Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə4/50
tarix06.05.2017
ölçüsü3,19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   50

 ELMAN 

MİRZƏYEV  

Azərbaycan Müəllimlər İnstitutu 

filologiya üzrə fəlsəfə  doktoru 

   

 

 

 

 

 

         mirzayev_or@mail.ru 

 

BƏZİ MİKROTOPONİMLƏRİN MƏNŞƏYİNƏ DAİR  

(DİALEKT VƏ ŞİVƏ MATERİALLARI ƏSASINDA) 

 

Açar sözlər: mikrotoponim, topoformant, dialekt, şivə, etimologiya   



Ключевые слова: микротопоним, топоформант, диалект, говор, этимология 

Key words: microtoponim, topoformant, dialect, accent, etymology 

 

Azərbaycan dilçiliyinin ən geniş araşdırmaya cəlb olunmuş sahələrindən biri 



də dialektologiyadır. Belə ki, bu sahənin müxtəlif istiqamətləri üzrə, o cümlədən 

dialekt leksikasının öyrənilməsi işində mühüm uğurlar  əldə edilmişdir. Bütün 

bunlara  baxmayaraq, indiyə  qədər dialekt leksikasında xüsusi adların kompleks 

şəklində öyrənilməsi tədqiqatdan kənarda qalmışdır. Professor A.Qurbanov qeyd 

edir ki, - “Azərbaycan onomastikasını öyrənmək üçün əsas mənbələrdən biri dilimi-

zin dialekt və şivələridir. Bu mənbələr müasir Azərbaycan dilinin şifahi-fərqli da-

nışıq formasıdır. Burada ləqəblərin, mikrotoponimlərin öyrənilməsi daha əhəmiy-

yətlidir. Dialekt leksikasının bu vacib sahəsi lazımi şəkildə və bəlkə də işlənməyib 

desək, daha düzgün olar” [2, 65 ]. 

Qeyd olunan sahənin öyrənilməsinin zəruriliyini nəzərə alaraq, biz də bu mə-

qaləmizdə Lerik, Yardımlı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsin-

dən qeydə aldığımız bəzi mikrotoponimlərin mənşəyini açıqlamağa çalışacağıq. 

 “Azərbaycan dilinin dialektoloji lüğət”ində  Ağdam, Füzuli, Göygöl, Kəlbə-

cər, Meğri və Zəngilan şivələrində “kolu və ya ağacları qırılıb əkin sahəsinə çevril-

miş yer” mənasında kolavat sözü qeydə alınmışdır. Lüğətdə həmin sözün ekviva-

lenti kimi Dərbənd dialektində kolavaxdı, Yardımlı şivələrində isə kolat sözlərinin 

işlənməsi də göstərilmişdir [1, 257]. Əldə etdiyimiz dil faktlarından bəlli olur ki, 

qeyd olunan leksem kolat variantlarında respublikamızın cənub bölgəsi rayonların-

da, əsasən, şəxs adları əsasında formalaşmış mikroadonimlərdə topoformant kimi ç-

ıxış edir və semantik cəhətdən “meşədə  təmizlənmiş, açılmış sahə, tala” anlamını 

ifadə edir. Nümunələrə nəzər salaq: Kolat “Yardımlı rayonunun Astanlı kəndi əra-

zisində mikrotoponim”, Kolatlar “Yardımlı rayonunun Urakəran ərazisində mikro-

toponim”, İsa kolatı “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikrotoponim” 

–  İsa  “şəxs adı” + kolat “meşədə  təmizlənmiş, açılmış sahə, tala” – tam mənada 

“İsaya məxsus təmizlənmiş meşə sahəsi, tala”, Bəbir kolatı “Yardımlı rayonunun 

Anzov kəndi ərazisində mikrotoponim” – Bəbir “şəxs adı” + kolat “meşədə təmiz-

lənmiş, açılmış sahə, tala” – tam mənada “Bəbirə məxsus təmizlənmiş meşə sahəsi, 

tala” Babacan kolatı “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikrotoponim” 

–  Babacan  “şəxs adı” +  kolat “meşədə  təmizlənmiş, açılmış sahə, tala” – tam 

mənada “Babacana məxsus təmizlənmiş meşə sahəsi, tala”, Həbib kolatı “Yardımlı 

rayonunun Anzov kəndi  ərazisində mikrotoponim” – Həbib  “şəxs adı” + kolat 

“meşədə  təmizlənmiş, açılmış sahə, tala” – tam mənada “Həbibə  məxsus 

təmizlənmiş meşə sahəsi, tala”, Xudakərim  kolatı “Cəlilabad rayonunun Şatırlı 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



34

kəndi  ərazisində mikrotoponim” – Xudakərim  “şəxs adı” + kolat “meşədə 

təmizlənmiş, açılmış sahə, tala” – tam mənada “Xudakərimə məxsus təmizlənmiş me-

şə sahəsi, tala”, Allahqulu kolatı  “Cəlilabad rayonunun Şatırlı  kəndi  ərazisində 

mikrotoponim” – Allahqulu “şəxs adı” + kolat “meşədə təmizlənmiş, açılmış sahə, 

tala” – tam mənada “Allahquluya məxsus təmizlənmiş meşə sahəsi, tala”, Əmən 



kolatı “Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində mikrotoponim” – Əmən “şəxs 

adı” + kolat “meşədə təmizlənmiş, açılmış sahə, tala” – tam mənada “Əmənə məxsus 

təmizlənmiş meşə sahəsi, tala”, Miri  kolatı “Cəlilabad rayonunun Şatırlı  kəndi 

ərazisində mikrotoponim” – Miri  “şəxs adı” + kolat “meşədə təmizlənmiş, açılmış 

sahə, tala” – tam mənada “Miriyə məxsus təmizlənmiş meşə sahəsi, tala” və s.  

Qeyd etməliyik ki, göstərilən topoformant Lənkəran bölgəsinin talışdilli topo-

nimləri sistemində  də  külət//kulət  şəklində müşahidə olunmaqdadır. Müqayisə 

üçün:  Zəbikulət  “Lerik rayonunun Noda kəndi  ərazisində mikrotoponim”  –  Zəbi 

“şəxs adı” + kulət  «meşədə təmizlənmiş, açılmış sahə, tala» – tam mənada “Zəbi 

adlı şəxsə məxsus təmizlənmiş meşə sahəsi, tala”, Nayibi kulət  “Lerik rayonunun 

Noda kəndi  ərazisində mikrotoponim”  –  Nayib  “şəxs adı” + -i  “şəkilçi” + kulət 

«meşədə təmizlənmiş, açılmış sahə, tala»   tam mənada “Nayıb adlı şəxsə məxsus 

təmizlənmiş meşə sahəsi, tala”, Şirvani külət  “Masallı rayonunun Sığdaş  kəndi 

ərazisində mikrotoponim” – Şirvan  “şəxs adı” + -i  “şəkilçi” + külət  “meşədə 

təmizlənmiş, açılmış sahə, tala” – tam mənada “Şirvan adlı şəxsə məxsus təmizlən-

miş meşə sahəsi, tala”, Mehdi kulət  “Lerik rayonunun Buzeyir kəndi  ərazisində 

mikrotoponim” Mehdi “şəxs adı” + kulət «meşədə təmizlənmiş, açılmış sahə, tala»  

 tam mənada “Mehdi adlı şəxsə məxsus təmizlənmiş meşə sahəsi, tala” və s.  

Fikrimizcə, Azərbaycan dilinin bir sıra şivələrində müstəqil leksik vahid kimi 

işlənən  kolavat//kolavaxdı//kolat sözünün əsasında dilimizdə “torpaqdan qol-

budaq şəklində ayrılan alçaq, ağacaoxşar bitki” mənasındakı kol sözü durur. Görün-

düyü kimi bir qrup dialektlərdə  həmin söz müstəqil işlənməklə  bərabər, cənub 

bölgəsinin mikrotoponimləri arasında həm də xalq coğrafi termini kimi çıxış edir.  

Yardımlı, Cəlilabad və Lerik rayonlarının  mikrotoponimləri sistemində geniş 

yayılmış topoformantlardan biri də  pocə//poçə//poja//pojə  komponentidir. “Azər-

baycan dilinin dialektoloji lüğət”ində Yardımlı  şivələrində «yamac» mənasında 



pocə leksemi qeydə alınmışdır [1, 406]. Bu söz eyni anlamda Yardımlı, Lerik və 

Cəlilabad rayonları ərazisində müxtəlif mikrotoponimlər arasında da geniş işlənmə 

mövqeyinə malikdir. Müqayisə üçün bəzi nümunələrə diqqət yetirək:  Lüməpojə 

“Yardımlı rayonunun Anzov kəndi  ərazisində mikroadonim” – lümə  Yardımlı 

şivələrində “qısa” + pocə//pojə “yamac” – tam mənada “qısa yamac”, Şorpoçə 

“Yardımlı rayonunun Əsədabad kəndi  ərazisində mikroadonim” şor  Lənkəran 

qrupu şivələrində  – siğırçın quşu poçə “yamac” – tam mənada “sığırçın quşunun 

olduğu yamac”, Tınıxlı poja “Yardımlı rayonunun Anzov kəndi ərazisində mikroa-

donim” – tınıx//tinix  Lənkəran qrupu şivələrində “fıstıq ağacı” + pocə//pojə 

“yamac” – tam mənada “fıstıq ağacı olan yamac”, Ropojə  “Yardımlı rayonunun 

Anzov kəndi ərazisində mikroadonim” – Ro “talış dilində yol” (müqayisə et: fars və 

tacik dillərində  rah) + pocə//pojə “yamac” – tam mənada “yol yamacı”,  Rəzdəğ 



pojəsi  “Lerik rayonunun Buruğ kəndi ərazisində mikroadonim” – Rəzdəğ < Raz-

daq “şəxs adı” + pojə “yamac” –  tam mənada “Razdaq adlı şəxsə məxsus yamac”, 

Əli pojəsi “Lerik rayonunun Buruğ kəndi ərazisində mikroadonim” – Əli “şəxs adı” 

 

Filologiya  məsələləri – №10, 2013

 

 



35

pojə “yamac” –  tam mənada “Əli adlı şəxsə məxsus yamac”, Nilli pocə “Cəlila-

bad rayonunun Şatırlı kəndi ərazisində mikroadonim” – nil Lənkəran qrupu şivələ-

rində “azatağacı” + pojə “yamac” –  tam mənada  “azatağac olan yamac”, Yoncalı 



pocə “Cəlilabad rayonunun Şatırlı  kəndi  ərazisində mikroadonim” – yonca “bitki 

adı” + pojə “yamac” –  tam mənada “yonca bitkisi bitən yamac”, Şirli pocə “Cəlila-

bad rayonunun Əsədli kəndi  ərazisində mikroadonim” – şir “heyvan adı” + pocə 

“yamac” – tam mənada “şirin olduğu yamac” və s.  

Eyni semantikaya malik olan bu topoformant poçə şəklində Lerik rayonunun 

talışdilli mikrotoponimlərində də müşahidə olunur. Məsələn, Ziyadi poçə “Lerik ra-

yonunun Noda kəndi  ərazisində mikrotoponim”  –  Ziyad  “şəxs adı” + -i  şəkilçi + 

poçə “yamac” – tam mənada “Ziyada məxsus olan yamac”, Serəpoçə “Lerik rayo-

nunun Noda kəndi ərazisində mikrotoponim” – ser talış dilində “əzgil” + -ə “bitiş-

dirici səs” + poçə “yamac” – tam mənada “əzgil olan yamac”, Morəpoçə “Lerik 

rayonunun Noda kəndi ərazisində mikrotoponim” – mor talış dilində “ilan” (müq. 

et: digər İran dillərində mar) +   -ə “bitişdirici səs” + poçə “yamac” – tam mənada 

“ilanlı yamac”.   

İran dillərinə dair mənbələrdən aydın olur ki, bu qrupa daxil olan bir sıra 

dillərdə pa//po “ayaq”  mənasında çıxış edir. Bundan başqa, bəzi İran dillərində hə-

min sözün sinonimi olan poçə vahidinin işlənməsinə də təsadüf olunur. Müqayisə 

üçün: talış və tacik dillərində poçə “ayaq”, “ayaqcıq”, “qılça”. Talış dilinin leksika-

sında qeyd olunan leksem bənzərlik  əsasında həm də “dərə  və çay kənarlarında 

yamac” semantikasını da qazanmışdır.  

Dil faktlarına  əsaslansaq belə bir nəticəyə  gəlmək olar ki, poçə etimoloji 

cəhətdən İran dillərində po//pa “ayaq” (müq. et: müasir fars dilində pa [اﭙ], tacik və 

talış dillərində po, gilək dilində ) və çə > cə//jə «şəkilçi» tərkib hissələrindən iba-

rət olmaqla, substrat hadisəsinin nəticəsi olaraq Cəlilabad, Yardımlı və Lerik rayon-

larının mikrotoponimləri sistemində də yer almışdır.   

 Gəldiyimiz nəticəni  əsaslandıran digər bir fakt da Lənkəran bölgəsinin bəzi 

talışdilli mikrotoponimləri arasında həmin komponentin ekvivalenti kimi işlənən 

lınqə coğrafi terminidir. Bu söz də talış dilində lınq «ayaq» (müq. et: gilək, mazan-

daran dillərində lənq və fars dialektlərində lenq) sözünə isim düzəldən -ə şəkilçnin 

əlavəsi ilə düzəlmiş və semantik cəhətdən “dərə, çay kənarlarında yamac” mənasını 

daşıyır. Müqayisə üçün: Əvuəlınqə Lerik rayonunun Dico kəndi ərazisində mikro-

toponim – əvu//əyü talış dilində «alça» + -ə «bitişdirici səs» + lınqə «yamac» – tam 

mənada «alça ağacları olan yamac».   

Məlumdur ki, toponimik vahidlərin tədqiqi həm linqvistik, həm tarixi, həm də 

coğrafi baxımdan mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, məqalədə araşdırılan 

dil faktları da qeyd olunan sahələrin öyrənilməsi işinə öz töhfəsini verəcəkdir.   

Məqalədə gedən nümunələrin toplanmasında mənə yaxından köməklik etmiş in-

formatorlarım – AMİ-nin Cəlilabad filialının baş müəllimi Qasımov Mahmudağa Sarı-

bala oğluna, Lerik rayonunun Buruğ  kənd sakini Əliyev  Şəhriyar Səyahət oğluna və 

Yardımlı rayon sakini Cəbiyev Elçin Bəylər oğluna öz təşəkkürümü bildirirəm.  

   


 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



36

Ədəbiyyat 

 

1.  Azərbaycan dilinin dialektoloji lüğəti. “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2007 



2.  Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. “Maarif” nəşriyyatı, Bakı, 1988 

3.  Mirzəyev E. Azərbaycan dili Lənkəran və Astara şivələrinin terminoloji leksikası. 

“Elm və təhsil” nəşriyyatı, Bakı, 2010 

4.  Миллер Б.В. Персидско-русский словарь. М., 1960 

5.  Краткий таджикско-русский словарь. М., 1955  

 

   



 

 

 



 

 

Эльман Мирзоев 



Об этималогии некоторых микротопонимов  

(на основе материалах диалектики и говоров) 

   

 

 



 

Резюме 


 

В статье говорится об этимологии некоторых микротопонимов, которые 

употребляются в некоторых населённых пунктах Лерикского, Ярдымлинского 

и Джалилабадского районов.  

Из образцов становится ясным, что в некоторых говорах азерБайджанс-

кого языка, в том числе в Лерикскких и Ярдымлинских говорах употребляю-

щийся  как  независимая  лексическая  единица  в  семантическом  отношении 

выражение «место очищенное от деревьев и кустов для посевы» которое обоз-

начается словом kolavat//kolavaxdı//kolat вступает как топоформант на основе 

личных имён, особенно Лянкоранской зоне.  

По семантике это слово обозначает «участок, поляна очишенная в лесу». 

В  статье  так  же  говорится  об  этимологии  компонентых  названий 

pocə//poçə//poja//pojə которые часто употребяются микротопонической систе-

ме указанного ариала.  

Основываяся  языковому  фактору  указывается  принадлежность  этого 

слова иранским языкам, обьясняется место этого слова в микротопонической 

системе  Джалилабадского,  Ярдымлинского  и  Лерикского  районов  резуль-

татом субстративного события. 

 

   


 

 

 



 

 

 



             Elman Mirzayev 

About some microtoponims` origion 

(under dialect and accent materials) 

Summary 


 

İn this article have been taked about a number of registering the etimology of 

microtoponims in some settlements of the regions Lerik, Yardımlı and Calilabad.  

İt is clear from the examples that in some accents of the Azerbaijan language, 

including, in the accents of Lerik and Yardımlıused as an independent lexical unit 

and the semantic point of view “the place have turned to showing area cut down 

shrubs or trees” expresses the meaning of the words kolavat//kolavaxdi//kolat in 

Lankaran region, mainly formed the basis of the names of persons performed as 

topoformat in microtoponims and the meaningis expressed the semantic point of 

view “cleaned area in the forest, started field, glade”. 



 

Filologiya  məsələləri – №10, 2013

 

 



37

The noted areal in this article the position wide working in the system of 

microtoponims have been talked the names of component in the etimology of the 

words pocə//poçə//poja//pojə.  

Based on the language, the etimology point of view this word have been 

sowed belongs to Iran language and explained as the result of the event place of 

substrat in he system of the microtoponims of the regions Calilabad, Yardımlı and 

Lerik. 


 

 

 



Rəyçi:                    Məsud Məmmədov 

                  filologiya elmləri doktoru, professor 



 

 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



38

 HÜSEYN SADIQOV 

BDU 

hüseyn@mail.ru 

  

MÜASİR TÜRK DİLİNİN MƏNŞƏ ETİBARİLƏ LÜĞƏT TƏRKİBİ 

 

Açar sözlər: lüğət, alınma sözlər, türk dili 

Ключевые слова: турецкий язык, лексика, заимствования 

Key words: Turkish language, leksikology, loans 

 

Türk sistemli dillər, dünyada mövcud olan dillərin  ən qədimlərindən olduğu 



kimi, coğrafiyası da ən geniş yayılmış dillərdən biridir. Uzaq Şərqdə-Monqolustan 

və Çindən, Qərbdə Bosniyaya qədər, Şimalda-Sibir və Kazan şəhərindən, Cənubda-

Bağdaddan Kiprə qədər uzanan geniş bir ərazidə Türk sistemli dillər ailəsinə mən-

sub dillərdən birində danışılır. 

Türk sistemli dillərin danışıldığı  ərazi  Şərqdən-Qərbə 6-7 min, Şimaldan 

Cənuba 3 min kilometrlik bir ərazini əhatə edir. Bu coğrafi ərazi təqribən 12 milyon 

kvadrat kilometrdir. (1, 54) 

“Adriyatik`ten Çin Seddine” qədər ifadəsi də, çox güman ki, Türklərin, yəni 

Türk sistemli dillərin yayıldığı ərazinin genişliyini daha da nəzərə çatdırmaq üçün 

işlədilir. 

Türk dil ailəsinə daxil olan dillər bu gün Türklərin yaşadığı, yəni onların da-

nışıldığı  əsas ölkələr bunlardır: Türkiyə, Monqolustan, Çin, Rusiya, Əfqanıstan, 

İran,  İraq, Suriya, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Ökbəkistan, Azər-

baycan, Türkmənistan, Qırğızıstan, Yunanıstan, Bolqarıstan, Serbiya, Xorvatiya, 

Albaniya, Rumıniya, Polşa, Finlandiya, Litva, Moldova, Ukrayna, Gürcüstan. 

Türkiyə Respublikası, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Özbəkis-

tan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın rəsmi dilləri Türk dili və ya Türk 

dilləri ailəsinə mənsub olan Azərbaycan, özbək, qazax, qırğız və türkmən dilləridir. 

Tacikistan, Ukrayna, Moldova və Gürcüstandakı rəsmi azınlıq dili də Türk dil 

ailəsinə mənsubdur. Rusiya Federasiyasının 12 Muxtar Respublikasının rəsmi dillə-

ri rus dili və Türk dilləri ailəsinə  mənsub dillərdəndir. Bolqarıstan, Yunanıstan, 

İran, İraq, Əfqanıstan və Çində də Türk azınlığın yazı və ədəbiyyat dili türk dilləri 

ailəsinə mənsub dillərdəndir.  

Türkçə, müxtəlif Avropa ölkələri ilə Avstraliya və Amerikada da, işçilər və 

göçmən olaraq yaşayan Türklər tərəfindən göçmən dili olaraq işlədilməkdədir. (2) 

Türk dili müxtəlif uzaq ləhcə və şivələri ilə birlikdə, danışan insan sayına görə 

dünya dilləri arasındakı 10 dildən biridir. Hətta, 1980-cı illərdə YUNESKO-nun 

bildirdiyinə görə, Türk dili 5-ci sıradadır. Türk dilində, ümumiyyətlə, Türk dilləri 

ailəsinə daxil olan dillərdə danışanların sayı 200 milyondan artıqdır. Dünyanın ən 

qədim və geniş yayılmış dilləri içərisində yer almış türkçə, Yaponiyadan Amerikaya 

qədər bir çox ölkələrin Universitetlərində  tədris edilməklə, müxtəlif tədqiqatlara 

cəlb edilmişdir. 

Müasir türk ədəbi dilinin leksikasının öz dilindən başqa geridə qalan hissəsini 

xarici sözlər, yəni alınma sözlər təşkil edir. Alınma sözlər türk dili lüğət tərkibinin 

müəyyən faizini təqribən 14,33 faizini təşkil edir. Bütün dillərdə olduğu kimi, türk 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



39

dili də münasibətdə, əlaqədə olduğu dillərdən söz almış və o dillərə söz vermişdir. 

Alınma sözlər dünyada mövcud olan dillərin demək olar ki, hamısında vardır. Lakin 

bütün dillərdə onların miqdarı  və o dillərə xarici dillərdən alınmış sözlərin daxil 

edilməsi eyni deyildir. Dillərin bəzisində alınma sözlər çox, bəzisində isə azdır.  

Türk xalqı öz şanlı tarixində ərazi cəhətdən qonşu olan və olmayan müxtəlif 

xalqlarla qarşılaşmışdır. Bu qarşılaşma Türk dilinin lüğət tərkibinə həmin xalqların 

dillərindən xeyli söz keçməsinə səbəb olmuşdur.  

Sözlər xarici dillərdən şifahi və yazılı nitq vasitəsilə dilə qəbul edilir. Məlum-

dur ki, şifahi olaraq dilə gətirilən sözlər daha tez mənimsənilir. Onlar qəbul edilən 

dilin quruluşuna tez uyğunlaşır, onun qanun və qaydalarına tabe olur. Lakin yazılı 

nitq aracılığı ilə qəbul edilən sözlər həmin dildə yavaş-yavaş dərk edilir, dilin qram-

matik quruluşuna uyğunlaşdırılaraq dəyişdirilir. Bu yolla dilə gətirilən xarici sözlər, 

o dilin leksikasını  zənginləşdirməklə, həmin dildə möhkəmlənir və uzun ömürlü 

olur. 

Türk dili tarixi inkişaf prosesində fonetik sistemi, morfoloji və sintaktik quru-



luşuna görə əsaslı surətdə dəyişikliyə uğramışdır. Bu inkişaf prosesində dilin leksik 

tərkibi də yeni sözlərlə zənginləşmişdir. 

Türk dilinin leksikası mənşəcə müxtəlifdir. Yeni məfhumların bir hissəsi dilin 

öz daxili imkanları hesabına, yəni söz yaratma üsulu ilə ifadə olunursa da, digər bir 

hissəsi isə başqa dillərdən sözalma hesabına ifadə olunur. Türk xalqı öz tarixi bo-

yunca müxtəlif xalqlarla əlaqə və münasibətdə olmuş və hal-hazırda da olmaqdadır. 

Çox şübhəsiz ki, bu əlaqə və münasibətlərin Türk dilinin leksik tərkibinə təsiri bir 

qanunauyğunluqdur. 

Türk dili də mənsub olduğu türk sistemli dillər kimi özünün lüğət tərkibinin 

mənşəyinə görə iki əsas qrupa bölünür: 

1.  Türk sözləri - milli ana dilinə xas olan dilin öz sözləri; 

2.  Alınma sözlər 

Türk dili türk sistemli dillərdən biri olduğundan onun əsl sözləri ümumtürk 

bazası  əsasında yaranmışdır. Türk dilinin leksik tərkbinin  əsas hissəsini xalis türk 

sözləri təşkil edir. 

Prof. S.Cəfərov qeyd edir ki, türk dilli xalqların hələ yeni eradan əvvəl uzun 

əsrlər boyu monqol və tunqus-mancurlarla bir ictimai-siyasi birlik təşkil etdiklərinə 

görə, onun leksik tərkibinə  həmin dillərdən külli miqdarda sözlər daxil olmuşdur. 

Türk dili monqol dili ilə, qıpçaq qrupu dilləri, oğuz qrupu dilləri ilə, ümumtürk 

dilləri ilə ortaq olan sözlərə malikdir.(3,41) 

Prof. H.Ə.Həsənovun qeyd etdiyi kimi türk dillərinin ümumi mənşəyi onların 

fonetik və qrammatik quruluşları, lüğət tərkibi və sintaktik strukturlarının yaxınlığı 

ilə müəyyənləşir.(4, 114) Hamısı ahəng qanununa tabe olur, son şəkilçilər qəbul 

edir. Sözlər eyni əlaqəyə əsaslanırlar. 

Müasir türk dilinin mənşə etibarilə lüğət tərkibinə bir sıra xarici dillərdən ke-

çən sözlərin də daxil olduğunu görürük. Məqalədə ötəri də olsa məhz xarici dillər-

dən keçən sözlərə toxunulmuşdur. 

 Türk dilində olan xarici sözlərin, xüsusilə  də Fransızcadan alınan sözlərin 

çoxluq təşkil etdiyini görürük. 

 Türk dilçi alimləri Türk dilinə daxil olan Qərb mənşəli sözlərin girişini 

tədqiq edərək müxtəlif, nəticədə isə oxşar nəticələrə gəlirlər, məsələn, Fatih Sezgin 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



40

(5,85-89) qərb mənşəli sözlərin türk dilində çoxluq təşkil etmələrini belə izah edir: 

Hər şeydən əvvəl qarşılaşılan yeni əşya və ifadələr, fərqli bir mədəniyyət sahəsinə 

geçiş səyləri xarici ölkələrə duyulan maraq xarici ölkələrdə yaşama və oraya edilən 

səfərlər, “alafrangalık” (Qərbsayağı) modası  və  Qərbin yaşama tərzinin həsrəti, 

xarici dillərin tədris və xarici dillərdə  təhsil, ideoloji cərəyanların yaratdığı  şərait, 

bəzi məslək və sənətlərin xaricilər və azınlıklar tərəfindən icra edilməsi, beynəlxalq 

və internasyonal şirkətlər, etibar və  zəriflik ifadələri, milli dəyərlərə laqeyd 

münasibət, kütləvi rabitə vasitələri, ziyalıların öz xalqının dilinə ögey münasibəti və 

s. (6,948) 

 Zeyneb Korkmaz Qərb dillərindən söz və ifadələrin Türk dilinə alınma 

prosesinin aşağıdakı dörd yolunu göstərir. 

  a - Türklerin Anadoluya yerleşmesinden başlayarak XVIII yüzyıla kadarki 

dönemde alınan Batı kaynaklı kelimeler; 

  b - XVIII yüzyılda Batı ile ilk temaslarımızın ortaya koyduğu durum; 

  c – 1839 Tanzimat hareketi ile başlayan Batı`ya yönelişin getirdiyi yabancı 

kelimeler; 

  ç – Cumhuriyet devrinde alınan Batı kaynaklı kelimelerdir. (6) 

 Xarici dillərdən alınan sözlərin, yerli dilin quruluşuna uyğunlaşdırılması la-

zım gəlir. Çünki hər bir dilin öz qrammatik quruluşu və fonetik sistemi olduğundan 

alınan sözlərin də dildə mənimsənilmə prosesi gedir. Başqa dillərdən alınan sözlərin 

bir hissəsi öz əvvəlki formasını saxladığı kimi, digər bir hissəsi isə sözü qəbul edən 

dilin sistemində onun qaydalarına uyğun olaraq yenidən müəyyən şəklə düşür və öz 

əvvəlki formasını dəyişdirir. 

 Prof. H.Ə.Həsənov (4,142) alınma sözlərin dildə fonetik, qrammatik və lek-

sik cəhətdən mənimsənildiyini qeyd edir. Belə ki, alınma sözlərin bir qismi öz fone-

tik tərkibini yerli dilin fonetik-orfoqrafik qaydalarına uyğunlaşdırmağa məcburdur. 

Çünki  ərəb, fars və Avropa mənşəli sözlərin öz fonetik tərkiblərini dəyişib 

dəyişməməsi alınan sözlərin tərkibindəki fonemlərin Türk dilində olub-olmaması ilə 

müəyyən edilir. Qrammatik cəhətdən mənimsənilmə prosesində alınma sözlər Türk 

dilinin qrammatikasının tələblərinə və qaydalarına tabe edilir. Leksik mənimsəmədə 

isə alınan sözlərin bir qismi heç bir dəyişiklik edilmədən, digər bir qismi isə mənaca 

dəyişdirilərək dildə işlədilir. 

 Alınma sözlər haqqında heç bir zaman fikir birliyi olmamışdır. Bu sözlərə 

qarşı müxtəlif vaxtlarda, müxtəlif dillərdə müxtəlif münasibətlər olmuşdur. Bəzi 

tədqiqatçılar alınma sözlərə qarşı  çıxmış  və bu prosesin qarşısını almağa cəhd 

göstərmişlər.  

Bunun nəticəsində  də dildə purizm deyilən bir meyl meydana gəlmişdir. 

Puristlər “dilin təmizliyi” şüarı altında alınma sözlərə qarşı çıxaraq gülüş doğuran 

uydurma terminlər meydana gətirmişlər.  

Məlumdur ki, türk dilinə xarici sözlərin girişinə qədim Türklərin yazılı abidə-

lərindən olan – Orxon abidələrində rast gəlinir. Bu dövrdə Çin dilindən türk dilinə 

kunçuy (prens), senün (general), totok (askeri vali), taluy (deniz) kimi sözlər daxil 

olmuşdur. (7, 126) 

Uyğur türkcəsi dövründə dilə xarici sözlər daha artıq daxil olmağa başlayır. 

Türklərin qəbul etdikləri yeni dinlərin təsiri nəticəsində inkişaf etməkdə olan tərcü-

mə ədəbiyyatının təsiri ilə bu xarici sözlər artmaqdadır: 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



41

 “Uygur Türklerinin kabullendikleri Budizm, Manihaizm, Brahmanizm ve 

Nesturilik gibi dinler. Türkçeye bu dinlerin giriş yollarına göre Sanskrit, Sogot, Çin 

ve Tibet dillerinden bir hayli yabancı kelime ve terimin girmesine, dolayısıyla dilde 

yabancı kelimeler sorununa yol açmıştır.” (8, 868) 

 Yuxarıdakı  səbəblərə görə Uyğur dövründə Türkçəyə girməyə başlayan 

xarici sözlər sonralar daha da artmağa başlamışdır. Orta türk dövründə qəbul edilən 

İslam dininin təsiri nəticəsində türk dilinə külli miqdarda Ərəbcə sözlər daxil 

olmuşdur. Lakin bu sözlərə qarşılıq yaratmaq və ya bu sözləri türkcələşdirmək üçün 

o dövrdə heç bir təşəbbüs göstərilməmişdir. Qarışıq mədəniyyətlər zamanı Türkçə-

nin yazı və ədəbi dili əvvəllər fars dili və ədəbiyyatının təsiri altında qalmışdır. Bu 

fars ədəbiyyatı həm Karluk-Uyğur türkcəsinin, yəni Şərq türkcəsinin və həm də da-

ha sonraları Xarəzmdə qalan Oğuz-Qıpçak Türkcəsinin quruluşuna da təsir etmişdir. 

Buna görə də hər iki (Karluk-Uyğur, Oğuz-Qıpçak) ədəbiyyatın quruluşunda Ərəb 

və Fars dillərinin söz və ifadələrinə təsadüf edilməkdədir. (9) 

 XVIII əsrdə Avropa ilə siyasi münasibətlərin başlaması, Avropa dillərindən 

Türk dilinə sözlərin daxil olmasına səbəb olur. Belə ki, Sait Paşa, Gazeteci Lisanı 

adlı  əsərində  Qərb dillərindən ilk alınan sözün 1789-cu il müharibəsindən sonra 

sülh danışıqlarında qeydə alınan “Statuquo” olduğunu qeyd edir. Sait Paşa, yenə ey-

ni əsərində “Statuquo” sözündən 50 il sonra “Politique” və “diplomatie” sözləri ilə 

birlikdə maliyyə ilə əlaqədar “empirant” və “avanse” kimi sözlərin Türk dilinə gir-

diyini qeyd edir. (10, 72) 

  Tənzimat dövründə  mədəniyyətlə  bərabər təhsil sistemində  də  Qərbləşmə 

siyasəti davam etdirilir. Bu dövrdə başlayan xarici dillə təhsil prosesi indi də davam 

etdirilməkdədir. O zaman Türkiyədə açılmış “Mekteb-i Tıbbıye”də  təhsil Fransız 

dilində idi. Sonralar bu məktəbdə Türkcədə təhsil aparılmağa başladığı zaman mə-

lum oldu ki, Türk dilində də tibb təhsili vermək mümkündür. Lakin daha sonralar 

İngilis dili Fransızcayı üstələmişdi. Bunun nəticəsində  də Türk dili İngilis-Ameri-

kan mədəniyyətinin hücumuna məruz qalmışdır.  

Qeyd etmək lazımdır ki, xarici sözlərin türk dilinə girməsinin nisbəti dövrlərə 

görə  dəyişmişdir. Doğan Aksanın (7, 126-130) tədqiqatlarına görə uygurlardan 

günümüzə qədər əldə edilən mətnlərdə, Çin, Soqot, Sanskrit dilləri kimi bir çox xa-

rici dildən Türk dilinə keçən sözlərin nisbəti 2% ilə 5% arasındadır. XI əsrə aid Ku-

tadqu. 


Biliğdən 150-200 il sonra yazıldığı meydana çıxarılan Atabetül- Hakayıkda 

bu faiz yüksələrək 20%-ə  və  bəzi  əsərlərdə isə 26%-ə yüksəldiyi görülür. Qədim 

Anadolu Türkcəsində xarici sözlərin miqdarı Y.Emrede 13%, Aşık Paşanın 

“Qaripname”sində 20%, Ahmet Fakıhın “Çarhname”sində 28%-ə  qədər çatmışdır. 

XV əsrin sonları XVI əsrin əvvəllərində başlayan Yeni Türkcə dövründə türk dilinə 

daxil olan Ərəb və Fars söz və ifadələri daha çoxluq təşkil etməkdədir. Bu dövrlərdə 

xarici sözlərin miqdarı Bakinin əsərlərində 65%, Nef`idə 60% və Nabidə isə 54% 

olmuşdur. Tənzimat dövründə isə Namiq Kamalda 62%, Şəmsəddin Samidə isə 

64%,  Əhməd Midhətdə 57%-ə  qədərdir. Xarici sözlərin  əsərlərdəki faizi 1965-ci 

ildə 25%-ə qədər azalmışdır. 

  Qərb mənşəli sözlərin Türkcəyə daxil olması bəzi şəraitlərlə bağlı olmuşdur. 

Belə ki, Slavyan dil qrupundakı dillərdən Türk dilinə daxil olan sözlər, Osmanlı 

İmperatorluğunun Balkanlardakı hakimiyyəti ilə  əlaqədar olmuşdur. Bu sözlər 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



42

günlük yaşamla əlaqədar sözlərdir: kosa, çigan (qaraçı) ve gocuk kimi sözlər buna 

aiddir. İtalyancadan qələn sözlər dənizçiliklə əlaqədardır: Alkarna, bakatarya, friş-

ka... Fransızca sözlər tibb, texnologiya, musiqi və sənət terminləridir: Anemi, bale, 

kardiyograf..., Rusca sözlər İmperatorluq zamanı Rusiya ərazisində işlədilən sözlər-

dir: Çar, çarevia, bolşevik; 1998-ci ildən ticari əlaqələr nəticəsində haraşo sözü də 

türk dilinə daxil olmuşdur.  

Qərb mənşəli sözlərin miqdarı Türkçe sözlüklərdə  aşağıda göstərilənlər 

kimidir: 

 

1945-ci ildə nəşr edilən  



1998-ci ildə nəşr edilən 

Türkçe Sözlük  

 

Türkçe Sözlük  



 

Fransızca 

 

  1092 


     4551 

Yunanca 


   

779 


      

344 


İngilisçe   

  

115 



      

418 


Almanca 

   


20 

      


79 

Rusça 


    

13 


      

36 


 

 

Qeyd etmək lazımdır ki, türk dilinə  gətirilən xarici sözlər dildə müxtəlif 



çətinliklər meydana gətirirlər. Bu çətinliklərin bəzilərini göstərə bilərik: (11) 

1.  Türkcə və ya xarici mənşəli sözlərə xarici dilin şəkilçilərinin gətirilməsi: 

kral-iyet, 

 hürr-iyet, dost-ane, aciz-ane, kafa-dar, liberal-izm, tur-izm, tur-ist, 

real-ist 

2.  Xarici sözlərin Türk dilindəki ahəng qanununa görə şəkilçi qəbul etməməsi: 

kontrol-ü, refakat-çi, kabul-ü, hal-ler, kalb-im 

3.  Yazılış və oxunuş arasındakı fərq: 

show-şov, şarj-şarz, cafe-kafe, video-vidyo 

4.  Xarici dillərdəki ortaq sözlərin yazılış və söylənişindəki fərqlər: 

biftek-bifşteks, koridor-karidor, enstitü-İnstitut, fakülte-fakültet, diploma-diplom, 

Banka-Bank, radyo-radio, televizyon-televizion, doktor-doctor 

5.  Qalınlıq-incəlik uyuşması. 

Xarici sözlər böyük səsli uyumuna tabe olmazlar: 

 Sermaye, adalet, tatil, kalem, kitap, beyaz 

6.  Ön şəkilçilər. 

Türk dilində şəkilçilər ümumiyyətlə, sözlərin köklərindən sonra gəldiyi halda, xarici 

sözlərdə ön şəkilçilər gətirilənlərə də rast gəlirik. 

Bihaber, biçare, nahoş, namert, namalum, otokontrol, antitez, antidepresyon, 

alaturka 

7.  Heca bölgüsünü çətinləşdirən kəlimələr dilə girmişdir: 

Poliklinik, Elektrik, kontgerilla, eksper... 

8.  Türk dilində söz daxilində iki sait yan yana gəlmədiyi halda, belə  vəziyyət 

xarici sözlərdə vardır: 

Fuar, saat, düet, aile, kuaför, inşaat, düello, faaliyet 

9.  Türk dilində sözlər iki samit hərflə başlamadığı halda dilə girmiş xarici sözlərdə 

bu hal mövcuddur: 

Kral, tren, skandal, flaş, stil, statü, slogan 

10.Cəm şəkilçili sözlər. 


 

Filologiya  məsələləri – №10, 2013

 

 



43

Məna cəhətdən çoxluq ifadə edən xarici sözlər, türk dilində  təkrarən cəm 

şəkilçisi qəbul edirlər: 

evliya-evliyalar, evlat-evlatlar, tamirat-tamiratlar, meşrubat-meşrubatlar 

Son olaraq qeyd etmək lazımdır ki, texnikanın günü-gündən inkişaf 

etdirilməsi, yeni kəşflər, yeni yaranan məhsullar və bununla əlaqədar olaraq onlara 

verilən adlar yeni olduğundan bütün dünya dillərinə, o cümlədən Türk dilinə  də 

daxil olmaqdadır. Bunların az bir hissəsinə yeni türkçə adlar verilsə də, hamısına ad 

vermək mümkün olmur. Bu isə dildə bəzi çətinliklərin yaranmasına səbəb olur. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə