Азярбайъан республикасы тящсил назирлийи бакы гызлар университети



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix23.12.2016
ölçüsü2,79 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

 
 

Müharibə ədəbiyyatı: aktuallıq və sənətkarlıq 
 
Solmaz Məmmədova 
фilologiya üzrə fəlsəfə doktoru 
                                               
E-mail: applesweet@inbox.ru 
 
Ряйчиляр: ф.ц.е,д., проф.И.Б.Казымов 
                ф.ц.ф.д., дос. И.М.Мяммядли 
 
 Açar sözlər: dramaturgiya, aktuallıq, problematika, sənətkarlıq, vətənpərvərlik, sosial 
sifariş, ictimai-siyasi mövzu, estetika, forma, məzmun, dramaturji priyom 
Ключевые слова: драматургия, актуальность, проблематика, мастерство, патри-
отизм  социальный  заказ,  общественно-политическая  тема,  эстетика,  форма,  содержа-
ние, драматический прием   
Key words:
 dramatic, topicality, problems, crafts, patriotism, social order, social and 
political issue, aesthetics, form, content, dramaturgical trick
 
                         
İstənilən  əsərin  uğuru  qarşıya  qoyulan  problemin  aktuallığı  və  onun  sənətkarlıq 
baxımından bədii həlli ilə vəhdətdə götürülməlidir. Milli ədəbiyyatın simasını formalaşdıran 
dramaturgiyanın  son  dövr  mənzərəsində  nisbi  sakitlik  və  əlamətdar  hadisələrin  azlığı,  yaxın 
keçmişimızın  yaratdığı  problemlər  və  onların  bədii  inikası  olan  əsərlərin  günün  hadisəsinə 
çevrilməməsi  bu  əsərlərin  bir  qisminin  sənətkarlıq  baxımından  zəif  işlənməsi  üzündən  öz 
oxucu-tamaşaçı  auditoriyasını  formalaşdıra  bilməməsi  ilə  bağlıdırsa,  digər  qismi  isə  ədəbi 
tənqid tərəfindən lazımınca dəyərləndirilməməsindən dolayı maraq dairəsindən kənarda qalıb 
gündəmdən düşməsi ilə əlaqədardır. Doğrudur, ədəbi prosses də yerində saymır. Son dövrdə 
yaranan dram əsərləri, teatr nümunələri və digər ədəbi nümunələr onu deməyə əsas verir ki, 
ədəbiyyat  öz  funksiyasını  yerinə  yetirməkdədir.  Lakin  bu  əsərlər  milli  mənəvi  təkamülə, 
vətənpərvərlik ovqatını yaratmağa nə dərəcədə nail olur? Çox ziddiyyətli yaxın keçmişimizi, 
onun ən ağrılı səhifəsi olan Qarabağ faciəsini, bu olayların doğurduğu problemləri lazımınca 
işıqlandıra  bilirmi?  Bu  sualın  cavabı  heç  də  birmənalı  deyildir.  Ümumiyyətlə,  bu  mövzunu 
baykot  etməyə  çağıranlar  da  var,  yazarların  ruh  düşkünlüyü  ilə,  stimulverici  amillərin 
olmaması  ilə  əlaqələndirənlər  də,  ədəbi  material  üçün  mövcud  durumu  qeyri-müəyyən 
adlandıranlar da. Halbuki milli maraqların xidmətində olmaq, cəmiyyətdəki mövcud ictimai-
siyasi  ab-havanı  bədiiləşdirib  bundan  ictimai  mənəvi  tərbiyədə  istifadə  etmək  bilavasitə 
ədəbiyyatın  vəzifəsidir  və  heç  bir  qrant  və  stimullarla  ölçülmür.  Bu  gün  müharibə  möv-
zusunda yazmaq üçün kifayət qədər həyat materialı da vardır. Sadəcə, yazıçıdan tələb olunan 
vəzifə əsl ədib-vətəndaş olmaqla məsuliyyəti dərk edərək tarixi yükü olan missiyanı ləyaqətlə 
yerinə  yetirməkdir.  Hətta  atəşkəs,  sakit  quruculuq  ab-havası  da  heç  kəsə  əsas  vermir  ki,  bu 
böyük  milli  problem  unudulsun.  Xalqın  mübarizə  əzmini,  ruh  yüksəkliyini  təmin  etmək, 
tarixə  və  yaddaşımıza  düzgün  münasibət  formalaşdırmaq  üçün  məhz  bu  səpkili  əsərlərin, 
mükəmməl  nümunələrin  yaradılmasına  böyük  ehtiyac  duyulur.  Dünya  ədəbiyyatında  müha-
ribə mövzusunda elə nümunələr vardır ki, orada bir dənə də olsun döyüş səhnəsi yoxdur, an-
caq bu əsərlər bədii-estetik dəyərinə, əhatə etdiyi mövzunun bəşəriliyinə görə müharibə ədə-
biyyatının ən layiqli nümunələri sırasında olmaq statusu qazanıb. Bizdə də məhz müasir ədəbi 
prossesi dolğun, sanballı, günün aktual problemləri ilə məşğul edən ədəbi nümunələr yaradıl-
malı, yaxın keçmişimizi, müharibə dövrünü əks etdirən əsərlər lazımınca dəyərləndirilməli və 

Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 

ədəbi tənqid də onları gündəmdə saxlamalıdır. Ədəbiyyatın həm mənəviyyatla bağlılığı, həm 
ictimai şüura təsir edə bilmək kimi üstünlüklərindən yararlanmayan heç bir yazar özünü hər 
şeydən öncə vətəndaş, ziyalı, milli mənafe uğrunda fədakar mübariz  adlandıra bilməz. 
Dramaturgiyamızda  C.Məmmədquluzadənin  ,,Kamança”  pyesi  ilə  başlanan  Qarabağ 
mövzusu əslində bütün zamanlarda ədəbiyyatımız üçün aktual olmuş, lakin sovet hakimiyyəti  
illərində siyasi senzuranın təzyiqi ilə bu mövzuya erməni təəssübkeşliyi baxımından birtərəfli 
şəkildə qadağa qoyulmuşdur. Bu gün də vəziyyət ürəkaçan deyildir. Ədəbiyyatın təxirəsalın-
maz  sosial  sifarişi  olan  torpaqlarımızın  azadlığı  probleminin  işlənməsində  kasadlıq,  çevik 
dramaturgiyanın  bu  məqama  passiv  münasibəti,  sosial  sifarişin  oxucu-tamaşaçı  tələbatını 
ödəyə  bilməməsi  real  ədəbi  məkanın  sönük,  mənasız  səhnə  əsrləri  ilə  dolmasına  gətirib  çı-
xardı.  Bu  gün  heç  vaxt  indiki  qədər  aktual  olmayan  bu  mövzuya  barmaqla  sayıla  biləcək 
əsərlərlə cavab verməli oldu. 
Son dövrün məhsulu olan Firuz Mustafanın “Dəhliz”, Vidadi Babanlının “Ana intiqa-
mı”,  Yusif  İsmayılovun  “Didərginlər”,  Aygün  Həsənoğlunun  iki  hissəli  “Mağara“  pyesləri, 
Ağarəhim  Rəhimovun  silsilə  dramları  dövrün  atmosferini,  ictimai-siyasi-sosial  mənzərəsini 
müəyyən mənada əks etdirməklə yanaşı, gəncliyin milli, vətənpərvər ruhda tərbiyəsində əhə-
miyyətli rol oynayır. 
Dramaturgiyada müharibə mövzusundan danışarkən müasir ədəbi prossesdə daha çox 
Ağarəhim  Rəhimovun  yaradıcılığının  üzərində  dayanmaq  istəyirəm.  Həm  də  düşünürəm  ki, 
Ağarəhim  Rəhimovun  dramaturgiya  səhəsindəki  uğuru  yalnız  mövzu  və  aktuallıqla  deyil, 
eyni  zamanda  sənətkarlıq,  estetik  kamillik  və  gerçəliyi  bədiilik  süzgəcindən  keçirə  bilmək 
bacarığı  ilə  əlaqələndirilməlidir.  Ağarəhim  Rəhimov  azərbaycanlı  oxucunun  gözləntilərini, 
ədəbiyyatın sosial tələblərini yazıçı məsuluyyəti ilə dərk edərək bir-birinin ardınca “Canavar 
balası”  (1996),  “Xəyanət”  (1998),  “Qızmızı  qar”  (1998),  “Haray”  (1999),  “Əsgər  anası” 
(2003) pyeslərini yaradır və bununla da müharibə mövzusu onun həm vətəndaşlıq narahatlı-
ğının  təzahürünə  çevrilir,  həm  də  xalqın  yaradıcı  ziyalısı  kimi  öhdəsinə  düşən  vəzifələrinin 
sırasına  daxil  olur.  Bu  dramaturgiyada  hər  şeydən  əvvəl,  vətən,  vətəndaşlıq  borcu  başlıca 
prinsip kimi götürülür, bu prizmadan aktual, ictimai-mənəvi ixtilaflar, qarşıdurmalar, novator 
davranış  və  münasibətlər  yaradılır.  Yaradıcılığının  ən  məhsuldar  dövrünü  məhz  bu  qlobal 
münaqişə  mövzusuna,  məsuliyyətli  bir  tarixi  dövrun  problemlərinə  həsr  etmiş  müəllifin  bu 
işin öhdəsindən necə gəlməsi də dramlarında ortaya qoyduğu yeni düşüncə tərzində, yaratdığı 
zəngin  həyat  səhnələrində,  bədii  ədəbiyyatın  professional  incəliklərini  realizə  etmək  baca-
rığında, dövrün informasiya daşıyıcıları kimi yeni insan tipi, orijinal obrazlar yaratmaq səriş-
təsində özünü büruzə verir. Bu dramaturgiya 80-90-cı illər Azərbaycan həyatını sanki bir teatr 
səhnəsində işıqlandırır, böyük yaşantıarın kiçik modelini qurub oxucuya əyani, interaktiv bir 
yolla  çatdırmağa  çalışır.  Çünki  o,  müharibə  mövzusuna  müraciət  edərkən  kiçik  bir  həyat 
hadisəsini, konkret  bir olayı  bədii material  kimi  götürmür, bütöv  bir tarixi mərhələnin bədii 
obrazını  yaradır  və  bu  işdə  ona  bir  tərəfdən  yazıçı  istedadı,  sənətkar  fəhmi,  digər  tərəfdən, 
ədib-vətəndaş  mövqeyi,  vətənə,  xalqına  hədsiz  sevgi  hissi  kömək  edir.  “Dramaturqun  bir 
məharəti  də  ondan  ibarətdir  ki,  artıq  cəmiyyətin  bütün  sferalarını,  təbəqələrini,  yaruslarını 
oxucunun gözləri qarşısına yaxınlaşdırır, retrospektrləri qabarıqlaşdırıb qabağa çəkir, cəmiy-
yəti  teatrlaşdıdır,  onu  bir  tamaşa  salonuna  çevirir,  bir  növ  Bertold  Brextin  “epik  teatrının” 
estetikasına  yaxınlaşdırır“  (A.Bədəlov  “Qələmin  ucu,  qılıncın  gücü”.  Bakı,  2008,  səh.238). 
Müəllif vətənə xəyanət, torpağa xəyanət, qardaşa xəyanət, ailəyə xəyanət kimi çoxşaxəli süjet 
xəttlərini vahid müstəvidə birləşdirməklə “Xəyanət” dramında bütün uğursuzluqların səbəbini 
xəyanətdə  görür,  fəlsəfi  konteksdə  anlaşılan  bu  kateqoriyanın  cəmiyyət  və  insan  həyatında 

Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
10 
törətmiş və törədə biləcək təhlükələrini göstərir, lakin bununla da kifayətlənmir, daha dərinə 
gedərək yaranmış xaosun tarixi məntiqi köklərini axtarır. “Xəyanət” pyesinin baş obrazı süjet 
boyu müxtəlif şəkillərdə təzahür edən xəyanətdir. Dramaturq bu əsəri ilə ilk dəfə olaraq yaxın 
keçmişimizin ən böyük faciələrini doğuran xəyanətin anatomiyasını bədii, dramaturji, psixo-
loji  aspektdə  təsvir  edir  və  səhnə  həyatı  verir”  (B.Əhmədli.  “Dramaturq:  sənət  və  həqiqət”. 
Bakı, 2011, səh. 47). Burada cəmiyyətin üzdə olan bəzi şəxslərinin prototiplərini də görürük. 
Tarixi  faktlara  və  sənədli  publisistikaya  meyil  əsərin  ideya  dəyərinin  düzgün  anlaşılmasına 
xidmət  edir.  Lakin  A.Rəhimov  həm  də  sənətkar  uzaqgörənliyi  ilə  inanır  və  inandırır  ki, 
qismətinə keşməkeşli bir tarix yaşamaq düşmüş xalqını nikbin gələcək gözləyir: “İnanıram ki, 
taleyinə cəhənnəm zəbanələri səpilmiş Azərbaycan xalqı ölüm-dirim məngənəsindən məğrur-
casına keçərək zülm və istibdad boyundurgunu birdəfəlik atacaq, öz müstəqillik və suveren-
liyini qazanacaq” (A.Rəhimov. “Əsərləri”. VIII cild, səh. 48, Bakı, 2009). 
Yazıçı  “Haray”  pyesində  tarixi  xəyanət  nəticəsində  düşmən  tapdağı  altında  qalmış 
torpaqlarımız uğrunda aparılan hərbi-siyasi mübarizədən bəhs edir, tarixdən ibrət götürməyə, 
bir  daha  düşmənin  boş  xülyasına  inanmamağa  çağırır.  Əsərdə  məhz  erməni  millətinin  öz 
nümayəndəsi  –  yazıçı  Julyanın  dili  ilə  söylənən  tarixi  həqiqətlər,  onun  tez-tez  tarixə  istinad 
edib  faktlarla  erməni  millətçilərini  ifşası,  necə  deyərlər,  düşmənin  öz  dili  ilə  etirafı  erməni 
şovinizminin, siyasi riyakarlığının ifşasına heç bir şübhə, əl yeri qoymur. Məkrli niyyətlərini 
ört-basdır etmək üçün millətinin ziyalısına belə aman verməyən düşmən savadlı, ahıl tarixçini 
öldürməkdən  çəkinmir.  “Haray”  tarixi  əsər  deyil,  müasir  mövzuda  yazılmış  pyesdir,  ancaq 
əsərdə  tarixə  müraciətlərin  olması  və  çağdaş  hadisələrlə  tarixi  düşüncənin  çarpazlaşması 
müəllifə tarixiliklə müasirliyin qovşağında yeni bir səhnə əsərini yaratmağa imkan vermişdir” 
(B.Əhmədli. “Dramaturq: sənət və həqiqət”. Bakı. 2011, səh.70). 
Müəllifin  məhz  bu  dövr  yaradıcılığında  faciə  janrına  daha  tez-tez  müraciət  etməsi 
təsadüfi  deyildir,  bu  janr  ictimai-siyasi  kataklizm,  milli  azadlıq  hərəkatı,  tarixi  sınaqlar, 
müharibə və çaxnaşmalar dövrünün mövzu və problemlərini özündə daha  yaxşı  ehtiva edir, 
belə  ictimai-siyasi  durum  bu  janrın  inkişafına  “münbit”  şərait  yaradır.  Mahiyyətində  mü-
haribənin  sosial  duruma, insan taleyinə təsiri duran “Əsgər  anası” pyesindən də  görünür ki, 
hər bir faciənin əsas mənbəyi cəmiyyətin təbiətindən doğan ictimai ziddiyyətdir və burada da 
müəllifin  yaradıcılıq  bacarığı  səviyyəsində  cəmiyyət  həyatındakı  konfliktlərin  təbiəti  açılır. 
Bu  əsərdə  konkret  müharibə,  döyüş  səhnəsi  yoxdur,  ancaq  bu  kabus  hər  səhnədə  do-
laşmaqdadır; ananın böyük oğlunun itkin düşməsi, kiçik oğulun şəhid olması, sonda ortancıl 
oğulun  və  ananın  ölumu...  Müəllif  pyesdəki  dinamizmi,  konfliktin  ağırlığını,  obrazların 
nitqini, bir sözlə, bütün dramaturji imkanları səfərbər edib son dərəcə gərgin müharibə ovqatı 
yarada  bilir.  Pyesdə  müharibə  və  onun  özü  ilə  sürükləyib  gətirdiyi  bir  çox  sosial-ictimai 
bəlalardan danışılır. Əslində, “Əsgər anası”nın süjetinə çəkilən hadisə, yaxud faciə həyatdan 
götürülmüş  olsa  da,  məqsəd  bir  ailə  faciəsini  əyaniləşdirmək  deyildir,  dramaturqun  bütün 
yaradıcılığından  bir  teziz  kimi  keçən  əxlaqi  dəyərləri  yüksək  tutmaq,  heysiyyatın,  təmiz 
vicdanın  fövqündə  heç  bir  hiss  və  qüvvənin  dura  biməməsi  fikrini  bir  daha  təsdiqləməkdir. 
“Əsgər  anası”  pyesinin  müəllifə  verdiyi  həyat  materialının  bəzən  fərqli  anlama  və  qəbul 
edilməsinə  baxmayaraq,  o,  milli  mentalitet  və  ənənələrə  sadiq  qalmaq  yolundan  çıxmır; 
faciəni  yaradan baş vermiş müdhiş olay, oğul qatilinə çevrilmiş ana, ana-qadın fenomeninin 
üzərinə heç də kölgə salmır, əksinə, qatil ana baş vermiş cinayətdə əxlaqın toxunulmazlığının 
müdafiəçisi  kimi  təqdim  olunur,  təsvir  edilən  bədii  səhnələr,  konflikt  və  qarşıdurmalar 
tamaşaçıda  affekt  vəziyyəti  yaradaraq  qoyulmuş  problemin  uğurlu  bədii  həllinə  yol  açır. 
Əsərdə ən ağır bədii dramaturji yük ana (Maral) obrazının üzərinə düşür, ən ağır missiyanı da 

Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
11 
o, yerinə  yetirməli olur. Müəllif cəsarətlə  yazılmamış qanunlar mövqeyindən çıxış edir. Ana 
müəllifin  rəğbət  subyektidir.  Doğrudur,  hadisə  Azərbaycan  mühiti  üçün  tipik  sayıla  bilməz, 
ancaq bu həyat hadisəsi ilə müəllif  bir daha vurğulayır ki, müharibə nəinki səngərdə, döyüş 
meydanında  fəlakətlər  törədir,  onun  amansız  fəsadları  ilk  baxışdan  sakit  görünən  arxa 
cəbhəyə  də  yol  açır,  öz  ağır  izini  qoyur.  Əsərdə  ananın  ikinci  oğlu  dramaturgi  konfliktdə 
başlıca qüvvədir. O, plakat surət deyildir, miskin əməlləri ilə yanaşı, maraqlı düşüncələri də 
var, yeri gəldikcə, müəllif əsl ədib cəsarəti nümayiş etdirərək həyat həqiqətlərini bu obrazın 
dili ilə də səsləndirməkdən çəkinmir, bununla da tərəfli mövqe tutmur, öz fikri, mühakiməsi 
olan canlı insan tipi  yaradır. Həm  də  əsərin ideya məna həllinə kömək edir və bəzi  məqam-
larda açıq zehinli, realist Şəkər əyyaş, içki düşkünü Şəkəri üstələyir. O, tüfeyli olsa da, müha-
kimələri ilə oxucu diqqətini özünə çəkməyə, onu dinləməyə, düşünməyə vadar edir. Bu onu 
göstərir ki, azad bir yaradıcılıq mövqeyi seçən sənətkarın bütün obrazları bərabər hüquqludur, 
müəllif mövcud zaman və məkan kontekstində onlara sərbəst olmağa, həyata həyati bir möv-
qedən yanaşmağa geniş məkan verir. Ədəbi tənqiddə əsərə münasibət birmənalı deyildir; qatil 
ana və onun söykəndiyi  mənəvi dəyərlər konsepsiyası təsvir edilən gərgin konflikt və situa-
siyalar axarında bəzən oxucu tərəfindən bəraət alır, bəzən ittiham olunur. Bu baxımdan Maral 
Ağarəhim Rəhimovun maraqlı obrazlar silsiləsinə daxildir. 
“Dramaturgiyada çarpışma yoxdursa, döyüş yoxdursa, söhbət təkcə qılınc döyüşündən 
deyil, həm də fikir döyüşündən gedir, deməli, orada dramaturgiya yoxdur“ (F.Mustafa). Ağa-
rəhimin dramaturgiyası kəskin süjet və dramatik konfliktlər, gözlənilməz dönüşlər cəbhəsini 
xatırladır. Bütün bunlar onun əsərlərinə xas dramaturji fəallığın göstəricisidir. Müharibə ədə-
biyyatı özü ilə sənətkarı məşgul edə biləcək xeyli mövzu və yeni qəhrəmanlar silsiləsi gətir-
mişdir.  Dramaturqun  “Canavar  balası”  faciəsi  haqqında  çox  yazılıb,  fikir  söylənilsə  də,  bir 
daha  qeyd  etmək  yerinə  düşər  ki,  dramaturgiyada  müharibə  problematikasının  bədii  həllinə 
dair  ən  maraqlı,  aktual  əsərlərdəndir  və  ədəbiyyatımızda  orijinal  konflikti  və  süjet  xətti  ilə 
diqqəti  cəlb  edir:  Həssas  bir  məsələ:  ata-oğul  qarşıdurmasına  gətirib  çıxaran  səbəb,  onun 
fəsadları və sonda tarixən sübuta yetmiş böyük həyati ümumiləşdirmə! İlk səhnədən hadisələr 
böhranlı  situasiyadadır;  ata  və  oğul  məhkəmə  zalında  üz-üzə  dayanıb.  Müttəhim  Nofəl  və 
atası Yusifin çıxışları, hadisə şahidlərinin dindirilməsi ilə get-gedə dərinləşən situasiyanın nə 
ilə  nəticələnəcəyi  aydın  deyildir.  Hadisələrin  məhz  bu  cür  düyünlənməsi  oxucuya  sonluğu 
təxmin  etməyə  yer  qoymur.  Elə  dramatik  ardıcıllığı  izləyən  oxucu  üçün  də  ən  uğurlu 
razvyazka  heç  gözləmədiyi,  ağlından  belə  keçirmədiyi  bir  dönüş  nöqtəsidir.  Nofəlin  (oğul) 
satqınlıq, xəyanət  dolu əməllərinə bəraət  qazandırmaq cəhdi  oxucu (tamaşaçı) təsəvvüründə 
öz müəyyən gözləntilərini yaratsa da,Yusifin (ata) məhkəməyə verdiyi açıqlama bu təsəvvürü 
də  alt-üst  edir!  Gözlənilməz  dönüş  və  emosional  amil  oxucu  şüuruna,  düşüncəsinə  hakim 
kəsilmişdir!  Müəllif  qarşısına  qoyduğu  məqsədi  —  düşmənin  xislətən  məkrli  və  hiyləgər 
olmasının genetik köklərini nümayiş etdirmək istəyini uğurla yerinə yetirmişdir: “Canavarı nə 
qədər bəsləsən, o yenə meşəyə baxacaq” - məsəlinin tam təsdiqi ilə yekunlaşan sonluq Yusifin 
özünü  öldürməsi  ilə  başa  çatsa  da,  bu  final  məğlubiyyət,  yaxud  ruh  düşkünlüyü  kimi  qəbul 
edilə  bilməz,  bu,  xain  oğulun  günahlarına  görə  vicdan  əzabı  çəkən  atanın  qəbul  etdiyi 
qərardır. Bu qərarla o, şərəfsiz erməni törəməsinin atası adını üstündən götürür! Bu əsər bütün 
dramaturji dəyərlərə —  kompozisiya həllinə, xarakterlər və ayrı-ayrı səhnələrin  izlənməsinə 
görə  çox  diqqətəlayiq  hadisədir.  Burada  dramaturqun  yaradıcılıq  istedadı  ilə  estetik  norma-
ların ciddi tələbləri bir harmoniya yaradır. İstər bədii estetik, istərsə də aktuallıq baxımından 
ədəbi  mühitdə  maraqla  qarşılanan  bu  əsər  müharibə  mövzulu  ən  yaxşı  dramaturgi  nümunə 
kimi kino və səhnə həyatını da uğurla yaşamışdır. 

Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
12 
“Qırmızı  qar”  pyesində  son  dərəcə  gərgin  süjet  xətti  tamaşaçını  bir  an  belə  rahat 
buraxmır.  İnsan  xislətinə  sığmayan  görünməmiş  vəhşilik  və  işgəncələrin  fonunda  milli 
əxlaqın qorunması və bu yolda fədakarlıq, qeyrət nümayişi əsərin leytmotivini təşkil edir. İlk 
səhnədən bir-birini izləyən müharibə və əsirlik səhnələri ilə elə bir hadisələr axarına düşürsən 
ki, qəzəb, kin, nifrət ruhu bir an belə səni tərk etmir. 
Daha çox hiss və duyğulara toxunan “Gəlinqaya əfsanəsi”nin də Azərbaycan xalqının 
namus  və  qeyrət  mücəssiməsi  kimi  əsərə  daxil  edilməsi  təsadüfi  deyildir.  Bu  əfsanə  oxucu 
tərəfindən maraqla qarşılanaraq məqsəd və məramın çatdırılmasına yardımçı olmuşdur. Sona-
dək mübariz, fədakar və ölümün gözünə dik baxmağı bacaran əsirlikdə olan qız-gəlinlərimizin 
timsalında  azərbaycanlı  əxlaqi  meyarlarının  açılıb  ortaya  qoyulması  və  qorunması  yolunda 
ibrətamiz faciə müharibə dövrü ədəbiyyatının daha bir dəyərli nümunələrindəndir! 
“Vicdan məhkəməsi” pyesində isə müharibə səhnələrindən deyil, müharibənin cəmiy-
yətdə  yaratdığı hərc-mərclikdən, heç kəsin cavabdehlik daşımadığı zəmanədə  yaşanan prob-
lemlərdən danışılır. Dilbərin gənc ailəsini dağıdan, günahsız bir gənci dünyadan aparan namə-
lum güllə əslində cəzasız qalmış cinayətlərdən doğan nəticədir ki, bu da tarixdə yaşadığımız 
məlum dövr və onun problemləri haqda müəyyən təsəvvür yaradır.. 
Aristotel “Poetika”sında aktuallıq bərəsində yazır: “…ola bilsin ki, həyatda baş vermiş 
hadisələrin  mahiyyət  etibarilə  heç  bir  əhəmiyyəti  olmasın.  İnsanların  talelərində  heç  bir  şey 
müəyyən etməsinlər. Ona görə də belə hadisələrin dram üçün də əhəmiyyəti yoxdur”. Mövzu 
seçərkən aktuallıq baxımından həmişə öndə olan Ağarəhim Rəhimov dramaturgiyasının aktu-
allığı həm də məzmun-forma vəhdətində, sənəti onun kamil və təkmil normalarına tabe etdir-
mək bacarığındadır. Ədibin mürəkkəb və sinkretik dramatik növə tez-tez müraciət etməsi söz-
lə davranmaq bacarığını sərgiləyir, çünki  dramaturgiyada söz hərəkət  kimi  vacib  elementdir 
və dram əsərlərində elə söz də hərəkət kimi dinamikanı şərtləndirir. Əslində dramaturgiyanın 
əsas elementi kimi götürülən hərəkət də yalnız biri-birini əvəzləyən səhnə və remarkalar deyil
eyni  zamanda  sözdür,  yəni  söz  dramda  intellektual  don  geyindirilmiş  hərəkətdir.  Ona  görə 
dram  qəhrəmanları  filosofluq  edir,  müəllif  onları  fikir  və  məfkurə  ilə  silahlandırır.  Ədalət 
(“Xəyanət”)  nitqi  ilə  dövrün  eyforiyasını,  Qüdrət  (“Xəyanət”)  gücsüz  ziyalılığın  ovqatını 
yarada bilir. Dilbər (“Vicdan məhkəməsi”) monoloq və dialoqlarında hakim kimi çıxış edir, 
Gülyan (“Haray”) ittihamçıdır. Bu qəhrəmanlar meydan oxuyan nitqləri ilə sanki Şiller qəhrə-
manlarını  xatırladırlar.  Bu  ehtiraslı  çıxışlar,  bəzən  hiss  və  emosiyaların  çoxluğu  dramaturji 
tələb  və  prinsiplərdən  irəli  gəlir  və  əsərin  ideya,  məfkurə  həllinə  bilavasitə  yardımçı  olur. 
C.Cabbarlı da ölməz qəhrəmanlarını yaradarkən onları ritorika və pafosla yükləmiş, Azərbay-
can  səhnəsinə  tamaşaçı-oxucu  şüurunu  ələ  ala  bilən  natiq  qəhrəmanlar  vermişdir.  Nitqləri 
qüvvətləndirən ritorika və pafosun çoxluğu A.Rəhimov qəhrəmanlarının özəlliyidir. Dinami-
kanı  yüksəldən,  tamaşaçı-səhnə  tandemini  daha  da  yaxınlaşdıran,  emosional  ovqatı  artıran 
ritorika  Qüdrətə  (“Xəyanət”)  özünü  ittiham  etməyə,  daha  ətraflı  təqdim  etməyə,  yaxud  Dil-
bərə  (“Vicdan  məhkəməsi”)  ədalətsiz  dünyaya  etirazını  bildirməyə,  söylədiyi  arqumentlərə 
tamaşaçını inandırmağa xidmət göstərir, Dilbərin ictimai-sosial, ailədaxili funksiyalarına bağ-
lılığı o qədərdir ki, hadisələrin son akkordunda onun hiss və emosiyalarla dolu çıxışı heç də 
plakatçılıq təsiri bağışlamır, əksinə, durumu təhlilə  yatımlı etmək, onu hazır xammala çevirib 
oxucuya təqdim etmək missiyasını layiqincə yerinə yetirir. Bundan əlavə, nitqlərdəki pafos və 
ritorika dövrün ovqatının təzahürü də ola bilir. Dövrün ovqat və coşğusundan irəli gələn ey-
foriya ilə müəllif həmin illərdə müstəqillik və torpaq uğrunda meydana çıxan xalq hərəkatının 
spesifikasını,  entuziazmını  əsərə  hopdura  bilmişdir:  Ədalət,  Qüdrət,  Xavər,  Dilbər,  Asiman. 
...Ağarəhim Rəhimov yaradıcılığı ilə Cəfər Cabbarlı sənəti arasında analoğiyalar aparmağımız 

Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
13 
heç də təsadüfi deyildir. Taleyinə eyni ictimai epoxanı müxtəlif zamanlarda yaşamaq, eyni sə-
nət müstəvisini bölüşmək nəsib olmuş sənətkarların qismətinə həm də oxşar missiyaları həya-
ta keçirmək düşmüşdür. Eyni məslək, əqidə axarında birləşərək C.Cabbarlının artıq aforizmə 
çevrilmiş  “atan  kazaklardır”  ifadəsi  Ağarəhim  Rəhimovun  yaradıcılıq  palitrasında  durulaşır, 
bir çox dolayı məsələlər aydın bədii şərhini tapır: “Keçən əsrin sonunda və yaşadığımız əsrin 
əvvəllərində rus imperatoru, sovet hakimiyyəti qurulandan sonra da Kremldə əyləşən cinayət-
kar  çinovniklər  və  onların  respublikadakı  qulbeçələri  ermənilər  bağırdıqca  Azərbaycan  tor-
paqlarını  parçalayıb  atıblar  onların  ağzına.  Ermənilər  də  ətə  həris  pişiklər  kimi  şirnikiblər... 
İndi  də  yenidən  miyoldamağa  başlayıblar”  (A.Rəhimov.  ,,Əsərləri”.  8-ci  cild.  Bakı,  2009, 
səh.79), yaxud “..bir də ki, ermənilər Zirvə, Çoçəkli, Moruqlu yaşayış məntəqələrini bu gün 
alarlar, sabah qaytararlar” (A.Rəhimov. ,,Əsərləri”. 8-ci cild. Bakı, 2009, səh.121). Bir sözlə, 
dramaturq  “...daşnaksütyun  partiyasının  Kremllə  əlaqəsini,  separat  danışıqları  açıq-aydın 
tarixi faktlar əsasında qələmə alır və keçmişə qayıdaraq müasir mövzulu əsərə tarixi səciyyə 
verir” (B.Əhmədli. “Dramaturq: sənət və həqiqət”. Bakı, 2011, səh.70). 
Bu  dramaturgiyanın  ruhunda  həm  də  bir  protest,  ifşa,  satira  ab-havası  vardır  ki,  bu 
anda  keçən  əsrlərin  dramaturji  təcrübəsi  xatırlanır.  M.F.Axundovun  əsərlərindəki  ifşaçı, 
inkarçı  münasibət  bu  dramaturji  yaradıcılığa  da  sirayət  etmiş  bu  əsərlərdə  müəllifin  qarşıya 
qoyduğu mövzu və problematikanın məğzindən doğan tənqid və islah səciyyəsi vardır ki, bu 
tənqidi  realizmin  nümunəsi  kimi  götürülə  bilər.  Maarifçi  dramaturji  ənənənin  davamı  kimi 
yeni ictimai-siyasi konteksdə Kefli İsgəndərin, C.Cabbarlı qəhrəmanlarının fikir, informasiya, 
kinayə, sarkazm dolu nitqləri  yada düşür. Bu  yanaşmada müəllif bədii priyom və bacarığını 
tam  işə  salır,  zamanın  bədxahlıqlarını,  yaramazlıqlarını  müxtəlif  üsulla,  müxtəlif  bədii 
dramaturji  metodlarla  göstərməyə  cəhd  edir  və  bununla  dramaturq  ədəbiyyatın  məqsəd  və 
vəzifələrini  bir  an  belə  unutmamaq  kredosunu  əsas  tutur.  Estetik  prinsipləri  gözləmək  şərti 
ilə!  Ağarəhim  Rəhimovun  əsərlərində  mövzu  və  dramatik  tələblərdən  doğan  ritorika  və 
pafosun çoxluğu ilə bağlı onu da söyləmək olar ki, bəzi diletantlar  ritorikanı qeyri-təbiilikdə 
günahlandırır,  danışıq  dilinə  yaxın  daha  səmimi  dram  dili  axtarışına  çıxırlar.  Halbuki  bu 
səhnədə  məqsəd  və  məramı  ifadə  etməyin  ən  yaxşı  yoludur.  Çünki  dram  əsəri  bədii  estetik 
konstruksiya  etibarilə  mükəmməl  olmaqla  yanaşı,  həm  də  “səhnə”,  “teatrallıq”  kimi 
kateqoriyaları da özündə ehtiva edir və buna görə də ritorika və pafos vacib bir komponentdir, 
qəhrəmanların  hiss  və  ehtiraslarını,  münasibət  və  imkanlarını  ifadə  etmək  baxımından  ən 
əlverişli  vasitədir,  qarşıya  qoyulan  məqsədə  çatmaq  yoludur.  Bu  cəhət  tələb  və  normalara 
yaxşı bələd olan dramaturqun dramlarını daha da canlandırır, impulslandırır. “O, cəmiyyətin 
qaranlıq  künc-bucaqlarına,  insan  qəlbinin  dərinlıklərinə,  insan  xəyallarının  ənginliklərinə 
nüfuz edərək, oradan enerji, hiss, duyğu, fikir potensialı çıxarır” (A.Bədəlzadə. “Qələmin ucu, 
qılıncın gücü”. Bakı, 2008, səh.243). 
Ağarəhim  Rəhimovun  zəngin  obrazlar  qalereyasında  hər  gün  rastlaşdığımız  sadə 
zəhmətkeşdən  tutmuş,  yüksək  ideallar  carçısı  olan  zəmanə  qəhrəmanlarına  qədər  rəngarəng 
insan  tiplərinə  rast  gəlmək  olur.  Onlar  həyatın  müxtəlif  sferasında  çalışır  və  həyatın  bədii 
inikasında yazıçı təxəyyülünə yardımçıdırlar. Burada ictimai həyatda fəal iştirak edən də var, 
yalnız seyrçi mövqedə duran da! Ancaq bir cəhət diqqətli oxucu və ədəbi tənqid üçün aydındır 
ki,  müəllif  əsərdə  personajın  xarakter  konsepsiyasını  həqiqətə  uyğunluq  əsasında,  realistik 
planda qurur. Bu obrazlar qarışıq xarakterlidir, yəni o, yanız müsbət, yaxud mənfi qəhrəman 
yaratmaq  yolu  ilə  getmir,  bitkin  tamamlanmış  psixoloji  tip  canlandırır.  Məsələn,  Qüdrət 
Səlimzadə  Azərbaycan  mühitinin  hissiyatlı  intellektual  rəmzidir.  Dağılan  və  yaranan  yeni 
dünyanın  sərhədində  təzahür  edən  öz  novatorluq,  patriotizm,  vətəndaşlıq  konsepsiyası  ilə 
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə