AZƏrbaycanin ləNKƏran regionu toponiMLƏRİNİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
səhifə1/7
tarix26.02.2017
ölçüsü0,63 Mb.
#9842
  1   2   3   4   5   6   7

AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ


http://budaqbudaqov.com/index.php?option=com_content&view=section&layout=blog&id=8&Itemid=19

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV

Oxuculara təqdim olunan kitabda Lənkəran regionuna şərti daxil edilən Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad inzibati rayonları ərazisində qeydə alınmış 1330-a qədər coğrafi addan bəhs olunur. Lüğətə təbii vilayətdə mövcud olan yaşayış məntəqələri, dağ və çay adları ilə yanaşı ərazidəki bəzi güney, quzey, zirvə, yamac, təpə, dərə, göl, mərdo, bulaq, axmaz, kövşən və digər  coğrafi obyekt adları da daxil edilmişdir. İzahlı lüğət geniş oxucu kütləsi, mütəxəssislər və müəllimlər  üçün nəzərdə tutulmuşdur.

ÖN   SÖZ  ƏVƏZİ

Azərbaycanın hər bir bölgəsinin çox zəngin tarixi vardır. Belə bölgələrdən biri də Lənkəran təbii vilayətidir. Talış diyarı hələ antik dövrlərdə Midiya, Midiya Atropatena dövlətinn tərkibində, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin daxilində mövcud olmuşdur (59, 3). Bu diyarın coğrafi adlarının öyrənilməsi tədqiqatçıların diqqət mərkəzindədir. Coğrafi adların mənşəyinin elmi izahı oxucu kütləsinin marağını nə¬zərə alaraq Lənkəran regionun coğrafi adlarının izahlı lüğətini tərtib etmək qərarına gəldik.

Akademik B.Ə.Budaqova görə, toponimlər ən azı üç elmin qovuşağında yaranır. Onun fikrincə, coğrafi adlar tarix elmsiz köksüz, dilçilik elmsiz lal, coğrafiya elmsiz isə məkansızdır.

Müstəqil Azərbaycan Respublikasının cənub-şərqində yerləşən Lənkəran təbii vilayəti qərbdən və cənub-qərbdən İran İslam Respublikası ilə, şərqdən isə Xəzər dənizi ilə hüdudlanır. Lüğəti tərtib edərkən Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad inzibati rayonları ərazisində olan yaşayış məntəqəsləri, dağ və çay coğrafi adlarının izahına üstünlük verilmişdir.

Tarixçi Herodot (e.ə. V əsr) və yunan coğrafiyaşünası Strabon (e.ə. I əsr – e. I əsri) öz əsərlərində talışlar haqqında bəzi məlumatlar vermişlər (66, 5-6).

Adətən insanlar məskən saldıqları ərazilərə və başqa qonşu obyektlərə də adlar vermişlər. Yer kürəsində tez-tez yeni-yeni coğrafi adlar yaranır.

Toponimlər məna etibarı ilə onu yaratmış xalqın tarixi, dili, coğrafiyası, etnoqrafiyası, sosial-iqtisadi həyatı və təbii şəraiti ilə bağlıdır. Onları uzun ömürlü edən həmin ərazidə yaşayan əhalinin toponimləri yaşatması ilə əlaqədardır. Coğrafi adların hər biri tarixi keçmişimizin müxtəlif mərhələlərindən xəbər verir. Coğrafi adların mənşəyi o ərazilərdə tarixən yaşamış xalqlara mənsub dillə sıx bağlıdır. Toponimlər aid olduqları ərazidə məskunlaşmış xalqların dilinin aynasıdır. Elə buna görə də A.A.Bakı¬xanov qeyd edir: «…nəinki əsrlər, hətta min illər belə bu ərazinin (Azərbaycanın) adlarını məhv edə bilməmişdir» (14, 21).

Coğrafi adlarsız həyatı təsəvvür etmək mümkün deyildir. Onlarda o ərazidə yaşamış və ya yaşamaqda olan xalqların mədəniyyəti, iqtisadiyyatı, ictimai və sosial vəziyyəti, adət və ənənəsi yaşayır. Coğrafi adlar zəngin tarixi, coğrafi və linqvistik mənbədir. Rusiya toponimisti N.İ.Nadejdin XIX əsrin otuzuncu illərində yazmışdı: «Yer kürəsi elə bir kitabdır ki, bəşər tarixi orada coğrafi adlarla yazılmışdır» (183, 28).

Azərbaycan toponimiyasının ayrılmaz hissəsi olan Lən-kəran regionu coğrafi adlarının bəzilərinin mənşəyi haqda akad. B.Ə.Budaqov,  N.G.Məmmədov (54), M.Ə.Məm¬mə¬dov (94), Q.Ə.Qey¬bulla¬yev (85), Ə.Ə.Rəcəbov (66), M.O.Mirzəyev (59), N.Q.Nov¬ru¬zov (65), M.O.Mirzəyev, Ş.O.Ağayev (58), H.B.Hüseynba¬laoğlu, M.M.Talışlı (38), mülahizələrini və elmə əsaslanan fikirlərini açıqlamışlar. Tədqiqatçı toponimistlər adların mənşəyini əfsanə və rəvayətlər əsasında yox, elmi dəlillər əsasında izah etmişlər.

Talış regionunda təhrif olunmuş bəzi coğrafi adların düzgün yazılışı və mənası da lüğətdə öz əksini tapmışdır. Məsələn: Bədəlan kəndi – Bədəl adlı şəxsin məskən saldığı yer mənasında olduğu halda, toponim səhv olaraq talış dilində «bəd qarğalar» mənasında; Qarqalıq yaşayış məntəqəsi adının Karqalı etnonimini əks etdirdiyi halda – coğrafi adı qar-ğa və qarğı adı ilə əlaqələndirilməsi; Qodman kənd adı şəxs adı ilə əlaqədar yarandığı halda bu coğrafi adın ingiliscə, almanca və talış dillərində izahının səhv verilməsi; Əzizabad oykonimi şəxs adını əks etdirdiyi halda səhv olaraq Loşqəlinqə kimi; Ərkivan kənd adının düzgün olmayaraq talışca Əkəon, Akon formasında izahı; Lürən oykonimi bataqlıqda salınan kənd olduğu halda heç bir elmi əsası olmadan «lür»ün ilan; «lor»un tayfa adı olması; Hişqədərə yaşayış məntəqəsinn adı Qurudərədə salınan kənd mənasında olduğu halda toponimin Hişqədə kimi izah olunması (Masallı rayonu); Astara şəhəri talış dilində «aşağı yer» mənasında olduğu halda, bu toponimin Asta şəxs adı kimi verilməsi (Astara rayonu); Kosalar kənd adının nəsil adı daşıdığı halda, talışca «küəcə»nin «su qalan yer» kimi izah edilməsi (Lənkəran rayonu); Kürdəsər toponiminin Kürd Əsər mənasında olduğu halda «guruldayan dərənin başı», «girdə baş» mənasında verilməsi (Lerik rayonu); Avun kəndi şəxs adını daşıdığı halda, səhvən «sakitləş», «dincəl» və s. kimi izah edilməsinin ciddi elmi əsası yoxdur (58). Belə misalların sayını dəfələrlə artırmaq olar. Coğrafi adların səhv və ya səthi izah edilməsi tədqiqatçıların elmə əsaslanmamasından irəli gəlir. Elə bu vəziyyəti nəzərə alan akademik B.Ə.Budaqov «Toponimlərimizə deputat qay¬ğısı» adlı məqaləsində Astara, Lənkəran və Masallı inzibati rayonlarının ərazisində olan bəzi coğrafi adların (kənd, çay, dağ və s.) elmi izahını vermişdir (26, 4).

Hər bir toponimin etimoloji izahında coğrafi adın ilkin yazılış varinatı müəyyənləşdirilməli və həmin obyektə hansı xalqın dilində ad verilməsi sübuta yetirilməlidir. Hər bir coğrafi ad onun yarandığı dilin qanunları əsasında verilməlidir. Coğrafi adların izahlı tədqiqi dərin elmi analiz və yüksək təfəkkür tələb edir.

B.Budaqov yazır: «Mənim sədr olduğum Toponimiya Komissiyasının iş prinsipi belədir ki, dəyişilən coğrafi adlara, əsasən üç istiqamətdə yanaşılır. Biricisi, sovet dövründən qalan (məsələn Lenin, Kirov və başqaları ilə bağlı adlar) dəyişdirilməsi vacib olan coğrafi adların tarixi adını bərpa etməkdir. İkincisi, dəyişdiriləcək coğrafi adların tarixi kökünü araş-dırıb tapmaqdan və onları bərpa etməkdən ibarətdir. Üçün-cüsü isə coğrafi adların qrammatik baxımdan düzgün yazılışını müəyyən etməkdir. Bu halda danışıq dilində işlədilən coğrafi adları dil normasına salmağa çalışırıq (27, 4).

Toponimik tədqiqatların əsas meyarı ehtimal əsasında yaranan toponimlər deyil, elmi əsas olmalıdır. Toponimlərin öyrənilməsinin mühüm siyasi və dövlət əhəmiyyəti də vardır. Bəzi tədqiqatçılar coğrafi adları əsas götürərək təhrif olunmuş ərazi ideyasını irəli sürür. Məsələn, Azərbaycanın Balakən rayonu Nuxpati kəndinn adını dəyişdirərək onu Yolayrıcı adlandırmışlar. Bunu əsas götürərək gürcü tarixçisi Musxilişvili gürcülərin tarixi sərhəddini Nuxpatidən yox, Nuxadan keçdiyini iddia edir (102). Ehtiyatsızlıqla dəyişdirilən Nuxpati Gürcüstan alimlərinə tarixi təhrif etməyə imkan vermişdir. Coğrafi adların dəyişdirilməsinə ciddi yanaşmaq lazımdır.

Respublika toponimiyasının bir hissəsini təşkil edən talış mənşəli coğrafi adların özünəməxsus xüsusiyyətləri vardır. Bu toponimlər dünyanın qədim xalqlarından sayılan talışların dili, tarixi, adət-ənənəsi ilə sıx bağlıdır. Regionda talış və türk mənşəli toponimlər üstünlük təşkil edir. Bununla yanaşı, qismən fars, ərəb və slavyan mənşəli toponimlərə də rast gəlinir.

Bu kitabı yazmaqla biz Talış regionunda rast gəlinən coğ-rafi adların etimologiyası ilə geniş oxucu kütləsini tanış etmək məqsədini qarşıya qoymuşuq.

Lüğətdə izahı verilmiş toponimlərdən məlum olur ki, Talış zonasında azərbaycanlılarla yanaşı, talışlar da bu regionun qədim əhalisidir. Mənşəyi izah olunan toponimlər sübut edir ki, qədim dövrdə və erkən orta əsrlərdə regionda azərbaycanlılar hakim mövqedə durmuş və türk toponimik fonunda talış mənşəli toponimlər formalaşmışdır.

Kitabın geniş oxucu kütləsinə çatdırılması tariximizlə, dilimiz və etnoqrafiyamızla bilavasitə bağlı olan, həlli zəruri ehtiyacdan doğan vacib və aktual məsələlərdən biridir. Müasir dövrümüzdə düşüncə və davranışımıza getdikcə daha çox hakim kəsilən, bizim ziyalıların və əmək adamlarının xalqa münasibətdə məsuliyyət hissi xeyli artmışdır. Zaman vətəndaşlıq borcu kimi, keçmişə də ədalətli və obyektiv nəzər salmağı bizdən tələb edir. Tarixin ötən illərini müasir döv¬rü¬müzə olduğu kimi qaytarmaq mümkün deyildir. Yaxşı ki, keçmişimizi bu günümüzə calayan coğrafi adlarımız vardır.

Azərbaycanın hər bir guşəsinin, o cümlədən Lənkəran təbii vilayətinin çox zəngin tarixi vardır. Bu diyarın toponimiyasının öyrənilməsi, həmişə olduğu kimi, indi də toponimistlərin diqqət mərkəzindədir. Ona görə də, müəlliflərin yazdığı kitabın ərsəyə çatması dövrün tələbindən irəli gələn bir təşəbbüsdür. Regionun toponimiyasının öyrənilməsinə həsr olunmuş kitabda ərazinin coğrafi adlarının yaranması və formalaşmasında iştirak edən zəngin xalq coğrafiya terminlərinə də rast gəlinir.

Talış dilində olan bir neçə yaşayış məntəqəsinin adını Azərbaycan dilinə çevirdikdə onların lüğəti mənası anlaşılır. Bu da, həmin coğrafi adların yadda saxlanılmasına kömək edir.

Əsərdə izah olunan toponimlərə (iti axan çay, sucaq, güney, bataqlıq, sulu yer, dəmirağacı, istibulaq, yeddibulaq, yaşıloba, çökəkoba və s.) insan əli ilə yaradılmış bağ-baxça (gilaslı, güllü, heyvalı, çəltikli, yeni arx, yanmış bataqlıq) tarixin yaddaşını özündə saxlayan (qalayeri, çökək çala, kənd¬üstü, qayıqlı, yeni dəyirman), sənət bildirən (dəmirçi), relyefin xarici görkəmini göstərən (əyri tirə, qoşa çökək və s.), vaxtilə boş qalmış geniş çöllərdə salınmış kəndlərə (çaqqal ulaşan) maraqlı adlar verilmişdir. Bəzi çətin anlaşılan yaşayış məntəqəsi adlarının mənası izah edildikdə talış dilini bilmə-yən oxucuda aydınlıq yaranmır.

Yaxşı olar ki, talış dilində olan kənd, qəsəbə, məhəllə və digər coğrafi adların kökü saxlanılmaqla Azərbaycan dilində mənası göstərilsin. Talış dilinə mənsub olan coğrafi adları Azərbaycan dilinə çevirəndə toponimlər şəffaflaşır və o kəndlərin adlarının yaranma səbəbi üzə çıxır.

Aparılan araşdırmalar regionda əksər paleotoponimlərin qədim türk-Azərbaycan mənşəli olduğunu göstərir.

Talış mənşəli oykonimlər içərisində etnik adlarla bağlı olan yaşayış məntəqələri azlıq təşkil edir.

Yerli əhali coğrafiya terminlərini iki qrupa: qədim türk-Azərbaycan mənşəli və irandilli terminlərə ayırır:

Azərbaycan – türk mənşəli terminlərdən «alp» - qoçaq, igid, «aran» - isti yer, «ər» - cəsur, məğrur, «ban» - hündür, «var» - kənd, «ükü» – mağara, «sarp» - uçqun, «ulum» - keçid mənasında olmaqla regionda çoxlu toponimlərin yaranmasında iştirak etmişdir.

Talış mənşəli xalq coğrafiya terminləri də aşağıdakı məna çalarlarına malikdir: «ru» - çay, «pestə» - təpə, «bil»-bataqlıq, «band» - dağ, «se» - iştil, «di» - kənd, «dast» (dəşt) – səhra, «haym» - güney, «hal» - qaya, «kələ» - böyük, «ləj» - sucaqlıq, «pen» - yuxarı, «si» - qırmızı, «siya» - qara, «zərd» - sarı, «lərmə» - dayaz, «nüvə» - təzə, yeni və s.

Lənkəran regionunda bəzi kənd adları qədim türk mənşəli tayfaların adlarını əks etdirir: Edişə, Gəgiran, Qızılağac, Ləzran, Pirembel, Seyidlər, Satırlı, Şatıroba, Təklə, Tülü, Türkoba, Yardımlı və s.

Kitabı yazarkən çoxlu arxiv sənədləri, mənbələr və elmi əsərlərə istinad etməklə region toponimlərinin mənşəyinin elmi izahına, hər bir adın yaranması tarixinə, keçmiş adına və düz¬gün yazılış variantının təyininə xüsusi diqqət yetirilmişdir.

Lənkəran regionunun 1330-a qədər coğrafi adını əhatə edən ilk izahlı toponimik lüğətdə bəzi nöqsanlar da ola bilər. Oxucularımıza əsərdə mövcud olan bəzi mübahisəli fikirlərə münasibət bildirmələrinə görə qabaqcadan öz təşəkkürümüzü bildiririk.

A

ABAZALLI KƏNDİ. Cəlilabad r. Əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi.



ABBASABAD KƏNDİ. Yardımlı r. Abbas – (şəxs adı) və «abad» - abadlaşdırmaq deməkdir. Abbasabad k. «Abbasın bina etdiyi kənd».

ABBASALILI  KƏNDİ. Cəlilabad r. Abbasalı – şəxs adı və «lı» nəsil mənsubiyyəti bildirən  şəkilçi ilə düzəlmişdir.

ABBASBƏYLI  KƏNDİ. Masallı r. Abbasbəyli - nəsil adıdır.

ABBASLI MƏHƏLLƏSİ Masallı r. Abbaslı nəsil adı ilə məhəllə sözünün birləşməsidir.

ABDINLI  KƏNDİ. Yardımlı r. Abdınlı coğrafi adı Abdinli nəsil adının təhrifidir. Abdın şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

ABDULHƏSƏN  BULAĞI. Cəlilabad r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

ABDULLU  KƏNDİ. Cəlilabad r. Kənd adını Qızılbaş tayfası şamlının bir tirəsi «abdullu» etnonimindən almışdır.

ABI  BULAĞI. Masallı r. Bulaq vaxtilə suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

ABIŞABAD  KƏNDİ. Cəlilabad r. Toponim Abış şəxs adı və «abad» sözlərindən ibarətdir.

ADINAKÜÇƏRU  ÇAYI. Lerik r. Adın şəxs adı, «a» birləşdirici sait, «küçə» Azərbaycan dilində kənd, məhəllə, «ru»  isə talış dilində çay deməkdir.

ADNALI  BULAĞI. Cəlilabad r. Hidronim «Adnalı» kənd adı və «bulaq» sözlərinin birləşməsindən yaranmışdır. Bax: Adnalı kəndi.

ADNALI  KƏNDİ. Cəlilabad r. Adna şəxs adı və «lı» nəsil mənsubiyyətini bildirən şəkilçidir.

ADNALI  ÖRÜŞÜ. Cəlilabad r. Coğrafi ad Adnalı kənd adı və «örüş» sözlərinin birləşməsindəndir.

AĞACBULAQDƏRƏ  ÇAYI. Yardımlı r. Hidronim ağac, bulaq və dərə sözlərindəndir.

AĞABALABAND   DAĞI. Lerik r. Coğrafi adın tərkibindəki Ağabala şəxs adı, «band» talışca dağ, yüksəklik deməkdir.

AĞAKIŞIBƏYLI  KƏNDİ. Masallı r. Ağakişibəyli nəsil adıdır.

AĞAMƏMMƏDLI  KƏNDİ. Cəlilabad r. Ağaməmməd şəxs adı, «li» nəsil mənsubiyyətini bildirən şəklçidir.

AĞAŞBƏYLI KƏNDİ. Masallı r. Ağaşbəy şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

AĞÇAY. Lerik r. Hidronim «ağ» və «çay» topokomponentlərinin birləşməsindən yaranmışdır.

AĞBULAQ BULAĞI. Cəlilabad r. Suyu keyfiyyətli bulaq deməkdir.

AĞBURUN DAĞI. Yardımlı r. Dağ adındakı «ağ» rəng, «burun» isə dağın çıxıntısı mənasındadır.

AĞBULAQ  KƏNDİ. Cəlilabad r. Oykonim «ağ» və «bulaq» sözlərinin birləşməsindən yaranmışdır.  Bax: Ağbulaq bulağı.

AĞDAŞ KƏNDİ. Cəlilabad r. Oykonim «ağ» və «daş» topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir.

AĞDƏRƏ. Yardımlı r. «Ağ» rəng anlayışını bildirən söz və «dərə» termininin birləşməsindəndir.

AĞKÖRPÜ MİNERAL BULAĞI. Astara r. Toponim «Ağkörpü yaxınlığında mineral bulağı» mənasındadır.

AKUŞAPEŞTƏ  KƏNDİ. Lerik r. Oykonim Akuşa pirinin adından və talış dilindəki «peştə» təpə, yüksəklik sözlərindən ibarətdir (Akuştəpə kəndi).

AĞQIŞLAQ  KƏNDİ. Lerik r. Oykonim «ağ» və «qışlaq» topokomponentlərindən yaranmışdır.

AĞQOBU ÇAYI. Masallı r. Coğrafi ad «ağ» və «qobu» komponentlərindəndir.

AĞYURD DAĞI. Yardımlı r. Toponim «ağ» və «yurd» topokomponentlərindəndir.

AĞYURD DAĞI. Lənkəran r. Oronim ərazisində vaxtilə mövcud olmuş Ağyurd kənd adı və «dağ» sözlərinin birləşməsindəndir.

AXTAXANA  KƏNDİ. Cəlilabad r. Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli «padar» tayfasının bir qolu olan «axtaçı» tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan «çı» şəkilçisi düşmüşdür. «Xana» isə ev məkan bildirir.

AXUNAHIRAN  KƏNDİ. Lerik r. Toponim talış dilindəki «ahunakər» dəmirçi və «an» cəm şəkilçisindən ibarət olub, dəmirçilər deməkdir. Coğrafi adın düzgün yazılışı - Ahunakəran olmalıdır (Dəmirçilər kəndi).

AXUNDUN  YOLƏHISI. Lerik r. Coğrafi ad Axund şəxs adı, «yoləhi» talış dilində böyük əkin yeri sözlərindəndir (Axundun kəndi).

AKUŞƏHONU  BULAĞI. Lerik r. Akuşə Akuşəpeştə kənd adının təhrif (ixtisar) forması, «honi» komponenti isə talışca bulaq deməkdir. Bax: Akuşəpeştə  kəndi.

AQUSƏM  ÇAYI. Cəlilabad r. Hidronim «ağ» və «üzən» – çay sözlərinin birləşməsindən yaranaraq «Ağ çay» mənasındadır. Aqusəm Ağüzən adının təhrif formasıdır (Ağçay).

AQUSƏM  KƏNDİ. Cəlilabad r. Coğrafi ad Aqusəm çay adı və «kənd» sözlərindəndir. Bax: Aqusəm çayı.

AQUSƏM  QIRAĞI (ƏRAZI). Cəlilabad r. Yerli sakinlər qıraq sözünü «kənar», «təpənin başı» və s. mənalarda işlədir. Bax: Aqusəm kəndi.

ALAŞA  ÇAYI. Lerik r. Toponim Alaşa kənd adı və çay sözlərinin birləşməsindəndir. Bax: Alaşa kəndi.

ALAŞA  DÜZÜ. Astara r. Toponim Alaşa kənd adı və «düz» sözlərinin birləşməsindən yaranıb. Bax: Alaşa kəndi.

ALAŞA  KƏNDİ. Astara r. Coğrafi adın tərkibindəki «ala» komponenti qədim türk dillərində «böyük», «şa» isə talış dilində həyat sözünün qədim variantı olub «böyük həyat» böyükş yaşayış məntəqəsi mənasındadır.

ALAŞA MINERAL BULAĞI. Astara r. Hidronim Alaşa kənd adı və «mineral bulaq» sözlərindəndir. Bax: Alaşa kəndi.

ALAŞAR-BUROVAR  SIRA DAĞLARI. Lənkəran r. Oroni-min tərkibindəki Alaşar sözü talışca «alçaq dağlar», «burovar» komponenti isə «hündür», «yüksək» anlayışını bildirir.

ALAŞAR  KƏNDİ. Cəlilabad r. Alaşar kənd adının mənası talış dilində «alçaq dağlıq yer» deməkdir.

ALBALAN  DAĞI. Cəlilabad r. Oronim Albalan kənd adı və «dağ» topokomponentlərindəndir. Bax: Albalan kəndi.

ALBALAN KƏNDİ. Cəlilabad r. Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır.

ALCABULAQ  KƏNDİ. Yardımlı r. Yerli sakinlərin deməsinə görə kəndin əsil adı Sağolcan olmuşdur. Sağolcan isə XIX əsrdə Lənkəran qəzasında yaşamış Təklə tayfasının tirələrindən birinin adıdır. 1980-ci illərdə guya kəndin adı pis səsləndiyinə görə dəyişdirilərək Ağbulaq adlandırılmışdır.

ALÇALIQ  DAĞI. Lerik r. Oronim «alça ağaclarının sıx olduğu bağlıq» mənasındadır.

ALÇALI  DƏRƏSİ. Cəlilabad r. Oronim Alçalı dərə mənasındadır.

ALÇALIQ  MEŞƏSİ. Lənkəran r. Meşənin adı «alça ağaclarından ibarət bağ» adındandır.

ALIKÜLƏT MEŞƏSİ. Lerik r. Alı şəxs adı, «külət» talışca «təmizləmək» komponentlərindəndir. Alı təmizləyən meşə deməkdir.

ALIŞAR  KƏNDİ. Yardımlı r. Alışar Alaşa toponiminin təhrif olunmuş formasıdır. Alaşar talışca «alçaq dağlıq yer» deməkdir. Bax: Alaşar kəndi.

ALIŞANQIRAN ƏRAZİ. Cəlilabad r. Toponim Alışan şəxs adı və «qıran» sözünün birləşməsindən yaranmışdır.

ALIŞANLI  KƏNDİ. Masallı r. Alışanlı nəsil adıdır.

ALLAHVERDI  TƏPƏSİ. Lerik r. Coğrafi ad Allahverdi şəxs adı və «təpə» sözlərinin birləşməsindəndir.

ALLAHVERƏNLİ  KEÇİDİ. Cəlilabad r. Toponim Allahverənli kənd adı və «keçid» topokomponentinin birləşməsidir. Bax: Allahverənli kəndi.

ALLAHVERƏNLI KƏNDİ. Cəlilabad r. «Allahverən» - şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

ALLAHYARLI  KƏNDİ. Masallı r. Toponimin tərkibindəki Allahyar şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəklçidir.

ALLAR  KƏNDİ. Cəlilabad r. Oykonim əslində Alar olmalıdır. Alar tayfası XIII əsrdə monqol yürüşlərində iştirak etmiş türk mənşəli «oyrat» tayfasının bir qolu olmuş və həmin əsrdə bu əraziyə köçürülmüşdür.

ALMALI  DAĞI. Cəlilabad r. Oronim alma ağac adından və «dağ» sözünün birləşməsindəndir.

ALMU  KƏNDİ. Lerik r. Bu yaşayış məntəqəsinin talış dilində «qartal qalası» mənasında olması zənn edilir (Qartal qalası kəndi).

ALMUBAND DAĞI. Lerik r. Toponim Almu kənd adı ilə «band» (talışca dağ) sözlərinin birləşməsidir (Qartal qalası dağı).

ALPAN DÜZÜ. Yardımlı r. Toponim Alban etnonimi ilə «düz» termininin birləşməsindəndir. «Alp» qədim türk dillərində igid, cəsur, yüksək, hündür və s. mənalarında, «an» - isə yer, məkan deməkdir.

ALVADI  ÇAYI. Masallı r. Coğrafi ad Alvadı kənd adı və «çay» sözlərindən yaranmışdır.

ALVADI  KƏNDİ. Masallı r. Əsil adı Əlvənddir. Əli şəxs adı, «vənd» isə fars dilində nəsil deməkdir. Əlvənd Əli nəsli deməkdir.

AMBABU  KƏNDİ. Astara r. Amba talışca «anbar», «bu» - nun isə yer mənasında olması ehtimal edilir (Anbar yeri).

AMBU  KƏNDİ. Lerik r. Coğrafi ad Ambuhoni adından təhrifdir. Ambu talış dilində «armud», honi «bulaq» deməkdir (Armudlu bulaq kəndi).

AMBUBAND  DAĞI. Lerik r. Ambu talışca armud, «band»  dağ  mənasındadır (Armudlu dağ).

AMBURDƏRƏ  KƏNDİ. Lerik r. Toponimin düzgün adı  Ambudərə olmalıdır. Ambu talışca «armud» və azərbaycan¬ca «dərə» deməkdir (Armudludərə).

AMBUDƏRƏ MƏHƏLLƏSİ. Lerik r. Armudludərə məhəlləsi.

AMBURDƏRƏ  MƏHƏLLƏSİ. Lerik r. Bax: Amburdərə kəndi.

AMBURDON NISO QUZEYİ. Lerik r. Toponim talışca amburdon «dəmir» və «niso» ağac sözlərindəndir (Dəmir¬ağaclı şimal yamac).

AMBURNƏ  TƏPƏSİ. Lerik k. Amburnə talış dilində dəmir ağacı deməkdir.

AMBUYƏDIMƏ  YAMACI. Lerik r. Talış dilində ambu «armud», «yə» birləşdirici, «dimə» - yamac mənasındadır (Armudlu yamac kəndi).

AMBUZƏMI  DAĞI. Lerik r. Talış dilində ambu «armud», «zəmi» yer sözlərindəndir (Armudlu zəmi dağı).

ANCƏQƏV KƏNDİ. Lerik r. Talış dilində ancə «meşə» və «qəv» girəcək komponentlərindəndir (Meşəbası kəndi).

ANDREYEVKA KƏNDİ. Cəlilabad r. Bax: Qarazəncir kəndi (Andreyevka şəxs adı).

ANDURMA  KƏNDİ. Lerik r. Andurma talış dilində «dəmir ağacı» deməkdir (Dəmirağacı kəndi).

ANQILHONI BULAĞI. Lerik r. Talışca anqıl (anqılı)  «ağacın kökü», «honi» «bulaq» deməkdir (Ağacın kökündən çıxan bulaq).

ANQOLOVİBƏND DAĞI. Lənkəran r. Dağ adındakı komponentlər anqolov talış dilində «cır xurma», «i» birləşdirici sait, «band» (bənd) isə dağ deməkdir (Cır xurmalı dağ).

AHOBAND DAĞI. Lənkəran r. Oronimin tərkibindəki aho  sözünün mənası bilinməsə də, ikinci komponenti olan «band» dağ mənasındadır.

ANZOV KƏNDI. Yardımlı r. Kəndin keçmiş adı Zivirs olmuşdur. Oykonimin talış dilində «oğlanlar», «igidlər» mənasında olması zənn edilir.

ANZOVLU  KƏNDI. Lerik r. Anzovlu Ənzəli adının təhrif formasıdır. Kənd adı İranın Ənzəli şəhərindən köçüb gəlmiş  əhalinin məskunlaşması nəticəsində yaranmışdır.

ARAN KƏNDİ. Lerik r. Aran qədim türk dillərində «isti yer» mənasını ifadə edir. Bizcə, toponim türkdilli Uran etnotoponiminin təhrif olunmuş variantıdır. Uranlar mənşəcə qıpçaq tayfalarından biridir.

ARPALIQ KƏNDİ. Cəlilabad r. Oykonim arpa topokomponentindən və «lıq» sözdüzəldici şəkilçisindən ibarətdir.

ARTA  KƏNDİ. Lerik r. Türk dillərində arta (artı) sözünün «dağ keçidi», «sıldırım yer» məna çalarları vardır (Aşırım kəndi).

ARTUPA  KƏNDİ. Astara r. Oykonim türk mənşəli art (arta) «dağ keçidi» və «upa» (oba) sözlərindəndir. Bax: Arta kəndi (Dağ keçidində olan kənd).

ARUS  KƏNDİ. Yardımlı r. Arus qədim türkdilli tayfalardan birinin adıdır. Toponimin Orus, Ərus, Urus və s. yazılış variantları da vardır.

ARVANA  KƏND YERI. Yardımlı r. Arvana dəvənin bir növü¬nün adındandır.

ARZINƏ  ŞOTONU. Lerik r. Arzinə talış dilində «darı», «şotonu» isə zəmi deməkdir (Darılı zəmi).

ASXANAKƏRAN  KƏNDİ. Astara r. Asxana talış dilin¬də «dəmirçi», «kəran» yaşayış yeri deməkdir (Dəmirçilər kəndi).

ASTANABAD  KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki Astan sözü şəxs adı, «abad» isə «abadlaşdırmaq» mənasındadır.

ASTANLI  KƏNDİ. Cəlilabad r. Astan şəxs adı, «lı» - nəsil mənsubiyyəti bildirən şəkilçidir.

ASTANLI  KƏNDİ. Yardımlı r. Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirir. Kənd XVIII əsrin əvvəllərində salınmışdır.

ASTARA  ÇAYI. Astara r. Çay Astara yaşayış məntəqəsinin adındandır. Bax: Astara şəhəri.

ASTARA  MINERAL  BULAĞI. Astara r. (İstisu çayının dərəsində). Hidronim Astara çay adı və «mineral bulaq» sözlərindəndir. Bax: Astara şəhəri.

ASTARA ŞƏHƏRİ. Astara r. Oykonim fars (talış) dilində «aşa-ğı yer», «düzənlik», «çökək yer» mənasındadır (Aşağıda yerləşən şəhər).

ASTARXANKA  KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsinin sakinləri 1845-ci ildə Rusiyanın Həştərxan quberniyasından köçmüşlər.

AŞAĞI AMBURDƏRƏ  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı ambur komponenti talışca «dəmirağac» və Azərbaycan dilindəki «dərə» sözlərindən ibarətdir (Aşağıdəmirağac kəndi).

AŞAĞI  APU  KƏNDİ. Lənkəran r. Kənd adının əşli Aspu sö-zündən təhrifdir. Aspu talışca «atlı» deməkdir (Aşağı Atlı kəndi).

AŞAĞI ASTANLI  KƏNDİ. Yardımlı r. Oykonimin tərkibindəki Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir. Aşağı komponenti isə kəndin coğrafi mövqeyini əks etdirir.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin