Azərbaycanın kimya sənayesi
haqqında
Oktyabr 2014
Azərbaycanın kimya sənayesi
Qısa tarixi icmal
Azərbaycanda kimya və neft-kimya sənayesinin təməlinin qoyuluşu XIX
əsrin 60-70-ci illərinə təsadüf etməklə bilavasitə neft emalı sənayesinin inkişafı ilə
bağlı idi. O dövr üçün Azərbaycanın yeni bir sənaye sahəsi olan kimya sənayesi
məhz XIX əsrin sonlarından başlayaraq mürəkkəb və uzun bir tərəqqi yolu
keçmişdir.
Ölkədə ilk kimya sənayesi müəssisəsi – sulfat turşusu zavodu 1879-ci ildə
Bakıda yaradılmış, 1883, 1885 və 1889-cu illərdə daha üç sulfat turşusu zavodu is-
tifadəyə verilmişdi. 1885-ci ildə qələvi neft qalıqlarını yandırmaqla natrium-karbo-
nat və ondan natrium-hidroksid alınması üsulu işlənib hazırlanmışdı. Neftayırma
zavodlarının sulfat turşusuna və kaustik sodaya olan tələbatı ilə bağlı həmin məh-
sulların istehsalı da artırılmışdı.
Azərbaycanda zəngin kükürdlü kolçedan yataqları olmasına baxmayaraq,
kükürd turşusu zavodları, əsasən, kənardan (Uraldan) gətirilən xammaldan istifadə
edirdi. Bununla belə, Gədəbəydən gətirilmiş mis filizi kimya zavodlarının birində
sınaqdan keçirilmiş (1894) və kolçedan yanıqları əsasında mis kuporosu istehsalı
mənimsənilmişdir (1895). 1894-cü ildə sabun surroqat zavodu, 1906–16-ci illərdə
oksigen və tartarat turşusu istehsal edən kiçik müəssisələr yaradıldı. 1916-ci ildə
oksigen, mis kuporosu, azot, tartarat, kükürd və s. istehsal edən 8 kimya müəssisəsi
fəaliyyət göstərirdi.
Kimya məhsulları istehsalı son dərəcə qeyri-bərabər və birtərəfli inkişaf
etdirilirdi. 1920–28-ci illərdə mövcud kimya zavodları bərpa olunmuş və müasir
texnika ilə təchiz edilmişdi. 1926–30-cu illərdə keçmiş SSRİ-də ilk dəfə olaraq,
buruq sularından yod alınması üsulları işlənib hazırlandı və bunun nəticəsində
Neftçala yod-brom (1931), Suraxanı (1931) və Ramana (1932) yod zavodları işə
salındı. Beləliklə, yod-brom sənayesinin əsası qoyuldu. 1934-cü ildə Binə kanal-
duda və 1939-cu ildə Qaradağ duda zavodlarının işə düşməsi duda sənayesinin ya-
ranmasına və inkişafına səbəb oldu.
İkinci dünya müharibəsi illərində kimya sənayesi cəbhəni və arxanı lazımi
məhsullarla təmin edirdi. 1944-cü ildə Suraxanı və Ramana yod zavodları əsasında
Bakı yod zavodu yaradıldı. 1943-cü ildə Sumqayıtda kimya zavodunun tikilməsinə
başlanıldı və 1945-ci ildə zavodda ilk məhsul – kaustik soda alınmış, 1979-cu ildə
zavodun əsasında istehsal birliyi yaradılmışdı.
İkinci dünya müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti
işlərinə fasilə verilmiş, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl
olaraq ağır sənaye müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk,
Alüminium, Superfosfat zavodları istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə
verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi
hesab olunurdu.
70-80-ci illərdə həmin zavodlar tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin,
demək olar ki, hər yerinə məhsul ixrac etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın
Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur.
1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya,
yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və
propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə
respublikanın neft emalı zavodlarının karbohidrogen xammalından istifadə
olunması nəzərdə tutulurdu. Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl
texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ
miqyasında çox böyük bir hadisə idi. Məhz EP-300 qurğusunun sayəsində Etilen-
polietilen zavodu hal-hazırda dünya bazarında tələbatın böyük olduğu yüksək
keyfiyyətli polietilen istehsal edir və bu gün həmin qurğu respublikamızda kimya
kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır.
Həmin dövrdə EP-300-lə eyni vaxtda onun bir növ texnoloji davamı olan,
polietilen istehsalı üçün nəzərdə tutulmuş “Polimir-120” kompleksinin də əsası
qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib
idi ki, əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə
respublikanın neft emalı zavodlarında istehsal olunan karbohidrogen
məhsullarından alınırdı.
Müasir vəziyyət və perspektivlər
1992-ci ildə Azərbaycan kimya sənayesinin mərkəzi dövlət strukturu-
“Azərikimya” dövlət şirkəti yaradıldı. Şirkətin tərkibinə respublikanın bütün kimya
və neft-kimya müəssisələri - Bakının Şin, Rezin-texniki məmulatlar, Yod-brom,
Məişət kimyası, Superfosfat, Mexaniki-təmir, Mingəçevirin “Azərizolit”, Rezin-
texniki məmulatlar, Şüşə lifləri, Regenerat, Neftçalanın Yod-brom, Salyanın
plastik kütlə emalı, həmçinin Elmi-Tədqiqat “Olefinlər” və “Azərikimya” Dövlət
Layihə institutları daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 22 mart 2001-ci il tarixli
Sərəncamı ilə “Azərikimya” DŞ-nin 17 müəssisəsi 2-ci Dövlət Özəlləşdirmə
Proqramına uyğun olaraq, özəlləşdirməyə elan edilmişdir. Həmin müəssisələrdə
polietilen, propilen oksidi, propilen, poliefir qətranı, texniki və mütləqləşdirilmiş
izopropil spirti, kaustik soda, maye xlor, xlorid və sulfat turşusu və s. kimyəvi
məhsullar istehsal olunurdu.
2001-ci ildə kimya sənayesinin bütün gələcək inkişafında həlledici rol
oynayan nəhəng və unikal bir istilik-enerji kompleksinin-Sumqayıt kimya
müəssisələrini sabit elektrik enerjisi və yüksək təzyiqli buxarla tam və bütünlüklə
təmin edən Buxar-generator qurğusunun (BGQ) buraxılışı oldu. BGQ dövlət
zəmanəti ilə Yaponiyanın EKSİM Bankından alınmış kredit hesabına Etilen-
Polietilen zavodunda tikildi. Tikintiyə 1998-ci ilin avqust ayından başlanıldı.
Müqavilənin şərtlərinə görə ümumi kreditin 85%-i (75 mln. ABŞ dolları) hökumət
zəmanəti ilə EKSİM Bank, 15%-i isə (13,238 mln. ABŞ dolları) Avropa
Beynəlxalq Bankının zəmanəti ilə Niçimen korpareyşn tərəfindən verilmişdir.
BGQ işə salındıqdan sonra “Azərikimya” DŞ müəssisələrində istifadə
olunan elektrik və istilik enerjisinin, son nəticədə isə istehsal olunan yekun
məhsulların maya dəyəri xeyli aşağı düşmüşdür ki, bu da onların sərfəli qiymətlə
dünya bazarına çıxarılması, müəssisələrin bir çoxunun gəlirlə işləməsinə səbəb
olmuşdur.
Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli
Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla ARDNŞ-in
tərkibində "Azərikimya" İstehsalat Birliyi təsis olundu. Onun strukturuna "Etilen-
Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu,
"Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi,
Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir.
Birliyin "Etilen-Polietilen" zavodunda 260000 ton/il gücündə etilen, 136000
ton/il gücündə propilen, 156000 ton/il gücündə polietilen, 25000 ton/il gücündə
TİPS, 24400 ton/il gücündə MİPS, 1750 ton/il gücündə MDİPE, Üzvi Sintez
zavodunda 15000 ton/il gücündə propilen oksidi, 8000 ton/il gücündə propilen
qlikol, 10800 ton/il gücündə poliefir qətranları, Səthi Aktiv Maddələr zavodunda
41000 ton/il gücündə kaustik soda, 36300 ton/il gücündə xlor, 8000 ton/il gücündə
sulfat turşusu və 2550 ton/il gücündə quru natrium karbonat istehsalatları var.
Yaxın gələcəkdə Sumqayıtda kimya sənaye parkının yaradılması nəzərdə
tutulur ki, bu da ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı yeni iş yerlərinin
açılmasına və gənc mütəxəssislərin işə cəlb olunmasına şərait yaradacaqdır.
Hazırda "Etilen-Polietilen" zavodunun EP-300 və Polimir-120 qurğularında
rekonstruksiya aparılması üçün tədqiqat işlərinə başlanmışdır. Tədqiqat işlərindən
sonra hər iki qurğuda həyata keçiriləcək rekonstruksiya zamanı mənəvi-fiziki
köhnəlmiş avadanlıqların daha müasir avadanlıqlarla əvəzlənməsi, texnoloji
prosesin nəzarət-ölçü sisteminin modernləşdirilməsi, layihə gücünün artırılması,
yeni xammal növlərinin - qaz fraksiyalarının tətbiqi nəzərdə tutulur.
Perspektiv inkişaf planı çərçivəsində yeni dövri su soyutma qurğusu və azot-
oksigen qurğusunun tikintisi üçün hazırlıq işləri həyata keçirilir. Eyni zamanda,
son illər ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına diqqətinin və dəstəyinin
nəticəsi olaraq yeni azot-karbamid gübrəsi istehsalatının tikintisi də nəzərdə
tutulur.
Ölkəmizdə gedən sosial-iqtisadi inkişafla əlaqədar əhali və sənayenin
yanacağa ehtiyacı ilbəil artır, keyfiyyət standartları yüksəlir. Bu və digər
səbəblərdən müasir standartlara cavab verən Neft-Qaz Emal və Neft-Kimya
kompleksinin (NQNK) inşa olunması zərurətə çevrilmişdir. Hazırda dövlət
tapşırığına uyğun olaraq ARDNŞ tərəfindən şəhər kənarında müasir standartlara
cavab verən belə bir kompleksin layihələndirilməsi üçün intensiv iş aparılır. 2014-
2024-cü illər ərzində NQNK layihəsinin həyata keçirilməsi həm paytaxtımızın
ekoloji durumunun yaxşılaşdırılması, həm də istehsal olunan məhsulların
keyfiyyətlərinin və çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq, ölkəmizin
və bütövlükdə regionun iqtisadi cəhətdən daha da qüdrətlənməsinə xidmət
edəcəkdir. Qaz emalı, Neft Emalı, Neft kimyası zavodlarından, habelə elektrik
stansiyasından ibarət olacaq kompleksin inşasına hazırlıq işləri artıq başa
çatmaqdadır.
ARDNŞ bu gün bir sərmayədar şirkət olaraq Türkiyə sənayesinin inkişafında
da mühüm rol oynayır. Qardaş ölkənin ən böyük neft-kimya kompleksi olan
“Petkim” Petrokimya Holdinqinin səhmlərinin 61.32%-i ARDNŞ-ə məxsusdur.
Holdinqin istehsal gücünün durmadan artırılması məqsədi ilə aparılan ardıcıl
tədbirlər tezliklə “Petkim”in Türkiyədə ən böyük, Avropada isə aparıcı istehsal
komplekslərindən birinə, regionun iri logistika mərkəzinə çevrilməsinə
yönəldilmişdir. “Petkim” limanın genişləndirilməsi, burada böyük həcmli
konteyner terminalının, kompleksin enerji tələbatını tam şəkildə təmin edəcək yeni
stansiyanın tikilməsi belə tədbirlərdəndir.
2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə
İzmirdə ARDNŞ-in “STAR” neft emalı zavodunun təməli qoyuldu. İllik
məhsuldarlığı 10 milyon ton həcmində nəzərdə tutulan bu zavodda 11 çeşiddə
məhsul istehsal olunacaq və beləliklə, “Petkim”in xammal tələbatı ödəniləcəkdir.
Hazırda Türkiyə neft-kimya sektorunun ən böyük müəssisəsi olan “Petkim” bu
bazarda 25-27% paya malikdir. Yeni zavodun işə düşməsi kompleksin illik istehsal
gücünün 6 milyon tona, Türkiyənin neft-kimya sektorunda malik olduğu payı işə
40%-dək yüksəltməyə imkan verəcəkdir. Bu gün artıq deyə bilərik ki, “Petkim”in
tezliklə bütün regionda neft kimya sənayesinin liderinə çevrilməsi üçün bütün
məqsədyönlü addımlar atılmışdır və bu istiqamətdə işlər qrafikə uyğun davam
etdirilir. Azərbaycanda və Türkiyədə neft-kimya aktivlərinə malik olması ARDNŞ-
ə dünya bazarında fəaliyyətini optimallaşdırmaq, istehsal etdiyi məhsulların
çeşidini artırmaq və daha çox mənfəət götürmək imkanı verir.
Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən,
yaradılmasına başlanan Sumqayıt Kimya Sənaye Parkı “Azərikimya” və
“Petkim”də istehsal edilən məhsulların dərin kimyəvi emala cəlb olunması və
əlavə dəyər yaradılması baxımından müstəsna əhəmiyyət kəsb edən bir layihədir.
Kimya Sənaye Parkı şirkətin neft-kimya aktivləri arasında inteqrativ proseslərin
möhkəmləndirilməsinə, xam neft və qazın son məhsullara qədər emal edilməklə
müxtəlif çeşidli yekun istehlak malları hazırlanmasına güclü təkan verəcəkdir.
ARDNŞ-in Sumqayıt və Potidə (Gürcüstan) 2 karbamid zavodunun inşasına
başlanılıb. Təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı cənab İlham
Əliyevin iştirakı ilə qoyulmuş Karbamid zavodu “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”na əsasən tikilir. Ammonyak, karbamid mayesi və əmtəəlik karbamid
istehsalı bölmələrindən ibarət olacaq zavodda sutkada 1200 ton ammonyak və
2000 ton karbamid istehsal edilməsi nəzərdə tutulur. Bu layihənin həyata
keçirilməsi ilə ARDNŞ ölkəmizdə aqrar sahənin inkişafına ciddi dəstək verəcəkdir.
Zavodun inşası ilə əlaqədar beynəlxalq tender keçirilmiş və artıq “Samsung
Engineering Co. LTD.” Şirkəti ilə layihələndirmə, satınalma və tikinti Müqaviləsi
imzalanmışdır. Karbamid zavodunun 2013-2015-ci illər ərzində inşa olunması
nəzərdə tutulur. Gürcüstanda da analoji zavodun tikilməsi həm ölkəmizin kənd
təsərrüfatında azot gübrəsinə tələbatın tam təmin edilməsinə, həm də region
bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaqdır.
İki zavodun birgə istehsal gücü 1 mln. ton təşkil edəcəkdir.
Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, kimya
sənayesində də özəl sektor sürətlə inkişaf etməkdədir. 1995-ci ildə ölkədə kimya
sahəsində 25 müəssisə fəaliyyət göstərirdisə, 2012-ci ildə bu müəssisələrin sayı 73
olmuşdur. Hazırda məişət kimyası məhsulları əsasən özəl sektorda istehsal edilir.
2007-ci ildə Azərbaycanda əsası qoyulmuş Azərbaycan Metanol
Kompaniyası (AzMeCo) bir sahibkar və operator kimi neft-kimya layihələrinə
investisiya qoyan şirkətdir. AzMeCo şirkəti Azərbaycanda iri layihələrin
inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutur. Xəzər
hövzəsində beynəlxalq karbohidrogen investisiyaları paketindən əlavə, AzMeCo
həm də Azərbaycanda Qaradağ Metanol Zavodunu tikmişdir. Bu zavod 2013-cü
ildən fəaliyyətə başlamışdır.
Metanol adətən təbii qazdan əldə edilən və təbii yolla parçalana bilən şəffaf
rəngli neft-kimyəvi mayedir. Metanol sintetik toxuculuq malları, təkrar emal
plastiki, məişət boyaları və yapışdırıcıları, peno-balışlar və yastıqlar kimi saysız-
hesabsız sənaye və istehlak mallarının, hətta ASA (acetylsalicylic acid) kimi adi
dərmanların hazırlanması üçün istifadə olunur.
Metanol – evlərin daxili istilik sistemləri və mətbəx üçün yanacaq kimi
istifadə olunur və həmçinin səmərəli nəqliyyat yanacağı kimi də istifadə oluna
bilər.
Biodizel istehsalı, dimetil efiri (DME), elektrik enerjisi istehsalında və digər
proqramlarda metanolun istifadəsinə olan tələbat artdıqca bazarların sayı da artır
və metanolun istifadəsi ilə bağlı yeni proqramlar tətbiq olunur. Metanol həmçinin
benzinə əlavə olunduğu zaman yanacağın daha təmiz yanmasına və ətraf mühitə
emissiyanın daha az olmasına səbəb olan yanacaq komponentlərinin istehsalı üçün
də istifadə olunur.
AzMeCo şirkətinin irəli sürdüyü layihələrdən biri də Formaldehid zavodlar
kompleksidir. Formaldehid və onun törəmələrinin (qətranların) istehsalı üzrə
zavodlar kompleksi metanoldan xammal kimi istifadə edərək alınan fərqli
məhsulların istehsalını nəzərdə tutur. Formaldehid Kompleksində 3 (üç) növ
formaldehid qətranlarının (Karbamid-Formaldehid, Fenol-Formaldehid və
Melamin-Formaldehid) istehsal edilməsi planlaşdırılır. Zavod Kompleksi Sumqayıt
Kimya Sənaye Parkında yerləşdiriləcəkdir. Formaldehid Zavodları Kompleksinin
illik istehsal gücü 55 000 ton olan formaldehid, 85 000 ton karbamid-formaldehid
qətranı, 15 000 ton fenol-formaldehid qətranı, 12 000 ton melamin-formaldehid
qətranı planlaşdırılır.
Formaldehid məhsulu inşaat və ağac məhsulları, güclü maşınqayırma
qatranları və külli miqdarda həşərat öldürücülərə olan tələbat səbəbindən tarixən ən
böyük metanol törəməsi olubdur. Karbamid-formaldehid qətranları öz növbəsində
fibra-karton kimi taxtanı əvəz edəcək birləşmələr, tökmə birləşmələr və faner üçün
istifadə olunur. Fenol-formaldehid qətranları laminatlar, tökmə birləşmələr və taxta
yapışdırıclar üçün istifadə olunur. Melamin-formaldehid qətranları da mətbəx və
vanna otaqları üçün döşəmələr kimi daha davamlı və su keçirməyən laminatlar,
elektrik komponentlərdə tökmə birləşmələr kimi (məsələn yüksək elektrik
müqavimətinə görə ştepsel qurğuları) müxtəlif səth örtmə tətbiqləri üçün istifadə
olunur. Azərbaycan hal-hazırda qətran tərkibli taxta məhsullarını Rusiya, Türkiyə
və Bolqarıstandan idxal edir.
Artıq bu gün dünya praktikasında kimya sənayesi klasterlər şəkilində
inkişafı geniş yayılmaqdadır. Bu texnoparklar Çində, Yaponiyada, Hindistanda,
Braziliyada, Avropada geniş vüsət almışdır. Hindistan dövlətində kimya sənayesi
2017-ci ilə qədər 300 milyardlıq məhsul istehsal etməyi planlaşdırır.
Bu gün qurulan texnoparklar adətən xammal mənbəyini yaxın tikilir və bu
tipli klasterlərin inkişafı üçün önəmli olan elektrik enerjisi, insan resursları və
xammal ehtiyatları çox önəmlidir.
Dostları ilə paylaş: |