Azərbaycanın qədim dövlətləri



Yüklə 70,17 Kb.
Pdf görüntüsü
tarix14.11.2022
ölçüsü70,17 Kb.
#68988
Azərbaycanın qədim dövlətləri



Azərbaycanın qədim dövlətləri
LULLUBİLƏR- E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı.
İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan
ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı.E.ə. XXIII əsrdə Urmiya gölünün
cənubunda, Aratta dövlətinin ərazisində onun siyasi və etnik varisi kimi Lullubi dövləti
meydana gəlmişdi. Güman olunur ki, hələ Aratta dövlətinin varlığı dövründə artıq Lullubi
tayfa birləşməsi yaranmağa başlamışdı. Lullubi tayfa ittifaqına yəqin ki, sonradan siyasi tarix
səhnəsinə çıxmış su və turukki tayfaları da daxil idi.Lullubi dövləti Azərbaycan ərazisində
yaranmış ikinci erkən dövlət qurumudur və istər siyasi, istərsə də etnik baxımdan Aratta
dövlətinin varisi sayıla bilər.Tarixi ədəbiyyatda belə bir müddəa mövcuddur ki, guya lulubilər
bu dövrdə ibtidai icma quruluşunda yaşayırmışlar. Lakin qaynaqların məlumatı və ətraflı
tədqiq olunması bu fikri təkzib edir. Çünki bu dövrdə artıq lulubilərdə dövlət meydana
gəlmişdi. Lulubi hökmdarı Satuni (e.ə.2230-2200) Akkad dövlətinə qarşı hərbi birləşmələrdə
iştirak edirdi. Lulubi torpaqlarının Qərb hüdudunda Süleymaniyyə keçidinin Cənub-Şərqində
indiki Qaradağ ərazisində lulubilər müttəfiqləri ilə birgə Akkad hökmdarı Naram-Suenə
(e.ə.2236-2200) qarşı döyüşə girdilər. Lakin döyüş müttəfiqlərin və Satuninin məğlubiyyəti ilə
başa çatdı. Naram-Suen bu hadisəni yazı və təsvirlər ilə "qələbə sütunu" adlandırılan daş
pilitə üzərində əbədiləşdirdi.Lulubi padşahlığında xırda hökmdarların hakimiyyəti mövcud
imiş. Lulubi hökmdarı İmmaşqun (e.ə.2200-2170) xırda hakimləri mərkəzi Lulubi dövlətinə
tabe edə bildi. Qaynaqlarda o, "İmmaşqun Lullu (bum) ölkəsinin padşahlar padşahı"
adlandırılır. Beləliklə, e.ə. XXIII əsrdə Urmiya gölünün Cənubunda Akkad dövləti ilə rəqabət
apara bilən güclü Lulubi dövləti yarandı. Bu dövlətin qüdrəti hökmdar Anubanininin
hakimiyyəti dövründə (e.ə.2170-2150) daha da artır. Məlumdur ki, Anubanini kitabələrini mixi
yazılarla tərtib etdirirdi. Mixi yazı sistemi buranın əhalisinə hələ Aratta dövləti zamanından
məlum idi. Anubanininin müvəffəqiyyətləri daş pilitələr üzərində həkk olunurdu. Onun daş
sütun abidəsində deyilir: "Anubanini, qüdrətli hökmdar, Lulubi hökmdarı, öz təsvirimi və İştar
ilahəsinin təsvirini Batir dağına qoydum". Bu abidə Diyala çayının orta axarında, Kirmanşaha
gedən yol üzərində, Zohab şəhəri yaxınlığında Saripul adlanan ərazidə aşkar edilmişdir. Bu
fakta əsasən demək olar ki, lulubilərin hakimiyyəti Cənubda Diyala çayının orta axarına
qədər gəlib çatırdı. Anubanini eyni zamanda Cənubda Fars körfəzinə qədər olan ərazilərə
iddia edirdi, Şimalda isə onun hüdudları Urmiya gölünün ortalarına qədər çatırdı. Ola bilsin
ki, Urmiya gölü hövzəsində olan digər ərazilər də Lulubi dövlətinə tabe edilmişdi.Lulubi
dövləti İkiçayarası ilə iqtisadi və siyasi əlaqələr saxlayırdı. Lulubilər Şimali İkiçayarasının
Qasur şəhərində mal mübadiləsi edir və mal-qaranı taxıla dəyişirdilər. Aratta dövründə
olduğu kimi Lulubi dağ sakinləri də taxıla ehtiyac duyurdu. Onlar maldarlıq ilə yanaşı dəmyə
əkinçiliyi ilə də məşğul olurdular.Lulubi dövləti də Aratta dövləti kimi İkiçayarası
mədəniyyətinin təsirinə məruz qalmışdı. Burada da mixi yazı sistemi ilə tanış idilər və akkad
dilini bilən mirzələr və akkad qələbə abidələri hazırlama ənənəsinə uyğun abidələr yaradan
ustalar vardı. Anubanininin "Daş sütunu" İkiçayarası nümunələri əsasında lulubi ustaları
tərəfindən hazırlanmışdı.E.ə. II minillikdə vahid Lulubi dövləti parçalanır və yerində xırda
hakimiyyətlər yaranır. Qaynaqlar bu dövrün başlanğıcında "çoxlu lulubi hökmdarları" ifadəsini
işlətmişdi.
KUTİ- E.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün Qərb və Cənub Qərb torpaqlarında
(Qərbi Azərbaycan) Kuti dövləti meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən
əvvəl dövlət qurumu yaratmışdılar. Bu dövlətin hökmdarlarının adları qaynaqlarda qorunub
saxlanmışdır:e.ə. təxminən 2225 — 2205-ci illər — Kuti hökmdarı Erridupizirin hakimiyyəti


e.ə. təxminən 2204 — 2198-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti
e.ə. təxminən 2198 — 2192-ci illər — Kuti hökmdarı İnkişuşun hakimiyyəti
e.ə. təxminən 2191 — 2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti
e.ə. təxminən 2184 — 2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti
e.ə. təxminən 2177 — 2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti
e.ə. təxminən 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi
e.ə. təxminən 2135 — 2133 – cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti
e.ə. təxminən 2127 — 2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti
e.ə. təxminən 2120 — 2113 – cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti
e.ə. təxminən 2112 — 2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti
e.ə. 2104 – cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu
Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə
müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı
çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara
qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya
gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı
göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin
dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq
istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər.
"Ummanmanda" və kuti hərbi dəstələrinin başında Enridavazir (e.ə.2225 – 2205)
dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada
Enridavazir "qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.Kutilərin
uzunmüddətli hakimiyyət illərində İkiçayarasının iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu.
Siumun vəfatından sonra kuti taxt-tacına Tirikan (e.ə. 2104) sahib oldu. Tirikanın
İkiçayarasında hakimiyyəti cəmi 40 gün sürür. Uruk şəhərində ona qarşı üsyan təşkil olunur.
Qiyama Uruk ensisi Utuhenqal başçılıq edir. Utuhenqala aid edilən kitabədə kutilərin
ünvanına mənfi ifadələr işlədilmişdir. Kitabə kutiləri "dağların zəhərli ilanı", "tanrılara əl
qaldıran", "şumer hakimiyyətini dağlara aparan", "arvadı ərindən, övladı valideyndən ayıran",
"ölkədə ədavət və hiddət yayan" adamlar kimi qələmə verir. Lakin kutiləri ünvanına deyilən
ittihamları təsdiq edəcək əlavə tarixi mənbələr qalmamışdır. Əksinə, kutilərin hakimiyyəti
dövründə İkiçayarasında məbəd tikintisi və bərpası davam edir. Kuti hökmdarı Sium da
özünü "Ur məbədinin əbədi işçisi" adlandırır.Kutilərin hakimiyyəti dövründə Yuxarı dənizdən
(Urmiya gölü) Aşağı dənizə (Fars körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq bərpa
olunmuş, İkiçayarasına xarici müdaxilə dayandırılmış və Urmiya gölü hövzəsi ilə sıx ticari
əlaqələr yaradılmışdı. Şumer və akkad gəncləri Kuti qoşununa xidmətə cəlb olunurdular.
Əgər kutilər şumerdə ədavət salan siyasət yürütsəydilər uzun müddət hakimiyyətdə qala
bilməzdilər. Kutilər və Şumer arasında ənənəvi sülh və dostluq münasibətlərinin olması daha
inandırıcı görünür. Məhz buna görə də İkiçayarasının Şumer hissəsi kutilərdən asılı olsa da
müstəqil siyasət yürüdürdü.Tarixçilərin bir qismi kutilərin ünvanına söylənilən fikirləri həqiqət
kimi qəbul etmiş, digərləri isə bunu müstəqil Şumer dövləti bərpa ediləndən sonra şumerlərin
təbliğat işi adlandırmışdır. İkiçayarası cəmiyyətinin ictimai-iqtisadi quruluşundan doğan mənfi
hallar kutilərin adına çıxılmışdı.Utuhenqal tanrı Enlilin adından Uruk əhalisini kuti hökmdarı
Tirikana qarşı çıxmağa sövq edərək "Şumer padşahlığının qaytarılmasını Enlil mənə etibar
etmişdir" ifadəsini işlədirmiş.Utuhenqal Tirikana qarşı döyüşə urukluların qüvvəsi ilə
hazırlaşır. Muru yaxınlığında (Umma şəhərindən bir günlük məsafədə yerləşirdi) döyüş baş
verir. Hücum qəflətən olduğundan Tirikan məğlub olur və Dubrum şəhərindəki iqamətgahına
qaçır. Tirikan burada ailəsi ilə birgə əsir düşür.Utuhenqal e.ə. 2104 – cü ildə kutilərin
İkiçayarasındakı hakimiyyətini asanlıqla ləğv edə bildi, çünki kutilər İkiçayarasında çoxlu


hərbi qüvvə saxlamırdılar. Maraqlıdır ki, Tirikan öldürülməmiş, yalnız ölkədən çıxarılmışdı.
Tirikanın məğlubiyyətinin əks-sədası tarixdə uzun müddət qalmışdı. Selevkilər dövründə
tərtib olunmuş bir sənəddə Tirikanın məğlubiyyəti onun üçün əlverişsiz təbbi əlamət-ayın
tutulması ilə izah olunmuşdur. Kutilərin İkiçayarasında hakimiyyətinə son qoyulduqdan sonra
Kuti hökmdarlığı özü də bir dövlət kimi süquta uğrayır və xırda-xırda hökmdarlıqlara
parçalanır.
ARATTA- Azərbaycan ərazisində (Cənubi Azərbaycanda) e.ə. III minilliyin I yarısında
meydana gəlmiş ilk türk mənşəli dövlət qurumu idi. Aratta tarixinə dair olan məlumatlar yarı
əfsanəvi xarakter daşıyır.Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini
əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı
sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi,
siyasi və mədəni əlaqələrə girmişdi.Dastanlara görə Uruk (Şumer şəhər dövləti) ilə Aratta
arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq xarakteri daşıyır. En-Merkar (Uruk
hökmdarı) Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da öz növbəsində
Uruku Arattaya tabe etmək üçün tədbirlər görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə
edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər
Uruk şəhərindəki məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara
ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini
istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər
edir.Şumerlə Aratta arasında bəzən siyasi rəqabət güclənirdi. Aratta hökmdarı
En-Sukuşsiranna En-Merkardan onu ali hakim kimi tanımasını tələb edir. En-Merkar isə ona
əks tələb göndərir. Belə olduqda En-Sukurşiranna şuranı toplayır. Şura üzvləri ona
En-Merkara tabe olmağı məsləhət görürlər. Aratta hökmdarı bu təklifi rədd edir və kahini
Urqirunnunanı Uruku tutmağa göndərir. Lakin son məqamda kahin məğlub olur. Buna
baxmayaraq yəqin ki, En-Merkar Arattaya bir müttəfiq kimi baxırdı. Sami tayfaları Şumeri
narahat edən zaman o, məhz Aratta hökmdarından kömək diləmiş və bu məqsədlə Arattaya
Luqalbandanı göndərmişdi.Şumer-Aratta əlaqələri "En-Merkar və Aratta hökmdarı"
dastanında nisbətən geniş əks olunmuşdur. En-Merkar Aratta hökmdarına qasidlə xəbər
göndərir ki, o, Şumerə tabe olsun və məbəd tikintisi üçün material göndərsin. Əvəzində
En-Merkar Arattaya taxıl göndərəcəyini vəd edir. Aratta hökmdarı Şumerə tabe olmaq
tələbinə qarşı qasidə belə cavab verir: "Mən ali kahinəm, təmiz əl (ilahə İnanna) tərəfindən
təyin olunmuşam... Xoş sifət İnanna həqiqətən məni Arattaya, "saf ənənələr ölkəsinə" gətirdi,
məni sanki böyük darvaza kimi, dağlarda onun önünə qoydu. Məgər Aratta Uruka tabe ola
bilərmi? Aratta Uruka boyun əyməyəcəkdir!" Qasid En-Merkarın adından Aratta hökmdarına
hədə-qorxu gəlir: "Qasid, Arattanın ali kahininə de ki, onun şəhərinin (əhalisini) vəhşi
göyərçinlər kimi, ağacdan hürküdərəm, onları quş kimi yuvada tutaram, satılmış (qul) kimi
mən onu öldürərəm, dağılmış şəhər kimi onun toz-torpağını yığaram. Arattanın əhalisini Engi
(şumerlərin müdriklik və yeraltı sular tanrısı) lənətə gətirmişdir... Ona (Arattaya) qarşı İnanna
hiddətlənmişdir".Aratta hökmdarı En-Merkarın hədələrinə məhəl qoymadı və qasid vasitəsilə
onunla mübahisəyə girişdi, münaqişəni sülh yolu ilə həll etmək istədi. Aratta hökmdarı
qasidə cavab verdi ki, "Arattada göz yaşə çilənir, su burulur, un tökülür, ölkədə
qurbankəsmə, dua, ibadət vardır, nə beş adam, nə on adam (yəni çox adam) vardır. Uruk
necə dağlara qarşı çıxış edə bilər? Sənin ağan silaha sarılmaq istəyir, mən isə təkbətək
vuruşmağa (yaxud mübahisəyə) çağırıram". Aratta hökmdarı ölkənin məharətindən,
qəhrəmanlığından danışır, onu dağlara qaranlıq yayan axşam şəfəqinə, üzü parıltı ilə dolu
olan və göyə qalxan aya, dağlara çəpər olan ağaclara bənzədir və En-Merkardan taxıl
göndərməsini tələb edir. Eyni zamanda En-Merkar tələb edir ki, Aratta hökmdarı onun yanına
gəlsin, sonuncu isə En-Merkarın Arattaya gəlməsini təklif edir.Arattada mövud olan siyasi və


ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan
hökmdar idarə edirdi. Şumerdə bu rütbə ali kahin – hökmdara şamil edilirdi. Ensi rütbəsinin
Aratta dilində rütbəsi qalmamışdır. Qaynaq Arattanı "saf ənənələr ölkəsi" adlandırır.
Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi.
Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-kiçik hökmdar, əyalət
hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin qulluqçuları olmuşlar. Arattada dövlət
idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab yazır, həm də
En-Merkarın şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Göründüyü kimi, Aratta
dövlət idarələri şumer mixi işarələri və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlaqə
qasid vasitəsi ilə həyata keçirilirdi.Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi
qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan
hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Aratta əhalisi əsasən
sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara
qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan
nadir zinət əşyaları hazırlayırdılar. Qaynaqdan bəlli olur ki, En-Merkar Aratta ustalarının
Uruka gəlməsini ilahə İnannadan xahiş edir: "Xanımım İnanna, Aratta adamları qoy mənə
qızılı və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl-gümüş
qatışığından... Urukda, açıq təpədə sən yaşadığın "Anşan evi"ndə qoy məbəd tiksinlər. İşıqlı
Giparın (İnanna və kahinlərin yaşadıqları yer) ortasını qoy Aratta adamları mənimçün
bəzəsinlər.
MANNA- Azərbaycan ərazisində,indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya
gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş
dövlət hesab edilir.Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə,
qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda
meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi,
turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.Assuriya
qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır.
İlk dəfə onun adı II Adadnerari (e. ə. 911–891) yazılarında zəbt etdiyi dövlətlər sırasında
çəkilir. Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli
hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı
Nur-Adad dururdu.Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna
görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə
yeriyən II Aşşurnasirapal (e. ə. 883–859) məlumat verir ki, zamualılar istilaçıların yolunu
kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian müdafiə divarı hörmüşlər. Lakin onlar
basqının qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara "ölkəsinin" Birutu, Uze və
Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və
əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu vilayətlərə hücum edib,
Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini
möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.E.ə.
880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın qoşunları ilə mübarizə
aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu "çar" adlandırır
və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir.Ameka istilaçılara inadlı
müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı "çar şəhəri" Zamrini tərk edib
qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran
qoydusa da çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua
dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və
Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir çaylarından,
Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə


bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu
qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti
qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu
şəhərində yerini möhkəmlədir.İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında
duran Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə,
adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar
sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə
etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu
şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın
şəhərlərindən çıxıb getmişdir.Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan
asılı idi; assurlar yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ
keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha
rəngarəng idi. Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakıvə
mülkiyyəti", çoxlu "mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini,
onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.Ameka çarlığında
şəhər-qalalardan əlavə, "çar" şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirindən və
siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş peşəkar sənətlər göstərir ki, Zamua
vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir. II Aşşurnasirapal
Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin
ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində
əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini
sonralar Zamua və ya Mazamua adlandırırlar.Vilayətin qalan hissəsinə isə Daxili Zamua
deyilirdi (Zamua sa bitani).Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823–810-cu illər)
kitabəsində Mekdiara formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya qarşı
mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821–820-ci illərdə apardığı hərbi yürüşlər
zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir.E. ə. IX əsrdə Urmiyayanı rayonunun
qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e. ə. 890–894-cü il)
səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.E.ə. I minilliyin əvvəllərindən yazılı
mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət
yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha
güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb – qarışan çoxlu xırda birliklər
məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu
dövlət Güney Azərbaycanın bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun
işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.E.ə. I minilliyin əvvəllərini R. Girşman İran
yaylası tarixində qaranlıq dövr adlandırır. E.ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan
müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb – qarışması, keramika və metal
məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı
mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana
çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.Bütün bu dəyişikliklər
e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa
başlamış müxtəlif etnik qrupların – İrandillilərin daxil olması ilə əlaqədar idi. Lakin bu
hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif
birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin – Manna dövlətinin meydana gəlməsi
üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab
edilir.Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində
iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III – II
minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi və kassilərin bilavasitə varisi idi.


ATROPATENA VƏ ALBAN- B.e.ə. 328-ildə Makedoniyalı İsgəndər Atropatı Midiya satrapı
təyin edir. Atropat İsgəndərin hörmətini qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki
ilə qohum olur.B.e.ə. 323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra
Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasınıqoyur. Bu dövlət Şimali
Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə edirdi.
Atropatena tayfaları bunlar olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər. Dövlətin
paytaxtı Qazaka şəhəri idi.B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər)
dövləti meydana gəlmişdir. B.e.ə. 223-cü ildə Suriya hökmdarı Antiox Atropatenanı özündən
asılı edir. B.e.ə. 190-cı ildə romalılar Suriyanı məğlub etdikdən sonra Atropatena müstəqil
olur. Bundan sonra isə Roma Parfiya dövləti üzərinə hücum edir. Atropatena Roma dövləti ilə
yaxınlaşmağa başlayır. Həmçinin onu da qeyd edək ki, b.e.ə. 20-ci ildə Atropatenada
hakimiyyətə gələn II Ariobarzan 10 ilə yaxın Romada yaşamışdır. O, Romanın köməkliyi ilə
bir müddət Ermənistan hökmdarı olmuşdur. B.e.ə. 20-ci ildə Atropatena Parfiya dövlətinin
tərkibinə qatıldıAtropatenada Zərdüşt dini hakim olmuşdur. (Zərdüşt peyğəmbərin adı ilə
bağlıdır). Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır. Zərdüştlüyün
müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını
b.e.ə. 330-cu ildə yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur. Lakin bizə kitabın
sasanilər dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci ildə
fransız alimi Anketil Düperron tanış etmişdir.İsgəndər b.e.ə. 331-ci ildə III Daranı məğlub
etdikdən sonra b.e.ə. IV əsrin sonu-III əsrin əvvəllərində Alban dövləti yarandı. Dövlət İberiya
ilə Xəzər dənizi arasında yerləşirdi. Dövlətin tərkibinə indiki Azərbaycan Respublikası,
Dağıstanın cənub rayonları, Gürcüstanın Alazan vadisi daxil idi.Alban dövlətinin tərkibində
26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar, utilər, udinlər (Nic
kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s. Albaniya dövlətinin paytaxtı Kabalaka
(Qəbələ) olmuşdur.B.e.ə. I əsrdə Roma sərkərdəsi Pompey şərqə yürüş etmiş, Xəzər
dənizindən Hindistana keçmək üçün Albaniyaya hücum etmişdir. B.e.ə. 66-cı ildə Kür çayı
sahilindəki döyüşdə Pompey qalib gəlir və bundan sonra İberiyaya doğru yürüş edir. Lakin
albanlar onları təqib etməyə başlayırlar. B.e.ə. 66-cı ildə Qanıx çayı sahilində yenidən döyüş
baş verir. Bu dəfə də Pompey qalib gəlir. Lakin albanlar yenə də təqibi davam etdirirlər.
Romalılar işin çətin olduğunu görüb Albaniyadan və İberiyadan əl çəkirlər.
B.e.ə. I əsrin sonlarında da Romanın kiçik hərbi hissəsi yenə Albaniyaya gəlib çıxmışdır.
Lakin bizim eranın I və II əsrlərində Roma və Albaniya arasında artıq diplomatik və ticarət
əlaqələri yaranmışdır. Bunu Qobustanın daş kitabələri də sübut edir.

Yüklə 70,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin