AZƏrbaycanda elektron hökumət təŞƏBBÜSLƏRİ VƏ onlarin həyata keçİRİLMƏSİ yollari



Yüklə 18,46 Kb.
tarix01.01.2017
ölçüsü18,46 Kb.
#4065
AZƏRBAYCANDA ELEKTRON HÖKUMƏT TƏŞƏBBÜSLƏRİ VƏ ONLARIN HƏYATA KEÇİRİLMƏSİ YOLLARI

Keçən əsrin sonlarından bütün dünyada İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) yüksək templə inkişaf etməyə başlaması Azərbaycanda da bu sahədə ciddi işlərin görülməsinə təkan verib. Yaxın tariximizə nəzər saldıqda görürük ki, Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də müstəqil bir siyasət apararaq uğurlar qazana bilib.

Bu məqalədə əsas məqsəd müstəqillik dövründə Azərbaycanda irəli sürülmüş və həyata keçirilmiş elektron hökumət təşəbbüslərinin qısa təhlilini verməkdir. Kütləvi proseslərin avtomatlaşdırılması sahəsində ilk böyük təcrübə kimi təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında əhəmiyyətli və yeni hesab edilə bilən bir hadisəni, Azərbaycanda ali və orta ixtisas təhsili məktəblərinə qəbul prosesinin avtomatlaşdırılması ilə məşğul olan bir qurumun-Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılmasını göstərmək olar. TQDK Azərbaycan Respublikasında ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə yaradılıb. TQDK yaradılan zamandan Azərbaycanda tələbə qəbulu mərkəzləşdirilmiş qaydada, test üsulu ilə avtomatlaşdırılmış formada həyata keçirilir.

1992-ci ildə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu birlikdə aparılırdı: abituriyentlər ərizələrində bu iki təhsil pilləsinin yalnız beş ixtisasını göstərə bilərdilər. Ərizələrdəki məlumatları 20-30 nəfərdən ibarət xüsusi operatorlar qrupu 15-20 gün ərzində kompyuterə daxil edirdi. Cavab kartları Türkiyə Respublikasında çap edilir, imtahandan sonra onlar yenidən qardaş ölkəyə aparılıb optik oxuyucu qurğu vasitəsilə oxunur və ixtisaslar üzrə yerləşdirmə aparılırdı. Həmin il komissiyada cəmi 5 ədəd IBM 286 kompyuteri var idi. İmtahan üçün test tapşırıqları bunkerdə bilavasitə müəllimlər tərəfindən bir variantda tərtib edilirdi. Vaxt keçdikcə bu qurumun işinin maksimal dərəcədə təkmilləşdirilməsi nəticəsində TQDK təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də nüfuzu olan işlək bir quruma çevrildi. Təkcə onu qeyd etmək lazımdır ki, TQDK-nın yaranma tarixindən cəmi bir neçə il sonra Ukrayna kimi bir ölkə bu qurumun tələbə qəbulu üzrə iş təcrübəsini öyrənmək üçün bizim ölkəyə müraciət etmişdi. Burada təhsilin qiymətləndirilməsi və monitorinqi sahəsində beynəlxalq tədbirlərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Qeyd edək ki, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 33-cü konfransı TQDK-nın təşkilatçılığı ilə 2007-ci ilin sentyabrında Bakıda keçirilmişdi.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompyuter texnologiyalarını nəinki yalnız tələbə qəbulu işinə, hətta tamamilə fərqli xarakterli kütləvi proseslərə də tətbiq etməyi təcrübədə sübut edib. Dövlət komissiyası tərəfindən keçirilən fənn olimpiadaları, monitorinq imtahanları, məhkəmə və prokurorluq orqanlarına namizədlərin test üsulu ilə seçilməsi, digər dövlət qurumlarında kadrların attestasiyasının aparılması və s. bu təcrübənin əyani nümunələridir. Mərkəzi Seçki Komissiyasının seçkilərin avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasını da TQDK-nın bu yönümlü fəaliyyətinin bir nümunəsi hesab etmək olar.

TQDK kimi bir qurumun yaradılmasının ardınca əsas məqsədi seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması və seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunması olan Dövlət Avtomatlaşdırılmış “Seçkilər” İnformasiya Sisteminin tətbiq olunması ölkədə İKT-nin kütləvi proseslərdə geniş tətbiq olunmasında böyük rol oynayıb.

Ölkəmizdə İKT-nin tətbiqi sahəsində atılmış ən böyük addım “Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya”nın qəbul olunmasıdır. 2003-2012-ci illər üçün nəzərdə tutulmuş bu strategiya 17 fevral 2003-cü il tarixində ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə qüvvəyə minib.

Milli Strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir.

Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Milli Strategiyanın əsas vəzifələrinə aşağıdakılar aiddir:

informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi; 
• cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması;
 
• vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;
•effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron hökumətin yaradılması, elektron ticarətin formalaşdırılması və inkişaf etdirilməsi; 
ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi;
 • xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanması və onun geniş təbliği; 
• inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi;
 
• ölkənin informasiya təhlükəsizliyinin təmin olunması;
 • ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası; 
• milli proqram vasitələrinin yaradılması, informasiya və kommunikasiya texnologiyaları məhsullarının istehsalının (İKT-sənayesinin) inkişaf etdirilməsi; • ölkənin “rəqəmsal geriliyinin” aradan qaldırılması. 

Strategiyanın həyata keçirilməsi nəticəsində dövlət idarəetməsində şəffaflıq təmin olunacaq, davamlı iqtisadi dirçəlişə nail olunacaq, əhalinin həyat şəraiti yüksək dərəcədə yaxşılaşacaq, ölkədə vahid elektron informasiya məkanı formalaşacaq, bütün vətəndaşlar üçün informasiya əldə etmək imkanları yaranacaq və milli maraqlar nəzərə alınmaqla ölkə ümumdünya elektron informasiya məkanına inteqrasiya olunacaq.

Respublikada İKT-nin inkişafına və daha da geniş tətbiq olunmasına səbəb olmuş ikinci böyük addım kimi Rabitə Nazirliyinin əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasını göstərmək lazımdır. Təkcə onu qeyd etmək lazımdır ki, nazirliyin yaradılmasından sonra cəmi yarım il ərzində dörd böyük beynəlxalq tədbir həyata keçirilib. Bundan başqa hər il keçirilən və artıq ənənəyə çevrilmiş Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgiləri ölkədə İKT-nin inkişafına öz əhəmiyyətli təsirini göstərir. Burada 2005-ci ildən başlayaraq regionda müntəzəm olaraq hər il keçirilən nadir və yeganə tədbir olan “Netty” Milli İnternet Mükafatını da qeyd etmək lazımdır. Bu müsabiqədə “Dövlət saytları” adlanan nominasiyada hər il dövlət strukturlarının ən yaxşı elektron resusları seçilir ki, bu da ölkədə “Elektron hökumət” konsepsiyasının həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Cəmiyyətdə informasiya texnologiyalarının, internetin geniş vüsət alması ilə əlaqədar eyni zamanda Dövlətin təhlükəsizliyinin təmin olunmasını tələb edir. Bu məqsədlə Azərbaycan Prezidentinin fərmanı ilə internet qlobal informasiya şəbəkəsi də daxil olmaqla, informasiya sistemləri və şəbəkələri, rabitə şəbəkələri vasitəsilə informasiya müdafiəsi həyata keçirilərkən Azərbaycan Respublikasının dövlət orqanlarında təhlükəsizliyi təmin etmək məqsədi ilə konkret vəzifələr müəyyənləşdirilib.

“Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya”`nın həyata keçirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” təsdiq edilib. Bu proqramı, ümumiyyətlə, “Elektron Azərbaycan” layihəsinin birinci mərhələsi hesab etmək olar.

Dövlət Proqramının məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən edilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq və icra etmək idi.

“Elektron Azərbaycan” layihəsinin birinci mərhələsinin həyata keçirilməsi nəticəsində ciddi nəticələr əldə olunub.

“Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya”nın həyata keçirilməsi yolunda daha bir dövlət proqramının qəbul olunması zərurəti meydana gəldiyindən Prezidentin 2010-cu il 11 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu proqramı “Elektron Azərbaycan” layihəsinin ikincı mərhələsidir.



Bu dövlət proqramının məqsədi milli strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsi idi. Bu dövlət proqramında qarşıya qoyulmuş məqsədlərə nail olunub. İstər “Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya”nın, istərsə də “Elektron Azərbaycan” layihələrinin əsas qayəsi Azərbaycanda Elektron hökumətin bərqərar olması, informasiya cəmiyyətinin qurulmasıdır. Azərbaycanın ilk peyki olan “Azərspace 1” telekommunikasiya peykinin orbitə buraxılması, “ASAN xidmət”in tətbiqi İKT-nin geniş tətbiq olunmasına bariz nümunələrdir. Sonda dövlət strukturlarının internet resurslarında yerləşdirilməli olan informasiyanın məzmunu və ümumiyyətlə, bu sahədə İKT-nin daha səmərəli tətbiq olunması üçün bəzi mülahizələrimi bildirmək istəyirəm. Elektron hökumət konsepsiyasının birinci şərti dövlətin bütün qanunverici və icraedici strukturlarında internet texnologiyalarının tətbiq olunmasıdır. Bununla bərabər dövlətin bütün veb-saytları üzərində özünəməxsus “çətir” rolunu oynayan dövlət portalı olmalıdır. Dövlət portalı dövlətin geniş spektrli online resurslarına elektron giriş qapısı rolunu oynamalıdır. Dövlət portalı vətəndaşa, iş adamına və məmura dürüst informasiya və elektron həllər təqdim etməklə onların dövlətlə internet mühitində təhlükəsiz və etibarlı əlaqəsini təmin etməlidir.

Ağamehdi Mehdiəliyev

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində  “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirdiyi analitik məqalə müsabiqəsi üçün


Yüklə 18,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin