Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə31/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

                                                                           SƏİDƏ  HACIYEVA   

                                                                                     ADPU 

seide_haciyeva@hotmail.com 

 

AZƏRBAYCAN DİLİNDƏ SAİT VƏ SAMİT SƏSDƏN İBARƏT SÖZ 

YUVALARI   VƏ ONLARIN ƏMƏLƏGƏLMƏ YOLLARI 

 

Açar sözlər: söz yuvaları, sait, samit, səs, söz kökü.  

Ключевые слова: гнёзды слов, гласные, согласные, звук, корень слова. 

Key words: word slots, vowels, consonants, sound, word root 

 

Azərbaycan dilində olan söz yuvaları araşdırılarkən onların sait səsdən və 

həmçinin, sait və samit səsdən ibarət olması müəyyənləşir. Bu məqaləmizdə biz 

dilimizdəki sait və samit səsdən ibarət söz yuvaları və onların əmələ gəlmə yolları 

ilə bağlı araşdırmalara nəzər salacağıq.  

Məlum olduğu kimi, Azərbaycan dilinin çoxsaylı problemlərinin həlli onun 

söz yuvalarının tədqiqi ilə  sıx bağlıdır, çünki söz yuvaları özündə dilin ən qədim 

çağlarına dair faktları saxlamaqla yanaşı, onun tarixi inkişaf yolunun araşdırılması 

üçün zəngin material verir.  

Deməli, söz yuvalarının tədqiqi dilin tarixi ilə sıx bağlı olub, müxtəlif dil ha-

disələrinin izahında əhəmiyyətli rola malikdir. 

Cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni durumu ilə bağlı dilin leksik, 

qrammatik quruluşunda daim müəyyən proseslər gedir; dilə yeni sözlər daxil olur, 

yaxud lüğət fondundakı bir sıra söz və qrammatik formalar öz aktivliyini itirərək 

yeni vahidlərlə əvəz olunur.  

Dövrün ədəbi, siyasi durumu, hakim təbəqənin zorakı mövqeyi, seçimdə müs-

təqilliyə yaradılan əngəllər və s. amillər bəzən milli sözlərimizin çıxdaş edilməsinə, 

fonetik-morfoloji quruluşa yad elementlərin fəal  şəkildə lüğət fonduna daxil 

olmasına səbəb olmuşdur. Bu cür hallar əlavə qrammatik qaydaların axtarılmasına 

gətirib çıxarmışdır.  

Gəlmə sözlər Azərbaycan türk dilinin təsiri altında nə qədər dəyişsə də, onla-

rın bir çoxu yadlıqlarını hiss etdirir və təbiidir ki, Azərbaycan türk sözlərinin qur-

uluşundan, söz yuvalarından bəhs edərkən gəlmə sözlərə  əsaslanmaq doğru nəticə 

verməz.  

Qeyd etmək lazımdır ki, sözün tarixi inkişafı baxımından morfoloji quruluşa 

görə fərqlənən dillər arasında bir oxşarlıq müşahidə olunur. Azərbaycan dilinin lek-

sik tərkibində gedən proses, xüsusilə sözün arxaikləşərək tamamilə unudulması və 

ya dialektlərdə qalması eynilə rus və ingilis dillərində də müşahidə olunur.  

Dil yaruslarından hansının daha çox arxaikləşməyə məruz qalması dildən istifadə 

edənlərin və mücərrəd desək, dilin öz daxili müqavimət duyğusu ilə bağlı olur.  

Dilin tarixini o dilin daşıyıcılarının tarixindən, konkret desək, Azərbaycan 

dilinin tarixini Azərbaycan xalqının təşəkkül tarixindən ayrı təsəvvür və dərk etmək 

olmaz. 

V.V.Vinoqradovun rus dilinə aid söylədiyi bu fikri eynilə Azərbaycan dilinə 



də  şamil etmək olar: Tarixi dialektoloji axtarışlarsız nə rus ədəbi dilinin xəlqi 

əsasları haqqındakı məsələni, nə onun canlı xalq şivələri ilə bağlı üsullarının forma-



 

Filologiya  məsələləri – №10, 2013

 

 



296

laşması və tarixi haqqındakı məsələni, nə də rus ədəbi dilinin tarixi fonetika, tarixi 

qrammatika və tarixi leksikologiyasının çoxsaylı  və müxtəlif səciyyəli  ayrı-ayrı 

probelmlərini tam şəkildə izah etmək olmaz.  

T.Hacıyev dilin öyrənilməsinin xalqın etnik tərkibinin öyrənilməsindəki mü-

hüm roluna diqqət çəkərək göstərir ki, dil ictimai hadisədir, ona görə də cəmiyyətdə 

baş verən müxtəlif iqtisadi-siyası dəyişmələr dilə də öz təsirini göstərir. Azərbaycan 

dili Azərbaycan xalqının təşəkkül tarixi ilə sıx bağlı olub, sanki onun taleyini yaşayır. 

Məlumdur ki, Azərbaycan xalqının etnogenezində bir çox türk xalqlarının ro-

lu vardır. Xalqın təşəkkül prosesində bir etnosun üstün mövqeyi o etnosa məxsus dil 

faktlarının da funksional mövqe qazanmasına şərait yaradır.  

Azərbaycan dili tarixinin təhlili göstərir ki, minilliklər ərzində formalaşma və 

sabitləşmə prosesi keçirən dilimizdə bu və ya digər tayfaların aparıcı rolu 

bütövlükdə siyasi üstünlüklə yanaşı, mədəni üstünlüyə  də  rəvac vermişdir. Dilin 

ilkin çağlarında müşahidə olunan leksik və qrammatik paralelizmin əsas səbəbi 

müxtəlif tayfa dillərinin bir-birinə inteqrasiyası  prosesinin hələ başa çatmaması ilə 

izah olunmalıdır.  

T.Hacıyev və E.Əzizovun qeyd etdikləri kimi, XVIII əsrə qədərki Azərbaycan 

dilində müxtəlif tayfalarla bağlı paralelizmlər həm leksik, həm də qrammatik səviy-

yədə özünü göstərir. Burada oğuzların və digər türk tayfalarının leksik nümunələri 

çox dəqiqliklə bir-birindən seçilir:  

etmək (oğuz) - qılmaq (türk); demək (oğuz)- aytmaq (türk); sağ (oğuz) - əsən 

(türk); qızıl (oğuz)- altun (türk); getmək (oğuz) - varmaq (türk); yaxşı (oğuz) –eyi 

(türk); toy (oğuz)- düyün (türk) və s. 

Söz də ondan istifadə edənlərin özü kimi daim yaşamaq uğrunda mübarizə 

aparır. Sözün qədimliyi xalqın qədimliyi deməkdir. Sözün tarixini dilin və bu dilin 

daşıyıcısı olan xalqın tarixindən ayrı təsəvvür etmək çox çətindir.  

Sözün və dilin tarixini öyrənmək üçün xalqın təşəkkül tarixini öyrənmək 

lazımdır. Ə.Dəmirçizadənin yazdığı  kimi:  

“... Konkret bir dilin tarixini və onun hər hansı bir vahidini, hər hansı bir 

cəhətini dürüst və  dəqiq öyrənmək üçün dildən ünsiyyət vasitəsi kimi istifadə 

edənlərin tarixini tədqiq etmək zəruridir. Çünki dilin ən kiçik vahidi olan fonem də, 

ən böyük vahidi olan cümlə də, belə vahidlər sistemi halında əsrlər boyu yaşayan 

hər bir müstəqil dil də həmin dildə danışanlarla üzvi surətdə bağlı olur, danışanlar 

olmayan yerdə dil də olmaz.” 

Sözün bu və ya digər amillərlə bağlı  ədəbi dildən çıxması  və ya aktivliyi 

azaltması gedər-gəlməz proses deyildir. Çox vaxt ədəbi dildən çıxan söz uzun 

müddət öz varlığını dilin dialekt və şivələrində, xalq danışıq dilində saxlayır. Müəy-

yən dövr üçün arxaik hesab edilən söz əlverişli şərait yarandıqda öz itirilmiş mövqe-

yini bərpa edə bilir. Məhz bunun nəticəsidir ki, son vaxtlar unudulmuş hesab etdiyi-

miz bir çox sözlər dilimizdə təzədən işləklik qazanmaqdadır. 

Morfoloji yolla söz yaradıcılığı prosesində iştirak edən bütün şəkilçilər özləri-

nin yeni söz yaratma bacarığına görə eyni deyildir. Bəzi şəkilçilər müxtəlif sözlərə 

artırılaraq, bir çox yeni sözlər əmələ gətirdiyi kimi, bəzi şəkilçilər məhdud sözlərə 

artırılaraq az miqdarda yeni sözlər əmələ gətirir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



297

Odur ki, daha çox sözlərdə özünü göstərən  şəkilçilər məhsuldar, miqdar 

etibarilə az sözə artırıla bilən  şəkilçilər qeyri-məhsuldar  şəkilçilər adlanır. Bu 

şəkilçilər müxtəlif söz yuvaları ilə birləşərək yeni sözlər yaradır.  

Dilimizdə məhsuldarlıqdan düşən sözlərin bir qismi dialekt və şivələrdə qalır. 

Öz forma və  məzmun xüsusiyyətini tarixən olduğu kimi və ya əsasən qoruyub 

saxlayan arxaizmlər leksik arxaizmlərdir. Azərbaycan dilinin dialekt və şivələrində 

semantik arxaizmlərlə müqayisədə belə arxaizmlərin sayı daha çoxdur.  

Leksik arxaizmlər ədəbi dil üçün unudulur, şivələrdə qalır. Semantik arxaizm-

lər isə dildən çıxmır, lüğət fondunda qalır. Semantik arxaizmlər vaxtilə mövcud 

olan sözün olduğu kimi qalması, lakin mənasının ya daralma, ya da genişlənmə 

hesabına dəyişməsidir. Bunlara əsasən kişi, qoçu, aş, xalat, donluq, dəli və s. sözləri 

misal göstərə bilərik.  

Tarixi inkişaf nəticəsində insanın sosial həyatında, məişətində, təsərrüfatında, 

dünyagörüşündə  dəyişiklik davam edir və yeni-yeni anlayışlar meydana çıxır. Bu 

proses elə həmin sferalarda bəzi anlayışların (habelə onların adlarının), bəzi əşyala-

rın (onların adlarının) köhnəlib dildən çıxmasına, məhsuldarlığını itirməsinə səbəb 

olur.  


Dildən çıxan sözlər, obrazlı ifadə ilə desək, dilin arxivinə keçir, dilin qeyri-iş-

lək qrupuna daxil olur. Dilçilikdə bu tipli sözlər arxaizmlər adlanır.  İşləklik xü-

susiyyətini itirən, köhnələrək dilin lüğət tərkibindən çıxan söz və ifadələrə köhnəl-

miş sözlər deyilir. 

Sözün tamamilə  və ya ayrı-ayrı  mənalarının köhnəlməsi özlüyündə olduqca 

mürəkkəb bir prosesdir. Həmin hadisə birdən-birə yox, uzun bir inkişaf prosesi nə-

ticəsində baş verir. Söz çoxpilləli inkişaf yolu keçir: onun bugünkü vəziyyəti həm 

forma, həm də semantikasına görə ümumi tərəqqisinin nəticəsidir. 

Ümumiyyətlə, söz cəmiyyətin inkişafı ilə əlaqədar köhnəlik əlaməti qazanır. 

O, müəyyən tarixi bir dövrdə ictimai, iqtisadi, siyasi və  mədəni tələblərə uyğun 

yarandığı kimi, həmin tələblərdən asılı olaraq da köhnəlir. Yəni bu və ya digər tarixi 

dəyişikliklər sözün əmələ  gəlməsinə  əsas verdiyi kimi, onun arxaikləşməsinə  də 

şərait yaradır. Çünki istehsalat, ictimai münasibətlər və ideologiyanın dəyişməsi 

dilin lüğət tərkibində mütləq öz əksini tapır.  

Cəmiyyətin inkişafı  nəticəsində  hər hansı bir ictimai hadisələr, istehsalat 

alətləri, məişət əşyaları və s. real varlıqdan, o xalqın həyat tərzindən çıxır (1.215-

216). Beləliklə  də, həmin məfhumları ifadə edən söz və ifadələr də  ədəbi dildən 

çıxır və bunlar özlərini yazılı abidələrdə, qədim dövr hadisələrini əks etdirən bədii 

əsərlərdə qoruyub saxlayır. 

Sözün məhsuldarlıqdan düşməsi, köhnəlməsi üçün yalnız onun başqa sözlə 

əvəz olunması yox, həm də konkret vaxtla əlaqəsini göstərməsi, necə deyərlər, köh-

nə olması lazımdır. Dildə istifadədən qalan sözlər lüğət tərkibini birdən-birə yox, 

tədricən tərk edir. Həmin sözlər hətta bir müddət bu və ya başqa formada istifadə 

olunur; müəyyən münasibətlərdə onlara müraciət olunur. Hətta onlardan fikirdə, 

nitqdə aydınlıq, dəqiqlik yaratmaq üçün istifadə olunur. 

Azərbaycan dilindəki sait-samit heca tipli fellər əski mənbələrdə də müstəqil 

leksik-semantik mənaya malik vahid kimi çıxış etmişdir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



298

Sait-samit heca tipində olan fellər qədim mənbələrdəki leksik-semantik 

xüsusiyyətlərini,  əsasən, saxlaya bilmişdir. Aşağdakı dil faktlarında bu, aydın 

şəkildə nəzərə çarpır.  

Al- // al-; at- // at-; aç- // aç-; aş- // aş-; et- // et-. Göründüyü kimi, müasir 

Azərbaycan dilindəki sait-samit heca tipindəki fellərin  əksəriyyəti leksik və 

morfoloji xüsusiyyətlərinə görə yazılı mənbələrdə olduğu kimidir.  

Fərq yalnız ondadır ki, Azərbaycan dilindəki sait-samit heca tipli fellərin nüvə 

semantikasında və məna tutumunda müəyyən semantik şaxələr baş vermişdir. Belə 

ki, bu tipli fellər qədim olduğuna görə törəmə  mənbəyi kimi çıxış etmiş, inkişaf 

edərək onlar yeni semantik çalarlarını üzə çıxarmışdır.  

Bunu sait-samit heca tipində olan fellərin hər birinin fono-semantik inkişafı 

təsdiqləyir. 

Məsələn, al sözünün mənbələrdə “götürmək”, “tutmaq”, “hiylə”, “rəng”, “isti-

qamət” mənaları vardır. V.V.Radlov al sözünün mənalarını belə qruplaşdırmışdır:  

1)  al (türk dillərinin hamısında) – “götürmək almaq”; 

2)  al (uyğur və kazan tatarlarının dillərində) – “ön, qabaq tərəf”; 

3)  al (cığatay və uyğur dillərində) – “yalan, hiylə, kələk, fırıldaq, hiyləgərlik”; 

4)  al – “uca, yüksək, hündür, qüdrətli, qüvvətli, əzəmətli, qəddar, amansız, vəhşi, 

yırtıcı”; 

5)  al (qırğız, uyğur, cığatay, osmanlı, kazan tatarlarının dillərində) – “al, al-

qırmızı; 

6)  al (uyğur dilində) – “hal, vəziyyət”. 

Deməli, al sözü mənbələrdə fel, isim, sifət, zərf kimi işlənmiş  və ad ↔ fel 

qarşılığına malik olmuşdur.  Al sözünün istər ad, istərsə də fel qarşılığı “a-“ və “l-“ 

elementlərindən qurulmuşdur. Sözün fel qarşılığı “l-“ elementi əsasında işin icrasını 

“almaq” anlamında etmişdir.  İşin icrası subyektin xeyrinə  həll olmuşdur: “l-“ 

elementi subyektdən obyekti uzaqlaşdırmamış,  əksinə, subyektin malına 

çevirmişdir. 

Burada belə bir fikir söyləməli oluruq ki, “l-“ elementi “t-“-nın  əksi və an-

tonimidir. Bu elementlər öz fonematik yüklərini türk dillərində qoruyub saxlamış-

dır: “t” elementi uzaqlaşmaq, “l” elementi isə yaxınlaşmaq fonematik yükünü 

hərəkətin istiqamətində təzahür etdirir. Məsələn, at-, et-, it-, get-, sat- sözlərində “t-“ 

elementi hərəkətin istiqamətini uzaqlaşdırır, al-, gəl- sözlərində isə “-l” elementi 

hərəkətin istiqamətini yaxınlaşdırır. 

Ad↔fel kimi işlənən al morfeminin fel mənası bir qrup “al” köklü sözlərin 

nüvə semantikasında mühafizə olunur. Al- kökünün fel mənası al//hal sözündə - 

mifoloji varlıqda qorunur. Al//hal körpəyə, anaya xətər yetirən mövhumi surətdir. 

Gözə görünməyən və mifoloji varlıq sayılan al//hal öz işinə, hərəkətinə,  əməlinə 

görə mifonimləşmişdir. Görünür ki, hal sözü almaq feli ilə bir mənbədəndir. 

Deməli, al//hal mövhumi surəti al morfeminin “almaq” mənası  əsasında yaranmış 

mifoloji varlıqdır. Hərəkət (almaq) anlamı mifonimləşmiş al//hal morfeminin nüvə 

semantikasında ərimişdir. Başqa sözlə desək, al//hal morfeminin nüvə semantikasın-

da mifoloji anlam semantik dominant, hərəkət (almaq) anlamı semantik minimuma 

çevrilmişdir.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



299

Yeri gəlmişkən qeyd edək ki, al//hal mifoloji varlığı al morfeminin “uca, yük-

sək, hündür, qüdrətli, qüvvətli,  əzəmətli, vəhşi, qəddar, amansız, yırtıcı, zalım” 

mənaları ilə də ilişgəli ola bilər. 

Al kökünün “yalan, hiylə” mənasında da hərəkət (almaq) anlamı vardır. 

Burada da hərəkət (almaq) anlamının semantik minimumu semantik dominantlığa – 

“yalan, hiylə” mənasına tabedir. Doğrudan da al morfeminin “yalan, hiylə, al dilə 

tutmaq”anlamının nüvə semantikasında “almaq” mənası da ehtiva olunmuşdur. La-

kin al morfeminin “yalan, hiylə, al dilə tutmaq” anlamı dominant rol oynayaraq “al-

maq” mənasını özünə tabe etmişdir. Toplanmış dil faktlarına əsasən demək olar ki, 

al morfeminin “yalan, hiylə, al dilə tutmaq” mənasının izlərini even və yakut 

dillərində  də müşahid edirik. Bu dillərdə al morfeminin zahiri forması  dəyişikliyə 

uğramış  şəkildə  işlənir. Məsələn, even dilində albana “hiyləgərlik etmək, 

aldatmaq”; yakut dilində albas “hiylə, kələk, fənd, biclik”. Maraqlıdır ki, sanskrit 

dilində alika sözü  “yalan, uydurma, nifrət” mənalarındadır. Bizcə, alika sözü də al 

morfeminin “yalan, hiylə” mənaları ilə eyni yuvaya girir. Dialekt və şivələrimizdə 

“yalançı, fırıldaq, hiyləgər” mənalarında olan əllam-qəllam sözü də vardır. Bu 

sözdə “əllam” hissəsi al morfeminin “yalan, hiylə” mənaları ilə birləşir.  

Al morfeminin “al-qırmızı, al rəng” mənaları türk xalqlarında müqəddəs ol-

duğu üçün mifonimləşmişdir. Təsadüfi deyildir ki, əski türklərdə dövlətli adamların 

atları al rəngli parça ilə örtülmüşdür. Al morfemi və onun “al-qırmızı, al rəng” 

mənaları alov, alışqan, alışıq, alışmaq, allaşmaq və s. sözlərin nüvə semantikasında 

qorunur. Al morfeminin “al qırmızı, al rəng” mənaları tunqus-mancur dillərində də 

işlənir. Eyni zamanda, bu morfemin monqol, buryat, koreya dillərindəki izlərinin 

müqayisəyə cəlb olunması da çox inandırıcı görünür.  

Onlardan bəzilərinə diqqət yetirək: even dilində hulaka “qırmızı  rəngə 

boyamaq”; solon dilində ula, ulari/xula, xulan/ “qırmızı”; negidal dilində xola-xola 

“çox qırmızı”; monqol dilində hulan “qırmızı”; buryat dilində ulaabtar “qırmızı 

təhər”; koreya dilində pu/l/k-ta “qırmızı” və s.  

Sanskrit dilində “qırmızı boya, qırmızı lak” mənasında olan alakta sözü də vardır. 

Bu söz yuxarıda verilən nümunələr kimi, al morfemi ilə eyni yuvaya daxil olur. 

Al- morfeminin “almaq” mənası yol//yul variantında da olmuşdur. Yol//yul 

variantı yoluq sözündə asemantikləşmişdir. Yul variantı  əski mənbələrdə “almaq” 

mənasında işlənmişdir. Al- feli dialektal semantikaya da malikdir. Belə ki, al- feli 

Qax dialektində “didmək, yolmaq, təmizləmək”, Quba dialektində “gətirmək, götür-

mək” mənalarında işlənir. Al- felinin dialektal semantikasından alamançı sözü tö-

rənmişdir. Alamançı sözü Dərələyəz  şivəsində “görməmiş, ütük, dağıdan, hər nə 

gördü, onu götürən” mənalarındadır. Yeri gəlmişkən qeyd edək ki, al feli əl sözü ilə 

məna və model yaxınlığı yaradır. Əl sözü isə eləmək//eyləmək, əlləmək felləri ilə 

eyni semantik yuvaya daxil olur. Al- felinin işlənmə arealı da maraqlıdır.  

Bizim topladığımız faktlara görə al- feli tunqus-mancur dillərində də işlənir. 

Məsələn, even dilində al- “almaq, qəbul etmək” mənalarındadır. Bu mənalar even 

dilində tam sabitləşməklə yanaşı, həm də yeni semantik derivatlarını  əmələ 

gətirmişdir; “qoymaq, tutmaq, dayamaq, qorumaq, qalxan, sipər” və s.  

Qeyd edək ki, Azərbaycan dilində al felinin qəribə bir semantik çaları vardır. 

Məsələn, özünü hər hansı bir təsirdən qoruyan adam hədəfinə qarşı müqavimət 

göstərən zaman “al” sözündən istifadə edir: al gəldi.  


 

Filologiya  məsələləri – №10, 2013

 

 



300

Azərbaycan dilindəki bu semantik çaları even dilindəki “qorumaq, qalxan, 

sipər” mənaları ilə müqayisə etmək olar. Even dilindəki mənalarda bağlı görünən 

törəmə sözlərə diqqət yetirək; oroç dilində ali “qabağını tutmaq, hasarlamaq”; alingi 

“qutu” (balıq tutmaq üçün dörd tərəfli toz ağacından hazırlanmış); alu “qab”; udey 

dilində (bikin danışığı) alu “çaşka”; uluç dilində alku – aluku “sini”; oroks dilində 

aluku “boşqab, nimçə”. Azərbaycan dilindəki söz yuvalarından bəhs edən prof. 

H.Mirzəyev bu məsələ ilə bağlı belə  məlumat verir: “Dilçilikdə söz köklərinin, 

xüsusən, eyni söz yuvalarından təşəkkül tapan sözlərin izahı problem məsələlərdən 

biridir. İstər türkoloqlar, istərsə də dilçilər bu problemlə, demək olar ki, az məşğul 

olmuş, və ya az maraqlanmışlar. Bir sözlə, dilçiliyimizdə bu problem lazımi şəkildə 

öz əksini tapmamışdır” (3.8).  

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, söz yuvalarının tədqiqi zamanı bir sıra 

maraqlı faktlar üzə çıxır. 



     

Ədəbiyyat 

 

1.   Qurbanov A.M. Müasir Azərbaycan ədəbi  dili: 2 cilddə. I c., Bakı, Nurlan,  



2003, 450 s. 

2.   Xəlilov B. Fellərin ilkin kökləri. Bakı, ADPU nəşri, 1998, 220 s. 

3.   Mirzəyev H., Orucova R. Azərbaycan dilində söz yuvaları (qa- söz yuvası ilə 

əmələ gələnlər). Filologiya məsələlərinə dair tematik toplu. N-2,Bakı, 2000,  

s.8-13. 

 

Саида Гаджиева 

Гнёзды слов состоящие из гласных и согласных звуков в азербайджанском 

языке и пути их образования 

Резюме 

 

При исследовании гнёзд слов в Азербайджанском языке было установле-



но их образование из гласных, также из гласных и согласных звуков. В данной 

статье просмотрены гнёзды слов состоящие из гласных и согласных звуков и 

пути их образования в Азербайджанском языке.  

 

Saida Hajiyeva 



Word slots consisting of vowel and consonant sounds and the ways  of their 

formation in Azerbaijan language 

Summary 

 

While  researching  the  word  slots  in Azerbaijani  language, it is  defined  



that  they  can both  consist  of  vowel  sounds  or  vowel  and  consonant  sounds. 

This article discusses word slots consisting of vowel and consonant sounds as well 

as the way of their formation in the Azerbaijani language. 

          

Rəyçi:                    Firuzə  Məmmədli 

                  filologiya üzrə fəlsəfə doktoru, dosent 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



301

Elmi işçi ZÜLFİYYƏ QULİYEVA (İBRAHİMOVA)  



Nəsimi adına Dilçilik İnstitutu 

tahirova_lala@mail.ru

 

 



CƏLİL MƏMMƏDQULUZADƏNİN SATİRİK ÜSLUBUNDA 

ANTROPONİMLƏRİN VƏ TOPONİMLƏRİN MƏQSƏDYÖNLÜ 

İSTİFADƏSİ 

 

Açar sözlər:  Bədii üslub, antroponim,  toponim, üslubi xüsusiyyətlər, dramaturq, 

poetik dinamika 



Ключевые  слова:  Художественная  стилистика,  антропоним,  топоним, 

стилистические особенности,  драматург, поэтическая динамика 



Key-words: Literary  style, anthroponym, toponym, stylistic-feature, playwright, 

poetical dynamics 

 

Müasir Azərbaycan bədii dilinin, eləcə də ümumilikdə ədəbi dilinin formalaş-



masında və inkişafında böyük yazıçı və dramaturq, publisist Cəlil Məmmədquluza-

dənin bədii əsərlərinin oynadığı müstəsna rol danılmazdır. Tanrının bəxş etdiyi tək-

raredilməz poetik istedad sayəsində Mirzə  Cəlil öz bədii  əsərlərində Azərbaycan 

dilinin minillik inkişaf yolu boyu əldə etdiyi uğurların cövhərini verməyə nail ol-

muşdur. 

Cəlil Məmmədquluzadənin poetik dil sahəsində  əldə etdiyi uğurların böyük 

bir qismi onun antroponim və toponimlərdən məqsədyönlü istifadəsi sayəsində 

mümkün olmuşdur. Bu isə, özlüyündə, dahi bir yazıçı və publisist kimi Cəlil Məm-

mədquluzadənin satirik üslubunun ayrılmaz əlamətlərindən və fərqləndirici xüsusiy-

yətlərindən birini təşkil edir. 

Cəlil Məmmədquluzadənin 1994-cü ildə keçirilmiş 125 illik yubiley təntənə-

sindəki nitqində Ümummilli Liderimiz Heydər Əliyev böyük ədibin poetik dili ba-

rəsində də öz dahiyanə mülahizələrini bildirərək deyirdi:   

“Cəlil Məmmədquluzadənin fəaliyyətində  ən dəyərli cəhətlərdən biri də 

Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi 

“Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!” sözləri xalqımızın, milləti-

mizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə - Azərbaycan dilinə böyük 

diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə səsləməsi və 

ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, 

yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır.” (1, səh. 265.) 

Ulu Öndərin qeyd etdiyi aktuallıq  bu gün də ədəbi dilimizə bir çox yad tə-

sirlərin hücum çəkməsi və çox zaman üslubi-linqvistik eybəcərliklərin baş verməsi 

ilə şərtlənir. Ona görə də bu gün Azərbaycan ədəbi dilinin təmizliyi və saflığı keşi-

yində duranların birbaşa Mirzə  Cəlil və onun mollanəsrəddinçi həmməsləklərinin 

bədii dilinə, onların bu sahədə əldə etdiyi möhtəşəm uğurlara müraciət etməsi çox 

təbii və eyni zamanda gərəklidir. 

Cəlil Məmmədquluzadənin 1926-cı ildə  qələmə aldığı “Xatiratım” adlı me-

muar əsərində “Məcmuəmizdə (“Molla Nəsrəddin” jurnalı nəzərdə tutulur – Z.Q.) 

dil məsələsi” adlı xüsusi bir başlıq var və bu bölümün özü də Mirzə Cəlilin bədii 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



302

dilə nə qədər böyük önəm verdiyini göstərməkdədir. Həmin bölümün lap əvvəlində 

böyük ədib yazır: 

“Necə ki, oxucularımıza məlumdur, biz “Molla Nəsrəddin” məcmuəsini açıq 

ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dil-

də yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı “ana” da yazırıq, am-

ma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə 

“ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazır-

lar.” (2, səh. 71-72.) 

Cəlil Məmmədquluzadə bu əsərində dilçiliyin mühüm bir sahəsinə - linqvistik 

psixologiyaya toxunaraq sözünə aşağıdakı kimi davam edir: 

“Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanma-

dıq və  şərt də budur ki, açıq yazmaqdan utanmadıq. Birinci nömrəmizin (“Molla 

Nəsrəddin” jurnalı nəzərdə tutulur – Z.Q.) baş məqaləsində yazmışıq ki: “Açıq ana 

dilində, açıq türk dilində yazmaq eyibdir; çünki yazanın savadının azlığına dəlalət 

edir.” (2, səh. 75.) 

Bütün bu sözlərdən irəli gələn fikir budur ki, Cəlil Məmmədquluzadə və onun 

mollanəsrəddinçi həmməsləkləri öz üslubları üçün linqvistik material seçərkən 

məqsədyönlü hərəkət etmiş, hazır qəliblərdən və şablonlardan imtina edərək öz sati-

rik üslublarını yaratmışlar. Təsadüfi deyil ki, onların bu uğurunu o dövr Azərbayca-

nının  ən böyük şəxsiyyətlərindən biri olan Əli bəy Hüseynzadə  də etiraf etmişdi. 

Yenə də Mirzə Cəlilin “Xatiratım” əsərinə müraciət edək.   

Əli bəy Hüseynzadənin Azərbaycandan Türkiyəyə köçüb gedərkən Tiflisə 

gəlməsini, burada “Molla Nəsrəddin” idarəsində görüşmələrini Cəlil Məmmədqulu-

zadə şirin bir dillə belə xatırlayır: “Söhbət dildən düşdü və möhtərəm ədibimiz (Əli 

bəy Hüseynzadə - Z.Q.) mənə belə dedi: “Yaxşı yazırsınız.” Mən Əli bəyə ərz etdim 

ki, onuntək bir şəxsdən eşidilən bir sözü mən havayı sözlərin cərgəsinə qoya bilmə-

rəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı məntək bir cavan yazıçıya yazı 

barəsində dediyi bir sözü mən ciddi bir söz hesab edəm gərək. Əli bəy mənə dediyi 

sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb guya öz-özü-

nə genə dedi: “Açıq yazmağı da bacarmaq lazımdır.” (2, səh. 75-76.) 

Bəs Mirzə  Cəlil öz satirik üslubunun təkraredilməzliyinə nail olmaq üçün 

hansı başlıca prinsiplərdən istfiadə edirdi? AMEA-nın müxbir üzvü Tofiq Hacıyev 

“Satira dili” adlı fundamental monoqrafiyasında sanki bu suala cavab verərək aşağı-

dakı sözləri yazır: 

“XIX əsrin ortalarında M.F. Axundovdan demokratik keyfiyyətlərlə başlanan 

və XX əsrin əvvəllərində inqilabi sifət qazanan Azərbaycan realist ədəbiyyatının bə-

dii dilini səciyyələndirən üslubi xüsusiyyətlərdən söhbət düşərkən birinci paraqraf 

kimi sadəlik və aydınlıq götürülür.” (3, səh. 40.) 

Bu tezisdən çıxış etsək, Cəlil Məmmədquluzadə də öz poetik məramını real-

laşdırmaq üçün adların seçimi zamanı qarşısına məqsəd qoyurdu ki, mümkün qədər 

geniş xalq kütlələrinin anlaya biləcəyi, eyni zamanda, əsərdəki poetik funksiyasına 

görə müxtəlif məna çalarları ifadə edən söz və birləşmələrə üstünlük versin. 

 Ədibin  əsərlərindən seçdiyimiz antroponim və toponimlərin köməyi ilə bu 

fikrimizi  əyaniləşdirməyə çalışacağıq. Elə dördcildliyindəki ilk nəsr  əsərindən – 

“Danabaş kəndinin əhvalatları”ndan görünür ki, Cəlil Məmmədquluzadə öz satirik 

üslubunun diktəsi ilə qarşıya qoyduğu məqsədin gerçəkləşdirilməsi yolunda ad 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



303

seçiminə çox böyük önəm verir və bu məsələyə bir yazıçı kimi çox ciddi yanaşır. 

Belə ki, qrotesk cizgilərinin olmadığı avtobioqrafik obrazlara o, çox sadə adlar ve-

rir. Bunlar – Lağlağı Sadıq və Qəzetçi Xəlildir. Adların özünün sadəliyi, yəni iki he-

cadan ibarət olan sözlərlə ifadə olunması, onlara qarşı müəllif münasibətinin də 

səmimiliyini və oxucu məhəbbətinin qarantını qazandırmış olur, desək, yanılmarıq. 

Əksinə, qrotesk obyekti olan, ya da müəllif tərəfindən təəssüf obyektinə çevri-

lən adlar daha çox üç və daha artıq hecalı sözlərdən təşkil olunmuşdur. Məsələn, elə 



“Danabaş” toponiminin özünü götürək. Bu toponim təkcə leksik mənasına görə 

deyil, eləcə də çoxhecalılığına görə gülüş yaratma enerjisi əldə edir və satirik üslu-

bun arsenalını  zənginləşdirir. Eyni sözləri  “İtqapan”, “Danaqırt”, “Zurnalı”, 

“Təzəkənd”, “Təzəkli kəndi”, “Gərməçataq kəndi” və başqa toponimlər haqqında 

da söyləmək mümkündür. Elə bu məqsədini gerçəkləşdirmək üçün Cəlil Məmməd-

quluzadə “Qafqaz” toponimini olduğu kimi deyil, ona ərəb nisbət şəkilçisi olan “iy-

yə” artırmaqla işlətmişdir: “Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim 



Danabaş kəndi kimi məzəli kənd yoxdur.” (4, səh. 41.) 

Buna rəğmən, hüsn-rəğbət duyduğu toponimlərin daha sadə sözlərlə ifadə 

olunması, yazıçının onlara üslubi münasibətini bildirir. Məsələn, Danabaş kəndinin 

kasıb və məzlum insanlar yaşayan məhəlləsinin adı “Çaylax” məhəlləsidir ki, bəd-

bəxt Məhəmmədhəsən  əmi də  məhz burada yaşayır. “Toponimik vahidlər üslubi 

araşdırma üçün də çox zəngin material verə bilir. Adi, neytral toponimlər bədii mü-

hitə düşəndə üslubiləşir, üslubi çalar qazanır, üslubi rəngə boyanır. Bədii mühitdən 

kənarda üslubi toponimlər yoxdur və olmağı da mümkün deyil... Sanki toponimik 

vahidlər üslubi baxımdan “yüklənir”, əlavə estetik funksiyanı öz üzərinə götürmüş 

olur.” (1, s. 6.) 

O da maraq doğurmaya bilmir ki, Cəlil Məmmədquluzadə yaradıcılığında sa-

tirik üslubi məqamda seçilmiş antroponimlərin əksəriyyəti ərəb mənşəli olduğu hal-

da, toponimlərin çoxu türk mənşəli adlardır. Bu isə, heç şübhə etmədən deyə bilərik 

ki, yuxarıda ədibin “Xatiratım” əsərində oxuduğumuz sadə yazmaq, türkün açıq ana 

dilində yazmaq prinsipindən və Azərbaycandakı toponimlərin də bir çoxunun türk 

mənşəli olmasından irəli gəlir. 

Əsərdəki satirik obrazların başında duran Xudayar bəy özü də daxil olmaqla, 

müəllifin əsasən normal münasibət bəslədiyi Sadıq və Xəlildən fərqli olaraq, bütün 

mənfi obrazların adı məhz üçhecalıdır və güman etmirik ki, Mirzə Cəlil kimi dahi 

bir yazıçının  əsərində bu, sırf təsadüf xarakteri daşısın. Məsələn, Zeynəbi (yeri 

gəlmişkən, bu adın ikihecalı olması da ona müəllif hüsn-rəğbətini ifadə edir) bəd-

bəxt etməyə gələn “elçiləri” Mirzə Cəlil adbaad sayaraq, onlara nifrətini linqvistik 

üslubiyyatın köməyi ilə bu cür ifadə etmiş olur: “Qonaqlar cərgə ilə  əyləşdilər, 

molla yuxarı başda, onun sağ  tərəfində  Kərbəlayı  İsmayıl, sol tərəfində  Kərbəlayı 

Qafar;  Kərbəlayı  Səbzəli,  Vəliqulu  və  Qasıməli divara dayanıb durmuşdular ayaq 

üstə.  Molla Məhəmmədqulu,  Kərbəlayı  İsmayıl  və  Kərbəlayı  Səbzəli çubuqlarını 

çıxardıb başladılar doldurmağa.” (4, səh. 111.) 

Göründüyü kimi, mənfi obrazların əksəriyyətinin adı üçhecalı, onların başçısı 

olan Molla Məhəmmədqulununku isə  hətta beşhecalıdır. Bununla Cəlil Məmməd-

quluzadə onlara qarşı istehza və sarkazmını da yüksək sənətkarlıqla ifadə etməyi 

unutmamışdır. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



304

Bundan fərqli olaraq, beş hecadan ibarət olan “Məhəmmədhəsən  əmi” 

antroponimi yazıçı simpatiyasının və təəssüfünün obyekti kimi nəzərə çarpır və san-

ki Mirzə Cəlil bu hecaların üzərinə üslubi vurğu salmaqla oxucunu onun bədbəxt-

liyinə yanmağa sövq etmək istəyir və heç şübhəsiz ki, bu məqsədinə artıqlamasilə 

nail olur. Məhəmmədhəsən əmi obrazının özündən sonrakı ədəbiyyata təsiri də elə 

Cəlil Məmmədquluzadənin onun vasitəsilə oxucuda katarsis yaratmaq məqsədinin 

gerçəkləşməsindən xəbər verən mühüm amillərdən biri kimi nəzərdən keçirilə bilər. 

Məsələn, XX əsrin  ən böyük Azərbaycan  şairlərindən biri olan Xalq şairi Rəsul 

Rzanın yaradıcılığında xüsusi yer tutan “İnsan şəkli” şeirinin dünya şöhrətli Nəsimi, 

Cordano Bruno kimi baş qəhrəmanları arasında layiqli yer tutanlardan biri də Cəlil 

Məmmədquluzadənin yaratdığı Məhəmmədhəsən əmidir: 

 

Mənə bir sərgi salonu verin! 



Nə geniş olsun dünya qədər,  

nə elə hündür olsun ki,  

ətəyində qala uzun kölgələr. 

Mənə bir sərgi salonu verin! 

Orda bir insan şəkli asacağam –  

adi bir insan. 

Nə elə kiçik ki, məhəl qoyan olmaya,  

nə elə böyük ki, baxanda qorxasan. 

Orda bir insan şəkli asacağam,  

görünsün dünyanın hər yerindən;  

zamanın keçmişindən,  

dövranın indisindən,  

əsrin gələcəyindən. 

Bir insan şəkli asacağam;  

bir yanında Nəsimi –  

dabanından soyulandan sonra. 

Bir yanında  

məşəl təki yanmış Azəri qızı –  

tunc heykəli qoyulandan sonra. 

Bir yanda Cordano Brunonun külü. 

Bir yanında Məhəmmədhəsən kişi –  

ömrü, günü yollara tökülü. (5, səh. 78.) 

 

Mirzə Cəlilin əsərdə simpatiya duyduğu, ancaq xüsusi vurğu obyektinə çevir-



mədiyi, başqa sözlə, katarsisyaradıcı səviyyəyə qaldırmadığı bir çox başqa obrazla-

rın adları da ikihecalıdır. Məsələn, Məhəmmədhəsən əminin arvadı İzzət, oğlu Əh-



məd, Zeynəbin  əri  Heydər, qızı  Ziba. Halbuki, Zeynəbin oğlu Vəliqulunun da adı 

üslubi məqsədlə üçhecalı sözdən götürülmüşdür. 

Antroponimə münasibətdə satirik ovqat yaratmaq üçün Cəlil Məmmədquluza-

də bir sıra hallarda “ikimərtəbəli”, yəni mürəkkəb sözlərlə ifadə olunmuş adlardan 

da istifadə etməyi sevir. Bu məqsədlə əsasən ərəb mənşəli və sonu “ullah”, “məm-

məd”, “qulu”, “əli”, “vəli”, “həsən”, “hüseyn” sözləri ilə bitən mürəkkəb antro-

ponimləri seçir. Bunlara örnək olaraq “Şeyx Nəsrullah” (“Ölülər” dramı), “Məşədi 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



305

Fərəcullah” (“Danabaş  kəndinin məktəbi” ), “Kərbəlayı  Həsənqulu”, “Qulaməli”, 

Nəcəfəli”, “Molla Orucəli” (“İranda hürriyyət” hekayəsi), “Qurbanəli bəy” 

(“Qurbanəli bəy” hekayəsi), “Molla Fəzləli” (eyniadlı hekayə), “Məmmədvəli” 

(“Dəllək” hekayəsi), “Molla Qurbanqulu” (“Fatma xala” hekayəsi), “Mirzə  Məm-



mədqulu” (“Nigarançılıq” hekayəsi), “Rzaqulu” (“Konsulun arvadı” hekayəsi), 

Məşədi Qulamhüseyn” (“Nigarançılıq” hekayəsi), “Məşədi Yarməmməd” 

(“Danabaş kəndinin məktəbi” dramı) və s. Burada bir cəhət fonetik baxımdan maraq 

doğurur ki, türk dilindəki ahəng qanununun təsiri altında “əli” sözü ilə bitən 

antroponimlərdə bəzən “alı” variantını da müşahidə etmək olur. Məsələn, “Hacı Na-

mazalı” (“Danabaş kəndinin məktəbi” dramı).   

Əlbəttə, bu sıraya türk mənşəli “verdi” sözü ilə bitən antroponimləri də əlavə 

etmək lazımdır. Məsələn, “Pirverdi” (“Pirverdinin xoruzu” hekayəsi), “Kərbəlayı 

Xalıqverdi” (“Fatma xala” hekayəsi). 

Cəlil Məmmədquluzadə təsvir etdiyi konkret bir obrazın həm öz adını, həm də 

ona verilən yazıçı ləqəbini seçərkən də bu göstərdiyimiz prinsiplərdən uğurla fayda-

lanır. Örnək üçün məşhur “Zırrama” hekayəsinin qəhrəmanı Qurbanqulu bəyin adı-

nı çəkə bilərik.  

Qadın adlarına gəldikdə burada da eyni məqsədyönlü tendensiyanın olduğunu 

aşkara çıxarmaq mümkündür. Sadəcə bir neçə örnəklə kifayətlənirik:  Pərinisə, 

Tükəzban, Şərəbanı, Xeyransa və s.  

Mirzə  Cəlilin bir sənətkar kimi bədii üslubunda maraq doğuran cəhətlərdən 

biri də budur ki, antroponimlərin linqvistik-üslubi mövqeyinə görə onun bədii nəsri 

ilə dramları arasında müəyyən fərqlər də özünü göstərir. Bu da təbii ki, dramlarda 

poetik dinamikanın daha güclü olması ilə əlaqədar, yazıçının hadisələrə və obrazla-

ra öz birbaşa münasibətini bildirə bilmədiyi üçün bu funksiyanı müəyyən mənada 

şəxs adlarının ifadə etdiyi rəngarəng üslubi çalarların üzərinə qoyması ilə bağlıdır.  

Bədii  əsərdə müxtəlif iştirakçı obrazların adlarını bildirən aktiv antroponim-

lərlə yanaşı, hadisələrin gedişinə müdaxilə etməyən, süjet xəttinin inkişafında işti-

rak etməyən, çox hallarda yalnız retrospektiv şəkildə adı çəkilən və haqqında məlu-

mat verilən,  əsas obrazlarla müəyyən bağlılığı olan antroponimlərdən də geniş 

istifadə olunur ki, son zamanlar onomastikada bunları “passiv antroponimlər” termi-

ni ilə ifadə edirlər(6,153). 

Bədii  əsərdə istifadə olunmuş passiv antroponimlər haqqında məlumat həm 

yazıçının dilindən, həm də obrazın dilindən verilə bilər. Passiv antroponimlər bədii 

əsərdə daha çox üslubi funksiya daşımaqla onun ideya-bədii xüsusiyyətlərinin 

yüksəldilməsinə xidmət edir. Bu baxımdan yanaşdıqda  C. Məmməmdquluzadənin 

də  əsərlərində passiv antroponimlərin geniş üslubi xüsusiyyətlərə malik olduğunu 

görürük. 

“Danabaş kəndinin əhvalatları” povestinin müsbət qəhrəmanlarından biri olan 

Məhəmmədhəsən əminin tərcümeyi-halının verilməsində yazıçı passiv antroponim-

lərdən lakonik şəkildə istifadə etmişdir. Bunlar: atası Hacı Rza və övrəti, eləcə də 

Məhəmmədhəsən əminin əmiləridir. Kişinin düşdüyü acınacaqlı vəziyyətin təsvirin-

də C. Məmmədquluzadə göstərilən passiv antroponimlərdən yüksək sənətkarlıqla 

istifadə etməyə nail olmuşdur: 

“Vəssəlam ki, rüzgar bu kişinin üzünə gülmüyübdü. Məhəmmədhəsən  əmi 

olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi, anası öldü. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



306

Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, 

çoxluca pul. Amma çox heyif! Elə ki, Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən 

əmi qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir bar-

maq hesabı göstərdilər.” (2, s. 47.) 

Maraqlıdır ki, əsərin mənfi qəhrəmanı Xudayar bəyin nəsil şəcərəsindən söh-

bət açmaq istərkən C. Məmmədquluzadə bir daha Məhəmmədhəsən əminin keçmi-

şinə  bədii ekskurs edir və bu iki obrazla bağlı olan passiv antroponimlər arasında 

çox diqqətçəkən müqayisələr apararaq yazır: “Mən istəmirəm Xudayar bəyin keçə-

cəyindən danışam; çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədi 

ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb 

çıxardacaq keçən günlərinə: ay mənim atam belə, anam belə, dövlətimiz bu qədər 

idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan ucaya 

qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan-baba-

dan danışmağı dost tutmaz.” (2, s. 50-51.) 

“Bədii  əsərlərdə emosionallığı gücləndirən vasitələrdən biri dil vahidlərinin 

təkrarıdır. Bu mənada şəxs adlarının təkrarı xüsusilə diqqəti cəlb edir. Şəxs adları-

nın təkrarı hər bir yazıçının dil üslubuna uyğun olaraq işlənir, onlar öz orijinallığı, 

spesifik cəhətləri ilə seçilərək ekspressivliyi artırır, müxtəlif üslubi məqamlara xid-

mət edir”. (7, s.127)  

 Bu baxımdan Mirzə Cəlilin “Ölülər” dramının birinci məclisində İskəndərlə 

atası Hacı Həsən arasında baş verən dialoqda zəngin üslubi çalarlar tapmaq müm-

kündür. Elə Kərbəlayı Fətullahın dirilmə xəbəri də ilk dəfə bu səhnədə məlum olur:  

“Hacı Həsən çox havalı və ləhliyə-ləhliyə girir içəri. Nazlı və Cəlal gedirlər. 

İskəndər. Ata, nə xəbər? 

Hacı Həsən (bir az fikir eliyəndən sonra başını qalxızıb). Deyirlər, Kərbəlayı 

Fətullah dirilib. 

İskəndər (təəccüblə başını atasına tərəf əyib). Necə? 

Hacı Həsən. Deyirlər, Kərbəlayı Fətullah dirilib. 

İskəndər (təəccüblə). Necə Kərbəlayı Fətullah? 

Hacı Həsən. Hacı Rüstəm əmivin oğlu Kərbəlayı Fətullah. 

İskəndər. O ki, Xorasanda ölmüşdü? 

Hacı Həsən. Hə, hə... haman Kərbəlayı Fətullah.( 4, s. 388) 

Kiçik bir dialoq daxilində  İskəndərin  Kərbəlayı Fətullah antroponiminin  5 

dəfə təkrar etməsi oxucunun diqqətini cəlb etmək məqsədi daşıyır. 

 Cəlil Məmmədquluzadənin üslubi onomastikasında toponimlər də özünəməx-

sus mövqeyi ilə seçilir və ədibin qarşıya qoyduğu ideya-poetik məqsədin gerçəkləş-

didirlməsində mühüm rol oynayır. Mirzə  Cəlilin uydurma toponimlərdən gen-bol 

istifadə etdiyi bədii nəsri ilə müqayisədə dramaturgiyasında daha çox gerçək topo-

nimlərdən faydalandığını, ancaq onların da zəngin üslubi özəlliklərini təqdim etdiyi-

ni söyləmək mümkündür. 

Beləliklə, Cəlil Məmmədquluzadənin satirik üslubunun formalaşmasında və 

özündən sonrakı  ədəbiyyata təsirində antroponim və toponimlərin məqsədyönlü 

seçilməsinin böyük əhəmiyyəti vardır və bu mövzu linqvistik üslubiyyatın aktual 

mövzularından biri kimi bu gün də əhəmiyyətini saxlamaqdadır.     


 

Filologiya  məsələləri – №10, 2013

 

 



307

Ədəbiyyat 

 

1. H. Əliyev.  Ədəbiyyatın yüksək borcu və amalı (nitqlər, məruzələr, çıxışlar). 



“Ozan”: Bakı, 2000.  

2. C. Məmmədquluzadə. Əsərləri. 4 cilddə. C. 4. Bakı: Öndər Nəşriyyat, 2004. 

3. T. Hacıyev. Satira dili. Bakı: ADU nəşri, 1975. 

4. C. Məmmədquluzadə. Əsərləri. 4 cilddə. C. 1. Bakı: Öndər Nəşriyyat, 2004. 

5. Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə. C.1. “Öndər Nəşriyyat”: Bakı, 2005. 

6. Ə. Mikayılova. XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubu-

nun onomastikası (nəsr əsərlərinin əsasında linqvistik tədqiqat). Filologiya elm-

ləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 

2008. 

7. 5.N.Hacıyeva. Bədii  əsərlərdə  şəxs adlarının təkrarı. Azərbaycan Onomastikası 



problemləri. XI, APİ, 2003, səh. 127-131. 

 

Зульфия  Кулиевa ( Ибрагимова) 



Целенаправленный выбор антропонимов и топонимов в сатирическом стиле 

Джалиля Мамедкулизаде 

Резюме 

 

Великий  азербайджанский  писатель  и  публицист  Джалил  Мамедкули-



заде,  сыграл  неоценимую  роль  в  развитии  современного  азербайджанского 

языка  и  художественной  стилистики.  В  этом  смысле  особо  можно  отметить 

целенаправленный  выбор  антропонимов  и  топонимов,  которые  служат 

формированию  сатирического  стиля  выдающегося  писателя.  Эта  сторона 

художественного стиля Джалиля Мамедкулизаде оказала огромное влияние на 

последующее развитие сатирического стиля в азербайджанской литературе.  

Одна  из  привлекательных  черт  стиля  Джалила  Мамедкулизаде  зак-

лючается в том, что с лигвистико-стилистической точки зрения между прозаи-

ческими  произведениями  и  драмами  писателя  имеются  определенные  отли-

чия.  И  это  справедливо,  ибо  в  драмах  поэтическая  динамика  более  сильна. 

Автор  не  может  непосредственно  выразить  свое  отношение  к  образам  и 

действиям. А потому эта функция напрямую отводится собственным именам, 

обладающим различными стилистическими оттенками. 

 

 



Zulfiya Quliyeva (Ibrahimova) 

Purseful choice of anthroponyms 

and toponyms in Jalil Mammadkuluzade’s satiric style 

Summary 


 

This article deals  with the purposeful choice of antroponyms and toponmys 

in Jalil Mammadkuluzade’s satiric style who played invaluable role in the 

development of the Modern Azerbaijani language and artistic stylistic. In this 

respest it should be noted purposeful choice of anthroponyms and toponmys which 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



308

help to form this well-known writer’s satiric style. This helped  greatly to develop 

the satiric style in Azerbaijani literature. 

The most interesting peculiacarities in the literary style of Mirza Jalil ix that 

there are some differences betveen his literary prose and drama for the lingvistic-

style of antroponimics. It is naturally that it is connected vith strond poetical 

dynamis in drama and as the vriter he couldn t notify his attitude for images and 

events he shovs this function using variegated stüles vhich expressed by personaol 

names. 

 

Rəyçi: Professor Q.İ.Məşədiyev 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə