arpa, çəltik, darı və s. becərilirdi. Süni suvarma kanalları, arx yə qanovlar var idi.
Ölkənin kənd təsərrüfatında ipəkçiliyin rolu böyük idi. Şirvan, Şəki, Ərəş, Təbriz, Gəncə, Quba, Lənkəranda keyfıyyət və kəmiyyətcə ferqlənən xam ipək hazırlanırdı.
Həmçinin texniki bitkilər olan pambıq və zəfəran da yetişdirilirdi. Suvarmaya daha çox ehtiyacı olan pambıq Mil, Muğan, Şirvan çöllərində becərilirdi. Zəfəran isə ancaq Abşeronda becərilirdi.
Qazax, Ərəş, Təbriz, Ərdəbil, Göyçay kəndlərində texniki bitki kimi küncüt əkilirdi.
Şəhər və kəndlərimizdə bağçılıq və bostançılıq mühüm yer tuturdu. Təbriz, Bakı, Şamaxı, Ordubad, Səlyan, üzümçülük, Gəncə, Quba, Şəki, Təbrizdə bağçılıq geniş inkişaf etmişdi.
Zəngin otlaq olan yerlərdə maldarlıq inkişaf etmişdi. Mil, Muğan, Şirvan, Qarabağ düzənlikləri, Böyük və Kiçik Qafqaz dağları maldarlıq üçün əlverişli idi.
Dənizkənarı sahillərdə və çay kənarlarında balıqçılıqla məşğul olurdular.
XVIII əsrin birinci yarısında Azərbaycanda əvvəllər olduğu kimi beş torpaq mülkiyyət forması var idi. 1) dövlət torpaqları -divani; 2) şah ailəsinə mənsub olan torpaqlar - xassə; 3) yerli feodallara məxsus torpaqlar - mülk; 4) dini idarələrə məxsus torpaqlar - vəqf; 5) kənd icmasının torpaqları - camaat torpağı adlanırdı.
Divani torpaqlarının ən yaxşı hissəsi dövlətə qulluq müqabilində feodallara tiyul adı ilə verilirdi.
Səfəvilər zamanı geniş yayılan vəqf torpaqları Nadirin zamanı müsadirə olundu, dövlətin ixtiyarına keçdi. XVIII əsrin I yarısnda əsasən iki sinif var idi: feodallar və kəndlilər. Feodallara xanlar, bəylərbəyləri, məmurlar aid idi.
Kəndlilər - rəiyyət, rəncbər və elatlar idi. Onlar vergi ödəyir və mükəlləfıyyət icra edirdilər.
Torpaq vergiləri (malcəhət, uşr, çobanbəyi) adambaşına alınan vergi (sər-şomari, cizyə), qoşun üçün (ulufa, sursat, əsbe çapar), hərbi qulluq mükəlləfıyyəti (çərik), şah və dövlət məmurlarının xeyrinə (rüsumat, təhzilat, peşkəş, xərac-e təyin mütərəddin), dövlət və feodallar üçün görüləcək işlər (biyar və əvariz), torpaqbasdı (rahdari) və s. var idi.
Vergidən yayınmaması üçün 15 yaşından yuxarı kişilər siyahıya alınırdı. Şah Sultan Hüseyn və II Təhmasib zamanı boşalan xəzinəni Nadir vergilər hesabına qaydaya saldı.
1739-1740-ci illərdə Nadir Hindistana səfərdən qayıdanda mövcud vəziyyətdən çıxmaq, öz nüfuzunu artırmaq üçün əhalini üç il vergidən azad edir. Lakin sonradan 100 minlik ordusunu saxlamaq üçün bağışladığı vergini zorla xalqdan yığır. Vəziyyəti ağırlaşan xalq üsyanlara qalxır.
Məlumdur ki, Azərbaycanın həm ərazi-coğrafı mövqeyi, həm sənətkarlıq nöqteyi-nəzərindən seçilən şəhərləri çox idi. Lakin həm xarici basqınlar, həm də feodal ara müharibələri bu şəhərləri bərbad vəziyyətə qoymuşdu. Ticarət, sənətkarlıq mərkəzləri zəbt olunurdu. Bu cəhətdən şəhərlər əsasən müdafıə qalalarına oxşayırdı. İri feodal zədaganlar öz evlərini şəhər daxilində tikirdilər.
Şamaxı üsyanı şəhərə böyük ziyan vurdu. Şəhər bir neçə dəfə əldən-ələ keçdi. Şəhərə Nadir tərəfidən vurulan zərbə uzun müddət şəhərin pis vəziyyətdə qalmasına səbəb olmuşdu. Şəhər Ağsuya köçürüldü. Yeni Şamaxı yaradıldı.
Azərbaycanm digər şəhərlərindən biri, uzun müddət paytaxt olan Gəncə idi. Gəncədə vaxtilə olmuş bir ingilis səyyahı şəhəri belə təsvir edirdi: "Gəncə Şamaxıdan dörd dəfə böyükdür. Şəhərdə əksəriyyəti iki mərtəbədən ibarət olan daş evlər, yaraşıqlı enli küçələr, böyük karvansaralar, qubernatorun (bəylərbəyin) əzəmətli sarayı vardır. Şəhərin ortasından qəşəng çay axır, burada çoxlu bağ vardır, yaxşı şərab hazırlanır, meyvəsi boldur... Bu İranın ən böyük şəhərlərindəndir". Gəncə zəngin təbii şəraitə malik idi. Ona görə şəhərdə sənətkarlıq yaxşı inkişaf etmişdi.
Təbriz həm sənətkarhq, ticarət, həm də siyasi cəhətdən inkişaf etmişdi. Beynəlxalq ticarət yolunun şəhərdən keçməsi buranın sosial-iqtisadi-siyasi əhəmiyyətini artırmışdı.
Şəhər həm də Şərqin mədəniyyət mərkəzlərindən biri idi. Ölkənin iqtisadi həyatında rol oynayan Bakı, Dərbənd, Naxçıvan, Lənkəran, Ərdəbil, Xoy, Maku, Urmiya, Astara kimi şəhərləri vardı. Onların bəziləri Rusiya, bəziləri isə Türkiyə tərəfindən işğal edilmişdi. Bakı nefti həmişə diqqət mərkəzində idi.
Sənətkarlığın inkişafı şəhərlərin coğrafı mövqeyi, ab-havası və ətraf mühitdən asılı idi. Sənətkarların əksəriyyəti əsnaf adlanan sex təşkilatları ətrafında birləşirdi. Əsnaflar Avropa şəhərlərində olan sex təşkilatlarından qat-qat zəif idi və ona görə də şəhər həyatında həlledici rol oynaya bilmirdilər.
XVIII əsrin birinci yarısında şəhərlər tənəzzül edirdi. Feodal patriarxal qaydalar hökm sürdüyü üçün ölkədən çox vaxt xammal ixrac olunurdu.
Şəhərlərdə ticarət böyük əhəmiyyət daşıyırdı. Mühüm ticarət mərkəzləri Şamaxı, Ərdəbil, Naxçıvan, Dərbənd, Təbriz, Gəncə, Bakı magistral beynəlxalq ticarət yollarının üstündə idi. Rus tacirləri öz karvanlarını cənuba doğru (Həştərxan Qızlar -Tərki — Dərbənd — Bakı — Şamaxı - Cavad - Lənkəran - Rəşt) aparırdılar. Lakin XVII əsrin sonu- XVIII əsrin əvvəlindəki Şərq ölkələrində olan iqtisadi böhran Azərbaycan ticarətinə də pis təsir göstərmişdi. Həmçinin Səfəvi-Osmanlı müharibələri, ticarət tranzit yollarına da pis təsir göstərmişdi. Volqa-Xəzər ticarət yolu Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalından sonra diqqət mərkəzində idi. Azərbaycan tacirləri də rus gəmilərindən istifadə edərək mallarını Həştərxana, oradan Rusiya daxilindəki şəhərlərə, hətta Avropa bazarlarına çıxarırdılar.
Liman şəhərlərindən ən əhəmiyyətlisi Bakı idi. Bakı körfəzi gəmilərin yan alması üçün əlverişli olmaqla yanaşı, Həştərxan və digər limanlar kimi qış mövsümündə donmurdu. Bu dövrdə Şamaxı da qızğın ticarət mərkəzlərindən idi. Onun ticarət mərkəzi kimi qalmasına səbəb Niyazabad limanı ilə əlaqədə olması idi. Rus elçisi A.P.Volinski hətta 1716-1718-ci illərdə Şamaxıda olarkən burada İngiltərə, Fransa, Hindistan kimi ölkələrin nümayəndələrini də gördüyünü söyləyirdi. Ümumiyyətlə, Azərbaycan bazarları Avropa və Şərq tacirləri üçün zəngin qazanc mənbəyi idi. Lakin Nadirin hakimiyyəti zamanı baş verən üsyanlar söz yox ki, ölkənin ticarətinə divan tutmuşdu.
Feodal istismarının güclənməsi, vergilərin artması, əhalinin vergidən boyun qaçırması, onların feodal mükəlləfıyyətlərini yerinə yetirməməsi və kütləvi halda yurdlarından qaçmasına səbəb olurdu.


Yüklə 59,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin